Ardını oxu...
  

Azərbaycan və İran prezidentlərinin tarixi görüşündə barəsində danışılan ən mühüm məsələlərdən biri də Araz dəhlizi oldu.

Prezident İlham Əliyevin çıxışında bu məsələyə geniş yer ayırması təsadüfi deyildi. Dövlət başçısı bildirdi ki, Araz dəhlizi layihəsi böyük diqqət cəlb edir. Prezident xüsusi vurğuladı ki, həm bölgəmizdə, həm dünyada, bu layihə ilə bağlı müxtəlif fərziyyələr, müxtəlif şayiələr gəzir. Sitat: “Əslində, buna heç bir əsas yoxdur. Çünki bu, sadəcə olaraq, yeni bir nəqliyyat, bağlantı layihəsidir və Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə İran ərazisindən birləşdirən bir layihədir. Burada, eyni zamanda, böyük tranzit imkanları yaranacaq. Bu, sadəcə olaraq, bu bölgənin layihəsi deyil.

Ardını oxu...

Biz hesab edirik ki, bu, Asiyadan Avropaya uzanan nəqliyyat dəhlizinin bir qolu olmalıdır. Bir tərəfi Aralıq dənizinə, bir tərəfi Fars körfəzinə uzanan yeni nəqliyyat bağlantı dəhlizi olmalıdır və bir çox ölkələr bundan fayda götürəcək. Təbii olaraq, bu layihənin ərsəyə gəlməsində əsas rol yenə də bizim ölkələrimizin üzərinə düşür və bu istiqamətdə Azərbaycan tərəfindən aparılan işlər demək olar ki, tamamlanıb. Araz çayı üzərində Azərbaycan tərəfinə düşən körpünün inşası demək olar ki, hazırdır, o cümlədən sərhəd-keçid məntəqəsinin inşası prosesi gedir. Əgər hər şey istədiyimiz kimi olsa, bu ilin sonuna qədər avtomobil körpüsü istismara verilə bilər”.

Azərbaycan və İran arasında gərginlik yaradan və gərginliyi körükləyən qüvvələr – belə qüvvələr İranın daxilində də kifayət qədərdir – həm də Araz üzərindən atılması nəzərdə tutulan körpüyə qarşı idilər.

Xatırlayırsınız yəqin, Araz çayı sahilləri boyunca Azərbaycanı təhdid edən hərbi təlimlər də keçirmişdi İran ordusu.

Ardını oxu...

Baxmayaraq ki, İranın 12 dövlətlə quru sərhədləri olduğu halda, ən etibarlı sərhəd Azərbaycanladır.

Amma bütün bunlara, həm də Azərbaycanın dost və mehriban qonşuluq siyasətinə rəğmən, İrandakı radikal qruplaşmalar ölkəmizə qarşı təhdidlərlə çıxış edirdilər. Amma dövlətimiz, dövlət başçımız hər zaman təmkinli davrandı, ali dəyərləri uca tutdu. 44 günlük Vətən müharibəsindən sonra, 2020-ci ilin 16 noyabrında Prezident İlham Əliyevin Xudafərinə səfəri zamanı, burada Azərbaycanın dövlət bayrağını qaldıran zaman Xudafərin körpüsünü “Dostluq körpüsü” adlandırması da ali dəyərlərin bariz nümunəsi idi.

Baxmayaraq ki, sonrakı dönəmlərdə İrandan Azərbaycana qarşı elə Araz boyunca təhdidlər oldu, Tehrandakı səfirliyimizdə terror törədildi, amma Azərbaycan qətiyyətli, prinsipial mövqeyini davam etdirməklə yanaşı, yenə də körpülərin yandırılması istiqamətində addımlar atmadı, əksinə, elan etdiyi siyasətinə uyğun şəkildə körpülərin bərpası və qurulmasına önəm verdi. Bu siyasət qalib gəldi.

2024-cü ilin 19 mayında Prezident İlham Əliyev və İran lideri Seyid İbrahim Rəisi Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində görüşdülər və Arazın hər iki sahilini birləşdirən, rəmzi mənası böyük, həm də iqtisadi əhəmiyyət kəsb edən layihənin, su bəndinin açılışında iştirak etdilər. O görüşdə çox mühüm anlaşmalar əldə olunmuşdu. Baş verən helikopter qəzasından, İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahianın və digər müşayiət edən şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olmasından sonra əldə olunan razılaşmaların arxa plana keçə biləcəyi narahatlığı yaratmışdı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 21-də İran İslam Respublikasının ölkəmizdəki səfirliyində olarkən belə demişdi: “O görüşdə iştirak edən şəxslər bunu, əminəm ki, İranın yeni rəhbərliyinə çatdıracaqlar. Əldə edilmiş bütün razılaşmalar, əminəm ki, icra ediləcək”. 

Prezident İlham Əliyevin dediyi kimi oldu: Araz üzərindən salınan körpü artıq hazırdır. Bir müddət öncə Azərbaycan və İran rəsmiləri körpüyə baxış keçirdilər. Bu, Ağbənd istiqamətindən İran ərazisindən keçməklə avtomobil yolunu Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək körpüdür.

Ardını oxu...

O ki qaldı dəmir yolu körpüsünə, Prezident İlham Əliyev Pezeşkianla birgə iştirak etdiyi Forumda bildirdi ki, bu məsələ də müzakirə mövzusudur.

Ardını oxu...

Sitat: “Biz dəmir yolumuzu artıq gələn il İran sərhədinə, Zəngilan-Ağbənd istiqamətinə çatdıra bilərik və təbii olaraq İran ərazisində dəmir yolu inşası da nəzərdə tutularsa, o zaman bu da beynəlxalq nəqliyyat dəhlizi olacaq. Yəni, çox geniş perspektivlər açılır və bütün bunları həyata keçirmək üçün əsas amillər var. Birincisi, Azərbaycan-İran arasındakı dostluq, ikincisi, qarşılıqlı siyasi iradə, üçüncüsü bu layihələrin bir çox ölkələrə xidmət göstərməsi və qarşılıqlı fayda verməsi məsələsi. Bu, yəni, əsas məsələlərdən biri olan layihədir”.

Bu da növbəti işlərin anonsu, yol xəritəsidir. Azərbaycan özü Avropa və Asiya arasında çox mühüm körpüdür. Diqqət edin, Azərbaycan Çin Xalq Respublikası ilə münasibətləri yüksək səviyyədə inkişaf etdirir. Çinin Urumçu şəhəri ilə Azərbaycanın Naxçıvan şəhərinin qardaşlaşması, Pekinin Azərbaycana yüksək səviyyədə dəstəyi son nəticədə Zəngəzur dəhlizinin açılmasına təkan verəcək! Orta Dəhlizi Zəngəzur dəhlizi olmadan təsəvvür etmək mümkün deyil, Ermənistan minlərlə km-lik Avropa və Asiya arasında yolun 43 km-ni bağlı saxlamaq hünərində deyil! Azərbaycan bu məsələdə də səbr edir, artıq 5-ci ildir 2020-ci ilin 10 noyabr bəyannaməsinin 9-cu bəndinin icrasını gözləyir. Amma paralel şəkildə fəaliyyətini də davam etdirir. Araz dəhlizi Zəngəzur dəhlizinə alternativdir və işlərin sürətlə davam etməsi Ermənistanı ciddi şəkildə düşündürməlidir. Eyni zamanda Azərbaycan-İran münasibətlərinin irəliləməsinə, Araz dəhlizinin realaşmasına qısqanc yanaşanlar da ciddi şəkildə düşünsünlər və Zəngəzur dəhlizinin mümkün qədər tez işlək hala gətirilməsi üçün Ermənistana təzyiq göstərsinlər! Əks halda itirən Azərbaycan olmayacaq, çünki Gürcüstan yolunun ardınca, Araz dəhlizinin də reallaşması Ermənistanın növbəti dəfə dalanda qalmasını şərtləndirəcək.

Avrasiya məkanında Azərbaycanın yeri və tranzit imkanları - Şimal-Cənub dəhlizi, Bakı-Qusar istiqamətində yeni yollar, Kəlalə-Ağbənd layihəsi, onun Arazın üstündən keçməsi ilə faktiki layihənin “Araz dəhlizi” ilə leksikona daxil olması, Kəlalə-Ağbənd-Cəbrayıl-Füzuli-Ağdam-Yevlax-Gəncə-Tbilisi-Batumi marşrutunun yaranması və onun üstünlükləri çox böyükdür. Bu marşrut Qara dəniz və Fars köhfəzini birləşdirəcək. Üstəlik, Rəşt-Astara dəmiryolunun tikintisi, Azərbaycanın özünün dəmiryolu infrastrukturunu yeniləməsi və bunun həm də region dövlətləri arasında əlaqələrin inkişafına müsbət təsiri nəhəng perspektivlər vəd edir. Hər iki prezidentin dediyi kimi, Şimal-Cənub, Şərq-Qərb dəhlizlərinin reallaşdırılması potensialına malik ölkələrin fürsətlərdən yararlanmasının alternativi yoxdur.

Ardını oxu...

Zəngəzur dəhlizi nə qədər tez açılacaqsa, Ermənistan bir o qədər tez irəli düşəcək, durumunu yaxşılaşdıracaq, künc-bucaqda boyun bükməyəcək. Eyni zamanda Araz dəhlizinin reallaşmasından, həm avtomobil, həm də dəmiryolu xətlərinin tikilməsindən sonra İrandakı mühafizəkarların da Zəngəzur dəhlizi ilə bağlı qara-qorxuları azalacaq. Bir anlıq təsəvvür edin, normal münasibətlər bərqərar olur, bir qatar Arazın o tayından – Araz dəhlizi ilə, bir qatar da Arazın bu tayı ilə - Zəngəzur dəhlizi ilə mənzil başına tələsir. Azərbaycan tarix yazır: Araz dəhlizi Zəngəzur dəhlizini qabaqladı, itirən biz deyilik, dalanda qalanlar düşünsün! Yük daşımalarını rahat və minimum itkilərlə ünvanına çatdırmaq üçün alternativlərin çox olması əlavə imkanlar yaradır. Burada təşviş doğuracaq, hay-küy salacaq, daş atıb, baş yaracaq nə var ki?..   

Ardını oxu...Elşad PAŞASOY
Ardını oxu...
Bu, iki ölkə üçün fəlakətli nəticələrə gətirib çıxaracaq

Son günlər dünya Hindistan və Pakistan arasında uzun müddətdir davam edən münaqişənin şiddətləndiyini müşahidə edir. Bu ölkələr arasında münaqişə 1947-ci ildə Britaniya Hindistanının iki yerə bölündüyü vaxta təsadüf edir. Bu bölgü dini zəmində baş verdi. Yəni Pakistan əhalisinin əksəriyyəti müsəlman olan ölkədir. Hindistanda isə əsasən hinduizmdi.

Elə həmin il 1949-cu ildə atəşkəslə başa çatan ilk Hind-Pakistan müharibəsi (Kəşmir knyazlığının mülkiyyətinə görə açıq qarşıdurma) başladı. Əslində bu, Kəşmirin iki yerə bölünməsinə səbəb oldu. Daha sonra Çin də prosesə qoşuldu - Kəşmirin bir hissəsini tutan üçüncü ölkə oldu.

Ümumiyyətlə, o vaxtdan Hindistanla Pakistan arasında münasibətlər gərgindir. Söhbət 1965 və 1971-ci illərdəki müharibələrdən, eləcə də bəzilərinin dördüncü Hind-Pakistan müharibəsi hesab etdiyi 1999-cu ildə Kargil münaqişəsindən gedir.

Bu dəfə dava su davası oldu. Kəşmirdən keçən çaylar bir vaxtlar Hindistan və Pakistan arasında bərabər paylanmışdı. İndi Hindistan iddia edir ki, bu bölgü ədalətsiz baş verib. İddia edirlər ki, onlardakı çaylarda Pakistanın ixtiyarında olan 80 faizə qarşı 20 faiz az su var.

Lokal münaqişənin qlobal miqyasda olacağından qorxmağa dəyərmi? Əvvəlki eskalasiya təcrübəsinin (1971-ci ildən sonra) göstərdiyi kimi, Hindistan və Pakistan arasında hər hansı silahlı toqquşmalar, hətta onların silsiləsi baş verərsə, onlar arasında münaqişə gələcəkdə də davam edəcək. Lakin onun genişmiqyaslı qlobal Hindistan-Pakistan müharibəsinə çevrilməsi ehtimalı azdır. Xüsusilə nüvə müharibəsinə.

Hər iki ölkənin nüvə silahı olmasına baxmayaraq, onların istifadə üçün deyil, çəkindirmə məqsədi ilə mövcud olduğunu unutmamalıyıq. Çünki bu, iki ölkə üçün fəlakətli nəticələrə gətirib çıxaracaq. Bundan əlavə, digər ölkələrin də münaqişəyə cəlb oluna biləcəyini xatırlamaq lazımdır.

Beləliklə, əvvəllər Hind-Pakistan qarşıdurmasında Pakistan ənənəvi olaraq Çin və ABŞ tərəfindən dəstəklənirdi. Öz növbəsində, Sovet İttifaqı Hindistanı dəstəkləyirdi. İndi vəziyyət dəyişib: Hindistanın Çinlə ərazi münaqişəsi var. Pekin Yeni Dehliyə qarşı ərazi iddiaları irəli sürür. Ona görə də bu şəraitdə hər iki ölkə BRİKS beynəlxalq təşkilatının üzvü olsa da, Çin Hindistan üçün təhlükədir. Eyni zamanda, əvvəllər güvənmək mümkün olan Rusiya indi Hindistan və Pakistan arasında tarazlıq yaradır, hər ikisi ilə yaxşı münasibət qurmağa çalışır. Buna görə də Hindistanın ABŞ-ın dəstəyinə böyük ehtiyacı var. ABŞ-ın Hindistana dəstək verməsi qəlizdir.

Müəllif: Aleksey Qaran - Kiyev-Moqilyan Akademiyasının professoru.

Mənbə: UNİAN

Tərcümə AYNA.AZ-a məxsusdur.
 
Ardını oxu...
Rusiya rəsmiləri Şimali Koreyanın Ukraynaya qarşı müharibədə iştirakını arqumentləşdirmək üçün yeni bəhanə tapıblar. Onların sözlərinə görə, ruslar İkinci Dünya müharibəsində şimali koreyalılara dəstək veriblər, buna görə də indi şimali koreyalılar “qardaşlıq borcunu” yerinə yetirirlər. Həqiqətən İkinci Dünya Müharibəsi illərində şimali koreyalı partizanların bir qismi Sibirdə saxlanılıb və onlara təlimlər keçirilib. Onların arasında Şimali Koreyanın gələcək gənc diktatoru Kim İr Sen də olub. İkinci Dünya müharibəsi bitdikdən və Yaponiya qoşunları Koreyadan çıxdıqdan sonra həmin koreyalılar Koreyanın tamamına nəzarət etmək məqsədilə Cənubi Koreyaya qarşı müharibəyə başladılar. Bir ara Şimali Koreya Cənubun tamamını işğal etməyə yaxın idi. Ancaq BMT-nin qərarıyla ABŞ komandanlığı ittifaq ölkələri ilə birgə Cənubu Koreyanı Kim İr Senin qoşunlarından azad etdi. Müttəfiq qoşunlar Şimali Koreya ərazisində daxil olduqdan sonra Kim İr Sen SSRİ diktatoru Stalindən kömək istədi. Stalin Şimali Koreyaya görə nüvə dövləti olan ABŞ-la savaşmayacağını Kim İr Senə bildirdi. Bundan sonra Şimali Koreya diktatoru məcbur qalıb Çin diktatoru Mao Tseduna müraciət etdi. Mao Tsedun qoşunlarını Şimali Koreyaya göndərdi və amerikalılar çinlilərlə üz-üzə qaldılar. Hər iki tərəf döyüşlərdə böyük itkilər verdi, nəticədə 37-ci paralel üzrə Koreya ikiyə ayrıldı. Yəni Şimali Koreya uğrunda ruslar deyil çinli hərbçilər savaşıb və həlak olublar. Sovet hərbçiləri (hərbi təyyarələri idarə edənlər xaricində) quru qoşunların tərkibində Koreya savaşında iştirak etməyiblər. Ona görə də “şimali koreyalılar Kurskda savaşmaqla borclarını qaytarırlar” yanaşması bəhanədir. Şimali koreyalılar borclarını qaytarmalı olsaydılar, Çin uğrunda savaşardılar, Rusiyanın işğalçı müharibəsində niyə ölməlidirlər? Rusiyanın Ukrayna ilə müharibədə itkiləri böyükdür, döyüşçü potensialı azalıb, ölümə göndərməyə adam axtarır, şimali koreyalıları müharibəyə cəlb etməsinin səbəbi budur. Bunun əvəzində isə Rusiya böyük ehtimalla Şimali Koreyaya maliyyə və ərzaq verəcək, yoxsa koreyalılar başqa dövlətin işğalçı müharibəsində niyə iştirak etsinlər ki? Belə çıxır ki, Rusiya gələcək müharibələrdə də fərqli millətləri ölümə göndərəcək.
Elxan Şahinoğlu
TEREF
 
Ardını oxu...
DGK-nın mövqeyi ekspertlər və vətəndaşlar tərəfindən birmənalı qarşılanmır

Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov gömrükdən yayınma hallarına qarşı mübarizə sahəsində maarifləndirici tədbirlərin gücləndirilməsini təklif edir. DGK rəhbəri bu təşəbbüslə “Rəqəmsal Gömrük və Media” görüşündə çıxış edib.

Onun fikrincə, insanlar çox vaxt asanlıqla şəxsi ehtiyaclarına pul xərcləyirlər, lakin məcburi gömrük rüsumlarına görə zəhmətlə qazandıqları pulları ayırmaq istəmirlər: “Ona görə də maarifləndirmə işinin gücləndirilməsi vacibdir. Xaricdən mal gətirənlər başa düşməlidirlər ki, onların ödəmələri respublikanın ümumi rifahına töhfədir. Bu baxımdan medianın da rolu son dərəcə vacibdir”.

Sədr gömrük rüsumlarına məsuliyyətli münasibətin tərəfdarı olaraq belə arqumentlər gətirir: "Vətəndaşların mal gətirərkən ödədikləri vəsaitlər son nəticədə dövlət xidmətləri şəklində onlara qaytarılır. Ona görə də gömrük rüsumları ölkənin inkişafına töhfədir və vətəndaşlar onlara məsuliyyətlə yanaşmalıdırlar".

“Bununla belə, mətbuatımız bəzən gömrük orqanlarını tənqid edir. Belə nəşrləri təhlil edəndə başa düşürsən ki, əksər hallarda tənqid texniki aspektlərin və tənzimləmə prosedurlarının düzgün başa düşülməməsinin nəticəsidir”, - deyən Bağırov bu cür anlaşılmazlıqların qarşısını almaq üçün KİV ilə əməkdaşlığın dərinləşdirilməsini təklif edib.

Mütəxəssislər cəmiyyətdə gömrük rüsumlarına münasibətin dəyişdirilməsinin mümkün olub-olmaması məsələsinə kifayət qədər skeptisizmlə yanaşırlar. İqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, vətəndaşlar ilk növbədə öz təcili ehtiyaclarını düşündükləri üçün bu rüsumları ödəməkdən çəkinirlər.

“İnsanlar əslində daha aktual məsələlərlə maraqlanırlar. Vətəndaşlar kommunal xərclər, artan yaşayış qiymətləri və indiki qiymətlərlə artıq ödəyə bilməyəcəkləri təbii ehtiyaclar haqqında düşünürlər. Ailələrin böyüyən uşaqları var, xərclər artacaq. Üstəlik, insanlar ödədikləri pulun hansısa formada geri qaytarılacağına əmin deyillər. Sonra isə vətəndaşlara, xüsusən də şəxsi istifadə üçün mallara yüksək vergilər qoymaqla biz öz istehsalımızı inkişaf etdirmirik, istehsal edən ölkədən pul qazanmağa çalışırıq”, - deyə mütəxəssis AYNA.AZ-a açıqlamasında bildirib.

Onun dediyinə görə, nəzəri olaraq, gömrükdə ödənilən pullar dolayısı ilə vətəndaşlara qaytarılır: "Axı, vergilər, gömrük rüsumları büdcəyə daxil olur və oradan da respublika sakinlərinin ehtiyaclarına, o cümlədən onların maaşlarına, pensiyalarına xərclənir. Amma büdcədə başqa xərclər də var. Problem ondadır ki, vətəndaşlar bir çox maliyyə hesabatları, maliyyə xərcləri barədə məlumatlandırılmır. Hesablama Palatası hər il yüz milyonlarla artıq xərclər aşkarlayır, lakin bu, heç bir tədbirlə müşayiət olunmur və buna görə heç kim cəzalandırılmır”.

Ekspertlər və aidiyyatı qurumlar ölkədə dövlət rüsumlarının yüksək olduğunu etiraf etsə də, tərəflərin problemə baxış münasibəti fərqlidir. "Uzun illərdir ki, biz iqtisadiyyata başqa prizmadan baxmağı təklif edirik. Vətəndaş daha az vergi və rüsum ödəyirsə, pul onun özündə qalır, biznesdə isə vergi və gömrük yükünün azaldılması maliyyə profisitini şirkətə yatırmağa, əlavə iş yerləri yaratmağa və inkişaf etməyə imkan verir. Bu yanaşma iqtisadi artımı dəstəkləyəcək, hökumət isə dövlət büdcəsinə yüksək gəlirlər verəcək. Amma vətəndaşlara deyirlər ki, dövlət büdcəsinə yüksək ödənişlər etsinlər. Çünki, bu rüsumlar onların mənfəətləri üçündür: biz bu pulu toplayacağıq və onlara xərcləyəcəyik”, - deyə Cəfərli vurğulayıb.

İqtisadçı ekspert Akif Nəsirli də AYNA.AZ-a şərhində mövzuya toxunub. Onun qənaətincə, vergi və gömrük rüsumlarının artırılması biznesin inkişafı və istehsalın artımı ilə əlaqəli deyil.

“Ötən il dövlət büdcəsinə gömrük daxilolmaları 6 milyard 648,705 milyon manat təşkil edib ki, bu da ondan əvvəlki ilin səviyyəsindən 4,9 faiz çoxdur. Belə kəskin artımın səbəbləri çox maraqlıdır, çünki bəzi maliyyə dövrlərinin nəticələrinə görə, dövlət rüsumları 40-50 faiz artım nümayiş etdirir”, - deyə müsahibimiz qeyd edib.

Onun sözlərinə görə, fiskal gəlirlərin sürətli artımı inhisarçılıqdan sonra iqtisadi inkişafa ən böyük maneədir: “Sahibkarların sayı və onların istehsal həcmi vergi və gömrük ayırmalarının artım tempinə uyğundursa, bunu normal hesab etmək olar”.

Müəllif: Emma Rzayeva
 
Ardını oxu...
Tehran rejimi hər gün xalqın yeni sualları ilə üz-üzə qalır

İran İslam Respublikası üçün daxildə ziddiyyətli, maraqlı, müəyyən mənada hətta tragikomik vəziyyət yaranıb.

Deyirlər, inqilab balalarını yeyir. Tehran hakimiyyəti inqilab edənlərlə, fərqli mövqedə duranlarla haqq-hesabı çürüdüb. Rejim öldürdüyünü öldürüb, öldürə bilmədiyi qaçıb canını qurtarıb, İranda qalanları da təqib və təzyiqlərlə çürüdüb.

İndi vəziyyət fərqlidir. İranın mövcud şəraiti “Torpaq bərk olanda öküz-öküzdən görər”ə daha çox bənzəyir.

Hakimiyyət “niyə indi danışıqlara getdiniz?!” ittihamı ilə üz-üzədir. Belə düşünənlər bildirir ki, ABŞ ilə görüşəcəkdinizsə, bunu əvvəldən edərdiniz, vətəndaşlar da bu qədər əzab çəkməzdi. Sanksiyaların tətbiqi səbəbindən İranın üzləşdiyi iqtisadi, maliyyə, sosial böhrana görə də hakimiyyət tənqid edilir. Tənqidçilərin bir düsturu var: bunu əvvəldən etmək lazım idi.

Belə yanaşma ölkədə hakimiyyətə inamsızlıq, etimadsızlıq da yaradıb. Görünür, həm də HƏMAS və “Hizbullah”ın zəifləməsi, Bəşər Əsədin süqutu onun beynəlxalq miqyasda siyasi-ideoloji ardıcıllarını da məyus edib.

Üç ilə yaxındır, İranda hakimiyyətin tətbiq etdiyi hicaba qarşı mübarizə gedir. Bu məsələnin sərtləşməsinə dair qəbul edilən qanunu hökumət hələ də icra etmir, hətta icradan imtina edənə oxşayır. Bir müddətdən sonra İran cəmiyyəti hakimiyyətə hicabın sərtləşdirilməsinə və məcburi tətbiqinə dair də uyğun sualı verəcək: “Hicab sərbəst olacaqdısa, bizə niyə zülm verirdiniz?”

Ölkədə son 46 il ərzində o qədər yasaqlar tətbiq olunub ki, insanlar həmin buxovlardan azad olduqca rejimə müvafiq sualları verəcək. Suallar artdıqca mərkəzi hakimiyyətə inam və etibar da aradan qalxacaq. Bu zaman isə öz balalarını yeyən inqilabın sahiblərini özlərinin qoyduqları qadağalar sıradan çıxaracaq.

1990-cı illər ortalarında İran siyasətçiləri arasında bir deyim populyar idi: “Biz İslam rejimi qurduq İslam Respublikası qura bilmədik”. Ancaq mövcud şərait göstərir ki, bunların heç biri qurulmayıb. Əksinə, Tehran hakimiyyəti hər iki kateqoriyanın – islam və respublika anlayışlarının əleyhinə işləyib. İnsanları onlardan uzaq salıb.

Bu günlərdə "Quya" saytının xüsusi müxbiri Əhməd Vəhdətxahın “İslam Respublikasının İrana hücumu!" başlıqlı yazısı yayılıb. Müəllif yazır: “London Kral Kollecinin dinlər tarixi üzrə professoru, doktor Piter Bernard Klark öz xatirələrində qeyd edir ki, o, 1960-cı illərdə Ağ İnqilabdan sonra ənənəvi İran cəmiyyətində baş verən prosesləri və mərhum şahın rəhbərlik etdiyi sənaye və müasir ölkəyə keçidini öyrənmək üçün dini şəhər Quma səfər edib.

(Naməlum) bir dini liderlə görüşdükdən və onunla bu hadisələr haqqında danışdıqdan sonra evdən çıxarkən üzərində Hollivud aktyorlarının təsviri olan köynəklər geyinmiş, siqaret çəkən və kola içən, yerli qızların liseylərinin xiyabanlarında son zəngin çalınmasını gözləyən yeniyetmə oğlanlarla qarşılaşır.

Klark hələ o zaman bu səhnələrdən aşağıdakı nəticəyə gəldiyini deyirdi: İran qərbləşmə ilə milli dünyəvilik və şiə İslam ənənələri arasında qaçılmaz bir qarşıdurma nümayiş etdirən bir ölkədir və son nəticədə ölkənin yaşaması üçün ikisindən biri digərinə hakim olacaq”.

Əhməd Vəhdətxah daha sonra bildirib ki, bu proqnozdan təxminən on il sonra İslam İnqilabı xarici güclərin köməyi və şah hakimiyyətinə qarşı çıxmaqla, sol və dini mürtəce sağçıların ittifaqında olan bütün qüvvələrin rolu ilə islamçılığın xeyrinə bu ağalığa nail oldu: “Doktor Klark və o uğursuz inqilabı edən bütün qüvvələrin qabaqcadan görmədikləri bir məsələ İran xalqının böyük mədəni gücü və tarixi millətçiliyi, bu fəlakətdən yarım əsr sonra siyasi səhnəyə qayıtması idi.

Bu gün İran xalqının öz ölkəsini iranlı və qeyri-iranlı dini qüvvələrin və onları himayə edən Şərq, Qərb və ərəb güclərinin pəncəsindən geri almaq uğrunda mübarizəsi artıq hər biri öz çirkin məqsədlərinə uyğun olaraq İslam Respublikası rejiminin mövcudluğunu davam etdirməkdə maraqlı olan İranın yaxın gələcəyinə dair hadisələrin səhnəsini zəbt edib”.

Müəllif bildirib ki, bu mübarizə dərin iqtisadi, siyasi və mədəni böhranlar kontekstində hər gün birlik və məişət etirazları, mahnı yazmaq, ictimai yerlərdə rəqs və mahnı oxumaq, tarixi yerlərə səfərlər, İranın yeni mesajları şəklində hakim rejimə qarşı itaətsizlik simvollarının meydana çıxması ilə hər gün özünü göstərir.

Əhməd Vəhdətxahın qənaətincə, məhz belə bir tarixi və həlledici məqamda rejimin nüvə fəaliyyəti məsələsi hazırda İranı, xalqını xarici güclərin hərbi təhdidləri ilə qarşı-qarşıya qoyur: “Milli həmrəyliyi, rejim və onun repressiv aparatları ilə mübarizə arasında balansı qorumaq, bu mübarizəni relsdən çıxaran və ya dayandıran istənilən xarici müdaxiləyə qarşı çıxmaq İran xalqının qalibiyyətinin açarı olacaq”.

Beləliklə, 1979-cu ildə baş verən inqilabın balalarını yeyərək yaşayan Tehran rejimi də 46 il əvvəlki düşüncənin daha inkişaf etmiş daşıyıcıları tərəfindən Rza və Məhəmmədrza pəhləvilər kimi tarixin arxivinə yola salınır.

Xatırladaq ki, İran və ABŞ nümayəndələri iki dəfə - aprelin 12-də və 19-da görüşüblər. Aprelin 26-da isə üçüncü təmas olacaq. Görüşlər bu qaydada davam edərsə, bu birbaşa danışıqlara, deməli, digər məsələlərin müzakirəsi müstəvisinə keçə bilər. Bu isə aradakı 46 illik umu-küsüyə son qoyar. 46 ildir deyilən "ABŞ ölüm!", "İsrailə ölüm!" şüarlara son verilir. İsrail belə İranla danışığa hazır olduğunu bildirir...

Hələ ki İranla “İslam Respublikası”nın gizli və aşkar şəkildə davası gedir…
Sədrəddin Soltan
Pressklub
 
 
 
Ardını oxu...
Bu gün Moskva vaxtı ilə saat 10:40-da Moskva vilayətində avtomobilin partlaması nəticəsində bir nəfər həlak olub. Həlak olan şəxs Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Əməliyyat İdarəsi rəisinin müavini, general Yaroslav Moskalikdir.
Ukrayna kəşfiyyatı son dövrlərdə Rusiya ərazisində təyyarələrin partladılması, yüksək rütbəli hərbi şəxslərin zərərsizləşdirilməsi və helikopterlərin qaçırılması kimi bir sıra uğurlu əməliyyatlar həyata keçirib. Bu cür fəaliyyətlər üçün ölkə daxilində geniş, güclü və yüksək dərəcədə təşkilatlanmış agentura şəbəkəsinin mövcudluğu vacibdir – görünən odur ki, belə bir şəbəkə artıq fəaliyyət göstərir.
Kamran Cəfərov
TEREF
 
Ardını oxu...
Putin artıq bütün qaydaları pozur və açıq şəkildə oynayır

Rusiya Prezidenti Vladimir Putin “Qələbə Günü” münasibətilə “Cənubi Osetiya Respublikası”ndakı hər kəndə və hər məktəbə öz ehtiyat fondundan bir milyon rubl ayırıb. Bu barədə Rusiya Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko Tsxinvalidə keçirilən brifinqdə məlumat verib.

Onun sözlərinə görə, vəsaitlər, həmçinin, “Qələbənin 80 illiyi münasibətilə abidələrin, xatirə lövhələrinin və muzeylərin abadlaşdırılması” üçün nəzərdə tutulub.

“Cənubi Osetiya xalqı Böyük Vətən müharibəsi illərində də fədakar qəhrəmanlıq, əsl cəsarət və Vətənə sədaqət nümunəsi göstərib. Osetin torpağı saysız qəhrəmanlar yetişdirib və onlarla təkcə Osetiyada yox, bütün böyük ölkəmizdə haqlı olaraq fəxr edirlər. Xüsusi hərbi əməliyyat zamanı (Ukraynadakı müharibə nəzərdə tutulur – red.) da Cənubi Osetiyanın çoxsaylı övladları ruslarla çiyin-çiyinə döyüşərək ortaq vətənimizi qoruyur”, – deyə Kiriyenko bildirib.

Onun sözlərinə görə, bu qərar “Rusiya Prezidentinin Cənubi Osetiyaya və onun qəhrəmanlarının xatirəsinə xüsusi münasibətini” göstərir.

Bundan əlavə, Kiriyenko bildirib ki, Putinin tapşırığı ilə Cənubi Osetiyada “Promsvyazbank”ın filialı açılacaq ki, bu da pensiyaçılara Tsxinvalidə “Mir” kartlarını rəsmiləşdirməyə imkan verəcək.

“Mayın 1-dən etibarən Cənubi Osetiyada yaşayan Rusiya Federasiyası vətəndaşlarının pensiyaları “Mir” kartlarına köçürüləcək. Rusiya Prezidenti “Promsvyazbank”ın Cənubi Osetiyada filial açmasına imkan verən fərman imzalayıb və pensiyaçılar bunun üçün başqa yerə getmək məcburiyyətində qalmayacaqlar. İndi onlar Tsxinvalidə kart alıb bütün sənədlərini rəsmiləşdirə biləcəklər”, – deyə o əlavə edib.

Bank artıq faktiki olaraq Cənubi Osetiyanın paytaxtında fəaliyyətə başlayıb.

Bəs bu vəsaitin ayrılması və bank filialının açılması ümumiyyətlə nə deməkdir? Hər kəndə və hər məktəbə bir milyon rubl – Rusiyanın özündə kəndlər və məktəblər bu cür “ağa hədiyyəsi”ni illərlə gözləsələr də, ala bilmirlər. Onda Cənubi Osetiya üçün belə səxavət haradan ortaya çıxıb, nə planlaşdırılır? Bəlkə, bu, bütün dünyada Gürcüstanın ayrılmaz hissəsi kimi tanınan bu regionunun Rusiya tərəfindən rəsmən ilhaqına hazırlıqdır?

Pressklub.az-ın suallarına tanınmış gürcü politoloqlar münasibət bildiriblər.

Gürcüstanın Strateji Analiz Mərkəzinin (GSAC) aparıcı eksperti Gela Vasadze bildirib ki, əslində bu, ya “qələbə isteriyasının” növbəti təzahürü, ya da ““rus dünyasında” olmaq belə yaxşıdır” kimi Gürcüstana ünvanlanan nümayişkaranə jest ola bilər.

“Amma bu “sirli” rus ruhunu başa düşmək olarmı”, – Vasadze sual verir.

Öz növbəsində, hərbi və siyasi elmlər doktoru, professor Vaxtanq Maisaya bildirib ki, bu, əslində artıq Rusiya Federasiyası tərəfindən ilhaq prosesidir.

“Bu, Gürcüstana qarşı nümayişkaranə şəkildə, düşməncəsinə atılmış addımdır. Çünki söhbət Rusiya Federasiyasına məxsus olmayan əraziyə münasibətdən gedir. Formal baxımdan Rusiya guya “Cənubi Osetiya Respublikası”nın suverenliyini tanıyıb, amma indi artıq özünün uydurduğu bu saxta suverenliyi də pozur. Bizim üçün isə bu, təbii ki, Tsxinvali regionu – işğal olunmuş Gürcüstan ərazisidir. Yəni, bu, faktiki olaraq həm Gürcüstan hakimiyyətinə, həm də yerli osetinlərin separatçı, irredentist hakimiyyətinə siyasi çağırışdır. Çünki bu, bir daha göstərir ki, hazırda Gürcüstanda Moskva üçün nisbətən loyal hesab olunan siyasi rəhbərliyin mövcudluğu belə Kreml üçün əhəmiyyət kəsb etmir. Yəni, indiki Gürcüstan hakimiyyəti faktiki olaraq Rusiyapərəst siyasətə sadiqdir. Kreml isə əksinə, təzyiqləri artırmaqda, gürcülərə qarşı siyasət aparmaqda və Gürcüstanı diz çökdürməyə çalışmaqda davam edir”, – professor qeyd edib.

Doktorun fikrincə, baş verənlər məhz bunu göstərir.

“Bu, artıq Gürcüstan ərazisi olan Tsxinvali regionunun faktiki olaraq ilhaq aktıdır. Kreml rəhbərliyinin addımları belədir. Artıq aydındır ki, bu siyasəti Kreml aparır. Bütün bu qərarlar məhz əsas siyasi mərkəzdən – Kreml kabinetlərindən çıxır. Yəni, bu, ümumilikdə “Rusiya siyasəti” deyil, məhz Gürcüstana münasibətdə Kremlin xüsusi siyasətidir – bu gün Rusiya Federasiyasının işğal altında olan Tsxinvali regionunu və Abxaziyanı Gürcüstandan qoparmaq siyasəti”, – deyə Maisaya yekunlaşdırıb.

Rauf Orucov
 
Ardını oxu...
Rusiya prezidenti nə hə, nə də yox deyir, Kiyev isə “günahkar” çıxarılır

Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bəyan edib ki, ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoff artıq bu həftə Moskvaya səfər etməyi planlaşdırır.

Onun səfəri ABŞ Prezidenti Donald Trampın səs-küylü bəyanatı ilə üst-üstə düşür. Belə ki, Tramp Rusiya və Ukrayna arasında müharibənin tezliklə başa çatacağına ümid etdiyini bildirib.

“Ümid edirəm ki, Rusiya və Ukrayna bu həftə razılığa gələcək. O zaman hər iki tərəf ABŞ-la böyük ticarət aparacaq, bu isə rifah gətirəcək və onlar sərvət qazanacaqlar!” – Tramp “Truth Social” platformasında yazıb.

Putin və Ukrayna Prezidenti Vladimir Zelenskiyə müraciətində Tramp seçim təklif edib: ya müharibəni davam etdirmək, ya da sərvət gətirən əməkdaşlığa başlamaq.

“Truth Social”-da paylaşdığı digər yazıda isə Tramp uğurlu danışıqlar və resurslara sahib olma arasında paralel aparıb.

“Danışıqlar və uğurun qızıl qaydası belədir: qızılı kim saxlayırsa, qaydanı da o qoyur. Təşəkkürlər”, – ABŞ Prezidenti qeyd edib.

Beləliklə, Tramp hesab edir ki, Ukraynaya qarşı təcavüz artıq bu həftə dayandırıla bilər. Bəs o, bu ehtimalın həyata keçəcəyinə inamı haradan alır? Hazırda, Putinin ABŞ prezidentinin bu arzusuna müsbət cavab verəcəyi ehtimalı varmı? Yoxsa artıq təcavüzkar açıq şəkildə Vaşinqtonun təklifini rədd etmək imkanına malikdir?

Pressklub.az-la bölüşən Tanınmış ukraynalı analitik, siyasi elmlər doktoru, Taras Şevçenko adına Kiyev Milli Universitetinin müəllimi Petro Oleşuk Pressklub.az-a bildirib ki, Putinin atəşkəsə razılaşacağını göstərən heç bir real əlamət yoxdur.


“Hazırda belə bir təsəvvür yaranır ki, Putin atəşkəs mövzusundan manipulyasiya etmək üçün istifadə edir. Çünki Tramp seçki öncəsi mümkün qədər tez biz zamanda müharibəni bitirmək vədi vermişdi və bu vədini yerinə yetirmək istəyir. Putin başa düşüb ki, bu məsələdə Trampın müəyyən zəif yerləri var və ona görə də vaxtaşırı bu mövzuda təşəbbüslərlə çıxış edir. Vaxtaşırı atəşkəs istəyirmiş kimi davranır, Trampın bu barədəki təkliflərini heç vaxt açıq şəkildə rədd etmir, amma tam atəşkəslə bağlı təşəbbüsün faktiki olaraq artıq bir aydan çoxdur gündəmə gəlməsinə baxmayaraq, ona razılıq verməyib.

Yəni, aydın görünür ki, o, atəşkəs mövzusundan müharibəni davam etdirmək, eyni zamanda isə öz mövqelərini yaxşılaşdırmaq üçün istifadə etməyə ümid edir. Üstəlik, Putin qısamüddətli, guya Pasxa münasibətilə elan olunmuş atəşkəs zamanı belə buna əməl etməyib və əksinə, cəbhədə Rusiya tərəfinin təzyiqi daha da artıb. Yeni hücumlar başlayıb. Aydın görünür ki, ruslar cəbhədə irəliləmək barədə yeni əmrlər alıblar”, – deyə ekspert izah edib.

Onun fikrincə, Putinin əslində atəşkəs qəbul etmək istəmədiyi tam aydındır. “O, bu mövzudan öz maraqları üçün istifadə etməyə çalışır. Necə? Birincisi, o istəyir ki, ABŞ bundan sonra da müharibənin dayandırılması məsələsini irəli sürməyə davam etsin, Ukraynaya dəstək mövzusu isə gündəmdən çıxsın. Tramp prezidentliyə başladığı gündən bəri Ukrayna ABŞ-dan yeni heç nə almayıb. Hətta Bayden administrasiyası dövründə sifariş verilmiş təchizatlar belə qısamüddətli olaraq dayandırılmışdı. Amma bu təchizatlar da yaxın vaxtlarda başa çatacaq və görünür ki, Tramp administrasiyası bundan sonra Ukraynaya heç nə göndərmək niyyətində deyil.

Bu vəziyyət Putinin maraqlarına uyğundur və o da bunu davam etdirmək istəyir. Bunun üçün vaxtaşırı atəşkəslə bağlı təkliflər irəli sürür və danışıqların uğurlu olması üçün ABŞ-ın “yaxşı niyyət” nümayiş etdirməsinin, yəni Ukraynaya silah göndərməməsinin vacib olduğunu bildirir. Bu, Putinin manipulyasiya etdiyi birinci mövzudur. İkinci mövzu isə Ukraynanın günahlandırılmasıdır – guya “Kiyev atəşkəs istəmir, amma Putin istəyir”.

Putin bu yolla Ukrayna ilə Qərb tərəfdaşları, xüsusən də ABŞ arasında etimadsızlıq toxumu səpməyə çalışır. Nəhayət, Putin atəşkəs mövzusundan öz imicini yaxşılaşdırmaq üçün istifadə etməyə çalışır – ilk növbədə, Qlobal Cənub ölkələri, Afrika və Asiya dövlətlərinin gözündə. Çünki bu regionlarda Rusiyanın Ukraynaya qarşı müharibəsi barədə kifayət qədər məlumatlı deyillər. Əksəriyyəti isə müharibənin ərzaq və digər məhsulların qiymətlərinə təsir etməsindən narazıdır.

Beləliklə, Putin manipulyasiya edir, müharibəni dayandırmaq istədiyinə dair açıq iradə nümayiş etdirmir. Eyni zamanda Trampa da birbaşa “yox” demir. Çünki o, bu mövzunu mümkün qədər uzun müddət gündəmdə saxlamaq niyyətindədir”, – deyə Oleşçuk bildirib.

Rauf Orucov
pressklub
Ardını oxu...
ABŞ-nin indiki rəhbərləri Vladimir Putinə nədən rəğbət bəsləyirlər? ABŞ Prezidenti Donald Tramp və vitse-prezident Cey Di Vensin Ukrayna lideri Volodimir Zelenskiyə qarşı nümayiş etdirdikləri kobud rəftardan hansı siyasi nəticəni çıxarmaq olar?

Bu suallar ABŞ-də də aktualdır. Rusiyanın Ukraynada törətdiklərinə Ağ Evin etinasız yanaşması və bəzi hallrda isə bunlara bəraət qazandırması ABŞ mətbutatında geniş rezonansa səbəb olub və KİV-lərin əksəriyyəti Trampla Vensi kəskin şəkildə tənqid edirlər.

“AzPolitika” xəbər verir ki, ABŞ-nin “The Hill” qəzeti “Tramp və Vens nədən Ukraynaya səfər etmirlər?” başlıqlı məqaləsində Ağ Ev rəhbərliyinin Ukraynaya qarşı yürütdüyü siyasətə acı sarkazmla yanaşılır.

Həmin məqaləni qısa ixtisarla təqdim edirik: ”Ümumiyyətlə, onlar(Tramp və Vens) qorxmaz və cəsarətlidirlər, yoxsa özlərini sadəcə bu cür qəhrəman göstərirlər? Müharibənin davam etməsi onları narahat edə bilməz. Hətta Tanrı da Trampın tərəfindədir və guya ki, onu sui-qəsddən xilas edib.

Hazırda Ukrayna Rusiya imperializmi ilə Qərb demokratiyası arasında sıxışıb qalmış yeganə ölkə olaraq tanınır. Ukrayna Prezidenti Volodimir Zelenski Donald Trampı və Cey Di Vensi ölkəsinə dəvət edib. Zelenski “60 dəqiqə” verilişində dəvətini təkrar edərək deyib: ”Biz istəyrik ki, Siz gəlib baxasınız. Siz elə düşünürsünüz ki, burada nə baş verdiyini bilirsiniz. Lap yaxşı, biz Sizin mövqeyinizə hörmət edirik. Amma yaxşı olardı ki, hər hansı qərar qəbul etməzdən, hər hansı danışıqlar aparmazdan öncə gəlib insanlara, dinc sakinlərə, xəstəxanalara, kilsələrə, dağntılara və ya öldürülənlərə baxasınız... Gəlin baxın, sonra isə müharibənin necə dayandırılması planı istiqamətində hərəkət edək. Siz onda kiminlə sövdələşməyə geəcəyinizi anlayacaqsınız. Putinin nələr törətdiyini başa düşəcəksiniz”.

Bəs Trampı və Vensi bu səfərdən saxlayan səbəb nədir? Bunun bir neçə cavabı var.

Birincisi, onlar öz rahatlıqlarını pozmaq istəmirlər. Mar el Laqo və ya “Trump Tower”-də yaşamaq insanı korlaya bilər. Hərçənd ki, Cey Di Vens uşaqlıda Appalaç dağlarında çətinliklər görüb, lakin o da həmin günləri artıq çoxdan arxada qoyub və indi əyalət adamları ilə yox, varlı və nüfuzlu şəxslərlə ünsiyyətə üstünlük verir. Axı, Stiv Uitkoffun dostu Vladimir Putinin amansızlıqla bombaladığı bir ölkəyə nəyə görə getmək lazımdır? Bunun yerinə Floridada qolf oynamağı kim isməz? Hələ üstəlik, Putinin mühasibat dəftərində rəqəmlərdən başqa heç bir məna kəsb etməyən Ukrayna əhalisindən fərqli olaraq, Ağ Ev rəhbəri və onun vitse-prezidenti dünyanın ən nüfuzlu insanları sayılırlar. Generalların cəbhənin ön xəttində düşmənə hücum etdiyi dövrlər çoxdan geridə qlıb.

Sumı şəhərinin mərkəzinə bomba atılması kimi rusların etdiyi “səhvlərə” görə ukraynalıları ittiham etmək və Ağ Evin rahat kabinetlərindən timsah göz yaşları tökmək daha yaxşıdır və təhlükəsizdir.

İkinci səbəb Ağ Ev yetkililərinin Ukraynaya, Zelenskiyə və ukraynalılara qarşı ikrah hissi ilə yanaşmasından qaynaqlanır. Onların gözündə bu ölkə və oradakı xalq uğursuzdur və deməli, ABŞ-nin qüdrətli liderlərinin səfərinə layiq deyillər.

Digər tərəfdən, amerikalılar bilmədikləri nələri öyrənə bilərlər? Vens eyham vurub ki, o, Ukrayna barədə özünə lazım olan hər şeyi bilir, yerdə qalanlar isə Kiyevin təbliğatıdır. Tramp isə onsuz da dahidir və hər şeyi bilir.

Əlbəttə, onların hər iksi Zelenskiyə nifrət edir. Guya ki, Zelenski Hanter Bayden qalmaqalında Trampla əməkdaşlıqdan imtina edib. Bundan başqa, Zelenski Ukraynanı Trampdan və Vensden daha yaxşı tanıdığını söyləməkdən çəkinmir. Həm də təbii ki, Ağ Ev rəsmilərinin gözündə o, sadəcə bir alverçidir(?) və Trampla Vensin qarşısna ruslar tərəfindən “səhvən öldürülmüş” dinc insanların, əsgərlərin, uşaqların və dağıdılmış xəstəxanaların, kilsələrin şəkillərini qoymaqla legitimlik qazanmağa ümid bəsləyən bir diktatordur.

İstər Tramp, istərsə də Vens xristianlığı kifayər qədər yaxşı bildikləri üçün anlamalıdırlar ki, Tanrının buyurduğu on əmr boş bir şey yox, əxlaqı təcəssüm etdirən topludur. Prezident və vitse-prezident bilməlidirlər ki, həmin əmrlərdən biri öldürməməyə aiddir. Onlar birmənalı olaraq anlamalıdırlar ki, hərbi cinayətlərdə ittiham edilən birinə xoş münasibət bəsləməklə, faktiki baxımdan bu caninin ukraynalıları kütləvi qətlə yetirməsinə bəraət qazandırırlar. Lakin bu iki şəxs düşünür ki, qoy, ukraynalılar Oval ofisin mənəvi rahatlığını pozmasınlar və buradan minlərlə kilometr aralıda qırılsınlar, onsuz da ölənlərin kəsilmiş bədənləri, tökülmüş bağırsaqları və qanlı sifətlərini görmək Amerikanı yenidən böyük etməyəcək. Ən yaxşısı bunlardan uzaq durmaqdır, ağlamaq üçün təhlükəsiz məsafədə dayanmaq lazımdır.

Vitse-prezident Cey Di Vens müharibəyə yanaşmasını izah edərkən özünün mənəvi kütlüyünü bu cür göstərib: ”Mən strateji yanaşmanı tətbiq etməyə çalışdım ki, əgər siz münaqişəyə son qoymaq istəyirsinizsə, onda siz rusların və ukraynalıların nəyi strateji məqsəd kimi gördüklərini anlamağa çalışmalısınız. Bu, sizin Rusiyanı mənəvi cəhətdən dəstəkləməniz və ya genişmiqyaslı işğalı dəstək verməniz demək deyil. Lakin siz onların strateji qırmızı xəttlərinin nədən ibarət olmasını anlamağa çalışmalısınız. Siz həmçinin bu münaqişədən ukraynalıların nəyə nail olmağa can atdıqlarını da anlamağa cəhd etməlisiniz”.

Rusiyanın və Ukraynanın müqayisə ediləcək neytral “strateji məqsədləri” olmasını iddia etmək absurddur. Məsələn, Stiv Uitkoff başa düşmür ki, Rusiyanın məqsədi Ukraynanı tamamilə məhv etmək, Ukrynanın məqsədi isə sağ qalmaqdır. Bəs, bunu Vens başa düşürmü?

Vensin səsləndirdiyi bəyanat, 28 fevralda Oval ofisdə özünü quldur kimi aparması, müharibəni Ukraynanın başlatdığını ehtimal etməsi onun nə düşündüyünü göstərir.

Ümumiyyətlə, bəyənmədikləri Ukraynaya qarşı münasibətdə Tramp və Vens öz rahatlıqlarını pozmaq istəmirlər və onları yaxın zamanlarda Kiyevdə gözləməyin. Onların Moskvaya səfərini isə gözləyin”.

V. Nəsibov

“AzPolitika.info”
 
Ardını oxu...
Son günlərdə "Ay Yola" başqırd qrupunun "Homay" mahnısı sosial şəbəkələrdə sürətlə populyarlıq qazanıb.
Azərbaycan xalqının mifik təfəkküründə qadın ilahələri içərisində müsbət ilahə kimi Umay və ya Humay Ana obrazı var. Orxon-Yenisey kitabələrində adı “yer-su və Umay xatun” şəklində adı qeyd edilən bu yaradıcı güc haqqında Kaşqarlı Mahmudun əsərində belə deyilir:
“Qadınlar Umay ilə doğurarlar. Umay tapılarsa oğlan olur”.
Moğol inanclarında Uma olaraq adlanan bu ruh, Azərbaycan divan ədəbiyyatında “Humay” şəklini alıb.
Bütün Türk xalqları kimi Azərbaycan xalqının da inanc sistemində Humay doğurqanlığın, bərəkətin və insan taleyinin simvoludur
Humay Ana Türk xalqlarının islam və xristianlıq dinlərini qəbul etməsi nəticəsində bu rəmzlər xalq yaddaşından silinməmişdir. İnanclara görə Humay Ana körpələri, ailəni, xəstələri, şəhid döyüşçülərin ruhlarını himayə edir.
Türk mifologiyasına görə, xanımların rəqs zamanı qolları çiyindən yuxarı qalxmamaq şərti ilə etdilləri rəqslər Humay Ananın rəmzi olan qu quşunun yerişini xatırladır.
Köhnə türk adət-ənənəsinə görə, Humay Ana qıza və ya qadına sataşan hər kəsin gözləri çəkilər və kor olar tapşırığını verib. Ona inananlara görə qadına hücum edən istənilən “Təcavüzkar” öldürülməli idi.
Türk qadınlarının özlərini qorumaq hüququ var idi. Bundan əlavə, türk qızının şərəf və ləyaqəti dövləti idarə edən xaqan tərəfindən adət/qanunla qorunurdu.
Ona görə də heç kim türk qızlarına, qadınlarına pislik edə bilməzdi.
Əgər Çingiz xanın və Teymurun zamanında Balkanlardan Çin səddinə bir qadın tək getsəydi, heç kim ona laqeyd baxmazdı. Belə sərt qanunlar var idi və qadınlar toxunulmaz idi, çünki Humay Ana belə istəyib!
Humay Ana adı Göytürk kitabələrindən biri olan Tonyukuk yazısında qeyd olunur. VIII əsrdə Göktürk əlifbası ilə yazılmış yazının 38-ci sətirində Umay Ananın adı bu sözlərlə çəkilir;
"Gələnlər çətin olduğunu dedilər, amma hiss etmədilər. Deyəsən Allah Umay, Müqəddəs məkan və Su kömək etdi. Niyə qaçırıq?"
Humay Ana obrazına inamın gücündən gələrək Azərbaycan türklərində qadınlarla bağlı andlar da yaranıb:
1)Azərbaycanda qadının saçı namus hesab edilirdi. Qadın saçı üzərinə and içmək, düşmənə “saçlarıma bağışla” deyərək onu mərhəmətə çağırmaq belə inanclardan idi.
2) Qadının örpəyi də saçı qədər müqəddəs hesab edilirdi. Qan davalı olan iki tayfa arasında sülhün təmini zamanı elin ağbirçək qadınlarının örpəklərini yerə sərməsi düşmənçiliyin qarşısını alırdı.
3) Qapıda dayanan qadının düşmənin evə girməsinin qarşısının alınması mənasına gəlirdi.
Buna görə də belə bir deyim yaranıb: “Qadını öz inanclarında əbədiləşdirən türk cəmiyyətdə qadın dəyərlərinin aliliyi öz əksini tapmışdır”
Dr.Zaur Aliyev
TEREF
 

Dünyapress TV

Xəbər lenti