Şeyx Həcc kvotasını doldura bilmir: baha qiymət, yoxsa... - DİNİ TURİZM TƏNƏZZÜLDƏ?
Həcc ziyarətinə getmək üçün sənəd qəbulunun müddəti may ayının 10-dək uzadılıb. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri media nümayəndələrinə açıqlamasında deyib. O bildirib ki, hazırda kvota 96%-dən çox dolub: “Bu il kvota sayı 1200-1300 arası müəyyənləşdirilib”.

Məlumat üçün bildirək ki, bir nəfər üçün ziyarət paketinin qiyməti 5950 ABŞ dolları təşkil edir.

Azərbaycanda mövcud vəziyyətin yaranmasının səbəbi kimi, ölkədə bu sahədə monopoliyanın mövcudluğu və müxtəlif Həcc operatorlarının olmamasıdır. Dünyada, eləcə də Türkiyədə Həclə bağlı müxtəlif operatorlar mövcuddur. Onların arasındakı sağlam rəqabətin nəticəsində qiymətlərin optimallaşması baş verir, həm də ziyarət şəraiti, imkanlar və orada qalma şəraitinin hamısı tənzimlənir. Hazırda Türkiyə və digər ölkələrin nümunəsini götürsək, Həcc mövzusunda monopoliya adlanan bir mövzunun olmaması üçün müxtəlif operatorlar arasında sağlam rəqabət yaradılır. Nəticədə Həcc qiymətlərinin optimallaşmasına və hətta şəraitin daha yaxşı olmasına gətirib çıxarır.

Kvotanın dolmaması insanların Həcc ziyarətinə marağının azalması və qiymətin yüksək olması ilə əlaqəlidir?

Ekspertlər qeyd edir ki, bir nəfərlik Həcc ziyarətinin 5950 ABŞ dolları olması əksər azərbaycanlı ailələr üçün çox yüksək məbləğdir. Azərbaycanda yalnız Qafqaz Müsəlmanları İdarəsi vasitəsilə Həccə getmək mümkündür. Müxtəlif operatorların olmaması alternativ qiymət və xidmət paketlərinin təklif olunmamasına, beləliklə də qiymətlərin yüksək və rəqabətsiz qalmasına səbəb olur.

Əvvəldə Türkiyə modelini qeyd etdik, amma qardaş ölkədən başqa bir çox müsəlman ölkəsində Həcc ziyarətinin təşkili fərqli formalarda həyata keçirilir. Əsas fərq mərkəzləşdirilmiş dövlət sistemi ilə özəl turoperatorlar arasında balansdan ibarətdir. Misal üçün, ən çox zəvvar göndərən İndoneziyada (təxminən 200 min nəfər illik) iki sistem mövcuddur. Dövlət xətti ilə İndoneziya Həcc və Ümrə Nazirliyi qeydiyyat və kvota bölgüsünü tənzimləyir. Özəl sektorda isə lisenziyalı Həcc operatorları fəaliyyət göstərir. Nəticədə rəqabət artır, xidmət keyfiyyəti yaxşılaşır, qiymətlər dövlət tərəfindən müəyyən limitlərlə tənzimlənir. Pakistanda isə hibrid sistem var: həm dövlət proqramı, həm də özəl operatorlar mövcuddur. Zəvvarlar seçim edə bilirlər - dövlət paketi ucuz, lakin daha sadə şərait təklif edir, özəl paketlər isə müxtəlif səviyyədə xidmətlərlə daha bahalı olur. Hər iki sistemin qeydiyyatı dövlət tərəfindən idarə olunur (kvota bölüşdürülür).

Misirdə Həcc ziyarətləri həm dövlət qurumları, həm də turizm agentlikləri vasitəsilə həyata keçirilir. Qiymətlər və xidmətlər arasında fərq var, zəvvarlar seçim azadlığına malikdir. Dövlət monitorinq və lisenziyalaşdırmanı həyata keçirir.

Hindistanda Həcc Komitəsi adlı dövlət qurumu vasitəsilə Həccə gedənlərə xidmət göstərilir. Müsəlman azlıq olmasına baxmayaraq, kvota böyükdür (təxminən 175 min nəfər). Özəl operatorlar da fəaliyyət göstərir, lakin onlar dövlətin müəyyən etdiyi qaydalara uyğun işləməlidir. Azərbaycanda da illərdir ekspertlər Həcc qiymətlərinin müxtəlif şəkildə tətbiq edilməsini təklif edirlər. Amma hələ bununla bağlı yenilik yoxdur.

Araşdırmaçı jurnalist, dini mövzular üzrə mütəxəssis Rəsul Mirhəşimli bununla bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Öncə qeyd etmək lazımdır ki, Həcc ziyarəti maddi və fiziki gücü yetənlər üçün vacib olan ibadətdir. Bu baxımdan, Həcc ziyarətinə getmək istəyənlər də Qurani-Kərimin bu bəyanını əsas götürüb, ona uyğun davranmalıdır.

Qafqaz Müsəlmanları İdarəsinin Həccə gedənlərin sayı ilə bağlı təyin etdiyi kvota çox yüksək say deyil. Həcc ziyarəti başlayana qədər bu kvotanın dolması da yəqin ki, QMİ üçün problem olmayacaq. O ki qaldı Həcc ziyarəti ilə bağlı qiymətlərin yüksək olmasına, bu məsələdə obyektiv və subyektiv amillər özünü büruzə verə bilər. Həcc qiymətlərinin yüksək olmasını qlobal bahalaşma ilə də əlaqələndirmək mümkündür. Qiymətləri qardaş Türkiyədəki Həcc qiymətləri ilə müqayisə etdikdə təxminən eyni qiymətlər ortaya çıxır. Türkiyənin Diyanət İşləri Komitəsinin 2025-ci il üçün təyin etdiyi Həcc ziyarəti qiymətləri təxminən 12 minə manata yaxın edir. Lakin nəzərə almaq lazımdır ki, bu ölkədən Həcc ziyarətinə gedən zəvvarlara Diyanət İşləri Komitəsinin rəhbərliyi ilə 30 mindən çox personal xidmət edir. Bu xidmətlərə Məkkə və Mədinədə yerləşən tibbi klinikalar da daxildir".

Rəsul Mirhəşimli əlavə edib ki, bizdən fərqli olaraq, Türkiyədə Həcc ziyarəti ilə bağlı səyahətləri özəl firmalar da həyata keçirir: “Bu ölkədə əhali sayının çoxluğu səbəbindən Həcc ziyarəti xüsusi püşkatma qaydasında baş tutur. Püşkatma zamanı siyahıda adı çıxmayan insanlar uzun illər növbə gözləməkdənsə, özəl firmaların təşkil etdiyi səfərlərlə Həccə gedə bilir. Lakin bu firmaların xidmətindən istifadə etmək istəyənlər 19 günlük səfərlərə görə 10 min dollardan çox pul ödəməli olurlar. Qiymətləri açıq rəqabətdə müəyyənləşdirmək istəyi olsa, bizdə də müxtəlif operatorların təşkilatçılığına şərait yaratmaq mümkündür. Bu rəqabət şəraitində qiymətlərin aşağı düşməsi ehtimalı yarana bilər. Bunun üçün ilk növbədə Səudiyyə Ərəbistanı ilə danışıqlarda əhalinin sayına görə Həcc kvotasını artırmaq olar. Əvvəlki illərin təcrübəsinə baxsaq, vaxtilə Azərbaycanda Həcc kvotasının 5 min nəfərdən yüksək olduğunu da görə bilərik. O zaman Həcc ziyarətini QMİ-dən əlavə, bir çox özəl şirkətlər də təşkil edirdi. Bu da Həccə getmək istəyən insanların seçim imkanlarını genişləndirir, həmçinin qiymətlərə də ciddi şəkildə öz təsirini göstərirdi”.

Yeri gəlmişkən, Səudiyyə Ərəbistanı builki Həcc mövsümündə qaydalara əməl etməyənlərə qarşı ağır cərimələrin tətbiq ediləcəyini açıqlayıb. Yeni qaydalara görə, icazəsiz Həcc ziyarətinə gələnləri təxminən 5 min dollar cərimə və 10 il ölkəyə giriş qadağası gözləyir. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, sabahdan başlayacaq və 44 gün davam edəcək yeni qaydalara görə həcc icazəsi olmadan Məkkəyə və müqəddəs bölgələrə girməyə cəhd edənlər ağır cəzalara məruz qalacaq.

Onlara qarşı 20 min riala qədər (təxminən 5 300 dollar) cərimə tətbiq olunacaq. Həcc ziyarətinə getmək istəyənlərə ziyarət vizası ilə kömək edənlər isə 100 min riala (təxminən 26 000 dollar) qədər cərimə olunacaqlar. Bundan əlavə, icazəsiz Həcc ziyarətinə cəhd edən əcnəbi ziyarətçilər deportasiya ediləcək və 10 il müddətinə ölkəyə girişi qadağan ediləcək.

Qaydalar çərçivəsində həmçinin ziyarət vizası sahiblərini daşıyan avtomobillərə də məhkəmə qərarı ilə həbs qoyula bilər.

Dünyapress TV

Xəbər lenti