Ardını oxu...
Azərbaycanda toy yalnız iki gəncin ailə qurması demək deyil. Bu mərasim həm də bir çox hazırlıq mərhələlərini və xərcləri özündə birləşdirir. Adətən, toy prosesi xına mərasimi, qız toyu, oğlan toyu və rəsmi nikah mərasimindən ibarət olur. Bütün bu mərhələlər isə müəyyən maliyyə xərcləri tələb edir.

Valyuta.az toy etmək üçün nə qədər vəsait xərcləndiyini araşdırıb və təqdim edir:

Alyans və zinət əşyaları

Toyun ən vacib simvollarından biri alyans üzüyüdür. Bazarlarda 585 əyarlı alyansların qiyməti təxminən 400-800 manat arasında dəyişir. 750 əyarlı alyanslar isə daha bahalı olub 1500-3000 manat aralığında təklif edilir.
Bununla yanaşı, gəlin üçün alınan təkqaş üzük və digər zinət əşyaları da xərclərə daxildir. Təkqaş üzüyün qiyməti təxminən 1000 manatdan başlayaraq 10 000 manata qədər yüksələ bilər. Toy üçün nəzərdə tutulan zinət dəstləri isə 2500-20 000 manat arasında dəyişir.

Xına mərasimi

Toydan əvvəl keçirilən xına mərasimi də xüsusi hazırlıq tələb edir. Xına paketlərinin qiyməti əsasən paketə daxil olan xidmətlərə görə dəyişir. Rəqqasə, şou-proqram, foto və video çəkiliş kimi xidmətlər daxil olduqda qiymət artır. Ümumilikdə, xına paketlərinin qiyməti 300-1000 manat arasında dəyişir.

Gəlinlik və bəy kostyumu

Gəlinlik kirayəsi də toy büdcəsinin əsas hissələrindən biridir. Gəlinliklərin kirayə qiyməti minimum 250 manatdan başlayaraq 3500 manata qədər çata bilər. Bəzi hallarda bu qiymətə gəlinin makiyajı və saç düzümü də daxil edilir. Əgər ayrıca sifariş edilərsə, gəlinin bəzədilməsi xidmətinin qiyməti təxminən 120-650 manat arasında dəyişir. Tanınmış vizajist seçildikdə isə bu məbləğ daha yüksək ola bilər.
Bəy kostyumunun kirayəsi isə nisbətən daha münasibdir və adətən 50-500 manat arasında təklif edilir.

Cehiz xərcləri

Azərbaycanda ən böyük xərclərdən biri də cehizdir. Cehiz əsasən gəlin tərəfi tərəfindən hazırlanır və ailənin maddi vəziyyətindən asılı olaraq dəyişir. Cehizə elektron məişət texnikası, mebel dəstləri, mətbəx əşyaları, qab-qacaq, yorğan-döşək dəstləri və digər ev ləvazimatları daxil olur. Ümumilikdə, cehizin qiyməti təxminən 15 000 manatdan başlayaraq 50 000 manata qədər çata bilər.

Nikah və digər xərclər

Rəsmi nikah mərasiminin dövlət rüsumu təxminən 50 manat təşkil edir. Bundan əlavə, toy korteji üçün avtomobillərin kirayəsi 300-800 manat arasında dəyişir.
Toyun foto və video çəkilişi üçün peşəkar fotoqraflar adətən 600-1200 manat aralığında xidmət göstərirlər.

Restoran və toy məclisi

Toy xərclərinin ən böyük hissəsi adətən restoran və qonaqlıqla bağlı olur. Restoranlarda qiymətlər menyuya, şou proqramına, müğənni və rəqs qruplarına görə dəyişir. Adambaşına minimum qiymət təxminən 50 manat, orta qiymət 90 manat, maksimum isə 300 manata qədər ola bilər. Ümumi olaraqsa, adambaşına qiymətlər 50, 65, 70, 75, 90, 120, 130, 160, 220, 300 manat olaraq dəyişir.

Məsələn, 200 nəfərlik bir toy təşkil edildikdə ümumi restoran xərcləri belə dəyişə bilər:

Minimum: təxminən 10 000 manat

Orta səviyyəli: təxminən 18 000 manat

Lüks səviyyə: təxminən 60 000 manat

Ümumilikdə, Azərbaycanda toy etmək üçün minimum 30.000 manat vəsait tələb olunur. Qeyd edək ki, bu qiymətlər ailənin maddi imkanına görə dəyişir.

Göründüyü kimi, Azərbaycanda toy mərasimi kifayət qədər böyük büdcə tələb edən bir tədbirdir. Ümumi xərclər ailələrin maddi imkanlarından, seçilən xidmətlərdən və toyun miqyasından asılı olaraq dəyişir. Sadə bir toy üçün xərclər nisbətən az olsa da, daha təmtəraqlı toylar on minlərlə manata başa gələ bilər.
 
Ardını oxu... 
Bakı Dövlət Universiteti 2025/2026-cı tədris ili üzrə “Məzun Günü” tədbirinin yüksək səviyyədə təşkili məqsədilə müvafiq mal və xidmətlərin satın alınması üçün genişmiqyaslı hazırlıqlara başlayıb.

Bizimesr.com xəbər verir ki, bu möhtəşəm tədbirin keçirilməsi üçün ehtimal olunan ümumi büdcə 235.480,80 AZN məbləğində müəyyən edilib.

Hazırda satınalma prosesi çərçivəsində ən uyğun təkliflər dəyərləndirilir. Universitet rəhbərliyi bu investisiya ilə məzunlar üçün unudulmaz bir vida mərasimi yaratmağı və tədris ilinin yekununu təntənəli şəkildə qeyd etməyi hədəfləyir.

Məlumat üçün bildirir ki, 2025-ci ildə BDU-nun “Məzun Günü” Bakı Milli Gimnastika Arenasında keçirilib.

Qeyd edək ki, hazırda bu məbləğə bir çox təhslilə layihələr keçirmək olar lakin universitetin rektoru Elçin Babayev yəgin ki, daha fərqli düşünür. Bəs görəsən “Məzun Günü”də hansı ulduzlar iştirak edəcək?

Ardını oxu...
  

Son vaxtlar aktual olan mövzulardan biri də süni intellektin tətbiqi nəticəsində yaranacaq işsizlik problemidir. Bu günlərdə İnsan Hüquqları üzrə Müvəkkil-Ombudsman Səbinə Əliyeva Milli Məclisdə hesabatının təqdimatı zamanı hökuməti süni intellektin yaradacağı ixtisarlara hazır olmağa çağırıb.

Onun sözlərinə görə, rəqəmsallaşdırma və süni intellekt bütün sahələrdə olduğu kimi, əmək hüququnun həyata keçirilməsi və müdafiəsi mexanizmlərinə də təsir edəcək. Bu təsiri azaltmaq və texnoloji dəyişikliklərə hazırlıq məqsədilə ölkənin regionları üzrə əmək bazarının öyrənilməsi və işçilərin hüquqlarının qorunmasına yönəlmiş kollektiv tədbirlər planı hazırlanmalıdır.

Qeyd edək ki, süni intellekt işçilərin ixtisarına səbəb olmağa başlayıb. Artıq robotlar və ənənəvi süni intellektin tətbiqi səbəbindən dünyada 100 minlərlə iş yeri ixtisar edilməkdədir.

Ombudsman bu məsələyə də toxunub və bildirib ki, süni intellektin tətbiqi nəticəsində ixtisar olunacaq və ya adaptasiya çətinliyi yaşayacaq şəxslərə dəstək mexanizmlərinin yaradılması olduqca zəruridir.

Ardını oxu...

Vətəndaşların Əmək Hüququnun Müdafiə Liqasının sədri Sahib Məmmədov Musavat.com-a açıqlamasında bildirib ki, Azərbaycanda süni intellektin yaradacağı ixtisarlar barədə danışmaq hələ çox tezdir:

“Hazırda dövlət orqanlarında və dövlətə tabe olan təsərrüfat subyektlərində süni intellekt tətbiq olunmadığı halda kütləvi ixtisarlar həyata keçirilir. Ancaq Ombudsman bu barədə bircə kəlmə də danışmır. Azərbaycanda süni intellektin tətbiqi geniş yayılmayıb. Bu sahədə dünyanın geridə qalmış ölkələrindənik. Ümumiyyətlə, internet-kommunikasiya sahəsində Azərbaycanda inkişaf çox zəifdir. Yaxşı olar ki, Ombudsman diqqətini hazırda baş verənlərə yönəltsin”.

AMEA-nın vitse-prezidenti, Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev isə AZƏRTAC-a açıqlamasında bildirib ki, süni intellekt əmək bazarında əsasən təkrarlanan və standart işlərdən başlayaraq təsir göstərir. Məsələn, kassir xidmətləri, məlumatların emalı və sadə ofis işləri artıq AI sistemləri vasitəsilə həyata keçirilir. Gələcəkdə isə bu proses yüksək ixtisas tələb edən peşələrə də keçə bilər:

“Rəqəmsal əmək bazarı ənənəvi bazardan fərqlənir: insanlar artıq qlobal miqyasda işləyə bilir, yeni peşələr yaranır, bəziləri isə aktuallığını itirir. Azərbaycan üçün önəmli məsələlərdən biri rəqəmsal təhlükəsizlik və kibertəhlükəsizlikdir. Dövlət siyasətində innovasiyaların tətbiqi və texnologiyaların cəmiyyətə inteqrasiyası mühüm yer tutur”.

Alimin sözlərinə görə, hazırda cəmiyyətdə insanlar və süni intellekt arasında yeni əməkdaşlıq formalaşır.

“AI istifadəçilərə bilik əldə etmək, özünü ifadə etmək və inkişaf etmək imkanı verir. Nəticə etibarilə, süni intellekt və yüksək texnologiyalar əmək bazarını və cəmiyyəti köklü şəkildə dəyişir. Əsas məsələ bu prosesləri düzgün idarə etmək, elmi əsaslara söykənmək və insan potensialını inkişaf etdirməkdir”, - deyə alim bildirib.

Nigar Həsənli,
Musavat.com


Ardını oxu...

Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 13-1.1-ci maddəsinə dəyişiklik edilməsi təklif olunur.

Gununsesi.info  xəbər verir ki, təklifə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün nəzərdə tutulmuş tikililərin, eləcə də işçilərin (personalın) müvəqqəti yaşaması məqsədilə yaşayış təyinatlı əsaslı tikililərin müəyyən şərtlərlə inşa edilməsinə icazə verilə bilər.

Dəyişiklik layihəsinə görə, belə tikililər sahəsi 1 hektardan az olmayan və vahid sərhəd daxilində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin (yay və qış otlaqları, həmçinin ümumi istifadədə olan örüş sahələri istisna olmaqla) ümumi sahəsinin 1 faizindən artıq olmayan hissəsində inşa edilə və quraşdırıla biləcək.

Qeyd olunur ki, təklif olunan dəyişiklik kənd təsərrüfatı fəaliyyətinin daha səmərəli təşkili, istehsal və emal proseslərinin inkişafı, eləcə də təsərrüfatlarda çalışan işçilərin müvəqqəti yaşayış şəraitinin yaxşılaşdırılması məqsədi daşıyır.

Qeyd edək ki, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ötən ilki fəaliyyətinə dair məruzəsini parlamentə təqdim edib. Sözügedən məruzədə aidiyyəti qurumlara təklif və tövsiyələr əks olunub.

 

Orxan
Gununsesi.info


Ardını oxu...

Xarici ölkələrin müsbət təcrübəsi nəzərə alınmaqla ictimai nəqliyyatda bəzi sosial kateqoriyalara güzəştlərin tətbiqi təklif edilir.

Gununsesi.info xəbər verir ki, təklifə əsasən, təqaüdçülər, əlilliyi olan şəxslər, eləcə də şagird və tələbələr üçün nəqliyyat xidmətlərində xüsusi güzəştlərin müəyyənləşdirilməsi nəzərdə tutulur.

Mütəxəssislərin fikrincə, belə bir addım sosial müdafiəyə ehtiyacı olan qrupların gündəlik hərəkət imkanlarını genişləndirə, onların ictimai və sosial həyatda daha fəal iştirakına şərait yarada bilər. Bir çox ölkələrdə bu kateqoriyalara daxil olan şəxslər üçün ictimai nəqliyyatda endirimli və ya pulsuz gediş imkanları tətbiq olunur.

Qeyd olunur ki, bu cür güzəştlərin tətbiqi həm sosial ədalətin təmin olunmasına, həm də ictimai nəqliyyatdan istifadənin stimullaşdırılmasına xidmət edə bilər. Mövzunun aidiyyəti qurumlar tərəfindən müzakirə olunduğu bildirilir.

Qeyd edək ki, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ötən ilki fəaliyyətinə dair məruzəsini parlamentə təqdim edib.

Sözügedən məruzədə aidiyyəti qurumlara təklif və tövsiyələr əks olunub.

Orxan
Gununsesi.info

Ardını oxu...
İnsanlar çox zaman öz çətinliklərini gizlətməyə çalışır, sanki zəifliklərini göstərmək ayıbdır. Halbuki məhz bu məqamda yanılırlar. Hər bir insanın taleyində enişlər və yoxuşlar olur. Elə anlar gəlir ki, insan özünü zəif hiss edir, amma məhz bu zəiflik anlarında o, yaşamaq uğrunda mübarizə aparmaq üçün tanıdığı və ya tanımadığı insanlarla əlaqə qurmağa başlayır. Bu dialoqlar, bu qarşılıqlı münasibətlər təkcə onu xilas etmir, həm də onun iş həyatını genişləndirir, şəxsiyyətini böyüdür.

Əgər sən 15-20 il ərzində eyni yolla, dəyişmədən, sanki bir rels üzərində hərəkət etmisənsə, bu sənə uğur deyil, tükənmişlik gətirə bilər. Bədən və ruh bu monotonluğa cavab olaraq fiziki və ya psixoloji xəstəliklərlə reaksiya verə bilər. Bir iş qadını olaraq əminliklə deyə bilərəm: dəyişiklik olmadan inkişaf mümkün deyil.

Zəifliklərini qəbul edib onları gücə çevirmək sənin əlindədir. Lakin bu yolda ən böyük maneə qorxudur. Qorxu – sənin ən yaxın düşmənindir. Onun evi “gələcək” zamanındadır. Orada sanki çıxış yolu yoxdur, sanki hər şey qaranlıqdır. Və sən, uslu bir şagird kimi, səsini çıxarmadan bu qorxunun hökmünə tabe olursan. Zaman keçir, və bir gün ayılıb deyirsən: “Kaş ki, vaxtında uduzardım, amma qərarımı verərdim.” Hətta uduzmağa belə həsədlə baxırsan.

Bu səbəbdən, əgər səni işdən çıxarırlarsa – bu bir fürsətdir. Əgər səni işə qəbul etmirlərsə – bu, yeni insanlarla tanış olmaq, şəbəkəni genişləndirmək üçün imkandır. Əgər pul qazana bilmirsənsə – bu, özünü inkişaf etdirmək üçün sənə verilmiş zamandır. Çünki iş dünyasında daim düz gedən insan, əslində, çoxdan yanıb və sadəcə bu yanmış halını qəbul etmiş biridir.
Həyat – böyük bir səyahətdir. Harada doğulacağımıza biz qərar vermirik. Amma necə yaşayacağımıza, hansı istiqamətdə gedəcəyimizə qərar verən bizik. Bu dünya – ruhumuzun yenidən doğulduğu bir turizm şirkətidir. Və bu səyahətdə ən gözəl geyim – özünə inamdır. O, xaricdən deyil, içdən geyinilməlidir.

Unutma: Qərar pulla alınmır. Amma doğru qərarlarla sən pulu əldə edə bilərsən.

Psixoloq Xatirə Səfərova
 

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və İran İslam Respublikasının Prezidenti cənab Məsud Pezeşkian arasında 2026-cı il 8 mart tarixində baş tutmuş telefon danışığına əsasən, qonşu və dost İran xalqının hazırkı ehtiyaclarının təmin edilməsi məqsədilə İrana humanitar yardım yola salınıb.

Gununsesi.info  xəbər verir ki, Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq Fövqəladə Hallar Nazirliyinin avtomobilləri ilə İran İslam Respublikasına yola salınan humanitar yardıma 10 ton un, 6 ton düyü, 2,4 ton şəkər, 4 tondan artıq su, 600kq-a yaxın çay, 2 tona yaxın dərman və tibbi ləvazimatlar daxildir.

Gununsesi.info

Ardını oxu...

"DogruXeber.tv" xəbər verir ki, jurnalist Kamal Əsgərov deputat Ceyhun Məmmədov-un gənclərə ünvanladığı paylaşımına şəxsi Facebook hesabında münasibət bildirib. O, statusunda siyasətçilərin gənclərə nəsihət verməzdən əvvəl öz fəaliyyətləri və seçicilərlə münasibətləri barədə düşünmələrinin vacib olduğunu vurğulayıb.

Jurnalist yazır:

"Ceyhun Məmmədov-un gənclərə ünvanladığı bu cür “nəsihət dolu” statusları ilk baxışda sanki mənəviyyat dərsi kimi görünə bilər. Amma insan bir az dayanıb düşünəndə sual yaranır: bu tövsiyələri yazan şəxs özü bu prinsiplərə nə qədər əməl edir?

Gənclərə “ədalətli olun”, “vicdanlı olun”, “dəyərlərinizə sadiq qalın” demək çox asandır. Çətin olan isə həmin sözləri əvvəlcə öz həyatında tətbiq etməkdir. Təəssüf ki, seçiciləri ilə demək olar ki, ünsiyyət qurmayan, onların problemlərini eşitməyən, rayon sakinlərinin dərdindən xəbərsiz olan bir deputatın birdən-birə gənclərə mənəviyyat dərsi keçməsi cəmiyyətdə təbii olaraq suallar doğurur.

Bir rayonun on minlərlə sakini var, amma həmin rayonun deputatını görmək, onunla görüşmək bəzən yüz nəfərdən birinə belə qismət olmur. Halbuki deputatın əsas vəzifəsi efirlərdə çıxış edib nəsihət vermək yox, xalqın problemlərini parlamentdə qaldırmaq, onların hüquqlarını müdafiə etmək və seçicisinin yanında olmaqdır.

Əgər bir siyasətçi günün böyük hissəsini televiziya studiyalarında keçirdib ya “mənəvi moizə” oxuyur, ya da hakimiyyəti tərifləməklə məşğul olursa, o zaman ortaya haqlı bir sual çıxır: bəs seçicilərin problemləri ilə kim məşğul olacaq?

Gənclərə “pisliyə pisliklə cavab verməyin”, “vicdanlı olun” kimi fikirlər demək gözəldir. Amma gənclər bu sözlərin səmimiyyətinə yalnız o zaman inanır ki, həmin sözləri deyən insanın əməli də sözünə uyğun olsun. Əks halda bu cür statuslar nəsihətdən çox ironiyaya çevrilir.

Atalar demişkən: “Utanmasan, oynamağa nə var ki.”

İnsan əvvəlcə güzgüyə baxmalı, sonra başqasına dərs keçməlidir.

Əgər bir deputat doğrudan da gənclərə nümunə olmaq istəyirsə, bunun ən yaxşı yolu sosial şəbəkədə status yazmaq yox, xalqın arasında olmaq, onların problemlərini dinləmək və o problemlərin həlli üçün real addımlar atmaqdır.

Əks halda yazılan uzun-uzadı “nəsihətlər” cəmiyyət üçün deyil, sadəcə kağız üzərində qalan sözlərdən başqa bir şey olmur."

Ardını oxu...


Ardını oxu...

Dövlət İmtahan Mərkəzi (DİM) Bakı şəhərinin Nərimanov, Sabunçu, Xəzər, Səbail, Nəsimi, Nizami, Pirallahı rayonlarında, Abşeron (I hissə), Sumqayıt (I hissə), Gəncə (I hissə), Goranboy, Yevlax, Naftalan, Şəmkir, Ağstafa, Şirvan, Hacıqabul, Neftçala, Salyan, Ucar, Ağdaş, Zərdab, Kürdəmir, Lənkəran, Cəlilabad, Bərdə, Tərtər, Füzuli (o cümlədən M.Uluqbəy adına 1 nömrəli tam orta məktəb), Zəngilan (Ağalı kənd tam orta məktəbi), Cəbrayıl (M.Mehdizadə adına məktəb, Horovlu), Ağdərə (Talış, Göyarx, Həsənriz, Şıxarx, Suqovuşan kənd tam orta məktəbləri), Şəki, Oğuz, Qəbələ, Xaçmaz, Siyəzən və Şabranda tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirəcək. Bu gün tədrisi ingilis dilində olan məktəblərin şagirdləri də imtahan verəcəklər.

DİM-dən Gununsesi.info-ya bildirilib ki, imtahanda 58 min 138 şagirdin iştirakı nəzərdə tutulur.

İmtahanda sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) 52 şagird də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün binalarda xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.

İmtahan saat 11:00-da başlanır. Saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Şagirdlər imtahana aşağı qeyd edilən sənədləri gətirməlidirlər:

– İmtahana buraxılış vərəqəsi;

– Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

– Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 236 imtahan binası, 4311 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 236 ümumi imtahan rəhbəri, 691 imtahan rəhbəri, 5388 nəzarətçi, 764 buraxılışı rejimi əməkdaşı (mühafizə), 236 bina nümayəndəsi ayrılıb.

Gununsesi.info


Ardını oxu... 

Alimlərin apardığı araşdırmaya görə, insanların seçdiyi yeməklər onların xarakter xüsusiyyətləri barədə müəyyən ipucları verə bilər.

Yenixeber.org xəbər verir ki, məlumata görə, qastronomik seçimlər bəzən insanın davranış modelini əks etdirir və hansı dadlara üstünlük verilməsi müəyyən xarakter xüsusiyyətləri ilə əlaqələndirilir.

Araşdırmada qeyd olunur ki, acı və ədviyyəli yeməkləri sevənlər adətən riskə meylli, yeniliklərə açıq və dəyişiklikdən qorxmayan insanlar olurlar. Acımtıl dadı sevənlər - məsələn, şəkərsiz qəhvə və ya tünd şokolada üstünlük verənlər - bəzən daha sərt xarakterli kimi qiymətləndirilir.

Duzlu yeməkləri seçənlərin çevik, ambisiyalı və rəqabət ruhlu olduqları bildirilir. Şirniyyat sevənlər isə adətən daha mehriban və yumşaq xasiyyətli sayılır və başqalarına kömək etməyə daha meylli olurlar.

Bundan əlavə, turş dadı sevənlər özlərinə və ətrafdakılara qarşı daha tələbkar və həssas ola bilərlər. Pikant və mürəkkəb dad kombinasiyalarını seçənlər isə çox vaxt zövqlü və seçici insanlar kimi xarakterizə edilir.

Yəni yemək seçimləri insanın xarakterini tam müəyyən etməsə də, bəzi xüsusiyyətlərini əks etdirə bilər.

Dünyapress TV

Xəbər lenti