“Misli” bütün reklam çarxlarında özünü Azərbaycan Premyer Liqasının baş sponsoru olraq təqdim edir. Bəs bu yekəxana reklamın arxasındakı cılızlıq nə boydadır?..
Poliqon.info xəbər verir ki, aprelin 11-də keçirilən AFFA-nın hesabat yığıncağında Azərbaycan futbolunun və mərc dünyasının bir çox gizlinləri ortaya çıxıb.
Onlardan biri də AFFA-nın Premyer Liqaya sponsorların ayırdığı pullar barədə olan hesabat oldu. Açığı deyək ki, sponsarların ayırdığı vəsait sıralamasında baş sponsorun yeri o qədər gülməli və bir o qədər də ağlamalıydı ki, vəziyyəti tragikomediya belə adlandırmaq olmur. Bu tragikomediyadan da betər bir şeydi. Yəni betərin betəri...
İlk növbədə qeyd edək ki, hesabata görə Azərbaycan futbolunun əsas sponsoru SOCAR-dır. Yəni dövlət...
Digər əsas sponsorların içində liderlik “Azərmaş” ASC-yə aiddir. Əslində isə “Azərmaş”ı da tam olaraq özəl sektora aid etmək mümkün deyil. Çünki bu ASC dövlət dəstəkli layihədir.
Siyahı isə belədir:
Azərmaş - 5 milyon 723 min manat; Bank Respublika - 2 milyon manat; Azərlotereya - 118 min manat; AZAL - 88 min 500 manat; Xırdalan pivəsi - 59 min manat.
Siyahıya diqqət etdinizmi? Baş sponsor “Misli” və “Azərlotereya” cütlüyü Azərbaycan futboluna cəmi 118 min manat yardım edib. Yəni belə çıxır ki, böyük qonaqlıq masasında baş sponsor ancaq məzənin pulunu ödəyib. Və burda doğrudan bilmirsən ağlayasan, yoxsa, kefli İsgəndər kimi qəhqəhə çəkəsən...
Burda adamın ağlına gələn ilk məntiqli sual budur: Əgər Azərbaycan futbolunun əsas pul verəni SOCAR-dırsa, onda baş sponsor niyə SOCAR deyil? Ya da elə “Azmaş”? AFFA-da kimsə bu suala cavab verə bilərmi?
Yəni hansı məntiqlə Azərbaycan futboluna cəmi 118 min manat pul ayıran “Misli” Premyer Liqanın baş sponsorudur? Bir də bu sualın başqa ucu da var: Baş sponsor “Misli” hər il Azərbaycan futbolundan nə qədər qazanır və o pulları hara sərf edir? Şəffaflıq naminə “Misli” bu suala aydınlıq gətirə bilərmi? Ya da elə AFFA...
Belə çıxır ki, “Misli”nin rəmzi olaraq baş sponsor elan olunması AFFA-nın da işinə yarayır. AFFA böyükləri bu işdən mənfəəət əldə etmirlərsə, onda hansı məntiqlə Azərbayan futboluna maddi və texniki, hətta mənəvi dəstəyi olmayan, futbolun reklamından və mərclərdən milyonlar qazanan “Misli”ni baş sponsor elan ediblər?
Və “Misli”nin qazandığı milyonlar kimlərin cibinə axır?..
DogruXeber.az: - Təhsil elə bir sahədir ki, bütün qapıların açarı məhz bu sektorun əlindədir. Dolayısı ilə bizə ilk Əlifbanı öyrədən, vətəni sevməyi, dövlətə və dövlətçiliyə xidməti aşılayan məhz müəllimlərimizdir. Bir sözlə, yaxşı müəllim yaxşı təhsilverən deməkdir. Təhsil isə bir millətin gələcəyidir. Vay o gündən ki, gələcəyimizin qurucuları hesab edilən müəllimlər bütün bu ali dəyərlərdən məhrum, yalnız öz şəxsi maraqlarını düşünən şəxslər olsunlar. Bu halda həm cəmiyyət, həm də dövlət təhlükə altına düşür. Təəssüflər olsun ki, bəzən öz şəxsi maraqlarını hər şeydən üstün tutan direktorlara və müəllimlərə rast gəlinir. Elə Sabirabad rayon Əhmədabad kənd orta məktəbinin keçmiş direktoru Nəsibə Bağırova da müəllim adına yaraşmayan hərəkətlərə yol verən "pedaqoq"lar sırasındadır.
TəhsilMedia.az-ın redaksiyasına Nəsibə Bağırovanın qanunsuz əməlləri ilə bağlı şikayət məktubu və çoxsaylı müraciətlər daxil olub. Şikayət məktubunda deyilir ki, Nəsibə Bağırova qanunsuzluğu və saxtakar əməlləri ilə qərəzlilik edib, korrupsiya və rüşvətxorluğa əl atıb, buna etirazını bildirən müəllimləri isə hədə-qorxu gələrək təhsil müəssisəsindən uzaqlaşdırıb.
Direktorun qurbanına çevrilən müəllimlərdən biri də Murad Əhmədov adlı müəllim olub.
Belə ki, Murad müəlim Nəsibə xanımın əməlləri barədə prokurorluq orqanlarına və məhkəməyə müraciət etsə də, heç bir nəticə hasil olmayıb. Hərçənd Nəsibə Bağırovanın məktəbi öz şəxsi əmlakı kimi idarə etməsi, orada çalışan müəllimləri hədələməsi, rüşvət alması və digər faktlar öz təsdiqini tapıb. Lakin direktor hansısa vasitələrdən istifadə edərək hələ də məsuliyyətdən yayınmağı bacarıb.
Ancaq direktorun fəaliyyəti bununla da yekunlaşmır. Belə ki, o, Sabirabadda məskunlaşan Axısqa türklərinə qarşı qərəzlilik edir və hətta onların hamısını işdən çıxartmağa nail olub. O cümlədən, məktəbin bədən tərbiyə və idman müəllimi Murad Əhmədovu da min bir bəhanə və şər-böhtanla işdən uzaqlaşdırıb. Hansı ki bütün pedaqoji heyət Murad müəllimin necə mədəni və əxlaqi dəyərlərə malik bir insan olduğunu bilir.
Bu gün ölkədə tolerantlığın yüksək səviyyədə olduğu bir vaxtda direktor Nəsibə Bağırova axısqa türklərinə qarşı ayrı-seçkiliyə yol verir, müəllimləri işdən çıxarır və bu, birbaşa ölkə Prezidenti İlham Əliyevin apardığı siyasi kursa ziddir.
Təəssüflər olsun ki, Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev və Sabirabad rayon təhsil sektorunun sabiq müdiri Pəhləvan Qarayev direktorun özbaşınalığına və qanunsuzluğuna göz yummaqla məşğuldur. Direktor isə diplomsuz işçi götürmək, diaqnostik qiymətləndirmədən kəsilənlərə daha çox saat vermək, hətta narkoman şəxsi işlə təmin etmək kimi qanunsuz əməllərindən geri qalmır. Məsələn, ingilis dili fənnindən 3 bal toplayan Tünzalə Mehdiyeva, rus dilini tədris edən Aygün Umudova və digərlərini göstərə bilərik. Aygün Umudova direktorun bacısının gəlini olduğu üçün işlə təmin edilib. Bundan başqa laborant kimi fəaliyyət göstərən Nurəddin Musa oğlu vaxtilə narkotik alveri ilə məşğul olub və 3 il həbs yatıb. Buna baxmayaraq yenə də məktəbdə fəaliyyət göstərir. Bundan başqa azyaşlı uşağa zor göstərdiyi üçün şərti cəzası var. Haqqında 4 məhkəmə cəzası var. Hələ həmən də məktəbdə laborant işləyir.
Sabirabadın Əhmədabad kənd məktəbini xarabalığa çevirən direktor Nəsibə Bağırova kimdir? - ŞOK SƏS YAZISI
Ancaq bütün bu özbaşınalıqlara və qanunsuzluqlara imza atan Nəsibə Bağırova təhsil sistemindən uzaqlaşdırılmaq əvəzinə hazırda Balakənd kəndindəki 9 illik məktəbdə direktor işləyir. Yenə yeyinti, ayrı-seçkilik və qanunsuzluq kimi əməllərini davam etdirir.
Bağırova təhsil sektorunun müdiri Pəhləvan Qarayevə arxalanır, Rəşad Musayev isə onlara havadarlıq edir və bütün həqiqətləri bilməsinə rəğmən yenə susur.
Əhmədabad kənd ümumi məktəbləri isə hələ də bərbad və acınacaqlı vəziyyətdədir. Demək olar ki məktəb istismara yararsızdır.
Şikayət məktubunu ünvanlayanlar müəllim Murad Əhmədovun yenidən işə bərpa olunmasını, Nəsibə Bağırova isə barəsində qanunamüvafiq ölçü götürülməsini tələb edirlər. Onu da qeyd edək ki, müəllim Murad Əhmədov Elm və Təhsil naziri Emin Əmrullayevin qəbuluna yazılıb və şikayətini bildirmək niyyətindədir. Ancaq Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev onun nazirlə görüşünə mane olmağa çalışır və hər vasitə ilə Murad müəllimə təzyiq göstərir. Ümid edirik ki, yaxın vaxtlarda ədalət bərpa olunacaq və qanunsuzluq edən direktor barədə lazımi ölçü götürüləcək.
İmişli rayonu, Qızılkənd kənd sakini Əliyeva Kifayət Seyfulla qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçinin redaksiyamıza göndərdiyi məktubu olduğu kimi dərc edirik:
“Mən, Əliyeva Kifayət Seyfulla qızı, yazaraq bildirirəm ki, hazırda haqqım tapdalanır və müraciətlərim rəsmi qurumlar tərəfindən cavabsız qalıb.
Bildirim ki, Məşğulluq Agentliyi tərəfindən şəhid Habil Hüseynov adına Qızılkənd kənd tam orta məktəbinə xadimə kimi göndərilmişəm. 2-3 gün işlədikdən sonra başqa bir xanımı işə götürüb, mənə isə gözləməyi məsləhət bildilər.
Elə həmin gündən haqsızlıq başladı. Direktora, müavininə nə qədər şikayət etsəm də, xeyri olmadı. “Bu gün”, “sabah” deyib, vaxtı uzadırlar.
Hazırda məktəbin direktoru İbrahimov Qismət Baxış oğlu ağır xəstə olduğu üçün işə çıxmır. Çox güman ki, yerinə müavinini təyin edəcəklər. Bu məktəbdə dərs keçilmir, uşaqlar məktəbə gəlmir. Bütün bunları çəkdiyim videodan da görəcəksiz.
Bütün bunlardan əlavə, məktəbdə rüşvət baş alıb gedir. Mənim işimi də satıblar.
Onu da qeyd edim ki, müavin Murad bəyin həyat yoldaşının məktəbdə adı lobarant vəzifəsində getsə də, məktəbə 1 dəfə də olsun gəlmir.
Nazir Emin Əmrullayev Sabirabad rayonuna gələndə qəbula yazılıb, görüşdə oldum... Məktəbdən çağırdılar ki, şikayət etməyin, 5-10 günə sizə iş verəcəyik. Amma yenə də öz saxtakarlıqlarını etdilər.
Bildirim ki, 4 uşaq anasıyam, maddi vəziyyətimiz çox zəifdir.
Səlahiyyətli qurumlardan xahiş edirəm, bu məsələyə biganə qalmasınlar”.
Azərbaycanda lombardlarda kredit faizləri olduqca yüksək olsa da, əksər vətəndaşlar məcburiyyətdən bu xidmətdən yararlanırlar. Lombard krediti sahəsində ciddi nəzarət mexanizminin yaradılacağı ilə bağlı müzakirələr açılsa da, hələ ki, buna yekun vurulmayıb. Ekspertlər hesab edirlər ki, müəyyən maraq qrupları qanunun qəbul edilməsinə imkan vermir. Xatırladaq ki, ümumilikdə lombardların fəaliyyəti ilə bağlı 1998-ci ildə Nazirlər Kabineti tərəfindən "Lombard fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları" təsdiq olunub. Bu qaydalarda lisenziyanın verilməsi, onun mahiyyəti, müddəti, surəti, qüvvədə olma qaydaları, ona nəzarət, məsuliyyət, lisenziyanın fəaliyyətinin dayandırılması və ləğv edilməsi şərtləri əksini tapıb. Ancaq lombardlarda girov siyasətinin həyata keçirilməsi də tənzimlənməyən formadadır. Lombardlar təklif olunan kreditin ikiqat artıq dəyərində girov tələb edir. Lakin lombarddakı girovlar heç bir halda sığortalanmır. Bu, o deməkdir ki, istənilən vaxt girovlar mənimsənilə bilər və vətəndaş həmin girovunu geri ala bilməz. Eyni zamanda aylıq ödənişlər üzrə gecikmələr hesablandıqda hansı mexanizmlərdən istifadə olunduğu naməlumdur. Problemin hüquqi müstəvidə tənzimlənməsinə əsas verəcək qanunlar yoxdur.
Bu günlərdə gundemxeber.az saytının redaksiyasına adının ictimailəşdirilməsini istəməyən və ad-soyadı redaksiyamıza bəlli olan Abşeron rayonunun Qobu qəsəbəsində yaşayan vətəndaş müraciət edərək bildirib ki, 16 yanvar 2025-ci il tarixində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin 28 May küçəsində yerləşən "Vip Lombard"a 5000 (beş min) manatlıq dəyərində qızıl-zinət əşyası girov qoyub, 1200 (bir min iki yüz) manat nağd pul borc götürüb. Bundan sonra, mart ayının 20-də "Vip Lombard"ın xanım əməkdaşı ilə vətəndaş əlaqə saxlayaraq bildirib ki, nənəsi dünyasını dəyişdiyinə görə götürdüyü məbləğin aylıq faizini ödəmək imkanında olmayıb. Nəhayət, vətəndaş götürdüyü məbləği iki aylıq faizi ilə birlikdə Lombard-a ödənişini edib ailəsinə məxsus olan və girov qoyduğu qızıl-zinət əşyasını götürmək istəyib. Müştəri belə bir fikirini bildirsə də "lombard"dın xanım əməkdaşı onun qızıllarının artıq satıldığını deyib. Hətta lombardın xanım əməkdaşı müştəridən dünyasını dəyişən nənəsinin ölüm haqqında şəhadətnaməsini gətirməsini tələb edib. Belə bir tələbdən sonra müştəri ölüm haqqında şəhadətnaməni gətirib və lombard əməkdaşına təqdim edib. Amma buna baxmayaraq, vətəndaşın girov qoyduğu qızılların satıldığı və geri qaytarılmasının mümkünsüz olduğu deyilir. Qeyd olunanların doğru olub-olmadığını aydınlaşdırmaq üçün redaksiyamızın əməkdaşı adıçəkilən lombardın fəaliyyət göstərdiyi Qaradağ rayonu, Lökbatan qəsəbəsinin 28 May küçəsindəki ünvanda olub. Yerində aparılan araşdırmalar nəticəsində məlum olub ki, redaksiyamıza müraciət edən vətəndaş haqlıdır. Şikayətçi vətəndaş girov qoyduğu qızılların "Vip Lombard" tərəfindən mənimsənildiyinə əmin olduqdan sonra Daxili İşlər Nazirliyinin “102” xidmətinə müraciət edib. Hal-hazırda baş verən hadisə ilə bağlı Qaradağ RPİ-nin 10-cu Polis Bölməsində araşdırma aparılır. Mövzu diqqətimizdədir. Araşdırmalarımız davam edəcək.
1971-ci il təvəllüdlü Bağırov Vüqar Yusif oğlu özünə məxsus olan 2 milyon dollardan çox pul vəsaitinin geri qaytarılmaması ilə bağlı redaksiyamıza müraciət edib.
Vüqar Bağırov bibisi oğlu Azər Əmiraslanovun (deputat Əhliman Əmiraslanovun oğlu) ona məxsus vəsaiti geri qaytarmadığını iddia edir.
O, “Yeni Sabah”a müraciətində məsələnin detallı mahiyyətini bölüşüb, qohumlarına, bibisinə müraciət edib:
“Mən bank sektorunda işləmişəm. Deputat Əhliman Əmiraslanovun həyat yoldaşı Hicran Bağırova mənim doğma bibimdir. Təxminən 13-14 il öncə, həmyerlilərim Rahib və Emin Hüseynov adlı qardaşlarla ortaq iş görməyə başladıq. Mənim maliyyə dəstəyimlə onlar Ukrayna, Rusiya və Türkiyədə müxtəlif tekstil, metal və bu kimi şeylərin alqı-satqısını edirdilər.
Daha sonra bizə mənim bibimoğlu Azər (Əmiraslanov) qoşuldu. Azər də maliyyə dəstəyi olurdu, qazancı isə 50-50-yə götürürdük. Maliyyənin bir hissəsini özüm qarşılayırdım, bir hissəsini isə bankdan götürüb verirdim. Təxminən 2 ilə yaxın Azərə və onun ailəsinə 1 milyondan çox xeyir vermişəm. Həmin dövrdə 1 dəfə pulun çatdırılmasına 1 həftəyə yaxın gecikmə oldu. Azər dava-qırğın saldı və məndən 30 min dollar dəbbə pulu aldı.
Sonradan Rahib tutuldu. Mənim Emində də, Rahibdə də pulum var idi. Eminlə bizim haqq-hesabımızda mənə 5.3 milyon dollar verəcəyi var idi. Mən Eminə pul vermişdim və o həmin pulu növbəti dövriyyə vəsaiti kimi istifadə edirdi. Azərə dedim ki, Rahib tutulub. Sən mənə kömək elə ana məbləği dirildək, mən də sənin batırdığın pula kömək edəcəm.
Eminin valideynləri dedi ki, 3.5 milyon bizdə olub, möhlət verin ödəyəcəyik. Azər 3.5 milyondan mənə çatmalı olan 1 milyon 354 min pulu götürdü. Bir gün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən zəng etdilər və məsələnin araşdırılması ilə bağlı çağırdılar. Rahibin qeyd kitabçasında onu verdiyimiz bütün pullar qeyd olunmuşdu və ekspertizada öz təsdiqini tapmışdı. Mənim Rahibdə mənim 3.6 milyon dollar pulum qalmışdı.
Mənə dedilər ki, sən bu müddət ərzində 2.2 milyon dolları aparmısan, yerdə qalır 1.4 milyon dollar. Həmin pulun 300 min dollarını bəri başdan verdilər və dedilər ki, Rahib və Eminin valideynləri tərəfindən yerdə qalanı 10 ay ərzində veriləcək. Azər isə 1 milyon 375 min dolları məndən xəbərsiz aparıb Rahibə vermişdi. BMCMİ-də mənə 1 milyon 400 min dollar veriləcəyi kimi, Azərə də 1 milyon 375 min dolların verilməsini elan etdilər və bununla bağlı hər ikimiz protokola qol çəkdik”.
Vüqar Bağırov bu proseslərin fonunda atasını itirdiyini, bibisi və əmisinin onun haqlarının tapdalanmasına göz yumduğunu dilə gətirib:
“Bir gün atam dedi ki, Azərin götürdüyü puldan nə xəbər? Mən isə bildirmirdim ki, bibimoğlu (Azər Əmiraslanov) pulu mənimsəyib. Daha sonra Azər məni bir kafeyə dəvət etdi və biz görüşdük. Mənə dedi ki, mən sənə heç nə verməyəcəm. Mən sənə qazanc gözü ilə baxıram. Mən ona etiraz olaraq bildirdim ki, bəs başqalarının da qohumları var, mənə qarşı niyə belə bir hərəkət elədin. Dedi nə qohumçuluq? Qohumçuluq keçmişin qalığıdır.
Mən indi buradan deyirəm, qohumçuluq keçmişin qalığıdırsa, bunu uşaq vaxtı niyə bizə bildirmədiniz? Mən sizi nəinki işə-gücə cəlb etmək, heç evimin qapısına belə buraxmazdım. Bir müddət sonra bunu atam bildi. Getdi yeznəsinin yanına. Əhliman (Əmiraslanov) deyib ki, pul məsələsi ilə bağlı bir də bura gəlmə.
Atam bacısının iş yerinə də gedib. Daha sonra atam, anam və mən Azərin şəxsi kafesində görüşdük. Həmin görüşə bibim Bağırova Hicran Firudin qızı və əmim Bağırov Həmid Firudin oğlu da gəlir. Orada mübahisə baş verir. Azər bibimin yanında mənim atama və anama təhqiramiz şəkildə “yaxşı eləmişəm”, “sizin hambalınız var idi?” kimi ifadələr işlədir. Bibim isə bu vaxt heç bir reaksiya vermir.
Atamı necə əsəbləşdirdilərsə, insult keçirdi. 2016-cı ilin oktyabrında rəhmətə getdi. Mən atamın yasını verə bilmədim, xəstələnəndə dərman ala bilmədim. Pulun qalığını Rahib və Eminin valideynlərindən götürməyə gedirdim və Azərlə yarıbayarı bölüşəndən sonra hərəmiz özümüzdə qeyd edirdik. Azər 2-3 gün sonra zəng etdi ki, bundan sonra get öz pulunu özün al. Mən də öz pulumu özüm alacam. Bu sonradan gedib Eminlə Rahibin valideynlərinə deyib ki, 3.5 milyon dollardan mənə heç nə çatmayıb və Vüqara aid olan pulun hamısını mənə verin.
1 milyon 354 min apardığı başqa, 775 min başqa, 30 min dəbbə pulu prosesdə. Həmin bu 3.5 milyon veriləndə mən əlbəəl 150 min dollar pul saxladım onda. Onun adını çəkmir. Bu mübahisə olanda dedim ki, bəs mənim 150 min dollarım? Dedi sən onu mənə hədiyyə vermisən. Dedim kim-kimə 150 min dolları hədiyyə edir?
Bu yaxınlarda Azərin 2 köməkçisi ilə fərqli vaxtlarda şəhərdə rastlaşmışam. Onların hər birinə bildirmişdim ki, Azərə deyin ki, mənim əlbəəl verdiyim 150 min dollarımı qaytarsın. Azər də mənə xəbər göndərib ki, mən heç kimə pul verməyəcəm. Deyib ki, səni tutduracağdım, amma anam qoymadı ki, bir kişinin nəvəsisiniz. Mən də məcbur olub mətbuata üz tutdum.
Azər Əmiraslanov mənə 1 milyon 354 min, 775 min və 150 min dollar pul verməlidir. Məndən alınan 30 min dollar dəbbə pulunu istəmirəm. O qalsın onların vicdanına. Mən bibimə müraciət edib demək istəyirəm ki, atam yuxuma girir. Deyir ki, Hicranla Həmid sənin pulunu niyə vermir? O, həmişə mənim yuxuma girəndə bir dəmiryolunun üzərində durur. Mənim müraciətim bibimədir. 2 oğlun var, böyütmüsən, toylarını etmirsən. Axı mənim də övladlarım var. Mən və 2 oğlum bizim nəsildə axırıncı Bağırovlarıq. Bizim ailə Tovuzda və ətraf rayonlarda tanınmış ailədir. Mən haqqımı istəyirəm”.
Qeyd edək ki, A. Əmiraslanovla bağlı mediada zaman-zaman müxtəlif məlumatlar yayılıb. Onun xaricdəki və ölkə daxilindəki biznesinin siyahısı yayılıb. Ən sensasion xəbər isə Azər Əmiraslanovun 2022-ci ildə Türkiyədə girov götürülməsi haqda olub. Həmin xəbərdə bildirilir ki, girovun azad olunması üçün onlardan 10 milyon dollar tələb olunub. Lakin 5 milyon dollar ödənişdən sonra deputatın oğlunun azad olunduğu bildirilir.
Vüqar Bağırovun A. Əmiraslanovun ona borclu olması haqda da mediada dəfələrlə xəbərlər yayılıb. Lakin görünən odur ki, qohumlar arasındakı problem həll olunmamış qalır.
Məsələ ilə bağlı yazıda adı hallanan, ittiham olunan tərəflərin mövqeyini dərc etməyə hazırıq...
10.04.2025 -ci tarixində ADY QSC-nin İnfrastrktur Departamentinin 1 nömrəli işarəvermə və rabitə sahəsinin H.Z.Tağıyev stansiyasında yerləşən idarəsində təcili iclas keçirilib. Bu barədə "DİA-AZ"a daxil olan məlumatda deyilir. İclası izləyən mənbənin sözlərinə görə, iclas gərgin notlarda keçirilib. Gündəlikdə duran məsələ isə işçilərin işdən çıxarılması məsələsi olub. Belə ki, sahənin rəisi Elxan İsmayılov bir grup işçini öz kabinetində toplayaraq, onlardan öz ərizələri ilə işdən azad olunmalarını tələb edib və ərizə yazmayacaqları təqdirdə mayın sonunda əmək müqavilələrinə xitam veriləcəyini bildirib. Qeyd edək ki, işçilərlə məcburi şəkildə müddətli əmək müqaviləsi imzalanıb. Halbuki, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. İndi isə işəgötürən Elxan İsmayılovun yaxın adamı Qəzənfər Abdulazimov bundan sui-istifadə edərək, şəxsi qərəzi olan işçilərin müqaviləsinə xitam verməyə hazırlaşıb. 64 yaşı yeni taman olmuş işçilər təbii ki, buna haqlı etiraz ediblər və bildiriblər ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən dövlət müəssisəsində çalışmanın yaş həddi 65 dir. Həmdə müəssisədə onlardan daha yaşlı 66 yaşı, hətta 70 yaşı ötmüş işçilər mövcuddur, lakin onlar Elxan İsmayılova yaxın adamlar olduğu üçün, onları saxlayaraq, onların əvəzinə hələ yaşı çatmamış işçiləri çıxarmaq istəyir. Əmək münasibətlərində bu cür ayrı-seçkilik yolverilməzdir. İşçilər E.İsmayılovdan xəbər alıblar ki, bəs bizi nə adla çıxarırsan, bu ixtisardır, yoxsa nədir? Ondan rəsmi sənəd təqdim etməsini tələb ediblər. Lakin o sərt şəkildə bildirib ki, heç bir rəsmi sənəd yoxdur, əmr yuxarıdandır. İşçilər təbii ki, buna etirazlarını bildiriblər, və birmənalı şəkildə ərizə yazmayacaqlarını qeyd ediblər. Bunu eşidən İsmayılov bərk qəzəblənib və deyib ki, “əyər ərizə yazmasaz, Almaza deyəcəyəm sizi işə buraxmasın”. Qeyd: Almaz Əliyeva, sahənin keçmiş insan resursları üzrə mütəxəssisi, törətdiyi korrupsiya əməllərinə görə 1 il öncə vəzifəsindən azad edilib. Lakin Elxan İsmayılovun qara kassası olduğu üçün, o onu işsiz qoymayıb, və “Çeşidlmə Təpəsi” adlanan fəaliyyət görstərməyən sexə mexanik qəbul edib və ona şərait yaradıb ki, Əliyeva yenə insan resurslarına aid otaqda oturaraq öz köhnə fəaliyyətinə davam etsin. "DİA-AZ"a daxil olan məlumatda deyilir ki, iclasda Almaz Əliyevada iştirak edib, və E.İsmayılov işçiləri onunla hədələyib. Lakin işçilər bildiriblər ki, A.Əliyeva ümumiyyətlə insan resursları mütəxəssisi deyil, o müəssisədə qeyri-qanuni fəaliyyət göstərir, onun işçiləri işə buraxmamağa ixtiyarı yoxdur. Bu variantın baş tutmadığını görən Elxan İsmayılov, bu dəfə sözü Almaz Əliyevaya verib. Sonuncu da işarəvermə və rabitə xidmətinin insan resursları üzrə mütəxəssisi Sevinc Məmmədovanın onun telefonuna göndərmiş olduğu səs yazısını işçilərə dinlətdirib. Sevinc Məmmədova səs yazısında bildirir ki, “ Kim ərizə yazmasa onları təqdimat ilə qovun işdən getsin”. Bunlar sanki dövlət müəssisənin işçiləri deyil, quldur dəstəsi kimi davranırlar. Sanki, əmək qanunvericiliyi, əmək hüquqları bunlara şamil deyil. Kifayət qədər rəğbət və hörmət qazanmış, uzun illər Azaərbaycan Dəmir Yollarında çalışmış, sayılıb-seçilən dəmiryolçuların bu cür çirkin, reket üsullarla, hörmətsizcəsinə işdən çıxarmağa çalışırlar. Bu özbaşınalığa dözməyən iclas iştirakçılarının əksəriyyəti buna etiraz ediblər. İşçilərdən biri idarə müdürünün nəzərinə çatdırıb ki, ölkədə işsizliklə mübarizə tədbirləri görülür, bunlara ilk növbədə prezidentin müvafiq Sərəncamının icrasından irəli gələrək Nazirlər Kabinetinin təsdiq etdiyi Tədbirlər Planının əsas istiqamətlərindən birini məşğulluq və sosial rifaha dəstək təşkil edir. Buraya dövlət sektoru üzrə işçilərin əsassız yerə işdən çıxarılması, ixtisarına yol verilməməsi kimi tədbirlər aiddir. Bu yerdə Elxan İsmayılov onun sözünü kobudcasına kəsərək, soruşub ki, “nə "Prezident", "Prezident" deyirsən?” Anası yaşında qadına qarşı kobudluq edərək, o, hər kəsə göstərməyə çalışıb ki, qərar onların seçiminə və arzusuna uyğun olmalıdır, vəssalam! Qoçuluq, heç bir rəsmiyyət olmadan işçiləri işdən çıxartmaq, hədə-qorxu, təhdid, təzyiq və s. Bunlar keçmişdə də sınaqdan çıxarılıb… 2 il öncə Elxan İsmayılov sahəyə rəis olundan sonra 50 nəfər işçini ele bu cür üsullarla işdən azad edib. Belə qənaətə gəlmək olur ki, həm ADY-də, həmdə Prezident Administrasiyasında ADY QSC-nin İnfrastrktur Departamentinin 1 nömrəli işarəvermə və rabitə sahəsində baş verənlərədən xəbərsizlik var. Bu qədər özbaşnalıqlar hardan qaynaqlanır və niyə qarşısı alınmaz kimidir???
Ötən il Təhsil İşçiləri Azad Həmkarlar İttifaqına sədr təyin edilən Araz Paşayev 2 ay sonra Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri vəzifəsindən çıxarılıb…
TEREF xəbər verir ki, Araz Paşayevin Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri vəzifəsindən çıxarılmasına səbəb Hesablama Palatasının bu qurumun fəaliyyətində aşkarladığı qanunsuzluqlar idi.
Xüsusi təmtəraq və təqdimatla himayədarları tərəfindən vəzifəyə gətirilən, ictimaiyyətə savadlı, yenilikçi və şəffaf kadr kimi təqdim olunan yeni sədrin fəaliyyətində Hesablama Palatasının ciddi nöqsanlar aşkarlaması və bu barədə aidiyyatı qurumlara rəsmi müraciətlər etməsi Araz Paşayevin əsas himayədarı olan “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Rüfət Mahmudu çətin vəziyyətə salıb. Əldə etdiyimiz məlumata görə Rüfət Mahmud Araz Paşayev barədə yuxarılara verdiyi əla təqdimata görə qınanılıb.
Araz Paşayevin Təhsil Tələbə Krediti Fondundakı bacarıqsızlığı onun Təhsil İşçiləri Azad Həmkarlar İttifaqına necə rəhbərlik edəcəyini ciddi sual altına alıb. Məlumata görə Elm və Təhsil nazirliyinin rəhbərliyi və digər aidiyyatı qurumlar Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının yeni sədri barədə heç də ürəkaçan fikirdə deyillər. Onlar Araz Paşayevin Təhsil Tələbə Krediti Fondundakı uğursuz fəaliyyətinin İttifaqda da təkrarlana biləcəyindən narahatlıq keçirir, dəfələrlə tədbir və iclaslarda bunu Rüfət Mahmudin diqqətinə də çatdırıblar.
Qeyd edək ki, Araz Paşayev Təhsil Tələbə Krediti Fondunda əvvəl hüquqi ünvanı Rüfət Mahmuda məxsus mənzildə qeydiyyatda olan “UNİVERSİTAS-İNTERNATİONAL” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi olub.
Bu şirkət bir çox dövlət qurumlarında dəyəri milyon manatlarla ölçülən tenderlərdə qalib elan edilib.
Abşeron rayonunda tikinti işbazlar icra başçısına arxayın olub, özbaşınalıqlara davam etməkdədirlər.
Paytaxt.org xəbər verir ki, Xırdalan şəhəri, Heydar Əliyev prospekti adlanan mərkəzi yolun üstündə obyekt tikintisi aparılması üçün qanunsuz söküntü işləri görülür.
Bildirək ki, söküntü işləri bir neçə gündür davam edir.
Məlumata görə, icra başçısı Abdin Fərzəliyev Xırdalanda AAAF parkın yanında aparılan qanunsuz söküntüyə əlverişli şərait yaratdığı deyilir.
Məlumatda daha sonra bildirilir ki, ərazidə aparılan söküntü və qazıntı işləri aparılması üçün ETSN-nin Dövlət Ekoloji Ekspertiza Agentliyindən icazəsi yoxdur. Həmçinin ərazidə də şəhərsalma və tikinti qanunvericiliyi də kobud formada pozulub. Bununla yanaşı icra başçısının xeyir-duası ilə rayonda olan qanunsuzlar azmış kimi, məzrkəzi yolun üstüdə dövlətin puluyla salınan səki belə dağıdılaraq söküntü və tikinti ərazisinə qatılıb.
Xülasə Abdin Fərzəliyev gözlənildiyi kimi etimadı doğrultmayıb – nə əhalinin, nə dövlətin. Fərzəliyev Nərimanov rayonunda necə idisə, Abşeronda da eyni üslubda fəaliyyətini davam etdirir. Fərq budur ki, Nərimanov mərkəz idi, hər yeri satmaq olmurdu, amma satanda da çox baha qiymətə tikintiyə sərəncam verilirdi. Abşeronda isə gözdən iraq yerdi deyə Masazır, Xırdalan və digər ərazilərdə istədiyi yeri satır. Gedişatdan görünən odur ki, A. Fərzəliyev Abşeron əhalisi üçün həqiqətən də heş bir iş görmür, kabinetlərdə görüşlər keçirməklə özünü prezidentə yerli sakinlərə "xidmət" edən məmur kimi göstərir.
Bakıda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi icazəsi olmadan aparılan qanunsuz tikinti işlərinin sayı artmaqdadır. TEREF xəbər verir ki, belə qanunsuz tikintilərdən biri də Binəqədi rayonunda aparılıb. Məlumata görə Binəqədi rayon G.Ramazanov küçəsində inşa edilən 4 mərtəbəli yaşayış binasının (apartman) tikintisi üçün dövlət qurumlarının hər hansı bir rəsmi icazəsi olmayıb. Tikinti sahibinin Binəqədi icra hakimiyyəti ilə anlaşaraq binanı tikdiyi iddia edilir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi saytında G.Ramazanov küçəsində inşa edilən 4 mərtəbəli yaşayış binası ilə bağlı hərhansı bir məlumata rast gəlmədik. Hazırda binanın artırılma hissəsində (mansard) olan mənzillər satışa çıxarılıb. Bildirilir ki, kvadratı 1100 manata satılan mənzillərə kupça ilə yox sadəcə alıq satqı müqaviləsi ilə satılır. Yaşayış binasında mənzillərin satışı ilə Vəkil adlı şəxs məşğul olduğu deyilir. Yazıda adı keçən qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq. AzFakt.com
Ağstafa Rayon İcra Hakimiyyəti demək olar ki, hər il yolların əsaslı təmiri ilə bağlı tender elan edir.
Məsələn, ötən il İcra Hakimiyyəti "Harmony İndustrial Construction and Engineering Group" şirkəti ilə yolların əsaslı təmiri işləri üçün 401 818,8 manatlıq satınalma müqaviləsi bağlayıb.
Eyni zamanda İcra Hakimiyyəti sözügedən şirkətlə abadlıq işlərinin satın alınması ilə bağlı 199 000,01 manatlıq satınalma müqaviləsi imzalayıb.
Rayondan Qaynarinfo-ya daxil olan məlumatlarda isə iddia edilir ki, yollar əsaslı təmir olunmuş kimi görünmür. Xüsuslilə kəndlərdə vəziyyət daha acınacaqlıdır.
Tanınmış vəkil Aslan İsmayılovun Ağstafa rayonunun Gürcüstanla sərhəddə yerləşən Sadıxlı kəndindən paylaşdığı görüntülər sakinlərin iddialarının heç də əsaslı olmadığını göstərir. Videoda aydın şəkildə görünür ki, Sadıxlı kəndində yollar acınacaqlı vəziyyətdədir.
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovdur. O, 2020-ci ildən rayona rəhbərlik edir.