Ardını oxu...
 

Dünyanın yenidən bölüşdürlməsi Tehran və ətraf şəhərlərin vurulması ilə başlaya da bilər, amma biz “pay almağa” tələsməyək...

İranın vurulması ətrafında Azərbaycanda yenidən qızışan müzakirələr prinsipcə, dünyanın hər yerindəki ilə yəqin ki, oxşardır. Azərbaycandakı müzakirələrdə bir az emosiyalar fərqlidir. XİN-in mövqeyi qısa, amma ifadələrin seçilməsi və düzülüşü diplomatik baxımdan uğurludur.

Tehran rejimi bu illər ərzində Azərbaycanda səmimi olaraq İranın tərəfini saxlamağa heç bir səbəb verməyib. İsrailin lehinə isə xüsusilə 44 günlük müharibədən sonra deyiləsi çox sözlər var. Azərbaycan xalqı pisliyi unutmur, yaxşılığı da minnətdarlıqla xatırlayır.

İrana gecə zərbələrindən uzaqgedən və Azərbaycanın xeyrinə nəticələr çıxaranlar da var. Bəlkə də onlar haqlıdırlar, Azərbaycan ərazinini düşməndən tam təmizlədikdən sonra regionda daha ciddi çağırışlara hazır olmalıdır. Dünyanın yenidən bölüşdürlməsi İranın vurulması ilə başlaya da bilər, amma “pay almağa” tələsməyək, bir az səbirli olmaqda fayda var. 

Ardını oxu...

İrana qonşu Rusiya cəmiyyəti üçün İsrailin hücumu nəinki fövqəladə, ümumiyyətlə sıradan hadisədir, baxmayaraq ki, ölkənin informasiya məkanı bütün gücü ilə bu hadisələrə köklənib. Rusiya cəmiyyətinin öz sosial qayğıları başından aşır, davam etməkdə olan müharibə səbəbindən qorxuları da var. Rusların İranla tarixən qohumluqları olmayıb, amma İsraildə Rusiyadan getmiş çox sayda ruslarla qohum yəhudilər yaşayır, onlar üzərindən ölkələr arasında gediş-gəliş, biznes, maliyyə əlaqələri var.

Kreml üçün bu hücum iki fərqli nəticədir. Birincisi, İranın nüvə silahına sahib olması Moskvanın maraqlarına uyğun deyil. Rusiya uzun danışıqlardan sonra bu ilin yanvarında İranla strateji müttəfiqilik sənədi imzalayıb. Müqavilə təhlükəsizlik və müdafiə sahəsində də əməkdaşlığın gücləndirilməsini nəzərdə tutur. Razılaşmaya görə, İrana hücum halında Rusiya Tehrana hərbi yardım göstərməyə borclu deyil. Moskva vəd etmişdi ki, İrana hücum olarsa, münaqişənin həlli üçün diplomatik səylər göstərəcək. Ona görə Putinin Pezeşkiana və Netanyahuya zəng edib vasitəçilik təklif etməsi İran qarşısında müttəfiqlik öhdəliyi ilə izah edilə bilər. 

Ardını oxu...

Türkiyənin dünyada baş verən hadisələrə fərqli yanaşması, fərqli xarici siyasət prioritetləri var. Azərbaycanda İsrail-İran qarşıdurması müzakirələrində Türkiyənin adının da xatırlanmasının səbəbi bəllidir. Unutmayaq ki, biz bir millət iki dövlətik, bir millət, bir dövlət deyil... Ankara Qəzzadan sonra İsrailin müsəlman ölkəsi olan İrana yenidən hücumunu, mülki şəxslərin həlak olmasını sərt qınayıb.

ABŞ-a və Prezident Trampa gəlincə, indiyədək onun bütün “böyük ideyaları” ölkəsinə heç bir görünən fayda gətirməyib. Ukrayna və Rusiya arasında vəd etdiyi atəşkəs alınmadı, Qrenlandiyanı və Kanadını ABŞ torpaqlarına qatmaq da daha aktual deyil. Qanunsuz miqrasiya ilə bağlı qərarları isə üsyan doğurub. Belə ortamda isə zəifləmiş İranı vurmaqdan əla fürsət ola bilməzdi. Proksi qüvvələri, xüsusilə “Hizbullah”ı zəiflətməklə İran regionda “boynuyoğun ölkə” statusundan çıxıb. İndi Tehran hətta “zəif bənddir”, İsrailin son hücumu da bunu təsdiqlədi. 

Ardını oxu...

Tramp adətən, əvvəlki bəyanatlarını ya unudur, ya sonradan danır. İran rejiminin içəridən çürüdüyünü bildiyindən hücumdan dərhal sonra “60 gün əvvəl İrana ultimatum verdiyini” yada saldı, yəni sözünü tutan lider olduğu rəyi yaratdı. İndi də deyir ki, İranın son şansı var, nüvə razılaşmasını imzalasın. Bu adamdan soruşan yoxdur ki, əgər regionda stabillik istəyirdinsə, niyə beynəlxalq vasitəçilərin (Rusiya, ABŞ, Böyük Britaniya, Çin, Fransa, Almaniya “altılığı”) nüvə sazişindən həm də heç bir ciddi əsaslandırma olmadan çıxdı? 

2015-ci ildə İranın nüvə proqramı ilə bağlı razılaşması beynəlxalq diplomatiyanın ən böyük qələbəsi kimi təqdim edilirdi. Mahiyyəti ondan ibarət idi ki, İran nüvə silahının hazırlanmasından əl çəkir, bunun müqabilində sanksiyalar tədricən aradan qaldırılır, digər dövlətlər isə razılaşmaya əməl edilməsinə nəzarəti həyata keçirir. Kompromis kimi İranın bütün nüvə obyektlərini dinc məqsədlər üçün saxlaması barədə razılıq vardı. Razılaşmaya əsasən, Tehran zənginləşdirilmiş uran ehtiyatlarını azaltmağı, nüvə obyektlərini yenidən təchiz etməyi və MAQATE(Beynəlxalq Atom Enerjisi Agentliyi) müfəttişlərinin daxil olmasına icazə verməyi öhdəsinə götürürdü. Amma qəfil İsrail bəyan etdi ki, İran əslində danışıqlarla baş qatır, əslində isə nüvə silahı hazırlamağa davam edir, yəni razılaşmaları pozur. Tel-Əvivin bu bəyanatına əsaslanan Tramp da heç bir xüsusi subutlar təqdim etmədən ABŞ-ın nüvə sazişindən çıxdığını bəyan etdi. 

Ardını oxu...

İyunun 5-də MAQATE İranın 60%-ə qədər zənginləşdirilmiş 275 kq uran ehtiyatı saxladığına dair hesabat yaydı. Bu o demək idi ki, İranın nüvə silahı yaratmağına bir addım qalıbmış. Buna cavab olaraq ABŞ sanksiyaları sərtləşdirdi və iyunun 11-də ultimatumun müddəti bitəndə Tramp danışıqların uğursuzluğunu rəsmən etiraf etdi. Amma kim təminat verəcək ki, Omanda davam edəcək ABŞ-İran nüvə danışıqları müsbət sonunclansa, məsələn, İsrail razılaşmanın hüquqi qüvvəsini tanıyacaq...

İsrailin iddiasına görə, uranın zənginləşdirilməsinin aparıldığı Natanzdakı nüvə obyektinə ciddi ziyan dəyib. Hərbi ekspertlərin fikrincə, Tehranın itirilmiş infrastrukturun bərpası ən azı bir il çəkəcək. 

Ardını oxu...

İsrail-İran düşmənçiliyi dünyanın necə deyəllər, qəbullandığı, hətta barışdığı faktdır. İsrail zamanında Suriyanın da nüvə silahı yaratmaq arzusunu gözündə qoydu, yəni Bəşər Əsəd kimi birisinin əlinin altında nüvə düyməsi olmasına imkan vermədi. Əsəd Suriyasının belə bir arsenalı olsaydı, Yaxın Şərqdə tam fərqli vəziyyəti yaranacadı. İndi İsrail regionda daha İrana nüvə silahı yaratmaq şansı vermək istəmir.

İranın “qisas bayrağı” qaldırdıqdan sonra İsrailə dronlardan sonra uzaqmənzilli raketlər göndərməsi çətin ki, pozulmuş hərbi tarazılığı bərpa etsin. Proqnozlaşdırmaq çətin olsa da, İran “öz sifətini”(hansı ki, generallarının öldürməsindən sonra bu mümkünsüzdür) qorumaq məqsədli raket zərbələrdən sonra ABŞ-la bazar günü danışıqları davam etdirməlidir. İranın danışıqlarda sərt üslub dili seçmıək lüksu qalmadı. İndi ən qabarıq görünən nəticə həm də budur...

 

Nazim SABİROĞLU
Musavat.com

 
 
 
Ardını oxu...
2020-ci il noyabrın 8-i isə tariximizə ən şanlı bir gün kimi yazıldı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuz Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın baş tacı olan Şuşa şəhərini işğalçılardan azad etdi. Bu, 44 gün içərisində aparılan uğurlu əks-hücum əməliyyatlarının sırasında ən mühüm tarixi hadisə və böyük hərbi Qələbəmiz oldu.
Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək Azərbaycanın milli və dövlətçilik maraqlarını daim üstün tutan Prezident, Ali Baş Komandan İlham Əliyev 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin azad olunması münasibətilə xalqa müraciətində demişdir: İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür!”
Bu uğurlarının davamı olaraq 2021-ci il 15 iyun tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın və bütövlükdə Türk dünyasının qədim mədəniyyət beşiyi olan Şuşa şəhərində keçirilən görüşün tarixi əhəmiyyəti olan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalanmışdır.
Bəyannamə strateji əməkdaşlığın perspektivini təmin edir və ölkələr arasında münasibətlərin gələcəyini müəyyən edir və iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırır. Bəyannamənin icrası keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır. Bəyannamədə əksini tapan və iqtisadi inkişafa təkan verəcək məsələlərdən biri də ölkələrin qarşılıqlı surətdə investisiya qoyuluşlarını həyata keçirməsindən, habelə bu sahədə strateji məqsədlərin olmasından ibarətdir. Qarşılıqlı investisiya qoyuluşları ölkələrin iqtisadiyyatının sürətli inkişaf etməsinə, zəruri sahələrin genişləndirilməsinə, strateji sahələrin daha da təkmilləşdirilməsinə şərait yaradır, inteqrasiyanı dərinləşdirir və eyni zamanda iqtisadi əməkdaşlıq sahəsində perspektivlərin daha ümidverici olmasını sübut edən amillərdən biri də Türkiyə dövlətinin Şuşa şəhərində konsulluq açması ilə bağlıdır. Bu, hər iki ölkə vətəndaşlarının, iş adamlarının Azərbaycanda, xüsusən də Qarabağ zonasında daha geniş fəaliyyət göstərəcəklərinə bir işarədir. Bu, eyni zamanda, işğaldan azad edilən rayonların qısa müddət ərzində dirçəldilə biləcəyindən xəbər verir. Şuşada konsulluğun açılmasının iqtisadi əhəmiyyəti ilə yanaşı, siyasi və mənəvi tərəfi də var. Bu, Qarabağda Türkiyənin varlığı deməkdir. Eyni zamanda, bütün dünyaya verilən siyasi, diplomatik bir mesajdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan fəxarət hissi ilə bildirmişdir ki, Azərbaycan 44 günlük Vətən müharibəsi ərzində qələbə qazanaraq Ermənistanın 30 ildən bəri davam edən təcavüzkar siyasətinə son qoydu, torpaqlarını işğaldan azad etdi, tarixi ədalətin Zəfər çalmasını və beynəlxalq hüququn bərpa olunmasını təmin etdi. Azərbaycan Ermənistanın 30 illik təcavüzünə son qoyulmasında, işğal olunmuş torpaqların azad olunmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində Türkiyə Respublikasının mənəvisiyasi dəstəyini yüksək qiymətləndirir.

Altay Əliyev – Şəhid ailələri, əlillər və müharibə veteranlarının müdafiəsi İctimai Birliyinin fəxri üzvü

 
Ardını oxu...
Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasındakı strateji müttəfiqlik münasibətlərinin rəsmiləşdirilməsi və iki qardaş dövlət arasındakı əlaqələrin yeni bir mərhələyə yüksəldilməsidir.
Bəyannamənin imzalanması elə bir zaman kəsiyinə təsadüf edir ki, həm mənəvi, həm də siyasi yükünə görə, bundan daha uyğun bir vaxtın seçilməsi mümkün deyildi. Şuşa bəyannəməsinin Azərbaycanın bir dövlət olaraq yer üzündən silinməsini hədəfləyən bütün oyunların pozulmasının başlanğıcı olan Milli Qurtuluş Günündə imzalanması bir millətin iki dövlətinin əbədiyyətə qədər bir olacağının mübarək imzalarla təsdiqlənmiş rəmzidir.
Müstəsna siyasi və tarixi əhəmiyyətə malik Şuşa Bəyannaməsində qeyd olunur ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ilə xarakterizə olunan Azərbaycan-Türkiyə münasibətləri öz zirvəsinə yüksəlib və keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyub.
Şuşa Bəyannaməsi milli iradəsinin təntənəsi, siyasi, hərbi, mədəni, iqtisadi əhəmiyyət daşıdığı qədər də mənəvi önəm kəsb edən bir sənəddir. Şuşa Bəyannaməsi haqqında söz açarkən, Azərbaycan-Türkiyə münasibətlərini indiki səviyyəyə çatdıran, misli görünməmiş qətiyyət və siyasi iradə nümayiş etdirən liderlər - İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın müstəsna xidmətləri haqqında söz açmamaq mümkün deyil. Azərbaycan-Türkiyə münasibətləri ortaq dil, tarix, mədəniyyət kimi mühüm əsaslara söykənir. Amma dünyada baş verən proseslər sübuta yetirir ki, strateji münasibətlərin Azərbaycan-Türkiyə səviyyəsinə çatdırılması üçün ortaq dil, mədəniyyət və tarix kimi amillər yetərli deyil. Belə məsələlərdə milli iradəni olduğu kimi, dəqiqliklə, həm tarixi prosesləri düzgün təhlil edərək, həm də perspektivləri doğru dəyərləndirərək ifadə etmək, qarşılıqlı etimadlı münasibətləri inkişaf etdirmək mühüm əhəmiyyət kəsb edir.
Heç kimə sirr deyil ki, Azərbaycan və Türkiyənin təşəbbüsləri və iştirakları ilə həyata keçirilən layihələr, qarşılıqlı münasibətlərin indiki səviyyəyə çatdırılması digər qardaş xalqların da Türk dünyasının gələcəyinə böyük ümidlərlə baxmalarına zəmin yaradıb. Azərbaycan-Türkiyə münasibətləri Türk Dünyasının siyasi, iqtisadi, mənəvi, ideoloji lokomotivi, hərəkətverici qüvvəsidir.
Şuşa Bəyannaməsi iki dövlət arasındakı strateji müttəfiqliyi ifadə edən sənəddən daha böyük, özündə Azərbaycan və Türkiyənin qardaş xalqlarının çoxəsrlik arzularını ifadə edən tarixi, siyasi, milli-mənəvi əhəmiyyətə malikdir. Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas günüdür. Bu, tarixi həqiqətdir və ötən hər gün Heydər Əliyevin Azərbaycan xalqının və dövlətçiliyinin tarixində oynadığı rolun tarixi əhəmiyyətini daha qabarıq şəkildə diqqətə çatdırır.
Azərbaycanın tarixi və taleyi Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. Bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz onun adı ilə bağlıdır. Heydər Əliyev rəhbərlik etdiyi bu dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarıb. O, böyük siyasi və dövlət xadimi, xalqın şəriksiz lideri olaraq hələ sağlığında canlı əfsanəyə çevrilib, buna görə də Heydər Əliyev fenomeni həmişə diqqətləri cəlb edib, dünya azərbaycanlılarının Ümummilli liderinin heyranlıq doğuracaq dərəcədə coşğun siyasi fəaliyyəti istər ölkə, istərsə də dünya mətbuatında geniş işıqlandırılıb.
Azərbaycan xalqı öz milli dövlətçiliyinin dağılmaq təhlükəsi qarşısında qaldığını gördüyü və artıq ən ağır günlərini yaşadığı bir zamanda - 1993-cü ilin iyununda mövcud hakimiyyətin dəyişilməsini təkidlə tələb edib və həmin vaxtdan taleyini yenə Heydər Əliyevə etibar edib. Xalqının dar gündə qaldığını görüb onun təkidli dəvətini qəbul edən Heydər Əliyev Azərbaycanda yenidən böyük siyasətə qayıdıb. Xalq Heydər Əliyevin bu qayıdışını ümid və sevinclə qarşılayaraq, həmin günü Milli Qurtuluş Günü kimi müstəqil Azərbaycanın tarixinə yazıb.
Tarix isə - istər uzaq olsun, istərsə də yaxın - təkcə səlnaməçilərin keçilən yol kimi yaddaşa köçürmələri üçün gərəkli olan zaman kəsiyi deyil, həm də nəticə cıxarmaq üçün ən önəmli vasitədir. Bu baxımdan, ötən əsrin 90-cı illərində baş verən hadisələrin, ölkəni xaosa, qarşıdurmaya sürükləyən, parçalanma təhlükəsi qarşısında qoyan təcrübəsiz, bacarıqsız, siyasət və idarəetmə sahəsində istedadı olmayan insanların buraxdığı səhvlərin unudulmaması həm də ona görə vacibdir ki, oxşar hadisələr bir daha təkrarlanmasın, ölkəmiz, dövlətimiz nəticələrinin aradan qaldırılmasına uzun illər lazım olan təhlükələrlə qarşı-qarşıya qalmasın. Kimsəyə sirr deyil ki, Azərbaycan həmin dövrdə uçurumun bir addımlığında idi. Əgər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı olmasaydı, bu gün bəlkə də Azərbaycan adlı dövlətin mövcudluğundan söhbət gedə bilməzdi.

Tufan Məmmədov – iqtisadçı ekspert
Ardını oxu...
Dünyada gedən silahlanma Cənubi Qafqazdan da yan keçmir. 44 günlük müharibədən sonra Ermənistan tərəfi məğlubiyyətin səbəbkarı kimi Rusiyanı gördü. Rusiya ilə müəyyən mənada münasibətlərdə soyuqlaşma yaşandı. Ermənistan silah alışında daha çox Hindistan və Fransaya üz tutdu. Bunun obyektiv səbəbləri də var. Çünki Rusiya Ukraynada apardığı müharibəyə görə müqavilə öhdəliklərini yerinə yetirə bilmirdi.
Məsələyə obyektiv yanaşsaq, Azərbaycanın aviaparkını yenilənməsi Ermənistanın silahlanmasına görə deyil. Açıq şəkildə demək lazımdır ki, Azərbaycanın aviaparkı köhnə id i və Azərbaycan uzun zaman idi ki, aviaparkını yeniləməyi düşünürdü. Düzdür, Azərbaycanın aviaparkında MiQ-21, MiQ-29, Su-24, Su-25 hərbi təyyarələri var. Bu təyyarələr həm yeni təmirdən çıxıb, həm də modernləşdirilib. Müharibə vaxtı da ciddi nəticələr göstərib, ancaq aviaparkın yenilənməsi şərt idi. İddialı bir ölkənin aviaparkındakı ən yaxşı təyyarələr MİQ-29, Su-25 olmamalıdır. Məsələyə bir qədər dərindən yanaşsaq, Rusiya-Ukrayna müharibəsi Azərbaycanın da əlinə fürsət verdi ki, Rusiyadan yox, hərbi təyyarələri fərqli ölkələrdən alsın. Əgər Rusiyanın başı Ukraynadakı müharibəyə qarışmasa idi, ruslar Azərbaycana təzyiq edərək ən azı Su-30, Su-35-lər satmaq istəyəcəkdi. Yeri gəlmişkən, bu yöndə onların təzyiq etdiyi barədə məlumatlar da var.
Azərbaycan aviaparkını yeniləmək üçün strateji müttəfiqlərindən biri Pakistana üz tutdu. Azərbaycan öncə 16 ədəd “JF-17C Thunder Block 3” çoxməqsədli döyüş təyyarəsini sifariş verdi. Daha sonra isə bu təyyarələrin sayı 40-a çatdırıldı. İddialar var ki, Azərbaycan Çindən J-10CE döyüş təyyarəsi almağı da planlaşdırır. Ancaq Pakistandan alının JF-17-lərin sayının 16-dan 40-a çatdırılması, bunun nə qədər real olub-olmayacağını sual altına qoyur.
Azərbaycanın aviaparkını sürətlə yeniləməsi, şübhəsiz ki, Ermənistan tərəfini də narahat edir. Düşünürəm ki, təkcə Ermənistanı da yox. Ermənistanın da yeni təyyarələr almaq iddiası var. Məsələ ondandır ki, Ermənistan aviaparkını iki ölkə vasitəsi ilə yeniləyə bilər: biri Hindistan, digəri isə Fransa. Hətta iddia olunur ki, Hindistan tərəfi Ermənistana Su-30MKI-lar satmaqda maraqlıdır. Hətta Hindistanın Ermənistana bu yöndə təzyiq etdiyi də iddia olunur. Az ehtimal olsa da, Ermənistanın Fransadan “Rafale” döyüş təyyarələri ala bilər. Ancaq bunun reallıq payı bir qədər aşağıdır.
Döyüş təyyarələri almaqla işin bitdiyini demək və düşünmək, yüngül desək, axmaqlıq olardı. Öncə aerodromlar döyüş təyyarələrinə uyğunlaşdırılmalıdır. Bundan əlavə, döyüş təyyarələrindən də önəmlisi pilotların yetişdirilməsi vacib amildir. Ermənistan ərazisinin kiçik və bu ərazinin də, əsasən, dağlıq olması Ermənistanın əl-qolunu bağlayan əsas amillərdəndir. Azərbaycan ərazisi Ermənistandan böyük olsa da, Azərbaycan İrandan hava məkanı alaraq manevrləri həyata keçirə bilirdi. Yeri gəlmişkən, müharibə vaxtı İran o hava məkanını bağlamışdı. Ermənistan, əgər Su-30MKI, yaxud “Rafale” alsa belə, onun hava məkanı manevr üçün əlverişli deyil. Mütləq şəkildə Ermənistan hava məkanı kirayələməlidir. Ona görə də Hindistanın xüsusi təzyiqi olmasa, Ermənistanın aviaparkını yeniləcəyi istəyinə düşəcəyi inandırıcı görünmür.
Ermənistan hazırda daha çox hava hücumundan müdafiə sistemləri, haubitsalar, reaktiv yaylım atəş sistemləri, dronlar və antidronlarla daha çox maraqlanır. Hindistanın dronlar və xüsusilə antidron sistemləri sahəsində apardığı tədqiqatlar Ermənistanın diqqətini daha çox çəkir. Ona görə də Ermənistan daha çox bu istiqamətə yönələcək. Ancaq Azərbaycanın Pakistandan aldığı döyüş təyyarələri Hindistanı hərəkətə gətirib. Hindistan Pakistanla rəqabətini Cənubi Qafqazda da dava etdirir. Yeri gəlmişkən, Hindistan dünyanın 90-dan çox ölkəsinə silah satır, ancaq Hindistanın ən böyük silah alıcısı Ermənistandır. Bir neçə il də bunun davam edəcəyi gözləniləndir.
Son günlər Hindistandan Ermənistana generallar səfər edir. Hətta Ermənistanın Hindistandan aldığı ATAGS artilleriyasının təlim atışları da həyata keçirilib. Yeri gəlmişkən, Hindistandan Ermənistana gələn general Hindistan ordusunun 52-ci zirehli korpusun komandiridir. Həmin korpus tank, artilleriya və zirehli maşınlardan ibarətdir.
Ermənistan Baş naziri Nikol Paşinyan hər nə qədər sülhdən da danışsa, hətta Rusiya əleyhdarı kimi də görünsə, əməldə bunun tam əksini nümayiş etdirir. Rusiya ilə Ermənistan arasında siyasi əlaqələr, diplomatik səfərlərin sayında ciddi artımın olduğu görünür. Yəni Paşinyanın bir əli Rusiyanın “ətəyində”dir.
Açıq şəkildə demək lazımdır ki, “Qarabağ kartı”nı Rusiya yenidən işə salmaq niyyətindədir. Rusiya təkcə Ermənistandakı müxalif düşərgənin dili ilə yox, elə öz rəsmilərinin dili ilə də bu məsələyə ehyam vurur. Azərbaycan müstəqil olandan bu yana keçmədiyi kataklizmlər qalmayıb. Ancaq Paşinyanın bir Qurban bayramı təbrikinə insanların çoxu sıyıldı. Hətta bunu sülhün işarə kimi təqdim edənlər də oldu.
Azərbaycanda və Ermənistanda bir çoxları iddia edirlər ki, Rusiya zəifləyəcəyi təqdirdə, Cənubi Qafqaz rahat nəfəs alacaq. Düzü. bunun tam əksini düşünürəm. Tarixə də baxsaq, indiki adla Rusiyanın başqa regionlarda hər ağzı ovulduğunda bu regiona bəla gətirdiyinin şahidi olmuşuq. Bu regionda Rusiya təhdidi qalır, hətta deyərdim ki, son dövrlər bu təhdid açıq müstəviyə keçmək üzrədir. Hərbi baxımdan güclənməkdə fayda var, ancaq təkcə hərbi sahəyə fokuslanaraq digər sahələri gözardı etmək özü də bir təhdid sayılmalıdır.
Səxavət Məmməd
 
Ardını oxu...
1993-cü ilin yayında Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə dönüşü və iyunun 15-də Respublikanın Ali Sovetinin Sədri vəzifəsinə seçilməsi ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu. Buna görə də Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi. Müstəqilliyin ilk illərində ölkəmizin üzləşdiyi ciddi iqtisadi problemlər növbəsində, respublikada hakimiyyəti ələ keçirmiş səriştəsiz və məsuliyyətsiz qrupların dağıdıcı fəaliyyətləri ilə uzlaşaraq ölkəni cəmi bir il ərzində siyasi böhrana gətirib çıxarmışdı. Vətəndaş müharibəsi, ölkənin bir neçə cırtdan marionet dövlətlərə parçalanması və Azərbaycanın vahid suveren ölkə olaraq dünyanın siyasi xəritəsindən silinməsi bizi gözləyən ən yaxın perspektivlər idi. Belə bir ağır məqamda xalqımız öz taleyini yalnız Heydər Əliyevə etibar edə bilərdi və bunu etdi. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər siyasi təcrübəsi, uzaqgörənliyi və sarsılmaz iradəsi sayəsində ölkəni vətəndaş müharibəsi təhlükəsindən və ictimai-siyasi pərakəndəlikdən qurtardı. Azərbaycanda uğurlu dövlət quruculuğu prosesinin əsası qoyuldu.
Ümummilli Lider Heydər Əliyevin istər SSRİ dönəmində, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərliyi dövründə xalqın rifah halının yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görülmüşdür. 1969-cu ilin iyulunda Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsindən sonra bütün sahələrdə həyata keçirilən islahatlar, görülən tədbirlər respublikamızın inkişafını təmin edən əsas strateji amil oldu. Məhz həmin tarixdən - Ulu Öndərin ilk dəfə siyasi hakimiyyətə gəldiyi gündən Azərbaycanın həqiqi inkişafı başladı. Bu işlərə paralel olaraq, respublikamızda milli-mənəvi dəyərlərin qorunması və dirçəldilməsi istiqamətində əhəmiyyətli tədbirlər görüldü. 1978-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ittifaq respublikaları arasında ilk olaraq məhz Azərbaycan SSR-in Konstitusiyasına “Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir” maddəsi daxil edildi. Siyasi-ideoloji müstəvidə görülən işlər milli inkişaf və həmrəyliyimizin təmin olunması baxımından tarixi əhəmiyyətə malik addımlar idi.
Ölkə Prezidenti cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi illər ərzində Azərbaycan hərtərəfli və sürətli inkişaf mərhələsini yaşamaqdadır. Dövlət başçısının rəhbərliyi ilə daxili və xarici siyasət sahəsində görülən işlər, əldə edilən nailiyyətlər Azərbaycan dövlətinin qüdrətinin artmasında ifadə olunur. Ötən müddət ərzində Azərbaycan iqtisadi inkişafına, ictimai-siyasi sabitliyinə, beynəlxalq müstəvidə nüfuzuna və mövqeyinə görə güclü, qüdrətli bir dövlətə çevrilib. Çoxşaxəli, tarazlaşdırılmış, milli maraqlara əsaslanan xarici siyasət kursuna malik olan Azərbaycan artıq uzun müddətdir ki, Cənubi Qafqaz regionunun lider dövləti olmaqla yanaşı, müasir beynəlxalq münasibətlər sistemində dünyada və Avropada etibarlı tərəfdaş və nüfuzlu söz sahibi kimi tanınır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə milli maraqlara müvafiq surətdə reallaşdırılan xarici siyasət sayəsində ölkəmiz həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri formalaşdırıb. Ən mühüm məqam isə budur ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasəti layiqincə davam etdirən Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin bütün müstəvilərdə, o cümlədən iqtisadi inkişaf, ordu quruculuğu, diplomatiya və digər sahələrdə əldə etdiyi uğurlar dövlət başçımızın rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin yazdığı Qələbə salnaməsinin əsasını qoydu. 30 ilə yaxın işğal altında olan torpaqlarımız 44 günlük Vətən müharibəsində azad edildi, ərazi bütövlüyümüz bərpa olundu. Bu gün Ulu Öndərin görmək istədiyi güclü, qüdrətli, nüfuzlu və qalib Azərbaycan öz uğurlarını “Heydər Əliyev İli”ndə davam etdirir. Xalqımız 1993-cü ilin 15 iyun tarixində inamla qədəm qoyduğu qurtuluş və nicat yolu ilə bu gün tarixi Zəfərlərə, möhtəşəm Qələbələrə doğru inamla irəliləyir.

Altay Əliyev – Şəhid ailələri, əlillər və müharibə veteranlarının müdafiəsi İctimai Birliyinin fəxri üzvü
Ardını oxu...
32 il əvvəl Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıdaraq Azərbaycan xalqını, dövlətini və millətini parçalanmadan xilas etdi. Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan edib və bu gün Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub.
Azərbaycan xalqının tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev Ali Sovetin sədri seçilib. Bununla da uzun illər davam edən gərginlik və qarşıdurma səngiyib və ölkə vətəndaş müharibəsi və parçalanma təhlükəsindən xilas olub. Milli qurtuluş fəlsəfəsi sözün geniş mənasında Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin edir.
Həmin vaxt Azərbaycan dövlətçiliyi yox olmaq təhlükəsindən qurtulub. Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ suverenliyi qoruyub inkişaf etdirmək idi və bu, Ümummilli Liderin iradəsi sayəsində reallığa çevrildi. O, Milli Azərbaycan dövlətçiliyi konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq, ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu.
Heydər Əliyev 1993-cü il iyunun 20-də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün yerli və xarici jurnalistlər üçün brifinq keçirib, iyunun 21-də isə bir sıra ölkələrin diplomatları ilə görüşüb. Bu sahədə yürüdülən siyasət respublikanı informasiya blokadasından çıxartdı. Dünyada Azərbaycanla bağlı formalaşan fikri müsbət yöndə dəyişdi. Məhz belə bir mürəkkəb siyasi şəraitdə Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi. Ümummilli Liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti və xarizması siyasi böhrana son qoydu və Azərbaycanın dünya birliyinə inteqrasiyası başlandı.
1997-ci ildə Milli Məclisin deputatları 15 iyun tarixinin təqvimə Azərbaycan Respublikasının Milli Qurtuluş Günü kimi salınması təklifi ilə çıxış ediblər və parlament bu təklifi bəyənib. Həmin vaxtdan Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Milli Qurtuluş Günü kimi qeyd edilir.
Artıq beş ildir ki, Milli Qurtuluş Günü düşmən əsarətindən qurtulan, azad olan torpaqlarda da qeyd olunur. Hazırda Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev tərəfindən davam etdirilən siyasət nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olunub.
Ata vəsiyyətini layiqincə yerinə yetirən Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin işğal altında saxladığı əzəli və əbədi torpaqlarımızı azad edib.
Bununla da Azərbaycan dövləti Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə BMT-nin qətnamələrini döyüş meydanında təkbaşına icra edib. Beləliklə, 30 ilə yaxın müddət ərzində düşmənin işğalda saxladığı Azərbaycan torpaqları əsarətdən qurtulub. Düşmən əsarətindən qurtulan Azərbaycan torpaqlarında yenidənqurma və bərpa işləri sürətlə davam etdirilir.

Vahid İsmayılov
Tarix üzrə fəlsəfə doktoru

 
Ardını oxu...
Ukrayna kəşfiyyatının Rusiya ərazisində həyata keçirdiyi “Hörümçək toru” əməliyyatından sonra Vladimir Putinin nə edəcəyini onun özü yox, ABŞ Prezidenti Donald Tramp və Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev səsləndiriblər. Medvedevin yazısından belə aydın olur ki, Putin sülh istəmir, onun yeganə məqəsədi Ukraynanı tam məhv etməkdir.

Yenixeber.org: Maraqlıdır ki, may ayında Medvedev Ukraynanı və Avropanı nüvə zərbələri ilə hədələmişdi, ancaq bu dəfə “nüvə dəyənəyi”ni hərlətməkdən çəkinib.

Putinlə telofon əlaqəsi quran Tramp isə deyib ki, Putin ukraynalılara çox sərt cavab verəcək və bu barədə qabaqcadan onu məlumatlandırıb. Bu nə deməkdir? Deməli, belə çıxır ki, Putin starteji bombardmaçıların məhv edilməsinin qisasının alınması ilə bağlı ABŞ Prezidentindən xeyır-dua alıb?

Görəsən, Baydenə lağ edən Tramp özünü niyə fövqəldövlətin rəhbəri kimi deyil, büzüşmüş, sanki Rusiyanın hansısa qubernatoru və ya Putinin ştatdankənar mətbuat katibi kimi aparır? ABŞ mürəkkəb tarixi proseslərdən keçərək hüquqi-demokratik cəmiyyət qurub və orada prezidentin səlahiyyətlərini aşması və dövlət maraqlarına uyğun gəlməyən özbaşına siyasi kurs tutmasının qarşısı həmişə alınıb. Tramp Rusiya ilə əlaqədar elə ziddiyyətli və absurd bəyanatlar səsləndirir ki, ağıla yalnız aşağıdakı fikrirlər gəlir:

Birincisi, Tramp Avropa və Çinə qarşı geostrateji mübarizədə Rusiyanı öz tərəfinə çəkmək istəyir və məhz buna görə də Putinlə mülayim rəftar edir və həmçinin, ona deyir ki, sənin vəziyyətin çox pisdir, odla oynama, əgər mən qarşısını almasam, Rusiyanı çökdürəcəklər. Bunu anlayan Putin isə mümkün qədər fürsətdən istifadə edib Ukraynada qələbə qazanmağa çalışır. Hətta o, əlverişli şərait yaranacağı təqdirdə Baltik ölkələrinə girmək planı haqqında da düşünür. Çünki Trampın davranışları bunun üçün münbit zəmin yaradır.

Tramp öz xəyalında qurduğu gələcək geostrateji konfiqurasiyanın girovuna çevrilib. Necə deyərlər, “Ağıldan bəla!” sindromu onu hərdəmxəyal və həm də gülünc vəziyyətə qoyur.

İkincisi, Tramp Rusiya ilə oynayır. O, Rusiya və Ukraynanın tam taqətdən düşüdüyü zamanı gözləyir. Üzdə sülhdən dəm vursa da, əslində bu iki ölkə arasındakı müharibənin uzanması strategiyasını rəhbər tutur. Beləliklə, Tramp həlledici məqamda ABŞ-nin gücündən tam istifadə edərək Avrasiyanın ortasına yerləşmək niyyətindədir.

Üçüncüsü, arxa planda dayanan ABŞ “dərin dövləti” Vladimir Putinə gizlincə ismarıc göndərir ki, yeni dünya nizamında sizə xüsusi pay veriləcək, Ukraynaya və Baltik ölkələrinə yiyələnəcəksiniz, Qərbdən gələn səs-küyə əhəmiyyət verməyin, müharibəni davam etdirin, gec-tez Ukrayna yorulub yıxılacaq. Yəni, belə söyləmək olar ki, hansısa güclü mərkəz Trampı və Putini anlamadıqları böyük siyasi burulğanın içinə salıb oynadır.

Ümumiyyətlə, hər üç ehtimalda Rusiya böyük oyunun bir parçası və ya qurucusu yox, yalnız başqalarının ümidinə qalmış miskin bir istifadə materialı rolunda çıxış edir. Hazırda Ukrayna Rusiyanın başına od yağdırır və Putinin geriyə çıxış yolu qalmayıb. O, inersiya ilə sağa-sola hücumlar edəcək. Hamı yaxşı görür ki, Rusiya ağılla, bacarıqla yox, say çoxluğu sayəsində döyüşür. Putin ordusunun keyfiyyət imkanlarının yüksələcəyi isə inandırıcı görünmür.

Bütün bu həngamənin necə bitəcəyini zaman göstərəcək, lakin hələlik bilinən odur ki, Trampın indiyədək tutduğu siyasi-iqtisadi kurs və Putinə qarşı xoş münasibət bəsləməsi onun ölkə daxilindəki mövqeyini ciddi surətdə sarsıdır. Dünənə kimi ayrılmaz dostlar olan Elon Maskla Tramp arasındakı gərginliyin şiddəti ən yüksək həddə çatıb. E.Mask deyib: ”Tramp açıq-aşkar yalan danışır. Çox təəssüf. Amerikada əslində ortada olan 80%-i təmsil edəcək yeni bir siyasi partiya yaratmağın vaxtı çatmayıbmı?

Bundan başqa Mask söyləyib ki, ”Epşteyn faylları”nda Tramp da yer alır. Belə anlaşılır ki, Mask Trampı pedofillikdə ittiham edir. Digər yandan, Mask Trampa qarşı impiçment elan olunmasına çağırıb. Tramp və Mask arasındakı çəkişmənin acı nəticəsi ilk növbədə Amerika iqtisadiyyatında özünü büruzə verəcək. Trampın rəftar və davranış tərzindəki qabalıq, strateji düşüncəsinin kasadlığı və şit zarafatlarının sonu artıq respublikaçıları da təngə gətirməyə başlayıb.

Əlbəttə, ABŞ, Ağ Evi “dəli yığıncağı”na döndərən Trampdan ibarət deyil. Senator Lindsi Qrehemin Rusiyaya qarşı tətbiq edilməsi nəzərdə tutulan sanskiya layihəsinə hətta Nümayəndələr Palatasının respublikaçı rəhbəri Mayk Conson da dəstək verdiyini açıqlayıb. Hələlik vəziyyət durğun olaraq qalır, Tramp özünə qarşı kritik təpki almayana qədər Rusiyaya ziyan vura biləcək hər hansı addımı atmayacaq.

Ukrayna rəhbərliyinin Trampdan fərqli düşünən ABŞ siyasi elitası ilə müsbət münasibətlərini davam etdirməsi və indiki Ağ Ev administrasiyasının yanlış geostrateji planlama apardığını çəkinmədən bəyan etməsi daha məqəsdəuyğun görünür. Volodimir Zelenski və komandası bu müddət ərzində baş verənlərdən xeyli təcrübə toplayıb və onlar heç də sadəlövhcəsinə Trampın dəyişəcəyinə ümid bəsləmirlər...

Ukrayna rəhbərliyi 2022-ci ilin sentyabrında ağıllı strateji qərar verdi və PUA-ların istehsalı üçün böyük proqram layihəsinin reallaşması istiqamətində işə başladı. İndi Ukrayna təşəbbüsü tam ələ almaq üçün xeyli sayda dron istehsal edir və bu il 2,5 milyon ədəd dron hazırlanacaq. Son Ramştayn toplantısında avropalı dövlətlər və Kanada dron istehsalı ilə bağlı Ukraynaya böyük maliyyə yardımı göstərəcəklərini açıqlayıblar. Məsələn, Böyük Britaniya 350 milyon funt-stelinq maddi yarımdan əlavə, 2025-ci ildə Ukraynaya 100 min dron verəcək. Almaniya bu il Ukraynaya 5 milyard avroluq hərbi yardım göndərəcək, Norveç isə PUA-ların istehsalı üçün 700 milyon dollar ayırıb. Digər Avropa ölkələri də müvafiq yardımlar göstərəcəklərinə söz veriblər.

Ukraynada birmənalı şəkildə anlayırlar ki, Rusiya müharibəni dayandırmayacaq. Vladimir Putinin müharibəni uzatması üçün hələ xeyli resursu var. Son məlumatlara görə, müharibədə 250 min rus əsgəri ölüb, 1 milyon nəfər isə ağır yaralanıb. Bu göstəricilər nəinki Putinin, həmçinin mənəvi deqradasiyaya uğramış Rusiya cəmiyyətinın vecinə deyil, artıq onlar üçün insan həyatı heç bir önəm daşımır və Rusiya bundan da qat-qat artıq itki verməyə hazır görünür. Lakin müharibənin xarakteri və müqəddəratı Rusiyanın ixtiyarında deyil, hər şey daha çox Avropanın qətiyyətindən və Ukraynaya veriləcək yardımların miqyasından asılıdır. Son hadisələr isə Avropanın, nəhayət ki, hərəkətə keçdiyinin əlamətlərini göstərir...(Azpolitika)

Vaqif Nəsibov
 
 

 


Ardını oxu...
Neft və qaz ehtiyatlarının azaldılması və satışı (sanksiya tətbiqinə görə də) Rusiyanın, Putinin çöküşünü təmin edəcək.
Kreml Nabiullinaya TƏZYİQ BAŞLADI!.
Aİ Rusiya Federasiyası ilə bağlı sərt qərarını təsdiq etməyə hazırlaşır. Bazarda qiymətlər ARTACAQ
İqtisadi müşahidəçi Maksim Blunt Rusiya Federasiyasındakı iqtisadi sahədəki vəziyyəti müzakirəsi zamanı: "Rusiya hökuməti Mərkəzi Bankın rəhbəri Elvira Nabiullinaya təzyiq göstərir, biznesə mənfi təsir göstərdiyi üçün əsas faiz dərəcəsinin azaldılmasını tələb edir. O da məlum olub ki, may ayında Rusiyanın neft ixracından əldə etdiyi gəlir 430,4 milyard rubla düşüb ki, bu da ötən illə müqayisədə 32% azdır. Gəlirlərin azalması tələbin azalması və rublun möhkəmlənməsi səbəbindən neftin qiymətinin azalması ilə bağlıdır. Bütün bunların Rusiya iqtisadiyyatına mənfi təsir göstərməsi labüd idi.
Arifa Huseynli
TEREF
 
Ardını oxu...
Bakı şəhəri, Binə qəsəbəsi, "Atçılıq" adlanan ərazidə yaşayan Babayeva Nailə Şəmsəddin qızı və Kürdəxanı qəsəbə sakini İsmayılova Gülnar Novruz qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçilər saytımız vasitəsilə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazova müraciət edirlər:

"Cənab Nazir!

Biz, Babayeva Nailə Şəmsəddin qızı və İsmayılova Gülnar Novruz qızı yazaraq Sizdən xahiş edirik ki, işimizin daha ətraflı araşdırılıb, günahkar şəxslərin həbs olunamsı ilə bağlı göstəriş verəsiniz.

Mən, Babayeva Nailə Şəmsəddin qızı, ev almaq üçün Orxan adlı şəxsə müraciət etdim. Orxanın əlaqə nömrəsini internet saytından tapmışdıq. Zabrat 1-də evə baxmağa getdik. Evdə 17 yaşlı bir qız var idi. Orxan dedi ki, bu, mənim dayımın evidi, qız da onun qızıdır. Evə baxdıq, bəyəndik.

Səhərisi gün gəlib bir daha evə baxış keçirdik. Evdə Feyzullayev Aslan adlı şəxs və həyat yoldaşı var idi. Söhbətləşdik, evi 20 min manata almağa qərar verdik. Öncədən beh olaraq 1000 manat verdik. 1300 manat isə kommunal xidmətlərin mənim adıma köçməsi üçün ödənişi verdik. Yəni həmin gün Orxan, Aslan və Hüsniyyəyə 2300 manat pul vermişəm.

İyul ayının 22-də Aslan mənə zəng edib bildirdi ki, notariusa gəlin. Mən, Orxan, Hüsniyyə və Aslan Sabunçu qəsəbəsində, 12-ci Polis bölməsi ilə üzbəüz yerləşən 4 nömrəli notariusa getdik. Elə ordaca Hüsniyyəyə 500 manat pul verdik. Ondan sonra kommunalları mənim adıma keçirmək üçün "Asan Kommunal"a getdik.

22 iyul, 2024-cü il tarixində, təxminən saat 14 radələrində Nizami rayonu ərazisində yerləşən “Asan Kommunal”ın 2-ci mərtəbəsində, kameraların önündə 1000 dollar və 16 800 manat pulu Aslana verdim. Mənim onlara 500 manat borcum qalmışdı. Evi təhvil verəndə isə 500 manatı verəcəkdim. Evə gec köçməyimizə səbəb isə o idi ki, "bəzi təmir işlərini gördürürəm", - deyirdi.

İyul ayının 25-də evə köçməli idik. Aslan zəng vurub bildirdi ki, yasımız düşüb. Çox söz-söhbətdən sonra avqust ayının 8-də Hüsniyyə zəng vurub bildirdi ki, evin sənədlərini gətirib qaytarın, evi satmırıq. Biz soruşduq ki, nə sənəd?! O dedi ki, Aslan pulları götürüb qaçıb, gətir evimin sənədini ver.

Məni "tora salan" əsas adam Orxan olub. Hazırda isə hüquq-mühafizə orqanları Orxanı həbs etmir. Aslanı isə saxlayıblar. Nə verdiyimiz puldan, nə də evdən xəbər yoxdur.

Cənab Nazir!

Mən, İsmayılova Gülnar Novruz qızı da Nailə xanım kimi zərərçəkənlərdənəm. Məni də aldadaraq 3 sot torpaq sahəsində yerləşən 2 otaqlı evimi satıblar.

Belə ki, həmin vaxtlar anam ağır xəstə idi və evimi satmaq qərarına gəlmişdim. Sosial şəbəkələrdə evin şəklini qoyub, satışa çıxarmışdım. Telefon nömrəmə Ticarət adlı şəxs yazdı və alıcı kimi gəlib evə baxacaqlarını bildirdilər. Axşam evə Ticarət, Rəhim və Feyzullayev Aslan adlı şəxlər gəldi. Əvvəlcə bildirdilər ki, evi çətin satarsınızz, səbəb isə sənədinin olmamasıdır.

Onlar gedəndən sonra Ticarət mənə yazdı kı, Aslan deyir ailənin vəziyyəti mənim ürəyimi ağrıtdı, onların evini satıb, qardaş kimi kömək edə bilərəm. Şərti isə o oldu ki, evə əl gəzdirilməlidir, ondan sonra satıla bilər. Mən də inandım, razılaşdım.

Ailəmlə birgə evdən kirayə çıxdıq. Bu zaman evdən sadəcə geyim əşyalarımı götürdüm. Mebellərim və evə aidi bütün əşyalar evdə qaldı. Anamın vəziyyəti günü-gündən ağırlaşırdı...

Bir gün adlarını çəkdiyim şəxslər gəldilər ki, evin təmiri yekunlaşıb, Bələdiyyədən sənəd almaq lazımdır. Sən demə, dələduzlar evimdəcə məndən ərizə alıb, Bələdiyyənin iştirakı ilə evi satıb.

Bundan xəbər tutan kimi Ticarət adlı şəxsi çağırdım. Qardaşım söhbətə qarışdı. Ticarət boynuna aldı ki, bəli, sənin evini satmışıq. Dedi ki, narahat olma, Aslanla danışmışıq, sənin evini qaytaracağıq. Aslanın özü də mənə dedi ki, avqust ayında evini sənə təhvil verəcəm.

...Anam rəhmətə getdi, 40 gün başım yasa qarışdı. Onlardan da heç xəbər ala bilmirdim. Bir gün eşitdim ki, Aslan adlı şəxs qaçıb, yoxdur. Dərhal polisə şikayət verdim. 8 ay durmadan şikayət etmişəm. Sonradan Sizin, yəni Vilayət Eyvazovun qəbulunda olandan sonra, Canpolad adlı müstəntiq işimə daha ətrafı baxılacağına söz verdi. Amma bu dəfə də məni müstəntiq Canpolad aldadırmış...

Hazırda Aslan həbs olunub, amma işin içərisində olan digər şəxslər isə məsuliyyətə cəlb olunmur. Bu oyunu bizim başımıza Orxan adlı şəxs açıb. Xahiş edirəm işimizlə bağlı göstəriş verəsiniz".

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.
 
 


 
Ardını oxu...
  

osial şəbəkələrdə mammoloq-radioloq Günel Qəmbərovanın rəqs etdikdən sonra müəyyən tibbi prosedurlar həyata keçirdiyinə dair görüntülər yayılıb.

Maraqlıdır, bəs, həkimin bu davranışını Səhiyyə Nazirliyi necə dəyərləndirib? Onunla bağlı hansısa tədbir görüləcəkmi?

Məsələ ilə bağlı Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə müraciət ünvanladıq.

Qurumdan News24.az-ın sorğusuna cavab olaraq bildirildi ki, AEM əhalinin həyat və sağlamlığı üçün ciddi təhlükə yaradan hallarla bağlı rəsmi müraciət daxil olduqda həmin məsələni təsdiq olunmuş Əsasnaməyə uyğun olaraq ətraflı şəkildə araşdırır:

"Əgər qanunvericiliyin pozulması halları müəyyən edilərsə, plandankənar yoxlama həyata keçirilir.

Tibb müəssisələrində sanitariya-epidemioloji tələblərə riayət olunması vacib şərtdir. Bu tələblərin pozulması halında, qanunvericiliyə əsasən İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq inzibati protokol tərtib olunur və cərimə tətbiq edilməklə növbəti icraata yönləndirilir.

Mediada və sosial şəbəkələrdə yayılan “Məlhəm” klinikasında baş verən faktla bağlı müvafiq araşdırma aparılır, nəticə barədə məlumat veriləcək".

Açıqlamada sözügedən klinikanın müvafiq qanuna əsasən cərimə oluna biləcəyi də vurğulanıb:

"Ümumiyyətlə qeyd olunan fəaliyyət, “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə əsasən reklam hesab olunur. Eyni zamanda, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.4-cü maddəsinə əsasən, reklamı qadağan olunmuş müalicə, profilaktika, diaqnostika və reabilitasiya metodlarının təqdiminə görə vəzifəli şəxslər 300 (üç yüz) manatdan 500 (beş yüz) manatadək, hüquqi şəxslər isə 1000 (bir min) manatdan 2000 (iki min) manatadək cərimə edilə bilər.

Belə hallarda klinika rəhbərliyi və müvafiq həkimlər Səhiyyə Nazirliyinə və ya AEM-ə dəvət olunur. Onlara əməliyyat zamanı çəkiliş aparılmasının yolverilməzliyi barədə xəbərdarlıq edilir. Bundan əlavə, AEM tərəfindən həkimlər, Azərbaycan Respublikası Səhiyyə Nazirinin 29 dekabr 2011-ci il tarixli 137 nömrəli əmri – “Həkimlərin etik davranış qaydalarının təsdiq edilməsi haqqında” sənəd barədə məlumatlandırılır.

Həmin sənədin VI bəndinə əsasən, tibbi nəşrlər, həkimlərin elmi forum və cəmiyyətlərdə çıxışları, habelə media vasitəsilə maarifləndirmə fəaliyyəti etik normalara uyğun olmalı, yalnız obyektiv elmi-praktik məlumatlarla məhdudlaşmalı və qeyri-sağlam rəqabət, reklam və özünüreklam elementlərini əks etdirməməlidir. Əmrdə həmçinin vurğulanır ki, həkim öz vəzifəsindən digər fiziki və hüquqi şəxslərin reklamı və maraqlarının təbliği məqsədilə istifadə etməməlidir.

Bu kimi hallarda həkimlərdən izahat alınır və analoji hadisələrin təkrarlanacağı təqdirdə daha ciddi sanksiyaların tətbiq ediləcəyi barədə onlara rəsmi şəkildə xəbərdarlıq edilir".

Qurumdan o da qeyd olunub ki, mərkəzin rəsmi saytında əməliyyat zamanı canlı yayım etmək istəyən həkimlərə dair xəbərdarlıq da yerləşdirilib:

"Vətəndaşlara bir daha xatırladırıq ki, özəl tibb müəssisələrində və aptek təşkilatlarında qarşılaşdıqları hər hansı problem barədə AEM-in “bir pəncərə” sistemi, “qaynar xətt”i (012 596 05 20), aem@pharma.az elektron ünvanı və ya pharma.az saytının MÜRACİƏT bölməsi vasitəsilə bizə müraciət edə bilərlər. Bu halda araşdırma aparılır və zərurət yaranarsa, plandankənar yoxlamanın keçirilməsi barədə qərar qəbul edilir".

Dünyapress TV

Xəbər lenti