![]() |
![]() ![]() ![]() |
|
Diqqətli oxucular fikir vermiş olarlar: qüdrətli dövlətlərin rəhbərləri ikitərəfli görüşlər keçirəndə çox zaman kostyumları eyni rəngdə olur, qalstuklarını həmrəng seçirlər: ya boz, ya tünd göy, ya da tünd qırmızı
Bu, təsadüfi şey deyil. Rəhbərlərin köməkçiləri, protokol məmurları bu xırda incələyi öncədən razılaşdırırlar. Yəqin ki, hansısa mənası da var – yəni liderlərin hər ikisi uzlaşma, razılaşma, bir-biriylə anlaşma tərəfdarıdırlar.
Bu ilin fevral ayının sonlarında ABŞ prezidenti Donald Trampla Ukrayna lideri Volodimir Zelenskinin Ağ Evin oval otağında baş tutan görüşməsinin qalmaqalla bitməsi, əslində protokol pozuntusu üzündən deyildi, bu, bəhanələrdən biri oldu. ABŞ tərəfi amerikalı jurnalistin diliylə Zelenskiyə kostyum geyməməsini, qalstuk taxmamasını irad tutdular, o da lazımi cavabı verdi, ancaq Tramp da, onun müavini Ceyms Devid Vens də isterik şəkildə Zelenskini onlara hörmət etməməkdə suçladı.
Bu, yuxarıda deyildiyi kimi, bəhanəydi. Əsas məsələ Zelenskini, kriminal jarqonla desək, “sındırmaq”, Rusiyaya təslim olmağa vadar etmək idi. Tramp və Vens bunu bacarmadılar, nəticədə bu hadisə dünya mediasına “dress-kod qalmaqalı” kimi çıxdı. Ayrıca həmin görüşdə Tramp da, Vens də özlərini “kriminal avtoritet” kimi aparmışdılar. Bu, dialoqun tonundan və görüşdən çəkilmiş şəkillərdən aydınca sezilirdi.
Budur, Trampın Səudiyyə Ərəbistanında vəliəhd şahzadə (faktiki dövlət başçısı) Məhəmməd bin Salmanla keçirdiyi görüşdə şahzadə dünyanın baş dövlətinin qarşısında əynindəki milli əba və yalın ayağındakı çəkələklə oturub. Başqa ölkələrdə bu geyimi adətən hovuz kənarında, saunada geyinirlər. Ancaq Trampın protokol xidməti, nə ağ, nə qara, bu “dress-kod”a hər hansı bir irad bildirməyib. Ona görə ki, ortalıqda çoxmilyardlıq mənfəət sövddələşməsi var, “dress-kod” vaxtı deyil.
Bundan əvvəl Hindistanın baş naziri Narendra Modi də Donald Trampla görüşündə qalstuksuz, milli hind paltarı geyərək qatılmışdı və bu, yenə də hər hansı bir irada səbəb olmamışdı. Hətta Tramp özü boynuna Modinin şərfinin eynisini atmışdı.
Görünür, Ağ Evdə protokol qaydalarına baxanlar anlayırlar ki, hər ölkənin, xalqın öz iqliminə və adət-ənənəsinə uyğun geyimi var və onlar Vaşinqtonda, ya da öz paytaxtlarında ABŞ prezidenti ilə görüşdükləri üçün Avropasayağı kostyum geyməyə məcbur deyillər.
Məsələn, heç bir mühüm, taleyüklü görüş və ya möhtərəm həmsöhbət İranın ali dini lideri ayətullah Xamneyinin ənənəvi əbadan imtina edərək kostyum geyməsinə səbəb ola bilməz. Mümkün deyil.
İran lideri Esvatininin kralı III Msvati deyil ki, başqa vaxt, öz xalqının qarşısında, el şənliklərində yarıçılpaq gəzsin, amma ABŞ və Avropa dövlətlərinin rəsmi şəxsləri ilə görüşəndə şıq kostyum geysin və adi və ya kəpənək qalstuk taxsın.
Ukrayna prezidenti Zelenskinin isə haqqını vermək lazımdır. O, “dress-kod” təzyiqinə məruz qalsa da, Trampla ikinci görüşündə bu “səhv”ini düzəltməyə cəhd etmədi, yenə də görüşə xaki rəngli jemperlə qatıldı.
Bu, liderin xarakterinin göstəricisi olmaqla yanaşı, Ukraynanın heç kəsə təslim olmaq fikrində olmadığının siqnalıdır.
İndilərdə Trampın qalstukunun rəngi Putinun qalstukunun rənginə uyğundur. Nə vaxtsa görüşsələr, onların geyiminin uyğunluğu gözə çarpacaq. Tramp və komandası arada özünü “sülh danışıqları üzrə konstruktiv mövqe tutmayan Putin”ə hiddətlənmiş göstərsə də, heç iki gün keçmir, Ukraynaya zərbə olacaq bəyanat verir, qərar qəbul edirlər.
Trampın Qətərdən “hədiyyə olaraq” 400 milyon dollarlıq təyyarə alması isə onun özünün və hakimiyyətinin əsl mahiyyətini ortaya qoyur. Qədimlərdə belə aktların adı “güclü dövlətin zəif dövlətdən bac-xərac alması” olub, indi “hədiyyə” deyirlər.
Araz Altaylı, Musavat.com
Bu yaxınlarda Ermənistan parlamentində “atası azərbaycanlı olan” Robert Köçəryanla bağlı vitse-spiker Akop Arşakyanın “tarixə ekskurs” etməsi keçmiş prezidenti necə qeyzləndiribsə, “dirilərək” aktiv siyasətə qayıdıb. Dədəsinin türklərin törəməsi olduğu barədə parlamentdə deyilənlərdən havalanan Köçəryanın deputat oğlu Levon da özünü saxlaya bilməyib, vitse-spikerə “it balası!” demişdi, ara qarışmışdı.
Bundan əvvəl köçəryançılar Nikol Paşinyanı türklərə casusluq etməkdə ittiham etmişdilər, indi cavablarını alırlar. Davamı olacaq. Spiker Alen Simonyan cinayətkar Köçəryanın yenidən damlanacağının anonsunu edib. İndi baş verənlər hələ “jurnaldır”, Ermənistanın 2026-sı bir başqa olacaq.
Röbert Köçəryanın dişləri zaman-zaman qana batdığı üçün növbəti dəfə hay qanı tökməkdən çəkinmir. (Hələ biz Xocalı canisinin türklərə tutduğu divanlardan danışmırıq. İddialara görə, onun türklərə nifrətinin kökündə vaxtilə anasının azərbaycanlı ilə yaxınlığı barədə təkzibolunmaz fakt dayanır, odur ki, kökümüzü kəsməyə hazırdır...)
Ermənistanın 1-ci prezidenti Levon Ter-Petrosyanı 1997-ci ildə hakimiyyətdən devirib, qanunsuz şəkildə onun kürsüsünə sahiblənən Robert Köçəryan, üstündən iki il keçəndən sonra, 1999-cu ilin 27 oktyabrında parlamentin gülləboran edilməsi ssenarisini hazırlayanlardan idi. O vaxt Köçəryan əl-ayağına dolaşan parlament sədri Karen Demirçyanı, baş nazir Vazqen Sarkisyanı və daha 6 nəfəri - parlament sədrinin müavinləri Yuri Baxşyan və Ruben Miroyan, millət vəkilləri Armenak Armenakyan, Mikayel Kotanyan, Qenrix Abrahamyan və hökumət üzvü Leonard Petrosyanı güllələtdirdi. Silahlı dəstənin başçısının sabiq “Daşnaksutyun” üzvü, 1988-1990-cı illərdə tələbələr hərəkatı fəalı, “Qarabağ hərəkatı”nın aktivlərindən biri Nairi Hunanyanın olması çox şeyi deyirdi.
Robert Köçəryan hakimiyyəti Qarabağ klanının digər üzvü Serj Sərkisyana (yeri gəlmişkən, onun da atasının azərbaycanlı olması barədə ciddi iddialar var) ötürən zaman da azı 10 nəfər etirazçını qətlə yetirdi. 2008-ci ilin 1 martında törədilən cinayətlər bu günə qədər tam şəkildə araşdırılmayıb. Nikol Paşinyan 2018-ci ildə Sorosun dəstəyi ilə Sərkisyanı devirib, hakimiyyəti ələ alandan sonra Qarabağ klanının liderlərinin əl-ayağını bir yerə yığmağa nail olmuşdu, Köçəryan, Sərksiyan, Ohanyan və digərləri ya həbsxanaya salındılar, ya da məhkəmə kluarlarında aylarla süründülər. Hətta Vladimir Putinin dostu olması da, Köçəryanı uzun müddət xilas edə bilməmişdi. Budur, 2026-cı il parlament seçkiləri ərəfəsində Robert Köçəryan yenidən ortaya çıxıb, meydan oxuyur. Dişində şirə qalıb, düşünür ki, bu dəfə də istədiyinə nail olacaq, Paşinyanı devirib, ya özü, ya da dəstəklədiyi kimsə Ermənistana rəhbərliyi ələ alacaq.
Bir müddət öncə Köçəryanın Rusiyaya səfər etməsi, gizli görüşlər keçirməsi, həmçinin Paşinyan hakimiyyətinin Avropa İttifaqına yaxınlığı fonunda eks-prezidentin Kremlə “quyruq bulaması”, Ermənistanın nicatının Rusiyaya bağlılıqda olduğunu uca səslə bəyan etməsi məram-məqsədi ortaya qoyur. Rusiya üçün doğma olan bir ünvanda, Gümrüdə Paşinyanın partyasının mer seçkisini uduzması Köçəryanı xeyli həvəsləndirib. Hətta bu günlərdə o, Serh Sərkisyan, digərləri ilə koalisiyanın mümkün ola biləcəyindən də danışmağa başlayıb. Beləcə, müxalifləri Paşinyan üçün ciddi sürprizlər hazırlaya bilərlər. Təbii ki, Nikol Paşinyan da bu proseslərə biganə deyil, anlayır ki, Rusiyanın adamlarının hakimiyyətə qayıdışı, yaxud gəlişi onun həyatı bahasına başa gələ bilər. Paşinyan hətta bunu da bilməmiş deyil ki, parlamentdəki müzakirələr zamanı əli “Kalaşnikov”lu köçəryançılar zala daxil ola və avtomat güllələrini onun qarnına doldura bilərlər. Ölkəsinin terror ölkəsi olduğunu yaxşı bilir.
Bu günlərdə Ermənistan Baş Prokurorluğunun Robert Köçəryan və onun ailəsinin daşınar - daşınmaz əmlaklarının dövlətin xeyrinə müsadirə edilməsi tələbini irəli sürməsi də eks-prezidentin dilini kəsilməsinə hesablanıb. Ermənistanın baş prokuroru Anna Vardapetyan deyib ki, “Köçaryan ailəsinin 22 daşınmaz əmlak, iki daşınmaz əmlak almaq hüquqü, 2 avtomobil, 3 milyon ABŞ dollarından çox vəsait, 985 milyon dram məbləğində alınmış istiqrazlar, 1,4 milyon ABŞ dollarından çox depozitlər,15 hüquqi şəxsdə iştirak, 4 milyon dollar, 8,3 milyard dram, 261 milyon rubl və təxminən 590 min avro məbləğində kreditlərin qaytarılmasını tələb etmək hüququ və dəyəri 3,8 milyard dramdan və 20 milyard dramdan çox olan daşınmaz əmlakın alınması üçün xərclərin Ermənistan Respublikası xeyrinə müsadirə olunmasını tələb edir”. Amma bu təhdid, yaxud əmlak müsadirəsi Levonu küncə sıxacaqmı? Bu arada Sergey Lavrov – Kələntaryanın İrəvana səfəri də “beşinci kolon”a əlavə nəfəslik verib.
Ermənistanda nələr baş verəcək, hakimiyyətdə kim olacaq, bu, Ermənistanın və ordakı hayiların problemidir. Ancaq əgər sülhü pozmaq istəyən hansısa qüvvə hakimiyyətə gələcəksə, bu halda Ermənistanın taleyi sual altına düşə bilər və hansısa hind silahı Azərbaycan ordusunun qarşısında duruş gətirə bilməz! Azərbaycan bəyan edib: sülh müqaviləsi Ermənistanla bağlanacaq, Paşinyan və yaxud qeyrisinin olması bizi o qədər də maraqlandırmır. Lakin Robert Köçəryan, Serj Sərkisyan və bu kimi digərləri istisnadır. Çünki onlar hələ Xocalı soyqırımına və digər cinayətlərə görə Azərbaycana cavab verməlidirlər! Elə bu günlərdə Bakıda davam edən məhkəmə prosesində həmin canilərin adları çəkilir, cinayətləri etiraf olunur. Bir müddət əvvəl erməni jurnalist Natali Aleksanyan demişdi ki, Köçəryanı, Sərkisyanı və Ohanyanı Bakıda hakim qarşısına çıxarmaq lazımdır. Paşinyan onları Bakıya təhvil versə, özünü də, ölkəsini də xilas etmiş olar...
Dişi qana batmış, gözlərini qan örtmüş Robert Köçəryan çox da həvəslənməsin və 44 günlük müharibədən sonra edilən xəbərdarlığı xatırlasın. 2023-cü ilin 23 noyabrında Azərbaycan Prezidenti İlham Əliyev Ağdamdakı Cümə məscidinin qarşısında sözünü demişdi.
Sitat:
“Koçaryan, Sarkisyan, siz diz çökdünüz bizim qabağımızda, siz buranı, işğal edilmiş bütün torpaqları bax, bu günə saldınız. Siz bu məscidi dağıtdınız. İkinci Qarabağ müharibəsi dövründə qaçıb gizləndilər. Döyüş bölgəsinə burunlarını da belə soxa bilmədilər. Bəs, haradadır sizin qəhrəmanlığınız? Dedim ki, çıxarın dəmir-dümürləri, onun qiyməti yoxdur. Qəhrəman ordenləri taxmısınız döşünüzə. Yalançı qəhrəmandır bunlar. Bax, mən burada durmuşam, dağıtdığınız məscidin önündə, dağıtdığınız Ağdam şəhərində, öz ordumla buraya gəlmişəm. Qalib kimi gəlmişəm. Siz isə öz miskin həyatınızın sonuna qədər məğlub edilmiş, qorxaq damğası ilə yaşayacaqsınız. Nə gizlənirsiniz orada siçan kimi?! Koçaryan, Sarkisyan, mən sizə deyirəm. Paşinyan heç kimdir”.
Bu sözlər həm də o deməkdir ki, Köçəryan, Sərkisyan və digər canilər, siçan kimi gizlənənlər bir daha hakimiyyət görməyəcəklər, bu xəbərdarlığı sırğa edib kar qulaqlarından assınlar!!!
Ukraynada ehtiyatda olan polkovnik Elxan Nuriyev "TV Müsavat"ın canlı efirində qonaq olub və Rusiya-Ukrayna müharibəsi ilə bağlı vacib məqamlara toxunub.
Musavat.com xəbər verir ki, Nuriyev verilişdə Rusiyanın real vəziyyəti ilə bağlı mühüm açıqlamalar verib.
Onun sözlərinə görə, Rusiya dalana dirənib.
Ətraflı videoda:
Musavat.com