
Bizə uşaqlıqdan öyrədirdilər ki, haqlı olan hər zaman üstün olur, xeyir həmişə şərə qalib gəlir, ədalət daim zəfər çalır. Biz bunlara inanaraq böyüdük, amma böyüdükcə də Dünyada bu tezislərin işlək olmadığını aydın şəkildə dərk etməyə başladıq. Azərbaycan 1-ci Qarabağ svaşında uduzmuşdu, torpaqlarımız işğal altında, suverenliyimiz yarımçıq idi. Haqlı olan, işğala məruz qalan biz idik, beynəlxalq hüquq bizdən yana idi – amma, haqlı olmaq kifayyət etmirdi, güclü olmaq lazım idi. Azərbaycan gücləndi, ordusunu “ruslaşmadan” təmizlədi, işlək ittifaqlar qurdu, ancaq bundan sonra həm haqlı, həm də qalib oldu.
Tarixi fəlsəfi haşiyə.
Din tarixçilərinin bəziləri öz kitablarında maraqlı bir nüansa diqqət çəkirlər – Xiristianlığın müqəddəs kitabı(ları) İsa Peygəmbərin çarmıxa çəkilməsindən 30-90 il arası yazılmağa başlayıb. İlkin versiyaların hamısında İsa Peygəmbəri çarmıxa, ölümə göndərən Roma İmperiyasının yerli hakimi-mütləqi, Ponti Pilatı rəhimli bir insan kimi təsvir edirdilər. İsa Peygəmbəri çarmıxa yerli yahudi din xadimlərinin göndərdiyini vurğulayırdılar. Hətta, “Lukanın İncili”-də belə bir mətn də var: “Onlar bağırırdılar: Onu çarmıxa! Çarmıxa! O (Ponti Pilat), üçüncü dəfə onlara dedi: O nə bəd iş görmüşdür? Mən Onu öldürmək üçün heç bir səbəb görmürəm ki, Onu cəzalandırım, buraxacağam. Lakin onlar gurultu ilə bağırırdılar ki, o, çarmıxa çəkilsin; və rahibin çığırtıları da onlara qatışmışdır, Ponti Pilat onların təkidi ilə qatili zindandan buraxmağı, İsanı isə onların ixtiyarına verməyi qərara alır”.
Yəni, ilk müqəddəs mətnlərdə Roma İmperiyasını günahkar çıxartmırdılar, halbuki, Roma İmperiyası üsyankarlara, elə yəhudilərə qarşı çox amansız idi. İlk mətnləri yazanlar niyə belə davranırdılar – cavab sadədir, qorxurdular, Roma İmperiyası çox güclü, Xiristianlıq isə çox zəif idi, onlar mətnlərdə, müasir dillə desək, “tezislərlə” davranır, GÜCLÜ olan Roma İmperiyasını, onun yerli hakimi Ponti Pilatı günahsız göstərməyə çalışırdılar, bütün günahı yəhuri din adamlarının üzərinə yıxmaqla, daha ZƏİF olanları hədəfə gətirirdilər.
Sonrakı əsrlərdə ədəbiyyatda da bu çox geniş yayılmışdı, məsələn, Bulqakovun məşhur "Master ve Marqarita” əsərində Ponti Pilat çox pozitiv bir personaj idi.
Nədən bunları yazdım – ta qədimdən güc faktoru haqlı-haqsız dilemmasından daha üstün, güc həmişə ilk nəzərə alınan faktor və kimin haqlı olub-olmaması gücün kimin əlində olduğundan çox asılı olub.
21-ci əsrdə də, təəssüf ki, heç nə dəyişməyib: Ukrayna TAM haqlıdır, Ukraynanın istəkləri TAM hüquqa və HAQQA söykənir, amma haqlı olmaq qalib olmaq anlamına gəlmir. Güclü olan diktə edir və bu tarix boyu həmişə belə olub.
Qəhrəman Ukrayna xalqı indi ciddi bir qərar verməlidir – haqlı olduqları qədər güclü olmaq üçün müharibəni atəşkəslə dayandırmalı, güclənməli, elə bir sistem qurmalıdırlar ki, post-Putin dönəmində haqlı olduqları məsələlərdə qalib də ola bilsinlər...
Natig Jafarli
TEREF