![]() |
![]() ![]() ![]() |
|
Həkim-kadrların kurs keçməsi yerli qurumun icazəsi ilə olacaq - iki rəy
Azərbaycanda həkimlik və əczaçılıq fəaliyyəti üçün yeni tələblər müəyyənləşir. Bu, aprelin 25-də Milli Məclisin Səhiyyə komitəsində müzakirəyə çıxarılan Əmək Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” qanunlara təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Layihəyə əsasən, azı 5 il müddətində fasiləsiz olaraq ixtisasları üzrə işləməmiş tibb mütəxəssisləri, o cümlədən tibb və ya səhiyyə ixtisasları üzrə ali və ya orta ixtisas təhsili olan və təhsil müəssisəsini bitirdikdən sonra azı 5 il müddətində fasiləsiz olaraq ixtisasları üzrə işləməmiş şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) tabeliyində olan təhsil müəssisələrində hazırlıq keçdikdən və sertifikasiya imtahanı verdikdən sonra praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul ola biləcəklər.
Qüvvədə olan qanunda isə fasiləsiz olaraq ixtisasları üzrə beş ildən çox işləməmiş həkimlər və əczaçılar müvafiq təhsil müəssisələrində hazırlıq keçdikdən və qanunvericiliyə uyğun olaraq sertifikasiya olunduqdan sonra praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər. İxtisaslarının təsdiq olunmasından sonra ixtisasları üzrə beş ildən çox işləməmiş orta tibb və ya əczaçılıq təhsili olan işçilər dövlət səhiyyə sisteminin müvafiq müəssisələrində hazırlıq keçdikdən və qanunvericiliyə uyğun olaraq sertifikasiya olunduqdan sonra praktiki tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olurdular.
Yeni tələblərin əhəmiyyəti nədir? Bu, tibbi xidmətin keyfiyyətinə necə təsir edəcək?
Zülfüqar Yusifov
Bakı Ağrı Klinikasının baş həkimi Zülfüqar Yusifov mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: “Səhiyyə sistemində digər sahələrdə olduğu kimi, davamlı olaraq kadrların peşəkarlığı məsələsi əsas problem olaraq qalır. Bu istiqamətdə müəyyən qanunlar qəbul olunur. Bu baxımdan son dövrlər sertifikasiya prosedurlarını yenilik kimi ortaya qoymaq olar. Mütəmadi olaraq kadrların imtahanlara cəlb olunması, kurslara cəlb olunması öz üzərlərində davamlı olaraq işləməsinə hesablanmış addımlardır.
Burada bir məsələ də var ki, kadrların peşəkarlığının çox aydın şəkildə ölçülmə düsturu və ya vahidi təəssüf ki, ortada yoxdur. Bütün dünyada bu işlər müxtəlif üsullarla həyata keçirilir. Bunlardan biri əlbəttə ki, sertifikasiya imtahanlarının mütəmadi keçirilməsidir. İkincisi, mütəmadi olaraq müəyyən kursların keçirilməsidir. Xüsusən bu günlərdə aktual olan və müzakirələrdə də xüsusi diqqət yetirilən məsələlərdən biri odur ki, kadrların mütəmadi olaraq səhiyyə nazirlərinin təsdiq etdiyi müxtəlif konfranslarda, vorkshoplarda iştirakının vacib olmasıdır. Sadəcə, düşünülür ki, bu kimi tədbirlərdə həkimlər iştirak etdikdə, onlar daha çox yeniliklərlə tanış olma imkanı əldə edirlər. Yenilikləri mənimsəmək üçün müəyyən kurslarda, vorkshoplarda da onların daha aydın şəkildə imkanları yaranır.
Belə bir təklif də var ki, hansısa bir kadr həmin 5 il ərzində bal yığarsa, yəni konfranslarda, simpoziumlarda, elmi tədbirlərdə iştirak etməklə hətta onun sertifikasiya imkanı adekvat qiymətləndirilə bilər. Çünki bu, həmin kadrın bu illər ərzində mütəmadi olaraq öz peşə səviyyəsini artırdığını və inkişaf etdirdiyini göstərir.
5 il ərzində tamamilə işləməmiş kadrların isə həm kurslara cəlb olunması, həm də sertifikasiyaya yönləndirilməsi doğru bir tələbdir. Çünki 5 il az müddət deyil və bugünkü sürətli inkişaf dövründə tibbdə baş verən dəyişiklikləri izləmək, yenilikləri mənimsəmək və ya itirilən bilik, bacarıqları bərpa etmək baxımından belə kadrların müəyyən kurslara ehtiyacı var".
Həkim əlavə edib ki, sertifikasiya imtahanı ilə fəaliyyət adekvatlığının təsdiqlənməsinə ehtiyac var: “Burada vacib olan detallardan biri hansı kursların, imtahanların olması deyil. Çox vacib olan məsələ xüsusən kursların keçirilmə səviyyəsi, kursların hansı şəkildə keçirilməsi və sertifikasiya imkanlarının daha da təkmilləşdirilməsidir. Çünki sertifikasiya imkanları təkmilləşərsə, sadəcə, müəyyən bilgiləri yox, həkim kadrların müasir təbabətin tələblərinə uyğun yiyələndiyi bilikləri optimal şəkildə dəyərləndirmək imkanı verərdi”.
Tibb Universitettinin farmokologiya kafedrasının dosenti, farmokoloq Aydın Əliyev də mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Bu və ya digər səbəbdən işləyə bilməyən insanlar, işləmək istəyirsə, qanunda da düzgün olaraq göstərilir ki, müvafiq orqanın müəssisəsində hazırlıq keçməlidir, bundan sonra sertifikasiyadan keçməlidir. Yəni o, qarşıya qoyulan elmi və praktik məsələlərin cavablarını mənimsəməlidir, sertifikasiyadan keçməlidir, bundan sonra işləməsinə şərait yaradılır. Buna çox normal yanaşılmalıdır. Bu və ya digər səbəblərdən olur ki, hansısa səbəbdən işləyə bilmir. Amma sonra özündə güc tapır və işləmək istəyir. Bu mənada qanun iki üsulla icazə verir, müvafiq tibb müəssisəsində praktikanı keçməlidir və sertifikasiyadan keçməlidir. Bu mənada müsbət yanaşıram. Bir şəxsin əczaçılıq hüququnun bərpa olunması üçün qanun imkan verir və belə vəziyyətdə olan insanlara da yol açıq olduğunu göstərir. Təki sən bu sənətin elmi praktiki əhəmiyyətini dərk edəsən”.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”
Dünyada “Erməni xəstəliyi” adı verilmiş qızdırmadan müalicə ilə bağlı məqamlar açıqlanıb.
Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir.
Qeyd edək ki, “Ailəvi Aralıq dənizi qızdırması” və ya “Erməni xəstəliyi”nin etnik mənşəli olması artıq ötən əsrin 50-ci illərində aydın olub. 1954-cü ildə Livanda tədqiqat aparan ABŞ-nin tibb professoru Hobart A.Reymann yazırdı: "Livan bu xəstəliyin tədqiqi üçün qeyri-adi imkanlar yaradır. Təxminən 1,3 milyon nəfər olan ərəb əhalisi olan ölkədə həmçinin yüz minə yaxın erməni var. Xəstəlik beş il ərzində 72 nəfərdə qeydə alınıb. Xəstələrdən 49-u erməni, 23-ü ərəbdir. Burada xəstəliyin adına “erməni” deyirlər”.
Maraqlıdır ki, Ermənistanın özündə xəstəliyə “İrəvan xəstəliyi” adı verilib.
Hazırda Ermənistanda da sakinlər arasında “Ailəvi Aralıq dənizi qızdırması” geniş yayılıb. Bununla yanaşı, cəmiyyətdə hələ də bu mövzuda müəyyən qadağa var. Hər üç və ya dörd ermənidən biri mutasiyaya uğramış genin daşıyıcısıdır. Bir genetik mutasiya ilə isə heç bir əlamət müşahidə olunmur (ailəvi Aralıq dənizi qızdırmasının simptomları iki mutasiya zamanı özünü göstərir), lakin bu, ermənilər arasında xəstəliyin yayılmasını təsəvvür etmək üçün kifayətdir.
Bununla belə, cəmiyyətdə hələ də bu xəstəliklə bağlı miflər mövcuddur. "Çox vaxt onlar xəstəliyi gizlətməyə çalışırlar; bir çoxları çəkinir, evlənə bilməyəcəklərindən qorxurlar, bu arada yalnız vaxtında aparılan müalicə nəticələrin qarşısını almağa kömək edəcək", - revmatoloq, “Nairi” Tibb Mərkəzinin Revmatoloji-İmmunologiya Xidmətinin rəhbəri Vaan Mukuçyan yerli mətbuata müsahibəsində bildirib.
Xəstəliyin son dərəcə ağır fəsadı həm qadınlarda, həm də kişilərdə sonsuzluqdur. Bu baxımdan Mukuçyan vurğulayıb ki, əgər xəstəlik vaxtında aşkar edilsə və dərman qəbul edilsə, mutasiyaya uğramış genlərin daşıyıcıları üçün uşaq dünyaya gətirmək şansı adi insanlarda olduğu kimidir.
“Erməni xəstəliyi” və ya “Aralıq dənizi qızdırması” səhhətin kəskin pisləşməsi ilə müşayiət olunur. Xəstəlik ümumiyyətlə, müxtəlif simptomlarla xarakterizə edilir. Xəstəliyin əsas əlamətləri qarın və ya döş qəfəsində ağrı ilə birlikdə temperaturun 38-40 dərəcəyə qədər artmasıdır.
Bu, müalicə edilmədikdə böyrək amiloidozuna (sümük iliyi zülalının orqanlarda düzgün olmayan formada toplanması nəticəsində ürək, böyrəklər, qaraciyər, dalaq, sinir, həzm sistemi kimi orqanların düzgün çalışmamasına səbəb olan nadir xəstəlik) səbəb ola biləcək ciddi xəstəlikdir. Buna görə həkimlər xəstəliklə bağlı kiçik şübhə olduqda israrla genetik testdən keçməyi tövsiyə edirlər. Xəstəliyin əlamətləri müşahidə olunduqda ilk növbədə, genetik qan testi vermək lazımdır. Xəstəlik təsdiqlənərsə, həkim dərmanı və onun dozasını təyin edəcək. Müalicənin ixtisaslı mütəxəssis tərəfindən təyin edilməsi çox vacibdir, xəstə heç vaxt özünü müalicə etməməlidir. Həkim həmçinin əlavə testlərin keçib-keçilməməsini müəyyənləşdirəcək.
Bu günlərdə Azərbaycanda məşhur şadlıq saraylarından birində baş verən kütləvi zəhərlənmə hadisəsi gündəm oldu.
Zəhərlənənlərin sayının 51 nəfərə çatması insanları ciddi şəkildə narahat etdi. Çünki biz azərbaycanlılar üçün toylar, ad günləri, nişanlar və digər ailəvi məclislər təkcə əyləncə yox, eyni zamanda ənənə, dəyər və həyat tərzidir. Lakin belə hadisələr göstərir ki, bu gözəl anlar bəzən təhlükəyə çevrilə bilər. Bəs belə hallardan necə sığortalanmaq olar?
Musavat.com "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:
İkili nəzarət mexanizmləri
Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi deyir ki, biznes subyektləri, restoranlar və şadlıq sarayları gigiyena və qida təhlükəsizliyi qaydalarına tam riayət etməli, personalın hazırlığına və məhsulun keyfiyyətinə xüsusi diqqət yetirməlidirlər: "Maarifləndirmə əsas şərtdir. Biznes sahiblərinə bu istiqamətdə metodiki materiallar təqdim olunmalı, maarifləndirici sessiyalar, təlimlər təşkil edilməlidir. Çünki dövlət qurumlarının mütəmadi yoxlamalar aparması, cərimələr tətbiq etməsi həll yolu deyil. Nəzarət mexanizmləri də ikili olmalıdır - ilkin mərhələdə məlumatlandırma və dəstək, ikinci mərhələdə isə ciddi nəzarət və qiymətləndirmə sistemi qurulmalıdır. Belə olarsa, həm biznesin keyfiyyətli xidmət göstərməsi, həm də vətəndaşların təhlükəsizliyi təmin oluna bilər".
Zəhərlənmə riskini artıran amillər
Mütəxəssis bildirir ki, şadlıq sarayları və restoranlar yalnız xidmət təqdim edən kommersiya qurumları deyil, həm də ictimai məsuliyyət daşıyan müəssisələrdir. Bu müəssisələrdə hazırlanan və təqdim olunan qidalar yüzlərlə insanın sağlamlığına birbaşa təsir göstərir: "Qida təhlükəsizliyi və sanitariya qaydaları isə bu sahədə əsas prioritet olmalıdır. Şadlıq saraylarında çalışan personalın peşəkarlığı birbaşa qida təhlükəsizliyinin təmin olunmasına təsir edir. Təəssüf ki, bir çox müəssisələrdə çalışan işçilər sanitariya və gigiyena qaydaları haqqında ya məlumatsızdır, ya da bu qaydalara riayət etmirlər. Kütləvi tədbirlərin keçirildiyi müəssisələrdə mətbəxlər fasiləsiz fəaliyyət göstərir. Toy mövsümlərində sifarişlərin sayı artır və bu, iş yükünün artmasına səbəb olur. Mətbəx personalının daim təzyiq altında işləməsi, bəzi hallarda qalan məhsulların növbəti tədbirdə yenidən istifadə olunması zəhərlənmə riskini artırır".
Bu restoranlarda zəhərlənmə təhlükəsi aşağıdır
S.Dübəndiyə görə, digər risk faktoru təchizat zəncirinin düzgün qurulmaması və məhsul keyfiyyətidir: "Təchizat zəncirindəki boşluqlar əsas risk mənbələrindəndir. İstifadəyə verilən məhsulların keyfiyyəti, saxlama şəraiti və tədarük prosesi tam nəzarət altında olmalıdır. Əks halda, xarab və istifadəyə yararsız məhsulların mətbəxə daxil olması qaçılmazdır. "Qida təhlükəsizliyi haqqında" qanuna əsasən, qida və yem məhsullarının istehsalı və emalı ilə məşğul olan qida subyektləri öz qida obyektlərində HACCP-a (Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri) əsaslanan prosedurları tətbiq etməli və qida təhlükəsizliyinə daxili nəzarət sisteminə malik olmalıdırlar. HACCP qida və yem məhsullarında təhlükə amillərinin müəyyən edilməsi, qiymətləndirilməsi və onlara nəzarət olunması sistemidir. Bu sistemin prinsiplərinin tətbiqinin sahibkarlar üçün üstünlükləri var. Bu sistemin tətbiq olunduğu restoranlarda zəhərlənmə təhlükəsi aşağı olur".
"Yay aylarında qida zəhərlənməsi daha çox olur"
Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, yay aylarında, xüsusilə şadlıq saraylarında qida zəhərlənmələrinin sayı çox olur: "Yüksək temperatur rejimi ərzaq məhsullarının saxlanma və hazırlanma prosesinə birbaşa təsir edir. Xüsusilə soyuducuda saxlanılmalı olan qidaların açıq hava şəraitində uzun müddət qalması, onların tərkibində kimyəvi və bioloji dəyişikliklərin baş verməsinə, nəticədə isə qida zəhərlənməsinə səbəb olur. Kütləvi məclislərdə çoxlu sayda insan üçün hazırlanan qidaların uzun müddət əvvəl bişirilməsi və düzgün şəraitdə saxlanmaması riski daha da artırır".
Yüksək risk qrupu - mayonezli salatlar
Mütəxəssis vurğulayır ki, zəhərlənmə hallarının böyük əksəriyyəti yüksək risk qrupuna aid qidalardan baş verir: "Bu qrupa ilk növbədə mayonezli salatlar daxildir. Çünki onların tərkibində bişirilmiş tərəvəzlər, zülal tərkibli ət məhsulları, ən təhlükəlisi də mayonez olur. Bu qidalar açıq havada qaldıqda, insan orqanizmində ciddi fəsadlar yaradır. Təəssüf ki, məclislərdə salatlar çox zaman bir neçə saat əvvəldən hazırlanır və masalara düzülür. Bu da onların xarab olmasına və zəhərlənməyə səbəb olur. İstifadə olunan mayonezlər də açıldıqdan sonra soyuducuda saxlanmalıdır. Bəzən restoranlarda böyük qablaşdırmada alınan mayonezlər uzun müddət istifadə olunur. Bu da təbii olaraq, zəhərlənmə riskini artırır".
Həssas orqanizmlər üçün təhlükəli qidalar
M.Hüseynova bildirir ki, uyğun olmayan yeməklərin qarışdırılması da insan orqanizmində fəsadlar yaradır: "Toy və digər məclislərdə təqdim edilən yeməklər arasında çox vaxt bir neçə növ ət, qızartmalar, əvvəlcədən bişirilmiş yeməklər olur. Belə hallarda, xüsusilə yağda qızardılmış və ya bir neçə gün əvvəl hazırlanmış ət məhsulları həssas orqanizmlər üçün təhlükə yaradır. Bu, immun sistemi zəif, xroniki xəstəliyi olan, uşaq və yaşlı insanlarda daha ağır nəticələrə səbəb ola bilər. Üstəlik, bu qidaların qazlı və ya rəngli içkilərlə birlikdə qəbulu vəziyyəti daha da ağırlaşdırır. Çünki bu içkilərin tərkibində olan kimyəvi qatqılar mədədəki problemləri dərinləşdirir və zəhərlənmə riskini artırır".
Restoranda zəhərlənməmək üçün nə etməli?
İnsanlar tez-tez toy və ya yas məclislərdən sonra mədə ağrısı, baş ağrısı kimi şikayətlərlə üzləşirlər. M.Hüseynovanın sözlərinə görə, bu da qəbul olunan qidalarla bağlıdır: "Bu simptomlar, əsasən, ya düzgün saxlanılmayan qidaların qəbulundan, ya da uyğun olmayan qidaların qarışdırılmasından qaynaqlanır. Ziyafət məclislərində zəhərlənmədən qorunmaq üçün yay aylarında mayonezli və ağır salatlardan uzaq durmalı, təzə bişmiş və süfrəyə bişən kimi təqdim olunan yemək seçimi etməli, az yağlı və daha yüngül qidalara üstünlük verilməlidir. Rəngli və qazlı içkilər əvəzinə, təbii içkilər və ya adi su seçilməlidir".
Fransada özəl xəstəxanada cərrah kişinin bədənində tibb aləti unudub.
Qarın nahiyəsindən əməliyyat olunan şəxs həkim məsuliyyətsizliyinə görə, qarnında 20 sm uzunluğunda tibbi alətin unudulduğunu öyrənib.
Təcrübə keçən gənc həkim yanlışlıqla bir tibbi aləti xəstənin bədənində unutması nəticəsində 66 yaşlı kişinin həyat keyfiyyəti aşağı düşüb.
O, qarın bölgəsində üç fərqli əməliyyat keçirmək məcburiyyətində qalıb. Xəstənin qarın nahiyəsi deformasiyaya uğrayıb./Milli.az/
Yüksək qan təzyiqini idarə etmək üçün illərdir duz istehlakını azaltmaq tövsiyə olunur. Ancaq yeni araşdırmalar bu davranışın tək başına kifayət etmədiyini ortaya qoyub.
Milli.Az xəbər verir ki, Kanadanın Vaterloo Universitetindən prof. Anita Laytonun rəhbərlik etdiyi araşdırmaya görə, kaliumla zəngin qidaların qəbulu qan təzyiqində çox daha təsirli rol oynaya bilər.
"The Mirror" qəzetində çıxan xəbərə görə, natriumu azaltmaqdansa, banan və ya brokoli kimi kaliumla zəngin qidaların istehlakı qan təzyiqinə daha müsbət təsir göstərə bilər .
Yeni tapıntılar gündəlik qida rasionumuzda kalium və natrium arasındakı tarazlığın yüksək təzyiqin idarə edilməsində əsas rol oynadığını göstərir. banan; kartof, ispanaq və avokado kimi kaliumla zəngin qidalar qan təzyiqini aşağı salmağa kömək edərkən; İşlənmiş qidalar, fast food, pizza və çörək kimi qidalar yüksək miqdarda natrium ehtiva edir.
Kalium qəbulunun artırılması orqanizmdən artıq natriumu aradan qaldırmağa kömək edir. Bu, qan təzyiqinin tarazlaşdırılmasında mühüm bir addım olaraq görülür.
Digər tərəfdən, əlbəttə; araşdırmanın nəticələri banan və avokado kimi kaliumla zəngin qidaların qan təzyiqi üçün faydalarını ortaya çıxarsa da; Yenə də duz qəbulunun azaldılması yüksək qan təzyiqi ilə mübarizənin ən təsirli yollarından biridir.