![]() |
![]() ![]() ![]() |
|
“Uşaqların müəyyən yeməklərə qarşı istəksizliyi çox zaman valideynlər üçün narahatedici olsa da, bu, əslində inkişafın təbii bir mərhələsi ola bilər”.
Musavat.com xəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”da Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, uşaq endokrinoloqu Azad Əkbərzadə açıqlayıb.
Onun sözlərinə görə, uşaqlar xüsusilə 2-6 yaş arasında “seçici yemək dövrü”nə girə bilər. Bu dövrdə onlar əvvəllər yedikləri yeməkləri birdən-birə rədd edə bilərlər:
“Uşaqların yeməyi rədd etməsi, onların öz nəzarət və müstəqillik hissini sınadığı bir dövr ola bilər. Uşaq nəzarətin onda olduğunu hiss etdikdə, süfrə ətrafındakı gərginlik azalır və daha rahat yemək davranışı formalaşa bilər. Uşaqların yeməyi rədd etməsinin səbəbləri yalnız fiziki deyil, emosional və psixoloji amillərlə də sıx bağlıdır. Yemək uşaqlar üçün sadəcə bir qida ehtiyacını qarşılamaq deyil, bəzən diqqət çəkmək, duyğularını ifadə etmək və ya nəyəsə etiraz bildirmək vasitəsi ola bilər. Uşaqların yeməyə münasibəti, ailədəki yemək vərdişlərindən və süfrə atmosferindən çox güclü şəkildə təsirlənir. Bundan başqa, uşaq valideynlərin davranışını modelləşdirir. Əgər ana və ata sağlam qidalar yeyirsə, müxtəlif qidaları dadmaqdan çəkinmirsə, uşaq da bu davranışı təqlid edir. Amma əksinə, valideyn özü seçici davranırsa və ya yemək zamanı mobil telefondan istifadə edirsə, uşaq da yeməyə diqqətini yönəldə bilmir”.
A.Əkbərzadə bildirib ki, uşaqların bəzi qidalara qarşı həssas davranışının kökündə onların bioloji və hiss orqanlarının inkişaf səviyyəsi dayanır:
“Bəzən yeməyi rədd etmə sadəcə “şıltaqlıq, ərköyünlük” deyil, uşağın bədəninin hələ hazır olmaması ilə bağlı ola bilər. Uşaqlarda dad duyğusu böyüklərlə müqayisədə daha güclüdür. Xüsusilə acı, turş və acılı dadlara qarşı çox həssas olurlar. Yeməyin qoxusu da uşaqlar üçün çox önəmlidir. İştahanın olmaması və ya itməsində qoxu duyğusu mühüm rol oynayır. Eyni zamanda, uşaqların həzm sistemi də böyüklərə nisbətən daha həssas və zəifdir. Piyli, çox duzlu, ədviyyatlı və ya ağır yeməklər uşaq üçün narahatlıq yarada bilər”.
Endokrinoloq sonda vurğulayıb ki, bu səbəblər göstərir ki, uşağın bəzi qidaları sevməməsi bəzən sadəcə “istəksizlik” deyil, onun bədəninin və duyğu orqanlarının təbiəti və inkişaf səviyyəsindən asılı olur:
“Uşağın bu fərqliliyini anlamaq və səbirlə yanaşmaq, qida münasibətinin müsbət yöndə dəyişməsinə kömək edə bilər”.
Musavat.com
Şərqi Anadolunun yüksək yaylalarından toplanan və xalq arasında "ışkın", "ırgın" və ya "uçkun" kimi tanınan bu bitki, xərçəngin müalicəsində perspektivli təsiri ilə dünya tibb ictimaiyyətinin diqqətini cəlb edib. Təbii şəraitdə yetişən bu bitki artıq yalnız regional dəyər deyil - beynəlxalq sağlamlıq resursuna çevrilməkdədir. Bu bitkinin latın dilində adı "Rheum ribes"dir.
Atlanta Universitetində aparılan tədqiqatlar ışkının tərkibindəki maddələrin xərçənglə mübarizədə təsirli ola biləcəyini göstərib. Bu nəticələr bitkinin yalnız xalq təbabətində deyil, həm də müasir tibbdə istifadə olunma ehtimalını gücləndirib. Həmin araşdırma ışkını qlobal sağlamlıq gündəminə gətirib və onun ABŞ də daxil olmaqla bir çox ölkədə maraqla qarşılanmasına səbəb olub.
Sağlamlığa faydaları nədir?
Işkın yüksək miqdarda C vitamini ilə yanaşı, A, B1, B2, E və K vitaminləri ilə də zəngindir. Bu bitki təravətli şəkildə istehlak edildikdə həzmi asanlaşdırır, ürəkbulanmanı aradan qaldırır və immun sistemini gücləndirir. Qripal infeksiyalar və hərarətə qarşı da faydalı təsirləri ilə tanınır. Yerli əhali illərdir müxtəlif xəstəliklərin müalicəsində bu bitkidən istifadə edir və son araşdırmalar bu ənənəvi biliklərin elmi əsaslarını ortaya qoyub.
Tələbat artır, qiymətlər dəyişir
Ərzincanda uzun illərdir dağlardan ışkın toplayıb satan yerli sakinlərdən biri, İsa Kurt bildirir ki, bu bitkiyə son dövrlərdə maraq əhəmiyyətli dərəcədə artıb. Təkcə Şərqi Anadolu bölgəsindən deyil, Türkiyənin qərb bölgələrindən də alıcılar gəlir. Tələbat artdıqca, satışlar da artır, amma yaxın vaxtlarda məhsul bolluğu səbəbilə qiymətlərin nisbətən aşağı düşəcəyi gözlənilir.
Sağlamlıq sirlərinin sərhədləri aşması
Bir vaxtlar yalnız dağ kəndlərinin təbii sərvəti olan ışkın, indi beynəlxalq tibb dairələrinin maraq göstərdiyi bir müalicə vasitəsinə çevrilib. Xərçəng müalicəsində potensialı ilə bağlı aparılan araşdırmalar bu bitkini sadəcə lokal deyil, qlobal bir sağlamlıq ümidinə çevirib. Hazırda yerli əhali ışkını daha intensiv şəkildə yığaraq həm iqtisadi, həm də tibbi baxımdan bu fürsətdən yararlanmağa çalışır./E-saglam.az
"Alkoqol şəkərli diabetdən əziyyət çəkən insanlar üçün inanılmaz dərəcədə təhlükəlidir".
Bunu "Veçernyaya Moskva" nəşri ilə söhbətində həkim-endokrinoloq və genetik Kristina Kuznetsova deyib.
Mütəxəssis xəbərdarlıq edib ki, spirt mühüm orqanların işini pozur, onlardan biri məhz şəkər xəstələri üçün zəruri olan insulin istehsal edir.
"Alkoqol şəkərli diabetdən əziyyət çəkən insanlar üçün çox qorxulu bir şeydir. O, ölümə səbəb ola bilər, çünki o, insulin istehsal edən qaraciyər və mədəaltı vəzinin fəaliyyətini pozur", - deyə K. Kuznetsova izah edib.//Oxu.az