Ardını oxu...
Qərb-İrəvan yaxınlaşmasına ölkə daxilində ciddi müqavimət var

ABŞ və Avropa İttifaqının Cənubi Qafqazda əsas prioritetlərindən biri Ermənistanın Rusiyadan siyasi, iqtisadi, hərbi asılılığını azaltmaq, Azərbaycana qarşı müqavimət potensialını artırmaq və İrəvanın Qərbə inteqrasiya kursuna hərtərəfli dəstək verməkdir. Vaşinqton və Brüssel Azərbaycanla düyünə düşən sülh müqaviləsinin imzalanmasını prosesin əsas hərəkətverici qüvvəsi hesab edir. Bu istiqamətdə diplomatik fəallıq yüksək səviyyəyə qaldırılıb, regionda təsiredici imkanları olan başqa ölkələrin (Türkiyə, Böyük Britaniya) potensialından da istifadə olunur.

Ermənistan rəhbərliyinin Avropa (Aİ) İttifaqına üzvlüklə bağlı danışıqlara hazır olması barədə bəyanatının, Avropa Parlamentinin Brüsseli prosesə başlamağa çağırmasının ardından ABŞ və Aİ rəhbərliyi İrəvanla strateji planlaşdırma görüşünə qərar verdi. Aprelin 5-də ABŞ Dövlət katibi Entoni Blinken və Ursula Von der Leyen Baş nazir Nikol Paşinyanla Brüsseldə görüşəcəklər.

Erməni rəsmiləri 5 aprel görüşü barədə nə deyirlər?

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib ki, görüşdə üçtərəfli əməkdaşlıq yollarının müzakirəsi planlaşdırılır. Qriqoryanın sözlərinə görə, görüş həm də Ermənistanın müqavimət potensialını gücləndirmək məqsədi daşıyır.

Dövlət Departamentinin sözçüsü Metyu Miller isə bəyan edib ki, Paşinyan-Blinken-Von der Leyen görüşündə siyasi, iqtisadi və ya təhlükəsizlik sahələrində dəstəyin nəzərdən keçiriləcəyi gözlənilir.

Ermənistan parlamentinin sədri Alen Simonyan bu gün jurnalistlərə bildirib ki, hazırda Ermənistan Avropa İttifaqına üzvlük ərizəsinə baxmır. “Bu o demək deyil ki, biz ərizəni verib Aİ-yə namizəd olmağı gözləyirik. Müzakirə edirik, başa düşürük ki, Ermənistanda görüləsi çox işimiz var. Yaxın qonşularımız kimi illərlə gözləmək istəmirik, ona görə də ölkədə bir çox standartlar dəyişdirilməlidir”, – o, əlavə edib.

Ermənistanın “yeni dostları”nın hesabatı və Bakıdan cavab

Bu arada NATO-nun keçmiş baş katibi erməni lobbisi ilə fəal əməkdaşlıq edən Anders Foq Rasmussenin rəhbərlik etdiyi “Ermənistanın Dostları Şəbəkəsi”nin yaydığı hesabat diqqət çəkir. Bu təşkilatda lobbi ilə əməkdaşlığa cəlb olunmuş sabiq avropalı diplomatlar və siyasətçilər toplaşıb.

Hesabatda vurğulanır ki, Aİ Ermənistana namizəd statusu təklif etməyə hazır olduğunu açıq şəkildə bildirməlidir və bu, mühüm siqnal olacaq. Bundan başqa, Avropa diplomatlarının Ermənistanla bağlı daha bir neçə tövsiyəsi var:

Ermənistana Aİ-yə namizəd statusu təklif edilməlidir;

Avropa Sülh Fondundan Ermənistana vəsait ayrılmalıdır;

Aİ üzv dövlətlərindən ikitərəfli hərbi yardımın artırılması vacibdir;

Ermənistanın müdafiə qabiliyyətini gücləndirmək üçün birgə hərbi təlimlər keçirilməlidir;

Təhlükəsizlik sektorunda islahatlar aparılmalıdır;

Ermənistanın sərhədləri üzərində nəzarətinin gücləndirilməsi vacibdir;

Ermənistanı Avropa Enerji Birliyinə üzv olmağa dəvət edilsin;

İrəvanla viza rejiminin liberallaşdırılması ilə bağlı dialoqa başlanılsın” və s.

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə bu hesabatı sərt tənqid edib. “Hesabatda bütün faktların təhrif olunduğu, böhtan xarakterli və tamamilə əsassız müddəalar Azərbaycan əleyhinə aparılan qarayaxma kampaniyasının tərkib hissəsidir. Bu müddəalar, Ermənistanla Avropa İttifaqı arasında münasibətlərin dərinləşdirilməsinə yönəldiyi iddia olunan sözügedən hesabatla bağlı ciddi suallar doğurur. Əslində bu, absurd təbliğatdan başqa bir şey deyil”, – nazirliyin rəsmi nümayəndəsi bildirib.

Onun sözlərinə görə, bundan əlavə, hesabatın 5 aprel tarixində keçiriləcək ABŞ-Aİ-Ermənistan üçtərəfli konfransı ərəfəsində ictimaiyyətə açıqlanması, sözügedən hesabatın və onu imzalayan sabiq rəsmilərin əsl niyyətlərini üzə çıxarır.

“Bizi oda atma” xəbərdarlığı

Ermənistanın daxilində ölkənin Qərblə sürətli yaxınlaşma cəhdlərinə münasibət birmənalı deyil. Müxalifətdəki əsas qüvvələr hakim partiyanı ölkəni ciddi təhlükəsizlik riskləri ilə üz-üzə qoymaqda ittiham edirlər.

Eks-prezident Serj Sarkisyanın lideri olduğu “Mənim şərəfim var” partiyasının deputatı Tiqran Abramyan bildirib ki, hakim gücün Ermənistanın Avropa gələcəyi ilə bağlı planı onların sülh proqramına bənzəyir, bunun təhlükəsizliklə heç bir əlaqəsi yoxdur. “Sonrakı illər göstərdi ki, onun Ermənistanla, Ermənistan ətrafında gedən proseslərlə, erməni xalqının başına gələnlərlə, ümumiyyətlə, reallıqla heç bir əlaqəsi yoxdur”, – deputat vurğulayıb.

Tiqran Abramyan Ermənistanın Avropa İttifaqına doğru atdığı addımların qarşılığında real problemlərin öhdəsindən gəlməyə təminat olmadığı əlavə edib: “Ermənistan hakimiyyətinin bu gün vəd etdiyi şey təhlükəsizlikdir. Amma Aİ ilə mövcud gündəm bu çağırışlara heç bir şəkildə uyğun gəlmir”.

“Ermənistan” fraksiyasının rəhbəri Seyran Ohanyan bildirib ki, hazırda onlar belə bir gündəmi müzakirə etmirlər. “Balanslı siyasət yürütmək Ermənistanın həyati maraqlarına cavab verir”, – o əlavə edib.

Birinci prezident Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresi Rusiya ilə münasibətlərin pisləşdiyi indiki mərhələdə Ermənistanın Avropa İttifaqına daxil olmaq ərizəsini həm təhlükəsizlik, həm də iqtisadiyyat baxımından riskli hesab edir.

“Ukrayna, Gürcüstan və Moldovanın təcrübəsi göstərməli idi ki, qeyri-münasib şəraitdə və uyğun olmayan zamanda atılan addımlar nə qədər böyük insan həyatı, ərazi və iqtisadiyyat itkiləri ilə bağlıdır. Qlobal münaqişənin indiki misli görünməmiş vəziyyətində bu risklər çoxalır”, – təşkilat bildirib.

Konqresə görə, hökumət Ermənistanın Avropa İttifaqına üzv olmaq üçün müraciətindən sonra yaranan təhlükələrin hesabını ictimaiyyətə təqdim etməlidir. “Həmin risklərin və çağırışların aradan qaldırılması üçün təminatların əsaslandırılması, təhlükəsizlik və iqtisadiyyat sahəsində bütün çağırışların öhdəsindən gəlmək üçün zəruri olan real tədbirlər proqramından söhbət gedir”, – Erməni Milli Konqresinin bəyanatında deyilir.

Bakı: “ABŞ və Aİ Ermənistana görə məsuliyyət daşıyacaqlar”

Azərbaycan da Ermənistan hakimiyyətinin Qərblə münasibətlərindəki dinamikanı izləyir və prosesin regiondakı sülh imkanlarına zərbə vurğunu bəyan edir.

“Avropa İttifaqı və ABŞ tərəfindən bu kimi fəaliyyətlər açıq şəkildə birtərəfli və qərəzli xarakter daşıyır və ikili standart yanaşmasına əsaslanır. Sözügedən konfrans tam şəffaf şəkildə keçirilmir, regional inklüzivlikdən məhrumdur və regionda təşviq edilən və çox ehtiyac duyulan etimad quruculuğuna və inteqrasiyaya ziddir. Bu konfrans, erməni tərəfini xoş niyyətlə danışıqlara sövq etmək əvəzinə, regionda yeni bölücü xətlər və dırnaqarası təsir dairələri yaradır”, – XİN-in rəsmi nümayəndəsi Ayxan Hacızadə bildirib.

Onun sözlərinə görə, Ermənistandakı revanşist əhval-ruhiyyə fonunda Vaşinqton və Brüssel tərəfindən bu kimi açıq ermənipərəst ictimai təzahür Ermənistanın Azərbaycana qarşı yenidən mümkün təxribatlarında Aİ və ABŞ-nin Ermənistanı dəstəkləyəcəyinə dair bu ölkədə təhlükəli illüziya yarada bilər. “Bu halda, Aİ və ABŞ Ermənistanın sabitliyi pozan hər hansı mümkün hərəkətinə görə məsuliyyəti bölüşəcəklər”, – o əlavə edib.

Nazirliyin nümayəndəsi bütün tərəfləri sülh səylərinə əks təsir göstərən və regionda yeni eskalasiya və gərginlik dalğalarına səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.

Beləliklə, Ermənistan rəhbərliyi aprelin 5-də Qərb liderləri ilə strateji planlaşdırma görüşü ərəfəsində həm ölkə daxilindən, həm də Azərbaycandan ciddi xəbərdarlıq alıb. İrəvanın əsas “müttəfiqi” Rusiya rəhbərliyinin başı isə hələlik qarışıqdır, yəqin ki, yaxın günlərdə onların reaksiyası olacaq. Paşinyan komandasının bu görüşdən imtina etməsi inandırıcı deyil, amma onun təbliğat-təşviqatını mümkün qədər azaldıb, qıcıq yaratmayan notlar üzərində ritorikaya üstünlük verəcəyi ehtimal olunur. Daha sonra aprelin 5-ə qədər Azərbaycanın işğalda olan 4 kəndinin boşaldılması ilə bağlı real addımlar atıla bilər. Əslində bu məsələnin indiki məqamda gündəmə gətirilməsi təsadüfi deyil, Bakının Qərblə birtərəfli görüşə sərt reaksiyasını yumşaltmaq məqsədi daşıyır.

Turqut
pressklub.az
 
Ardını oxu...
İranın Azərbaycana qarşı “B”oris planı” işə düşdü – Yeni münaqişə cəhdi
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısına sui-qəsd planının qarşısı alınsa da, prosesin pərdəarxası məqamları aktual qalır. Hadisə üzdə icra başçısına sui-qəsd kimi görünür, lakin fərqli məqsədləri özündə ehtiva edir.
Fikrimcə, sui-qəsdin arxasındakı ölkə İrandır. Əslində, Tehran Azərbaycanla bağlı siyasətində korrektələr edib, daha doğrusu, buna məcbur olub. Belə ki, bu günə qədər İran ölkədəki şiə inanclı şəxsləri hədəf alır, onlar üzərindən daxildə sabitliyi pozmağa, dini ekstremizmi, radikallığı artırmağa çalışırdı. Lakin DTX-nin keçirdiyi ardıcıl əməliyyatlar fonunda Tehranın ölkəmizdəki agentura şəbəkəsinə ciddi zərbə vuruldu.
İranı Azərbaycan siyasətində korrektəyə məcbur edən məhz budur. Tehran buna görə də “B” planını aktivləşdirib: söhbət “talış kartı”ndan gedir.
Məsələnin daha anlaşılan olması üçün deyim ki, bir müddət öncə İranın Rəşt şəhərində İslam Azad Universitetində “Talış – İran mədəniyyəti və tarixinin aynasında” adlı konfrans keçirildi. Konfransda əsas məruzəçi qismində çıxış edən şəxs Boris Talışinski idi. Bu şəxs özünü qondarma “talış muğan respublikası mühacir hökumətinin prezidenti” kimi təqdim edir. Hətta özünü “Ələkrəm Hümbətovun varisi” adlandırır.
İndi isə qayıdaq sui-qəsd cəhdinə. Bu konfransdan qısa müddət sonra Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısına sui-qəsd cəhdi edilib. Bundan başqa, regionda ingilis dili dərsi keçən xarici ölkə vətəndaşlarına qarşıda sui-qəsd cəhdinin qarşısı alınıb.
Sui-qəsd baş tutsaydı, ciddi rezonas doğurar və daxili sabitliyi pozardı. İran və onun dəstəklədiyi Boris Talışinski, habelə “talış muğan respublikası mühacir hökuməti” geniş şəkildə bundan istifadə edər, öz prestijlərini artırmağa çalışardı.
Xoşbəxtlikdən DTX-nin operativ və yüksək dəqiqliklə keçirdiyi əməliyyatlar nəticəsində sui-qəsd baş tutmadı və Rusiya Federasiyasının Murmansk şəhərində yaşayan 1988-ci il təvəllüdlü Əskərov Bəhruz Əliməmməd oğlu saxlanıldı.
Həmin şəxsin Rusiyada yaşaması diqqət çəkir. Görünür, DTX-nin keçirdiyi ardıcıl əməliyyatlar fonunda Azərbaycandakı İran agenturasına düşündüyümüzdən də çox zərbə vurulub. Buna görə də məlum hadisə kimi cəhdlərə xarici ölkələrdə yaşayan azərbaycanlılar da cəlb edilir. Təəssüf ki, Tehran, Rusiya, Türkiyə, Mərkəzi Asiya, habelə Yaxın Şərq ölkələrindən ölkəmizə ekstremist ixracına başlayıb.
Bütün bunlara baxmayaraq, İranın “talış kartı”ndan istifadə planın uğurlu olacağını düşünmürəm:
Birincisi, talışlar Azərbaycan cəmiyyətinin bir parçasıdır və separatçı meyilləri yoxdur. Talışlar İkinci Qarabağ müharibəsi başda olmaqla, bir çox əməliyyatlarda aktiv iştirak edib şəhidlər verib. Azərbaycançılıq şüuru talışlarda yüksək səviyyədədir.
İkincisi, DTX və digər xüsusi xidmət orqanları operativ və peşəkarlıqla fəaliyyət göstərirlər. DTX-nin keçirdiyi son əməliyyat da daxil olmaqla görülən tədbirlər bir daha onu deməyə əsas verir ki, ölkədə iğtişaş törətmək, separatçı meyilləri yüksəltmək, habelə terror törətmək mümkünsüzdür.
Üçüncüsü, pandemiya ilə əlaqədər ölkə sərhədləri bir müddətdir bağlıdır. Aydın məsələdir ki, pandemiya ilə paralel bu həm də ehtimal terror və bu qəbildən olan təhdidlərin qarşısını almağa hesablanıb. Hesab edirəm, ölkəmizə qarşı atılan destruktiv addımlar, habelə Rusiyada baş verən terakt fonunda sərhədlər bir müddət bağlı qalmalıdır. Belə olan halda İran kimi ölkələrin planları reallaşmayacaq.
Müəllif: Politoloq Turan Rzayev
Ardını oxu...
Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumata əsasən, Azərbaycanda terror aktları planlaşdıran şəxslər ifşa olunublar, həbs edilən var.
Diqqətçəkən məqam terrorun planlaşdırılmasıdır.
Belə ki:
- Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov,
- Azərbaycanın bəzi rayonlarında fərdi qaydada ingilis dili müəllimi kimi fəaliyyət göstərən ABŞ vətəndaşı sui-qəsd subyekti kimi seçiliblər.
Bu o deməkdir ki, iki paralel terror əməliyyatları ilə:
1. Həm ölkənin daxilində təhlükəsizlik boşluğunun olduğu mənzərəsini yaratmaq planlaşdırılıb;
2. Digər tərəfdən, xarici ölkələrdən Azərbaycana qarşı təhlükəsizliyin təmin edilməməsi ilə bağlı qınaqların səslənməsi hədəf seçilib.
DTX-nin yaydığı videoda terrora hazırlıqda şübhəli bilinən şəxslərin ifadələri onların hansı mərkəzdən təlimat aldıqlarını da aktuallaşdırır.
Seçilən hədəflər və məkanlar özü də təsadüfi deyil və yəqin ki, planlaşdırılan terrordan sonra prosesin idarə olunması üçün informasiya təbliğatı da hazırlanıb. Şübhəsiz ki, törədiləcək hadisələrin icraçılarına motivasiyanı başqa qüvvələr veriblər. Beləcə, həmin şəxslər ortada proksi qüvvə kimi hərəkətlənib əmr aldıqları yerlərin könlünü xoş tutmaq istəyiblər.
Ancaq Azərbaycan təhlükəsizlik orqanları əldə edilən kəşfiyyat məlumatları ilə təhdid mənbələrini aradan qaldırmağı bacararaq terrorun parlaq gələcək qazanmasına imkan verməyiblər.
Bundan sonra Azərbaycanın kəşfiyyat orqanları terror hədəfi kimi seçiləcək bütün kritik sektorları daha mükəmməl müdafiə etmək qabiliyyətini nümayiş etdirəcəklər.
Çünki regionda terrorçuluq fəaliyyətinin canlandırılması cəhdləri müşahidə edilməkdədir ki, Bakı da buna qarşı resurslarını səfərbər etmək vəzifəsinin icrasını sürətləndirir.
Terrorun seçim imkanlarından tamamilə məhrum edilməsi Azərbaycanın qarşıya qoyduğu təhlükəsizlik vəzifəsidir.
Ona görə düşünmək üçün yetərli səbəb var ki, Azərbaycan strateji müttəfiqi Türkiyənin və strateji tərəfdaşlarının kəşfiyyat dəstəyi ilə terrorun mənşə kimi çıxdığı marşrutları zədələməkdə maraqlıdır.
Azərbaycan həmin məntiqdən yola çıxaraq regionda terrora qarşı strateji hegemonluq təmin edilməsi üçün tərəfdaş dövlətlərlə intensiv danışıqlara başlaya bilər.
Bu, regionda qorxunc küləklərin əsməməsi üçün vacibdir və perspektiv üçün antiterror müqavimətinin effektivliyini təmin edir.
Aqşin Kərimov
Ardını oxu...
Makronun Baş Naziri Qabriel Attal “Fransanın (?) Erməni Təşkilatlarının Əlaqələndirmə Şurası”nın illik tədbirində Azərbaycanla bağlı növbəti dəfə cəfəng fikirlər söyləyib və ölkəmizə qarşı sərgilənən hücumun davamını gətirib.

Lütfən, öncə təşkilatın adındakı girişə diqqət edin: Fransanın erməni təşkilatlarının...

Bəli. Eynən yazılan kimidir. Bunlar artıq gizlənməyə, prosesi diplomatiya, humanitar sfera, beynəlxalq hüquq-filan üzərindən yürütməyə ehtiyac görmürlər. Elə açıqca deyirlər ki, bizim təşkilatdır.

Qərbin Avropadakı vassalı olan Fransanın təxribatçı gedişləri heç şübhəsiz, ümumilikdə Qafqaz siyasətinə təsir məqsədi daşıyır. Və Gürcüstan, Ermənistan məlum kontekstdə çoxdan neytrallaşdırıldığına görə hədəfdə yalnız Azərbaycandır. Üstəlik, Qarabağ ermənilərinin son mitinq şousu da (Fransada qeydiyyatdan keçən 4 QHT tərəfindən maliyyələşdirilib) ,“söyüş müxalifəti” adlandırdığımız qüvvələrin planlı strategiya üzrə hərəkətliliyi də (bloqer adı ilə fəaliyyət göstərən anti-milli ünsürlərə yalnız Fransanın xüsusi xidmət orqanları tərəfindən ayda 220 min avro ödənilir), Elşad Abdullayevdən ta Qubad İbadoğluna qədər qət edilən provokativ xətt də (xüsusi “yetişdirilmiş” kadrların siyasi camiəyə professor, alim adı ilə sırınmasını nəzərdə tutub) məlum qəbildəndir.

Köhnə üsulllar isə artıq keçmir. Məsələn, Arif və Leyla Yunusların “priyom”ları! Xatırlayırsınızsa, Fransa bu iki nanəcibə ölkədən qaçmaq üçün 3 saat ərzində viza düzüb-qoşmuşdu. (Halbuki, xaricə səfər edənlər yaxşı bilir: Azərbaycanda tarix boyunca ən çətin viza Fransa səfirliyindən alınıb və bu, minimum 1 ay çəkib) Daha sonra isə Parisdən gələn tezislər əsasında ər-arvadın səhhət mövzusu ön plana çıxarıldı və deyilənlərə inansaydıq, Arifin təzyiqi onun yalnız 2-3 gün yaşamasına imkan tanıyırdı. Fəqət, həbsdən çıxandan, ölkədən qaçandan sonra həmin Arif dönüb oldu turp. Təzyiq-filan da yadına düşmədi. Və anındaca başladı, məskunlaşdığı Fransadan Azərbaycana qarşı hədyanlar yağdırmağa.

İndi də İbadoğlu ilə bağlı eyni plan işə salınıb. Ki, guya səhhətində ciddi problemlər var. Qarşına hansı avropalı çıxır, birinci onu soruşur. Baxmayaraq, heç adını belə düzgün tələffüz edə bilmirlər. Amma təlimatdır! İcra olunmalıdır. Tapşırıq belədir. “FETÖ”-dən “Azad söz”ə qədər cilalanan terror şəbəkəsinin, “Abzas Media” və “Toplum TV”-dən “OCCRP”ə qədər uzanan təxribatçı quyruğun, Monpelyedən Londona, Rustavidən Pensilvaniyaya qədər böyük coğrafiyanı əhatə edən şəbəkənin koordinatoru olarkən şəkər, təzyiq, səhhət-filan yada düşmədi, amma həbsə atılan kimi adamın bütün xəstəlikləri anidən, ressidiv formada üzə çıxdı...

Qəribədir, deyilmi?

Bu arada. Xüsusən prezidenti, onun ailəsini, ölkənin siyasi elitasını hədəf alan “youtuber” qiyafəli cinayətkarların 90 faizi Fransada qərarlaşıb. Elə pul bölgüsü də Parisdə aparılır, oradan dağıdılır və Gürcüstanın 3 bankı üzərindən Bakıya ötürülür.

Növbəti fakt: FETÖ-nün Pensilvaniya-London-İstanbul tranziti fiaskoya uğrayandan sonra şəbəkə özünə yeni marşrut seçmişdi: Pensilvaniya-Nitsa-Hamburq-Bakı. Amma 2019-cu ildən dövriyyəyə buraxılan bu qatarın da “sərnişinləri” onlara göstərilən “etimad”ı doğrulda bilmədi və Parlament seçkilərinə qatılan, hətta ən kiçik həcmli görüşləri barədə belə bəlli dairələrə faksla məruzələr edən (niyəsə telefonla, sms-lə, digər üsullarla deyil, məhz faksla!) missionerlər – hansı ki, ən az 60 dairədə namizəd kimi qeydiyyatdan keçmişdilər - acınacaqlı məğlubiyyətlə qarşılaşdılar.

Ardınca isə “araşdırmaçı” mafiyasının izinə düşüldü və Xədicənin “çocukları” tərkisilah edildi. Niyə tərkisilah deyirəm? Çünki onların qələmindən süzülən dezolar, iftiralar, yalanlar ən ağır terrorçunun əlindəki silahdan daha təhlükəlidir. Çünki Qərbin, Avropanın pulları ilə Azərbaycana qarşı tuşlanan güllənin ən qorxulusu “özümüzünkü” tərəfindən şərəfsizcə atılandır. Çünki kamikadze ruhlu zavallıların, beyni yuyulmuşların itirəcəkləri heç nə olmur və onların üzərinə bağlanan bombalar – ha “media” bəzəkli olsun, ha “araşdırmaçı”, fərq etməz – bütün hallarda zərərsizləşdirilməlidir!

Və inanın. Bu sadəcə başlanğıcdır. Qarşıda nələr var, nələr. Hələ İstanbulda həbs olunaraq Bakıya gətirilən və son vaxtlar gözdən itən adamın ifadələri, söyləyəcəkləri var...Hələ “abzasçılar”dan, “toplumçular”dan sonra məlum qüvvələrə çalışan və media adı altında fəaliyyət göstərən digərlərinin “qələt elədim” mərasimi var.... Hələ hər xəyanət daşının altından boylanan Qərbin, Avropanın, Fransanın təkzibedilməz sübutlarla ifşası var...

***

Əlqərəz. Günümüz bax budur.

Bir yanda sapı özümüzdən olan baltalarla vuruşmalıyıq.

Digər yanda isə...dövlətimizə dil uzadan, qələbəmizi və gücümüzü heç cür həzm edə bilməyən namərd ordusu ilə!

Tanrı Azərbaycanımızı qorusun...

Elşən Musayev, Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri.

demokrat.az
 
Ardını oxu...
SEPAH mediası baş vermiş hadisəyə antitürk mövqeyindən yanaşıb

Tehran hakimiyyətinin əsas məqsədlərindən biri də türk adının mümkün qədər az işlədilməsi, ölkədə bu adın daha az xatırlanması, yaddaşlardan silinməsidir. Bu rejim Azərbaycan türklərini farsların bir qolu sayaraq, azəri adlandırır. Körpələrə türk adlarının verilməsini yasaqlayır, orta məktəblərdə türk dilinin tədrisini qadağan edir. Baxmayaraq ki, həm ana dilinin tədrisi, həm də bütövlükdə milli mədəniyyətin inkişafı ölkə konstitusiyasında təsbit olunmuş hüquqlardandır. Dil yasağı kimi, milli mədəniyyətin inkişafı da Tehran hakimiyyətinin təzyiqinə məruz qalan sahələrdəndir.

Bu günlərdə türk dünyası, eləcə də İran da daxil olmaqla, bir sıra şərq ölkələrində müxtəlif xalqlar birgə bahar bayramının sevincini yaşayıb, şadyanalıq edirlər. Başqa etnoslardan fərqli olaraq, türklər həm də baharın gəlişini müjdələyən ilaxır çərşənbəni də qeyd edirlər.

Tehran hakimiyyəti İlaxır Çərşənbənin keçirilməsinin qarşısını almaq üçün illərlə onu ləkələyib, təhrif edib. Hətta İlaxır Çərşənbəni qeyd etməyin küfr olduğunu deməkdən də çəkinməyib.

Builki bayram da türklərə təzyiqsiz keçmədi. Bayram günlərində yumurta bəzənməsi bir gələnəkdir. Qədim türk yazısı ilə yumurtalar bəzədilib, insanlar arasında paylanıb. Yumurtaların üzərinə Azərbaycan milli geyimində kişi rəsmi və qədim yazı ilə türk sözü yazılıbmış.

Tehranın yerli nümayəndələri bu bəzəkli yumurtaları ərazilərdən yığışdırıblar, bildiriblər ki, bu, İranın “təhlükəsizliyinin təhdid edilməsidir”. Təbii ki, rejimin belə davranışı Novruz bayramının ruhuna və fəlsəfəsinə ziddir. Çünki İran hakimiyyətinin istəyindən asılı olmayaraq, bu ölkədə türklər farslardan daha qədimdir və ölkənin əsl sahibi sayılırlar. Bu ölkədə bütün yeniliklər və mütərəqqi hadisələr onun adı ilə bağlıdır. Türk sözü, qədim türk yazısı, latın qrafikası, ərəb əlifbası ilə yazılmasından asılı olmayaraq, bir məna verir və bir etnosu ifadə edir. Həmin söz ərəb əlifbası yerinə Çin heroqlifi ilə yazılsaydı da türk adının mənanı ifadə edəcəkdi. Mahmud Qaşqarlı yazırdı ki, türk adı onlara tanrı tərəfindən verilib, mənası gözəl insan, gənclik, güc, qüvvə deməkdir. Bu kimi müsbət emosiyaları özündə ehtiva edən bir sözə qarşı fars şovinizminin nifrəti və kini onun xəbis xislətindən irəli gəlir.

Tehranın yetişdirdiyi nəsil hər addımbaşı türkləri həm də şərləyir. Moskvada “Crocus City Hall”a edilən hücumu da İran-İslam İnqilab keşikçiləri qvardiyasının (SEPAH) informasiya mənbələri antitürk mövqeyindən dəyərləndiriblər. SEPAH-çı resurslar bildirirlər ki, Rusiyanın Qafqazda etdiyi silsilə səhvlər belə bir hadisə ilə nəticələnib. Onlar Zəngəzur yolunu “Turan dəhlizi” adlandıraraq, Rusiyanı bu ideyanın reallaşmasına imkan verməməyə çağırıblar. Bu barədə onlara məxsus teleqram kanalları yazıb: “Bu yol etnik separatçı terrorçular üçün dəhliz olacaq. Belə hücum Bakı və Ankara tərəfindən dəstəklənən mərkəzi Asiyadan ekstremistlər o cümlədən kafirlər reallaşdıra bilər”.

Göründüyü kimi, İran hakimiyyətinin əsas dayağı sayılan SEPAH Azərbaycan və Türkiyəni hər fürsətdə ləkələyir və şantaj edir. Ancaq sirr deyil ki, İran hakimiyyətinin özü dünyaya terrorçu ixrac edir. Vaxtı ilə Tacikistan prezidenti İmomali Rahmon ölkə vətəndaşlarından İranda təhsil alan övladlarını geri çağırmalarını istəmişdi. O, bildirmişdi ki, tacikistanlı uşaqlar İranda təkcə təhsil almır, eyni zamanda terror təlimi keçirlər. Elə “Crocus City Hall”a olunan hücumda da Tacikistan vətəndaşlarının adı hallanır.

Türk adını yasaqlayaraq İranda kin, nifrət yayan Tehran hakimiyyəti terrorçular yetişdirib, terrorizmi yaymaqla bu mənfi münasibətini bütün dünyaya elan edir. Odur ki, Moskvada baş verən bu hadisədə tacik izi varsa, böyük ehtimalla, bu, Tehran terror məktəbinin törəməsidir.
Sədrəddin Soltan
pressklub
 
 
 
Ardını oxu...
2018-in aprelində dünyanın ən sevmədiyim paytaxtında - Moskvadaydım. Rusiya çapında çox önəmli bir tədbirdən reportaj hazırlayacaqdım.
Bakıdan tək uçdum. Taksi, otel… İçəri girdim…, rəhmətlik Kamil Vəli Nərimanoğlu Türkiyədən bərabər gəldiyi heyətlə lobidə. Bəh… Axan sular duruldu, kefim kökəldi… Daha mənim yuxarıda nə işim? Neçə il idi qiymətli müəllimimi görmürdüm. Görüşdük, sevindik, İstanbul və Ankaradan gələn alimlər, hüquqşünaslarla tanış oldum sayəsində. Getdik çay içməyə.
Bu arada otel çalışanları çantalarımı alıb otağa qaldırdılar, açarımı da verdilər. Yanımda sadəcə içərisində pasport və 1-2 əşya olan kiçik əl çantam qaldı. 1 saat sonra Kamil hoca dedi, yol yorğunuyam, mənə müsaidə. O qalxandan 10-15 dəqiqə sonra “məclis” dağıldı.
Mobil telefon kartım yanmışdı deyə, oteldən çıxıb üzbəüz TM-nə keçdim Bilayndan, MTC-dən… hansını tapsam kart alım. Elə girişdə gördüm MTC. Amma birinci pul dəyişməliydim. ABŞ-ın yaşıl kağızını verdim, rusların kifir pullarını aldım, getdim kart dalınca. Öz adıma 1 nömrə aldım, ikincisini də hədiyyə verdilər. Sistem donmuşdu deyə, MTC-də karta pul yükləmək alınmadı. Qalxdım ikinci mərtəbəyə Rusiyanın “Milliön”ünü tapdım, pul köçürdüm. Nömrəm açıldı. Bir az dükanlara baxdım, qiymətlərdən şoka düşdüm, çıxdım havaya.
Yaz, Moskva, ağaclar yaşılın açıq tonunda, yağış hər yeri yuyub, sərçələrin söhbəti aləmi bürüyüb, masmavi səmada topa-topa ağ buludlar. Bir az gəzdim.
Axşam da heyətə xoşgəldin ziyafəti var - amma hələ 4-5 saat sonra. Bir də gördüm, what’s up zəngi. Moskvadakı əziz dostlardan biri… Yer bildirimi at, maşın göndərirəm keçək “Azərbaycan” restoranına, dedi. Ay daaa… Şəhərin o biri başı… Yollar fəlakət. O maşın gələsi, biz ora gedəsi… Azı 2 saat… Dedim otel maşın ayırıb mənə (girişdə demişdilər), 1 saata ordayam. Telefonu bağladım, otelə maşın dalınca da getmədim, düşdüm yeraltı Moskvaya. 2 dəfə xətt dəyişdim, çıxışda taksi çağırdım, axırda çatdım.
Oturduq dostlarla, dedik-güldük, dərdləşdik. Axşamkı məclisə saat yarım qalmış mən durdum, onlar qaldılar. Dostumun sürücüsü döngə-dolan məni çatdırdı otelə. Fikirləşdim, 20 dəqiqəyə hazırlaşıb düşərəm ziyafətə.
Girişdə resepsiondakı gənc dedi ki, pasport bilgiləriniz var, ölkəyə giriş talonunuzu verin lütfən, surətini götürməliyəm. Onu həmişə pasportumun içərisində saxlayıram. Əlimi atdım çantama, pasport yox. Bir an elə bildim, o biri çantamda yuxarıdadır. Amma nə yuxarı? Otağa çıxmamışam axı… TM-nə keçmişəm. Ordan da “Azərbaycan”a getmişəm. Deməli itirmişəm…( Amma harda? TM-da, gəzəndə, metroda, restoranda?…
Səfərdə bundan xoşagəlməz iş yoxdur. Nə uzunluqda prosedur... Artıq vaxt… Qanım möhkəm qaraldı…
Telefonda taksi şöferinin nömrəsini tapdım - Uberdən (deyəsən) çağırmışdım. Maşını saxladı, görüntünü açdı… tapılmadı. TM-dən çıxanda metro jetonu almışdım, onda çantamdaydı, dəqiq yadımdadı.
“Azərbaycan”dakılara zəng elədim, masanın ətrafını axtardılar, yoxdur. Sürücü də maşına baxdı. Yoxdur…(
Qaldı metro.
Resepsiona keçdim - yəqin metroda düşüb pasportum, içində də talon, polisə deyə bilərik? Adamların rəngi ağardı - siz metroya minmisiz? Dedim, burda nə var ki? Dedilər, axı sizə maşın ayrılıb, dedik. Bilsələr sizə xidmət göstərməmişik, metroya minmisiz, üstəlik buna görə pasportunuz itib, qanımız getdi. İndi yalvarırlar - siz təşkilatçıya deməyin, biz tapacağıq. Dönə-dönə xahiş edirlər - təşkilatçıya deməyin. Dedim, həyəcanlanmayın, təşkilatçı qonaqlarla tost deyir, gəlin 1 yerdə tapaq)
Daxili işlər orqanı əməkdaşı gəldi, qulağına nəsə dedilər) , o kiməsə zəng elədi, axtarış başladı.
Mən də öz aləmimdə guya bunlara ifadə verirəm - oteldən çıxdım, TM-ə keçdim. Dedilər, siz narahat olmayın, biz sizi tapacağıq
Ardını oxu...
“1999-cu ildə Moskvadakı partlayışlardan sonra bütün çeçenlərə "terrorçu" damğası vurulduğu kimi, bütün Ukrayna xalqını da terrorçu kimi qələmə vermək üçün...”

“Rusiya müharibəyə səs verdi və indi Putinin əl-qolu açılıb, o, hər şeyi etmək ixtiyarındadır - seçkilərdən sonra Putin ruslara qarşı dəhşətli terror aktı törədib...
Putinin artıq hakimiyyəti ələ keçirərkən istifadə etdiyi ssenari köhnədir - eyni “Ryazan şəkəri”, Moskvadakı evlərin eyni partlayışları, eyni Nord-Ost...”

Moderator.az xəbər verir ki, bunu tanınmış Ukrayna jurnalisti, censor.net saytının baş redaktoru Yuri Butusov yazır.

“Təbii ki, bütün terrorçular tapılıb öldürüləcək, bəlkə də Ukraynada təlim keçdiyini etiraf edən birini buraxacaqlar, onun üzərindən “Ukrayna sənədləri tapılacaq”...

Orduya yeni səfərbərlik dalğası keçirmək və heç kimin yayınmağa cəsarət etməməsi üçün Putinə Moskvada cəsəd dağı lazımdır. Yeni kütlələri "ət hücumlarına" sövq etmək üçün...

Terrorçuluq ittihamları ilə xaricdə Ukraynaya dəstəyi gözdən salmaq və Rusiya Federasiyasına qarşı "yazıqlıq" rəğbəti oyatmaq üçün...

Ukraynanı terrorizmdə ittiham etmək və Ukrayna şəhərlərinə bombalı hücumları gücləndirmək və mülki əhalinin, uşaqların qətlinə və infrastrukturun məhvinə haqq qazandırmaq üçün...

1999-cu ildə Moskvadakı partlayışlardan sonra bütün çeçenlərə "terrorçu" damğası vurulduğu kimi, bütün Ukrayna xalqını da terrorçu kimi qələmə vermək üçün...

Ukraynanın cavabı, nəhayət, bizdə hələ də çatışmayan aydın müdafiə strategiyası yaratmaq, dərhal yeni səfərbərlik sistemini qəbul etmək və iki illik genişmiqyaslı müharibə təcrübəsi əsasında orduda islahatları dərhal həyata keçirmək olmalıdır.

Yaşamaq üçün müharibə gedir və bu gün Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün lazım olan qədər rusu öldürəcək, Rusiya isə heç ukraynalıların həyatını saymaq fikrində deyil”- deyə davamında ukraynalı jurnalist yazır.

S.Laçın
 
Ardını oxu...
“28 May” stansiyasının qarşısında maşınsız ərazi: tıxac probleminin həlli, yoxsa düşünülməmiş addım?

Martın 12-dən Bakı Metropoliteninin “28 May” stansiyasının qarşısındakı meydana şəxsi avtomobillərin girişi qadağan edilib. Bu ərazi uzun illərdir ki, sıx saxlamış avtomobillərin arasında keçməyə çalışan piyadalar üçün narahatlıq yaradırdı.

Meydanda dayanacaq yerini park edilmiş şəxsi avtomobillər tutduğundan avtobus gözləyən sərnişinlər əziyyət çəkirdi. İndi Bakının bu hissəsində parkinq yerlərinin fəaliyyəti dayandırılıb.

Azadlıq prospektindən meydana girməzdən əvvəl və Dilyarə Əliyeva küçəsindən gələrkən (Puşkin küçəsi ilə kəsişmə) “Giriş qadağandır” nişanları quraşdırılıb. Bu qadağanı pozanları 80 manat cərimə gözləyir.

Azərbaycan Yerüstü Nəqliyyatı Agentliyindən verilən məlumata görə, bu ərazidə müvafiq qurumlarla birlikdə asfalt örtüyünün dəyişdirilməsi, mikromobillik infrastrukturunun yaradılması, velosiped yollarının təşkili, o cümlədən abadlıq işləri aparılacaq.

Göründüyü kimi, şəxsi avtonəqliyyat vasitələrinin keçidinə qoyulan məhdudiyyət bu ərazini piyadalar üçün təhlükəsiz və rahat əraziyə çevirmək məqsədi daşıyır. Amma bu, həqiqətən belədirmi?

Ərazidə dəmir yolu stansiyası var və məntiqi sual yaranır ki, əliyüklü çoxsaylı sərnişinlər bu yerə necə çata bilər. Metro və ya sərnişin avtobusu ilə qatar stansiyasına getmək onlar üçün problem yaradacaq.

Məsələn, Bakı-Ağstafa-Bakı sərnişin qatarı Bakı dəmir yolu stansiyasından saat 08:45-də yola düşür. Adətən bu saatlarda Bakı metrosunda və sərnişin avtobuslarında sıxlıq olur. Bundan əlavə, təhlükəsizlik məqsədi ilə metroda polislər sərnişinləri baqajla diqqətlə yoxlayır. Bu səbəblərə görə sərnişinlərin şəxsi nəqliyyat vasitələrindən və ya taksi xidmətindən istifadə etmək istəmələri tamamilə təbiidir.

Yuxarıda qeyd edildiyi kimi, bu əraziyə giriş qadağandır. Dəmiryol vağzalına çatmağın yeganə yolu Xətai prospektindən istifadə etməkdir ki, bu da istər-istəməz bu ərazidə nəqliyyat sıxlığının yaranmasına səbəb olur. Axı, dəmir yolu stansiyası həmişə çox sayda insanın toplaşdığı yerdir, burada taksi xidmətlərinə tələbat əhəmiyyətli dərəcədə artır.

Bununla bağlı narahatlıqlar artıq “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən dağıdılıb. Belə ki, martın 27-dən Bakı Dəmir Yolu Vağzalının Süleyman Rəhimov küçəsi ilə Mirəli Qaşqay küçəsinin kəsişməsində (“28 May” metrosunun üstündə) yerləşən avtodayanacaq stansiyaya gələn sərnişinlər üçün qarşılanma və yola salınma meydançası kimi fəaliyyət göstərəcək.

Dayanacaqda quraşdırılmış innovativ dövlət nömrə nişanlarının tanınması sistemi sayəsində nəqliyyat vasitələrinin əraziyə giriş-çıxışı tənzimlənəcək. Bu ərazidə ilk 15 dəqiqə pulsuz parkinq də var.

Mövcud dəyişiklikləri AYNA-ya şərh edən nəqliyyat eksperti Rauf Ağamirzəyev deyib ki, Bakının nəqliyyat problemlərini başa düşmək üçün tarixə ekskursiya lazımdır: “Bakı öz ümumi strukturuna görə orta Avropa şəhəridir. Budur tarixi hissə - İçərişəhər, ondan kənarda məhəllələrə bölünən Bayır Şəhər var. Bakının ictimai nəqliyyatı 1889-cu ildən “konka” kimi tanınan atlı dəmir yolu ilə başlayıb. 1923-cü ildə tramvay xəttinə çevrildi, sonra Bakıda trolleybuslar peyda oldu, şəhər ətrafında elektrik qatarı, qismən avtobus xidməti fəaliyyətə başladı, 1967-ci ildən isə metrodan istifadə edildi. Metronun inkişafı ilə yerüstü dəmir yolu nəqliyyatı daraldı və bir neçə il əvvəl ləğv edildi. Məncə, bu, yanlış qərar idi. Bunun nəticəsində Bakıda kütləvi avtomobilləşmə başladı və bu da öz növbəsində nəqliyyat sisteminin çökməsinə səbəb oldu. Biz daha çox yollar çəkməyə başladıq, şəhər küçələrinin hərəkət hissəsini artırdıq, aqressiv mühit yaratdıq”.

“Bu problemi həll etməyin müxtəlif yolları var. İlk növbədə, küçələrdə çoxlu sayda avtomobildən xilas olmaq və ya onların sayını məhdudlaşdırmaq lazımdır. Aqressiv avtomobil mühiti şəhərin mərkəzində yaşıllıqların sayının azalmasına, mikroiqlimin pozulmasına və səs-küy çirklənməsinin artmasına səbəb olub. Ancaq şəhərdəki ağaclar səs-küy çirklənməsini də boğur. Səkilər kəsilib, piyadaların hərəkəti məhdudlaşdırılıb. Müasir şəhərlərdə iyerarxiyada ilk növbədə piyadalar, sonra velosipedçilər və skuter istifadəçiləri, daha sonra avtobuslar, tramvaylar və trolleybuslar, ən sonunda isə avtomobillər gəlir. Bakıda isə mənzərə tamamilə fərqlidir, bu da nəqliyyat kollapsına gətirib çıxarıb”, - deyə ekspert bildirib.

Onun sözlərinə görə, şəhərdə tıxaclar adi hal alıb: “Ancaq zaman keçdikcə tıxac artırsa və alternativ yoxdursa, bu, əsl problemdir. Yəni, digər nəqliyyat növlərinin inkişafı hesabına aqressiv avtomobil mühitini azaltmaq lazımdır. Biz müvafiq qərarlar qəbul etməliyik ki, hazırda müşahidə etdiyimiz də budur. Bakı sakinləri arasında köhnə adı ilə “Molokan bağı” kimi tanınan Nizami küçəsi və Fəvvarələr meydanının bir hissəsindən piyadalar üçün nəzərdə tutulan zolağın davamı olan Xəqani parkına avtomobillərlə girişin qadağan edilməsi də inteqrasiya olunmuş yanaşmanın tərkib hissəsidir. Bu qadağanın bu zonada şəxsi avtomobili olan və ya hərəkəti fiziki məhdudiyyətli olan sakinlərin hüquqlarının pozulmasına səbəb ola biləcəyinə gəlincə, onlar yaşadıqları zonada pulsuz parkinq üçün “Azparking” mobil proqramından istifadə edə bilərlər. Bundan əlavə, bu ərazinin ətrafında, məsələn, Nizami parkı ilə üzbəüz, Nizami abidəsinin yanında, Qış bulvarında, Xəqani abidəsinin arxasında maşın saxlamaq üçün yerlər var”.

“Hesab edirəm ki, bu ərazidə yerli sakinlər üçün kifayət qədər parkinq yerləri var. Ən əsas məsələ şəhər mərkəzinə daxil olan avtomobillərin sayını məhdudlaşdırmaqdır, qalanları özləri üçün park yeri tapacaqlar. Hər bir avtomobil 8 kvadratmetr sahəni tutur ki, bu da hərəkəti məhdudlaşdırır, turizm potensialını azaldır. Avtomobillərin girişinə qadağa qoyulması piyadalar üçün yer boşaldacaq və bunun da öz üstünlükləri var. Turizm zonasında yerləşən obyektlərə giriş asanlaşdırılacaq, xidmətlər göstərmək üçün yeni obyektlər, yeni iş yerləri yaranacaq ki, bundan dövlət ancaq qazanc əldə edəcək”, - deyə Ağamirzəyev vurğulayıb.

Həmsöhbətimiz qeyd edib ki, Bakının rəqəmsal əkizini - modelini yaratmağa və müəyyən addımların gələcək inkişafını proqnozlaşdırmağa imkan verən virtual alət yaradılıb: “Bu, Bakıda nəqliyyat mühitini yaxşılaşdıracaq. Nəqliyyat sahəsində mövcud problemlərin ardıcıl, mərhələli həlli bu sahədə müsbət dəyişiklikləri görməyə imkan verəcək. Bütün riskləri nəzərə alaraq iş aparmaq lazımdır, piyadaların hərəkətini asanlaşdırmaq üçün maneələri aradan qaldırmaq lazımdır. Bakının elə bir küçəsi yoxdur ki, səkilərin darlığı və ya qısa olması səbəbindən piyada getmək mümkün olsun. Bunun bir çox səbəbləri var. Bunlara tikinti sahələri, reklam lövhələri və köşklər daxildir. Bu məsələlər problemin mürəkkəbliyindən asılı olaraq 24 saat və ya bir neçə həftə ərzində həll oluna bilər”.

Öz növbəsində nəqliyyat eksperti Elməddin Muradlı AYNA-ya söyləyib ki, əhalinin əksəriyyəti bu dəyişikliklərin tərəfdarı olsa da, bəzi suallar hələ də açıq qalır: “Xüsusən də hesab edirəm ki, stansiya meydanında taksilərin fəaliyyətinə icazə vermək lazımdır. Axı taksilər də ictimai nəqliyyatın tərkib hissəsidir və əgər qeyd olunan ərazidə sərnişin avtobusları işləyirsə, o zaman orada taksi fəaliyyətini qadağan etmək düzgün deyil. Bu ərazidə metro və avtobus xidməti fəaliyyət göstərir və hesab edirəm ki, taksilər üçün də platforma yaratmaq lazımdır”.

“Şəxsi avtomobillərin bu ərazilərə girişinə qoyulan bu qadağa test rejimində işləyir. Bu səbəbdən nəticələrdən asılı olaraq müvafiq qərarlar veriləcək. Hökümət qadağa qoyursa, o zaman alternativ variant da təklif etmək lazımdır. Bu, çox mühüm nüansdır, çünki alternativ təqdim edilməsə, vəziyyət daha da pisləşəcək”, - deyə müsabimiz izah edib.

Muradlı əmindir ki, qəbul edilən qərarlardan bütün vətəndaşlar məmnun qalmalıdır: “Onları pozmaq və ya daha çox vaxt və pul xərcləməyə məcbur etmək üçün heç bir addım olmamalıdır. Onlara alternativ verilsə, bundan hamı faydalanar. Təəssüf ki, hazırda bu barədə danışa bilmərik. Hələlik şəxsi avtomobillərin “28 may” metrosunun qarşısındakı meydana girişinə qadağa qoyulmasından şəxsən mən heç bir irəliləyiş görmürəm”.

Əlavə etmək istərdik ki, hökumətin Bakı küçələrini avtomobillərin hökmranlığından və xaotik parkinqlərdən azad etmək niyyəti hamı tərəfindən bəyənilməyə layiqdir. Çox gözəl fikirdir ki, hökumət Bakının mərkəzini maşınlardan təmizləmək istəyir, amma belə radikal addıma görə məmurlarımız şəxsi avtomobil sahiblərinə qarşılığında heç nə təklif etməyiblər. Ümid edək ki, məmurlarımızın bununla bağlı narahatlıqları aradan qaldırmaq üçün kifayət qədər vaxtı var...

Müəllif: Asif Aydınlı
 
 
 
Ardını oxu...
Ermənistanın baş naziri Nikol Paşinyanın təlimatıyla keçmiş müdafiə naziri və parlamentdə “Ermənistan” fraksiyasının rəhbəri Seyran Ohanyan haqqında cinayət işinin açılmasına və həbs qərarı verilməsinə tam əsas var. Ohanyan ordunu baş nazirin əmrlərinə tabe olmamağa çağırıb.
“Ordu baş nazirin kəndlərdən çıxma əmrinə tabe olmamalıdır” deyən Ohanyan bununla faktiki ordunu ali baş komandan vəzifəsini daşıyan baş nazirə qarşı qiyama və qanunsuzluğa dəvət edib.
Ohanyan və onun arxasındakı güclər Ermənistana dəxli olmayan 4 kəndə görə Azərbaycanla savaş arzulayırlar. Onlar bilirlər ki, yenə məğlub olacaqlar, sadəcə erməni hərbçilərin itkiləri hesabına Nikol Paşinyanın mövqelərinin zəifləyəcəyini düşünürlər.
Bu o zaman baş verə bilər ki, həqiqətən ordu komandanlığı Nikol Paşinyanın çəkilmə əmrinə tabe olmasın. Bu halda ordu yalnız bu qanunsuzluqla kifayətlənməyəcək, müxtəlif güclərlə birləşərək Nikol Paşinyanı devirməyə çalışacaq.
Tanklar İrəvana daxil olacaq. Bu ssenari Ermənistanı vətəndaş müharibəsinə sürükləyəcək. Ona görə də nə qədər ki, erməni həbrçiləri yoldan çıxarmayıblar, Paşinyan tələsməli və 4 kəndin Azərbaycana qaytarılması məsələsini uzatmamalıdır.
Elxan Şahinoğlu
TEREF
 
Ardını oxu...
Ermənistanın baş naziri Nikol Paşinyan Tavuş bölgəsində yerli sakinlərlə görüşdə Azərbaycanın tələb etdiyi 4 kəndin geri qaytarılması zərurətini müharibə təhlükəsiylə ona görə izah edib ki, bununla bağlı Bakıdan xəbərdarlıq alıb. Mesajın mahiyyəti bu olub ki, yaxın günlərdə 4 kənd qaytarılmasa Azərbaycan ordusu həmin kəndlərə daxil olacaq. Həmin mesajı bu ayın 7-də Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev Ermənistan Baş nazirinin müavini Mher Qriqoryana, o da öz növbəsində rəhbəri Nikol Paşinyana çatdırıb. Bunun qarşılığında Paşinyan bu məsələni qısa müddətdə həll edəcəyini vəd verib.
Nikol Paşinyan 4 kəndi Azərbaycana qaytarması qarşılığında rəsmi Bakıya öz təklifini göndərib: “Sərhədin delimitasiyasına Ermənistan tərəfdən Bağanis, Azərbaycan tərəfdən Bağanis Ayrım kəndi bölgəsindən başlayaq”. Paşinyanın bu təklfinin arxasında nə dayanır? Birincisi, Nikol Paşinyan həmin bəlgədə 4 kəndin Azərbaycana qaytarılmasını təmin etdikdən sonra Qazaxa aid digər 3 kənd mövzusunu “qapatmaq” istəyir. Çünki sərhədin həmin bölgəsinin delimitasiyası razılaşdırılarsa, Azərbaycana məxsus və yerdə qalan 3 kəndin geri qaytarılması mümkün olmayacaq. İkincisi, Nikol Paşinyan ümid edir ki, 4 kəndi Azərbaycana qaytardıqdan və sərhədin həmin hissəsi müəyyənləşəndən sonra o sərhədin cənub hissəsindəki itirdiyi yüksəklikləri delitimatisiya yolu ilə geri qaytara biləcək.
Rəsmi Bakının Nikol Paşinyanın hər iki təklifinə razılaşacağı ehtimalı azdır. Bakı İrəvandan birinci mərhələdə sülh və ya çərçivəsi sazişinin imzalanmasını tələb edir. Sülh əldə edildikdən sonra müxtəlif mövzularla bağlı danışıqları davam etdirmək olar. 4 kəndin geri qaytarılması çərçivə sazişinin imzalanması perspektivini gücləndirəcək.
Elxan Şahinoğlu
TEREF
 

Dünyapress TV

Xəbər lenti