![]() |
![]() ![]() ![]() |
|
Qazaxıstan hökumətinin Rusiyanın tanınmış ictimai-siyasi personalarına sanksiya tətbiq etməsinin arxasında ciddi səbəblər durur.
Bu, xəfif məsələ olsaydı, indiyə qədər Moskva ilə həmişə ehtiyatlı keçinən, Kremlin xətrinə dəyəcək açıqlamalar verməyən rəsmi Astana artıq şimaldan gələn açıq təhdidlərə təhəmmül edə bilmir.
Son bir-iki ilə qədər belə şey olmayıb. Hətta 1997-cı ildə eks-prezident Nursultan Nazarbayevin təşəbbüsü ilə ölkənin paytaxtı cənubdakı Almatıdan köhnə vaxtlarda “rus qalası” sayılan Akmolinsk - Selinoqrad-Akmola-Astanaya köçürüləndə və RF prezidenti Boris Yeltsin bunun altında duran əsl məqsədin nə olduğunu bilərək Nazarbayevdən izahat tələb edəndə qazax lider zarafata salaraq bu xüsusda narazılıq yaranmasının qarşısını almışdı.
Son illərdə isə Gürcüstana, Ukraynaya, Moldovoya, Ermənistana diş qıcayan Rusiyada güclənməkdə olan neoimperializm ambisiyaları fonunda Qazaxıstan da hədəfə gəlib.
Sanksiya altına düşən “ruslar” (onların bəziləri milliyyətcə rus deyil) müxtəlif vaxtlarda müxtəlif auditoriyalarda Qazaxıstanın dövlət suverenleyinə, eləcə də qazaxların dövlətçilik ənənələrinə dil uzadıblar.
Bu şəxslər əsasən aşağıdakılardır: Tina Kandelaki, Tiqran Keosayan, Aleksandr Duqin, Pyotr Tolstoy, Vyaçeslav Nikonov, Yevgeni Fyodorov, Konstantin Zatulin, Yevgeni Primakov.
Tina Kandelaki jurnalist-aparıcıdır, Kremlin meqafonunu tutanlardandır.
Tiqran Keosayan məşhur propoqondaçı, özünü ruslardan daha artıq rus kimi aparmağa çalışan Marqarita Simonyanın əridir. Bu ikili özlərini “rus dövlətçiliyinin qoruqçusu” elan ediblər. Qazaxıstanın sanksiya siyahısında Simonyanın adının olmaması onu göstərir ki, o, Qazaxıstana qarşı sözlərini ölçüb-biçib.
Aleksandr Duqin son illərdə Kremlin baş ideoloqu statisuna yiyələnib, müsahibələrində, çıxışlarında hər zaman “rus dövlətçiliyi”ndən, Rusiyanın tarixi əzəmətini bərpa etməyin zəruriıiyindən, onun Avrasiyada əsas sahibi olmaq haqqından danışır. Duqinə görə, postsovet ölkələrin müstəqilliyi şərti xarakter daşımalıdır və onlar hər zaman Moskvadan idarə olunmalıdırlar.
O, konkret olaraq 2022-ci ildə Qazaxıstanda hakimiyyət əleyhinə iğtişaşlar başlayanda hadisəyə münasibət bildirərək baş verənlərin Qazaxıstanın üçtərəfli (Çin, Rusiya və Qərblə münasibətlər) siyasət aparmasına bağlamış, demişdi ki, Astana Moskvadan uzaqlaşdıqca problemləri çox olacaq.
“Bəzi məqamlarda Qazaxıstan hakimiyyəti müəyyən iqtisadi modellərdən istifadə etməyə davam etsə də, Moskvanı ikinci dərəcəli tərəfdaş hesab edirdi.,- deyə Duqin Qazaxıstan hakimiyyətini inteqrasiyanı təşviq etmək əvəzinə, sabotaj etməkdə suçlayıb. Onun fikrincə, Qazaxıstan “səmərəli Avrasiya inteqrasiyası və Moskva ilə yaxınlaşma əvəzinə” getdikcə daha çox milli, lokal korrupsiya proseslərinə meyllənib.
Duqinin bu və digər fikirləri, təbii ki, o zaman Qazaxıstan rəhbərliyinə xoş gəlməmişdi və onun bu ölkəni həmişə Kremlin təsir dairəsində görmək istəməsi etiraz doğurmuşdu.
Duqinin “arzuolunmaz şəxslər” siyahısında olmasının səbəbi budur.
RF Dövlət Dumasının deputatları Pyotr Tolstoyun, Dumanın beynəlxalq məsələlər komitəsi sədrinin birinci müavini Vyaçeslav Nikonovun, Yevgeni Fedorov və Konstantin Zatulinun, eləcə də Dövlət Dumasının keçmiş deputatı Yevgeni Primakovun adının “qara siyahı” da olması onların Qazaxıstana qarşı çıxışları ilə bağlıdır.
Tolstoy Ukraynadan sonra Qazaxıstanın Rusiya üçün “növbəti problem” ola biləcəyini deyib, Almatının “rusların tikdiyi Vernı şəhəri” olduğunu bildirib və Qazaxıstanın Rusiyadan uzaqlaşmaq üçün özünə tarix uydurmağa cəhddə ittiham edib.
Federal televiziyada çıxış edən Nikonov Qazaxıstan deyilən bir ölkənin mövcud olmadığını bəyan edib, müasir Qazaxıstan ərazisinin “Rusiya və SSRİ-nin hədiyyəsi” olduğunu bildirib. Fyodorov Nikonovun bəyanatlarını dəstəkləyib və Rusiyanın Qazaxıstandan əraziləri geri qaytarmasını tələb etmək hüququna malik olduğunu bildirib. Bundan əlavə, o deyib ki, Qazaxıstan SSRİ-ni beynəlxalq hüquqa uyğun olaraq tərk etməyib və bu, onun dövlətçiliyinin "tamamilə qanuni olmadığını" göstərir.
Konstantin Zatulin 2022-ci ildə Qazaxıstan prezidenti Qasım-Jomart Tokayevin mövqeyini kəskin tənqid edib, onun özünü “müstəqil dövlət” elan edən “DXR” və “LXR”-ni tanımaqdan imtina etməsini pisləyib. Deputat ərazi iddialarına eyham vuraraq bildirib ki, tam tərəfdaşlıq olmadıqda “Ukraynada olduğu kimi hər şey mümkündür”.
1990-cı ilin yanvarında Bakıda törədilən qırğına rəhbərlik edən Yevgeni Primakovum eyni ad-soyadıı nəvəsi isə Qazaxıstan hakimiyyətini “millətçilərin rus dilinə qarşı hərəkətləri”ni cəzalandırmamaqda ittiham edib, Qazaxıstanın informasiya naziri Əsgər Umarovu “rusofob pislik” adlandırıb.
Göründüyü kimi, bu qırğı-quzğunlar Qazaxıstanın suverenliyini, onun müstəqil siyasət yeritməsini, dünya birliyinə inteqrasiya olunmasını həzm edə bilmir və ona qarşı təhdid sovururular. Onların əsas istinad nöqtəsi Qazaxıstanın şimalında yaşayan ruslardır. Bu nasist düşüncəli insanlar düşünürlər ki, Qazaxıstanın şimalında yaşayan əhalini separatçı hərəkata başlamağa təhrik edə bilərlər və Qazaxıstan bundan qorxaraq Kremlə boyun əyməlidir.
Əslində bu şəxslər digər postsovet ölkələrə də eyni arşın və düşüncə ilə yanaşırlar. Ümumiyyətlə, Rusiya isteblişmentində bu niyyətdə olanlar çoxdur və sayları getdikcə artır. Onlar digər postsovet ölkələri də “SSRİ-dən qanuni şəkildə çıxmamaq”da ittiham edirlər və dediklərindən belə anlaşılır ki, SSRİ Rusiyanın kontoru imiş.
“Görünən gerçək olsaydı, elmə gərək qalmazdı”
(Marks)
Son aylar marksizm nəzəriyyəsi haqda danışmaq sanki dəbə düşüb. Onlardan ikisi daha yaddaqalan olub. Amerikalı milyarder Corc Sorosun oğlu Aleks dədəsinin təxminən 60 milyon civarında dollarını “dempartiya”nın uğursuz namizədi Kamala Harrisin seçkisində batırdıqdan sonra gözlənilmədən Karl Marksı yada salmışdı. O, tanınmış nəşrlərdən birinə Marksın “dünyada tarixi hadisələrin iki dəfə-birinci dəfə faciə, ikinci dəfə fars kimi təkrarlanır” aforizmini Trampa aid etmişdi.
Soros və onun kimilərin quyruq acıları bəllidir, Trampa “yüklənmək” burada sadəcə, bir epizoddur, çünki onlar əslində bolşevik və burju inqilablarını rəngini “narıncıya” dəyişən meomarksistlərdir. Marksizmin iqtisadi doktrinası zatən çürük idi, ona görə fıs çıxdı, amma Soros kimilərinin əllərində cəmlənən kapital onlara uzun illər istənilən ölkənin daxilinə sızmağa, orada möhkəmlənməyə və oyuncaq hakimiyyətlər qurmağa, eləcə də “mənəvi(əslində mənəviyyatsız) prisiplərini” yeritməyə imkan verdi.
Keçmiş SSRİ sakinləri kimi bizə vəd edilən sosializm qurulmadı, kapitalist ölkələrdə də Marksın proqnozlaşdırdığı “proletar inqilabları” da arzu olaraq qaldı, əvəzində sovet imperiyası çökdü. İndi ümumi rəy belədir ki, klassik marksizm “rəhmətə gedib”, onun yerinə isə son illər dünyanın ən sivil ölkələrində belə təhlükə kimi ortaya çıxan sol(liberal) ideologiya, ifrat-millətçilik yayılır, həm də çox sürətlə. Şübhə yoxdur ki, bu ideologiyalar da marksizim-leninizmin bəzi dağıdıcı nəzəriyyələri kimi çox zərərlidir.
Hamı məəttəl qalıb ki, axı, Tramp niyə hakimiyyətə ikinci qayıdışından sonra Amerikanın tanınmış universitetləri ilə mübarizəyə girişib, malliyyələrini kəsir, nəzarəti gücləndir və sair. Səbəb sadədir: çünki Harvard da daxil Amerika universitetləri son onilliklərdə təkcə solçuların deyil, “göyqurşağı bayrağı” altında birləşənlərin də qalalarına çevrilib, hətta təhlillərə görə, məhz təhsildə çox dərin kök salıb. Yeri gəlmişkən, “Gülən məktəbləri”, yəni FETÖ-nun dövlətin içinə sızma, təbliğat metodları bu baxımdan unikal hesab oluna bilər, şübhəsiz ki, bu təşkilatlanmada onları ideoloji liderləri marksist-leninçi nəzəriyyələrdən də “qidalanmışdılar”.
Rus Pravoslav Kilsəsinin rəhbəri, Moskva və Bütün Rusiyanın Patriarxı Kirill də ötən həftə çıxışlarının birində “filosof və iqtisadçı” kimi tanıtdığı Karl Marksın kitablarını oxumağa çağırış etdi. Krill özü oxumuş dini liderdir, Rusiya “dərin dövlət”inə bağlılığı var, nə dediyinə həmişə diqqət edən adamdır. Rusiya provoslavların dini lideri hesab edir ki, Marksı əvvəla, müasir dövrün çağırışlarını daha yaxşı başa düşmək üçün oxumaq lazımdır. Kirilin ikinci izahata daha maraqlıdır. Onun sözlərinə görə, Marksın nəzəriyyələrini oxumaq “düşməni gözdən tanımaq üçün lazımdır”. Burada patriarxın nə demək istədiyi haqda işarələr çoxdur. Amma biri haqda daha net danışmaq olar: Qərb dünyasının ailə dəyərlərinə uzatdığı “əl”. Rusiyanı dəyərlərdən dağıtmaq planı haqda təkcə dini liderləri deyil, prezident Putin də bir neçə dəfə açıq danışıb. Onların dediyinə görə, lideral dəyərlər adı altında Rusiyada xüsusilə ailə insitutunu dağıtmaq üçün çoxsaylı cəhdlər olub. Buna görə də Rusiya Konstitusiyasında tələsik ailə anlayışını qanuniləşdirildi: “Ailə kişi və qadının birgə nikahıdır”. Bu kimi zərərli xarici təhlükələrlə mübarizədə provoslav kilsəsinin rəhbəri daima dövlətə ciddi dəstək verir.
Şeyxin(Allahşükür Paşazadə) xətrinə dəyməsin, “liberal dəyərlərin” Azərbaycana ayaq açmasına qarşı mübarizədə nə özü, nə təmsil etdiyi QMİ-nin ardıcıl mövqe sərgiləməsi, yəni dövlətə xüsusi dəstəyi nəzərə çarpmır. Sovet hökuməti yanlış olaraq marksiz-leniniçi nəzəriyyələri ateizmin təbliğində istifadə edirdi, ola bilsin, bu səbəbdən Şeyx o zərərli kitabları zamanında oxumayıb. Amma Krillin dediyi kimi, indi elə zaman yetişib ki, düşməni həm də gözdən(yəni pisliyini etməməmişdən öncə) tanımaq lazımdır.
Amma şükür ki, Azərbaycanda “düşməni gözdən tanıyan” lider var. Prezident İlham Əliyev hələ yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində hakimiyyətə qayıdan Trampın ölkəsində üzləşə biləcəyi “liberal təhlükələr” haqda danışmışdı. Həmin çıxışında Prezident “Tramp bizim cəmiyyətimizin bölüşdüyü dəyərləri təbliğ edir. Ailə dəyərləri, mənəviyyat dəyərləri - bunları təbliğ edir” demişdi. Prezident bundan əvvəl Rusiya televiziyasına müsahibəsində də demişdi ki, ənənəvi dəyərlərə münasibətdə Azərbaycan Trampla “bir qayıqdadılar”.
Təsadüfi deyil ki, Prezident Əliyev çıxışlarının birində xarici təhlükələr haqda danışarkən xalq üçün "əlverişsiz" olsada, sərhədlərin bağlı olmasını "milli təhlükəsizliklə” izah edib: “Prezident, milli təhlükəsizlik məsələləri ilə hər gün məşğul olan adam kimi deyə bilərəm ki, sərhədlərin bağladıqdan sonra bunun milli təhlükəsizliyə saysız-hesabsız xeyrini görmüşük. Və bu reallıqdır.”
Görünür ki, hazırkı dünya reallığında təhlükələrdən sığortalanmaq üçün Marksı oxumaq yetərli deyil...
Nazim SABİROĞLU,
Musavat.com
Cənubi Qafqazda geopolitik situasiyanın böyük sürətlə dəyişməkdə olduğu müşahidə edilir. Bu regionda artıq əvvəlki geopolitik şərtlər qətiyyən keçərli deyil. Azərbaycanın tarixi hərbi zəfəri ilə yekunlaşmış 44 günlük İkinci Qarabağ savaşından sonra yeni status-kvo yaranıb. Və bu, birmənalı şəkildə Ermənistanın əleyhinə yönəlmiş situasiyadır.
Onu da qeyd etmək lazımdır ki, rəsmi İrəvan savaşda biabırçı məğlubiyyətə uğrasa da, uzun müddət Ermənistanın inkişaf perspektivlərinin önünü açmaq şansına malik idi. Bunun üçün Azərbaycanla yekun sülh sazişinin imzalanması və Ermənistanı blokada şəraitindən çıxarılması yetərli ola bilərdi. Və bununla da, Ermənistan həm Azərbaycan, həm də Türkiyə ilə normal münasibətlər şəraitində iqtisadi əməkdaşlıq imkanları qazanmış olardı.
Ancaq Paşinyan hakimiyyəti bu şansdan istifadə etməyi bacarmadı. Belə ki, rəsmi İrəvan Azərbaycanın şərtləri daxilində yekun sülh sazişinin imzalanmasına yönəlik addımlar atmaq əvəzinə Qərbə inteqrasiya kimi avantürist variant üzrə hərəkət etməyə üstünlük verdi. Halbuki, Paşinyan hakimiyyəti də Ermənistanın heç vaxt Qərbə inteqrasiya edə bilməyəcəyini anlayırdı. Və nəticədə Qərb siyasi iradə mərkəzlərinin, xüsusilə də, Avropa Birliyinin geopolitik müstəmləkəsinə çevrilməkdən başqa heç nəyə nail olmadı.
Digər tərəfdən, Paşinyan hakimiyyətinin Qərbə inteqrasiya kursu üzərindən Ermənistana yeni beynəlxalq himayədarlar axtarışı Rusiya ilə münasibətləri ciddi şəkildə korladı. Ancaq ABŞ-da Tramp adminstrasiyasının hakimiyyətə gəlişi ilə Qərbə inteqrasiya kursu birmənalı şəkildə Ermənistanın əleyhinə çevrilmiş oldu. Belə ki, ABŞ Bayden adminstrasiyası dönəmində Ermənistana verdiyi siyasi-ideoloji dəstəyi geri çəkdi. Avropa Birliyi isə ABŞ-ın imtina etdiyi Ermənistana ənənəvi dəstəyini zəiflətdi. Və indi Ermənistan yenidən himayədarsız qalaraq, təhlükəsizlik problemləri ilə üz-üzədir.
Maraqlıdır ki, Paşinyan hakimiyyətinin mövcud situasiyada yenidən Rusiyanın "təhlükəsizlik çətiri" altına geri dönüş üçün can atdığı barədə məlumatlar mövcuddur. Həmin məlumatlara görə, baş nazir Nikol Paşinyan tezliklə Moskvaya gedərək, Rusiya ilə münasibətləri normal məcraya qaytarmağa çalışacaq. Kremlin son vaxtlar Ermənistana yönəlik açıq mətnli təhdidlərindən sonra, Qərbin dəstəyini itirmiş Ermənistan üçün Rusiyanın himayəsi altına qayıtmaqdan başqa çıxış yolu qalmayıb. Və bu, həm Ermənistan, həm də Paşinyan hakimiyyəti üçün yeganə optimal variant hesab olunur.
Məsələ ondadır ki, Ermənistanda keçiriləcək növbəti parlament seçkiləri sürətlə yaxınlaşır. Buna paralel olaraq, Rusiyaya bağlı olan radikal-revaşist müxalifət düşərgəsi də fəallaşmağa başlayıb. Erməni kilsəsinin və Qarabağ klanının nəzarəti altında olan bu düşərgədə parlament seçkilərinə qədər Paşinyan hakimiyyətinin devrilməsi üçün artıq planların qurulduğu barədə məlumatlar mövcuddur. Və beynəlxalq dəstəyi zəifləmiş Paşinyan hakimiyyətinin ölkədaxili siyasi rəqibləri qarşısında tab gətirmə imkanları o qədər də ümidverici görünmür.
Onu da nəzərə almaq lazımdır ki, rəqib radikal düşərgə Paşinyan hakimiyyətini hətta terrorla da təhdid edir. Üstəlik, Ermənistannı tamamilə qarışdıra biləcək qarşıdurma ssenarilərinə də start verilib. Bu ssenarilərdə isə Azərbaycanın Qarabağ regionundan könüllü şəkildə Ermənistana köçmüş ermənilərə xüsusi yer ayrılıb. Hazırda bu aqressiv qruplaşma tədricən fəallaşdırılmaqdadır.
Hər halda, son vaxtlar Qarabağdan köçmüş ermənilər küçə və meydanlarda daha tez-tez siyasi şüarlarla peyda olmağa başlayıblar. Hətta bu qruplaşmanın rəhbərləri İrəvanda toplantı keçirərək, Paşinyan hakimiyyətini birbaşa küçə döyüşləri ilə təhdid ediblər. Onlar yeni koordinasiya şurası yaratdıqlarını və Paşinyan hakimiyyətinə qarşı açıq mübarizəyə başladıqlarını bəyanlayıblar: "Sosial tələblərimiz yerinə yetirilməsə, hər an küçə döyüşlərinə başlaya bilərik".
Göründüyü kimi, parlament seçkiləri ərəfəsində Paşinyan hakimiyyəti üçün fəlakət ssenarisi artıq işə salınmaq üzrədir. Əslində, Qarabağdan Ermənistana köçmüş ermənilərin əvvəl-axır hakimiyyət uğrunda ölkədaxili qarşıdurmada alət kimi istifadə olunacaqları qətiyyən şübhə doğurmurdu. Bu qruplaşmanın Azərbaycan ərazisində çoxsaylı terror törətdikləri inkaredilməz reallıqdır. Yəni bu qruplaşma hərbi cinayətlər törətmək təcrübəsinə malikdir. Üstəlik, bu qruplaşmanın çox sayda odlu silaha sahib olduğu bildirilir. Və Paşinyan hakimiyyəti onların əlindəki silahların müsadirə edilməsinə hələ də nail olmayıb.
Digər tərəfdən, Qarabağdan Ermənistana köçən separatçı ermənilərin Rusiya kəşfiyyatının nəzarətində olduqları da hər kəsə məlumdur. Yəni həm xarici kəşfiyyat, həm də erməni kilsəsi və Qarabağ klanı bu silahlı qruplaşmanı Paşinyan hakimiyyəti ilə küçə döyüşlərinə hazırlayır. Bu vəziyyətdən isə Paşinyan hakimiyyəti yalnız Rusiyanın sayəsində xilas ola bilər. Əks halda, Ermənistanın bir "barıt çəlləyi" kimi partlama ehtimalı tamamilə realdır.
Məsələ ondadır ki, Ermənistan Paşinyan hakimiyyətinə qədər yalnız Qarabağ klanı tərəfindən idarə olunub. Ona görə də, Paşinyan hakimiyyətindən ciddi şəkildə narazı olan yerli ermənilər Qarabağ klanına nifrət edir. Yəni, yerli ermənilərin Ermənistanın yenidən Qarabağ klanı tərəfindən işğal olunmasına seyrçi qalacağını düşünmək sadəlövhlük olardı. Və bu səbəbdən də, Ermənistanda yerli və gəlmə ermənilər arasında silahlı toqquşmaların ola biləcəyini elə indidən də təxmin etmək mümkündür.
Əgər, Paşinyan hakimiyyəti Kremllə anlaşmağa nail olmazsa, onda bu silahlı toqquşmanın qalibi məhz Rusiya tərəfindən müəyyən edilə bilər. Bu halda, Paşinyan hakimiyyətinin devrilmə ehtimalı daha inandırıcı görüntülər alacaq. Ancaq buna paralel olaraq, parçalanmış erməni toplumunda silahlı toqquşmalar Ermənistanı təxminən Suriyadakı vəziyyətə məhkum buraxa da bilər. Və bu, o deməkdir ki, Ermənistanda "barıt çəlləyi" partlamaq üzrədir, erməni toplumunu yaxın gələcəkdə dağıdıcı daxili savaşa bağlı xaos gözləyir.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu
Azərbaycan və İran prezidentlərinin tarixi görüşündə barəsində danışılan ən mühüm məsələlərdən biri də Araz dəhlizi oldu.
Prezident İlham Əliyevin çıxışında bu məsələyə geniş yer ayırması təsadüfi deyildi. Dövlət başçısı bildirdi ki, Araz dəhlizi layihəsi böyük diqqət cəlb edir. Prezident xüsusi vurğuladı ki, həm bölgəmizdə, həm dünyada, bu layihə ilə bağlı müxtəlif fərziyyələr, müxtəlif şayiələr gəzir. Sitat: “Əslində, buna heç bir əsas yoxdur. Çünki bu, sadəcə olaraq, yeni bir nəqliyyat, bağlantı layihəsidir və Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə İran ərazisindən birləşdirən bir layihədir. Burada, eyni zamanda, böyük tranzit imkanları yaranacaq. Bu, sadəcə olaraq, bu bölgənin layihəsi deyil.
Biz hesab edirik ki, bu, Asiyadan Avropaya uzanan nəqliyyat dəhlizinin bir qolu olmalıdır. Bir tərəfi Aralıq dənizinə, bir tərəfi Fars körfəzinə uzanan yeni nəqliyyat bağlantı dəhlizi olmalıdır və bir çox ölkələr bundan fayda götürəcək. Təbii olaraq, bu layihənin ərsəyə gəlməsində əsas rol yenə də bizim ölkələrimizin üzərinə düşür və bu istiqamətdə Azərbaycan tərəfindən aparılan işlər demək olar ki, tamamlanıb. Araz çayı üzərində Azərbaycan tərəfinə düşən körpünün inşası demək olar ki, hazırdır, o cümlədən sərhəd-keçid məntəqəsinin inşası prosesi gedir. Əgər hər şey istədiyimiz kimi olsa, bu ilin sonuna qədər avtomobil körpüsü istismara verilə bilər”.
Azərbaycan və İran arasında gərginlik yaradan və gərginliyi körükləyən qüvvələr – belə qüvvələr İranın daxilində də kifayət qədərdir – həm də Araz üzərindən atılması nəzərdə tutulan körpüyə qarşı idilər.
Xatırlayırsınız yəqin, Araz çayı sahilləri boyunca Azərbaycanı təhdid edən hərbi təlimlər də keçirmişdi İran ordusu.
Baxmayaraq ki, İranın 12 dövlətlə quru sərhədləri olduğu halda, ən etibarlı sərhəd Azərbaycanladır.
Amma bütün bunlara, həm də Azərbaycanın dost və mehriban qonşuluq siyasətinə rəğmən, İrandakı radikal qruplaşmalar ölkəmizə qarşı təhdidlərlə çıxış edirdilər. Amma dövlətimiz, dövlət başçımız hər zaman təmkinli davrandı, ali dəyərləri uca tutdu. 44 günlük Vətən müharibəsindən sonra, 2020-ci ilin 16 noyabrında Prezident İlham Əliyevin Xudafərinə səfəri zamanı, burada Azərbaycanın dövlət bayrağını qaldıran zaman Xudafərin körpüsünü “Dostluq körpüsü” adlandırması da ali dəyərlərin bariz nümunəsi idi.
Baxmayaraq ki, sonrakı dönəmlərdə İrandan Azərbaycana qarşı elə Araz boyunca təhdidlər oldu, Tehrandakı səfirliyimizdə terror törədildi, amma Azərbaycan qətiyyətli, prinsipial mövqeyini davam etdirməklə yanaşı, yenə də körpülərin yandırılması istiqamətində addımlar atmadı, əksinə, elan etdiyi siyasətinə uyğun şəkildə körpülərin bərpası və qurulmasına önəm verdi. Bu siyasət qalib gəldi.
2024-cü ilin 19 mayında Prezident İlham Əliyev və İran lideri Seyid İbrahim Rəisi Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində görüşdülər və Arazın hər iki sahilini birləşdirən, rəmzi mənası böyük, həm də iqtisadi əhəmiyyət kəsb edən layihənin, su bəndinin açılışında iştirak etdilər. O görüşdə çox mühüm anlaşmalar əldə olunmuşdu. Baş verən helikopter qəzasından, İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahianın və digər müşayiət edən şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olmasından sonra əldə olunan razılaşmaların arxa plana keçə biləcəyi narahatlığı yaratmışdı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 21-də İran İslam Respublikasının ölkəmizdəki səfirliyində olarkən belə demişdi: “O görüşdə iştirak edən şəxslər bunu, əminəm ki, İranın yeni rəhbərliyinə çatdıracaqlar. Əldə edilmiş bütün razılaşmalar, əminəm ki, icra ediləcək”.
Prezident İlham Əliyevin dediyi kimi oldu: Araz üzərindən salınan körpü artıq hazırdır. Bir müddət öncə Azərbaycan və İran rəsmiləri körpüyə baxış keçirdilər. Bu, Ağbənd istiqamətindən İran ərazisindən keçməklə avtomobil yolunu Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək körpüdür.
O ki qaldı dəmir yolu körpüsünə, Prezident İlham Əliyev Pezeşkianla birgə iştirak etdiyi Forumda bildirdi ki, bu məsələ də müzakirə mövzusudur.
Sitat: “Biz dəmir yolumuzu artıq gələn il İran sərhədinə, Zəngilan-Ağbənd istiqamətinə çatdıra bilərik və təbii olaraq İran ərazisində dəmir yolu inşası da nəzərdə tutularsa, o zaman bu da beynəlxalq nəqliyyat dəhlizi olacaq. Yəni, çox geniş perspektivlər açılır və bütün bunları həyata keçirmək üçün əsas amillər var. Birincisi, Azərbaycan-İran arasındakı dostluq, ikincisi, qarşılıqlı siyasi iradə, üçüncüsü bu layihələrin bir çox ölkələrə xidmət göstərməsi və qarşılıqlı fayda verməsi məsələsi. Bu, yəni, əsas məsələlərdən biri olan layihədir”.
Bu da növbəti işlərin anonsu, yol xəritəsidir. Azərbaycan özü Avropa və Asiya arasında çox mühüm körpüdür. Diqqət edin, Azərbaycan Çin Xalq Respublikası ilə münasibətləri yüksək səviyyədə inkişaf etdirir. Çinin Urumçu şəhəri ilə Azərbaycanın Naxçıvan şəhərinin qardaşlaşması, Pekinin Azərbaycana yüksək səviyyədə dəstəyi son nəticədə Zəngəzur dəhlizinin açılmasına təkan verəcək! Orta Dəhlizi Zəngəzur dəhlizi olmadan təsəvvür etmək mümkün deyil, Ermənistan minlərlə km-lik Avropa və Asiya arasında yolun 43 km-ni bağlı saxlamaq hünərində deyil! Azərbaycan bu məsələdə də səbr edir, artıq 5-ci ildir 2020-ci ilin 10 noyabr bəyannaməsinin 9-cu bəndinin icrasını gözləyir. Amma paralel şəkildə fəaliyyətini də davam etdirir. Araz dəhlizi Zəngəzur dəhlizinə alternativdir və işlərin sürətlə davam etməsi Ermənistanı ciddi şəkildə düşündürməlidir. Eyni zamanda Azərbaycan-İran münasibətlərinin irəliləməsinə, Araz dəhlizinin realaşmasına qısqanc yanaşanlar da ciddi şəkildə düşünsünlər və Zəngəzur dəhlizinin mümkün qədər tez işlək hala gətirilməsi üçün Ermənistana təzyiq göstərsinlər! Əks halda itirən Azərbaycan olmayacaq, çünki Gürcüstan yolunun ardınca, Araz dəhlizinin də reallaşması Ermənistanın növbəti dəfə dalanda qalmasını şərtləndirəcək.
Avrasiya məkanında Azərbaycanın yeri və tranzit imkanları - Şimal-Cənub dəhlizi, Bakı-Qusar istiqamətində yeni yollar, Kəlalə-Ağbənd layihəsi, onun Arazın üstündən keçməsi ilə faktiki layihənin “Araz dəhlizi” ilə leksikona daxil olması, Kəlalə-Ağbənd-Cəbrayıl-Füzuli-Ağdam-Yevlax-Gəncə-Tbilisi-Batumi marşrutunun yaranması və onun üstünlükləri çox böyükdür. Bu marşrut Qara dəniz və Fars köhfəzini birləşdirəcək. Üstəlik, Rəşt-Astara dəmiryolunun tikintisi, Azərbaycanın özünün dəmiryolu infrastrukturunu yeniləməsi və bunun həm də region dövlətləri arasında əlaqələrin inkişafına müsbət təsiri nəhəng perspektivlər vəd edir. Hər iki prezidentin dediyi kimi, Şimal-Cənub, Şərq-Qərb dəhlizlərinin reallaşdırılması potensialına malik ölkələrin fürsətlərdən yararlanmasının alternativi yoxdur.
Zəngəzur dəhlizi nə qədər tez açılacaqsa, Ermənistan bir o qədər tez irəli düşəcək, durumunu yaxşılaşdıracaq, künc-bucaqda boyun bükməyəcək. Eyni zamanda Araz dəhlizinin reallaşmasından, həm avtomobil, həm də dəmiryolu xətlərinin tikilməsindən sonra İrandakı mühafizəkarların da Zəngəzur dəhlizi ilə bağlı qara-qorxuları azalacaq. Bir anlıq təsəvvür edin, normal münasibətlər bərqərar olur, bir qatar Arazın o tayından – Araz dəhlizi ilə, bir qatar da Arazın bu tayı ilə - Zəngəzur dəhlizi ilə mənzil başına tələsir. Azərbaycan tarix yazır: Araz dəhlizi Zəngəzur dəhlizini qabaqladı, itirən biz deyilik, dalanda qalanlar düşünsün! Yük daşımalarını rahat və minimum itkilərlə ünvanına çatdırmaq üçün alternativlərin çox olması əlavə imkanlar yaradır. Burada təşviş doğuracaq, hay-küy salacaq, daş atıb, baş yaracaq nə var ki?..