![]() |
![]() ![]() ![]() |
|
Qazaxıstan hökumətinin Rusiyanın tanınmış ictimai-siyasi personalarına sanksiya tətbiq etməsinin arxasında ciddi səbəblər durur.
Bu, xəfif məsələ olsaydı, indiyə qədər Moskva ilə həmişə ehtiyatlı keçinən, Kremlin xətrinə dəyəcək açıqlamalar verməyən rəsmi Astana artıq şimaldan gələn açıq təhdidlərə təhəmmül edə bilmir.
Son bir-iki ilə qədər belə şey olmayıb. Hətta 1997-cı ildə eks-prezident Nursultan Nazarbayevin təşəbbüsü ilə ölkənin paytaxtı cənubdakı Almatıdan köhnə vaxtlarda “rus qalası” sayılan Akmolinsk - Selinoqrad-Akmola-Astanaya köçürüləndə və RF prezidenti Boris Yeltsin bunun altında duran əsl məqsədin nə olduğunu bilərək Nazarbayevdən izahat tələb edəndə qazax lider zarafata salaraq bu xüsusda narazılıq yaranmasının qarşısını almışdı.
Son illərdə isə Gürcüstana, Ukraynaya, Moldovoya, Ermənistana diş qıcayan Rusiyada güclənməkdə olan neoimperializm ambisiyaları fonunda Qazaxıstan da hədəfə gəlib.
Sanksiya altına düşən “ruslar” (onların bəziləri milliyyətcə rus deyil) müxtəlif vaxtlarda müxtəlif auditoriyalarda Qazaxıstanın dövlət suverenleyinə, eləcə də qazaxların dövlətçilik ənənələrinə dil uzadıblar.
Bu şəxslər əsasən aşağıdakılardır: Tina Kandelaki, Tiqran Keosayan, Aleksandr Duqin, Pyotr Tolstoy, Vyaçeslav Nikonov, Yevgeni Fyodorov, Konstantin Zatulin, Yevgeni Primakov.
Tina Kandelaki jurnalist-aparıcıdır, Kremlin meqafonunu tutanlardandır.
Tiqran Keosayan məşhur propoqondaçı, özünü ruslardan daha artıq rus kimi aparmağa çalışan Marqarita Simonyanın əridir. Bu ikili özlərini “rus dövlətçiliyinin qoruqçusu” elan ediblər. Qazaxıstanın sanksiya siyahısında Simonyanın adının olmaması onu göstərir ki, o, Qazaxıstana qarşı sözlərini ölçüb-biçib.
Aleksandr Duqin son illərdə Kremlin baş ideoloqu statisuna yiyələnib, müsahibələrində, çıxışlarında hər zaman “rus dövlətçiliyi”ndən, Rusiyanın tarixi əzəmətini bərpa etməyin zəruriıiyindən, onun Avrasiyada əsas sahibi olmaq haqqından danışır. Duqinə görə, postsovet ölkələrin müstəqilliyi şərti xarakter daşımalıdır və onlar hər zaman Moskvadan idarə olunmalıdırlar.
O, konkret olaraq 2022-ci ildə Qazaxıstanda hakimiyyət əleyhinə iğtişaşlar başlayanda hadisəyə münasibət bildirərək baş verənlərin Qazaxıstanın üçtərəfli (Çin, Rusiya və Qərblə münasibətlər) siyasət aparmasına bağlamış, demişdi ki, Astana Moskvadan uzaqlaşdıqca problemləri çox olacaq.
“Bəzi məqamlarda Qazaxıstan hakimiyyəti müəyyən iqtisadi modellərdən istifadə etməyə davam etsə də, Moskvanı ikinci dərəcəli tərəfdaş hesab edirdi.,- deyə Duqin Qazaxıstan hakimiyyətini inteqrasiyanı təşviq etmək əvəzinə, sabotaj etməkdə suçlayıb. Onun fikrincə, Qazaxıstan “səmərəli Avrasiya inteqrasiyası və Moskva ilə yaxınlaşma əvəzinə” getdikcə daha çox milli, lokal korrupsiya proseslərinə meyllənib.
Duqinin bu və digər fikirləri, təbii ki, o zaman Qazaxıstan rəhbərliyinə xoş gəlməmişdi və onun bu ölkəni həmişə Kremlin təsir dairəsində görmək istəməsi etiraz doğurmuşdu.
Duqinin “arzuolunmaz şəxslər” siyahısında olmasının səbəbi budur.
RF Dövlət Dumasının deputatları Pyotr Tolstoyun, Dumanın beynəlxalq məsələlər komitəsi sədrinin birinci müavini Vyaçeslav Nikonovun, Yevgeni Fedorov və Konstantin Zatulinun, eləcə də Dövlət Dumasının keçmiş deputatı Yevgeni Primakovun adının “qara siyahı” da olması onların Qazaxıstana qarşı çıxışları ilə bağlıdır.
Tolstoy Ukraynadan sonra Qazaxıstanın Rusiya üçün “növbəti problem” ola biləcəyini deyib, Almatının “rusların tikdiyi Vernı şəhəri” olduğunu bildirib və Qazaxıstanın Rusiyadan uzaqlaşmaq üçün özünə tarix uydurmağa cəhddə ittiham edib.
Federal televiziyada çıxış edən Nikonov Qazaxıstan deyilən bir ölkənin mövcud olmadığını bəyan edib, müasir Qazaxıstan ərazisinin “Rusiya və SSRİ-nin hədiyyəsi” olduğunu bildirib. Fyodorov Nikonovun bəyanatlarını dəstəkləyib və Rusiyanın Qazaxıstandan əraziləri geri qaytarmasını tələb etmək hüququna malik olduğunu bildirib. Bundan əlavə, o deyib ki, Qazaxıstan SSRİ-ni beynəlxalq hüquqa uyğun olaraq tərk etməyib və bu, onun dövlətçiliyinin "tamamilə qanuni olmadığını" göstərir.
Konstantin Zatulin 2022-ci ildə Qazaxıstan prezidenti Qasım-Jomart Tokayevin mövqeyini kəskin tənqid edib, onun özünü “müstəqil dövlət” elan edən “DXR” və “LXR”-ni tanımaqdan imtina etməsini pisləyib. Deputat ərazi iddialarına eyham vuraraq bildirib ki, tam tərəfdaşlıq olmadıqda “Ukraynada olduğu kimi hər şey mümkündür”.
1990-cı ilin yanvarında Bakıda törədilən qırğına rəhbərlik edən Yevgeni Primakovum eyni ad-soyadıı nəvəsi isə Qazaxıstan hakimiyyətini “millətçilərin rus dilinə qarşı hərəkətləri”ni cəzalandırmamaqda ittiham edib, Qazaxıstanın informasiya naziri Əsgər Umarovu “rusofob pislik” adlandırıb.
Göründüyü kimi, bu qırğı-quzğunlar Qazaxıstanın suverenliyini, onun müstəqil siyasət yeritməsini, dünya birliyinə inteqrasiya olunmasını həzm edə bilmir və ona qarşı təhdid sovururular. Onların əsas istinad nöqtəsi Qazaxıstanın şimalında yaşayan ruslardır. Bu nasist düşüncəli insanlar düşünürlər ki, Qazaxıstanın şimalında yaşayan əhalini separatçı hərəkata başlamağa təhrik edə bilərlər və Qazaxıstan bundan qorxaraq Kremlə boyun əyməlidir.
Əslində bu şəxslər digər postsovet ölkələrə də eyni arşın və düşüncə ilə yanaşırlar. Ümumiyyətlə, Rusiya isteblişmentində bu niyyətdə olanlar çoxdur və sayları getdikcə artır. Onlar digər postsovet ölkələri də “SSRİ-dən qanuni şəkildə çıxmamaq”da ittiham edirlər və dediklərindən belə anlaşılır ki, SSRİ Rusiyanın kontoru imiş.