Ardını oxu...
ADA Universitetində keçirilən forum böyük maraqla qarşılanıb
Aprelin 23-də ADA Universitetində 30 ölkədən 70-dək ekspertin iştirakı
ilə "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq
forum keçirilib. Prezident İlham Əliyev forumda iştirak edərək geniş
məzmunlu çıxış edib və tədbir iştirakçılarının suallarını cavablandırıb.
Azərbaycan Prezidenti İlham Əliyevin ADA Universitetində keçirilən
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq
forumda çıxışı, həmin tədbir də aparılan müzakirələr regionun və bütün
dünyanın, qloballaşan və hər gün yeni-yeni təhdidlərlə üzləşən planetimizin
gələcəyi üçün çox əhəmiyyətli oldu. Beyin mərkəzlərinin iştirakı ilə keçiriən
diskusiyalar, Azərbaycan Prezidentinin də haqqında danışdığı məsələlər
payızda keçirilməsi nəzərdə tutulan COP - Tərəflərin Konfransının
tövsiyələrinə uyğun idi. Bütün müzakirələr bütövlükdə dünyaya çağırış,
ayrı-ayrı qütblərdə, qitələrdə baş verən hadisələrin bütün bəşəriyyət üçün
acı nəticələrin baş verməməsi üçündür. Qlobal istiləşmə tempini səngitmək,
qlobal istiləşməyə məruz qalan ərazilərin adaptasiyasına dəstək olmaq və
2050-ci ilə qədər “0” - sıfır emissiyaya nail olmaq əsas məqsəddir.
Əsas diqqəti COP29-a yönəldən Prezident İlham Əliyev bu mötəbər
tədbirin Azərbaycanda keçirilməsinin önəmindən danışaraq deyib: "COP29
haqqında danışsaq, əlbəttə ki, bu, Azərbaycana olan beynəlxalq
ictimaiyyətin böyük hörmət və dəstəyinin təzahürüdür. İqlim dəyişiklikləri
məsələlərinin həlli baxımından biz həqiqətən istərdik ki, COP29 uğurla
keçsin".
COP29-un Azərbaycan üçün fürsət olacağını diqqətə çatdıran
Prezident İlham Əliyev bildirib: "Bizim dünyaya söyləyəcəyimiz məsələlər
çoxdur. Həqiqəti söyləmək imkanımız var. Hesab edirəm, ev sahibi ölkə
olmağın üstünlüklərindən biri ondan ibarətdir ki, biz on minlərlə insanı qəbul
edəcəyik. Onların əksəriyyəti ölkəmizə ilk dəfə səfər edəcək. Biz öz
sədrliyimizə nəinki özümüzü nümayiş etdirmək, həm də ölkəni təqdim
etmək fürsəti kimi baxırıq. Əslində, bu vacibdir. Biz buna həm də ən
təxirəsalınmaz məsələlərin həllinə qlobal aləmdə töhfə vermək fürsəti kimi
baxırıq".
Ölkəmizin iqtisadi uğurları barədə məlumat verən dövlətimizin başçısı
qeyd edib ki, Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır və
hətta böhran vəziyyətində də dayanıqlı artım göstərib. Prezident İlham
Əliyev Azərbaycanın xarici borcunun çox aşağı - hətta hazırda ümumi daxili
məhsulun 8 faizindən də az olduğunu diqqətə çatdırıb.
Regionda sülhün əldə olunması üçün atılan addımlardan danışan
Prezident İlham Əliyev qeyd edib: "Hazırda unikal şans yaranıb. Biz
bundan məhrum olmuşduq. SSRİ süqut etdiyi zaman sülh şəraitində öz
müstəqil həyatına başlamış Baltik dövlətlərindən fərqli olaraq, bizim
bölgədə müharibələr gedirdi. İndi həmin səhifəni çevirmək şansı yaranıb.
Biz bunu edirik".
Dövlətimizin başçısı bu prosesdə COP29-un əla fürsət olduğunu
vurğulayıb. Bildirib ki, COP29 üç Cənubi Qafqaz ölkəsi arasında ən azı
məsləhətləşmələri aparmaq üçün fürsət yaradacaq və gələcək
əməkdaşlığa yol açacaq.
Bölgədə sabitliyin pozulması cəhdlərinə də toxunan dövlətimizin
başçısı vurğulayıb: "Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə
qarşı silahlandırır, biz oturub gözləyə bilmərik. Özü də onlar bunu açıq və
nümayişkaranə şəkildə edirlər və hətta çalışırlar ki, bununla bizə nəyi isə
sübuta yetirsinlər. Biz, sadəcə, oturub gözləyə bilmərik. Biz bu mövqeyi
açıq şəkildə Ermənistan hökumətinə və bu gün Ermənistanın qayğısına
qalmağa çalışan tərəflərə bildirmişik. Əgər özümüzə ciddi təhdid görsək,
biz ciddi tədbirlər görməli olacağıq".
Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası, o
cümlədən Qazaxın dörd kəndinin dinc yolla qaytarılması sülh üçün yaxşı
imkan yaradır. Prezident İlham Əliyevin dediyi kimi, COP29-dan əvvəl
Azərbaycan ilə Ermənistan arasında sazişə nail olmaq, ən azı baza
prinsipləri üzrə razılığa gəlmək tam real görünür. Azərbaycan sülh prosesini
davam etdirməyə hazırdır. Biz tarixi ədaləti və beynəlxalq hüququ bərpa
etdik və indi regionda düşmənçiliyə son qoymaq vaxtı yetişib. Ermənistan
da sülh üçün iradə nümayiş etdirmələri, üçüncü qüvvələrin diqtəsi ilə
hərəkət etməməlidir.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü
 
 
 
Ardını oxu...
Ermənistanın baş naziri Nikol Paşinyanın keçdiyi siyasi təkamül yolu maraq doğurur. Bəzi qüvvələr bu təkamülə sevinir, bəziləri təəccüblənir, nəhayət, bəziləri narazı və qəzəblidirlər.

Sözsüz ki, qəzəblənənlər siyahısına Rusiya hakimiyyəti və onun Ermənistandakı forpostu sayılan qüvvələr başçılıq edir. Paşinyanın təkamülü onları qətiyyən qane etmir, hətta onlar üçün təhlükəlidir. İnsaf naminə qeyd etmək lazımdır ki, Moskva hələ ilk gündən Paşinyanın təhlükə olduğunu anlamışdı və buna görə də onun baş nazir olmaması üçün əlindən gələni edirdi. Amma alınmadı.

Nikol Paşinyanın siyasi təkamülündən qəzəblənən qüvvələr arasında Qərbdəki erməni diasporunu da göstərmək lazımdır. Baş nazir onların uydurma “Böyük Ermənistan” planlarına qətiyyən uyğun gəlmir, Qarabağ itirilib, Paşinyan erməniləri tamamilə fərqli istiqamətə aparır.

Amma maraqlıdır ki, diasporun geniş şəkildə təmsil olunduğu və meydan verildiyi Qərb hakimiyyət dairələrində bu təkamül razılıqla qarşılanır. Niyə də yox? Ermənistan baş naziri ölkəni Rusiyanın ağuşundan çıxarır, üzünü Qərbə tərəf çevirir. Uzun müddət Qərbin Qafqaza girməsi yolunda maneə olan Qarabağ problemi həll olunub, ABŞ-ın da, Avropanın da, Çinin də marağında olduğu “Orta dəhliz” açılır.

Ermənistanda əhali həm sevinir, həm heyrətlənir, həm də qəzəblənir. Ona görə heyrətlənir ki, Paşinyanın gəlişi özü ilə erməni cəmiyyəti üçün öyrəşmədiyi demokratiya, azadlıq gətirib. Ona görə sevinir ki, ölkə Rusiya buxovlarından azad olur, iqtisadi dirçəliş var. Nəhayət, nə qədər absurd olsa da, eyni zamanda ermənilərin də qollarına vurulan qandal rolunu oynayan Qarabağ problemi hansısa formada həll olunur. Amma həm də ona görə qəzəblidirlər ki, Qarabağ problemi onların istədiyi formada həll olunmayıb və artıq geri dönüş yoxdur...

Bu fərqli münasibətin kökündə nə durur və ümumiyyətlə, Paşinyanın siyasəti nədir? Bunun üçün ən azı, onun son olaraq Britaniya mətbuatına verdiyi müsahibəsindəki bəzi məqamlara göz ataq:

- Biz Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinin praktiki mərhələsindəyik və bu, təhlükəsizlik risklərinin minimuma endirilməsi nöqteyi-nəzərindən çox mühümdür.

- Ermənistanla Azərbaycan arasında SSRİ-nin dağıldığı dövrdə mövcud olan sərhədləri bərpa etmək lazımdır.

- Əslində biz Qərbdən heç vaxt uzaq olmamışıq. Demokratiya sahəsində əldə etdiyimiz nailiyyətlər əlaqələrimizin dərinləşməsinə xidmət edir. 2018-ci il inqilabından sonra demişdik ki, demokratiya bizim üçün bir anlıq dəyər deyil, strategiyadır. Diversifikasiya məsələsi də var ki, bu da öz növbəsində səbəb deyil, nəticədir. Onu da qeyd edim ki, diversifikasiya hazırda dünyadakı tendensiyadır.

- İstənilən investisiya sülh tələb edir, o cümlədən regional kontekstdə. Biz Azərbaycanla son beş ayda iki mühüm razılaşma əldə etmişik. Sülh ilk növbədə Ermənistan və Azərbaycan xalqlarına lazımdır.

- Biz Azərbaycanla razılığa gəldik ki, delimitasiya üçün əsas kimi 1991-ci il Alma-Ata Bəyannaməsini qəbul edirik.

- Alma-Ata Bəyannaməsinə əsasən, orada qeyd olunan sərhədlər həm də KTMT-nin məsuliyyət zonası hesab edilir. Bu o deməkdir ki, əgər sərhədlər pozulursa, o zaman KTMT mexanizmləri işə salınmalıdır. Lakin bu cür hallar baş verəndə Ermənistan KTMT-yə müraciət etsə də, sərhədlərin delimitasiyası aparılmadığına görə heç bir cavab almayıb.

- Hazırda biz KTMT-də iştirakımızı praktiki olaraq dayandırmışıq və vəziyyət belə davam edərsə, geri dönüşü olmayan həddə çata bilərik.

- Bu yaxınlarda Dağlıq Qarabağdan olan bir qadın məndən ermənilərin Dağlıq Qarabağa qayıtmasının nə dərəcədə real olduğunu soruşdu.

Mən indiki vəziyyəti, dünyadakı situasiyanı və Azərbaycanın mövqeyini nəzərə alaraq, səmimi cavab verdim ki, bu, hazırda mümkün deyil. Çünki əks halda etnik təmizləmə baş verməzdi. Bunun qarşısını almaq üçün hər cür səy göstərmişik.

- Sizə düzünü demək istəyirəm: Ermənistan Dağlıq Qarabağ uğrunda döyüşmək fikrində deyil. Hazırkı proseslər sülhə və regional təhlükəsizliyə yönəlmiş səylərimizin səmimiliyinə dəlalət edir.

- Son beş ayda Azərbaycanla mühüm razılaşma əldə olunub və bu, sülhün ilk benefisiarlarının Ermənistan və Azərbaycan xalqları olduğunu göstərir. Bu nəzəri tezis addım-addım əsaslı şəkildə həyata keçirilə bilər.

- Ermənistanın heç bir istiqamətdə - nə şimalda, nə cənubda, nə qərbdə, nə də şərqdə 29 743 kv.km-dən artıq əraziyə ambisiyaları yoxdur. Hesab edirik ki, müstəqilliyimizi, suverenliyimizi bu əsasda qurmalı və inkişaf etdirməliyik.

- Əslində bizim regionda münasibətlərin diversifikasiya siyasətinə Rusiya başlayıb və bu siyasətin konkret tarixi var. 2012-2013-cü ilə qədər siyasət Ermənistanın Rusiyanın Cənubi Qafqazda və KTMT çərçivəsində müttəfiqi, Azərbaycanın isə tərəfdaş olmasından ibarət idi. 2013-cü ildə Rusiya ilə Azərbaycan arasında çoxmilyardlıq silah müqaviləsi imzalandı və Rusiya Azərbaycanla münasibətlərini diversifikasiya etməyə başladı.

- Biz sülh gündəmini ardıcıl olaraq təbliğ etməliyik, çünki bu, düşmənçiliyin kökünün kəsilməsinin açarıdır.

- Bu proses üç əsas prinsipə əsaslanmalıdır: qarşılıqlı şəkildə suverenliyin tanınması, delimitasiya prosesi üçün əsas kimi Alma-Ata Bəyannaməsindən istifadə və müvafiq ölkələrin yurisdiksiyası əsasında nəqliyyat marşrutlarının açılması.

Paşinyanın son açıqlamaları, siyasi təkamülü belədir. Və sual yaranır: Azərbaycanda onun bu təkamülünə münasibət necədir və ümumiyyətlə, necə olmalıdır?

Baş nazir müsahibəsində bir çox başqa məsələlərə də toxunub. Onların arasında Azərbaycan tərəfini qane etməyən məqamlar, uydurma iddialar da kifayət qədərdir. Və bu zaman unutmaq olmaz ki, Paşinyan hər şeydən öncə erməni xalqını təmsil edir və onun başçılıq etdiyi ölkə 30 il ərzində Azərbaycan ərazilərini işğal altında saxlayıb. Özü isə hakimiyyətə gəldiyi ilk vaxtlarda Xankəndinin mərkəzində “Qarabağ Ermənistandır və nöqtə” deyən şəxsdir.

Amma bu təkamül əslində bizi narahat etməməlidir və qane edir. Paşinyanın yerinə daha arzuedilməz, proqnozlaşdırılması mümkün olmayan, ya da hansısa beynəlxalq güc mərkəzinə daha sıx bağlılığı olan başqa şəxs gələ bilər(di). Etiraf edək ki, bu zaman Azərbaycana qarşısına qoyduğu məsələləri həyata keçirmək üçün daha çox zaman və güc lazım gələrdi.

İndi isə Paşinyanın özünün şəxsi keyfiyyətləri, beynəlxalq güclərin onun qulağına pıçıldadığı həqiqətləri qəbul etmək bacarığı, eləcə də başı üzərində daim sıxılmış halda dayanan yumruğun ağır fəsadlarını öncədən görə bilməsi bu prosesi asanlaşdırır.

Press Klub
Ardını oxu...
“Ölkə Prezidentinin bu istiqamətdə apardığı siyasət ən optimal və real vəziyyəti dəyərləndirərək, irəliləyən bir siyasətdir. Çünki hamıda belə bir təsəvvür var ki, Rusiya ilə münasibətlər kontekstində ancaq Rusiyanın öncülük etdiyi qurumlarda təmsilçilik zərurəti yaranır. Lakin Azərbaycan öz müstəqil yanaşmasını bütün məsələlərdə olduğu kimi, burada da ortaya qoyur”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib.

Deputat Prezident İlham Əliyevin aprelin 23-də ADA Universitetində təşkil olunan “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışı zamanı Rusiyanın moderatorluq etdiyi Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlüklə bağlı səsləndirdiyi fikirlərə toxunub.

Qeyd edək ki, dövlət başçısı çıxışında Azərbaycanın indiki perspektivdə Aİİ-yə üzv olmayacğaını qeyd edib.

F.Mustafa isə düşünür ki, hazırda hər hansı bir Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulma məsələsindən söhbət getmir və ölkəmiz Rusiya ilə ən yüksək səviyyədə müttəfiqlik münasibətlərini davam etdirir:

“Bundan başqa, Azərbaycan hər hansı bir konflikt olmadan, danışıqlar yolu ilə bütün məsələləri çözməyə hazır olduğunu hər dəfə göstərir və buna nail olur. Ona görə də bugünkü forumda da dövlət başçısının bunu dilə gətirməsi həm də onun tərəfindən həyata keçirilən siyasətin nə qədər optimal və doğru olduğunu göstərir”.

Onun fikrincə, bütövlükdə Rusiya ilə münasibətlərdə böyük dövlətlərə üslubuna görə Azərbaycan unikal bir siyasi mövqe ifadə etməkdədir.

“Azərbaycan böyük dövlətlərə bəyan edir ki, “mən sizin üçün təhlükəli deyiləm və mənim müstəqilliyimi – “qırmızı xətt”imi hamınız tanımalısınız”. Bu dövlətlər də Azərbaycanın “qırmızı xətt”ini tanıyır, eyni zamanda ölkəmizi müəyyən dərəcədə təhlükəli məkan olaraq görmədiklərini ifadə edirlər ki, bu da bizim üçün qane edici bir siyasətdir. Çünki bizim konflikt aparmaq niyyətimiz yoxdur”, – deyə o bildirib.

Rafi Müslümov
Ardını oxu...
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə aprelin 22-də Moskvaya işgüzar səfərə gedib. Həmin gün Moskvada Azərbaycan və Rusiya prezidentləri İlham Əliyevlə Vladimir Putin arasında təkbətək görüş keçirilib.
"Azərbaycan Rusiya ilə əlaqələrin inkişafından çox razıdır". Bunu Azərbaycan Prezidenti İlham Əliyev Moskvada Rusiya Prezidenti Vladimir Putin ilə təkbətək görüşdə deyib. Azərbaycan dövlətinin başçısı vurğulayıb: “Biz əlaqələrimizin inkişafından çox razıyıq. Artıq iki ildən çoxdur ki, 2022-ci ilin fevralında burada - Kremldə imzaladığımız və əsas siyasi sənəd olan, gələcəkdə münasibətlərimizin ardıcıl inkişafını müəyyən edən müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə çərçivəsində işləyirik”. Azərbaycan və Rusiyada keçirilən prezident seçkilərindən sonra İlham Əliyevlə Vladimir Putinin ilk şəxsi görüşünə səbəb olan rəmzi hadisə Baykal-Amur magistral xəttinin tikintisinə başlanmasının 50 illiyi oldu.
Görüşdə Vladimir Putin qeyd edib ki, Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 4 milyard dolları ötüb, Azərbaycan iqtisadiyyatına Rusiya investisiyaları isə 6 milyard dollar təşkil edib: “Hökumətlərarası komissiya fəal işləyir və əməkdaşlığın bir çox maraqlı istiqamətləri var - həm real sektorda, həm də iqtisadi əməkdaşlıqda. Bu günlər biz Baykal-Amur Magistralının 50 illiyini qeyd edirik. Hamı yaxşı bilir ki, Sizin atanız bu layihənin icrasında böyük rol oynayıb". Vladimir Putin Ulu Öndər Heydər Əliyevin BAM-ın tikintisi məsələləri üzrə daimi komissiyaya sədrlik etdiyini xatırladaraq bildirib: “Demək olar ki, o, ən böyük layihələrdən birinin, bütün Sovet İttifaqı üçün çox vacib layihə olan BAM-ın rəhbəri olub. Biz buna görə ona çox minnətdarıq və onun əziz xatirəsini yad edirik”.
Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya səfəri iki prezidentin 2024-cü ildə yenidən seçildikdən sonra ilk üz-üzə təmasıdır. Rusiya sülhməramlılarının vaxtından əvvəl Qarabağdan çıxarılması və Ermənistanla sərhədin demarkasiyası və delimitasiyası zamanı dörd kəndin Azərbaycana qaytarılması İrəvanın Qərblə yaxınlaşması kontekstində Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında işini dayandırmış üçtərəfli danışıqlar formatını canlandırmaq şansı verir. İlham Əliyevdən sonra Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvada İrəvanın xarici siyasət strategiyası ilə bağlı ciddi söhbəti gözlənilir.
Rusiyada və Azərbaycan rəhbələri arasında şəxsi təmaslara tez bir zamanda başlamaq zərurəti Cənubi Qafqazda dəyişən vəziyyətlə diktə olunur. Bu vəziyyət qeyri-sabit görünür və rəqabət aparan oyunçuların - bir tərəfdən Rusiyanın, digər tərəfdən isə Qərbin iştirakı ilə regionun inkişafı və təhlükəsizliyinin təmin edilməsi üçün bir neçə alternativ ssenarilər açır.
Prezidentlər Vladimir Putin və İlham Əliyev arasında Moskvada keçirilən danışıqlar ərəfəsində böyük beynəlxalq rezonans və BMT, ABŞ, Aİ, Türkiyə rəhbərliyinin reaksiya dalğasına səbəb olan ikinci hadisə ötən cümə günü Ermənistanın şimal-şərqində Bakının nəzarətinə keçəcək dörd kəndin ərazisində sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı əldə olunmuş razılaşma oldu. Ermənistan və Azərbaycan baş nazirlərinin müavinləri Mher Qriqoryan və Şahin Mustafayevin sədrliyi ilə sərhəddə baş tutan görüşdə tərəflər bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınmasını təsdiqləyiblər. Yeni sərhədlər yaratmadan, əksinə SSRİ-nin dağılması zamanı mövcud olan sərhədləri de-yure bərpa etmək qərara alınıb.

Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası
Ardını oxu...
TEREF bildirir ki, bunu aprelin 22-də dərc olunan “İnterfaks-Ukrayna”ya müsahibəsində Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MDŞ) katibi Aleksandr Litvinenko bildirib.

Jurnalistin, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibinin sözlərinə görə, Rusiya Federasiyasının Ukraynaya qarşı müharibədən “səfərbərlik mərhələsindən çıxa və dinc iqtisadiyyata qayıda bilərmi” sualından sonra onlar bu barədə danışmağa başlayıblar. “Bəlkə də bizə rəhbərlik dəyişikliyi, yəni rejim dəyişikliyi lazımdır”, – deyə Litvinenko cavab verib. O, hesab edir ki, ruslar Ukraynada döyüşmək məcburiyyətində deyillər. “Onlar həm Moldovada, həm də Baltikyanı ölkələrdə çox fəal şəkildə işləyirlər, son vaxtlar biz Qazaxıstanda da fəallığın artdığını müşahidə edirik”.

Onun fikrincə, rusların öz “müharibə maşınını” dayandırıb “istəməyəcək, ya da bacarmayacaq”ı o qədər də vacib deyil. “Köhnə məşhur Çin atalar sözündə deyildiyi kimi: “Əgər pələngə minirsənsə, əsas odur ki, dayanmayasan”, – Litvinenko vurğulayıb.

//Samir Qurbanov, Editor.az

 
Ardını oxu...
Rusiyanın Azərbaycana (həm də Ermənistana) qarşı illərdir işlətdiyi ən böyük “zopanı” – Qarabağ məsələsi və “sülhməramlıların” qalması təhdidini Dövlətimiz aradan qaldırdı. Tarixi hadisələr baş verdi, ən gözəl və pozitiv ssenari ilə münaqişə öz həllini tapdı. Ermənistanla qalıcı sülhə doğru da ciddi addımlar atıldı-atılır, sülh müqaviləsinin “onurğasını” təşkil edəcək sənədlər, prinsiplər razılaşdırılır – ilk imzalar atılandan sonra Kremlin bölgəmizə təsirlərin azalması trendi sürətlənəcək. Amma bu o demək deyil ki, Moskva bölgəmizdən tam və səssiz çəkiləcək, hələ də bölgəyə, o cümlədən Azərbaycana təsir müxanizmləri var, onlardan istifadəı etməyə çalışacaq.
Təsir müxanizmlərindən biri ölkəmizin qeyri-resurs ixracıdır – hökumətin bacarıqsız iqtisadi komandası illərdir bu təhdidi aradan qaldırmaq üçün ciddi bir iş ortalığa qoymadı-qoya bilmədi. Gəlin ən yeni statistik məlumatlara baxaq: Bu ilin 1-ci rübündə, ilk 3 ayında Azərbaycan 5. 984 mln. dollar mal-məhsul ixrac edib, ixracın 88,74%-i, yəni 5.310 mln. dolları neft-qaz sektoruna daxil olan mallar üzrə olub, qeyri-neft ixracımız cəmi 673 mln. dollar təşkil edib – bu ixracın 22%-i, yəni 140 mln. dollara yaxını meyvə-tərəvəzdir. Biz Rusiyaya 3 ayda cəmi 230 mln. dollara yaxın mal ixrac etmişik, yəni, meyvə-tərəvəzin tamamına yaxını Şimal qunşumuza gedib. Bu isə o deməkdir ki, Kremlin kefi istəyəndə yenə pomidorda xəstəlik, almada qurd “taparaq” ixracatımızı kəsə bilər. Aqrar sahədə çalışanların isə başqa bazarlara çıxışı yoxdur ki, Rusiyanı əvəzləyə bilsinlər – deməli, Kremlin əlindən daim istifadə edə biləcəyi bu təzyiq vasitəsini almaq əsas hədəflərdən biri olmalıdır. Bunun üçün ölkəmiz ÜTT-yə üzv olaraq, AB ilə sazişi tezləşdirərək fermerlərimizin daha bahalı və dayanıqla bazarları çıxışı təmin edilməlidir – hökumət isə bu yolda heç bir addım atmır, atmaq istəmir.
Moskvanın əlində olan digər təzyiq vasitəsi orada yaşayan soydaşlarımızdır – zaman-zaman bu məsələni Kremlin rəsmiləri, təbliğat “bülbülləri” dilə gətiriblər. Bu gün taciklərin başına açdıqları oyunu da görürük, bundan başqa Rusiyanın daha çox şovinistləşən siyasi səhnəsi miqrantlarla bağlı qanunları sərtləşdirməyə çağırır və bunun üçün addımlar atılır, deməli günün birində bu dalğa bizə də toxuna bilər. Rusiyada olan soydaşlarımızın dəqiq rəqəmi yoxdur, amma əsas odur ki, bu köçün səbəbləri aradan qaldırılsın və onların dönmə ehtimalı təhdid deyil də, fürsətə çevrilərək məmləkətin gələcəyinə xeyir versin – necə?! Gəlin bu haqda düşünək, bəzi yolları haqqında yazım: Dediyim kimi, orada yaşayanlarla bağlı rəqəmlər müxtəlifdir, amma 2 mln. nəfərə yaxın soydaşımızn Rusiyada yaşadığı deyilir. Bunlardan 800-850 minə yaxını artıq vətəndaşlıq alıblar – onlarla bağlı siyasət fərqli olmalıdır, yəni, seçimlərini ediblər, miqrant deyillər, artıq vətəndaşdılar. Təxminən 1,2-1,3 mln. nəfər soydaşımız isə ya müvəqqəti iş icazələri, ya da elə sənədsiz orada yaşayırlar - ən böyük problem onlar üçün yarana bilər.
İndiki hökumət o miqrantların geri qayıtmasını risk sayır, çünki ölkədə zatən azad bazar, rəqabətli iqtisadiyyat, ədalətli model olmadığını bilirlər, onu da anlayırlar ki, köçənlər öz xoşuna getməyib, “çörək” dalınca qaçıblar, məmləkətdə iş-güc olsaydı zatən getməzdilər. Amma onların dönməsi təhdid olmamalıdır, əksinə, ciddi müsbət fürsətlər yarada bilər – yetər ki, ölkədə iqtisadi sistemi, idarəetmə fəlsəfəsini dəyişə bilək. Ölkəmizin demoqrafik vəziyyəti də getdikcə pisləşir, ona görə də, 1 mln. soyadaşımızın qayıtması üçün fürsətlər yarada bilsək bu ciddi iqtisadi effekt verə bilər. Qarabağ və ətrafını, min şükür, işğaldan azad etdik, 20% torpaq özümüzə qayıtdı, həmin bölgələrdə 1,5-2 mln. vətəndaşımızın yaşaması, qazanması, ölkəmizin gələcəyinə ciddi tövhə vermısi üçün TƏBİİ şərait var, qalır siyasi-iqtisadi şəraitin yaradılması ki, bu da siyasi iradədən və hökumətdən asılıdır. Əgər ciddi düşünülmüş “Vətənə Qayıdış” proqramı hazırlaya bilsək, həmin soydaşlarımızın bir çoxu qürbətdə bir parça çörək qazanmaqdansa Qarabağ və ətrafına köçüb oraları cənnətə çevirə bilərlər. Açığını deyək ki, zatən köç problemə çevrilib-çevriləəck – bu haqda danışmaq lazımdır, Rusiyalı soydaşlarımız bu məsələnin də həllində ciddi açar rolu oynaya bilərlər, çünki bütün xalqımız kimi onlar da çalışqandılar, əməksevərdilər. Aralarında əslən o bölgələrdən olan yüzminlərlə soydaşımız da var, bu da ciddi müsbət resursdur.
Xülasə, Rusiyanın əlindən bütün təzyiq vasitələrini addım-addım almalıyıq ki, Şimaldan gələn təhdidlər minimuma ensin və bu həm də məmləkətin rifahına xidmət etsin. Belə...
Natig Cəfərli
TEREF
 
Ardını oxu...
Dünya və regional mətbuatda, “Rusiya Azərbaycandan nədən belə tez, və nisbətən rahat çıxdı”, sualına cavab axtarır. Cavab sadə deyil, hətta bir xətt üzrə də deyil, müxtəlif məsələlərin sintezindən doğub – qlobal trendlərlərlə yanaşı Azərbaycan və Türkiyənin sinxron davranışları, məncə, həlledici olub:
1) Azərbaycan dövlət TV-sı anons yaydı, həbsdə olan terrorçu-separatistlərdən böyük bir müsahibə aldığını dedi, onlar da, çox güman, sandığı açıb pambığı tökdüblər – illərdir Kremlin, Moskvanın Azərbaycana qarşı etdiklərini, separatizmə necə dəstək verdiklərini danışıblar, sənədlərlə sübut olunmuş faktlar ortalığa çıxıb. Sonra müsahibə efirə getmədi - əvəzində “rusməramlılar” ölkədən getdi, əgər bu şahmat gedişi rol oynayıbsa, bu məsələni düşünüb həyata keçirənlərə eşq olsun,
2) Rusiyanın çıxması ilə pararlel olaraq Ağdamda yerləşən Türkiyə-Rusiya birgə monitorinq mərkəzinin də bağlandığı elan olundu. Mənə elə gəlir ki, əgər Rusiya çıxmaq istəməsəydi, Türkiyə ilk olaraq elan edəcəkdi ki, bu missiyaya ehtiyac yoxdur, məsələlər bitib, biz bu müqaviləni, səbəblər aradan qalxdığına görə sonlandırırıq, ona görə də, biz çıxırıqsa, müavilə şərtlərinə görə ruslar da çıxmalıdr (halbuki hamımız bilirik ki, qardaş Türkiyə burdadır, burda da olacaq – söhbət o mərkəzi tərk etməkdən gedir). Bu zaman nə olacaqdı?! Bəli, faktiki olaraq ruslar, ən azı o mərkəzdən Türkiyənin təkidi ilə çıxmağa məcbur olduğu görünəcəkdi.
Əvvəldə də qeyd etdiyim kimi, səbəblər çoxdur, amma düşünürəm ki, bu iki amil Kremlin qərar verməsinə təsir edib...
Natig Cəfərli
TEREF
 

Ardını oxu...
Fransa Azərbaycandakı səfirini “məsləhətləşmələr” üçün geri çağırıb, Azərbaycan isə buna cavab olaraq Fransanı “dağıdıcı fəaliyyətdə” ittiham edib.

BBC xəbər verir ki, bu, Ermənistana Fransa silahlarının tədarükü, Azərbaycanda fransız casusunun tutulması, eləcə də Azərbaycanla Ermənistan arasında yeni müharibə təhlükəsini ehtiva edən qarşıdurmalar siyahısında hələlik sonuncu epizodudur.

Xatırladaq ki, Fransa Xarici İşlər Nazirliyi səfirini məsləhətləşmələr üçün geri çağırdığını elan edib və bunu “Azərbaycanın son aylarda Paris və Bakı arasında ikitərəfli münasibətlərə xələl gətirən hərəkətləri” ilə əlaqələndirib.

Amma bu diplomatik demarşdan əvvəl iki ölkə arasında gərginliyə səbəb olan bir sıra hadisələr baş vermişdi.

Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Əli Nağıyev martın sonunda bildirmişdi ki, Fransa Ermənistanı fəal şəkildə silahlandıraraq onu yeni müharibəyə sövq edir, Azərbaycanda casus şəbəkəsi yaradır.

Hələ ötən ilin sonunda isə Azərbaycan xüsusi xidmət orqanları fransalı iş adamını casusluq ittihamı ilə həbs etmişdilər. Elə o zaman Fransa səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılmışdı və casusluqda ittiham edilən iki fransız diplomatı ölkədən çıxarılmışdı.

Ermənistan KTMT üzvü, yəni Rusiyanın müttəfiqi olmasına baxmayaraq, keçən ildən etibarən NATO ölkəsi olan Fransadan silah almağa başlayıb. Bu ilin fevralında isə Fransanın müdafiə naziri tarixdə ilk dəfə olaraq İrəvana gəlib və onu Fransanın müdafiə şirkətlərinin nümayəndələri müşayiət edib.

Ermənistan zirehli texnika, radiolokasiya qurğuları, gecəgörmə cihazları, snayper tüfəngləri və daşına bilən zenit-raket kompleksləri almalıdır. Erməni zabitlərinə isə Fransada təlim keçməyə hazırlaşırlar.

Fransa nədənsə Azərbaycanın Ermənistan ərazisində müharibəyə başlayacağından ehtiyat edir və hətta Azərbaycanın ötən ilin payızında Qarabağda xüsusi əməliyyat keçirməsindən sonra Avropa İttifaqını Bakıya qarşı sanksiyalar tətbiq etməyə çağırmışdı.

Fransa Senatı isə hökuməti avropalı tərəfdaşları ilə birlikdə “Ermənistana qarşı təkrar təcavüzkar hərəkətlərinə görə” Azərbaycana münasibətdə mümkün olan bütün diplomatik tədbirləri görməyə çağırıb.

Qətnamədə qeyd olunur ki, Azərbaycan Ermənistanın ərazi bütövlüyünə qəsd edərək, Naxçıvana aparan quru dəhliz yaratmağa cəhd edir.

Prezident Makron da Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü təhdid etdiyini bəyan edib.

Məsələ ondadır ki, Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidirsə, Zəngəzur da Ermənistan ərazisidir və guya Azərbaycan onun üzərindən öz eksklavına yol açmaq istəyir. Amma İlham Əliyev üç il əvvəl “əgər Ermənistan bundan imtina etsə, biz bunu güc yolu ilə həll edəcəyik” deyirdisə, bu gün əks halda heç bir zaman Ermənistanla quru sərhədi açmayacağını vəd edir.

Fransa hələ 2020-ci il Qarabağ müharibəsindən əvvəl Ermənistana tərəf meyl edirdi. Məsələ ondadır ki, Avropada ən böyük erməni diasporu Fransada yaşayır, ölkədə erməni köklü 600 mindən çox fransız var.

2020-ci ilin payızında Qarabağ müharibəsi zamanı minlərlə erməni və onlara rəğbət bəsləyən fransız erməni tərəfinin müdafiəsi üçün mitinqlərə çıxmışdı.

Fransadakı erməni diasporu qədim tarixə malikdir və çoxdan fransız cəmiyyətinə inteqrasiya olunub. Elitada, incəsənətdə və mədəniyyətdə çoxlu erməni var.

Hazırda Fransa Senatı Ermənistanın ərazi bütövlüyünə hörmət etməyə çağırsa da, müharibə zamanı hökuməti “Dağlıq Qarabağın müstəqilliyini” tanımağa çağırırdı.

Bu münasibət Azərbaycanda haqlı qıcıq yaradır. Azərbaycan Xarici İşlər Nazirliyi səfirin geri çağırılmasına cavab olaraq yaydığı bəyanatında Fransa Senatının qətnamələrini xatırladıb, Fransanı “dağıdıcı fəaliyyətdə” ittiham edib və Fransada “anti-Azərbaycan ab-havası” hökm sürdüyünü bildirib.

“Azərbaycan tərəfi dəfələrlə Fransaya bildirib ki, bizimlə təhdid və təzyiq dilində danışmaq mənasızdır. Biz bir daha bəyan edirik ki, Azərbaycan öz milli maraqlarını qorumaq üçün bütün lazımi tədbirləri görəcək”, - XİN-in bəyanatında deyilir.

Oksford Universitetinin politoloqu Leyla Əliyeva hesab edir ki, səfirin geri çağırılması kifayət qədər ciddi addım olsa da, bu, ağır nəticələrə gətirib çıxarmayacaq. Çünki tərəflərdən heç birinə ciddi qarşıdurma sərf etmir.

“Azərbaycanda Fransa haqqında deyilən sözlər, yaradılan düşmən obrazı daxili auditoriya üçündür və fransızlar bunu bilirlər” - Qarabağ münaqişəsi üzrə ekspert Arif Yunus deyir. - "Ona görə də, Fransanın diplomatik münasibətləri pozacağını düşünmürəm".

Ekspertin fikrincə, Fransanın mövqeyi həqiqətən ermənipərəst görünsə də, bu gün Paris Ermənistanla münasibətlərdə Avropanın təhlükəsizliyini rəhbər tutur və Ukraynada gedən müharibədən əlavə Cənubi Qafqazda daha bir müharibənin başlaya biləcəyindən ehtiyatlanır.

“Hesab edirəm ki, səfirin geri çağırılması müvəqqətidir, bu, Əliyevi Putindən qoparmaq üçün lazım olan siqnaldır”, - Yunus bildirib. - “Əliyevə qarşı sanksiyaların tətbiqi məsələsi yanvar ayından dolaşır, lakin görünür, Avropa hələ də ümidini itirməyib”.

Burada iqtisadi faktorlardan da bəhs etməyə dəyər. Bu mənada Azərbaycanın Fransa ilə heç də zəif olmayan əlaqələri var. Məsələn, son onilliklərdə Azərbaycanın mülki aviasiya donanmasının yenilənməsi birbaşa Fransa ərazisində fəaliyyət göstərən zavodlardan asılıdır. Müasir “Airbus”lar məhz Fransadan gətirilir. Yaxud təbii enerji ehtiyatlarının hasilatı üzrə dünya liderlərindən olan “Total” fransız şirkətini götürək –çətin ki, Azərbaycanın Xəzər şelfini tərk etmək perspektivinə sevinsin. Onda bütün bunlar nəyə lazımdır? Məqsəd nədir?

Hankuk Xarici Tədqiqatlar Universitetinin (Cənubi Koreya) professoru, politoloq Rövşən İbrahimov məsələ ilə bağlı fikirlərini Pressklub.az-a açıqlayıb.

Onun sözlərinə görə, səfirin məsləhətləşmələrə çağırılması ilə bağlı rəsmi açıqlamadan da göründüyü kimi, Fransa diplomatik münasibətləri kəsmək istəmir. “Bu məsləhətləşmənin səbəbi kimi Azərbaycanın qeyri-dost, pis davranışı göstərilsə də, hesab edirəm ki, bu, diplomatik münasibətlərin kəsilməsinə səbəb olmayacaq. Üstəlik, Azərbaycan Xarici İşlər Nazirliyinin reaksiyası göstərir ki, Bakı qarşılıqlı addım atmaq niyyətində deyil və tamamilə mümkündür ki, Fransa səfiri çox tezliklə geri qayıdacaq. Çünki prinsipcə, onlar Azərbaycanda diplomatik cəhətdən ən yüksək səviyyədə təmsil olunmasalar, bu, faktiki olaraq Fransanın özünə ziyan vuracaq. Boş yerdə belə bir addım atmaq ağıllı hərəkət deyil. Axı istənilən halda bu və ya digər şəkildə Fransa üçün əlaqə kanalları lazımdır. İndi isə onların sayı getdikcə azalır”, - professor deyir.

Ümumiyyətlə isə o düşünür ki, nə qədər prezident Makron hakimiyyətdədir, münasibətlərdə oxşar vəziyyət davam edəcək, çünki Cənubi Qafqazda siyasəti kökündən dəyişmək üçün onun artıq resursları yoxdur. “Və həm də ona görə ki, burada Paşinyanla Makron arasında artıq şəxsi münasibətlər formalaşıb. Düzdür, Fransada prezident dəyişikliyindən sonra Azərbaycanla münasibətlərin yaxşılaşacağına heç bir təminat yoxdur. Münasibətlər daha da pisləşə bilər.

Amma fakt odur ki, hazırkı vəziyyət Fransanın milli maraqlarına qətiyyən cavab vermir. Əgər Cənubi Qafqazda olmaq istəyirsənsə, o zaman Azərbaycanın formalaşdırdığı fikirləri və reallıqları mütləq nəzərə almalısan. Azərbaycansız Cənubi Qafqazda heç bir iş görə bilmərsən. Fransanın problemi ondan ibarətdir ki, o, Cənubi Qafqazı və ilk növbədə Ermənistanı Yaxın Şərq nöqteyi-nəzərindən qəbul edir, çünki Fransa ənənəvi olaraq heç vaxt Cənubi Qafqazda olmayıb. Onun üçün daha “doğma” bölgə Yaxın Şərqdir - Suriya, Livan. Ermənilərlə ilk dəfə orada qarşılaşıb və onlarla orada tanış olub. Və nəticədə fransızlar Cənubi Qafqazı Yaxın Şərqin davamı kimi qəbul edir və düşünürlər ki, orada da eyni siyasət aparılmalıdır. Onlar üçün Fransada yaşayan ermənilər daha çox Yaxın Şərqdən gələnlərdir. Onlar hələ də “sovet” ermənisi ilə Yaxın Şərq ermənisinin eyni olmadığı reallığını dərk etmirlər”, - deyə İbrahimov yekunlaşdırıb.
Ardını oxu...
Həm Rusiya, həm də Azərbaycan rəsmən təsdiqlədi: Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması prosesinə start verilib. Artıq media və sosdial şəbəklərdə Azərbaycan ərazisini tərk edən rus hərbçilərinin videoları yayılır. Onlar Xankəndi - Tərtər - Goran dəmiryol stansiyası marşrutu üzrə hərəkət edir və oradan çox güman, Şimali Qafqazdakı dislokasiya yerlərinə qayıdırlar.

Kremlin sözçüsü Dmitri Peskov bu barədə mətbuata təsdiq açıqlamasından sonra Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev məsələyə ətraflı aydınlıq gətirdi: "2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib. Artıq proses başlanılıb, Azərbaycan və Rusiya Müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər".

Xatırladaq ki, 2 gün əvvəl Rusiya Dövlət Dumasının Müstəqil Dövlətlər Birliyi (MDB) işləri üzrə komitəsinin sədrinin birinci müavini, deputat Konstantin Zatulin də sülhməramlıların Qarabağ ərazisində qalması üçün əsaslar olmadığını bildirmişdi. “Bəzi ermənilərin Qarabağa qayıdacağı ilə bağlı müəyyən ümidlər var. Lakin Azərbaycanın ermənilərin geri qayıtması üçün rəsmən irəli sürdüyü şərtlər çətin ki, onların qayıtmasını asanlaşdırsın. Ona görə də burada Rusiya sülhməramlılarının olması çox çətindir. Yerli əhalinin Qarabağdan köçməsi onların orada olma səbəbini sarsıtdı", - Zatulin vurğulayıb.

Azərbaycan cəmiyyəti üçün sürpriz qərardır, reaksiyalardan görünür ki, Ermənistanda və Qərbdə də Rusiya hərbçilərinin vaxtında il yarım əvvəl Azərbaycanı tərk etməsi gözlənilməz olub. İndi əsas sual budur: Bakı və Moskva hansı səbəblərdən bu erkən qərarı qəbul ediblər?

Əvvəla, Prezidentin köməkçisi H.Hacıyevin bəyanatından məlum olur ki, bu, ikitərəfli prosesdir, yəni tərəflər fərdi şəkildə deyil, ikitərəfli qaydada Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasının zəruri olduğu qənaətinə gəliblər. Bu isə bölgədə gedən proseslərlə bağlıdır.

Ötən ilin 19-20 sentyabrında Qarabağda keçirilən antiterror əməliyyatından sonra erməni əhali kütləvi şəkildə bölgəni tərk etdi. Rusiya sülhnəramlılarının bu gün ölkədən çıxmasının əsas səbəbini də məhz Azərbaycan dövlətinin bütün təzyiqlərə baxmayaraq belə bir əməliyyatı keçirməsi ilə bağlamaq olar. Separtçıların məhv edilməsi və ya ölkədən qaçması Qarabağın erməni sakinlərinin də Azərbaycanı kütləvi şəkildə tərk etməsinə səbəb oldu.

İrəvan da bu prosesin qarşısını ala bilmədi. Rusiya da müəyyən maraqlara görə onların gedişini əngəllməyə cəhd göstərmədi. Sonralar Ermənistanın Baş naziri N.Paşinyan bildirdi ki, Rusiyanın Qarabağdan gedən ermənilərdən onun devrilməsində istifadə etmək niyyəti olub. Onun dedikləri həqiqətdir, yoxsa antirusiya propoqandasının tərkib hissəsidir, bu məlum deyil. Amma fakt budur ki, hakimiyyət ermənilərin İrəvanda kompakt şəkildə məskunlaşmasına imkan vermədi və onları ölkənin əyalətlərinə dağıtdı. Sonrakı aylarda Qarabağdan getmiş 10 mindən artıq erməni Ermənistanı da tərk edərək Rusiya və Avropa ölkələrinə üz tutdu.

Beləliklə, proseslər Rusiyanın gözlədiyi kimi inkişaf etmədi. Ola bilsin, Moskvada 44 günlük müharibədən sonrakı vəziyyətin təkrarlanacağına ümidlər vardı. Həmin dövrdə qısa müddətdə Rusiyanın təşkilatçılığı ilə 30-40 min erməni Xankəndi və ətraf kəndlərə qaytarılmışdı. Azərbaycan ermənilərin gedişinə mane olmadı, amma qayıtmaları üçün şərtlər qoydu. Söhbət, aşağıdakı şərtlərdən gedir:

- Ermənistandan qovulmuş azərbaycanlılar da geri qaytarılmalıdır;

- Qarabağda yaşamaq istəyənlər Azərbaycan vətəndaşlığını qəbul edib, Konstitusiyasına əməl etməlidir;

- Qarabağ ermənilərinə hər hansı status verilməyəcək.

Bakının bu şərtləri Rusiyanın bölgədə uzunmüddətli qalmaq planlarına ciddi zərbə oldu, bölgədəki sülhməramlı kontingent faktiki istifadəsiz qaldı. Moskva onların fərqli statusla Azərbaycanda qalması üçün Bakı ilə danışıqlara cəhd etdi, xarici işlər nazirinin müavini Mixail Qaluzin bununla bağlı bir neçə bəyanatla çıxış etdi. Amma Azərbaycan rəhbərliyi dialoqdan yayındı və 2025-ci ili nişan verdi.

İkinci mühüm səbəb Türkiyənin mövqeyidir. Hələ ötən il Naxçıvanda TDT-nin zirvə görüşündə iştirak edən Prezident Rəcəb Tayyib Ərdoğan Rusiya hərbçilərinin müqavilədə göstərilən müddətdə Azərbaycanı tərk etməli olduğunu bəyan etmişdi. Rusiya Ukrayna müharibəsindən dolayı düşdüyü çətin durumda Türkiyəni eşitməyə məcburdu və beləliklə, bu qərarın qəbul olunmasında Azərbaycanın strateji müttəfiqinin də rolu danılmazıdır.

Üçüncü mühüm səbəb Rusiya və Ermənistan arasında artan gərginliklə bağlıdır. Kreml çox ümid edirdi ki, sülhməramlıları Ermənistan-Azərbaycan sərhədinə, daha sonra Zəngəzur dəhlizinə yerləşdirəcək və bölgədə hərbi iştirakını möhkəmləndirəcək. Azərbaycan bu barədə Rusiyanın gündəliyini qəbul edərək FTX-nın nəzarəti altında Zəngəzur dəhlzinin açılmasına razı olduğunu bildirdi. Amma İrəvan KTMT-də fəaliyyətini dondurdu, bu təşkilatın missiyasını sərhədlərinə buraxmadı, əvəzində Avropa İttifaqının yarımhərbi missiyasını ölkəyə dəvət etdi. Zəngəzur dəhlizi ilə bağlı da üçtərəfli müqavilənin şərtləri Ermənistan tərəfindən yerinə yetirilmədi. Beləliklə, Moskva Qarabağdakı hərbçilərindən istifadə edə bilmədi və onları ehtiyac duyduğu bölgələrə (Ukraynaya) yönəltməyə qərar verdi.

Daha mühüm səbəblər sırasında Qərbin Qarabağdan getmiş ermənilərin geri qaytarılmasında maraqlı olmaması da var. Aprelin 5-də Brüsseldə keçirilən ABŞ - Avropa İttifaqı - Ermənistan liderlərinin zirvə görüşündə Qarabağ ermənilərinin Ermənistan cəmiyyətinə inteqrasiyası üçün vəsait ayrıldığı elan edildi. Qərb “insan yoxdursa, problem də yoxdur” prinsipinə üstünlük verdi və bu da Rusiyada növbəti məyusluq yaratdı.

Beləliklə, Qarabağ münaqişəsindən qalan sonuncu qalıq da Azərbaycan ərazisindən təmizlənir və ölkənin milli təhlükəsizliyinin təmin olunmasında strateji nailiyyətə imza atılır.

Azərbaycan Rusiyanın əlində əsir-yesir qalan Ermənistana və başqa postsovet ölkələrinə, eləcə də Qərb liderlərinə yaxşı örnək göstərdi. Rusiyadan qopmaq, onun zəhərli təsirindən uzaqlaşmaq üçün heç də onunla münaqişəyə girmək şərt deyil...

E.Rüstəmli

“AzPolitika.info”
 

Ardını oxu...
Rusiya sülhməramlıları Qarabağa gələndə etirazlar iki istiqamətdə səslənirdi. Biri “Rusiya ordusu girdiyi yerdən çıxmır” deyənlər idi. Onların hamısı olmasa da, çoxu səmimi şəkildə ölkəni düşünənlər idi. Digəri “Əliyev Qarabağı ruslara satdı” deyənlər idi. Onlar 44 günlük müharibədən öncə “Qarabağı heç vaxt almayacağıq” deyirdilər və müharibənin olması ilə səhv çıxmalarını Xankəndinin alınmaması və rusların gəlişi ilə kompensasiya etməyə çalışırdılar. İndi əllərindəki bütün kartlar çıxdı: Xankəndi alındı, separatizm ləğv olundu, ermənilər getdi, ruslar tərk edir.
Etiraf etmək lazımdır: Əliyev daxildə siyasi opponentlərinin də, bu bölgədə maraqları olan və ermənilər üzərindən oyun quran güclərin də bütün “proqnozlarını”, gözləntilərini alt-üst etdi.

Azər Fikrətoğlu - dia-az.info

Dünyapress TV

Xəbər lenti