Ardını oxu...
Məhz Fransa kimi ölkələrin son 30 ildə Ermənistanın təcavüzünü ört-basdır edən siyasətinin heç bir fayda vermədiyi hər kəsə aydın olmalıdır. Paris anlamalıdır ki, destruktiv fəaliyyətə nə qədər ki, son qoyulmayıb, bu, həm Fransanın zərər görmüş imicinə, həm də hər vəchlə müdafiə etdiyi Ermənistana xeyir gətirməyəcək.

Bir neçə gün əvvəl Parisdən Azərbaycana qarşı növbəti əsası olmayan, həqiqətdən uzaq ittihamlar dalğası yönəldi. Fransanın Avropa və xarici işlər naziri Stefan Sejurne Parisdə ABŞ dövlət katibi ilə birgə mətbuat konfransı zamanı Ermənistanı "sülh göyərçini", Azərbaycanı isə "təhlükə mənbəyi" elan etdi.

Təəccübləndirməyən bəyanat

Əslində son illərin təcrübəsi göstərir ki, Emmanuel Makronun rəhbərlik etdiyi Fransanın rəsmi dairələrinin məlum açıqlamalarında təəccübləndirən heç nə yoxdur. Parisin məqsədi Cənubi Qafqazda sülhə imkan verməmək, bu istiqamətdə müsbət meylləri baltalamaq, "parçala, hökmranlıq et" prinsipini tətbiq etməklə ilkin mərhələdə Ermənistanı, daha sonra isə bütünlükdə bölgəni özünün növbəti müstəmləkəsinə çevirməkdir. Daha doğrusu, Afrikada, dünyanın digər bölgələrində üzləşdiyi məğlubiyyətlərin əvəzini bu yolla sığortalamaq. Nədənsə Makron düşünür ki, beynəlxalq münasibətlərin ən gərgin dövrünü yaşadığı indiki həssas məqamda bu məkrli planlarını həyata keçirtmək üçün ən uyğun seçim Cənubi Qafqazdır. Bəlkə də onu bu cür fikirləşməyə vadar edən əsas səbəb dövlət kimi varlığı ilə yoxluğu bilinməyən Ermənistandır.

Fransanın hesaba almadığı reallıq

Ancaq Makron Fransasının hesaba almadığı bir fakt var. Cənubi Qafqaz dedikdə ilk yada düşən, qapısı döyülən müstəqil Azərbaycan dövləti. Bu, işğal dövründə də belə idi, indi də. Hazırda isə vəziyyət tamamilə fərqlidir. Haqq müharibəsindən tarixi zəfərlə çıxan güclü Azərbaycan və onun hərbi-siyasi təşəbbüsü ilə yaranan yeni reallıqlar var. Makronun utopik xəyalları isə Azərbaycanın Cənubi Qafqazda yaratdığı "real siyasət" anlayışı ilə bir-birinə tərs mütənasibdir. Fransanın Afrika və Yaxın Şərqdə həyata keçirdiyi aqressiv kolonializasiya siyasətinin gətirdiyi fəlakətlər göz önündədir. Bu səbəbdən, Paris Azərbaycanı ittiham etməkdənsə, bu siyasətinin acı fəsadlarından nəticə çıxarmalı, beynəlxalq hüququn norma və tələblərinə hörmətlə yanaşmaladır.

Cənubi Qafqaza vəd edilən "firavan gələcək"

Bir daha xatırlayaq. Aprel ayı həm də vaxtilə Fransanın müstəmləkəsi olan Əlcəzairdə yerli xalqın iradəsinə zidd olaraq ardıcıl nüvə bombası sınaqlarının başladığı zamandır. Parisin müstəmləkəsi olan Əlcəzair torpaqlarındakı bu sınaqları on minlərlə insanın həyatını məhv edib. Bölgədə ağır xəstəliklərin yayılmasına səbəb olub. Fransa hökuməti indi də Əlcəzairin haqlı tələblərinə baxmayaraq, nüvə tullantılarının basdırıldığı yerlərin xəritələrini qarşı tərəfə vermir. Ümumilikdə rəsmi məlumatlara əsasən, Fransa 1960-1996-cı illərdə müstəmləkəsi olan ərazilərdə 200-dən artıq nüvə sınağı həyata keçirib. Bu sınaqların heç birində təhlükəsizlik qaydalarına riayət edilməyib. Yerli əhaliyə isə "təcrübə dovşanları" kimi yanaşılıb. Budur fransız hegemonluğunun iç üzü. Budur makronkimilərin Azərbaycana, ümumilikdə Cənubi Qafqaza vəd etdiyi "firavan gələcək". Azərbaycan dövləti tarixin bu qaranlıq səhifələrindən nəticə çıxararaq siyasətini, mövqeyini və addımlarını fransız təhlükəsinin zərərsizləşdirilməsi istiqamətində atsa da, təəssüf ki, eyni fikirləri Ermənistan haqqında demək mümkün deyil. Bir neçə il əvvəl Rusiyanı özlərinin əsas müttəfiqi sayanlar, indi rəy sorğularında Fransanı "böyük bacıları" hesab etdiklərini deyirlər. Ancaq "böyük bacı"nın bölgəyə gətirəcəyi fəlakətin miqyasını, sadə erməniləri vaxtilə digər müstəmləkələrindəki yerli əhaliyə münasibətdə olduğu kimi "təcrübə dovşan"larına çevirəcəyini anlamırlar, yaxud anlamaq istəmirlər.

Parisə tərs şillə effekti

Fransanın kolonial keçmişini xatırladarkən nüvə sınaqlarının acı nəticələrinə təsadüfən toxunmadıq. Məsələ ondadır ki, vaxtilə Fransanın qəddar kolonial siyasətinin qurbanına çevrilən dövlətlərin yaşadığı bu dəhşətli fəlakətin təsiri özünü Avropada da büruzə verməkdədir. İki il öncə Saxaradan gələn toz buludlarının tərkibindəki radioaktiv maddələr bütün Cənubi Avropa sahillərini, hətta Ukraynanı belə əhatə etdi.
Bu gün Avropanın "yeni Napoleon"u olmağı hədəfləyən Makronun reallıqdan uzaq ambisiyalarının yarada biləcəyi fəlakətləri artıq Avropa ölkələri də anlayır. Onun Cənubi Qafqazda Ermənistanın əli ilə partlatmağa hazırlaşdığı "atom bombası"nın taymerini elə öz müttəfiqləri söndürmək istəyir.

Bu baxımdan İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çiriellinin Stefan Sejurnenin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı bəyanatlarına reaksiyası xüsusilə diqqət çəkir. "Köhnə dünya"nın üçüncü ən böyük dövləti Parisin Cənubi Qafqaz siyasətini açıq dillə tənqid edir: "Fransa Cənubi Qafqazda sülhün bərqərar olması səylərini pozmamalıdır. Azərbaycan-Ermənistan sülh prosesində iştirak edən qurumlardan başqa digər qurumların nümayəndələrinin hər hansı uzaqgörən bəyanatı gərginliyi daha da artıra bilər. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi edən Azərbaycan məsuliyyətli mövqe tutur. Fransa Respublikasının xarici işlər nazirinin ABŞ dövlət katibi ilə birgə mətbuat konfransında verdiyi açıqlamalar, şübhəsiz ki, vəziyyəti sakitləşdirməyə kömək etmir. Fransanın naziri Sejurnenin sağlam düşüncəni rəhbər tutaraq regionda davamlı sülhə nail olmaq üçün irəliləyənlərin səylərini sarsıtmaması məqsədəuyğun və faydalı olardı".

Bəli, bu mövqe əslində Makron üçün tərs şillə effektinə bərabərdir. Vatikandan tutmuş Vaşinqtona qədər özünün "anti-Azərbaycan sevgisi"nə dəstək qazanmaq istəyən Fransa prezidentinə bağlı qapılar arxasında söylənənlər bu gün açıq şəkildə onun üzünə vurulur.

Makronun minalarının qurbanı Ermənistan olacaq

Parisin anti-Azərbaycan siyasətinin növbəti təzahürü olan Stefan Sejurnenin məlum bəyanatına rəsmi Bakının cavabı da özünü çox gözlətmədi. "Məhz Fransa kimi ölkələrin son 30 ildə Ermənistanın təcavüzünü ört-basdır edən siyasətinin heç bir fayda vermədiyi hər kəsə aydın olmalıdır. Bununla, Fransa tərəfi anlamalıdır ki, onun tərəfindən həyata keçirilən bu kimi destruktiv fəaliyyətə nə qədər ki, son qoyulmayıb, bu həm Fransanın zərər görmüş imicinə, həm də hər vəchlə müdafiə etdiyi Ermənistana xeyir gətirməyəcək", - deyə Azərbaycanın Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.

Bəli, Makronun Cənubi Qafqazda basdırmağa çalışdığı minalar bu dəfə də partlamayacaq. Yaxud partlayacaqsa da, onun qurbanı Azərbaycan yox, Ermənistan və onun "böyük bacısı" olacaq.
Azad Əliyev
kaspi.az
Ardını oxu...
Ermənistanla Azərbaycan arasında sülh danışıqları davam edir. Rəsmi İrəvan Bakının fevralın 21-də “sülh müqaviləsi” layihəsinə dair təkliflərin səkkizinci variantına cavab verib.
İki ölkə arasında son günlər gərgin atmosfer hakim olsa da, danışıqların davam etməsi, “sülh müqaviləsi” layihəsinə dair təkliflərin vaxtaşırı verilməsi müsbət hadisədir. Prosesin yekunu sülh sazişinin tərtib edilməsi və imzalanması ilə nəticələnə bilər.
Sülh müqaviləsinin imzalanmasını gecikdirən bir sıra məqamlar var. Bunlardan biri regional kommunikasiyaların açılmasıdır. Əsas mübahisəli məqam isə Zəngəzur dəhlizidir.
Rəsmi Bakı Zəngəzurdan keçən yolun dəhliz prinsipi ilə, Ermənistan isə yol prinsipi ilə icrasını dəstəkləyir. Tərəflərin fərqli görüşdə olması, məsələni milli və regional maraqları ilə arqumentləşdirməsi prosesi uzadır.
Prinsip etibarilə rəsmi Bakı üçün prioritet təşkil edən əsas məsələ regional kommunikasiyaların açılmasıdır. Bunun Zəngəzurdan keçən hissəsinin dəhliz prinsipi ilə icra edilməsi bizim üçün mühüm olsa da, prioritet sayılmaya bilər.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Politico”ya müsahibəsində demişdi ki, “Gündəmimiz yalnız ikitərəfli əlaqələr çərçivəsində nəqliyyat əlaqələrinin və kommunikasiyanın qurulmasından ibarət idi. Layihə bizim üçün cəlbediciliyini itirib – əvəzində biz bunu İranla edə bilərik. Bu məsələ hələ də masa üzərindədir, lakin Ermənistan tərəfi bu prosesdə maraqlı olduğunu göstərməlidir”.
Hesab edirəm, Zəngəzur dəhlizi məsələsində israr etməkdənsə dəhliz prinsipinə yaxın təkliflər verməliyik. Misal üçün Ermənistanın cənubundan, yəni Zəngəzurdan keçəcək yol ilə paralel şimaldan, yəni tarixi “Pəmbək mahal”ından keçəcək yeni bir yol istəmək olar.
Ümumiyyətlə, Pəmbək mahalı strateji ərazidir və həm Gürcüstan, həm də Türkiyəyə gedən yolların kəsişdiyi qovşaq rolunu oynayır. Qursalı kəndi isə bu mahalın mərkəzində yerləşən mühüm yaşayış məskənidir. Tarixən azərbaycanlıların yaşadığı Pəmbək mahalı və Qursalı kəndindən keçəcək bir yoldan istifadə bizə mühüm dividentlər qazandıra bilər.
Hər şeydən öncə, bu yol vasitəsilə Türkiyə ilə daha qısa və az xərcli bağlantı qurmaq olar. Bu həm də Azərbaycan və Türkiyənin Ermənistan bazarına girişini, habelə Bakının gələcəkdə bu ərazilərdən keçəcək yeni neft və qaz layihələri ərsəyə gətirməsinə baza yarada bilər.
Burada əsas məsələ həm Pəmbək, həm də Zəngəzurdan keçəcək yollardan istifadəyə dair Ermənistandan istənilməsi mümkün olan imtiyazlardır. Buna az gömrük rüsumu, ya da rüsumsuz, maneəsiz hərəkət kimi şərtlər misal ola bilər.
Bu və bu kimi təkliflərlə Ermənistanı razı salsaq, sülh müqaviləsi istiqamətində ciddi bir əngəl aradan qalxar.
Müəllif: Politoloq Turan Rzayev
 
Ardını oxu...
Bundan sonra sıra adamyeyənlərə çatacaq – cəmi bir addım qalıb

Artıq ilk aylardan, Rusiya Prezidenti Vladimir Putinin Ukraynanı “denasifikasiya və demilitarizasiyası” ilə bağlı “nəcib missiyası”nın başlamasından sonra məlum oldu ki, “dünyanın xilaskarı”nın planı ciddi iflasa uğrayıb. Moskva gözlənilən “blitskrieg”ə nail ola bilmədi. Muzdlu rus təbliğatçıları tez qələbə ilə öyünsələr də, Marqarita Simonyan kimi bəziləri üç gün ərzində Kiyevin süqutunu arzulasalar da, reallıq tamam başqa imiş.

Ukraynalıların döyüş hazırlığı, cəsarəti və vətənlərini işğalçılardan qorumaq əzmi “dünyanın ikinci ordusu” mifini tamamilə məhv etdi. Birinci və sonrakı aylarda şiddətli müqavimətlə üzləşən işğalçılar çox böyük itkilər verdilər.

Altı aydan sonra Kreml başa düşdü ki, Ukraynaya "asan giriş" tamamilə uğursuz oldu. Rus qoşunlarının say üstünlüyünə baxmayaraq, 21-ci əsrin uğursuz Birinci Pyotru qismən səfərbərlik haqqında fərman imzalamağa məcbur oldu. Böyük qoşuna daha 300 min "xilaskarlar" cəlb edildi.

Ancaq bu, kifayət etmədi və döyüş təcrübəsi olan yaxşı təlim keçmiş döyüşçülərdən ibarət bədnam “Vaqner” özəl hərbi təşkilatı (ÖHT) müharibəyə atıldı. Bu muzdlular Afrika və Yaxın Şərqdə döyüş şəraitində özlərini yaxşı sübut etmişdilər.

Bununla belə, “Vaqner”in insan resurslarına ciddi ehtiyacı var idi, bunun nəticəsində onun təsisçisi Yevgeni Priqojin şəxsən yeni quldurları işə götürməyə başladı. O, Rusiya koloniyalarına ekskursiyalar etməyə başladı, məhbusları vətənlərini müdafiə edərkən "günahlarını qanla yumağa" çağırdı. Bunun müqabilində Priqojin altı aylıq “xidmət”dən sonra onlara azadlıq və əfv vəd etdi.

Maraqlıdır ki, işə qəbul zamanı zorakılığa meyilli və Cinayət Məcəlləsinin “qəsdən adam öldürmə”, “quldurluq”, “soyğunçuluq”, “sağlamlığa ağır zərər vurma” kimi ağır maddələri ilə məhkum olunmuşlara, habelə residivistlərə üstünlük verilirdi.

Eyni zamanda, Priqojin Göbbelsin üslubunda deyirdi ki, ukraynalılar əsir düşərsə, onlarla istədiyinizi edə bilərsiniz: “İstəsəniz - əsir götürün, istəməsəniz - götürməyin, istəsəniz - işgəncə verin, ələ salın, hətta onların boğazlarını da kəsə bilərsiniz”.

Beləliklə, “dünyanın ikinci ordusu” öz sıralarını tam yaramazlarla və hər cür pisliklərlə doldurdu. Bu qeyri-insani şəxslər isə onlara göstərilən “yüksək etimadı” doğruldub və doğrultmaqdadırlar. Qatillər öldürdülər, zorlayanlar zorladılar, soyğunçular isə soydular. Ukrayna əsgərləri ilə döyüşmək üçün cəsarət və bacarıqlara malik olmayan bu genetik zibil mülki insanlara qarşı “qəhrəmanlıq göstərdi”.

2023-cü ilin avqustunda Yevgeni Priqojinin şərəfsiz ölümündən sonra onun məhbusların cəlb edilməsi üzrə “şanlı işi” dövlət səviyyəsində davam etdirildi. İndi Rusiya Federasiyasının Müdafiə Nazirliyi məhbuslarla müqavilələr bağlamağa başlayıb.

Və bunun fonunda beynin inanmaq istəmədiyi məlumatlar ortaya çıxır. Yəqin ki, hətta Prigojin kimi bir əclaf da belə bir şey xəyal etməmişdi.

“Agentstvo” xəbər verir ki, uşaq pornoqrafiyası saxlamaqda ittiham edilərək vətənində mühakimə olunan ABŞ vətəndaşının Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağladığı və çox güman ki, Ukraynada döyüşdüyü məlum olub. Söhbət Massaçusets ştatının Holyoke şəhər şurasının keçmiş üzvü Vilmer Puello-Motadan gedir.
Ardını oxu...
2022-ci ilin sentyabrında o, uşaq pornoqrafiyası və saxtakarlığa görə həbs edildi və sonra 20 000 dollar girov müqabilində sərbəst buraxıldı. Daha sonra, məhkəməyə iki gün qalmış Vilmer Puello-Mota ölkədən qaçaraq İstanbula uçub, oradan da Rusiyaya keçib.

Təbii ki, Rusiya təbliğatı bu məlumatı başqa cür təqdim etməyə tələsdi. Onlar deyirlər ki, Vil adlı ABŞ vətəndaşı “ABŞ silahlı qüvvələrində xidmət edib, lakin Ukraynada əslində nə baş verdiyini anlayaraq bir neçə ay əvvəl Şimal Hərbi Dairəsinə könüllü kimi gəlib”.

Tamamilə aydındır ki, Rusiyanın təbliğatına inanmaq Ukraynanın Rusiyaya hücum etdiyinə inanmaqla eynidir. Kremlin təbliğat maşını uzun müddətdir ki, yerində sayır və hətta bəzi ruslar da bu nağıllara inanmırlar.

Ancaq təcavüzkarları və qatilləri işə götürən Rusiya Müdafiə Nazirliyi potensial pedofillərlə işləmək şansını da əldən vermir. Sür tipli mənzərə ortaya çıxır: “şər imperiyasında” – ABŞ-da onu ən azı 10 il (maksimum – 20 il) cəza gözləyirdi, “sülhsevər” Rusiyada isə Vilaya bu hərəkətlərinə görə yaxşı pul da ödəyəcəkdilər.

Görünür, rus ordusu “balıq olmayan yerdə xərçəng də qənimətdir” deyimini mənimsəyib. Ona görə də növbəti dəfə Rusiya Müdafiə Nazirliyi zoofil və ya nekrofillərlə müqavilə bağlasa, təəccüblənmərəm. Bundan sonra isə adamyeyənləri işə götürməyə bir addım qalır...

Müəllif: Fed Bakinski
ayna.az
 
Ardını oxu...
Rusiyanın Ukraynada hərbi-siyasi uğursuzluğu dərinləşdikçə Moskvanın qlobal iqtisadiyyatdan və beynəlxalq münasibətlərdən təcridi artır. Rusiyanın itirdiyi mövqeləri isə Çin və Hindistan tutmağa çalışır. Qərb blokunun Çinin təsirinin artmasının qarşısını almağa çalışması isə Hindistanın önə çıxmasına səbəb olur. Bu gün tam əminliklə demək olar ki, Hindistanın qlobal proseslərə təsiri iki il əvvələ müqayisədə hiss olunacaq dərəcədə artıb. Yeni Dehlinin dünyanın əsas siyasi mərkəzlərindən birinə çevrilməsində üç hadisənin böyük rol oynadığını söyləmək olar.

Belə fikirlər mövcuddur ki, Ukrayna Silahlı Qüvvələrinin Xarkov vilayətini işğaldan azad etdiyi 2022-ci ilin yay-payız kampaniyası dövründə məruz qaldığı ağır hərbi məğlubiyyətin təsirini azaltmaq üçün Rusiya nüvə silahından istifadə etmək niyyətinə düşüb. Vaşinqton Rusiyanı belə bir hərəkətdən çəkindirmək üçün Çin və Hindistandan dəstək istəyib. ABŞ rəsmiləri etiraf edirlər ki, Çin dövlət başçısı Si Cinpin və Hindistanın baş naziri Narendra Modinin mövqeyi Rusiyanın bu niyyətinin qarşısını almağa yardım edib. İddialara görə, Rusiyanın nüvə silahına əl atmaqdan çəkinməsində Hindistanın baş naziri Narendra Modinin Rusiya prezidenti Vladimir Putinlə ötkəm danışığı xüsusi rol oynayıb. Vaşinqtonda hesab edirlər ki, Modinin Putinlə həmin danışığından bəri nüvə silahından istifadə təhlükəsi azalıb.

Baş nazir Narendra Modinin 2022-ci ilin sentyabrında Özbəkistanda Rusiya prezidenti Vladimir Putinlə görüşdə “indiki dövr müharibələr dövrü deyil, demokratiya dövrüdür” deməsi də hələ yaddaşlardan silinməyib.

Yeni Dehlinin qlobal proseslərdə təsirini artıran ikinci hadisə “Çandrayan-3” kosmik missiyasının “Vikram” eniş aparatının Ayın səthinə uğurlu enişi oldu. Bununla Hindistan tarixdə ABŞ, Çin və keçmiş SSRİ-dən sonra Ayın səthinə uçuş aparatını endirən dördüncü ölkə oldu. Üstəlik, Hindistan Ayın cənub qütbünə uçuş aparatı endirən ilk ölkə kimi tarixə düşdü. Sovet İttifaqının mövcud olmadığını, Rusiyanın Ay layihəsinin uğursuzluğunu nəzərə alanda Hindistan, ABŞ və Çinlə yanaşı, Ayda kosmik aparatı olan üçüncü ölkədir. Bu hadisə Hindistanın nüfuzunun artmasına çox ciddi təsir etdi.

Qərb bloku ilə Çin arasında ticarət müharibəsinin güclənməsi müqabilində Hindistan Avropa Azad Ticarət Assosiasiyasının (EFTA) dörd üzvü ilə azad ticarət anlaşması imzalayıb. Həmin ölkələrin arasında İsveçrə və Norveçin olması Hindistanın qlobal iqtisadiyyatda çəkisini artıracaq.

Ukraynadakı müharibəyə son qoymaq üçün Türkiyə və Çinin diplomatik cəhdləri uğursuzluğa məruz qaldıqdan sonra Hindistan sülh təşəbbüsü ilə çıxış edib. Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenski ilə telefonla danışan Hindistanın baş naziri Narendra Modi müharibəyə son qoymaq üçün Yeni Dehlinin vasitəçi ola biləcəyini bildirib. Türkiyə və Çindən fərqli olaraq, Hindistanın təşəbbüsünün Moskva və Kiyev tərəfindən daha ciddi qəbul olunduğunu Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın Yeni Dehliyə səfər etmək qərarı aydın göstərir. Kuleba müharibə başlayandan bəri Hindistana səfər edən ilk yüksək rütbəli Ukrayna rəsmisi olacaq. Bu səfərin Hindistanın xarici işlər naziri Subramanyam Caişankarın dəvəti ilə gerçəkləşməsini Yeni Dehlinin sülh prosesinə fəal müdaxilə etmək istəyinin nəticəsi kimi dəyərləndirmək olar. Ukrayna rəsmiləri Kiyevin sülh planı ilə bağlı İsveçrədə müzakirələrdə Hindistanın iştirakına nail olmağa çalışır. Hindistan hökuməti bu tədbirə nümayəndə göndərsə, bu, Kiyevin diplomatik uğuru hesab olunacaq. Moskva ilə ənənəvi sıx iqtisadi və hərbi əlaqələri olan Hindistan isə Kiyevlə münasibətlərini yaxınlaşdırmaqla Rusiya və Ukrayna arasında balans yaratmağa çalışır. Ukrayna prezidenti Volodimir Zelenski X (keçmiş Twitter) hesabında yazıb ki, Kiyev Hindistanla iqtisadi əlaqələrini genişləndirmək istəyir. Ukrayna Hindistanla kənd təsərrüfatı, hava nəqliyyatı və əczaçılıq sahəsində əməkdaşlıqda maraqlıdır.

Əlbəttə, Hindistan Rusiya ilə Ukrayna arasında sülhün asan əldə olunmayacağını, bunun üçün ən azı ilkin şərtlərin mövcud olmadığını çox yaxşı bilir. Buna görə də sülhə nail olacağına ümid edə bilməz. Ancaq böyük dövlət olduğunu, qlobal proseslərə müdaxilə etmək qüdrətinə malik olduğunu nümayiş etdirmək üçün sülh təşəbbüsü ilə çıxış etməyi vacib hesab edir. Üstəlik, proseslərə müdaxilə etməklə gələcək sülh danışıqlarında iştirakını təmin etmiş olur.

Yeni Dehlinin strateji planlarına görə, Hindistan 2060-cı ildə Çini ötüb keçərək, ikinci ən böyük iqtisadiyyata malik ölkə olmalıdır. Əsrin sonunda isə Hindistan ABŞ-ı da ötüb keçərək, ən böyük iqtisadiyyata malik ölkəyə çevrilməyi hədəfləyir. İqtisadçılar hesab edirlər ki, Çinin iqtisadi inkişafının zəifləməsi və Hindistanın sürətli inkişaf yoluna çıxması Yeni Dehlinin strateji planlarının gerçəkləşməsinə gətirib çıxara bilər.

Hindistanın qlobal iqtisadiyyatda çəkisinin və beynəlxalq münasibətlərdə rolunun artması ölkəmizin yerləşdiyi bölgəyə təsirsiz qalmayacaq. Ümumiyyətlə, Rusiyanın bölgədə təsirinin azalmasından sonra Çin və Hindistan kimi böyük ölkələrin təsirinin artması təbii prosesdir. Çindən fərqli olaraq, Hindistan bu prosesi sürətləndirən addımlar atmaqdan çəkinmir. Hindistanın Ermənistana silah satması bunun nəticəsidir. Pakistanla qarşıdurma vəziyyətində olan Hindistan İslamabadın müttəfiqi Bakıya qarşı İrəvanı dəstəkləməklə bölgədə gedən proseslərdə öz iştirakını təmin etmiş olur. Pakistanda sosial-iqtisadi böhranın dərinləşdiyi, Hindistanın isə əksinə, sürətlə inkişaf elədiyi bir zamanda Yeni Dehli ilə İslamabad arasındakı rəqabət Çənubi Qafqaza mənfi təsir edə, Azərbaycanın maraqlarına təhlükə yarada bilər.
Xaqani Cəfərli
pressklub
Ardını oxu...
İran İsrailə qarşı “qisas” qışqırsa da, müharibədən qorxur: Beş səbəb
İran yeddi SEPAH əməkdaşının həlak olduğu hərbi əməliyyatlara görə İsrailə qarşı qisas vəd edir. Həmin vədlər İranın cari strategiyasının kritik tərkib hissəsi kimi görünür.
Yəni İran bu dəfə regional münaqişələrdə artıq vəkil qüvvələri ilə deyil, daha çox birbaşa iştirak etməyi öhdəlik kimi nümayiş etdirir.
Bir sözlə, İsraillə İranın bir-birinə qarşı çoxdankı strategiyaları dəyişməyib. İranın “qisas əməliyyatları”nı həyata keçirmək çətinləşsə də, o, bunun öhdəsindən gəlmək üçün əlindən gələni edəcək.
Hələlik İranın İsrailin diplomatik korpuslarına qarşı intensivləşə biləcək mümkün aqressiv əməliyyatları Tehranın gündəmində ağırlıq təşkil edir.
Bunu İranın ali dini rəhbəri Seyid Əli Xameneinin hərbi müşaviri general Yəhya Rəhim Səfəvinin dilindən səslənən təhdidlərdə aşkar şəkildə görmək mümkündür.
Bununla belə, İran özü də daxil olmaqla, onun regiondakı proksi qrupları, rejimin daxili tərəfdarları İsrailə qarşı genişmiqyaslı əməliyyatlarda tərəddüd içərisindədirlər.
Hərçənd, SEPAH və onun media orqanları İsrailə qarşı müharibə və çevik reaksiya üçün səslərini ucaldırlar, amma İranda konkret ölçülü bir yanaşmanın tərəfdarı olanlar da az deyil.
Onlar İsrailə qarşı zərbələrin İranı birbaşa münaqişəyə sürükləmək üçün tələ ola biləcəyi barədə xəbərdarlıq edirlər. İranın bu istiqamətdəki ümumi narahatlıqlarını beş izahda göstərə bilərik.
Birincisi, İran İsraillə birbaşa münaqişəyə girməkdən yayınır və regional eskalasiyaya girə bilmək qorxusunu yaşayır.
İkincisi, İran İsrailin kritik infrastrukturlarına qarşı hər hansı effektiv zərbələr endirə bilmir.
Üçüncüsü, İsrail ötən ilin dekabr ayından bəri 18 yüksəkrütbəli SEPAH zabitinin ölümünə səbəb olub ki, bu tendensiya İslam Respublikasını çaşqınlıqlara salır.
Dördüncüsü, İranda daxili vəziyyət stabil deyil, həm saray intriqaları, həm də ölkədə tüğyan edən iqtisadi-sosial problemlər Tehranı ehtiyatlı mövqeyə dəvət edir.
Beşincisi, Tehranın qisası üçün digər mühüm maneə - İranın qeyri-məhsuldar kəşfiyyat məlumatları fonunda İsrailin Yaxın Şərqdəki hərəkətlərinin yüksəlməsidir.
Hərçənd, İran da Yaxın Şərqdə himayəsində olan qeyri-dövlət aktorları vasitəsilə İsrailin hücum və müdafiə qabiliyyətini zəiflətmək əməliyyatlarına başlamağı hədəfləməmiş deyil.
İranın bu məqsədlə Yaxın Şərqdə hər tərəfdən topladığı qüvvələr silsiləsi İsrail üçün ciddi siqnal sayıla bilər.
Lakin məsələ burasındadır ki, İsrail öz müdafiəsini təmin edəcək güclü kəşfiyyat məlumatlarına sahib olmaq bacarığını əlində saxlayır.
Düzdür, HƏMAS-ın İsrailə hücumundan sonra İsrailin kəşfiyyat orqanları ilə əlaqədar bəzi miflər dağılsa da, ümumilikdə Təl-Əvivin rəqibi qarşısında böyük üstünlüklərə malik olduğu şübhəli görünmür.
PROQNOZLAR
İranın Yaxın Şərqdəki maraqları süquta uğramayacaq, amma o, İsrailin nüfuz dairəsində olan arenalarda fəaliyyət göstərməkdə çətinlik çəkməyə davam edəcək.
İran qisas üçün uyğun hədəf tapmaq səylərini davam etdirəcək. İsrailin isə İrana daha böyük zərbələr endirmək üçün yeni qiymətləndirmələri əməli müstəvidə icra oluna bilər.
Aqşin Kərimov
TEREF
 
Ardını oxu...
Suriyanın paytaxtı Dəməşqdə İran Baş konsulluğunun binasının vurulması regiondakı gərginliyi daha da artırıb.

İranın ali rəhbəri ayətullah Seyid

Əli Xamənei və Prezident İbrahim Rəisi İsraili hədələyərək, “onları peşman edəcəklərini” bildiriblər.

Yeri gəlmişkən, ötən gün hadisə nəticəsində ölənlərin cənazələri Tehrana gətirilib. 7 yüksək rütbəli zabitlərin arasında İran İnqilab Keşikçiləri Qvardiyası (SEPAH) Qüds qolunun xaricdə əməliyyatlar üzrə məsul şəxs, briqada generalı Məhəmməd Rza Zahedi də var. Dinc sakinlər deyil, hərbçilərin ölməsi müharibə şəraitinin nəticəsi kimi qəbul edilə bilər. SEPAH Suriya, İraq, Livan, Fələstin və Yəməndəki hərbi hadisələrdə birbaşa və ya dolayısı ilə iştirak edir. Bu baxımdan, hərbçilərin yerləşdiyi binanın hədəfə alınması da müharibə qaydalarına uyğun sayılır. Çünki generallar və başqa zabit heyəti ev tikib, mikrorayon salmaq üçün Suriyaya ezam olunmayıb. Onların hədəfi İsrailə, ABŞ-nin bölgədəki bazalarına zərbə endirməkdir.

Başqa sözlə, onların yerləşdiyi bina vurulmasaydı, o zaman onlar qarşı tərəfi vuracaqdılar. Bu baxımdan, SEPAH zabitlərinin öldürülməsi müharibə qaydalarına uyğun hadisə sayıla bilər.

İran tərəfinin iddiasının əksinə olaraq, həmin binaların səfirliyə və Baş konsulluğa aid olmadığı da bildirilir. Onda həmin hadisənin beynəlxalq hüquqa əsaslanaraq mühakimə edilməsi məntiqi görünmür.

Tehran rəsmilərinin çıxışları İsraillə İran arasında müharibə başlayacağına dair fikirlərin yayılmasına səbəb olub. “Foxnews” ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə istinadən bildirib ki, 48 saat ərzində İran bu ölkə ərazisini vuracaq. Teleqram kanallarının yaydığı məlumata görə, Tehran bu qərarını İsveçrənin ölkədəki səfirliyi vasitəsilə açıqlayıb.

Məlumatlara görə, İran ölkənin qərb hissəsində hava məkanını təmizləyir. Bunu İsraillə bağlı əməliyyatlar üçün hazırlıq sayırlar.

Günün əsas mövzusu budur: İran İsraili vuracaqmı?

Tehranın regionda oynadığı rol bunun indiki şəraitdə mümkünsüz olacağını ehtimal etməyə əsas verir. Bunun aşağıdakı səbəbləri var:

– İsrail rəsmi şəkildə binanı vurduğunu etiraf etməyib;

– Ölənlər hərbçilərdir;

– İsrail öz təhlükəsizliyini təmin etmək üçün bu addımı atıb;

– İran hərbçiləri yəhudi dövlətinin raket atəşinə tutulmasını təşkil edib;

– Tehranın bu addımı atması ona qarşı oxşar aksiyanın daha geniş miqyasda başlamasına əsas verir;

– İran hücumdan sonrakı prosesə hazır deyil;

– Mövcud rejimdən narazı cəmiyyət hakimiyyətə qarşı fəaliyyət göstərə bilər və s.

Ötən gün Tehranda İsrail bayrağının qaldırılması İran vətəndaşlarının bu dövlətə rəğbət bəslədiyini göstərir.

İran hakimiyyəti belə bir mürəkkəb vəziyyətlə üz-üzə qalıb. Məsələn, İsrail İranın mümkün hücumunda vətəndaşları müdafiə etmək üçün sığınacaqlar hazırlayır. Hava Hücumundan Müdafiə sistemini döyüş vəziyyəti halına gətirir. Belə bir şəraitdə SEPAH-ın təbliğatçıları hədəfə İsraili deyil, Azərbaycanı alıb.

Parlamentin deputatı Cəlal Rəşidi Kuci İsrailin müxtəlif ölkələrdəki diplomatik nümayəndəliklərini, xüsusi ilə “ən yaxşısı” (ifadə ona məxsusdur – red.) Azərbaycandakı səfirliyinin vurulmasını təklif edib. Bundan başqa, SEPAH-ın teleqram kanalında Azərbaycanın Zəngilan rayonundakı “İsrail mərkəzinin” vurulması da təklif olunub.

İran Azərbaycanı niyə təhdid edir? Qvardiyanın kanalı bunun səbəbini belə açıqlayıb: “Azərbaycan hakimiyyəti hesab edir ki, onları İranın Suriyadakı səfirliyinə hücumda əli olmaqda ittiham etmək yersizdir. Azərbaycan hökumətinin İrana ilk xəyanəti olmadığı üçün bu məsələdə Azərbaycanın adının hallanması təsadüfi deyil”.

SEPAH Azərbaycanı bu kimi məsələlərdə İsraillə əlbir olmaqda ittiham edib. İddiaya əsasən, əks halda, rəsmi Bakı “İranın Suriyadakı səfirliyinə hücumu rəsmən pisləyərdi”.

Çox gülünc və məntiqsiz arqumentdir. İranın bu kimi əsassız fikirlərinin yayanlara bir neçə sual:

Azərbaycan torpaqları uzun illər işğal altında qalanda Tehran niyə Ermənistanı müdafiə edib?

44 günlük müharibə zamanı İran rejimi ölkə ərazisindən Ermənistana silah və hərbi texnikanı niyə ötürüb? (yazı yayıma hazırlanarkən sosial şəbəkələrdə məlumat yayıldı ki, İrandan Ermənistana silah daşıyan təyyarə reysləri intensivləşib – red.)

İşğal dövründə Qarabağda 90-a yaxın İran şirkəti hansı fəaliyyətlə məşğul olub? Torpaqlar işğaldan azad ediləndən sonra Tehran Azərbaycanla sərhədyanı ərazidə niyə 3 dəfə hərbi manevr keçirirdi?

Təxminən 30 il əvvəl, 1994-cü il martın 17-də Xankəndinin Ballıca kəndində İrana məxsus “C-130 Hercules” təyyarəsini erməni silahlıları vurmuşdu. Həmin faciə nəticəsində 19-u sərnişin, 13-ü ekipaj üzvü olmaqla, 32 nəfər ölmüşdü. Tehran niyə bu hadisəni terror olaraq qəbul etmədi və sonradan hadisə niyə araşdırmadı?

Yenə 30 il əvvəl ermənilər Bakıda metroda iki terror hadisəsi törədib. İran bu hadisəyə niyə onda reaksiya vermədi?

2023-cü il yanvarın 27-də Azərbaycanın tehrandakı səfirliyinə terror hücumunu İran hakimiyyəti niyə adi məişət hadisəsi kimi təqdim edir?

Xocalı hadisəsinin İran hakimiyyəti axırıncı dəfə nə vaxt parlamentdə müzakirə edib? Bu məsələyə parlamentdə və ya hər hansı bir qurumda baxılıbmı?

Suallar çoxdur. Belə hadisələrin qurbanları isə silahsız, Ermənistana hücum həyata keçirməyən, yaxud erməni hərbçisini öldürməyən dinc sakinlərdir. Odur ki, İran hakimiyyəti İsrailə qarşı müharibədə zəifliyini Azərbaycanı hədələməklə ört-basdır etməyə səy göstərir. Belə görünür, özünü itirən Tehran atəş açacağı yönü səhv salıb.
Sədrəddin Soltan
pressklub
 
 
 
Ardını oxu...
“Dağlıq Qarabağda münaqişənin kəskinləşdiyi dövrdə Moskva və KTMT-nin Ermənistana kömək etmədiyi barədə verilən bəyanatlar yalandır”. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Zvezda” telekanalının efirində deyib.

Onun sözlərinə görə, Qərb ölkələri Ermənistanın Dağlıq Qarabağdan rəsmən imtina etməsi mövzusunu təbliğ ediblər. Zaxarova iddia edir ki, NATO-nun diktəsi ilə imzalanmış sənədlərdə qondarma “respublikanın” sakinlərinin hüquqları heç bir şəkildə göstərilməyib və ya təmin olunmayıb.

“Rəsmi İrəvan bu qərarı Qərblə məsləhətləşmələrdən sonra verib”, – o bildirib. “İndi əsas məsələ odur ki, İrəvandakı hakimiyyət digər ərazilər, kəndləri idarə edərək qərar verəndə, bundan əvvəlki qərarlarını xatırlasın, məsuliyyət daşısın və günahlı heç kimin üstünə atmasın”, – Zaxarova davam edib.

Başqa sözlə, Moskvanın rəsmi təmsilçisi Paşinyanın Qazax rayonunun kəndlərinin Azərbaycana qaytarılmasının zəruriliyi ilə bağlı dediklərini birmənalı qarşılamadıqlarına işarə edir.

Qarabağa gəlincə, Moskva bir daha təsdiqləyir ki, bu bölgənin Azərbaycanın bir hissəsi kimi tanınmasının tərəfdarı olmayıb və İrəvan bunu Qərbin tövsiyəsi ilə edib.

Bəs bu vəziyyətdə Azərbaycanın dostu və strateji tərəfdaşı kimdir – Rusiya, yoxsa Qərb?

Politoloq, Şərq-Qərb Araşdırmalar Mərkəzinin direktoru Ərəstun Oruclu məsələ ilə bağlı fikirlərini Pressklub.az-la bölüşüb.

Onun sözlərinə görə, Moskva ilə İrəvan arasında münasibətlərin kəskinləşdiyi bir dövrdə Azərbaycanda geniş ictimaiyyətə məlum olmayan bəzi faktlar üzə çıxır. “Amma indiyədək belə bir fikir geniş yayılmışdı ki, guya Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsinin arxasında Rusiya dayanır.

Amma bu doğru deyil və mən ilk gündən bunu deyirəm. Hesab edirəm ki, bunun arxasında çox güman, Qərb dayanıb. Çünki onun qarşısında bizim regionumuzda hansısa strateji mövqelər qazanmaq vəzifəsi durub. Axı müxtəlif geosiyasi layihələrin kəsişməsi səbəbindən Cənubi Qafqaz əsas regiona çevrilir. Ona görə də, Qərb Azərbaycanı dəstəklədi. Biz bunun bir çox nişanələrini görmüşük.

Məsələn, İsrail ABŞ-ın icazəsi olmadan Azərbaycana Hava Hücumundan Müdafiə (raketdən müdafiə) sistemləri sata bilməzdi. Çox sadə səbəbə görə. Bu sistemin raketləri nəinki Amerika texnologiyasından istifadə edilməklə istehsal olunur, bu raketlər məhz ABŞ-da da istehsal olunur. Birləşmiş Ştatlarda isə Amerika silahlarının satışı ilə bağlı çox ciddi tələblər var. Türkiyənin o vaxt Azərbaycana gətirdiyi “F-16” təyyarəsi barədə də eyni şeyi deyə bilərik.

Amma Bakı son anda Putinin qoşunlarını Qarabağa dəvət edəndə və əməliyyatı başa çatdırmadan dayandıranda, Qərb Azərbaycan həqiqətən də onun tərəfdaşı olub-olmadığı üzərində düşünməyə başladı. Gözlədilər. Onlar regiona başqa formada daxil olmaq üçün sülh prosesini irəli aparmaq istədilər. Lakin Azərbaycan Moskvanın təzyiqi ilə bundan da imtina etdi. Bundan sonra Qərbin seçimi Ermənistanın üzərinə düşdü”, – politoloq deyir.

Onun sözlərinə görə, həqiqət budur ki, 44 günlük müharibə zamanı Rusiya Ermənistanı dəstəkləyib. “O zaman İran vasitəsilə oraya silah tədarük edirdi. Amma Azərbaycanı dəstəkləyən ölkələrin imkanları daha yüksək idi. Və bu gün biz Rusiya ilə Ermənistanın bir-birini necə ifşa etdiyini görürük və eşidirik. Əminəm ki, Zaxarova düz deyir – Moskva heç vaxt sülhün, Qarabağın azadlığının tərəfdarı olmayıb. Onun regionda mövcudluğunun davam etməsini məhz münaqişənin davam etməsi təmin edib. Onu “vəziyyətin sahibi” rolu ilə təmin edib. Və bu günə qədər də Ermənistanın bu müharibədə uduzmasını özlərinə və Paşinyana bağışlaya bilmirlər. İndi Azərbaycan nədənsə Rusiyanı özünə tərəfdaş seçdiyindən, Ermənistan Qərbə doğru üz tutub. Bu da çox qəribədir.

Moskvanın Azərbaycanı heç vaxt dəstəkləməməsi isə aksiomdur. Ermənistan Rusiya imperiyasının 200 illik çox mühüm geosiyasi layihəsidir. Bu siyasət davam edir. İndiki Rusiya imperiya və ya Sovet Rusiyası dövründəkindən heç də az iddialı deyil. Sadəcə, indi onun imkanları daha azdır, hər yerdə mövqelərini itirir. Və “günahkar” axtarışında həqiqətə işıq salan bu cür mübahisələrə girişir. Bu həqiqəti isə uzun müddət gizlədiblər və təhrif ediblər. Azərbaycan müharibədə Türkiyə və Qərbin dəstəyi sayəsində qalib gəldi. Türkiyə Qərbin bir parçasıdır, NATO-nun üzvüdür. Əslində, həqiqət budur”, – deyə Oruclu yekunlaşdırıb.

Rauf Orucov
Ardını oxu...
"İranın cavab addımının dərhal atılmaması onu göstərir ki, bura gözlənilməzlik amili olacaq, yəni İsrailin arxayınlaşdığı, ya da gözləmədiyi bir vaxtda qisas əməliyyatı həyata keçiriləcək".

Bunu Qaynarinfo-ya açıqlamasında bunu siyasi şərhçi Kənan Rövşənoğlu İranın yaxın günlərdə Suriyadakı Tehran konsulluğuna edilən hücuma cavab olaraq İsrailə kütləvi hücum planlaşdırdığı barədə məlumatları şərh edərkən deyib.

"Bu barədə bir neçə versiya var. Əsas fikir odur ki, İran etibarını qorumaq üçün İsrail ərazisini, daha konkretləşdirsək, onun nəzarətində olan, amma beynəlxalq birlik tərəfindən işğal ərazisi olaraq tanınan Colan təpələri bölgəsini və ya Livanın İsrail ordusu tərəfindən işğal edilmiş ərazilərindəki hərbi obyektləri vuracaq. Bu halda, birbaşa qanuni İsrail ərazisini vurmadığı üçün beynəlxalq təzyiqə məruz qalmayacaq. İkinci ehtimala görə, qonşu ölkələrdən birindəki İsrail səfirliyi və ya təmsilçiliyi İran ordusu tərəfindən vurulacaq. Üçüncü ehtimal isə qisas əməliyyatınin keçirilməsi, yəni proksi qruplar və ya gizli əməliyyatlar vasitəsilə İsrail ordu zabitlərinə qarşı qəsdlər təşkil etməkdir. Cavab addımının dərhal atılmaması onu göstərir ki, cavab zərbəsində gözlənilməzlik amili olacaq, yəni İsrailin arxayınlaşdığı, ya da gözləmədiyi bir vaxtda qisas əməliyyatı həyata keçiriləcək", deyə siyasi şərhçi bildirib.

Həmsöhbətimizə görə, İranın birbaşa İsrail ərazilərini vuracağı ehtimalı azdır:

"Çünki bu İrana qarşı beynəlxalq təzyiq üçün əsas verəcək. Ən əsası İsrailə qarşı dünyada artan təzyiqlər zəifləyəcək. İran isə indiki halda İsrailin daha çox beynəlxalq təzyiqə məruz qalmasını istəyir. Bu səbəbdən də, açıq qisas əməliyyatının olacağı ehtimalı azdır. Daha çox gizli qisas əməliyyatı və ya proksi qüvvələrdən istifadə olunacağını düşünürəm. Yeri gəlmişkən, bu gün İraqda fəaliyyət göstərən radikal silahlı qruplar İsrailin Hayfa liman şəhərində yerləşən neft terminallarını vurduğunu açıqlayıb".

Qeyd edək ki, "CBS News"un məlumatına görə, İsrail və ABŞ İranın İsrailin Suriya konsulluğunu bombalamasına görə qisas almağa çalışdığını, ballistik və qanadlı raketlərlə birləşən pilotsuz təyyarələr dəstəsini əhatə edəcək cavab hücumu həyata keçirəcəyini düşünür. Qəzetin yazdığına görə, hücum Ramazan ayının sonuna qədər baş verəcək.

"Voxnews” isə xəbər verir ki, daha əvvəl Mərkəzi Kəşfiyyat İdarəsi İsrailə İrandan 48 saat ərzində hərbi cavab gözləməsi barədə xəbərdarlıq edib. İranın yüksək rütbəli rəsmiləri İsrailin Suriyadakı SEPAH-nin baş komandirinin ölümü ilə nəticələnən zərbəsinə cavab olaraq bildiriblər ki, onların ölkələri İsrailin konsulluqlarına hücumuna artıq cavab vermək hüququna malikdir.

Rüfət Sultan
 
 
 
Ardını oxu...
Fransanın Avropa və xarici işlər naziri Stefan Sejurne ABŞ Dövlət katibi Antoni Blinkenlə birgə mətbuat konfransı zamanı Parisin Azərbaycana qarşı ənənəvi ritorikasını təkrarlayıb.
Maraqlı məqam bundan ibarətdir ki, Fransanın bu bəyanatına dünya yeddilərindən biri olan, Avropa İttifaqının nüfuzlu üzvü İtaliya da cavab verib.
İtaliyanın xarici işlər nazirinin müavini Edmondo Çirielli Stefan Sejurnenin aprelin 2-də Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı səsləndirdiyi fikirlərin:
- Bölgədə gərginliyi artırdığını deyib,
- Bölgədə davamlı sülh üçün sağlam düşüncə ilə çalışan bir çox insanın səylərinə zərər vermək kimi qiymətləndirib.
Avropa İttifaqının iki ağırçəkili dövləti - İtaliya və Fransa - arasındakı münasibətlər bir neçə illik fırtınalı dövrlərdən keçib. Buna səbəb miqrant böhranına yanaşma və Fransanın İtaliyada 2019-cu ildə “5 Ulduz” hərəkatı və “Şimal liqası”nın iştirakı ilə qurulan koalisiyasını təhqir etməsi olub.
İtaliya isə dəfələrlə Fransanı müstəmləkəçi siyasət aparmaqda ittiham edib. Amma bir müddət sonra iki ölkə bunları arxa planda qoyaraq yeni əməkdaşlıq mühiti yaratmaq məqsədlərini nümayiş etdirib.
Ancaq fikir ayrılıqları arxada qalmayıb və problemlər Rusiya-Ukrayna müharibəsi fonunda Fransanın daha ambisiyalı gündəliyi əsasında yenidən qıcıqlanır.
İndi İtaliya ilə Fransa arasında gərginliyin davam edəcəyinə işarə verən Azərbaycan amili ortaya çıxır və görünür ki, Roma Parisə yerini göstərməyi qərarlaşdırıb.
Buna səbəb odur ki, Azərbaycanla İtaliya arasında dizayn edilən strateji tərəfdaşlıq münasibətləri Bakını Romanın ürəyində mühüm “iqamətgah”a çevirir.
Üstəlik, İtaliya Fransanın Avropa İttifaqındakı mövqeyindən istifadə edərək Cənubi Qafqaz regionuna müdaxilə cəhdlərindən narahatdır.
Çünki Parisin yanaşması Avropa İttifaqı daxilindəki fikir ayrılıqlarını artırır. Üstəlik, Fransa Avropa İttifaqında kollektiv maraqlardan çıxış etmir, ambisiyalarını genişləndirib digər üzv dövlətlərin başı üzərində guya təhlükəsizlik çətiri açmaq istəyir.
İtaliya buna cavab verməlidir və görünür ki, Fransanın Azərbaycana qarşı son bəyanatı bardağı daşıran damla olub.
İtaliya Fransaya görə Azərbaycanla mühüm əlaqələrini itirmək niyyətində deyil və Bakının da Romanın siyasi dəstəklərinə ehtiyacı var. Qarşılıqlı ehtiyaclar, təbii ki, İtaliyanın tərəzisində Bakının çəkisini ağırlaşdırır. Bu o deməkdir ki, İtaliya Azərbaycanla tərəfdaşlıq zonalarına təhlükəsizlik, müdafiə məsələlərini də qatır.
Bu sektorla əlaqəli istiqamətlərdən dolayıdır ki, İtaliya Fransanın Cənubi Qafqazda sabitliyi pozduğunu göstərir. Yəni İtaliya Fransanın Azərbaycana qarşı ritorikasını həm də özünün regiondakı maraqlarına qarşı yönələn akt kimi qiymətləndirir.
NƏTİCƏ
İtaliya Azərbaycanı Fransaya qarşı dəstəkləməklə qarşıdan gələn regional proseslərdə Parisə qarşı siyasət göstərmək öhdəliyini göstərir. Bu, Yelisey sarayı ilə İtaliya arasındakı böhranın “Cənubi Qafqaz” səhnəsini vurğulaya bilər.
Aqşin Kərimov
TEREF
 
Ardını oxu...
Meqapolisdə park yerinin idarə edilməsinin xüsusiyyətləri

Aprelin 1-dən yeraltı dayanacaqlarda tariflərin 2,6 dəfə artırılması, eləcə də Bakı Dəmir Yolu Vağzalının ərazisində dayanacaqların yenilənmiş qiymətləri sakinlərin narazılığına səbəb olub və sosial şəbəkələrdə fəal müzakirə olunur. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tariflərin artırılmasını Hökumət Evinin, Qış Parkının və Mərkəzi Parkın yeraltı dayanacaqlarından gələn gəlirin xərcləri tam ödəməməsi ilə izah edib. Bu səbəbdən itkilərin azaldılması, eləcə də əhaliyə xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə mövcud tariflərin dəyişdirilməsi məqsədəuyğun hesab edilib.

Bəzi deputatlar da bu yenilikdən hiddətləniblər. Belə ki, Tahir Kərimli yeraltı dayanacaqların həddən artıq baha olduğunu qeyd edərək, tariflərin artırılması qərarına yenidən baxmağa çağırıb. Vüqar İsgəndərov isə hesab edir ki, avtomobil sahiblərinin ödənişli dayanacaqlarda 1-2 saatdan artıq dayanması sərfəli deyil və yeni tariflər əhalinin gəlirlərinə uyğun gəlmir.

Nəqliyyat eksperti Aslan Əsədov mövzuya dair AYNA-ya açıqlamasında deyib ki, Bakı bir neçə parkinq zonasına bölünüb: “Şəhərin mərkəzində çoxlu sayda avtomobil var və bu səbəbdən mövcud vəziyyətə uyğun olaraq yeraltı dayanacaqlar üçün yeni tariflər müəyyən edilib. Nəzərə almaq lazımdır ki, iaşə obyektləri, tarixi abidələr, muzeylər və digər qurumlar şəhərin mərkəzində cəmləşib. Yəni, bura praktiki olaraq yaşayış sahəsi deyil, gəzinti sahəsidir”.

Yol-nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı isə AYNA-ya şərhində bildirib ki, Bakı Dəmir Yolu Vağzalının ərazisində dayanacaqların qiymətləri “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən müəyyən edilib: “İlkin təhlillər göstərir ki, hər gün ora 300-500 avtomobil gəlir. Bu avtomobillərin təqribən 70%-i 15 dəqiqə ərzində ərazini tərk edir, yəni yeni qaydalara əsasən parkinq üçün pul ödəmirlər. Avtomobil sahibləri sərnişinləri gətirir və ya qarşılayır və bu prosesə onlar 15 dəqiqədən çox vaxt sərf etmirlər. Əgər onlar bu pulsuz limiti yarım saata qədər keçsələr, o zaman tarif cəmi 1 manatdır”.

“Bakı dəmir yolu vağzalının ərazisində parkinq 72 avtomobil üçün nəzərdə tutulub. Əgər bu yer dayanacaq kimi istifadə olunarsa, bu vəziyyət onların hərəkətinə mane olan çoxlu sayda avtomobilin olmasından hiddətlənəcək sərnişinlərin narazılığına səbəb ola bilər. Ona görə də “Azərbaycan Dəmir Yolları” QSC-nin parkinq tariflərinin artırılması ilə bağlı qərarını düzgün hesab edirəm. Nəqliyyatın idarə edilməsi baxımından bu, düzgün qərardır. Bu məsələyə sosial nöqteyi-nəzərdən yanaşsaq, o zaman uzunmüddətli parkinqi ödəyə bilməyən avtomobil sahibləri haqlıdırlar. Amma qeyd etdiyim kimi, bu dayanacaq 72 avtomobil üçün nəzərdə tutulub. Bu səbəbdən də bu məsələnin sosial tərəfini vurğulamamalısınız. Bura dəmiryol vağzalının ərazisidir və sərnişinlər üçün nəzərdə tutulub”, - deyə həmsöhbətimiz vurğulayıb.

Yeraltı dayanacaqların tariflərinin artırılmasına toxunan ekspert qeyd edib ki, yaxınlıqda yaşayan və ya işləyən şəxsi avtomobil sahibləri üçün güzəştlər sisteminə ehtiyac var: “Məncə, bu məsələdə müəyyən fərdi yanaşmalara ehtiyac var. Müəyyən bir ərazidə yaşayan avtomobil sahibləri üçün parkinq pulsuzdur və bu ərazidə işləyən sürücülər üçün güzəştli endirimlər tələb olunur. Məsələn, iş yerlərinin yaxınlığında yerləşən parkinq üçün abunə ödənişi üçün xüsusi kartlar təqdim edə bilərsiniz. Bu yanaşma tətbiq olunarsa, o zaman əhali sevinər. İstənilən halda bu məsələlər müzakirə olunur, nəzərdən keçirilir, lakin ümumilikdə parkinq mövzusu onun idarə olunması kimi çox mürəkkəb sahədir”.

Yeraltı dayanacaqların tariflərinin artırılmasına gəlincə, Muradlının sözlərinə görə, təklif tələb yaradır: “Yeraltı dayanacaqların saxlanması xərcləri qarşılamnalıdır. Üstəlik, yeraltı dayanacaqların tarifləri yerüstü dayanacaqlardan qat-qat ucuzdur”.

Azərbaycan paytaxtında, xüsusilə şəhərin mərkəzində parkinq yerlərinin idarə olunması sahəsində islahatlara ehtiyac var. Dünya təcrübəsinin göstərdiyi kimi, məhdudlaşdırıcı tədbirlər olmadan şəxsi avtomobillərlə şəhərlərin sıxlığının öhdəsindən gəlmək mümkün deyil. Görünür, Azərbaycan 20-30 il əvvəl tətbiq olunan Seul və Tokio təcrübəsini mənimsəmək qərarına gəlib. Bu şəhərlərdə mərkəzdə parkinq yerləri azaldılmağa başlandı, parklanma qiymətləri qaldırıldı. Bu, mümkün qədər çox sakinin ictimai nəqliyyata köçürülməsi məqsədi ilə edilib.

Bakı timsalında, fəaliyyətini dayandırmış Bakı Nəqliyyat Agentliyi (BNA) yerli sakinləri ictimai nəqliyyatdan istifadə etməyə təşviq edə bilməyib. Üstəlik, bu struktur əks hərəkətə gətirib çıxaran addımlar atdı. Sakinləri şəxsi avtomobillərdən imtina edib ictimai nəqliyyatı seçməyə sövq etməli olan tədbirlər, nəzəri olaraq, ictimai nəqliyyatın inkişafı və göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi ilə paralel getməli idi. Amma bu möcüzə indiyə kimi baş verməyib - Bakı sakinləri hələ də şəxsi avtomobillərdən istifadə etməyə üstünlük verirlər.

Bu səbəbdən şəxsi avtomobillərin şəhər mərkəzinə girişinin məhdudlaşdırılması və parkinq haqlarının artırılması fikri hamının xoşuna gəlmədi. Göründüyü kimi, şəxsi avtomobil sahibləri üçün məhdudlaşdırıcı tədbirlərdən sonra hakimiyyət ictimai nəqliyyatın səmərəliliyinin və cəlbediciliyinin artırılmasına diqqət yetirmək niyyətindədir. Hələlik ictimai nəqliyyatda mövcud vəziyyət acınacaqlı olsa da, məhdudlaşdırıcı tədbirlərin nəqliyyat məmurlarının hərəkətindən qıcıq yaratmasına səbəb olsa da, hələlik bu barədə ancaq söhbətlər gedir. İndi isə ən başlıcası BNA-nın acı taleyini təkrarlamamaq üçün bu planları uğurla həyata keçirməkdir...

Müəllif: Asif Aydınlı
ayna.az
 
 
 

Dünyapress TV

Xəbər lenti