Ardını oxu...
“Müharibə 2022-ci ilin fevralında başlayandan bəri ilk dəfə Zelenski danışıqlardan kənarda qaldı”. Britaniyada nəşr olunan “The Telegraph” qəzeti Birləşmiş Ştatların yeni prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsinin dayandırılması ilə bağlı yürütdüyü siyasətin ilkin nəticələrini təhlil edərkən bu qənaətə gəlib. ABŞ lideri dünənki bəyanatı ilə Ukraynanın müttəfiqlərini möhkəm qəzəbləndirib, Rusiya rəhbərliyini sevindirib, dünya ictimaiyyətini isə çaş-baş qoyub...

Fevralın 18-də ABŞ dövlət katibi Marko Rubio və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında Ər-Riyada keçirilən görüşə Ukrayna prezidenti dəvət edilməmişdi. Avropa İttifaqı liderləri də ABŞ-Rusiya danışıqlarından kənarda saxlanılmışdı. 5 saata qədər davam edən görüş bir nəticə ilə bitib: tərəflər danışıqları davam etdirməklə bağlı razılığa gəliblər. Rusiya XİN rəhbəri Sergey Lavrov isə təfərrüatlara varmadan bildirib ki, işğal olunmuş ərazilərin qaytarılması, Qərb ordularının Ukraynaya gətirilməsi, Kiyevə təhlükəsizlik zəmanətlərinin verilməsi və onun NATO-ya inteqrasiyası birmənalı olaraq qəbuledilməzdir. Beləliklə, Rusiya tam güzəştsiz mövqe nümayiş etdirdi və Trampın atəşkəs, sülh təşəbbüsünün indiki mərhələdə mümkün olmadığını anlatdı. Bəs ABŞ lideri köhnə-yeni tərəfdaşının bu reaksiyasına hansı reaksiyanı verdi? Bu barədə bir qədər sonra...

Üç ildir davam edən müharibənin bilavasitə və əsas iştirakçılarının prosesdən kənarda saxlanması kəskin narazılıq doğurub. Prezident V.Zelenski Ər-Riyad görüşünün nəticələrini tanımadığını elan etdi, Avropa liderləri də eyni mövqeni bölüşərək, Parisdə toplaşıb vəziyyəti müzakirə etdilər. Zirvədə konkret qərarlar qəbul edilməsə də ABŞ-sız Ukraynaya hərbi, siyasi, iqtisadi dəstəyin davam etdirilməsi barədə ilkin razılıq əldə olunub.

Dünən nüfuzlu “Politico” jurnalı diplomatik mənbələrə istinadla yazıb ki, Avropa İttifaqı Ukraynaya 6 milyard avroluq hərbi dəstək verə bilər. Vurğulanır ki, böyük hərbi yardım paketi liderlərin bazar ertəsi Parisdə keçirilən fövqəladə toplantısında hər hansı konkret qərarın əldə olunmamasından sonra Aİ-nin Ukraynanı dəstəkləmək əzminin bariz nümayişi olacaq. Güclü hərbi dəstək Ukraynaya silahlı qüvvələrini gücləndirməyə, Rusiyanın cəbhə xəttində hücumlarının qarşısını almağa və Kiyev sülh danışıqlarına hazırlaşarkən şəhərlərini hava hücumundan qorumağa kömək edə bilər. Bu, həmçinin Aİ-nin öz nümayəndə heyətini danışıqlara əlavə etmək üçün iddiasını gücləndirə bilər. “Politico” iki diplomatik mənbəyə istinadən qeyd edir ki, 6 milyard avro başlanğıc rəqəmdir və zaman keçdikcə 10 milyard avroya və ya daha çox arta bilər.

Trampın reaksiyasına gəldikdə, o, Moskvanın sülh üçün qoyduğu baryerləri qınamaq əvəzinə, gözlənilmədən Ukrayna lideri Zelenskini hədəfə aldı. Prezident mətbuat konfransında “Üç ​​il davam edən döyüşlərdən sonra Səudiyyə Ərəbistanında ilkin danışıqlarda yer almadıqları üçün özlərini xəyanət edilmiş kimi hiss edə biləcək ukraynalılara mesajınız varmı” sualına belə cavab verib:

“Baş verənlərdən həqiqətən məyus oldum. Mən bunu üç ildir müşahidə edirəm. Bu, prezident olsaydım heç vaxt baş verməyəcək bir müharibədir. Bilirsiniz, İkinci Dünya Müharibəsindən bəri nadir hallarda gördüyünüz çox sayda insanlar ölür. Deyirsiniz, ukraynalılar məyusdurlar ki, onların yerləri yoxdur, danışıq masasında. Amma üç ildir, ondan xeyli əvvəl də yerləri var. Bunu çox asanlıqla həll etmək olardı. Alababat bir danışıqçı illər əvvəl çoxlu torpaq itirmədən, insan həyatını itirmədən və sadəcə olaraq xarabalığa çevrilmiş şəhərləri itirmədən həll edə bilərdi bunu. Deməli, onlar masada yerləri olmamasından narahat olurlar, demək istəyirəm ki, kimsə çoxdan gedib sövdələşmə aparmalı idi. Mən prezident olsaydım, Putin bunu heç vaxt etməzdi. Yeri gəlmişkən, bizdə oktyabrın 7-si (HƏMAS-ın İsrailə hücumunu nəzərdə tutur - müəl.) də olmazdı”.

Tramp Ukrayna hakimiyyətini qınaqdan bir qədər də uzağa gedərək, Kremlin təbliğat maşının tezislərinə açıq dəstək verib. O, jurnalistin “Biz eşidirik ki, Rusiya istənilən sülh sazişini imzalamaq üçün Ukraynanı yeni seçkilər keçirməyə məcbur etmək istəyir. ABŞ bunu dəstəkləyəcəkmi” sualına müsbət cavab verib:

“Vəziyyət belədir ki, Ukraynada seçkilər olmayıb, hərbi vəziyyət elan olunub, Ukrayna lideri, - mən bunu deməyə nifrət edirəm, amma onun reytinqi 4%-ə düşüb və ölkə bərbad vəziyyətdədir. Böyük bir söküntü kimi görünür ölkə. Yəni, Rusiya Kiyevə qıymadı, bunu etmədi, çünki oraya çoxlu raket atmaq istəmirlər. 20% etdilər, amma 100% etmək istəsəydilər, yəqin ki, çox tez baş verərdi Kiyevin dağılması. Amma elə şəhərlər var ki, onlar tamamilə dağılıb. Bəli, mən deyərdim ki, onlar masa arxasında oturmaq istəyəndə Ukrayna xalqı desin ki, bilirsiniz, bizdə çoxdandır seçki yoxdur? Bu, Rusiyanın işi deyil. Mən bunu deyirəm, bir çox başqa ölkələr də belə deyir. Bilirsiniz, Ukrayna sadəcə olaraq məhv edilir”.

Ağ Evin sahibi bununla kifayətlənməyib, Bayden hakimiyyəti dövründə Ukraynaya verilən hərbi, iqtisadi yardımların hesabını da soruşub: “Prezident Zelenski keçən həftə dedi ki, ona verdiyimiz pulun yarısının harada olduğunu bilmir. Yaxşı, biz onlara, məncə, 350 milyard dollar verdik. Bəs verilən bu qədər pul haradadır? Hara gedir? Mən heç vaxt belə bir hesabat görməmişəm. Ona görə də sülh görmək istəyirəm, daha bütün bu insanların öldürüldüyünü görmək istəmirəm. Amma bu gün eşitdim, yaxşı, yaxşı, bizi dəvət etməyiblər. Amma üç il orada idin. Bunu üç il əvvəl dayandırmalı idin. Heç başlamamalıydın. Razılaşa bilərdiniz”.

Maraqlıdır, Trampın 350 milyard dollarlıq yardım barədə məlumatları haradan aldığı məlum deyil. Təqribi hesablamalara görə, Birləşmiş Ştatların Ukraynaya bütün yardımlarının həcmi 100 milyard dollara çatmayıb.

Mətbuat konfransında Trampa sual verilib ki, Ukraynada Avropa sülhməramlılarının yerləşdirilməsi ideyasını dəstəkləyirmi?

Cavabında deyib: “İstəyirlərsə, dəstəkləyirəm. Mən bilirəm ki, bunu Fransa, Böyük Britaniya və başqa ölkələr qeyd edib. Əgər bizim sülh müqaviləmiz olarsa və orada hərbi qüvvələr olacaqsa və Avropa bunun zəruri olduğunu görsə, onda qoy olsun. Biz oraya hərbi qulluqçular yerləşdirməyəcəyik, amma onların hərbçiləri orda olsun, buna etiraz etmirəm. Əsas odur ki, sülh və ya atəşkəs olsun. Atəşkəs də bir variantdır. Bilirəm ki, Fransa çox gözəl jest etmək istəyir”.

Belə məlum olur ki, Tramp Ukraynanın çox istədiyi, amma Kremlin qətiyyətlə qarşı çıxdığı Kiyevə təhlükəsizlik zəmanəti də vermək niyyətində deyil. Ümumiyyətlə, ABŞ liderinin Ukrayna ilə bağlı niyyəti aydın deyil, dediklərindən belə nəticə çıxarmaq olar ki, o, Ukraynanın kapitulyasiyası hesabına müharibəni bitirib, Rusiyanı sanksiyalardan azad etmək istəyir.

Sonda yenidən “The Teleqraph” qəzetində dərc olunan məqaləyə qayıdaq. Müəlliflər vurğulayır ki, Zelenskinin vəzifəsindən kənarlaşdırılması Putinin əsas məqsədidir. Çünki heç kim Kremlin Ukraynanı əsarət altına almaq və onun ruhunu sındırmaq ambisiyalarının qarşısını almaqdan ötrü Zelenski qədər iş görməyib: "Rusiya FSB-sinin onu öldürə bilməməsi biabırçılıq hesab olunur. İndi Kreml hesab edir ki, əsas ümid Ukraynanı seçkilərə sövq etmək, seçkiyə həmişəki adi sxem üzrə müdaxilə etmək və hakimiyyətə Zelenskinin heç zaman imzalamayacağı alçaldıcı sülh müqaviləsini imzalayan moskvapərəst “marionetka” gətirməkdir".

Qəzetin yazdığına görə, Zelenskini vəzifədən uzaqlaşdırmaq cəhdləri ciddi çətinliklərlə üzləşəcək. Çünki Rusiya üçün indi Ukrayna seçkilərinə təsir etmək müharibədən əvvəlki kimi asan deyil: "Əhalinin əksəriyyəti Putinin adı gələndə tüpürür. Dezinformasiya ilə cəmiyyətdə Zelenskiyə qarşı nifrət oyandırmaq olmaz. Ukrayna əhalisinin ən çox moskvayönlü təbəqəsi onsuz da ruslar tərəfindən işğal olunmuş və buna görə də Ukraynadakı seçki prosesində iştirak edə bilməyən Donbasda yaşayır".

Qəzet qeyd edir ki, Putin və Tramp Zelenskini seçki yolu ilə səhnədən çıxarmaq istəsə də, onların bu planının müvəffəqiyyət qazanacağına heç kim təminat verə bilməz.

Yekunda qeyd edək ki, ABŞ lideri Rusiya prezidenti Vladimir Putinlə görüşünün fevralın sonuna qədər baş tuta biləcəyi ehtimal edir. Şübhəsiz bu görüş baş tutarsa, dünya təkcə onların danışığından yox, “bədən dili”ndən də çox şeyi anlayacaq...

Turqut
 
Ardını oxu...
Ötən əsrdə xalqımızın tarixinə yazılan faciəvi hadisələrin bir çoxu məhz ermənilər tərəfindən törədilib. Ermənilərin türklərə, azərbaycanlılara qarşı törətdikləri soyqırımı cinayətlərinin tarixi 1905 və 1918-ci illər qətliamları ilə başlayır, 1948-53-cü illərin zorakı deportasiyası və 1988-ci ildən başlayan proseslərlə, 1992-ci il Xocalı qətliamı ilə davam edib.
1992-ci il fevral ayının 25-dən 26-a keçən gecə Ermənistan hərbi birləşmələrinin Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalıda törətdiyi soyqırımından 33 il keçir. Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. Bu soyqırımı aktı insanlıq tarixinin ən qorxulu kütləvi terror aktlarından biri sayılır.
Ermənilərin Xocalı şəhərini hədəfə almaqda məqsədi Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən ümumiyyətlə Xocalını yer üzündən birdəfəlik silmək məqsədi idi. Çünki Xocalı elə bir yaşayış məskəni idi ki, Azərbaycanın qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. Erməni işğalından sonra Xocalıda bütün maddi mədəniyyət abidələrinin məhv edilməsi və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığının texnika vasitəsiylə darmadağın edilməsi erməni vandalizminin bariz nümunəsi olmaqla yanaşı, dünya mədəniyyətinə qarşı zorakılıq aktıdır.
1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı Xocalıda 3 minə yaxın insan olub. Mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalıb. Xocalı soyqırımı zamanı 613 nəfər ödürülüb. 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülüb. 8 ailə isə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onların 150-nin taleyi indi də məlum deyil.
Tarixi abidələri ilə fərqlənən, Azərbaycan tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edən qədim mədəniyyətə, strateji önəmə malik Xocalı şəhəri, sözün əsl mənasında, işğalın nəticəsində xarabalığa çevrilib. Ermənilərin insanlığa sığmayan dəhşətli cinayət əməlləri nəticəsində Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdılıb. Bununla yanaşı, şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olunub, qəbiristanlıq vandallara xas üsullarla dağıdılıb, ümumiyyətlə, bu torpağın ən qədim sakinləri olan azərbaycanlılara aid bütün izlər silinib.
XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soyqırımı indiyədək bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir. Xocalı faciəsi tarixi yaddaşlardan heç vaxt silinməyən Xatın, Liditsa, Oradur, Xolokost, Sonqmi, Ruanda və Srebrenitsa kimi dəhşətli faciələrdən heç də fərqlənmir. Adı çəkilən hadisələr müharibələr tarixinə dinc əhalinin soyqırımı olaraq daxil olmuş və bütün dünyada geniş əks-səda doğurmuşdur.
Bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımının əsl mahiyyəti yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra açıqlanmış, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət vermişdir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası dünyanın 40-dək ölkəsində həyata keçirilir və məramı ona siyasi-hüquqi qiymət verilməsini təmin etməkdir.
Qürurverici haldır ki, Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Xocalı şəhidlərinin qanı yerdə qalmadı. 2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, “dəmir yumruq” qalib gəldi. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizləndi və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldı.


Vahid İsmayılov
Tarix üzrə fəlsəfə doktoru
 

 

Ardını oxu...
 

TV Müsavat-ın canlı efirində "SƏHƏR XƏBƏR" verilişi yayımlanıb.

Musavat.com xəbər verir ki, TV Müsavat-ın canlı efirində yayımlanan "SƏHƏR XƏBƏR" verilişində gündəmin vacib mövzuları müzakirə olunub. Aparıcı Sevinc Telmanqızı bugünkü buraxılışda erməni politoloq Vaan Babayanın səsləndirdiyi iddiadan danışıb. 

O bildirib ki, yaxın bir neçə ay ərzində Ukrayna ərazisinin təxminən 30%-ni “rəsmən” itirəcək.

“Bu qədər qurban, məhv olunmuş iqtisadiyyat… Bütün ssenari belə yazılmışdı. Putin və Tramp Ukraynanı parçalayacaq. Bu, qaranlıq xarici qüvvələrin əlində oyuncağa çevrilən dövlətlərin başına gələn ən yaxşı nümunədir. Zelenski isə qaçacaq - əgər yanındakılar izn versə”, - o qeyd edib.

Mövzunun daha geniş təfərrüatlarını öyrənmək üçün videonu izləyə bilərsiniz:

 
 
 

Ardını oxu...
“Azəriqaz” İstehsalat Birliyi Baş direktorunun istismar üzrə keçmiş müavini Cahid Hüseynovun vaxtilə yüksək vəzifəyə təyin etdirdiyi qardaşı oğlu Əlihüseyn Hüseynov saxlanılıb.

Əldə etdiyimiz məlumata görə, qurumun Xaçmaz Regional Qaz-İstismar İdarəsinin Xızı rayonu üzrə Qəza-Bərpa Xidmətinin rəisi Ə.Hüseynov barəsində toplanılan çoxsaylı şikayətlər əsasında hüquq-mühafizə orqanları tərəfindən keçirilən əməliyyat zamanı tutulub.

O, əmisi Cahid Hüseynovun nüfuzundan sui-istifadə edərək, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) balansında olan torpaq sahələrini özəlləşdirmək üçün ayrı-ayrı vətəndaşları aldadıb.

Həmçinin, Ə.Hüseynov əmisi Cahid Hüseynovun adından ayrı-ayrı vətəndaşları inandırmaq üçün pul müqabilində ələ aldığı başqa bir şəxsin vasitəsilə tərəflər arasında telefon danışığı da təşkil etdirib. Bununla Əlihüseyn Hüseynov əmisi Cahid Hüseynovun SOCAR rəhbərliyi və kirvəsi “Azəriqaz” İstehsalat Birliyinin sabiq Baş direktoru Ruslan Əliyevlə olan şəxsi əlaqələrindən istifadə edərək, vətəndaşlara vəd etdiyi torpaq sahələrini özəlləşdirəcəyinə inandırıb.

Qeyd: Hazırda onun qardaşı Ceyhun Hüseynov və digər yaxın qohumları “Azəriqaz” İstehsalat Birliyində yüksək vəzifələrdə çalışırlar. Həmin şəxslərin siyahısı bir neçə ay öncə mediada dərc olunmuşdu.

Məsələ ilə bağlı İstehsalat Birliyinə sorğu ünvanlanıb.

Xatırlatma: Bir neçə gün öncə, “Azəriqaz”a və Birliyin mətbuat katibi Eldəniz Vəliyevə C.Hüseynovun direktor müavini vəzifəsindən azad edilməsi ilə bağlı sorğu ünvanlasaq da, cavab verilməyib. Cahid Hüseynovun adı “Azəriqaz”da yeyinti faktlarında da hallanır.(pravda.az)
Ardını oxu...
Münhen Təhlükəsizlik Konfransında baş verən ABŞ-Avropa “söz davası” dünyada ciddi müzakirə olunur. Artıq “Transatlantizm” sonu gəldiyini deyənlər də var. Gəlin bəsit doqmaları kənara qoyub, məsələlətin kökünə enək, yaranmış ideoloji, bəli, məhz ideoloji və dünya görüşü, hədəflərin fərqini anlamağa çalışaq.
Marşal Planı.
Ötən əsrin 1948-1951-ci illərində ABŞ Avropaya “Marşal Planı” çərçivəsində 13 mlrd. dollar yardım etdi (indiki qiymətlərlə 100 mlrd. dollardan çox). Cəmi 3 ilə bu vəsait hesabına Qərbi Avropa dirçəldi, çarxlar işə düşdü, amma yardım bununla da bitmədi. 1945-1991-ci illər arasında ABŞ, Qərbi Avropanın təhlükəsizliyinin təminatı üçün, təqribən, 50 trilyon dollar xərclədi. Təbii ki, bu xərclər SSRİ kimi monstrın və Moskvanın nəzarətində olan “Varşava Müqaviləsi Təşkilatının” qarşısını kəsmək üçün, ABŞ-SSRİ qarşıdurmasının nəticəsi idi. Amma, məsələ odur ki, ABŞ Avropanın təhlükəsizliyinə trilyonlarla dollar xərclədiyi zaman, Qərbi Avropa ölkələri hərbi xərclərini azaldıb sosial-iqtisadi problemlərin həllinə pul xərcləməyə başladılar.
1970-ci ildə məlum oldu ki, məsələn, orta statistik belçikalı, orta statistik amerikalıdan, 2 dəfə yaxşı yaşayır – çünki, Belçikanın təhlükəsizliyini ABŞ öz pulu hesabına təmin edir, həmin ölkənin hökumətləri isə müdafiə xərclətrinə qənaət edib rifah halı yüksək cəmiyyət qurur.
1980-ci ildə isə artıq Qərbi Avropanın istənilən ölkəsinin orta statistik vətəndaşı, ABŞ-ın orta statistik sakinindən daha yaxşı yaşamağa, keyfiyyətli pulsuz təhsil, səhiyyə xidməıti və s. almağa başladı. SSRİ dağılandan sonra ABŞ-ın “transatlantik-qlobalist” elitası bu yardımın əvəzinə Avropada öz siyasi tərəfdaşlarını, “psevdo-liberal klanları” hakimiyyətə gətirməyə başladı. Yəni, SSRİ dağılandan, Rusiya zəifləyəndən sonra bütün diqqəti rəsmi Moskvanı “qucaqlayıb boğmağa” yönəltməkdənsə, öz ideologiyasını Avropada hakimi-mütləq qılmağa çalışdı. Bu ideologiya isə insanlığın təməl prinsiplərinə zidd idi – iqtisadiyyatda da “aşırı tənzimləmə” metodları ilə əsl liberal bazarı, rəqabəti, demokratiyanı, fikir azadlığını boğmağa başladılar.
Tramp və komandasını “pulgir” kimi təqdim edən həmin “ideloji xətt” anlamır ki, 80 il Avropanın təhlükəsizliyinə trilyonlarla dollar xərcləmiş ABŞ, indi onlara pulsuz “çətir” olmaq istəmir. Trampın, “ÜDM-lərinizin 4-5%-ni hərbi xərclərə yğnəldin”, tələbi “pulgirlik” məsələsi deyil, adi, soyuqqanlı hesab-kitabdır. Əslində, Tramp və komandasının Avropada özlərinə ideoloji yaxın siyasi partiyaları dəstəkləməsinin əsl səbəbi də budur-obrazlı desək, “Obama-Bayden elitasını”, öz elitası ilə əvəzləmək çəhdidir və bu artıq qlobal ideoloji qarşıdurmadır.
Tramp və komadasının “sağ-sağlam” konservatizmi əsas ideoloji xətt elan etməsi Rusiyanın “dünya konservatorlarının mərkəzi” olmaq, qlobal layihəyə çevrilmək cəhdlərini də darmadağın edir ki, bu çox yaxşıdır.
İndi gələk orta-statistik, bizdə də mövcud “liboşla” virtual dialoqa:
“Liboş” – Tramp və komandası “faşistdir”, Avropada “faşist” ideologiyalı partiyaları dəstəkləyirlər!
Mən – Tamam da, bəs bu “faşizm” nədə görünür?
“Liboş” – Necə yəni, görmürsüz. Miqrantlara qarşıdırlar, insan haqlarını tapdalayırlar!
Mən – Anladım, amma, məsələn, Türkiyədə AKP və Ərdoğan miqrantlara qucaq açıq 3-4 mln. suriyalını yerləşdirmişdi, amma siz, hörmətli “liboş”, Ərdoğana da “faşist” deyirdiz, ona qarşı idiniz, o zaman, deməli, siz dəyər və prinsipləri müdafiə etmirsiniz, sizin “kuratorlarınızın” qlobal “psevdo-liberal” media vasitəsi ilə yaratdığı gündəmə sadiqsiniz, eləmi?
“Liboş” – error 404....
Mən – Yaxşı, başqa nə iradınız var?
“Liboş” – ABŞ və onların Avropada dəstəklədiyi partiyalar ölkələrin suverenliyinə və ırazi bütövlüyünə hörmət etmirlər!
Mən – Xub, əslində elə deyil, amma tutalım, siz deyəndi, bəs Avropanın ortasında “Kosovo presidenti” yarananda, sərhədlər dəyişdiriləndə sizlər bunu alqışlayırdınız axı.
“Liboş” – Əşşi, bu ayrı məsələdir.
Mən – Ayrı məsələ ola bilməz, söhbət prinsiplərdən gedirsə, dəyərlərdən gedirsə, eyni yanaşma olmalıdır axı. “Kosovo presidenti” Putin kimi caniyə, işğalçı-imperialist kafaya Gürcüstan və Ukraynaya qarşı hücuma əsas yaratdı.
“Liboş” – Ukrayna qələbə qazanana qədər müharibə davam etməlidir!
Mən – Tamam, ən böyük arzum Ukraynanın qələbəsidir, amma sizlər nədən Azərbaycan öz ərazi bütövlüyü və suverenliyini qorumaq üçün müharibə aparanda “No War” deyib hayqırırdınız?!
“Liboş” – Yenə qarışdırdız e, bu ayrı, o ayrı məsələdir.
Mən – Yox, “liboş” qardaş-bacı, prinsip və dəyərlər unversaldır, bilmirdiniz bunu?!
“Liboş” – Ukrayna öz ərazi bütövlü və suverenliyini qorumaq üçün hər şey edə bilər, Rusiyaya işləyən satqınları, separatistləri həbs və məhv edə bilər!
Mən – Əla, haqlısız, bəs nədən Qarabağ separatçılarını həbs edəndə, Xankəndi əməliyyatını edəndə Azərbaycan haqsız olur, o cani-separatçılar, az qala, “siyasi məhbusa” çevrilirlər?!
“Liboş” - error 404....
Dialoqu uzada da bilərəm, amma məğzi belədir – dəyərlər və prinsiplər unversal olmalıdır, eyni, indentik məsələlərə siyasi maraqlara görə müxtəlif yanaşmalar siyasəti məhv edir, gözdən salır və dəyərsizləşdirir. Dünən də yazdım – Dünya yeni ideoloji qarşıdurma yaşayır, diskurs ciddiləşir, sağlam diskussiya olmalıdır ki, həqiqətləri hamı görə, anlaya bilsin. Bunun üçün isə doqmatık və bəsit tezisləri kənara qoymaq lazımdır.
Tramp və komandası Avropadakı tərəfdarları ilə birgə “siyasi kəfkiri” aşırı “sağa” tərəf də apara bilər ki, bu da anormaldır, amma, indi həmin “kəfkir” o qədər “soldadlr” ki, oradan hər şey “aşırı sağ” kimi görünür – məsələ budur.
Siyasi “kəfkir” normal axışına geri dönməli, “sağ” son illərdə yaranan “psevdo-liberal solu” dəngələməli, Dünya əsl liberal dəyərlərə geri dönməlidir...
Natig Jafarli
TEREF
 
Ardını oxu...
"Azərbaycan ikili standartlara görə Ümumdünya Ticarət Təşkilatına üzv olmur". Bu sözləri Prezident İlham Əliyev Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində deyib. Prezident qeyd edib ki, Azərbaycan Ümumdünya Ticarət Təşkilatının üzvü deyil: "Baxmayaraq, uzun illərdir, deyərdim, bir neçə onilliklərdir ki, danışıqların aktiv mərhələsindəyik. Bu prosesin məntiqi yekunlaşmamasının səbəbi sırf sizin dediklərinizdir. Proteksionizm, ikili standartlar, tariflər - bütün bunlar Ümumdünya Ticarət Təşkilatının təməl dəyərlərinə ziddir. Biz görürük ki, ölkələr öz bazarlarını qorumaq üçün tarifləri tətbiq edir, proteksionizm üsullarından istifadə edirlər və bu da Ümumdünya Ticarət Təşkilatının prinsiplərinə tamamilə ziddir”.
İqtisadçı Pərviz Heydərov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ümumdünya Ticarət Təşkilatı (ÜTT) 1995-ci ildə yaradılıb və qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşir. ÜTT-nin 166 üzvü var, bundan başqa da, 23 ölkə və bir neçə beynəlxalq təşkilat ÜTT-də müşahidəçi statusuna malikdir. Adı çəkilən qurumun əsas məqsədi beynəlxalq ticarəti maksimum liberallaşdırmaq və onu möhkəm əsaslarda yaratmaq, bu yolla iqtisadi inkişafı artırmaq və insanların həyat səviyyəsini yaxşılaşdırmaqdır.

“Ölkəmiz 1997-ci ildən ÜTT-yə üzv olmaq üçün müraciət edib. Odur ki, Prezident qeyd etmişkən, bir neçə onilliklərdir danışıqların aktiv mərhələsindəyik. Məsələ bundadır ki, sözügedən quruma üzv olmaq əslində bizim üçün hazırda sərfəli deyil. Bəlkə də bunu ertələmək daha düzgün olar. Çünki bizdə iqtisadiyyat birtərəfli inkişaf edib və edir. Yəni, iqtisadiyyatımız şaxələndirilmiş şəkildə deyil, gəlirlərimiz sırf neft və qaz sektoruna bağlıdır. ÜTT ticarətin liberallaşdırılmasından dəm vurur. Qeyri neft-qaz sektorunu inkişaf etdirməyi düşünən və yaxud da deyək ki, buna çalışan ölkə üçün isə daxili bazarı bütün məhdudiyyətlərdən azad etmək, qarşılıqlı ticarət əlaqələrində hər cür sərbəstliyə yol açmaq buna imkan yarada bilərmi? Bu çox çətin məsələdir. Dövlət başçımız da xatırlatmışdır ki, proteksionizm, ikili standartlar, tariflər - bütün bunlar ÜTT-nin prinsiplərinə ziddir”-deyən iqtisadçı qeyd edib ki, geniş şəbəkəyə sahib müxtəlif istehsal sahələrinə malik ölkələr də buna gedirlər və ən güclü proteksionist siyasət həyata keçirən elə məhz bu ölkələrdir, biz də öz bazarımıza sahiblənməliyik.

İqtisadçının fikrincə, kifayət qədər və çeşiddə qeyri neft-qaz məhsullarının istehsalı, onun ixracını həyata keçirtmək imkanı və potensialına nail olmalıyıq ki, daxili bazara qapılarımızı açanda rəqabət gücünə çataq: “ÜTT-yə üzvlük çoxlu çeşiddə qeyri-neft-qaz məhsulları istehsal və ixrac edə bilən ölkələr üçün qazanclıdır - sərfəlidir: “Biz, bazarımızı hələ qorumalıyıq. Yerli istehsalı inkişaf etdirməli, bir sıra sahələrdə geniş və güclü rəqabət imkanlarına sahib olmalıyıq”.

İradə Cəlil, Bizimyol.info
 
Ardını oxu...
KTN deyir ki, əhali mal-qaranın axırına çıxır, ekspertlər isə bildirirlər ki...

Kənd Təsərrüfatı Nazirliyi (KTN) ətin bahalaşması ilə bağlı iddia edib ki, buna səbəb yeyənlərin sayının artmasıdır. Nazirliyin maraqlı açıqlamasına görə, “əhali cavan heyvanların ətinə üstünlük verir və buna görə də mal-qaranın kökəlməyə vaxtı çatmır”.

KTN hesab edir ki, qiymət artımına səbəb olan qıtlığın əsas səbəbi ət istehlakının çox olmasıdır. Yəni, kəsirdə əhali günahkardır - sayımız artır.

Nazirlik təəssüflə qeyd edib ki, onların maarifləndirici tədbirləri aktual problemin həllinə heç bir şəkildə kömək etmir: “Uzun illər ərzində əhalinin artması və ətə tələbatın artması səbəbindən heyvanların sayı artmır. Bununla bağlı aparılan maarifləndirici tədbirlərə baxmayaraq, təəssüflər olsun ki, heç bir müsbət nəticə müşahidə olunmayıb”.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bu il yanvarın 1-nə ölkədə cəmi 6 milyon 850,2 min baş qoyun və keçi, 2 milyon 459,7 min baş iribuynuzlu mal-qara, o cümlədən 1 milyon 223,1 min baş inək və camış var. Görünür, sürətlə artan əhali təkcə qoyun, keçi və mal-qaranı deyil, donuzları da yeyib.

Rəsmi statistikaya görə, xırda və iri buynuzlu mal-qaranın sayı ötən illə müqayisədə azalıb. İnək və camışların (ötən il 1 235 100 baş olub), həmçinin qoyun və keçilərin (ötən ilin sonunda 7 060 600 baş) sayında azalma var. Donuzların sayı da azalıb (keçən il 4828 baş idi).

Artan yeyənlər ordusunun iştahı nəinki mal-qaranı məhv etdi, həm də qiymətlərin durmadan artmasına səbəb oldu. KTN artımın davam etdiyini bildirir. Hazırda mal əti 15-16 manata satılır, quzu ətinin qiyməti isə 20-24 manat arasında dəyişir. Bütün bunlar həqiqətən təsiredicidir.

Hələ 2018-ci ildə hökumət elan etmişdi ki, ixtisaslaşmış qurumların səyləri nəticəsində ətlə özünü təmin etmək 90% kimi möhkəm səviyyəyə çatıb. Düzdür, idxal yerli istehsalın cəsarətli statistikasından geri qalmırdı. Müstəqil ekspertlər isə pambıqçılığın inkişafının konkret üsullarının, otlaq sahələrinin azaldılmasının, yemin bahalaşmasının və idxalın artmasının sənayeyə mənfi təsirləri barədə həyəcan təbili çalırdılar.

Ancaq problem ən gözlənilməyən yerdən gəldi. KTN-ə inanmalı olsaq, bu sənayenin güclü yüksəlişi həddindən artıq qida üstünlükləri və mal-qara yeyənlərin sayının artması fonunda geri çevrilir. Sənaye mütəxəssisləri hesab edirlər ki, ümumilikdə əhalinin artımı mal-qaranın sayının azalmasına səbəb olur, lakin problem daha dərinə gedir.

Əslində, yüksək yerli istehsal haqqında cəsarətli hesabatlardan bir il əvvəl də heyvandarlıq sənayemizdə maraqlı hadisələr başladı. Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, 2017-ci ildə ət idxalı artmağa başlayıb. Həmin dönüş ilində idxal əvvəlki illə müqayisədə 2,5 dəfə artıb. Bunun əhalinin artımı ilə necə bağlı olması barədə tarix susur, amma DSK-nın hesabatlarından belə çıxır ki, o dövrdə ət istehsalı da artıb.

Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmli AYNA-ya şərhində deyib ki, həmin dönüş ilində heyvanların məcburi kəsimi hesabına ət istehsalı rekord həddə çatıb: “Axı, yaddaqalan pambıq kampaniyası təbii otlaqların və biçənəklərin azalmasına səbəb oldu. 2017-ci ildə iribuynuzlu mal-qaranın sayı əvvəlki illə müqayisədə 9,8 min baş, qoyun və keçilərin sayı isə 62,3 min baş azalıb. Mal-qaranın sayının azalması sonrakı illərdə də davam etdi”.

“Bu prosesi izləyən məmurlar və oliqarxlar vəziyyətdən istifadə edərək heyvandarlıq məhsullarının idxalını artırıblar. Nəticədə ötən il pambıq ixracımız 199 milyon dollar, ət idxalı isə 312 milyon dollar (56,7%) artıb. Yerli fermerlər məhz bu qədər itki verdilər və əhali qıtlığın və qiymət artımının bütün ləzzətlərini hiss etdi”, - deyə həmsöhbətimiz bildirib.

Onun sözlərinə görə, pambıq sahələrinin təbii biçənəklər və otlaqlar hesabına genişləndirilməsi Azərbaycan heyvandarlarını 311,9 milyon dollar gəlirdən məhrum edib: “Digər tərəfdən, ölkənin yerli heyvandarlıq məhsulları, xüsusilə də yüksək kalorili məhsulları ilə təminatında ciddi boşluq var. Ölkədə alıcılıq qabiliyyətinin aşağı olmasına baxmayaraq, son 10 ildə ət və süd iki dəfə bahalaşıb”.

Onu da qeyd edək ki, DSK-nın məlumatına görə, ötən il yerli istehsal 152,8 min ton mal əti, 88,9 min ton quzu və keçi əti olub. Qurumun son hesabatında mal ətinin rəsmi maya dəyəri 4,4 manat, topdansatış qiyməti isə kiloqramı 5,1 manat göstərilib. Lakin pərakəndə satışda qiymət xeyli yüksəkdir.

Müəllif: Emma Rzayeva
 
Ardını oxu...
Bakıdakı “Rus Evi”nin rəhbəri İrek Zinnurov Rusiyanın RT kanalına açıqlamasında onun başçılıq etdiyi təşkilatın bağlanmasının “üçüncü tərəfi” sevindirdiyini deyib: “Bu hekayə həm Azərbaycan, həm də Rusiya tərəfi üçün kədərlidir. Başqası isə bir kənarda oturub əllərini ovuşdurub buna sevinir... Bu üçüncü tərəf bu məqamdan istifadə edərək, atəşə mümkün qədər barıt atmağa çalışır”.

Məlum olduğu kimi, fevralın 11-də Bakıdakı “Rus Evi” Azərbaycan Xarici İşlər Nazirliyinin tələbi əsasında fəaliyyətini dayandırdığını elan edib.

Zinnurova gəlincə, onun açıq mənbələrdə yer alan karyerasına dair məlumatlara nəzər saldıqda görünür ki, bu adamı Bakı ilə, Azərbaycanla, Azərbaycanda yaşayan ruslarla bağlayan heç nə olmayıb. Hazırda Rusiya vətəndaşı olan bu şəxsin daha öncə Ukrayna vətəndaşlığının olduğu qeyd edilir. Yakutiyada doğulan Zinnurov Krımda, Simferoplda ali məktəbi bitirib. Su polosu idman növü üzrə beynəlxalq yarışların mükafatçısı olan Zinnurov Rusiyanın əməkdar idman ustasıdır. O, 2016-cı ildən etibarən hakim “Vahid Rusiya” partiyasından VII çağırış Rusiya Dövlət Dumasının deputatı da olub. Ancaq nədənsə, Dumadakı vəzifəsindən istefa verərək, “Rossotrudniçestvo”ya keçib və Bakıdakı “Rus Evi”-nə rəhbər göndərilib.

İndi bu adamın hansısa “üçüncü tərəf” barədə danışması qəribə görünür. Rusiya Azərbaycanın sərnişin təyyarəsini öz hava məkanında vurub, onlarla günahsız vətəndaşımızı qətlə yetirib, əvəzində normal diplomatik, insan dililə üzr istəmək, günahkarları tapıb cəzalandırmaq, kompensasiya ödəmək əvəzinə özünü təkəbbürlü, yekəxana, saymazyana aparmalı, aşkar faktları təkzib etməli, dezinformasiya yaymalı, Azərbaycana qarşı heç bir mənəviyyata, insanlığa sığmayan çirkin kampaniya aparmalı, Azərbaycan isə bütün bunlara, o cümlədən “Rus Evi” kimi yuvalara göz yummalıdır? Sonra da hansısa “üçüncü tərəf”dən danışılmalıdır? Hər şey Rusiya ilə Azərbaycan arasında baş verdiyi halda, burada “üçüncü tərəf”lik nə var? Əgər həmin tərəf kimi Qərb nəzərdə tutulursa, Azərbaycan bundan öncə və sonra da ABŞ-nin USAİD təşkilatını və Qərbin maliyyələşdirdiyi digər layihələri, hətta media orqanlarını bağlayıb. Odur ki, “üçüncü tərəf” bəhanəsi yersiz və mənasızdır.

Onu da qeyd edək ki, Zinnurov yuxarıdakı açıqlamasını Kremlin ən çirkin təbliğatçılarından olan Marqarita Simonyanın “RT” kanalına verib. Əgər Azərbaycan mediası, cəmiyyəti üçün “Rus Evi” maraqlı, yaxud onun bağlanması “böyük itki” olsaydı, onun başçısından bizim media açıqlama alardı, Simonyan yox.

“Rus Evi”-nin bağlanmasının həm Rusiya, həm də guya Azərbaycan üçün “kədərli olmasına” gəlincə, bunun əslində, məhz kimlər üçün kədərli olduğunu hamı çox yaxşı bilir. Kaş elə son kədərimiz, qəmimiz Azərbaycandakı casus və yumşaq güc yuvalarının bağlanması və “rusbaşlar”ın azalması olsun…

C.Məmmədov

“AzPolitika.info”
 
Ardını oxu...
Bu, Azərbaycan cəmiyyətində də ən çox müzakirə edilən, fikirlərin haçalandığı məsələdir. Zelenskinin siyasətçi, dövlət başçısı kimi səhvləri, yalnış qərarları ola bilər, amma baş verənlərə görə “əsas günahkar” elan olunması doğru deyil.
Birincisi, 2014-cü ildə Rusiya ilə başlanan münaqişə Zelenskiyə miras qalıb və yaranmış vəziyyəti dəyişdirmək çətin idi;
İkincisi, Qərb 2014-cü ildə Donbas müharibəsinin başlandığı dövrdən etibarən, heç vaxt Ukraynaya tam dəstək verməyib: “Normand formatı”ndakı danışıqlarda Almaniya və Fransa daha çox Rusiya ilə anlaşmaq xəttini izləyirdi, nəinki Ukraynanın ərazi bütövlüyünün bərpasını; 2022-ci ildə Rusiyanın hücumundan sonra da Qərbdən istənilən dəstək gəlmədi, hətta Avropa ölkələri Ukraynaya “onsuz da duruş gətirə bilməyəcəksiniz” deyirdilər; Qərbin əsas məqsədi müharibənin Ukrayna sərhədlərindən kənara çıxmaması, Avropaya sıçramaması olub;
Üçüncüsü, Zelenski müharibənin başlanmamasına çalışırdı, hətta Donbas məsələsinin həlli üçün alternativ platformalar da axtarıb: bunun üçün 44 günlük müharibədən sonra Cənubi Qafqazda yaranmış təcrübədən – problemin regional müstəvidə həlli variantından da istifadə etmək istəyirdi, Türkiyə ilə yaxınlaşmaq, Ankaranın vasitəçiliyindən istifadə etmək siyasəti buna hesablanmışdı, lakin imkan verilmədi.
Çünki Ukrayna müharibəsi geosiyasi hesablaşmanın tərkib hissəsi idi və Zelenski yox, başqa biri olsaydı da, bu başlayacaqdı. Müharibə başlayanda bu haqda yazmışdıq: hədəf Avropanın “güc mərkəzi” olmaq, Çinin qlobal gücə çevrilmək planlarının qarşısını alınması və ABŞ-ın lider olduğu təkqütblü sistemin qorunmasıdır; Bayden və Tramp administrasiyasının fərqli yanaşmaları olsa da, hədəf eynidir və müəyyən qədər də olsa, buna nail olunub. Rusiyanın da əsas hədəfi yeni geosiyasi şərtlərdə “regional” yox, “dünya gücü” kimi qəbul edilmək idi.
Ukrayna bu, geosiyasi hesablaşmada poliqon kimi istifadə edildi.
Asif Nerimanli
TEREF
 
Ardını oxu...
Xəbər vedriyimiz kimi, 12 fevral 2025-ci il tarixində Ermənistan Respublikasına Azərbaycan Respublikası tərəfindən Avropanın Vəhşi Təbiətin və Təbii Yaşayış Yerinin Mühafizəsi üzrə 1979-cu il Bern Konvensiyasına əsasən başlanmış arbitraj işi üzrə iddia ərizəsi daxil olub.

Lakin Ermənistanın Azərbaycanın təzminat tələbini rədd etdiyi bildirilir.

Erməni mediasının xəbərlərinə əsasən, rəsmi İrəvan bu mübahisədə öz mövqeyini müdafiə etməyə davam edəcək.

Bəs bundan sonra nə olacaq? Ermənistan təzminat üçün pul verə bilmirsə, onun əvəzinə torpaq verilməsi gündəmə gələ bilər?

Bununla bağlı Azad Vətən Partiyasının sədri Akif Nağı "Cebheinfo.az"-a danışıb.

O bildirib ki, əslində Azərbaycan indiyə kimi rəsmi qaydada Ermənistandan təzminat olaraq torpaq istəməyib:

"Amma cəmiyyətdə belə bir fikir var ki, Ermənistan Azərbaycana təzminat ödəyə bilmirsə, onun əvəzinə torpaq verməlidir. Bu, Zəngəzur və ya başqa istiqamətə Azərbaycanın tarixi torpaqları ola bilər.

Çünki həmin torpaqlar sadəcə 100 il bundan əvvəl qeyri-qanuni şəkildə Rusiya tərəfindən Ermənistana verilib. Buna görə də onların kompensasiya kimi istəyə bilərik.

Nəzərə almaq lazımdır ki, Ermənistan tərəfindən 30 il ərzində torpaqlarımız işğal olunub və Azərbaycana həddindən artıq böyük ziyan vurulub. Ona görə də Ermənistan müharibənin qaydalarına uyğun olaraq bu təzminatı ödəməlidir. Artıq bununla bağlı rəsmi sənədlər beynəlxalq təşkilatlara da təqdim olunub".

Onun sözlərinə görə, Ermənistan təzminat ödəyə bilməsə, rəsmi Bakı tarixi torpaqlarını tələb etmək hüququna malikdir:

"Azərbaycan Ermənistandan təzminat istəyərək beynəlxalq qurumlar qarşısında üzərinə düşəni edib. Beləliklə, qarşı tərəf pul ödəyə bilmir, o zaman bunun müqabilində tarixi torpaqlarımızı geri qaytarsın.

Əgər İrəvan hakimiyyəti bu variantların hər ikisini də rədd etsə, o zaman Azərbaycan hərbi yolla özünün müəyyən etdiyi ölçüdə əraziləri təzminat əvəzi geri qaytara bilər.

Üstəlik, bu halda beynəlxalq təşkilatlar da ölkəmizə qarşı hansısa ittiham irəli sürə bilməyəcəklər. Yəni Ermənistan yaxşı düşünsün, ya təzminatı qaytarsın, ya da hərbi yolla alarıq".
 
 


 

Dünyapress TV

Xəbər lenti