Ardını oxu...
Azərbaycana rəhbərliyinin bütün dövrlərində gənclərə hamilik edib onların qüvvəsindən səmərəli istifadəni ölkəmizin gələcəyi üçün başlıca amil adlandıran Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə gənc nəslə dövlət siyasətinin başlıca istiqaməti kimi diqqət artırıldı. «Gənclərimizin əsas vəzifəsi özünü müstəqil Azərbaycan Respublikasının inkişafına həsr etməkdən, müstəqil Azərbaycan Respublikasının yaşamasına və əbədi olmasına həsr etməkdən ibarət olmalıdır» sözləri ilə ölkəmizin gələcəyini etibar etdiyimiz yeni nəslin nümayəndələrinin potensialını yüksək qiymətləndirən Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. 2 fevral 1997-cı ildə Gənclər Gününü təsis etməklə də gənclərə qayğısını reallaşdırdı. Azərbaycanı gənclər ölkəsi adlandıran Ulu Öndər müstəqil dövlətimizin qarşıdakı illər üçün inkişaf konsepsiyasını gənclərin cəmiyyətdə rolunun artırılmasını təmin edəcək prioritetlər əsasında formalaşdırdı.
Ötən əsrin 70-80-ci illərində ölkə gənclərinin ixtisaslı kadr kimi yetişdirilməsini başlıca məqsəd kimi qarşıya qoyan, azərbaycanlı oğlan və qızların SSRİ-nin tanınımış ali məktəblərində təhsillərini davam etdirmələri üçün ciddi səy göstərən Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra özünü doğruldan təcrübəsini davam etdirdi. Müstəqil ölkə olan Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almaları üçün təkmil konsepsiya hazırlandı. 2003-cü ildə dünyanın inkişaf etmiş 40-a yaxın ölkəsində 160-a qədər ixtisas üzrə 3000-dən artıq azərbaycanlı gənc bu layihəyə cəlb edildi. İstedadlı gənclərin təhsilə marağını daha da artırmaq üçün «Prezident təqaüdü» təsis edildi. Gənclərin ümumi maraqlarına uyğun keçirilən forumlarda qarşıya qoyulan «Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir» vəzifəsi yeni nəslin nümayəndələrinin fəallığını daha da artırdı. Ulu Öndər tərəfindən imzalanmış Sərəncama əsasən, 2 fevral tarixinin hər il ölkəmizdə Gəncləri Günü elan edilməsi mütərəqqi təcrübə kimi MDB məkanında və Şərqi Avropa ölkələrində dəstəkləndi. «Gənclər siyasəti haqqında» Azərbaycan Respublikası Qanununun qəbulu ilə yeni nəslin qarsısında duran məqsəd və vəzifələr daha aydın və dəqiq göstərildi: Vətənpərvərlik, milli təfəkkürə əsaslanan azərbaycançılığa sadiqlik, ölkəmizin qüdrətlənməsi naminə fəallıq.
Respublikaya rəhbərliyə başladığı ilk günlərdən Azərbaycan gəncliyinin yenilməz qüvvəsindən məqsədyönlü istifadə edən Prezident İlham Əliyev gənclər siyasətinin daha geniş miqyasda tətbiqi üçün yeni imkanlar yaratdı. «İndiki gənclər üçün imkanlar təbii ki, daha genişdir və gənclər bu imkanlardan istifadə etməlidirlər. Biz azad ölkədə yaşayırıq, sabitlik olan ölkədə yaşayırıq, özünə güvənən ölkədə yaşayırıq. Biz haqlı olaraq fəxr edirik ki, Azərbaycan vətəndaşlarıyıq və gənclər həm öz gələcək həyatını düzgün müəyyən etmək üçün və eyni zamanda, dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar» sözləri ilə gələcəyimiz olan yeni nəslin nümayəndələrində özünə güvəni artırdı. Onların XXI əsrin tələbi olan yeni texnologiyaların imkanlarından səmərəli istifadə etmələri, savadlı kadrlar kimi hazırlanmaları, ölkənin aparıcı qüvvəsinə çevrilmələri, bütövlükdə, kreativ gənclik kimi formalaşması üçün yeni imkanlar yaradıldı.
Gənclərin hamisi Prezident İlham Əliyevin Sərəncamı ilə 2007-ci ilin ölkəmizdə «Gənclər ili» elan olunması, şəhər və kəndlərimizdə «Gənclər evi»lərinin yaradılması, xarici ölkələrdə təhsil alanların sayının artırılması ölkə gəncliyinə diqqət və qayğının ifadəsi, dövlət siyasətimizin əsas istiqamətlərindən olan «Qara qızıl»ın insan kapitalına çevrilməsi» strategiyasının uğurlu həlli idi.
Prezident İlham Əliyevin təşəbbüsü ilə gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirmək məqsədi ilə yaradılan Gənclər Fondu mütəxəssislərə daha bir qayğı idi.
Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçilən cənab İlham Əliyevin ən çox diqqət yetirdiyi sahə gənclərin fiziki tərbiyəsinin yüksəldilməsi, idmana cəlb olunmaları idi. Bu məqsədlə bölgələrdə 50-yə yaxın Olimpiya İdman Kompleksi inşa edildi.
Birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi, 50-dən çox ölkəni təmsil edən 6 mindən artıq idmançının iştirakı ilə keçirilən yarışlarda sağlam rəqabət uğrunda mübarizədə uğur qazanan gənclərimiz Azərbaycanı dünyaya idman ölkəsi kimi tanıtdılar.
«Prezident Mükafatı»nın təsis edilməsi ilə elm, mədəniyyət, ədəbiyyat, incəsənət, təhsil sahəsində biliklərini sınayan gənclər arasında sağlam rəqabət yarandı. Gənc kadrların irəli çəkilməsi siyasətinin təcəssümü olan «Yüksəliş» müsabiqəsi gənclərin intellektual səviyyələrinin artırlmasına, idarəçilik məharətlərinin təkmilləşməsinə dəstək oldu. Gənclər Fondu nəzdində respublikamızın 55 şəhər və rayonunda Gənclərin İnkişaf və Karyera Mərkəzləri (GİKM) fəaliyyətə başladı. Beynəlxalq idman və müsiqi bayramlarında yadda qalan yeniliklərdən olan Könüllülər hərəkatına qoşulanların sayının artması, 2020-ci ilin «Könüllülər ili» elan olunması da gənclərdə humanizm, xeyirxahlıq, etik davranış qaydalarının formalaşmasını təmin edən bəşəri dəyərlərə sadiqlik idi. Azərbaycanda Könüllülər hərəkatının geniş vüsət aldığını xeyirxah təsəbbüs kimi dəyərləndirən dövlət başçımız «Mən bunu çox alqışlayıram. Təxminən 20 min gənc könüllü olaraq çalışmış və indi müxtəlif təşkilatlarda müxtəlif vəzifələrdə işləyir, xeyir gətirir. Könüllülər hərəkatının xüsusi əhəmiyyəti var. Bu, cəmiyyətdə xeyirxahlıq, yeni davranış qaydalarını təbliğ edir və təsadüfi deyil ki, bu sahədə gənclər öz rolunu oynayır» sözləri ilə könüllülərin Azərbaycan brendi olan «ASAN xidmət»lərdəki fəaliyyətlərini kadr hazırlığının ilkin mərhələsi kimi dəyərləndirir.
Xalqımızın qürur mənbəyi olan, əsasən gənclərdən ibarət hərbçilərimizin rəşadətini «Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər. Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir və bu əməliyyatlarda iştirak edənlərin mütləq əksəriyyəti gənclərdir. Biz bu əməliyyat nəticəsində uzun illər ərzində işğal altında qalan torpaqları işğalçılardan azad etdik» sözləri ilə dəyərləndirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev informasiya cəbhəsində üstünlüklərini təsdiq edən gənclərimizin siyasi hazırlığını da yüksək qiymətləndirir və hər iki cəbhənin qaliblərini xalqımızın qürur mənbəyi adlandırır. İkinci Qarabağ müharibəsində qazandığımız Zəfərdə daha çox xidməti olan Silahlı Qüvvələrin əsgər və zabitləri kimi, vətənpərvərlik ruhunda tərbiyə alan gənclərimiz də ənənəvi informasiya resurslarından, eyni zamanda, sosial şəbəkələrdən istifadə edərək haylara layiq olduqları cavabları verdilər. Bu fəallıq gənclərin Vətənə sonsuz məhəbbətlərinin ifadəsidir.
Bu gün Azərbaycan dünyada çox sürətlə inkişaf edən ölkə kimi tanınır. Bu sahədə gənclər xüsusilə fərqlənirlər. Dünyada baş verən siyasi hadisələri müasir düşüncə tərzi ilə təhlil edən yeni nəslin nümayəndələri ilk növbədə xalqımızın tarixini yaxşı bilməlidilər. Prezident İlham Əliyevin müasir günümüz üçün xarakterik olan «Əgər tarixi yaxşı bilsələr, görərlər ki, tariximizdə heç vaxt heç bir kənar qüvvə, heç bir yad dairə bizim xoşbəxtliyimizi istəməyib, əksinə, bizi əzmək istəyib, özünə ram etmək istəyib, sərvətlərimizi talamaq istəyib, bizi alçaltmaq istəyib. Əgər belə olmasaydı, bizim çoxəsrlik tariximizin böyük hissəsi müstəmləkəçilik tarixi olmazdı. Bir daha demək istəyirəm ki, bizim müstəqillik dövrlərimiz Azərbaycan xalqının tarixində çox məhduddur. Məhz ona görə ki, aldanmışıq, əzilmişik. Buna imkan vermək olmaz və verməyəcəyik, biz möhkəm dayanmışıq. Heç kim bizim işimizə müdaxilə edə bilməz, heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz. Qoy, ləkələsinlər, qoy, yalan-uydurma yaysınlar, bizə yapışmır. Əsas odur ki, biz öz həyatımızı ləyaqətlə yaşayaq. Ləyaqətli insanlar kimi, Vətənə bağlı olan insanlar kimi, mərd insanlar kimi yaşayaq, quraq, yaradaq, bütün yad qüvvələrə cavabımızı verək və öz inkişaf yolumuzu davam etdirək» sözləri gənclərimizi suverenliyimiz və əbədi müstəqilliyimiz yolunda daim mübariz olmağa çağırışdır.

Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor

Ardını oxu...
Xəbər verdiyimiz kimi, son bir ayda paytaxtda ətin qiymətində artım müşahidə edilir. Belə ki, əvvəlki aylarla müqayisədə mal ətinin qiyməti 1, quzu ətinin qiyməti isə 2 manat artıb. Qəssabların sözlərinə görə, bu, heyvan qıtlığı ilə əlaqədardır. Beləliklə dana əti 15 manatdan 16 manata qalxıb, quzu ətinin qiyməti isə 20-24 manat arasında dəyişir.

Globalinfo.az-a danışan iqtisadçı Elçin Qurbanovun sözlərinə görə, il ərzində Azərbaycana ət idxalının həcmi, idxal məhsullarının cəmi ABŞ dolları ifadəsinin heç bir faizini də təşkil etmir.

O deyib ki, 2024-cü ildə ət idxalının dəyər ifadəsi ümumi idxalın 0.62 faizinə bərabər olub:

“2024-cü ildə ortalama hər ay ölkəyə 4800-5000 ton civarında, il ərzində isə 58 688.75 ton ət idxal olunub. Bu da 2023-cü ildə idxal olunan 41 707.69 ton ətin çəkisindən 16981.06 ton daha çoxdur. Yəni idxalda sıçrayışlı artım deməkdir. Şübhəsiz ki, idxal həcmi ölkəmizin ümumi tələbat həcmini ifadə etmir. Bura yerli istehsal və diri heyvanların idxalı da aiddir. Demək olar, son iki ildə hər il ölkəmizə 100 milyon ABŞ dollarından çox diri heyvan idxal olunur. Bu sahə xüsusi dövlət qayğısı ilə əhatə edilir. Cins inəklərin süni mayalanması, doğuşları dövlət tərəfindən subsidiyalaşdırılır. Hər doğulan iri buynuzlu heyvana 100 manat yardım verilir. Bu da fermerə və fərdi təsərrüfat sahibinə stimullaşdırıcı maddi dəstəkdir. Məlum olduğu kimi, bəzi ölkələrdən idxalla əlaqəli aşkar edilmiş epidemiya və xəstəliklərə görə məhdudiyyətlər tətbiq olundu. Bu da idxal dəyərinə qismən mənfi təsir göstərə bilər. Yerli istehsal isə şübhəsiz ki, ən keyfiyyətli ət məhsullarının əsas mənbəyidir”.

İqtisadçı uzun illər öncə bir sıra mətbuat guşələrində bu barədə həyəcan təbili səsləndirdiyini deyib:

“Kənd təsərrüfatı üçün yararlı ərazilərin təyinatı üzrə istifadəsi ilə bağlı nəzarət proqramı barədə ilk təklifi də uzun illər öncə sabiq kənd təsərrüfatı naziri Heydər Əsədova göndərmişdim. Doğrudur, bu sahədə xeyli işlər görülüb, amma sonradan yanlış torpaq islahatları zülalın əsas mənbəyi olan ət istehsalına zərər verdi. İlk növbədə örüş və otlaq sahələrinin pambıq, çəltik, şəkər çuğunduru və digər təbii areala uyğun olmayan məhsulların becərilməsinə ayrılması da səbəblərdən biri oldu. Bəzən kiçik subsidiyalara görə otlaq və örüş sahələri tamamilə ləğv edilərək təyinatı dəyişdirildi. Digər tərəfdən isə suvarma ilə əlaqəli problemlər yem istehsalının inkişafına mane oldu. Bu məsələ ilə əlaqəli su kanallarının tikinti bərpa işlərinə bir neçə ildir ki, ciddi şəkildə start verilib. Kanallarda su itkisinin qarşısının alınması məqsədilə bərpa quruculuq işləri ilə paralel yeni kanallar da çəkilir. Lakin yerli istehsala ən çox mənfi təsir göstərən amillərdən biri otlaq və örüş sahələrinin təyinatından kənar əkin, otel, restoran, istirahət mərkəzləri və başqa biznes sahələrinə aid məqsədlər üçün istifadəyə verilməsidir. Məsələ ondadır ki, biznes məqsədləri üçün yüz hektarlarla ərazilər çəpərlənir, sürülərin otlaq sahələri daralır, otarılması üçün hərəkəti məhdudlaşır və s. Bütün bunlar yem qıtlığına və yemin qiymətinin bahlaşmasına səbəb olan amillərdir. Ona görə də bəzi bölgələrdə fərdi təsərrüfat sahibləri yaranmış problemlər üzündən kütləvi şəkildə heyvandarlıq fəaliyyətinə son qoydular”.

E.Qurbanov ətin qiymətinin artmasının yeni xəbər olmadığını vurğulayıb:

“Belə ki, xırda buynuzlu heyvanların əti 6 aydan çoxdur ki, 20 manata təklif olunur, quzu əti isə saxlandığı bölgədən asılı olaraq 22-24 manata, bəzən daha yüksək qiymətə təklif olunur. Mal ətinin qiymətində isə son 1 ildə iki pilləli artım müşahidə olunub. Kilosu 14 manata təklif olunan mal əti 15 manata, ardından isə 16 manata, sümüksüz mal əti isə 20 manata satılır. Ətə olan təlabat dedikdə həm də quş əti istehsalı nəzərdə tutulur. Əlbəttə, quş ətinin qiymətlərində də əhəmiyyətli dərəcədə artım var. Dövlət kənd təsərrüfatının bütün sahələrində yerli istehsalı stimullaşdırmaq, istehsal və idxal qiymətlərini azaltmaq məqsədilə hər il vergi məcəlləsinə əlavə və dəyişikliklərdə kənd təsərrüfatı məhsullarının istehsalçılarına güzəşt hüququnun tətbiqi müddətini uzadır. Bu il torpaq mülkiyyətçilərinin icarə haqqlarının ƏDV-dən azad edilməsi barədə qanunvericiliyə dəyişiklik də edildi. Bütün bunlar təqdirə layiqdir. Lakin yerli istehsalçılara münasibətdə qiymətlərə dövlət tərəfindən müdaxilə bir qədər ehtiyyatlı olmağı tələb edir. Xüsusilə də iri və xırda buynuzlu heyvandarlıq sahəsinə. Təsərrüfat sahiblərini küsdürmək problemi daha da ağırlaşdıra bilər. Hesab edirəm ki, problemin əsas həlli yararsız torpaq sahələrinin yararlı vəziyyətə gətirilməsi, təyinatı üzrə istifadəsi və subsidiyalaşdırılması ilə bağlı yeni tədbirlər planına ehtiyac var. Bu məsələ təxirəsalınmaz və operativ şəkildə həyata keçirilsə, daha yaxşı olar. Əks halda tələbat və istehsalda yaranan ziddiyyətlər qiymət artımının davam edəcəyini şübhə altına almır”.

Zaira Akifqızı
Globalinfo.az
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, Dövlət Gömrük Komitəsi (DGK) 3 aydan çoxdur ki, hər hansı bir səbəb göstərmədən əməkdaşlarının əməkhaqlarını ödəmir. DGK sədri Şahin Bağırov Gununsesi.info-ya açıqlamasında deyib ki, maaşların gecikməsinə texniki məsələlər səbəb olur.

Sitat: “Texniki məsələlər həll olunduqdan sonra hamı maaşını alacaq. Burada ajiotaj yaratmağa ehtiyac yoxdur”.

Göründüyü kimi, DGK sədri texniki səbəblərin nə olduğunu açıqlamır. Üstəlik, dolayısı ilə medianı ajiotaj yaratmaqda ittiham edir. Halbuki maaşların 3 aydır verilməməsi, səbəb nə olursa, olsun, ən böyük ajiotajdır. Bu ajiotajın müəllifi isə DGK rəhbərliyidir.

Globalinfo.az-a danışan siyasi şərhçi Heydər Oğuzun sözlərinə görə, Dövlət Gömrük Komitəsi büdcədən maliyyələşməyən qurumdur.

O deyib ki, bu təşkilatın qazancı elə özlərində olur:
“Onlar ölkəyə gələn və çıxan mallardan, xüsusilə daxil olanlardan müəyyən rüsumlar alırlar. Bununla da dövlət büdcəsinin mühüm bir hissəsinin yaranmasında rolları var. Bu mənada onlarda maliyyə sıxıntısının mövcudluğu həqiqətən də anlaşılmazdır. Azərbaycanda büdcənin üç əsas təməl qaynaqlarından biri DGK-dir. İndi bunlarda 3-4 aydır maaşların gecikməsi, qeyri-müəyyənliyin hökm sürməsi həqiqətən də çox ciddi bir vəziyyətdən xəbər verir. Belə görünür ki, Gömrük Komitəsində nələrsə yerində deyil. Hesab edirəm ki, Şahin Bağırov bu cür yerində olmayan və hansısa problemlərin mövcud olmasından yaranan prosesi araşdırıb, onlara bir aydınlıq gətirməlidir. Aydınlıq gətirmək əvəzinə “burada ajiotaj axtarmağa ehtiyac yoxdur” deməməlidir”.

H.Oğuzun fikrincə, məsələ ilə bağlı ajiotaj var və bunu Şahin Bağırov yaradır:

“Maaş gecikə bilər, amma 1-2 gün, maksimum bir həftə. 3 ay maaş gecikər?! Şahin Bağırov məsələyə ciddi yanaşmalıdır. Ağılları əvvəlki vəziyyətlərə gedib. O zaman maaş almasalar da onların əhvalına təsir etmirdi. Çünki həmin dövrdə görünmədən yığılan vəsaitlər var idi. Lakin indi gömrükdə həmin vəziyyət yoxdur axı. Hazırda DGK-da işləyənlər quru maaşa baxırlar. Özləri ilə gömrüyün kasıb işçilərini, maaşla dolanan insanların vəziyyətini eyni tərəziyə qoymasınlar, camaatın pulunu versinlər. Sən öz işçilərinin maaşını təmin edə bilmirsənsə, dövlət büdcəsini necə maliyyələşdirəcəksən, necə onun əsas qaynaqlarından birinə çevriləcəksən?!”

İqtisadçı Natiq Cəfərli deyib ki, işçilərin maaşının aylarla verilməməsi əmək qanunvericiliyinin və işçi hüquqlarının pozulması deməkdir:

“Maaşların gecikmə səbəbi mənim üçün də maraqlıdır. Əvvəl belə bir məsələ dolaşırdı ki, DGK ayrıca qurum olaraq ləğv edilib, hansısa qurumlarla birləşdiriləcək. Əgər maaşların gecikməsi buna görədirsə, əsas səbəb budursa, orada çalışan işçi bunun əziyyətini çəkməməlidir”.
 

Ardını oxu...
 

Professorlar deyir ki, yeni elmi mərkəzlər qura bilmirik, heç olmasa köhnələri qorumalıydıq

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun ləğvi barədə qərar qəbul edilib. “Yeni Müsavat” xəbər verir ki, bu barədə Qafqazşünaslıq İnstitutunun rəsmi Facebook hesabında yazılıb. “AMEA Qafqazşünaslıq İnstitutu 29 aprel 2015-il tarixində yaradılıb. AMEA Rəyasət Heyətinin 24 yanvar 2025-ci il tarixli qərarı ilə fəaliyyətinə xitam verilib”, - deyə səhifədə bildirilib.

AMEA cəmi 18 nəfər elmi işçidən ibarət olan Qafqazşünaslıq İnstitutunun saxlanılmasını məqsədəmüvafiq hesab etməyib və onun fəaliyyətinə xitam verilməsi haqqında qərar qəbul edilib.

“İnstitutun Qafqaz tarixi ilə əlaqədar şöbələrinin əməkdaşları Tarix və Etnologiya İnstitutunda, siyasi elmlərə aid olan əməkdaşları isə Fəlsəfə və Sosiologiya İnstitutunda yaradılan bu sahələrə aid genişləndirilmiş yeni şöbələrdə elmi tədqiqat işlərini daha əhatəli şəkildə davam etdirəcəklər”, - deyə AMEA-dan Modern.az-a verilən açıqlamada bildirilib.

Xatırladaq ki, Qafqazşünaslıq İnstitutunun başlıca tədqiqat istiqamətləri belə  müəyyənləşmişdi:

- Qafqaz ölkələrinin daxilində baş verən sosial-iqtisadi, siyasi və b. proseslər, onların Azərbaycana təsiri

- Qafqaz ölkələrinin xarici siyasəti və onun Azərbaycana təsiri

-  Böyük və qonşu ölkələrin, beynəlxalq və regional təşkilatların Qafqaz  siyasəti, onda Azərbaycanın yeri

- Qafqaz regionunda münaqişələr, Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları, hərbi təcavüzü, işğalçılıq siyasəti və nəticələri

- Diaspora və lobbi fəaliyyətləri, dünyanın tanınmış siyasi və ictimai xadimlərinin Qafqaz regionuna dair baxışları

Fəaliyyət sahələri:

- İnstitutun elmi jurnalının nəşri, tərcümə və çap işlərinin görülməsi, fəaliyyətin veb saytda işıqlandırılması, kütləvi informasiya vasitələrində yayılması

- Xarici ölkələrdəki nüfuzlu elmi-tədqiqat mərkəzləri ilə İnstitutun əlaqələrinin qurulması və əməkdaşlığı

- Beynəlxalq simpozium, konfrans və seminarlarda iştirak. 

Göründüyü kimi, Qafqazşünaslıq İnstitutuna kifayət qədər aktual bir fəaliyyət sahəsi cızılmışdı.

Qafqazşünaslıq İnstitutunun ilk direktoru Milli Məclisin deputatı, professor Musa Qasımlı olub. O, 2015-2024-cü illərdə həmin vəzifədə çalışıb.

Qafqazşünaslıq İnstitutunun hazırkı rəhbəri siyasi elmlər doktoru Ramilə Dadaşova idi. O, 2024-cü il oktyabrın 21-də AMEA Rəyasət Heyətinin qərarına əsasən, Qafqazşünaslılq İnstitutunun direktoru vəzifəsini icra edirdi.

Ardını oxu...

 Boran Əziz

Tarix elmləri doktoru, professor Boran Əziz “Yeni Müsavat”a fikirlərini bölüşüb: “Qafqaz, onun tarixinin,  etnoqrafiyasının öyrənilməsi olduqca vacibdir. Çünki bütövlükdə dünya tarixinin vahidliyinə görə qədim insanın yaşayış məskənlərindən biri də Qafqazdır. Bu baxımdan Qafqaz tarixini, mədəniyyətini, etnoqrafiyasını hərtərəfli öyrənmədən dünya tarixinin bütövlüyü yarımçıq qalmış olur. Azərbaycan da Qafqazın bir hissəsidir. Bu baxımdan Qafqaz tarixinin öyrənilməsi ilə bağlı ayrıca elmi mərkəzin açılması çox doğru addım idi. Çünki Qafqazşünaslıq İnstitutunda həm Qədim və Orta Əsrlər tarixi öyrənilirdi, həm də müasir dövrdə Qafqazda yaşayan xalqlar arasında əlaqələrin yaradılması ilə bağlı araşdırmalar aparılıb və təkliflər irəli sürülüb. Xeyli sayda beynəlxalq və respublika səviyyəli konfranslar keçirilib. Həm də bütövlükdə Türkiyə və tarixən Azərbaycan ərazisi arasındakı əlaqələr, Qafqazdakı xalqların təhlükəsizliyinin və inkişafının əsas qarantı olub. Məsələn, orada aparılan araşdırmalar da aydın şəkildə göstərir ki, Azərbaycan və Türkiyə arasındakı əlaqələr, Qafqazda yaşayan hansısa  xalqın bu torpaqlardan qovulmasına, soyqırımına məruz qalmasına və ya onlara aid olan maddi mədəniyyət abidələrinin tamamilə məhv edilməsinə gətirib çıxarmayıb. O baxımdan çox doğru araşdırmalar aparılır. İndiki dövrdə institutun ləğvi bir qədər qaranlıq qaldı. Könül istərdi ki, o ləğv olunmayaydı, əksinə, geniş araşdırmalar aparılmasına şərait yaradılaydı. Amma oxuduğuma görə oradakı elmi işçilər Tarix İnstitutuna cəlb olundu. Yəqin ki, bu zamana kimi onların qurduğu o fundament dağılmayacaq”.

Ardını oxu...

 Qulu Məhərrəmli

BDU-nun professoru, Əməkdar jurnalist Qulu Məhərrəmlinin də mövzu ilə bağlı fikirləri diqqət çəkir: “Əlbəttə, arzu olunan idi ki, akademiyanın Qafqaz üçün əsas xüsusiyyətlərini inkişaf etdirsin, imkanlarını genişləndirsin, elmi problemləri dərinləşdirsin, beynəlxalq əlaqələrini artıraraq nüfuzlu bir elmi qurum kimi tanınsın. Amma hadisələrin gedişatı göstərir ki, ölkədə yaradıcı elmi qurumların bağlanması tendensiyası müşahidə olunur və bu mənada Qafqazşünaslıq kimi elmi tədqiqat institutunun da ləğv olunması bu sıradadır. Əlbəttə, mən ilk növbədə təəssüflənirəm, çünki bir qurum yaratmaq, onu formalaşdırmaq və elmi səviyyəyə çatdırmaq asan məsələ deyil. İnstitutun bəzi nəşrləri, tədqiqat istiqamətləri ciddi şəkildə rəğbət doğururdu. Görkəmli alimlərin orada olması da müəyyən ümid doğururdu. Amma indi proseslər yalnız təəssüf doğurur. Ümumiyyətlə, elə qurumlar mövcuddur ki, onların bağlanması və ləğvi çox təəssüf hissi yaradır. Məsələn, Azərbaycan Tərcümə Mərkəzi kimi ciddi qurumlar uzun müddət yaradıcılıq ənənələri formalaşdırıb və kollektiv-intellektual mühitin inkişafına mühüm töhfə verib. Bu mərkəzlərin bağlanması insanı təəssüfləndirir. Yəni yeni bir qurum yaratmaq heç də asan məsələ deyil. Bu günlərdə çox vaxt təkliflər səslənir ki, məsələn, bəzi universitetlər bağlansın, bəzi strukturlar ləğv olunsun. Lakin bunlar sadə qərarlar deyil. Məsələn, Sovet İmperiyası dövründə Azərbaycanda elə mühüm qurumlar yaradılıb ki, onları biz müstəqil dövrdə yarada,  formalaşdıra bilməzdik. Bunun üçün həm vəsait, həm də elmi və intellektual səviyyə nümayiş etdirilib. Müəyyən  təşkilati işlər görülüb və formalaşdırılıb. Ona görə də bu gün həmin qurumların qədrini daha yaxşı bilməliyik, onlardan səmərəli istifadə etməliyik. Təbii ki, yenidənqurma işləri aparılmalıdır, elmi tədqiqat institutları inkişaf etdirilməli, dünyadakı ən önəmli elmi trendlərə uyğunlaşmalıdır. Təəssüf ki, bu vacib məsələlər həyata keçirilmədikdə, bu qurumların bağlanması aktual olur”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 
 
 
Ardını oxu...
Girov mübadiləsindəki ləngimə Qəzzada HƏMAS-la İsrail arasındakı atəşkəslə bağlı razılaşmanın pozulması gözləntisini artırır

On minlərlə fələstinli bazar günü İsrailin HƏMAS-ı atəşkəs razılaşmasını pozmaqda ittiham etməsi və keçid məntəqələrini açmaqdan imtina etməsindən sonra məyusluğunu ifadə edərək, Qəzzanın şimalındakı evlərinə dönmək üçün bağlanmış yollarda gözləyib. Qəzzada saxlanılan israilli girovların İsrail həbsxanalarındakı fələstinli məhbuslarla ikinci mübadiləsindən bir gün sonra bu ləngimə Qəzzada radikal hərəkatla İsrail arasında atəşkəslə bağlı risklərin olduğunu göstərir.

Şahidlərin “Amerikanın Səsi”nə dediyinə görə, Qəzzanın mərkəzi bölgələrində insanlar şimala gedən əsas yollar boyu bəziləri maşınlarda, bəziləri isə piyada gözləyirlər. Onların sözlərinə görə, bir çox insan gecəni əsas şimal-cənub magistralı olan Səlahəddin yolunda və şimala aparan sahil yolunda keçirərək Qəzza zolağının mərkəzindən keçən Netzarim dəhlizində İsrailin hərbi mövqelərinin qarşısından keçmək üçün gözləyib.

Misir və Qətər vasitəçiləri ilə birlikdə hazırlanan və ABŞ-ın dəstəklədiyi razılaşmaya əsasən, İsrail şimalda evlərindən didərgin düşmüş fələstinlilərin öz evlərinə qayıtmasına icazə verməli idi. Lakin İsrail tərəfi bildirib ki, HƏMAS-ın azad edilməsi planlaşdırılan girovlardan hansının sağ olduğunu göstərən siyahını təhvil verməməsi və ya 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumu zamanı girov götürülən israilli qadın Arbel Yehudu təhvil verməməsi qrupun razılaşmanın şərtini pozduğu deməkdir. İsrailin bəyanatında bunun nəticəsində Qəzza zolağının şimalına keçidlərə icazə vermək üçün Qəzzanın mərkəzində nəzarət-buraxılış məntəqələrinin açılmayacağı bildirilir.

HƏMAS bəyanat yayaraq, İsraili ləngimə yaratmaq və gecikdirməyə görə məsuliyyət daşıdığını bildirib.

Bununla yanaşı, Fələstinin HƏMAS hərəkatı vasitəçilərə atəşkəs razılaşmasının birinci mərhələsində azad etməyi planlaşdırdığı Qəzzada saxlanılan israilli əsirlərin siyahısını verdiyini iddia edib. Bu barədə məlumat HƏMAS-ın “Telegram” kanalında yerləşdirilib. Bildirilib ki, hərəkatın təqdim etdiyi sənəddə girovlarla bağlı “lazımi məlumatlar” var.

"HƏMAS bazar günü axşam saatlarında vasitəçilərə Qəzzada atəşkəs razılaşmasının birinci mərhələsində azad ediləcək əsirlərin siyahısını təqdim edib ", - məlumatda vurğulanıb.

Hərəkat bu siyahıda neçə adın yer aldığını və konkret hansı məlumatın müzakirə edildiyini açıqlamayıb. Fələstin HƏMAS hərəkatı əvvəlki mübadilədə azad edilməli olan israilli girov Arbel Yehudu və daha iki nəfəri cümə günü, yanvarın 31-dək azad edəcək. Bu barədə Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari bildirib.

“Razılaşmaya uyğun olaraq, HƏMAS fevralın 1-i şənbə günü daha üç girovu azad edəcək”, - diplomat sosial mediada yazıb.

HƏMAS radikal hərəkatının Siyasi Bürosunun sədr müavini Musa Əbu Mərzuk təşkilatın ABŞ hakimiyyəti ilə dialoqa hazır olduğunu açıqlayıb. Bu barədə bazar günü, yanvarın 26-da “Al Arabiya” telekanalı məlumat yayıb.

“Biz ABŞ-la dialoqa hazırıq. ABŞ Prezidenti Donald Tramp ciddi siyasətçidir. Qəzza razılaşması Trampın Yaxın Şərq üzrə xüsusi elçisi Stiven Vitkoff olmasaydı, əldə olunmazdı", deyə bildirib. Siyasi Büronun sədr müavininin sözlərinə görə, “HƏMAS rəhbərliyinin mövqeyi İsraildən başqa hamı ilə dialoqa açıqlıqdır”.

Bu arada, ABŞ Prezidenti Donald Tramp sənbə günü ABŞ hərbi qüvvələrinə sələfi Co Baydenin Qəzzanın mülki əhalisinə təsirlə bağlı narahatlıq səbəbilə İsrailə təhvil verilməməsi barədə göstəriş verdiyi bombaların təhvil verilməsini tapşırıb. O həmçinin Misir və İordaniyanı Qəzzadan daha çox fələstinlini müvəqqəti və ya daimi olaraq qəbul etməyə çağıraraq, “biz hər şeyi təmizləməliyik” deyə bildirib.

“Bu, sözün əsl mənasında dağıntı yeridir, demək olar ki, hər şey dağıdılıb və orada insanlar ölür”, o, İordaniya kralı Abdulla ilə telefon danışığından sonra jurnalistlərə bildirib.

“Amerikanın Səsi” onu da yazıb ki, HƏMAS Qəzzada atəşkəs razılaşması çərçivəsində ikinci mübadilədə 200 fələstinli məhbusun müqabilində şənbə günü Qəzza şəhərində girov saxlanılan dörd israilli qadını Qırmızı Xaç Cəmiyyətinə təhvil verib. Dörd İsrail əsgəri böyük təbəssüm nümayiş etdirərək, Fələstin Meydanındakı səhnədən izdihama əl yelləyiblər. Onların hər iki tərəfində HƏMAS döyüşçüləri olub və minlərlə insan İsrail əsgərlərinin Qırmızı Xaçın maşınlarına minməsini izləyib.

Müşahidəçilər deyirlər ki, onlar çox güman ki, təzyiq altında hərəkət ediblər. Daha əvvəl azad edilən girovlar son dərəcə ağır şəraitdə saxlandıqlarını və təbliğat xarakterli videolar çəkməyə məcbur edildiklərini bildiriblər. İsrailin Həbsxana Xidməti 200 fələstinlinin azad edilməsini başa çatdırdığını bildirib. Buna israillilərə qarşı ölümcül hücumlarda günahkar bilinərək ömürlük həbs cəzası çəkən 120 nəfər daxildir.

Misirin dövlət televiziyası “Qahera” telekanalının məlumatına görə, təxminən 70 nəfər Misirə təhvil verilib. Misir, Qətər və ABŞ atəşkəsə gətirib çıxaran danışıqlarda əsas vasitəçi rolunu oynayıblar.

İordan çayının qərb sahilinin Ramallah şəhərində minlərlə fələstinli məhbusları daşıyan avtobusları qarşılamağa toplaşıb, bir çoxları əllərində Fələstin bayrağını və ya müxtəlif siyasi qrupların bayraqlarını dalğalandırıblar.

Dörd İsrail əsgərinin azad edilməsini Tel Əvivin Girovlar Meydanındakı böyük ekranlarda izlərlə yüzlərlə insan bayram edib. İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi daha sonra azad edilmiş girovların İsrail ordusunun bazasında qarşılandığını əks etdirən video yayımlayıb. Onlardan biri, Liri Albaq mikroavtobusa minmədən əvvəl gülümsəyərək, iki baş barmağı ilə işarə edib və sonra əlləri ilə ürək şəkli çəkib.

HƏMAS bildirib ki, azad edilən dörd qadın Liri Albaq, Karina Ariev, Daniella Gilboa və Naama Levidir. Dörd qadının hamısı 2023-cü il oktyabrın 7-də HƏMAS 1200 nəfəri öldürüb və 250 nəfəri girov götürdüyü terror hücumu zamanı İsrailin cənubundakı Nahal Oz bazasından qaçırılan İsrail əsgərləridir.

Atəşkəs razılaşmasının birinci mərhələsində HƏMAS-ın İsrail tərəfindən saxlanılan fələstinli məhbusların azad edilməsi, habelə humanitar yardımların artırılması və İsrail ordusunun Qəzzanın bəzi bölgələrindən çıxarılması müqabilində 33 girovu azad edəcəyi gözlənilir.

Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin Qəzzada əks hücumu nəticəsində 47 mindən çox insan həlak olub. Nazirlik mülki vətəndaşlar və döyüşçülər arasında fərq qoymasa da, daha əvvəl öldürülənlərin yarısından çoxunun qadın və uşaq olduğunu bildirib. İsrailin cavabı nəticəsində həmçinin ərazi əhalisinin əksəriyyəti didərgin düşüb, anklavın böyük hissəsi dağılıb.

Şənbə günü baş tutan mübadilədən əvvəl Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları İdarəsi xəbərdarlıq edib ki, İordan çayının qərb sahilində artan zorakılıq Qəzzadakı atəşkəsə təhlükə yarada bilər. BMT-nin İnsan Haqları ofisinin sözçüsü Tamin Əl Kitan bildirib ki, İsrailin İordan çayının qərb sahilindəki əməliyyatları nəticəsində ən azı 12 fələstinli ölüb, 40-ı yaralanıb. Onun sözlərinə görə, "onların əksəriyyətinin silahsız olduğu bildirilir".

Müəllif: Turan Abdulla
 
Ardını oxu...
Belarus Prezidenti Aleksandr Lukaşenko seçki günü sağa-sola xeyli açıqlama verib, bunların arasında bölgəmizə aid olanları da var. Paşinyanın siyasətini tənqid edən Lukaşenko Azərbaycana dəstək verdiyini gizlətməyib. Ancaq Lukaşekonun “44 günlük müharibədə uduzduqdan sonra Ermənistan baş naziri Nikol Paşinyan Xankəndinin və bütün Qarabağın faktiki Azərbaycanın ərazisi olduğunu elan edəndə Vladimir Putin və mən heyrətləndik” cümləsini xoş qarşılamaq mümkün deyil. Niyə heyrətləndiz? Bunda qəribə nə var? Paşinyan müharibədə məğlub olduğundan reallıqla barışıb və Qarabağın Azərbaycan ərazisi olduğunu söyləmək məcburiyyətində qalıb. Lukaşenkodan əvvəl Rusiya Prezidenti Vladimir Putin də bu mövzuya bir neçə dəfə toxunaraq deyib ki, “Qarabağın Azərbaycan ərazisi olduğunu Paşinyan tanıdığından Rusiyanın edəcəyi heç nə qalmadı”. Putinin və Lukaşekonun məntiqlərindən belə çıxır ki, birincisi, Paşinyan müharibədə məğlub olmasına baxmayaraq, gərək Qarabağı Azərbaycan ərazisi kimi tanımayaydı, ikincisi o Azərbaycanın ərazi bütövlüyünü tanımasaydı, Moskva və Minskdən daha çox dəstək alardı. Yəni demək istəyirlər ki, Paşinyan Azərbaycanın işini asanlaşdırıb. Elə buna görə də, nə Kremlə, nə də Minskə etibar etmək olar.
Elxan Şahinoğlu
TEREF
 
Ardını oxu...
ABŞ-ın 47-ci Prezidenti Donald Tramp “Fox News” televiziya kanalına son müsahibəsində Rusiya və Çin haqqında nisbətən yumşaq danışarkən, İran haqqında “bu başqa mövzudur” fikrini işlədib. Rusiya Prezidenti Vladimir Putin və Çin lideri Si Cinpinlə yaxşı münasibətləri olduğunu bildirən Tramp Moskvanın və Pekinin yanlış siyasətlərini vurğulamağı da unutmayıb.
Tramp aparıcının “Tayvana iddiası olan Çinlə necə əməkdaşlıq edəcəksiniz” sualına cavabında bunun mümkün olduğunu və Cinpinlə hər iki tərəf üçün faydalı ticarət sazişi imzalaya biləcəyini söyləyib. Tramp bunu deyərkən sələfi Co Baydeni ittiham edib: “Onun axmaqlığı nəticəsində ABŞ Çinlə ticarət müharibəsində 1 trilyon dollar itirib”. Tramp bunun necə baş verdiyini izah etməyib. Tramp həmişəki kimi Çinə qarşı yüksək tariflərdən istifadə edəcək. Ağ Ev sahibinin sözlərinə görə, Çin ABŞ-dan qazandıqlarını ordusunun güclənməsinə sərf edib. Tramp Rusiyanın da Bayden administrasiyanın səhvlərinə görə, Ukraynaya qarşı müharibəni davam etdirdiyini deyib. Ağ Ev sahibi Rusiyanın enerji daşıyıcılarının yüksək qiymətlərindən istifadə edərək Ukraynaya qarşı müharibəni davam etdirə bildiyi qənaətindədir. Tramp hesab edir ki, enerji daşıyıcılarının qiyməti ucuz olsaydı, Putinin müharibəni davam etdirmək üçün pulu olmayacaqdı. Bunu iddia etmək çətindir. Çünki, indinin özündə də ABŞ-ın və Avropa İttifaqının sanksiyalarına görə Rusiya enerji daşıyıcılarını satmaqda çətinlik çəkir və bu amil Kremlin müharibəni davam etdirməsinə mane olmur.
İrana gəldikdə, Tramp elə etmək istəyir ki, bu ölkə nüvə silahı əldə edə bilməsin. İranın qədim tarixə malik olduğunu deyən və bu ölkədə yaşayanları tərifləyən Tramp Tehranla saziş imkanlarını mümkün hesab edib. Tramp bununla İranla müharibə istəmədiyinə işarə edib. Ancaq onun əsas strateji tərəfdaşı İsrailin baş naziri Benyamin Netanyahu başqa fikirdədir.
Tramp Tayvana görə Çinlə də müharibə istəmir. Çini böyük ambisiyası olan ölkə kimi dəyərləndirən Tramp buna baxmayaraq, Çinin ərazisini böyüməyə imkan verməyəcəyini deyib. Tramp bununla Tayvanın Çinə birləşməsinin əleyhinə olduğuna işarə edib. Maraqlıdır ki, Tramp Çinin ərazisinin böyüməsinin əleyhinə olarkən, öz ölkəsinin tezliklə əhəmiyyətli dərəcədə böyüyə biləcəyini deyib. Ağ Ev sahibi Las Veqasda çıxışı zamanı deyib ki, yaxın gələcəkdə ABŞ əhəmiyyətli dərəcədə böyüyəyəcək. Tramp bunun necə baş verə biləcəyini açıqlamasa da, söhbətin Kanada və Qrenlandiyaya iddiasından getdiyi aşkardır. Tramp dediklərini etməyə çalışarsa, Pekin də Tayvanı ələ keçirmək planını hərəkətə gətirəcək.
Elxan Şahinoğlu
TEREF
Ardını oxu...
Moskva və Tehran Azərbaycan əleyhinə siyasətlərini davam etdirdikcə, rəsmi Bakı hər ikisinin cavabını verməkdən çəkinmir. Bu doğru siyasət olmaqla yanaşı özündə müəyyən risqləri də ehtiva edir. Rəsmi Bakı hər iki qonşusu ilə normal münasibətlərə çalışsa da, bəlli səbəblərdən bu alınmır. Moskva və Tehran ölkəmizlə sözdə tərəfdaşlıqdan danışsalar da, reallıq fərqlidir. İki qonşu ölkə ilə gərginlik hansı həddə qədər davam edəcək? Rusiya və İran Azərbaycana qarşı təsir imkanlarını artıra bilərləmi? Rusiya və İranla münasibətlərdə qeyri-müəyyənlik dövrünə qədəm qoymuşuq. Müstəqilliyimizin ilk illərində Rusiya və İrandakı mərkəzlər ölkəmizin şimal və cənub bölgələrində təxribatçı fəallıqla yadda qalmışdılar. Mərhum dövlət başçısı Heydər Əliyev hakimiyyətə gəldiyi ilk illərdə həmin təxribatların qarşısını ala bildi. Üstündən 30 il keçdikdən sonra Moskva və Tehran yenidən eyni siyasətdən istifadə edə, ölkəmizdə separatçı fəaliyyətləri körükləməyə çalışa bilərlər. Soydaşlarımızın təxribata uymayacaqlarına əmin olmaqla yanaşı düşmənlərimizin pusquda dayandıqlarını da unutmamalıyıq.
Elxan Şahinoğlu
TEREF
 
Ardını oxu...
Dünya böhran içərisindədir. Demokratiyanın və kapitalizmin qüsurları açıq şəkildə büruzə verir. Heç kim əvvəlki qaydada idarə olunmaq istəmir.
İkinci Dünya müharibəsinin nəticəsi olaraq qurulan nizam, müharibələrin qadağan olunması, işğalçılığın yolverilməzliyi qəbul edilmir. Çünki bunlar insan xislətinin əleyhinə qərarlar idi. Min illərdir qandan qidalanan, müharibələrlə formalaşan cəmiyyətlər bu nizamda sonuna qədər yaşaya bilməzdi.
Cənubi Qafqaz müharibələrdən sığortalanmayıb. Ermənistanla Azərbaycan arasında sülhün imzalanacağı da göründüyü kimi baş tutmur. Əksinə, hərbi xərclər rekordlar qırır. Ermənistan şərti sərhəd istiqamətində beton konstruksiyalardan ibarət bunkerlər inşa edir. Sabah müharibə olsa, bu bunkerləri keçmək elə bilirsiniz asan başa gələcək? Deyənlər olacaq ki, tərəflər sülh bağlasın, müharibəyə getməsin, dinc yaşasın. Sizcə, tərəflərə qalsa, sülh müqaviləsi bağlamazdı? Elə regionlar var ki, orada müharibələrə gedilmir, müharibələr o xalqlara doğru gəlir. Bizim region da o tiplilərdəndir.
Bu dəfə diqqət çəkəcəyim məsələ müharibə, ordular yox, mülki müdafiə, mətbuat xidmətlərinin böhran konsepsiyası ilə bağlı olacaq.
Bəli, Azərbaycan ordusu 44 günlük müharibədə qələbə əldə etdi, ardınca antiterror əməliyyatında ölkənin bir nömrəli problemini kökündən həll etdi. Azərbaycan tərəfi qələbədən arxayınlaşmadı. Komando briqadaları yaratdı, bütün sahələrdəki xüsusi təyinatlıların sayını artırdı, yeni silahlar aldı, hətta aviaparkını da yenilədi, Pakistandan JF-17 döyüş təyyarələri ələ etdi. İşi bitmiş hesab etmək olar? Qətiyyən! Güclü ordunun olması hər şeyi həll edir? Əsla! Boşluqlar var? Təəssüf ki, var! İndi isə bunları açaq.
Müharibədən əvvəl mülki müdafiənin təşkil edilməməsi barədə yazmayan qalmamışdı. Yalnız müharibəyə bir müddət qalmış cəbhəyə yaxın ərazilərdə sığınacaqlar qazılmağa başlanıldı. Bu sığınacaqların özü də qüsurlu idi. Yəni standarta qətiyyən uyğun gəlmirdi. Həmin sığınacaqlar insan həyatı xilas etdi? Bəli, bir neçəsinin də şahidi oldum. Primitiv də olsa, yoxa da lənət deyə bilərik.
Rusiya-Ukrayna müharibəsinə baxdıqda, İsrailin HƏMAS, “Hizbullah” və İranla toqquşmalarını izlədikdə raketlər havalanan kimi o raketlərin hansı istiqaməti düşəcəyini onsuzda texnologiya müəyyən edir, ancaq düşüləcəyi istiqamətdə mütləq şəkildə xəbərdarlıqedici siqnallar işə düşür. Həmin ərazilərdə yaşayan insanlar gözləmirlər ki, o raketləri, yaxud dronları hava hücumundan müdafiə sistemləri vuracaq, ya vurmayacaq. İnsanlar dərhal ya əvvəlcədən müəyyən edilmiş sığınacaqlara, ya da özlərinin etibar etdikləri yerlərə girirlər. Beləcə, ən azı, təhlükəsizlik tədbirləri alınmış olur. Ölənlər olmur? Əlbəttə, olur, ancaq bu tədbirlərlə ölüm halı minimuma enir. 44 günlük müharibə vaxtı cəbhəyə yaxın kəndlərdəki insanlar mərminin səsindən bilirdi hara düşəcəyini, yaxud ən azı yerə yatıb yatmamayacağını. Gəncə, Bərdə, Mingəçevir istiqaməti vurulan zaman hansısa siqnal səsi eşidən oldu? Olmayan şeyi necə eşidəsən?
Yadıma gəlir, Bərdəyə raketlər düşəndə maşında idim. Sürücü Zaur Hətəmov partlayış səsinə maşını saxladı, dedi, hava hücumundan müdafiə sistemi raketi vurdu, dedim, səhvin var, raketin paraşütü açıldı, səs onun səsi idi, haranısa cırıq-cırıq edəcək, etdi də. Həyəcan siqnalı verilmiş olsa idi, o dairələrdə o qədər insan olardı? Əsla! Misal üçün Gəncədəki raketin düşdüyü yerdə həyəcan siqnalı verilmiş olsa da, insanlar həlak olacaqdı. Çünki raket birbaşa binaya tuş gəlmişdi.
Əslində, müharibədən çıxarılacaq dərslərdən biri də bu olmalıdır. Təkcə ordudakı yanlışlıqları aradan qaldırmaqla iş bitmiş sayıla bilməz. Mülki müdafiədəki boşluqlar aradan qaldırılmalıdır. Bu yöndə hansı işlərin getdiyini isə bilmirəm. Avropada yaşayan bəzi soydaşlarımız deyir ki, burada insanları gəlib hazırlayırlar, müharibə olsa, hansı ərzaqların alınacağı, dərmanlar tədarük etməli olduqlarını, hansı sığınacaqlara gedəcəyi yöndə məlumatlandırırlar.
Mətbuat xidmətlərinin böhran konsepsiyasına gəldikdə isə sinifdə qalırıq. AZAL təyyarəsinin Rusiya səmasında vurulması ilə bağlı məlum mətbuat konfransı hər kəsin yadındadır. Araşdırsan, hamısının böhran konsepsiyası var, ancaq sahədə böhran zamanı necə davrandıqlarını görəndə aydın olur ki, sadəcə olaraq, sənəd üzərində var. Adam arasına çıxarılacaq səviyyədə deyil. İmişlidə baş vermiş qəzadan sonra məlum hadisələr yaşandı. Daxili İşlər Nazirliyinin mətbuat xidməti isə kifayət qədər peşəkarlıq göstərdi. Videoların yayılmasından tutmuş, hadisə ilə bağlı məlumatların çatdırılmasına qədər. Çeviklik göstərilməsə idi, hesab edirəm, vəziyyət bir qədər də qəlizləşə bilərdi. Ola bilsin, proseslər bağlı irad tutanlar olacaq, ancaq nəzərə alın ki, məsələdə sırf mətbuat xidmətinin fəaliyyətində söhbət açılır. Ancaq mətbuat orqanları, özünü çoxbilmiş, strateq kimi göstərən şəxslər biabırçılıq etdi. Məlum gərginliklə bağlı İranı ittiham etdilər. “İmişli İranla sərhəddədir” cümləsini də elə yazırlar ki, sanki böyük oyunu-zadı pozublar. Bu tip adamlar həmin hadisə Kürdəmirdə, Ucarda, Zərdabda baş versə, yəqin, yadplanetli axtaracaqdılar. Bunun adı qaş düzəldən yerdə vurub göz tökməkdir. Əslində, öz dövlətini kiçik düşürməkdir. O adamların sözündən belə çıxır ki, Azərbaycan dövləti İranla sərhəd bölgələri itirib. Xüsusi xidmət orqanları da fil qulağında yatıb. Bu strateqlərin ipi ilə quyuya düşmək intihara bərabər bir şeydir.
Ya zəlzələdən, ya vəlvələdən son 3-4 ildir ki, cəmiyyət birə-beş aqressivləşib. Bunun səbəbi araşdırılmalı və aqressiyanı aradan qaldırmaq üçün işlər görülməlidir. Yoxsa bu işin sonu yadplanetlilərə qədər gedər…
Səxavət Məmməd
TEREF
 
Ardını oxu...
Ukraynaya 50 minə qədər hərbçi göndərilməsi yenidən gündəmdə - Amma ABŞ-sız riskə getmir

Fransa Prezidenti Emmanuel Makronun Qərb qoşunlarının Ukraynaya göndərilməsi ideyasını ilk dəfə səsləndirməsindən bir il keçməmiş Avropa ölkələri bu məsələni ciddi şəkildə nəzərdən keçirir. Düzdür, söhbət müharibəni dayandırmaq üçün mümkün razılaşmadan sonra sülhməramlı kontingent üçün əsgərlərdən gedir. Yalnız söhbət təxminən 40-50 min hərbçidən gedir. Ukrayna Prezidenti Volodimir Zelenski Davosda Dünya İqtisadi Forumunda “ən azı 200 min" hərbçi zərurətini səsləndirmişdi.

“Financial Times” və “Politico” diplomatlara və müzakirə iştirakçılarına istinadən yazır ki, bütün ölkələr Ukraynaya öz əsgərlərini göndərməyə hazır deyil, lakin bununla bağlı danışıqlar ciddi şəkildə aparılır. Onları ABŞ-da prezident seçkilərində Ukraynadakı müharibəni tez bir zamanda dayandırmağa hazır olduğunu bəyan edən Donald Trampın qələbəsi stimullaşdırıb. Eyni zamanda, Tramp sonrakı təhlükəsizliyi təmin etmək üçün Amerika qoşunlarından istifadə etmək istəmədiyini nümayiş etdirib. Lakin ABŞ-ın dəstəyi olmadan, ən azı logistika və kəşfiyyat sahəsində sülhməramlı missiya qeyri-real görünmür.

Həmçinin missiya müstəqil olmalı və NATO əməliyyatının bir hissəsi olmamalıdır. “Financial Times” yazır ki, bu missiya Cənubi Koreya və ya Kosovodakı əməliyyat modeli əsasında təşkil oluna bilər.

1999-cu ildən Kosovoda ABŞ-ın rəhbərlik etdiyi “sülhməramlı əməliyyat”da iştirak edən KFOR hərbi qruplaşması serb qoşunlarının hərəkətləri nəticəsində itki verib. Amma bu, NATO-nun Serbiya ilə müharibə vəziyyətində olması demək deyil. Oxşar məntiq Ukraynadakı stabilləşdirmə qüvvələrinə də şamil oluna bilər ki, onlar Rusiya qoşunlarının hücumu ilə üzləşəcəklər. Cənubi Koreyaya gəlincə, orada böyük Amerika kontingenti var, lakin döyüşləri Cənubi Koreya qoşunları aparır.

Çərşənbə günü Davosda keçirilən Dünya İqtisadi Forumunda Zelenski avropalıları təhlükəsizlik zəmanətlərini təmin etmək üçün Ukraynaya ən azı 200 min əsgər göndərməyə çağırıb. Bundan sonra “Bloomberg”ə müsahibəsində o, təkcə Avropa qoşunlarının kifayət etməyəcəyini – Amerika qoşunlarına da ehtiyac olduğunu deyib: “Bəzi avropalı dostlar bunun mümkün olduğunu düşünsələr də, bir çoxları mümkün olmadığı qənaətindədirlər. Təbii ki, ABŞ olmadan heç kim hərbi missiya göndərməyə risk etməyəcək”.

Ukraynaya qoşun göndərmək ideyasının gündəmə gəlməsində əsasən Böyük Britaniya ilə Fransa daha aktivlik nümayiş etdirir. Bir müddət əvvəl "Le Monde” mənbəsinə istinadən yazmışdı ki, Böyük Britaniya və Fransa arasında müdafiə sahəsində əməkdaşlıq, xüsusən də Ukrayna və ümumilikdə Avropa təhlükəsizliyinə yönəlmiş Avropada güclü müttəfiqlər qrupunun yaradılması məqsədi ilə danışıqlar davam edir. Öz növbəsində Fransanın xarici işlər naziri Jan-Noel Barro Londona səfəri zamanı, ötən ilin noyabrın 23-də BBC-yə müsahibəsində Qərb müttəfiqlərini Ukraynaya dəstək məsələsində "qırmızı xətlər qoymamağa” çağırmışdı. Fransız qoşunlarının oraya göndərilməsinin mümkünlüyü barədə suala o, belə cavab vermişdi: "Biz heç bir variantı istisna etmirik”.

Xarici ekspertlər bildirirlər ki, London və Parisin Ukraynaya qoşun göndərmək niyyəti Rusiya tərəfindən heç də sakit qarşılanmayacaq. Gözləniləndir ki, Moskva bunun qarşılığını verəcək. Bu isə eskalasiyanın yüksəlməsinə və nəticədə ABŞ-ın ciddi addımlar atmasına gətirib çıxara bilər.

Müəllif: Turan Abdulla
 

Dünyapress TV

Xəbər lenti