Ardını oxu...
Con Bolton: "Rusiyanın hərbi göstəriciləri miskin idi, lakin Tramp Putinin işğal qərarına haqq qazandırır”

Şahin Cəfərli: “Putinin imperialist təxəyyülünün məhsulu olan absurd tələblərin ABŞ tərəfindən qəbul ediləcəyinə mənim böyük şübhəm var”

ABŞ Prezident administrasiyası Avropa İttifaqı (Aİ) müttəfiqlərinə Donald Trampın Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparmaq niyyəti barədə əvvəlcədən xəbərdarlıq etməyib. Məlumatlı mənbə “Bloomberg”ə bildirib ki, iki lider arasındakı danışıqların nəticələri Avropa paytaxtlarında çoxları tərəfindən “xəyanət” kimi qəbul edilib və onlar ABŞ-ın Rusiyaya güzəştə gedəcəyindən qorxmağa başlayıblar. Bir avropalı diplomat “Euracrtiv”ə deyib ki, ABŞ-ın siyasət dəyişikliyi Ukraynanın “qabaqcıl təslim olmasıdır”, digərləri isə “xoşagəlməz dərəcədə təəccübləndiklərini” bildiriblər.

Trampın Putinlə zəngi xəbəri çıxandan dərhal sonra Almaniya, Fransa, Polşa, İtaliya, İspaniya, Böyük Britaniya və Aİ-nin xarici işlər nazirləri birgə bəyanat yayaraq vurğuladılar: “Ukrayna və Avropa istənilən danışıqların bir hissəsi olmalıdır”. Amerikalı müttəfiqlərimizlə növbəti addımları müzakirə etməyi səbirsizliklə gözləyirik. Bizim ümumi məqsədlərimiz Ukraynanı güclü vəziyyətə salmaq olmalıdır”.

Avropa diplomatiyasının rəhbəri Kaja Kallas ayrıca bildirib ki, “Avropa istənilən danışıqlarda mərkəzi rol oynamalıdır”.

“Ukraynanın müstəqilliyi və ərazi bütövlüyü qeyd-şərtsizdir. İndi bizim prioritetimiz Ukraynanı gücləndirmək və etibarlı təhlükəsizlik təminatları vermək olmalıdır”, - Kallas qeyd edib.

Eyni zamanda, “Financial Times”ın mənbələrinə görə, Aİ Trampın Avropadan Ukraynanın bərpası üçün pul ödəməyi və sülh sazişinə əməl olunmasına nəzarət etmək üçün sülhməramlılar yerləşdirməyi tələb edəcəyindən qorxmağa başlayıb.

“Amerikalılar müharibə ilə bağlı mühüm geosiyasi məsələlərin həllində Avropanın rolunu görmürlər. Bu, əsl birlik sınağı olacaq. Tramp bizə pul kimi baxır. Düzünü desəm, bu pulun müqabilində danışıqlar masasındakı yerimizin nə olacağı bizə aydın deyil”, - qəzet mənbələrindən biri bildirib. Onun sözlərinə görə, Aİ ABŞ-ın “atəşkəs haqqında razılığa gəldik, qalanı sizin ixtiyarınızdadır” deməsi ilə kifayətlənməyəcək.

Respublikaçının Ağ Evə qayıtmasından sonra Putinlə Tramp arasında ilk rəsmi telefon danışığı fevralın 12-də baş tutub. Amerika Prezidentinin sözlərinə görə, bu, Rusiya Prezidenti ilə “Ukrayna, Yaxın Şərq, enerji, süni intellekt, dolların gücü və digər müxtəlif mövzuları” müzakirə etdiyi “uzun və çox məhsuldar” dialoq olub.

“Biz həmçinin razılaşdıq ki, komandalarımız dərhal Ukraynadakı müharibəni bitirmək üçün danışıqlara başlasın”, - Tramp bildirib.

Daha sonra jurnalistlərlə söhbəti zamanı o qeyd edib ki, Putin Kiyevlə müvəqqəti atəşkəsə qarşı çıxış edib: “O, indi sülh istəyir. O, bunun bitməsini və altı ay sonra döyüşlərin yenidən başlamasını istəmir”.

Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə də telefon danışığı aparıb və əmin edib ki, Ukrayna lideri “eynən Putin kimi, sülh istəyir”.

Trampın Ukrayna münaqişəsi ilə bağlı yanaşması Avropa ilə yanaşı, Amerikanın özündə də tənqid olunur.

Məsələn, Trampın birinci prezidentliyi dövründə müşaviri olmuş Con Bolton deyib ki, "Trampın Ukraynanın potensial itkiləri, güzəştləri barədə hələ Rusiya ilə danışıqlara başlamazdan əvvəl verdiyi açıqlamalar onun əslində Putinə təslim olması anlamına gəlir: “Rusiyaya Ukraynanın suverenliyinə qəsd etməyə, Şimali Koreya kimi düşmənləri ona döyüşməkdə kömək etmək üçün cəlb etməyə icazə verilməsi, sonra isə Ukraynanın ərazilərinin və təhlükəsizlik zəmanətlərinin, ya da NATO üzvlüyünün itirilməsini qəbul edərək ukraynalıların satılması qəbuledilməzdir”.

Siyasətçinin sözlərinə görə, danışıqlar başlamazdan əvvəl bu və digər güzəştləri etməklə Tramp Ukrayna məsələsində faktiki olaraq Rusiya Prezidenti Vladimir Putinə təslim olub.

Amerika liderinin sabiq müşaviri qeyd edib ki, o, Ukrayna Prezidenti Volodimir Zelenski ilə Putin arasında danışıqlarda Trampın Rusiyaya üstünlük verəcəyi barədə dəfələrlə xəbərdarlıq edib: "Rusiyanın hərbi göstəriciləri miskin idi, lakin Tramp Putinin işğal qərarına haqq qazandırır. ABŞ lideri birmənalı şəkildə Ukraynanı və Kiyevi dəstəkləyən bütün NATO müttəfiqlərini dəstəkləməlidir. Kremlin Ukraynaya qarşı əsassız təcavüzünün uğur qazanmasına imkan vermək bizim milli maraqlarımıza uyğun deyil. Tramp administrasiyası buna görə utanmalıdır".

Azərbaycanlı siyasi şərhçi Şahin Cəfərli isə o qədər də bədbin deyil. Onun sözlərinə görə, Putinlə telefon söhbətinin məzmunu barədə Trampın paylaşımından sonra müharibənin elə bu günlərdə dayandırılacağı, eyni zamanda, Ukraynanın taleyinin Ukraynanın iştirakı olmadan müzakirə və həll ediləcəyi haqda təsəvvür və rəylər yaranıb: “Amma belə deyil. Sadəcə olaraq, Tramp narsist mahiyyətinə uyğun olaraq, hər hansı problemin həllində öz rolunu şişirtməyə və sövdələşmələr əldə etmə sahəsindəki məharətini hər kəsə nümayiş etdirməyə ehtiyac duyan adamdır. Təsadüfi deyil ki, telefon danışıqlarından dərhal sonra Ağ Evdən açıqlama verildi ki, Tramp Putini və Rusiyanı rəqib kimi görür. Tramp hərbi əməliyyatların tezliklə dayandırılmasını, atəşkəsə nail olunmasını istəyir və bu mövqeyini Putinə bir daha çatdırıb. Peskovun dediyinə görə, Putin belə cavab verib ki, “konfliktin ilkin səbəblərini aradan qaldırmaq vacibdir”. Yəni telefon danışığında müharibənin dərhal dayandırılmasına dair razılıq əldə olunmayıb”.

“Əvvəl də demişdim: Putin hesab edir ki, danışıqlar təkcə Ukrayna ilə məhdudlaşmamalıdır, ümumən “problemi doğuran ilkin səbəblər” Rusiya və ABŞ arasında müzakirəyə çıxarılaraq həll olunmalıdır. Rusiya məsələyə bütün Avropada təhlükəsizlik arxitekturasının yenidən qurulmasının zəruriliyi nöqteyi-nəzərindən yanaşır və bu coğrafiyada öz maraqlarının ABŞ tərəfindən tanınmasını, yəni bir növ nüfuz dairələrinin bölüşdürülməsini təklif edir. Moskva bu haqda rəsmi mövqeyini yazılı şəkildə 2021-ci ilin dekabrında ABŞ və NATO-ya təqdim etmişdi. Trampın bu gün elan etdiyi nümayəndə heyəti ilə Rusiya nümayəndə heyətinin görüşündə bütün bu məsələlər müzakirə olunacaq”, - deyə Cəfərli qeyd edib.

Analitik Tramp bu cür müzakirəyə niyə razılıq verdiyinin səbəbinə də toxunub: “Xatırlatmaq lazımdır ki, Bayden də Rusiya ilə bu mövzuda müzakirələrdən imtina etməmişdi. 2022-ci ilin yanvarında Cenevrədə iki ölkə nümayəndə heyətlərinin görüşü keçirilmiş və ABŞ tərəfi Rusiyanın ultimativ tələblərini qəbul etmədiyi üçün nəticəsiz bitmişdi. Ondan əvvəl isə CİA direktoru Berns və dövlət katibinin müavini Nuland Rusiyaya səfərlər etmişdilər. Planlaşdırılan Tramp-Putin görüşündən əvvəl nümayəndə heyətləri arasında danışıqların aparılması Trampın o qədər də sevmədiyi diplomatik praktikaya və dövlət ənənələrinə uyğun davrandığını göstərir. Bu tip danışıqlar diplomatlar tərəfindən hazırlanır, müzakirələrin stenoqramı tutulur və dövlət arxivinə verilir. Yəni bağlı qapılar arxasında çox məxfi şəkildə alverlər aparılıb, hansısa paktlar bağlanmır. ABŞ tərəfdən görüşdə dövlət katibi Rubio, milli təhlükəsizlik müşaviri Uoltz, CİA direktoru Retkliff kimi geosiyasəti, beynəlxalq münasibətləri, o cümlədən Ukrayna müharibəsinin səbəblərini bilən insanlar iştirak edəcək. Putinin imperialist təxəyyülünün məhsulu olan absurd tələblərin ABŞ tərəfindən qəbul ediləcəyinə mənim böyük şübhəm var”.

“Təbii ki, mən Ukrayna üçün hər şeyin yaxşı getdiyini iddia etmirəm. Şübhəsiz ki, Ukrayna bəzi ağrılı güzəştlərə getmək məcburiyyətindədir. O, işğal altındakı ərazilərin qeyri-müəyyən müddətə Rusiyanın nəzarətində qalmasına razı olacaq. Bununla bağlı bir təhlükə də var ki, Tramp Rusiyanı atəşkəsə razı salmaq üçün işğaldakı ərazilərin bir hissəsinin, məsələn, Krım və Donbasın Rusiya ərazisi kimi tanınmasını Zelenskidən tələb edə bilər. Bunu bir ehtimal kimi deyirəm, belə tələb olmaya da bilər. Amma Zelenski və ya hər hansı Ukrayna rəhbərinin ölkə Konstitusiyasına zidd olan belə bir məsələyə razılaşması mümkün deyil. Ukrayna indiki mərhələdə NATO üzvlüyündən də imtina etməli olacaq. Amma unutmaq olmaz ki, Bayden administrasiyası da Ukraynanın NATO üzvlüyünə razı deyildi. Ümumiyyətlə, hazırkı vəziyyətin yaranmasına görə məhz Bayden və demokratlar məsuliyyət daşıyır. Əgər 2014-cü ildəki hadisələrdən sonra NATO-ya üzvlüklə bağlı Ukraynaya tezləşdirilmiş qrafik verilsəydi, yaxud Ukrayna ciddi şəkildə silahlandırılsaydı, Rusiyanın 2022-ci ildəki xain hücumu baş verməyəcəkdi. 2014-cü ildə Krımın işğalı və ilhaqı zamanı da Bayden hakimiyyətdə idi - vitse-prezident qismində”, - deyə politoloq qeyd edib.

“Hazırkı mərhələdə Ukrayna, prinsipcə, atəşkəsə razıdır – bir şərtlə ki, ölkə ərazisinin qalan 81%-lik hissəsinə etibarlı təhlükəsizlik zəmanəti verilsin. Bu halda Ukrayna öz müstəqilliyini, milli dövlətçiliyini qorumuş olacaq: yaxın günlərdə 3-cü ildönümü tamamlanacaq müharibədə təməl hədəf məhz bu idi. Bəs Rusiya qarşıya qoyduğu siyasi məqsədlərə nail olmadan müharibəni dayandırmağa razılıq verəcəkmi? Bunu görəcəyik”, - deyə Cəfərli fikrini yekunlaşdırıb.

Müəllif: Turan Abdulla
ayna.az
 
Ardını oxu...
“Ermənistan sülh danışıqlarını süni şəkildə ləngidir. İrəvanın bu siyasəti nəticəsində sülh müqaviləsinin imzalanmasına hələ də nail olunmayıb”.

Bunu Moderator.az-a açıqlamasında politoloq İlqar Vəlizadə bildirib. Ekspert qeyd edib ki, sülhdən danışan Ermənistanın eyni zamanda sürətlə silahlanması İrəvanın qeyri-səmimiliyindən xəbər verir:

“Paşinyan sülhlə bağlı müxtəlif bəyanatlar, müsahibələr versə də, sülh üçün əməli baxımdan heç bir ciddi addım atmır. Əksinə, biz Ermənistanın silahlanması prosesinə şahid oluruq. Bu fakt bir daha sübut edir ki, Ermənistan hakimiyyətinin sülh haqqındakı bəyanatları riyakarlıqdan başqa bir şey deyil və beynəlxalq ictimaiyyətin aldadılmasına hesablanıb”.
 
Ardını oxu...
Rusiya ilə Azərbaycan arasında gərginliyin sonu necə olacaq deyə düşünən xeyli insan var. Bir barmağını dodaqlarının arasına qoyub, gözlərinə dərin baxış, üzünə düşüncə yükləyib, onlarca proqnoz vermək olar. Ancaq prosesləri diqqətlə izləyənlər çox sadə cavabla da dəqiq proqnoz verə bilər: Rusiya qalacaq bir kənarda, biz bir-birimizi yeyəcəyik, ittiham edəcəyik və söhbət bağlanacaq.
Təyyarənin vurulmasından sonra Azərbaycanla Rusiya arasında gərginlik yaşandı və davam edir. Gərginliyin bu həddə gəlib çıxması və hələ də qarşılıqlı ittihamların səslənməsi onu göstərir ki, təyyarə vurulmasa da, başqa bir səbəbdən bu, baş verəcəkdi.
Əvvəl də yazmışdım ki, heç bir ölkə Rusiyanın yanında sevərək dayanmır, əksinə, təhlükəni sığortalamaq üçün yanındaymış kimi görünür. Azərbaycan da belə olmalıdır. Bundan əlavə, böyük dövlətlərlə dost olmağa gərək yoxdur, onlardan istifadə etməyin yollarını tapmaq lazımdır.
Nə isə, bunlardan çox yazıb, çox danışmışıq, keçək əsas məsələyə: demək, Rusiya mətbuatından, bloqerlərindən, hətta deputatlarından Azərbaycana qarşı ağır ittihamlar səsləndirilir, hətta işğal planları açıqlanır. Azərbaycan da buna müəyyən mənada cavab verir. Proses birdən-birə yenə döndü, dolaşdı özümüzə gəldi. İndiki adla Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev, mədəniyyət naziri Əbülfəz Qarayev, eləcə də ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin rəhbəri Eldar Mahmudovun Rusiyanın adamı olması barədə yazılar ortaya çıxır. Beləcə, proses Rusiyadan daxilə yönəlmiş olur. Ruslar yenə Azərbaycanın. bizimkilər də guya yeni bir şey tapıblarmış kimi Ramizlərin, Eldarların, Əbülfəzlərin qabırğasına döşəyir. Baxırsan, adları çəkilənlərin hamısı da vəzifədən getmişlərdir. Kənardan izləyən də deyər ki, təmizləmə aparılıb, artıq heç bir ölkənin adamı vəzifədə deyil. Gəl, fəxr eləmə də.
Bir anlıq özümü bir rus jurnalistin yerinə qoyuram: girirəm, Ramiz Mehdiyevin, Əbülfəz Qarayevin, Eldar Mahmudovun vəzifədə olduğu müddətlərə baxıram. Onların səlahiyyətlərinə, ölkədə kimlərin onların adamı olması haqqında iddiaları oxuyuram. Bu dəfə barmağımı dodaqlarıma yox, dişlərimin arasında sıxaraq, “ay da” deyirəm. Üzr istəyirəm, burada özümü rus jurnalistin yerinə qoymuşdum axı, “ay da” yox, “ay b…t” deyirəm. Sizcə, belə bir araşdırma edən jurnalist nə edər? Əvvəla, səni ciddiyə almaz. Bəziləri deyir ki, Rusiya bizi niyə ciddiyə almır? Siz Rusiyanın yerinə olsanız, alarsınız? Rus deyəcək ki, adı keçənlər bizim adam olubsa, o ölkədəki məmurların bəlkə də 90 faizinin başına onların sığalı, tumarı dəyib. Niyə o ölkədən narahat olmalıyam?
Yenidən KQB arxivlərinin açılması təklifi edilib. Ciddi müzakirələr gedir. Qoy, açılsın. Soruşmaq ayıb olmasın, o KQB arxivlərində QRU-nun agentlərinin adları da olacaq? Azərbaycan KQB-si yox, Rusiyanın özü qarşısında öhdəlikləri olanların da adları olacaq? Bunlar olmayacaqsa, cəhənnəmə açılsın, gora açılsın. Şəxsən mənə maraqlı deyil. Bu gün kimin əli kimin cibindədir o daha maraqlıdır.
Prosesə diqqət edərkən görünən nədir? Ruslar eyni mövqedə qalıblar, hədəfləri Azərbaycandır, bizimkilər isə hədəfi çeviriblər vəzifədən uzaqlaşdırılmış Rusiyanın adamlarına. Lənət şeytana, soruşacağam ki, indi kim rusun adamıdır, qan düşəcək.
Azərbaycan müstəqillikdən bəri bəlkə də ən ağır təhdid və təhlükə ilə qarşı-qarşıyadır. Rusiya əməli addımlar atır. Məsələn, vətəndaşlığı olmayan azərbaycanlıların incidilməsi barədə dəqiq informasiyalar var. Oturumu olanlar yenidən oturum almaq istəyəndə belə buna icazə verilmir və ölkəni tərk etmələri barədə vaxt verilir. Görünən odur ki, Rusiya “it əl çəkir, motal əl çəkmədi” misalı kimi Azərbaycandan yaxın zamanda əl çəkməyəcək.
Səxavət Məmməd
Ardını oxu...
Rusiya ilə Azərbaycan arasında gərginliyin sonu necə olacaq deyə düşünən xeyli insan var. Bir barmağını dodaqlarının arasına qoyub, gözlərinə dərin baxış, üzünə düşüncə yükləyib, onlarca proqnoz vermək olar. Ancaq prosesləri diqqətlə izləyənlər çox sadə cavabla da dəqiq proqnoz verə bilər: Rusiya qalacaq bir kənarda, biz bir-birimizi yeyəcəyik, ittiham edəcəyik və söhbət bağlanacaq.

Təyyarənin vurulmasından sonra Azərbaycanla Rusiya arasında gərginlik yaşandı və davam edir. Gərginliyin bu həddə gəlib çıxması və hələ də qarşılıqlı ittihamların səslənməsi onu göstərir ki, təyyarə vurulmasa da, başqa bir səbəbdən bu, baş verəcəkdi.

Əvvəl də yazmışdım ki, heç bir ölkə Rusiyanın yanında sevərək dayanmır, əksinə, təhlükəni sığortalamaq üçün yanındaymış kimi görünür. Azərbaycan da belə olmalıdır. Bundan əlavə, böyük dövlətlərlə dost olmağa gərək yoxdur, onlardan istifadə etməyin yollarını tapmaq lazımdır.

Nə isə, bunlardan çox yazıb, çox danışmışıq, keçək əsas məsələyə: demək, Rusiya mətbuatından, bloqerlərindən, hətta deputatlarından Azərbaycana qarşı ağır ittihamlar səsləndirilir, hətta işğal planları açıqlanır. Azərbaycan da buna müəyyən mənada cavab verir. Proses birdən-birə yenə döndü, dolaşdı özümüzə gəldi. İndiki adla Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev, mədəniyyət naziri Əbülfəz Qarayev, eləcə də ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin rəhbəri Eldar Mahmudovun Rusiyanın adamı olması barədə yazılar ortaya çıxır. Beləcə, proses Rusiyadan daxilə yönəlmiş olur. Ruslar yenə Azərbaycanın. bizimkilər də guya yeni bir şey tapıblarmış kimi Ramizlərin, Eldarların, Əbülfəzlərin qabırğasına döşəyir. Baxırsan, adları çəkilənlərin hamısı da vəzifədən getmişlərdir. Kənardan izləyən də deyər ki, təmizləmə aparılıb, artıq heç bir ölkənin adamı vəzifədə deyil. Gəl, fəxr eləmə də.

Bir anlıq özümü bir rus jurnalistin yerinə qoyuram: girirəm, Ramiz Mehdiyevin, Əbülfəz Qarayevin, Eldar Mahmudovun vəzifədə olduğu müddətlərə baxıram. Onların səlahiyyətlərinə, ölkədə kimlərin onların adamı olması haqqında iddiaları oxuyuram. Bu dəfə barmağımı dodaqlarıma yox, dişlərimin arasında sıxaraq, “ay da” deyirəm. Üzr istəyirəm, burada özümü rus jurnalistin yerinə qoymuşdum axı, “ay da” yox, “ay b…t” deyirəm. Sizcə, belə bir araşdırma edən jurnalist nə edər? Əvvəla, səni ciddiyə almaz. Bəziləri deyir ki, Rusiya bizi niyə ciddiyə almır? Siz Rusiyanın yerinə olsanız, alarsınız? Rus deyəcək ki, adı keçənlər bizim adam olubsa, o ölkədəki məmurların bəlkə də 90 faizinin başına onların sığalı, tumarı dəyib. Niyə o ölkədən narahat olmalıyam?

Yenidən KQB arxivlərinin açılması təklifi edilib. Ciddi müzakirələr gedir. Qoy, açılsın. Soruşmaq ayıb olmasın, o KQB arxivlərində QRU-nun agentlərinin adları da olacaq? Azərbaycan KQB-si yox, Rusiyanın özü qarşısında öhdəlikləri olanların da adları olacaq? Bunlar olmayacaqsa, cəhənnəmə açılsın, gora açılsın. Şəxsən mənə maraqlı deyil. Bu gün kimin əli kimin cibindədir o daha maraqlıdır.

Prosesə diqqət edərkən görünən nədir? Ruslar eyni mövqedə qalıblar, hədəfləri Azərbaycandır, bizimkilər isə hədəfi çeviriblər vəzifədən uzaqlaşdırılmış Rusiyanın adamlarına. Lənət şeytana, soruşacağam ki, indi kim rusun adamıdır, qan düşəcək.

Azərbaycan müstəqillikdən bəri bəlkə də ən ağır təhdid və təhlükə ilə qarşı-qarşıyadır. Rusiya əməli addımlar atır. Məsələn, vətəndaşlığı olmayan azərbaycanlıların incidilməsi barədə dəqiq informasiyalar var. Oturumu olanlar yenidən oturum almaq istəyəndə belə buna icazə verilmir və ölkəni tərk etmələri barədə vaxt verilir. Görünən odur ki, Rusiya “it əl çəkir, motal əl çəkmədi” misalı kimi Azərbaycandan yaxın zamanda əl çəkməyəcək.

Səxavət MƏMMƏD
www.yenicag.az
 
Ardını oxu...
Meksika prezidenti Klaudiya Şeynbaum Trampa və amerikalılara müraciət edir:
“Deməli, siz divar tikməyə səs verdiniz.... Bəli, amerikalılar, hətta coğrafiyadan çox məlumatınız olmasa da, çünki sizin üçün Amerika qitə deyil, ölkənizdir, bilmək lazımdır ki, ilk kərpiclər qoyulana qədər o divarın arxasında 7 milyard insan var idi.
Amma siz “insan” terminini bilmədiyiniz üçün biz onlara “istehlakçılar” deyəcəyik. 7 milyard istehlakçı iPhone-larını 42 saatdan az müddətdə Samsung və ya Huawei cihazları ilə əvəz etməyə hazırdır.
Onlar həmçinin Levi's-i Zara və ya Massimo Duti ilə əvəz edə bilərlər.
Altı aydan az müddətdə Ford və ya Chevrolet avtomobillərinin alınmasını asanlıqla dayandırıb, onların istehsal etdiyi avtomobillərdən texniki cəhətdən daha yaxşı olan Toyota, KIA, Mazda, Honda, Hyundai, Volvo, Subaru, Renault və ya BMW ilə əvəz edə bilərik. Bu 7 milyard insan da Direct TV-yə abunə olmağı dayandıra bilər və biz bunu etmək istəmirik, lakin biz Hollivud filmlərinə baxmağı dayandırıb Latın Amerikası və ya Avropa istehsalı olan daha keyfiyyətli, mesaj, kino və məzmuna baxmağa başlaya bilərik.
İnanılmaz səslənə bilər, amma biz Disneydən qaçıb Kankun, Meksika, Kanada və ya Avropadakı Xcaret kurortuna gedə bilərik: Cənubi Amerika, Şərqi Amerika və Avropada başqa gözəl istiqamətlər var.
İnanın və ya inanmayın, hətta Meksikada McDonald's-dan daha yaxşı burgerlər var və onlar daha yaxşı qida tərkibinə malikdirlər.
ABŞ-da piramidaları görən varmı? Misir, Meksika, Peru, Qvatemala, Sudan və digər inanılmaz mədəniyyətlərə malik ölkələrdə piramidalar var.
Qədim və müasir dünyanın möcüzələrini haradan tapacağınızı öyrənin.... Heç biri ABŞ-da yoxdur... Trampa ayıb olsun, bunları alıb satardı!
Biz bilirik ki, təkcə Nike deyil, həm də Adidas var və biz Panam kimi Meksika idman ayaqqabılarını geyinməyə başlaya bilərik. Düşündüyünüzdən daha çox şey bilirik.
Biz bilirik ki, məsələn, 7 milyard istehlakçı öz məhsulunu almasa, işsizlik yaranacaq və iqtisadiyyatları çökəcək, o dərəcədə ki, bu çirkin divarı (irqçilik) yıxmaq üçün bizə yalvaracaqlar.
Biz istəmədik, amma.... Divar istəsən, divar alacaqsan. Hörmətlə. »
Babək Cəfərov
TEREF
 
Ardını oxu...
Azərbaycanda “vurumuş” məmurların səfir göndərilməsi kimi uzun illər davam edən yazılmamış bir “adət-ənənə” var. Polad Bülbüloğlunun Azərbaycanın Rusiyadakı səfiri postundan çıxarılandan sonra Azərbaycan parlamentinin deutatı olması isə belə qənaət yaradır ki, indi də “vurulan” səfirlərin deputat edilməsi kimi yeni “tendensiya” meydana gəlib. Bunun nə dərəcədə “uğurlu” gediş olduğunu P.Bülbüloğlunun deputat olandan sonrakı fəlaiyyət(sizliy)i aydın şəkildə ortaya qoyur...

AZAL təyyarəsinin vurulmasından sonra baş verənlər, Rusiyanın Azərbaycana münasibətdə “həm suçlu, həm güclü” siyasəti, kobud, yekəxana davranışları, üstəgəl də Azərbaycan tərəfinin haqlı tələbləri və Bakıdakı “Rus Evi”-nin bağlanması da daxil olmaqla qanuni addımlarına Kremlə yaxın medianın, təbliğatçıların, politoloqların, deputatların və s. bütün əndazələri aşan reaksiyası biz tərəfdən də adekvat cavab tələb edir. Yaxşı olar ki, hətta vacibdir ki, bu cavabı Rusiyada az-çox tanınan azərbaycanlı siyasət, ədəbiyyat, incəsənət və s . adamları versinlər.

Ancaq Azərbaycana “dil uzadan”, ünvanımıza təhqir və təhdidlər səsləndirən Rusiyanın hakim “Vahid Rusiya” partiyasının tanınmış deputatlarına yalnız bir-iki deputatımız - Azər Badamov, Nizami Səfərov, Rasim Musabəyov və s. cavab verir.

Uzun illər Rusiyada səfir olmuş, hazırda isə Milli Məclisin deputatı adını daşıyan, rus siyasi və mədəni elitasının yaxşı tanıdığı Polad Bülbüloğlunun isə səsi, cınqırı çıxmır.

Hazırda Rusiyada Azərbaycana qarşı açıq düşmənçilik təbliğatı tüğyan edir, ölkə rəhbərliyi rus mediasında təhqir olunur, azərbaycanlıların toplaşdığı obyektlərə polis basqınları həyata keçirilir, Rusiya vətəndaşı olan azərbaycanlılar belə təhqir, təhdid edilir və s. Yeri gəlmişkən, rus təbliğatının hədəf aldığı şəxslər arasında Rusiyada böyük biznesi olan və sabiq səfirimizin dost adlandırdığı azərbaycanlı milyarderlər də var. Amma Bülbüloğlu susur. Niyə? Nə gözləyir? Hansı maraqlarına zərbə dəyəcəyindən, yaxud Moskvada kimin xətrinə dəyməkdən qorxur?
Ardını oxu...
Adama elə gəlir ki, o, hansı ölkənin, xalqın səfiri, sonra isə deputatı olduğunu özü də qarışıq salır və heç cür Vladimir Putinin qarşısında gözləri parıldaya-parıldaya oxuduğu “Podmoskovnıye veçera” mahnısının ab-havasından çıxa bilmir. Ya da Putinin verdiyi və Lavrovun təqdim etdiyi “Aleksandr Nevski” ordenindən utanır...

Təəssüf ki parlament rəhbərliyi, spikerin özü də Azərbaycana qarşı aparılan çirkin kampaniyaya Bülbüloğlu kimilərin susqun reaksiyasına göz yumur...
Polad Bülbüloğlu Moskvada səfir olanda səfirlik qarşısına toplaşan və min əziyyətə, təhqirlərə qatlanaraq çörək qazanan həmyerlilərimizə minnət qoyaraq, “Rusiya sizə çörək verir” demişdi. Hansı ki, Rusiyadan əziyyətsiz-filansız ən böyük “çörək qazananları” da həmvətənlərimiz yaxşı tanıyır. Görünür, bəzilərinin miskin susqunluğu da həmin “çörəyi itirmək” qorxusundan irəli gəlir...

Bir sözlə, Bülbüloğlu necə səfir, diplomat idisə, elə o cür də deputatdır. Nə səfir kimi səfirliyini, nə də deputat kimi deputatlığını görmədik...

Cəlal Məmmədov

“AzPolitika.info”

 

Ardını oxu...
  

Kreml rəsmi Bakı ilə münasibətləri məqsədyönlü şəkildə gərginləşdirməyə çalışır,  yeni təhdid mexanizmləri yaratmğa cəhd göstərir, ancaq Rusiyanın əlində Azərbaycana qarşı təzyiq alətləri qalmayıb... Azərbaycan Rusiyanın həm nəzarətindən, həm də təsir dairəsindən Kreml üçün əlçatmaz məsafəyə qədər uzaqlaşmağa artıq birmənalı şəkildə nail olub, rəsmi Bakı ilə bundan sonra təhdid ritorikasında danışmaq mümkün deyil...

Azərbaycan-Rusiya münasibətləri qəliz məzmun daşıyır. Hətta iki ölkə arasında münasibətlərin son vaxtlar ciddi şəkildə korlanmaqda olduğu da müşahidə edilir. Halbuki, AZAL-a məxcus sərnişin təyyarəsinin Rusiya səmasında “Pantsir” raket sistemi ilə vurulmasına qədər iki ölkənin münasibətləri dinamik inkişaf mərhələsində hesab olunurdu. Hətta 2022-ci ildə Azərbaycan və Rusiya arasında müttəfiqlik fəaliyyəti ilə bağlı sənəddə imzalanmışdı. Və bu, Azərbaycan-Rusiya qarşılıqlı münasibətlərində yaxın gələcəkdə elə bir ciddi problemlərin yaranmayacağı ilə bağlı ehtimallara inandırıcı görüntülər vermişdi.

Ancaq son hadisələr onu göstərir ki, Kreml üçün müttəfiqlik fəaliyyəti ilə bağlı sənədlərin elə bir ciddi önəmi yoxdur. Hətta olsa belə, Kreml belə sazişlərə ən yaxşı halda, Rusiyanın imperialist hədəfləri çərçivəsindən yanaşır. Xüsusilə də, Rusiya öz tərəfdaşlarını özünün geopolitik maraqlarına uyğunlaşdırmağa üstünlük verir. Bu səbəbdən də, Rusiyanın real müttəfiqləri və tərəfdaşları demək olar ki, yoxdur. Və Kreml bütün tərəfdaş ölkələri Rusiyadan uzaqlaşdırmağı çox yaxşı bacarır.

 

Maraqlıdır ki, Azərbaycanla bağlı proseslər də məhz bu sistem üzrə cərəyan edir. Kreml Azərbaycanın sərnişin təyyarəsinin Rusiya səmasında vurulmasına görə rəsmi Bakının üzürxahlıq və təzminat tələb etməsini heç cür həzm etmək istəmir. Halbuki, bu, sivil dünyada beynəlxalq hüquq normalarına uyğun qəbul edilmiş ənənədir. Kreml isə sivil dünyaya hələ də uzaq qaldığından bu ənənəni yaxına buraxmaq istəmir və törətdiyi hərbi cinayətin siyasi məsuliyyətindən yayınmaq üçün çoxsaylı, həm də absurd bəhanələr uydurmağa çalışır. Və nəticədə rəsmi Bakının həm prinsipial mövqeyi, həm də haqlı ittihamları ilə üzləşir.

Bütün bunların qarşılığında Kreml rəsmi Bakı ilə siyasi-diplomatik dialoq əvəzinə Azərbaycana yönəlik təzyiq kampaniyası başlatmağa üstünlük verir. Rusiya KİV-ləri, eləcə də, Kremlə bağlı siyasi dairələr, hətta Dövlət Dumasının bəzi sifarişli deputatları Azərbaycanı açıq şəkildə absurd və məntiqsiz mövzularda ittiham edirlər. Üstəlik, son vaxtlar Kremlə yaxın siyasi dairələrin Azərbaycana münasibətdə təhdid ritorikasını belə, ön plana keçirtdiyi də inkaredilməz reallıqdır. Və bu, o deməkdir ki, Kreml müttəfiqlik fəaliyyəti barədə sənədi artıq unudub, ona görə də Azərbaycan-Rusiya münasibətlərinin daha da gərginləşə biləcəyi qətiyyən istisna deyil.

Məsələ ondadır ki, Kremlin birbaşa nəzarətində olan Rusiya teleqram kanalları, o cümlədən də, “Nezıqar” Rusiya Təhlükəsizlik Şurasında Azərbaycana qarşı təzyiq mexanizmlərinin işə salınması barədə xüsusi planın müzakirəyə çıxarıldığı iddia olunur. Həmin iddialara görə, Kreml bir neçə önəmli faktor üzrə Azərbaycana təzyiq göstərməyə hazırlaşır. Rəsmi Bakıya qarşı atılacaq addımların sırasında Azərbaycana yönəlik iqtisadi təzyiqlərin ola biləcəyi də vurğulanır. Nə qədər qəribə də olsa, Kremldə hesab edirlər ki, Azərbaycanlı miqrantların maliyyə köçürmələri dövlət büdcəsinin təxminən yeddi faizini təşkil edir. Və bu maliyyə köçürmələri qadağan edilərsə, Azərbaycana təzyiq göstərmiş olar.

 

Digər tərəfdən, Kreml Azərbaycanla ərzaq və sənaye mallarının tədarükü üzrə ticarət sazişlərinə də yenidən baxa biləcəyinə eyham vurur. Eyni zamanda, Rusiya Azərbaycanın “Şimal-Cənub” dəhlizindən kənarda saxlana biləcəyini də gündəmə gətirməyə başlayıb. Üstəlik, Kremldə hesab edirlər ki, əgər, Azərbaycan neftinin Novorossiysk boru kəməri ilə tranziti bloklanarsa, ölkəmizin valyuta gəlirlərinə ciddi zərbə vurmaq mümkündür.

Nəhayət, Kreml Azərbaycana qarşı etnosiyasi təzyiqləri də nəzərdən keçirir. Yəni, Rusiya siyasi dairələri Azərbaycanda milli-etnik zəmində yeni problemlərin yaradılmasına cəhd göstərmək niyyətindədir. Halbuki, Kremldə unudurlar ki, Rusiyanın “separatizm layihələri” üzərindən Azərbaycana qarşı təzyiq mexanizmləri uydura biləcəyi dövr artıq çox-çox keçmişdə qalıb. İndi Kreml cəhd eləsə belə, buna nail ola bilməz. Və rəsmi Bakı Kremlin belə oyunlarını boşa çıxartmaq üçün tam şəkildə hazırdır.

Azərbaycana maliyyə köçürmələrini bloklayaraq, rəsmi Bakını çətin vəziyyətə salmaq planı da heç bir nəticə verməyəcək variantdır. Çünki Rusiyadan Azərbaycana illik maliyyə köçürmələri təxminən 500 milyon dollara yaxındır. Üstəlik, bu maliyyə vəsaiti ilə Azərbaycanın dövlət büdcəsinin hər hansı bibaşa bağlantısı yoxdur. Çünki Azərbaycanlı miqrantlar bu maliyyə vəsaitini dövlət büdcəsinə deyil, öz qohum-əqrabalarına göndərirlər. Və bu, o deməkdir ki, Kremldə bəzi məsələləri dəqiq hesablamaq qabiliyyəti ilə bağlı kifayət qədər ciddi problemlər var.

 

Buna misal olaraq, Kremlin Azərbaycana qarşı ticari təzyiqlər niyyətinə düşməsi də göstərir. Belə ki, ticari bloklamalar Azərbaycandan daha çox Rusiyanın özünə sarsıdıcı zərbələr vura bilər. Çünki Rusiyanın ticarət tərəfdaşları hazırda o qədər də çox deyil, Azərbaycan bazarının da itirilməsi Kremlin özünə qarşı bumeranq effekti verə bilər. Kremldə unutmamalıdırlar ki, Azərbaycan Rusiya bazarına alternativ tapmaq potensialına mailkdir. Eyni zamanda, “Şimal-Cənub” dəhlizinin Rusiya üçün taleyüklü xarakter daşıdığı da qətiyyən şübhə doğurmur. Və bu dəhlizdən Azərbaycanın kənarlaşdırılması ilk növbədə Rusiyanı illərlə alternativ marşrutlar axtarışı məcburiyyətində buraxa bilər.

Azərbaycan neftinin Novorossiysk boru kəməri ilə tranzitinin bloklanmasına gəldikdəsə, Kreml bu absurd və mənasız ideyaya hardan gəlib çıxdığını anlamaq olduqca çətindir. Çünki Novorossiysk boru kəməri artıq çoxdan fəaliyyət göstərmir. Yəni, Azərbaycan nefti məhz Bakı-Tiflis-Ceyhan boru kəməri ilə ixrac olunur. Əksinə, Novorossiysk boru kəməri hazırda yalnız Rusiya neftinin Azərbaycan üzərindən dünya bazarlarına çıxarılması üçün faydalı ola bilərdi. Və rəsmi Bakının Qərbin Kremlə qarşı iqtisadi sanksiyalarının qüvvədə olduğu indiki situasiyada riskə gedərək, Rusiyaya belə bir “enerji pəncərəsi” açacağı qətiyyən inandırıcı görünmür.

Belə anlaşılır ki, Kreml rəsmi Bakı ilə münasibətləri gərginləşdirməyə çalışır. Üstəlik, Azərbaycana qarşı təzyiq mexanizmlərinin də yaradılmasına cəhd göstərir. Ancaq əsas problem ondan ibarətdir ki, Kremlin belə mexanizmlərin yaradılması üçün təzyiq alətləri mövcud deyil. Hər halda, Rusiyanın ümid bəslədiyi təzyiq mexanizmləri hazırda ya işlək deyil, ya da effektivliyini artıq çoxdan itirib. Yəni, Kreml nə qədər çalışsa da, rəsmi Bakıya qarşı təzyiq mexanizminə sahib olmaq şansı qazana bilməz. Və bu, o deməkdir ki, Azərbaycan Rusiyanın həm nəzarətindən, həm də təsir dairəsindən Kreml üçün əlçatmaz məsafəyə qədər uzaqlaşmağa artıq birmənalı şəkildə nail olub.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

Ardını oxu...

 
 
 
Ardını oxu...
Cənubi Qafqaz yeni dövr başlanmaq üzrədir. Üstəlik, bu dövrün regionda artıq önəmini itirmiş "erməni faktoru"nun tamamilə gömüldüğü mərhələ olacağı gözlənilir. Çünki Ermənistanın və erməni diasporunun əsas beynəlxalq himayədarı olan Bayden administrasiyası artıq mövcud deyil. Və Ağ Evin bundan sonra uydurma erməni narrativlərinə əhəmiyyət verib, vaxt itirəcəyi qətiyyən inandırıcı görünmür.

Onu da qeyd etmək lazımdır ki, Tramp adminstrasiyasının ABŞ-da hakimiyyətə gəlişi Ermənistan üçün mövcud durumda baş verə biləcək ən uğursuz hadisə idi. Bu baxımdan, Ermənistan siyasi dairələrinin olduqca ciddi sarsıntı keçirərək, xof içində olması qətiyyən təəccüblü deyil. Üstəlik bu xof o qədər güclüdür ki, Ermənistan baş naziri Nukol Paşinyan Tramp adminstrasiyasının Ağ Evə köçməsindən dərhal sonra ABŞ-a səfər etmək məcburiyyətində qaldı. Və erməni baş nazir bu dəvətsiz səfəri dini tədbirlərdə iştirak etmək adı altında pərdələməli oldu.

Əslində isə baş nazir ABŞ-a qeyri-rəsmi kəşfiyyat səfərinə çıxmışdı. Çünki rəsmi İrəvanın və erməni lobbi qurumlarının bütün israrlı cəhdlərinə baxmayaraq, baş nazir Nikol Paşinyana prezident Donald Trampın andiçmə mərasiminə "dəvət" almaq mümkün olmamışdı. Yəni, Tramp adminstrasiyası ABŞ-ın Ermənistana ehtiyacı olmadığını elə bəribaşdan anlatmağa çalışmışdı. Sadəcə, özünü hər kəsə lazım olduğuna inandırmış qüsurlu erməni düşüncə sisteminə bunu qəbul etdirmək o qədər də asan məsələ deyil.

Təbii ki, baş nazir Nikol Paşinyan ABŞ-da olduğu müddətdə Ermənistanın Ağ Evin strateji hədəfləri üçün əvəzolunmaz material olduğunu sübut etməyə çalışdı. Buna baxmayaraq, Prezident Donald Trampdan, eləcə də, Ağ Evin yüksək rütbəli təmsilçilərindən qısamüddətli də olsa, görüş qopa bilmədi. Görüş üçün müraciət etdiyi hər kəsdən imtina cavabı aldı. Ona görə də, erməni baş nazir indi yalnız ABŞ-ın vitse-prezidenti ilə çəkdirməyə nail olduğu fotonu bu kəşfiyyat səfərinin yeganə təskinlik predmeti olaraq, təqdim etmək məcburiyyətində qalıb. Və bu, Ermənistanın necə aciz durumda olduğunu göstərir.

Maraqlıdır ki, erməni baş nazir ABŞ-ın vitse-prezidenti ilə qısamüddətli söhbətdə Ağ Evin prioritetləri sırasında Cənubi Qafqazda sülhün bərqərar olmasının da yer alacağına böyük ümidlər bəslədiyini bildirib. Onun fikrincə, bu, ABŞ-ın Ermənistanı dəstəkləməsi üçün ən effektiv metod olardı. Üstəlik, erməni baş nazir Bayden adminstrasiyasının son günlərində tez-tələsik imzalanan ABŞ-Ermənistan strateji tərəfdaşlıq sazişini də qarşı tərəfə xatırlatmağı unutmayıb. Və bununla da, erməni baş nazir ABŞ-ın himayəsi altına sığınmağa can atdığını biruzə verib.

Ancaq bu kəşfiyyat səfərinin nəticələrində erməni baş naziri məyus edəcək məqamlar hətta onun gözlədiyindən belə, qat-qat çoxdur. Belə ki, ABŞ-ın xarici siyasətini müəyyən edən heç kimin qapısı erməni baş nazirin üzünə açılmayıb. Bəzi məlumatlara görə, elə ABŞ vitse-prezidenti ilə qısamüddətli görüşdə onun gündəmə gətirdiyi mövzulara da laqeyd reaksiya verilib. Yəni, baş nazir Nikol Paşinyan regional sülh mövzusunda daha manipulyasiyalar etməyin mümkün olmayacağını daha yaxşı anlamış oldu.

Məsələ ondadır ki, ABŞ-ın Ermənistandan daha önəmli hədəfləri mövcuddur. Yəni, Ağ Ev ABŞ-ın strateji planları üçün faydasız olan Ermənistanı öz yanında boşuna sağa-sola sürüyüb, vaxt itirmək niyyətində deyil. Deməli, əgər, Paşinyan hakimiyyətinə doğrudan da regional sülh lazımdırsa, onda, Ağ Evin deyil, məhz rəsmi Bakının qapısına gəlməlidir. Rəsmi Bakının yekun sülh sazişinin imzalanması üçün prinsipial xarakter daşıyan şərtləri isə məlumdur və dəyişməz qalmaqdadır. Və rəsmi İrəvan həmin şərtlərin hamısını qeyd-şərtsiz icra edərsə, regional sülhə nail ola bilər.

Belə anlaşılır ki, Paşinyan hakimiyyətinin gündəmə gətirdiyi manipulyativ sülh narrativləri Ağ Evin diqqətini çəkmir. Digər tərəfdən, Ağ Evin diqqətini heç ümumiyyətlə, Ermənistan da çəkmir. Yəni, Ermənistan üçün ABŞ-ın himayəsi altında hərbi-siyasi təxribatlar törətməyə cəhd göstərdiyi dövr artıq sona çatdı. Ağ Evdə ABŞ-Ermənistan strateji tərəfdaşlıq anlaşmasını ciddiyə alacaqlarına indi heç baş nazir Nikol Paşinyan belə, inanmır. Və ABŞ-a son dəvətsiz səfərində o, buna artıq əmin olmağa imkan tapıb.

Digər tərəfdən, ABŞ-da erməni diasporu ilə yaxın təmasları olan bəzi siyasi dairələrin baş nazir Nikol Paşinyana ciddi xəbərdarlıq mesajları çatdırdıqları barədə olduqca önəmli məlumatlar da var. Artıq Qərb media qurumlarına qızdırılmış həmin məlumatlara görə, Tramp adminstrasiyası dönəmində Ermənistan Ağ Evin strateji planlarında ümumiyyətlə, yer almayacaq. Və əsas səbəb ondan ibarətdir ki, Tramp adminstrasiyasının nə Cənubi Qafqaz, nə də qlobal siyasəti üçün Ermənistan yararlı tərəfdaş deyil.

Məsələ ondadır ki, Tramp adminstrasiyası Cənubi Qafqazda əsas strateji tərəfdaşlıq üçün Azərbaycan və Gürcüstan üzərində seçim etməyə üstünlük verir. Çünki bu iki ölkə, xüsusilə də, Azərbaycan ABŞ-ın həm regional, həm də qlobal hədəfləri baxımından, strateji tərəfdaşlıq potensialına malikdir. Ona görə də, ABŞ-ın Cənubi Qafqaz, Xəzəryanı və Orta Asiya regionları üzrə strateji planlarında Azərbaycana xüsusi yer ayrılacağı gözlənilir. Ən azından ona görə ki, Azərbaycan bu üç regionda kifayət qədər həlledici təsir mexanizmlərinə sahib ölkədir. Və Ağ Ev Azərbaycan kimi olduqca dəyərli strateji tərəfdaşlıq potensialına malik dövləti Ermənistan ucbatından itirmək niyyətində deyil.

Belə anlaşılır ki, Ağ Evdə Ermənistanla bağlı müəyyən qərarlar artıq verilib. Ermənistan ABŞ-ın geopolitik planlarında böyük ehtimalla yer almayacaq. Bu isə Ermənistanın ABŞ-ın "himayə çətiri"ndən kənarda qalma təhlükəsi deməkdir. Üstəlik, Ağ Evin Ermənistana münasibətdə gözlənilən dəyişiklik barədə baş nazir Nikol Paşinyana məxfi şəkildə məlumat ötürülüb. Və bu səbəbdən də, Ermənistanın gələcək taleyinin təhlükədə olduğunu artıq anlayan erməni baş nazirin tezliklə sülh sazişi üçün rəsmi Bakının qapısını daha israrla döyməyə başlayacağı qətiyyən istisna deyil.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat"
 
 

 


Ardını oxu...
“İsrail-Fələstin müharibəsi dünyanın şahidi olduğu ənənəvi müharibə və münaqişələrdən mahiyyət etibarı ilə fərqlidir. İsrail - Fələstin müharibəsi həm də ideoloji müharibədir. Yəhudilər müqəddəs kitabları Tövrata əsaslanaraq bu torpaqların onlara guya Tanrı tərəfindən vəd olunmuş ərazi olduğunu iddia edirlər və Qəzzanın onların haqqı olduğunu bildirirlər. Fələstinlilər isə öz ata - baba torpaqlarında beynəlxalq hüquqa əsaslanaraq öz dövlətlərini qurmaq arzusundadırlar”.

Bunu Moderator.az-a açıqlamasında politoloq Bakir Həsənbəyli deyib.
Onun sözlərinə görə, Trampın Qəzzada nəzarəti ələ keçirməsi və fələstinlilərin köçürülməsi iddiası isə bu dünyanın lider problemi yaşamasının əyani göstəricisidir:
“ABŞ prezidentinin seçkiöncəsi verdiyi "münaqişəsiz və müharibəsiz dünya" pribsipinidən nəinki imtinası, hətta özünün Qrenlandiya, Kanada iddiası, Meksika və Çinə iqtisadi müharibə elanı, İsrailə hətta Bayden hökumətinin qadağan etdiyi silahların verilməsi, əlavə 1 milyard dollarlıq silah satışı üçün Konqresə müraciəti, Ukrayna-Rusiya müharibəsi ilə bağlı "1 saatlıq müddət"in 6 aya və ya 100 günə qədər uzadılması məsələləri Trampın təbliğat və təşviqat dönəmindəki vədləri ilə bağlı konkret planını olmadığı qənaətini yaratdı. Konkret Qəzza ilə bağlı məsələlərə gəldikdə isə qəzzalıların Misir və İordaniyaya köçürülməsi təklifi də digər məsələlər kimi konkret konsepsiyaya əsaslanmadığı üçün nə siyasi, nə iqtisadi, nə də hüquqi əsası yoxdur. Tramp Netanyahu ilə birlikdə keçirdiyi mətbuat konfransında səsləndirdiyi bu fikirdən cəmi 24 saat sonra Qəzzanın bərpasının ABŞ maliyyəsi ilə olmayacağını bildirdi. Əvvəla, Misir və İordaniya fələstinlilərin öz ölkələrində məskulaşması ilə bağlı Trampın təklifini dərhal rədd edən bəyanatlar verdilər. Hətta Tramp administrasiyası belə bu məsələdə vahid fikirdə deyillər. O, cümlədən Trampın iqtisadi imkanlarından yararlanmaq istədiyi Səudiyyə Ərəbistanı və Avropa Birliyi ölkələrinin liderləri də bu təklifi beynəlxalq aləmdə qəbul edilməyəcəyi haqqında fikirlərini bildirdilər. HƏMAS-ın isə bu məsələdə prinsipial mövqeyi var - Qəzza qəzzalılarındır. Düzdür bu daha geniş mövzudur. Çünki burada HƏMAS-ın siyasi-iqtisadi və ideoloji maraqları var. Əslində Trampın hərəkətləri bütün hakimiyyəti dönəmində avtoritarizmin çiçəklənməsinə xidmət edən Putin üçün əlverişli mühit yaradır”.
Politoloq əlavə edib ki, Trampın işğal planları Putinə son 3 ildən bəri törətdiyi müharibə cinayətlərinə haqq qazandırmaq imkanı verir:
“Sözsüz ki, bu dünya üçün təhlükəli tendensiyadır. Putinin müharibənin dayandırılmasına münasibəti isə birmənalı deyil. Əvvəla Putin daha çox dondurulmuş münaqişə vəziyyətinə üstünlük verir. Bu vəziyyət zaman-zaman təqyiq imkanları yaradır. Buna Qarabağın 30 ildən çox işğalı dönmində Rusiyanın regiondakı oyunlarını göstərmək olar. Lakin müharibənin davam etməsi də Rusiya üçün keçərli deyil. Çünki Rusiya 15 sanksiya paketinin iqtisadiyyatına vurduğu ziyan konteksdində müharibəyə hər gün 330 milyon dollar vəsait xərcləyir. İqtisadiyyatını hərbi sənaye kompleksi üzərində formalaşdıran Rusiya üçün ən optimal variant atəşkəsin elan olunması, münaqişənin qeyri-müəyyən vaxta qədər dondurulmasıdır. Rusiyanın təkliflərindən biri də işğal etdiyi ərazilərin onun nəzarətində qalmasıdır. Müharibənin dondurulması hərbi və iqtisadi cəhətdən hər iki tərəf üçün məqbul variant hesab olunsa da, lakin bu nə vaxtsa yeni müharibə üçün əsas olacaq. Çünki Rusiya işğal etdiyi ərazilərin ona aid olduğunu iddia edərək öz konstitusiyasına salıb, həmin ərazilər zatən əvvəldən Ukraynanın olduğu üçün onun da ana qanununda öz əksini tapıb. Hüquqi problemin bu formalı həlli yəqin ki, yaxın gələcəkdə mümkün olmayacaq. Nəticə etibarı ilə Rusiya-Ukrayna müharibəsi qeyri-müəyyən müddətə dondurulsa, belə nəticə yenidən növbəti müharibəni tətikləyəcək”.

Mehin Mehmanqızı
 

    
Ardını oxu...
USAİD-in “radikal fanatiklər” tərəfindən idarə edildiyini söyləyən ABŞ prezidenti Trampın həmin təşkilatın mahiyyətini ortaya qoyması onun “maskasının” artıq cırıldığından xəbər verir. Xüsusən də USAID-in internet saytının ləğv edilməsi həmin təşkilatın “son nəfəsinin” kəsilməsi deməkdir. İstənilən halda, fəaliyyəti ancaq “ara qarışdırmaqdan” ibarət olan bir təşkilat üçün bu, məntiqi sonluqdur.
Tamamilə açıq şəkildə İlon Mask tərəfindən USAID-in “cinayətkar təşkilat” adlandırılması və onu ləğv etmək çağırışı birmənalı olaraq yerinə düşdü və əslində, bu, çoxdan gözlənilən idi. “Biz USAID-i ləğv etmək prosesindəyik”, deyən Mask belə çıxır ki, həmin təşkilatının sonunun çatdığını bildirmiş olub. O, bunu əsaslandırıb da. Xüsusən də qeyd edib ki, USAİD-i bərpa etmək mümkün deyil. Deməli, həmin təşkilatın “bəlkə də qaytardılar” kimi bir ümidi belə ola bilməz. “Bu qurdu olan alma deyil, sadəcə, bir qurd dəstəsidir. Alma da artıq yoxdur və ona görə də hər şeyi atmaq lazımdır”, fikirləri də İlon Maska məxsusdur və bu, artıq həmin təşkilatın “atılması”, yəni, sonu deməkdir.
USAID barədə kifayət qədər məlumatlar var, çünki onun fəaliyyəti artıq illərdir ki, çoxlarına bəllidir. Həmin təşkilatın mahiyyət etibarı ilə məhz Amerika xarici kəşfiyyatının bölmələrindən biri olduğu qənaəti də yanlışlıq deyil. Məsələ burasındadır ki, USAİD-in adı gələndə ancaq ölkələrin daxili işlərinə müdaxilə edən bir təşkilat insanların fikrində canlanmış olur. Çünki həmin təşkilatın hansı müdaxilələrlə bir çox ölkələrin işlərinə qarışdığı çoxdan bəllidir. Bəlli olan odur ki, USAİD ancaq dövlət çevrilişləri və məxməri inqilablar həyata keçirmək planlarını reallaşdırmaq niyyətindədir və bir çox ölkələrdə buna nail olub da.
Son iki ildə USAİD məhz 9,5 milyard dolları ancaq müxtəlif ölkələrdə “vətəndaş cəmiyyəti” yaratmaq üçün ayırıb. Ən radikal liberal dəyərləri fəal şəkildə təbliğ edən bir təşkilat olması fonunda həmin vəsaitlərin nəyə görə ayrıldığı aydın olur. Təsadüfi də deyil ki, Tramp onun liderlərini radikal fanatik adlandırıb. İndi həmin radikal fanatiklərin də, onların təşkilatının da sonu çatıb və hər halda, belə bir məntiqi sonluq səbəbsiz deyil. Yəqin ki, müxtəlif ölkələrdə qarışıqlıq yaratmaq, məxməri inqlablar törətmək, dövlət çevrilişləri üçün külli miqdarda vəsaitlərin xərclənməsindən Amerikanın özü belə sonda tamamilə bezib və vəsaitləri radikal məqsədlər naminə “küləyə sovuran” bir təşkilatın sonuna məntiqi şəkildə qərar verilib.
Azərbaycana qarşı USAİD deyilən həmin o sonu çatmış təşkilatın düşmən mövqe sərgilədiyini vətəndaşlarımız çox yaxşı bilirlər. Yaxşı bilirlər ki, həmin təşkilatın sonuncu direktoru Samanta Pauerin ölkəmizə qarşı hərəkətləri düşmənçilikdən başqa bir şey deyildi. Qarabağ xuntasının keçmiş qondarma “dövlət naziri” olan Ruben Vardanyanla USAİD rəhbərinin yaxın təmasları da məlumdur və bu təmasların təfərruatları artıq Azərbaycan üçün qətiyyən “sirli” deyil. Bu təmaslar “qaranlıq məqamlar” olsa da, Ruben Vardanyanın məhz Azərbaycanın istintaq orqanlarına ifadəsi zamanı Pauerin adını çəkməsi ilə bir çox məqamlar daha da aydın olub və tam çılpaqlığı ilə üzə çıxıb.
İstər Samanta Pauer, istərsə də onun rəhbəri olduğu USAİD əslində, öz-özünü məhv etdi. İkili yanaşma, ədalətsiz mövqe sərgiləyən, bir çox dövlətlərin daxili işlərinə müdaxilə edən, burum soxan, qarışıqlıq yaratmaq üçün bütün mümkün vasitələrə əl atan, ən çirkin üsullardan əl çəkməyən bir təşkilatı da, onun haqqı, ədaləti tapdalamaqdan çəkinməyən rəhbərini də sonda belə bir aqibət gözləməli idi. Bir sözlə, bu, tamamilə məntiqi sonluq sayılır. Əvvəla ona görə ki, məhz USAİD-in timsalında hərhansı bir təşkilat haqsızlıq, ədalətsizlik, ikili yanaşma və bir sözlə ikiüzlülük ortaya qoyursa, öz fəaliyyətində simasızlıq nümayiş etdirirsə, həmin təşkilat ilk növbədə öz imicini, öz nüfuzunu ayaqlar altına atmış olur.
Özünü guya hansısa “dəyərlərin qoruyucusu” kimi göstərməyə çalışan və maliyyə yardımları ilə buna nail olacağını zənn edən bir qurum heç də nüfuzlu ola bilməz. Çünki ədalətsizlik, haqsızlıq, ikili yanaşma və ikiüzlülük nümayiş etdirən bir təşkilat dərhal “gözdən düşmüş” olur. Məhz ədalətsizlik, haqsızlıq, beynəlxalq normalara belə məhəl qoyulmaması həmin təşkilat barədə ümumiyyətlə, ciddi bir qurum olmadığı qənaətinə əsas verir.


Altay Əliyev – Şəhid ailələri, əlillər və müharibə veteranlarının müdafiəsi İctimai Birliyinin fəxri üzvü

 

Dünyapress TV

Xəbər lenti