Ardını oxu...
ABŞ Konqresi 2023-ci il üçün hərbi büdcəni razılaşdırıb. Konqresin hərbi büdcəsi Nümayəndələr Palatası ilə Senatın komissiyalarında qızğın müzakirələrdən keçib. ABŞ 2023-cü ildə hərbi məqsədlər üçün 858 milyard dollar xərcləyəcək. Bu astronomik məbləğdir. Misal üçün Amerikanın builki hərbi büdcəsi 778 milyard dolar civarında idi.
Hərbi büdcə imzalanmaq üçün prezident Co Baydenə göndərilib. Ukrayna müharibəsi və Rusiyanı dayandırmaq baxımından Amerikanın gələn il üçün hərbi xərclərinin artırılması nəzərdə tutulub. Hərbi büdcənin 800 milyon dolları Ukraynanın təhlükəsizliyinə xərclənəcək. Əvvəlki büdcədə 500 milyon dollar nəzərdə tutulmuşdu, 300 milyon dollar əlavə edilib. Amerikanın Avropadakı hərbi varlığına 6 milyard dollar ayrılacaq, bu əvvəlki büdcə layihəsindən 2 milyard dollar artıqdır.
Konqress Qərb ölkələrinin Rusiyadan enerji asılılığını azaltmaq, sanksiyaların artırılması və Rusiyanı “böyük iyirmilərdən” çıxarılması yolları üzərində də düşünür. Kreml Konqresin gərginliyi artıran sənədini tənqid edib.
Yeni hərbi büdcəyə görə texnoloji xərclər artırılacaq, yeni təyyarələr və gəmilər üzərində çalışmalar davam edəcək. Yeni nəsil bombardmançı təyyarələr istehsal ediləcək. ABŞ müdafiə naziri Loyd Ostin “B-21 Raider” tipli təyyarə istehsalını tarixi hadisə adlandırıb. Bu təyyarələr dünyanın istənilən nöqtəsinə adi və nüvə başlıqlı raketlər daşımaq imkanına malikdirlər. Digər tərəfdən yeni təyyarələr “Stels” texnologiyası kimi hava hücumundan müdafiə sistemlərinin radarlarına düşmür.
ABŞ hərbi büdcəsinin artımı yalnız Rusiyanın işğalçı siyasəti ilə bağlı deyil. Vaşinqton Çini də durdurmaq istəyir. ABŞ Hind-Sakit okean bölgəsindəki xərclərini 11 milyard 500 milyon dollar civarında planlaşdırıb. Bu həm Çini durdurmaq, həm də Amerikanın bölgədəki müttəfiqlərinə dəstək üçün nəzərdə tutulub. Bu çərçivədə Amerika Tayvanın təhlükəsizliyinin gücləndirilməsi üçün 5 ildə 10 milyard dollar xərcləyəcək.
“Atlas” Araşdırmalar Mərkəzi
Teref.az
 
 
 
Ardını oxu...
İraqın şimalındakı terrorçular türklərə təslim oldular
“Anadolu Agentliyi” xəbər verir ki, Türkiyənin Milli Müdafiə Nazirliyi PKK terror təşkilatının dörd nəfər üzvünün İraqın şimalında Türkiyə hərbçilərini təslim olduqlarını göstərən kadrları paylaşıb.

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalıdakı antiterror əməliyyatlarından birində terrorçular pusquya salınıblar.

Təslim olmaq məcburiyyətində qalan terrorçulardan dörd ədəd AK-47 avtomatı, 10 əl qumbarası, ratsiya və snayper arpacıqları (nişan almaq üçün silahın lüləsinin uc tərəfindəki çıxıntı – red.) aşkar edilib.
Ardını oxu...
“Slovakiya “MiQ-29” qırıcılarını Ukrayna hərbçilərinə verməyə hazırdır. Yaxın vaxtlarda bu məsələni həll etmək üçün Ukrayna nümayəndə heyəti Bratislavaya gələcək”.

“Report” xəbər verir ki, bunu Slovakiyanın xarici işlər naziri Rastislav Kaçer “İnterfaks-Ukrayna”ya müsahibəsində deyib.

Onun sözlərinə görə, qırıcıların verilməsi məsələsi Ukrayna Prezidenti Volodimir Zelenski ilə ətraflı müzakirə olunub.

“Müdafiə naziri prezidentə bunu necə edə biləcəyimizi izah etdi. Düşünürəm ki, yaxın həftələrdə Ukrayna nümayəndə heyəti Slovakiyaya gələcək və amerikalı dostlarımızla birlikdə bunun reallaşması üçün çalışacağıq”, - nazir bildirib.

O qeyd edib ki, dekabrın 7-də Slovakiya həmçinin adıçəkilən qırıcılar üçün bir neçə min raketin tədarükü məsələsini də təsdiqləyib.
Ardını oxu...
Türk Ordusu Misirdən Türkiyəyə, oradan da Yunanıstana keçmək istəyən 3 terrorçunu qandallayıb.

Bu barədə Türkiyə Silahlı Qüvvələri məlumat yayıb.

Bildirilir ki, terrorçulardan 2-si PKK terror qruplaşmasının, digəri isə FETÖ-nün üzvüdür.
 
Ardını oxu...
Naxçıvanda hərbi xidmət keçən bir qrup zabit və MAXE “Gündəlik Naxçıvan” vasitəsi ilə ictimaiyyətə və DTX əməkdaşlarına müraciət ünvanlayıb.

Bu müraciət vasitəsi ilə hərbçilər, ictimaiyyəti Naxçıvan Əlahiddə Ümumqoşun Ordusundakı korrupsiya, rüşvət və özbaşınalıq halları ilə məlumatlandırmaq istəyirlər. Onlar həmçinin DTX-dan bu orduda yoxlamalara başlayıb, baş verən qanunsuzluqlara son qoymalarını xahiş edirlər:

“Biz, Naxçıvanda hərbi xidmət edən zabitlər və digər rütbəli hərbi qulluqçular Azərbaycanı canımız qədər sevirik və vətən uğrunda canımızdan keçməyə hazırıq. Bunu, bizim 2-ci Qarabağ Müharibəsindəki iştirakımız da göstərdi. Lakin, Əlahiddə Ümumqoşun Ordusunun komandanı general-polkovnik Kərəm Mustafayev bizimlə bir hərbçi kimi yox, öz şəxsi mülkiyyəti kimi davranır, bütün hüquqlarımız tapdayır, maaşımızı kəsir, bizim qul kimi işlədilməmizə şərait yaradır. Naxçıvanda aparılan bütün söküntü və park tikintisi işlərini biz hərbçilərə gördürüb, büdcədən ayrılan milyonları mənimsəyirlər. Bunun üçün zabit, MAXE və əsgərlərdən qanunsuz olaraq, xüsusi briqadaları yaradılıb. Hər gün yüzlərlə hərbçi mülki formada tikintilərdı qul kimi işlədilir. Onların gördüyü iş mülki şəxslərin adına sənədləşdirilir və bu maaşlar mənimsənilir. Bu işlərə generalın qardaşı Nemət Mustafayev rəhbərlik edir.

Kərəm Mustafayev bütün ordu heyətini heç bir hərbi rütbəsi və savadı olmayan, tərbiyəsiz hərəkətləri ilə tanınan qardaşı Nemətin tabeliyinə verib. Nemət Mustafayev orduda qeyri-rəsmi olaraq, ikinci sözükeçən adamdır. Rütbə və vəzifəsindən asılı olmayaraq, bütün hərbçilər onun qarşısında farağat dayanmağa, ona itaət etməyə məcbur edilir. Nemət Mustafayev istədiyi vaxt hərbi hissələrə girir, ona tabe olmaq istəməyən yüksək rütbəli zabitləri tərbiyəsiz sözlərlə söyür, təhqir edir, üzünə tüpürür, döyür, həbs etdirir, bizim hərbçi qürurumuz tapdalayır. Bu cür ağlasığmaz özbaşınalığa şərait yaradan komandan Kərəm Mustafayevdir. Axı, biz qalib ordunun əsgərləriyik. Bizimlə bu cür davranmaq ordumuzun adına ləkədir.

Bundan əlavə orduda aşağıdakı rüşvət və korrupsiya halları mövcuddur:

– Hərbi hissələrdəki bütün texnikalar hərbçilərin öz hesabına təmir edilir. Bunun üçün büdcədən ayrılan milyonlarla manat isə mənimsənilir. Hərbi hissələrə Bakıdan verilən ehtiyat hissələr Nemət Mustafayev vasitəsi ilə bazarlara çıxarılır. Tabeliyində olan texnikası xarab olan hərbçilərdən tələb olunur ki, həmin hissələri öz pullarıyla alıb, texnikanı təmir etdirsinlər. Buna maddi imkanı çatmayan hərbçilər kredit götürməyə məcbur olurlar.

– Hərbi şəhərciklərdəki evlər rüşvətlə satılır, kirayə pulları isə mənimsənilir.

– Məzuniyyət pulları mənimsənilir.

Siyahını uzatmaq da olar. Ordumuzun hərbi sirrini yaymamaq üçün, bir çox ciddi korrupsiya və rüşvət hallarını qeyd etmək istəmirik. Əgər araşdırılma başlayarsa, hər şeyi danışmağa hazırıq.

Az qala hər bir hərbçi yuxarıda sadaladığımız və sadalamadığımız özbaşınalıqlara dözməyərək, intihar edir. Onların ailələri təhdid altında susmağa məcbur edildiyindən, bu intiharlar ört-basdır edilir. Biz ümid edirik ki, hazırda Naxçıvanda yoxlama aparan DTX, Əlahiddə Ümumqoşun Ordusundakı bu özbaşınalıqlar da araşdıracaq, cavabdeh şəxslər layiqli cəzasını alacaq, bu ləkə Azərbaycan ordusunun üzərindən götürüləcək”.
 
Ardını oxu...
“Ermənistan bizim KTMT üzrə müttəfiqimiz və Transqafqazda əsas strateji tərəfdaşımızdır. Biz regionda sabitliyin qorunub saxlanmasında son dərəcə maraqlıyıq və bunun üçün əlimizdən gələni edirik. Biz ikitərəfli əməkdaşlığın inkişafına və Ermənistan Silahlı Qüvvələrinin potensialının artırılmasına yardıma xüsusi əhəmiyyət veririk”.

Bu sözləri Rusiya müdafiə naziri Sergey Şoyqu Ermənistanın müdafiə naziri Suren Papikyanla görüşdə deyib.

Bəyanatda yeni bir məsələ yoxdur, Rusiya və Ermənistan hərbi-siyasi müttəfiq olaraq qalmaqda davam edirlər. Rusiya 44 günlük müharibədə hərbi potensialının üçdə ikisini itirmiş Ermənistan ordusuna nə qədər dəstək olmaq iqtidarındadır, bu, başqa müzakirənin mövzusudur. Çünki Ukraynaya qarşı işğalçı müharibədə böyük itkilər vermis rus ordusunun özü ciddi şəkildə silah-sursat çatışmazlığından əziyyət çəkir. Media dəfələrlə yazıb ki, Ukraynada məhv edilən arsenalın yerini doldurmaq üçün postsovet ölkələrindəki hərbi bazalardan texnika, raketlər və hərbçilər daşınır. Məsələn, Tacikistandakı hərbi bazanın böyük bir hissəsi Ukraynaya göndərilib.

Amma Ermənistana Şoyqunun ifadə etdiyi dəstək Moskvanın regiondakı 44 günlük müharibədən əvvəlki hərbi-siyasi balansı qoruyub saxlamaq niyyətində olduğunu göstərir. Ermənistan ordusunun modernizasiyası üçün Gümrüdəki hərbi bazanın imkanlarından istifadə edilə bilər. Habelə Rusiyadan cəlb olunmuş ucuz kreditlər hesabına digər “müttəfiq ölkələrin” hərbi sənaye kompleksinin müştəriləri sırasında durması da gözləniləndir. Bugünlərdə Ermənistan Təhlükəsizlik Şurasının katibi Qriqoryan bəyan etmişdi ki, ordunun hərbi gücünü bərpa etmək üçün silah bazarları axtarılır.

Bu kontekstdə İran Ermənistanı dirçəldib Azərbaycanla güc balansını bərpa etməsində ən maraqlı ölkədir. Artıq media da bu barədə yazıb: İran artilleriya, pilotsuz uçuş aparatları, habelə orta mənzilli raketləri Ermənistana ötürə bilər. Bu barədə iki ölkə arasında məxfi danışıqların aparılması da məlumdur.

İran habelə Ermənistana silah tranzitində də mühüm rol oynaya bilər. Məsələn, Hindistandan alınmış haubitsaların, 120 millimetrlik topların və başqa avadanlıqların Ermənistana məhz İran vasitəsi ilə çatdırılması barədə xəbərlər var.

Ermənistanın hərbi imkanlarını gücləndirmək iqtidarında olan və buna çalışan daha bir ölkə Fransadır. Bu sahədə Makron hakimiyyətini ancaq İran rəhbərliyi ilə müqayisə etmək olar. Rəsmi Paris açıq şəkildə Ermənistana siyasi dəstək verir və fransız siyasətçilər İrəvanın 44 günlük müharibədə dağılmış hərbi potensialının bərpasına çalışdıqlarını gizlətmirlər. Ötən ay xarici media Fransa silah sənayesi məhsullarının Şərqi Avropa ölkələri limanları vasitəsi ilə Ermənistana daşınmaq planları barədə yazmışdı. Belə ki, müasir silah sistemləri, artilleriya vasitələri, gecə döyüşləri üçün xüsusi cihazların Rumıniya limanından Gürcüstanın Batum limanına, oradan Ermənistana çatdırılması planları qeyd olunmuşdu. Azərbaycan rəhbərliyinin bu tədarükün əngəllənməsi üçün əlindəki təzyiq mexanizmlərini işə salması da yazılan informasiyalar sırasında yer almışdı.

Fransa təkcə öz hərbi təyinatlı məhsullarını deyil, həmçinin böyük maliyyə vəsaitləri ayırmaqla üçüncü ölkələrdə istehsal olunmuş döyüş vasitələrinın alınmasını da təşkil edə bilər.

Bundan başqa Ermənistan ordusunun yenidən komplektləşdirilməsi işində də fransız hərbi təlimatçılarının xüsusi rol oynadığı haqda məlumatlar var. Ola bilsin, rusiyalı nazir S.Şoyqunu narahat edən məqamlardan biri də bununla bağlıdır. Hər halda Rusiya Ermənistan hərbiyyəsinin fransızların nəzarətinə keçməsində maraqlı deyil.

44 günlük müharibədən sonra uzun müddət davam etmiş daxili siyasi böhranı sabitləşdirməyə nail olan Paşinyan hökumətinin əsas qayğısı hərbi itkilərin yerini doldurmaqdır. Hökumət bəyan edib ki, peşəkar ordu sisteminə keçməyə hazırlaşır.

Qeyd olunduğu kimi, bu işdə azı Ermənistan hökuməti qədər maraqlı ölkələr var. Ona görə də Azərbaycan Silahlı Qüvvələrində aparılan islahatlar, Türkiyə ordu modelinə keçid sürətləndirilməlidir. Ermənistan nə qədər zəif olsa da, onun Azərbaycana qarşı düşmən mövqedə dayanan tərəfdaşları var və bu amil güc faktorunu daim hazır vəziyyətdə saxlamağı diqtə edir.

Rasim Əliyev

“AzPolitika.info”
 
Ardını oxu...
ABŞ iddia edir ki, İranın Ukraynada müharibə aparmaq üçün Rusiyaya silah satışı müqabilində Moskva Tehrana görünməmiş səviyyədə hərbi-texniki dəstək verir.

Məlumata görə, bu barədə ABŞ prezidenti Co Baydenin administrasiyasındakı mənbə bildirib.

İddia olunur ki, Rusiya İrana qabaqcıl hərbi texnika və komponentlər, xüsusilə helikopterlər və hava hücumundan müdafiə sistemləri verə bilər.

2022-ci ilin yazında iranlı pilotlar Rusiyada Su-35 qırıcı təyyarəsini idarə etmək üçün təlim keçiblər ki, bu da ABŞ rəsmilərinin fikrincə,
Bayden administrasiyası həmçinin hesab edir ki, Rusiya İranla silahların hazırlanmasında, xüsusən də Rusiya ərazisində dronların birgə istehsal xəttinin yaradılması kontekstində əməkdaşlığa can atır.

“Bu tərəfdaşlıq təkcə Ukrayna üçün deyil, həm də İranın regiondakı qonşuları üçün təhlükə yaradır. Biz bu məlumatı Yaxın Şərqdəki və dünyadakı tərəfdaşlarımızla paylaşmışıq”, - adının çəkilməsini istəməyən ABŞ rəsmisi deyib.

Tehran və Moskva arasındakı tərəfdaşlığa qarşı çıxmaq üçün ABŞ “İran-Rusiya hərbi əməkdaşlığını müzakirə etmək üçün həmfikir ölkələrin müəyyən qrupunu bir araya gətirmək variantlarını nəzərdən keçirir” və Rusiya ilə İranın arasında texnikanın, həmçinin maddi vəsaitlərin transferinə mane olmaq məqsədilə digər ölkələrlə işləyir.

“Biz İrana məxsus pilotsuz təyyarələrin Ukraynada istifadə üçün Rusiyaya təhvil verilməsində iştirak edən qurumlara qarşı sanksiyalar tətbiq edirik. İranın həssas texnologiyaya çıxışını məhdudlaşdırmaq üçün ixrac nəzarəti ilə bağlı atacağımız əlavə addımları qiymətləndiririk”, - mənbə əlavə edib. (Mənbə: eurointegration.com.ua)
 
Ardını oxu...
Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə müharibədə xidmət edən əsgərlərə "Qızıl Ulduz" medalı verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, prezident medalları Kreml sarayında keçirilən mərasimdə təqdim edib.

Putin xüsusi hərbi əməliyyatda iştirak edənlərlə fəxr etdiyini deyib:

“Ölkəmiz dəfələrlə ağır sınaqlarla üzləşib. Rusiyanın zəfərlərlə dolu böyük tarixi var. Xüsusi hərbi əməliyyatda iştirak edənlər döyüş vəzifələrini şərəflə yerinə yetirir”.
 
Ardını oxu...
Ukraynalı hərbi pilot Vadim Voroşilov Vinnitsa vilayəti üzərində İran istehsalı olan “Şahid” pilotsuz uçan aparatını (PUA) zərərsizləşdirdiyinə görə “Ukrayna qəhrəmanı” adına və “Qızıl ulduz” medalına layiq görülüb.

Ukrayna Prezidenti Volodimir Zelenski bununla bağlı sərəncam imzalayıb.

Vadim Voroşilov oktyabrın 12-də düşmənin “Şahid-136” kamikadze-dronunu məhv etmək üçün döyüş tapşırığını yerinə yetirib və onlardan beşini məhv etməyi bacarıb. Müəyyən bir nöqtədə, texniki səbəblərə görə, Voroşilov təyyarəyə nəzarəti itirib, lakin onu şəhərdən uzaqlaşdırmaq üçün mümkün olan hər şeyi etdikdən sonra katapult edib və sağ qalıb.

Hərbçi dekabrın 6-da, Ukrayna Silahlı Qüvvələri Günündə “Instagram” səhifəsində katapult etdikdən sonrakı görüntüsünü paylaşıb.
Ardını oxu...
Mənbə: Zn.ua
 
 

 



Ardını oxu...
Rusiya sülhməramlıları Azərbaycanın media nümayəndələrinin (İTV, "Real" TV, APA) Xocalıya keçməsinə, ölkə ərazisində peşə fəaliyyəti borcunu yerinə yetirməsinə maneə törədiblər. Azərbaycanlı jurnalistlər doğma ərazilərimizə buraxılmayıb. Nəticədə jurnalistlərlə sülhməramlılar arasında mübahisə yaşanıb. Jurnalistlər onlara nə qədər izah etməyə çalışsalar da, Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovdan göstəriş almış hərbçilər həmkarlarımızı Xocalıya buraxmaq istəməyib.

Məsələ burasındadır ki, Azərbaycanın mütəxəssislərindən ibarət qrup Qarabağda Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi ərazilərdə ekoloji monitorinqlərinin aparılması üzrə danışıqların ikinci mərhələsinin keçirilməsini planlaşdırır. Bununla bağlı nümayəndə heyəti Xocalı rayonuna yola düşüb. Lakin Rusiya sülhməramlıları nümayəndələri müşayiət edən jurnalistlərimizi buraxmayıblar. Rusların bu hərəkəti ölkə ictimaiyyəti tərəfindən kəskin etirazla qarşılanıb və sərt şəkildə qınanılıb. Xüsusən, mətbuat nümayəndələri və ekspertlər sosial şəbəkədə öz mövqelərini paylaşaraq jurnalistlərə dəstək ifadə ediblər.

"Cümhuriyət" qəzeti və "cebhe.info" xəbər portalının rəhbəri Rəfael Becanov deyib ki, İctimai Televiziyanın jurnalist qrupunun Xocalıya buraxılmaması ərazi bütünlüyümüzə qarşı qəsddir. Onun sözlərinə görə, jurnalist kifayət qədər intellektual, hüquqi formada izah və bir az da riskli formada hərəkət edib:

"Amma onlar başa düşmək istəmədilər, inadlarından dönmədilər. Bir azərbaycanlının vətəndaşlıq, bir jurnalistin informasiya əldə etmək və yaymaq hüququnu pozdular. Sülhməramlılar İTV-nin jurnalistini oraya buraxmamağa yox, onun təhlükəsizliyini təmin etməyə borclu idi. Bizim ölkəmizdə hara və necə getmək hüququmuz konstitusiya ilə təsbit olunur. Hətta günü sabah gedib Xocalıda, Xankəndidə yaşaya da bilərik. Rus sülhməramlıları bizim orada təhlükəsizliyimizi təmin etməyə, hər hansı hücuma məruz qalmamağımıza cavabdehdir. Amma əksini yaşayırıq. Heç qonaq, jurnalist, turist kimi belə bizi oraya buraxmırlar. İrandan gələn təxribatçılar isə Xankəndiyə gedirlər. Onlara qanunsuz erməni hərbi birləşmələrinə təlim keçmək üçün şərait yaradılır. O birləşmələr ki, 10 noyabr bəyanatına görə, sülhməramlılar əraziyə gəldikdə ilk işləri onları tərksilah etmək olmalıydı. İndi bunlar sülhmərmalıdırlarmı?".

Baş redaktor vurğulayıb ki, ilk gündən deyirik ki, sülhməramlılar özlərini təyinatlarına görə yox, Xankəndi və ətrafında Rusiyanın zorla yerləşdirdiyi ermənilərin qəyyumu, himayəçisi kimi aparırlar:

"44 günlük müharibə zamanı nəinki ətrafda, heç Xankəndidə belə erməni yox idi. Qorxularından qaçıb getmişdilər, zorla qaytardılar. İndi də onların himayəçisi, təminatçısı rolundadırlar. Faktdır ki, rus sülhməramlıları ermənilərdən daha çox təxribat törədirlər. Azərbaycan Ordusunun Azərbaycan-Ermənistan sərhədindən kənarda dislokasiya olduğu əraziləri də atəşə tutmaqda qanunsuz erməni hərbi birləşmələrinə onlar dəstək verir. Bu gün baş verən kuliminasiyadır. Sülhməramlılar sülh yaratmaq deyil, ermənilərin maraqlarının təminatçısı funksiyasındadırlar. Real vəziyyət odur ki, sülhməramlılar öz işlərini görmür".

Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət deyib ki, Rusiya sülhməramlılarının Azərbaycan jurnalistlərini Azərbaycan torpağında əngəlləməsi artıq yeni bir yanaşma zərurətini ortaya çıxarıb:

"Bundan sonrakı mərhələdə bu məsələ masada müzakirə edilməli, sülhməramlılara şərt qoyulmalı və yalnız indi deyil, istənilən vaxt jurnalistlərimizin onların müvəqqəti nəzarəti altında olan torpaqlara getməsi üçün şərait yaradılmalıdır. Birmənalı olaraq bəllidir ki, Xankəndi başda olmaqla o torpaqlar Azərbaycanındır. Belə olan halda Azərbaycan media təmsilçilərinin ölkənin başqa ərazilərində olduğu kimi o yerlərdə də sərbəst hərəkəti təmin edilməlidir. Əlbəttə, risklər nəzərə alınmaqla bu işi sülhməramlılarla koordinasiya etmək şərti ilə. Necə olur ki, xarici ölkə vətəndaşları – Ermənistan əhalisi Qarabağın rusların nəzarətindəki kəsiminə rahat gəlib-gedə bilir, biz Azərbaycan vətəndaşları bunu edə bilmərik? Məntiq hardadır burda? Ona görə də məsələni hər şeydən öncə İdarə Heyətinin üzvü olduğum Mətbuat Şurası vasitəsilə müzakirəyə təklif edirəm".

Tanınmış jurnalist Elşad Paşasoy bildirib ki, Azərbaycan jurnalistlərini Xocalıya buraxmayan Volkov həddini aşıb:

"Media qurumlarımız, aidiyyəti orqanlarımız Rusiya kontingentinin özbaşınalığı ilə əlaqədar izahat istəməli, bu hallara son qoyulmasını tələb etməlidir. İnanırıq ki, bu baş verəcək. Xocalı bizim həssas nöqtəmizdir. Biz oranın donuz fermasına çevrilməsinə imkan verməyəcəyik! Volskinin xələfi Volkov və dəstəsi söz və mətbuat azadlığını, peşə fəaliyyətini məhdudlaşdırmaq üçün gəlməyib!".

Jurnalist Məhəmməd Türkmən qeyd edib ki, "sülhməramlı" Qarabağa girəndə də, dünən də, bu gün də belə idi:

"Elə bil etirazlara gec başlamışıq. Amma yenə də doğru addımdır. Jurnalistlərin sülhməramlılarla söz davası "proses başlayıb" mesajı verir. Gözdən salmaq, lazımsız olduqlarını göstərmək, vaxtından tez yola salmaq üçün proses sürətlə davam etməlidir".

"Azxeber.com" saytının baş direktoru Əfsələddin Ağalarov vurğulayıb ki, İTV və REAL TV müxbirlərinin Xocalıda və Xankəndidə göstərdikləri cəsarət örnəkdir:

"Burada fəaliyyət göstərən bütün həmkarlarımıza təşəkkür düşür. Bu görüntülər həm də illərdir ölkəmizdə gənc beyinlərə "Jurnalistin Vətəni, dili, dini, milliyəti yoxdur" kimi zəhər ifraz edən Sorosçuların dişlərinin sökülməsi effektini verdi. Azərbaycan jurnalisti təpədən dırnağa kimi milli kimliyi ilə bütövləşməli, dilini, həqiqətini peşə fəaliyyəti ilə hayqırmalıdır. Çünki bu bölgədə ideoloji savaş heç bir zaman durmayacaq. Bizim başqa yolumuz yoxdur! Bunun əksi faciədir, itkidir, milli ideologiyanın məhv etmək istəyən qüvvələrin çörəklərinə sürtülən yağdır!".

"Editor.az" saytının baş redaktoru Fərid Şahbazlı da deyib ki, Azərbaycan jurnalistlərinin Xocalıya daxil olmaq üçün rus sülhməramlılarına göstərdiyi cəsarət və prinsipiallıq alqışalayiqdir:

"Jurnalistlərimiz prosesdə sanki qələmlərini silaha çevirərək böyük qətiyyətlə əli avtomatlı rus əsgərlərinə Xankəndiyə, Xocalıya mütləq qayıdacağımızın mesajını verdilər".

Hərbi ekspert Ədalət Verdiyev də bildirib ki, rus sülhməramsızlarının nəzarət-buraxılış məntəqəsində Azərbaycan jurnalistlərini buraxmayan və "idite obratno" deyən hərbi geyimli şəxs böyük ehtimalla ermənidir: "Onun üzünü gizlətməsi üçün maskadan istifadə etməsi bu ehtimalı gücləndirir. Həmin hərbçinin geyim forması və fərqlənmə nişanları da rus kontingentin geyim forması və fərqlənmə nişanlarından fərqlənir. Hesab edirəm ki, bu və digər təxribatçı fəaliyyətlərin hesabı erməniməramlı general Volkovdan mütləq və ən qısa zamanda soruşulmalıdır".

Siyasi şərhçi Tural İsmayılov isə fikirlərini belə ifadə edib:

"İctimai TV-nin müxbiri rus sülhməramlılarına əsl kişilik dərsi keçdi. Həmçinin Real TV-dən dostumuz Kamran Qasımov sülhməramlıların qanunsuz müdaxiləsi ilə üzləşdi. Sual ritorikdir, necə olur ki, İran vətəndaşları Xankəndiyə gedə bilir, amma Azərbaycan jurnalistləri öz ərazilərimizə daxil ola bilməz? Heç bir beynəlxalq mandatı olmayan rus sülhməramlılarının ömrünə çox qalmayıb. Nitsşe olmaq lazım deyil, proses ancaq Rusiyanın ziyanına işləyir. Dəyişməsələr, bizim daha kəskin mövqelərimizi görəcəklər!".

Dünyapress TV

Xəbər lenti