Ardını oxu...
Dövlət Əmək Müfəttişliyi Xidməti tenderlərdə fəal iştirak edən “Şəms-95” MMC-nin direktoru Qasım Qasımovu cərimələyib.

Qaynarinfo-nun məlumatına görə, Qasım Qasımova İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə cərimə yazılıb.

Bu maddə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlıdır. Beləliklə, ittihamdan aydın olur ki, Qasım Qasımov Əmək Məcəlləsini pozub. O, müqaviləsiz işçilər çalışdırıb.

Bu inzibati xətaya görə fiziki şəxslərin 1000 manatdan 2000 manatadək məbləğdə, vəzifəli şəxslərin 3000 manatdan 5000 manatadək məbləğdə, hüquqi şəxslərin isə 20 000 manatdan 25 000 manatadək məbləğdə cərimə nəzərdə tutulur.

Qasım Qasımov dövlət xidmətinin qərarı ilə razılaşmayıb. O, qərardan məhkəməyə şikayət ərizəsi ilə müraciət edib. Şirkət rəhbərinin şikayətinə Xətai Rayon Məhkəməsində baxılacaq. Sülhanə Hacıyeva iş üzrə hakim təyin edilib.

Qasım Qasımovun rəhbəri olduğu “Şəms-95” MMC 17 fevral 1995-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin qanuni təmsilçisi Qasım Qasımovun özüdür.

“Şəms-95” MMC tikinti sektorunda fəaliyyət göstərir. Şirkət təkcə ötən il 43 850 632, 42 manatlıq satınalma müqaviləsi imzalayıb. Müqavilələr Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti və Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi ilə bağlanıb.

Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti ilə bağlanan və maliyyə dəyəri 42 491 850,28 manat olan müqavilədə Ağdam rayonu, Kəngərli kənd yaşayış məntəqəsində 2, 3, 4, 5 otaqlı fərdi yaşayış evlərinin tikintisi, Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi ilə bağlanan və maliyyə dəyəri 1 358 782,14 manat olan müqavilədə isə Regionlarda bir sıra təhsil müəsissələrində cari təmir işlərinin həyata keçirilməsi nəzərdə tutulur.
 
 
 
Ardını oxu...
Azərbaycanda özəl investisiyaların cəlb edilməsi nəzərdə tutulan dövlət müəssisələrinin hazırlıq vəziyyəti müzakirə olunub.

Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində “Azərbaycan Respublikasının dövlət müəssisələrinə özəl investisiyaların cəlb edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 31 avqust tarixli 4078 nömrəli Sərəncamından irəli gələn tapşırıqların icra vəziyyəti, o cümlədən, Sərəncama əsasən, özəl investisiyaların cəlb edilməsi nəzərdə tutulan dövlət müəssisələrinin (Azərbaycan Dövlət Neft Şirkətinin strukturuna daxil olan “Azərikimya” İstehsalat Birliyi (Etilen-Polietilen zavodu), Karbamid zavodu və Metanol zavodu, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti, “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti, “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti və “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti) hazırlıq vəziyyəti, dövlət müəssisələrinin kommersiya və maliyyə təhlilləri, hər bir müəssisə üzrə fərdi yol xəritəsi, özəl investisiyaların cəlb edilməsi üzrə qanunvericilik bazasına tələb olunan dəyişikliklər, həmçinin biznesə yönəlik dövlət xidmətləri və digər cari məsələlər ətraflı müzakirə olunub.

Ölkədə dövlət şirkətlərinə investisiyaların qoyuluşu ilə bağlı müzakirələr bir neçə ildir davam edir. Bəziləri daha çox xidmətlə məşğul olan sahələrə, xüsusilə də kommunal sektora investisiya qoyuluşunu məqəsədəuyğun hesab edirlər. Onlaırn fikrincə, bu, həm xidmətin keyfiyyətini yaxşılaşdırar, həm də rəqabət mühitində kommunal sektorda qiymətləri azalda bilər.

İqtisadçı-ekspert Akif Nəsirli “Cebhe.info”-ya bildirib ki, burada əsas məqam hökumət tərəfindən xarici investisiyaların dövlət şirkətlərinə yönəlməsində maraqlı olmasından ibarətdir:

“Dövlət şirkətləri onsuz da dövlət büdcəsindən maliyyələşdirilir. Hazırda dövlət şirkətlərinin əksəriyyəti kəsirlə işləyir. İlin sonunda “Azərsu”, “Azəriqaz”, “Azərişıq”ın açıq qalan xərcləri olur. Bu açıq qalan xərcləri də dövlət ödəyir. Bir neçə il öncə hesablamışdım ki, Azərbaycanda 1 kubmetr suyun qiyməti 40 manata gəlib çıxırdı ki, onun 39 manatını dövlət, 1manatını vətəndaş ödəyirdi. Dünyanın heç bir ölkəsində- nə Avropa, nə də Afrikada suyun kubmetri bu qədər bahadır. Yəni 1 kubmetr suyun maya dəyəri 40 manatdır.

İnvestisiya qoyarkən həmin qurumu bir tərəfdən xarici investisiya, digər tərəfdən dövlət büdcəsi maliyyələşdirəcək. Ona görə də hesab edirəm ki, hökumət özəl sektora investisiyanın cəlb edilməsində maraqlı olmalıdır. Bütün dünyada özəl sektora vəsait qoymağa daha çox maraq olur, nəinki dövlət sektoruna. İstənilən dövlətin defolt riski var. Məsələn, ABŞ dövlət büdcəsi defolt təhlükəsi ilə üz-üzə qalırsa, digər ölkələrdə də bu müşahidə oluna bilər. Ona görə də defolt elan olunduqda, investisiya qoyanlarla yenidən qarşılıqlı hesablaşma gedir. Əgər investor öncə 20-30 faiz gəlir götürmək istəyirdisə, defolt zamanı 50 faiz investisiyanı itirə bilər. Ona görə də onlar maraqlı olur ki, özəl şirkətlərə investisiya yatırsınlar”.

“Bəs Azərbaycanda niyə xarici investor özəl sektora investisiya yatırmaqda maraqlı deyil?” sualına ekspert belə cavab verib:

“Ona görə ki, Azərbaycanda özəl sektorda çalışan subyektlərin müflisləşmək, əmlakın əldən çıxması, əldən-ələ keçmə imkanları çox böyükdür. Başqa sözlə, ölkədə əmlaka zəmanət yoxdur. İstənilən sahibkar istənilən an öz əmlakını itirə bilər. Bundan əlavə, investorların investisiya yatırması üçün əsas parametrlər qanunun aliliyi, məhkəmənin müstəqilliyi, rəqabət mühitinin olması, sahibkarlıq fəaliyyətinə inzibati əngəllərin olmamasıdır ki, bunlar da Azərbaycanda mövcud deyil. Ona görə də təəssüf ki, xarici investorlar Azərbaycana investisiya yatırmaq istəmir və dövləti seçir”.

Ekspert deyir ki, ancaq dövlətin seçdiyi sahələri də mübahisələndirmək olar:

“Elə sahələr seçilməlidir ki, cəmiyyətə xidmət sahələri olsun. Məsələn, Bakının kanalizasiya sistemi yenidən qurulmalıdır. Çünki bir az yağış yağan kimi bütün küçələri su basır. Bu, o deməkdir ki, Bakı şəhərində kanalizasiya sistemləri düzgün qurulmayıb. Kanalizasiya özü bir neçə -məişət və sənaye tullantıları, yağış sularının axıdılması alt sisteminə malik olmalıdır. Bakıda bir mərkəzi kanalizasiya sistemi mövcuddur. Əvvəllər sovet dövründə yağış sularının axıdılması üçün sistem var idi, sonralar yeni binalar tikiləndə onları birləşdirdilər. Nəticədə 15-20 il bundan öncə bulvarda pis qoxu yayıldı. Bəlli oldu ki, yeni tikilən binlar öz kanalizasiyasını yağış suları kanalizasiyasına qoşub. Sonra bunu ümumi xəttə qoşdular ki, bulvarda problem yaranmasın. Ölkədə elektrik sistemi normal işləsə də regionlarda vəziyyət gərgindir. Kəndlərə gedən xətlərin böyük əksəriyyəti qəzalı vəziyyətdədir. Külək əsən kimi işıqlar sönür. Ona görə də bölgələrdə elektrik təminatını yaxşılaşdırmak üçün kifayət qıdər investisiya lazımdır”.
 
 

 


Ardını oxu...
Türkiyədə "Akkuyu” Atom Elektrik Stansiyasının (AES) tikintisinin dəyəri 24-25 milyard dollardır.

"Report” xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putinə Elm Şurasının iclasında "Rosatom” dövlət korporasiyasının baş direktoru Aleksey Lixaçov məlumat verib.

"İndiki qiymətlərlə bu, 24-25 milyard dollar olacaq”, - deyə Lixaçev Putinin tikintinin dəyəri ilə bağlı sualını cavablandırıb.

Qeyd edək ki, "Akkuyu” Atom Elektrik Stansiyasının (AES) tam istismara verilməsi Türkiyənin 2028-ci ilə qədər strateji inkişaf planına daxildir.

"Akkuyu” Türkiyədə tikilməkdə olan ilk atom elektrik stansiyasıdır. Layihə Rusiya Federasiyası ilə Türkiyə arasında 2010-cu il mayın 12-də imzalanmış əməkdaşlıq haqqında hökumətlərarası saziş əsasında həyata keçirilir.

Stansiya Rusiya istehsalı olan "3+” nəsil VVER reaktorları olan dörd enerji blokundan ibarət olacaq. Hər bir enerji blokunun gücü 1,2 min MVt olacaq. AES istismara verildikdən və tam gücünə çatdıqdan sonra ildə təxminən 35 milyard kilovatsaata yaxın elektrik enerjisi istehsal edəcək. Bu günə qədər layihə tam şəkildə Rusiya tərəfindən maliyyələşdirilir.
Ardını oxu...
Elə bil ölkədə problem az idi, biri də yarandı – kiçik-orta sahibkarların boğulması prosesinə bir məsələ də əlavə olundu.
Keçən il Gömrük Komitəsi açıqlama yaydı: "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, gömrük ərazisinə gətirilən mallara münasibətdə əqli mülkiyyət hüquqlarının qorunması, habelə pirat və ya kontrafakt məhsulların idxalının (ixracının) qarşısının alınması məqsədilə gömrük orqanları tərəfindən Gömrük Məcəlləsində və digər qanunvericilik aktlarında nəzərdə tutulan tədbirlər həyata keçirilir. Komitədən açıqladılar ki, tərkibində əqli mülkiyyət hüquqlarının obyekti olan mallardan qanunsuz istifadə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə uyğun olaraq inzibati və cinayət məsuliyyəti yaradır.
Yəni, keçən ilin sentyabrında dedilər ki, saxta brend adlarla malları ölkəyə, güya, buraxmayacaqlar – amma buraxdılar, təbii ki, iş adamlarından əlavə pul almaqla bu işi gördülər, önların belənə əlavə ödəniş yüklədilər. Sonra bununla da iş bitmədi - əlaqədar dövlət-hökumət orqanları pərakənda satış mağazalarına reydlər təşkil etdilər, məsələn, "Armani”, "Gucci”, "Lacoste” və s. adlarla satışda olan məhsullara əl qoydular, sahibkarları cinayət məsuliyyəti ilə hədələyib yenə pul yığdılar.
Yaxşı, Bakıda, ölkədə bu mallar satılırsa, deməli bunu ölkəyə Gömrük Komitəsi buraxıb da, bu qədər mal gizli gələ bilməz – deməli Gömrük pul alıb buraxır, sonra başqa orqanlar gəlib tutur, onlar da bir daha iş adamlarını soyurlar. Belə də zülm olar?! Axı biz istehsalçı ölkə deyilik, heç ÜTT-nin də üzvü deyilik, niyə Fransa, İtaliya və s. ölkələrin şirkətlərinin maraqlarını müdafiə etməliyik ki?! Bizə qalıb bu?! Dünyanın hər yerində kontrafakt məhsullar satılır. Bundan bizim hansı şirkətimizə ziyan dəyir ki? Bu, sadəcə kiçik və orta sahibkarlara əlavə yükdür. Həmin şəxslərə problem yaranır, cərimələnirlər. Bunun heç bir mənası və iqtisadiyyata müsbət təsiri yoxdur.
Öna görə də düşünürəm ki, bu məsələdə daha yumşaq davranmaq lazımdır. Mən dünyada onlarla ölkədə olmuşam, dünyada elə ölkə yoxdur ki, küçədə saxta mal satılan yer olmasın. Bizim və ümumilikdə azərbaycanlıların ən çox getdiyi ölkə məhz Türkiyədir. Bu ölkənin yeraltı keçidlərindən tutmuş, küçələrində satılan saxta məhsullara qədər hər yerdə bu cür mallar satılır. Türkiyədə əlaqəli orqanlar bunu görmürlərmi? Görürlər! Az qazananlar üçün, kiçik sahibkarlar üçün şərait yaradırlar. Ümumən, bu məsələyə bizim ölkədə bu qədər ciddi yanaşılmasını anlaya bilmirəm – istehsalımız yox, ÜTT-yə üzv deyilik, nə əl qatıblar özlərinə?! Deməli məqsəd korrupsiyadır.
Tutaq ki, Azərbaycanda "Channel" markasının saxta çantası satılır. Bunu bizim dövlət orqanları aşkarlayır, insanları ya rəsmi cərimələyir, ya da pul alıb buraxır. Bunun "Channel"-ə heç bir aidiyyatı yoxdur, bu şirkətdən bizə belə bir tələb də yoxdur. Bir sözlə, insanlara işləmək üçün şərait yaradılmalıdır. Əgər bu qanunu hərfi mənada tətbiq etsələr, Sədərək, Binə və böyük ticarət mərkəzlərinin hamısı, ölkədə minlərkə kiçik dükanlar bağlanmalıdır, onminlərlə insan işsiz, bir parça çörəksiz qalmalıdır, olmaz belə. Bəyəm 20 manata “Channel” alan bilmirmi ki, bu əsl firma malı deyil – bilir, burada istehlakçıların aldadılması da yoxdur ki, onların hüquqlarının qorunmasını bəhanə etsinlər.
Nə isə, kiçik-orta sahiblarlağa qarşı hərtərəfli “səlib yürüşü” var, onlar sıradan çıxarılır, bu isə ölkədə əsl sabitliyə təhdiddir – bunu anlamırlar...
Natig Cəfərli
TEREF
 
Ardını oxu...
Qurban bayramına sayılı günlər qalıb. Artıq vaxt azaldıqca qurbanlıq heyvan almaq üçün satış məntəqələrinə üz tutanlar var.

Qiymətlər isə heyvanın çəkisinə görə dəyişir.

Satıcıların sözlərinə görə, kəsilməmiş quzunun qiyməti 250-270 manat arası dəyişir.

Hətta 400-450 manata satılan qurbanlıq heyvanlar da mövcuddur.

Ətraflı Baku TV-nin süjetində:

 
Ardını oxu...
Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin sözlərinə görə, Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən ilk 1,5 milyard avro gəlirin iyul ayında Ukraynaya köçürülməsi planlaşdırılır.

Qaynarinfo xəbər verir ki, o, bu barədə çərşənbə axşamı, iyunun 11-də Ukraynanın Bərpası üzrə Konfransında çıxışı zamanı bildirib.

“Keçən ilki bərpa konfransında mən demişdim ki, biz Rusiya Federasiyasının dondurulmuş aktivlərini Ukraynaya verməliyik. İndi biz bunu beynəlxalq hüquq normalarına uyğun olaraq vacib hesab edirik və maliyyə bazarlarının sabitliyini qoruyuruq. Bu gözlənilməz mənfəətin təxminən 1,5 milyardı [dondurulmuş Rusiya aktivlərindən] iyul ayında əldə ediləcək”, – fon der Lyayen bildirib.

Avropa Komissiyasının rəhbərinin fikrincə, böyük faiz Ukraynanın müdafiəsinə yönəlməlidir. Bundan əlavə, bu məbləğin 10%-i yenidənqurma və bərpaya yönəldiləcək.

O, həmçinin qeyd edib ki, bu həftə G7 sammitində “Ukraynanın dondurulmuş Rusiya aktivlərindən necə daha tez və daha çox fayda əldə edə biləcəyini müzakirə edəcəyik”.
 
Ardını oxu...
Avropa İttifaqı Rusiya ilə müqavilə başa çatdıqdan sonra Ukraynaya qaz tranzitini davam etdirməyi təklif edib.

“Cebhe.info” xəbər verir ki, “Bloomberg”-ə məlumatlı mənbələrdən bildirilib:

“Müzakirə olunan variantlardan birinə görə, Avropa şirkətləri Azərbaycandan qaz almağı, Ukraynadan keçərək Avropaya gedən boru kəmərlərini işə salmağı düşünürlər”.

“Bloomberg”-in həmsöhbətləri qeyd ediblər ki, Kiyev belə bir həlldə maraqlı olduğu üçün bu ideya təcililik qazanır. 2021-ci ildə qaz tranziti Ukraynaya 1 milyard dollara yaxın gəlir gətirib ki, bu da müharibədən əziyyət çəkən Ukrayna iqtisadiyyatı üçün əhəmiyyətlidir.

Bununla belə, Aİ narahatdır ki, Rusiya qazının tranzitindən imtina edilərsə, Ukraynanın qaz nəqli sistemi Rusiya üçün hərbi hədəfə çevriləcək və tez bir zamanda sıradan çıxacaq. Bu halda tranzitin bərpası baha başa gələcək.

“Bloomberg”-in mənbələri danışıqların ilkin mərhələsində olsa da, ilin sonuna qədər qərarın veriləcəyi gözlənilir. Həmçinin onlardan bəzilərinin fikrincə, Almaniyanın “Uniper” şirkəti məsələnin müzakirəsində iştirak edir.

Şirkətin rəhbəri Aleksey Çernışov bildirib ki, Ukraynanın "Naftoqaz" şirkəti Ukraynanın qaz nəqli sisteminin fəaliyyətini davam etdirəcəyi həll yolu tapmaq üçün hər şeyi edir:

“Hər zaman yadda saxlamalı olduğumuz iki amil var. Birincisi, Ukraynada istifadə edilməli olan inanılmaz qaz tranziti və saxlama infrastrukturu var və Ukrayna bu infrastrukturdan istifadə etməyə meyillidir, çünki bu, çoxlu fayda gətirir”.

Bununla yanaşı, Çernışov Rusiyanın "Qazprom" şirkəti ilə əməkdaşlığı nəzərdə tutan hər hansı planı istisna edib.

“Eyni zamanda, Azərbaycandan qaz tədarükü variantının gələcəyi ola bilər”, - deyə “Naftoqaz” rəhbəri fikrini yekunlaşdırıb.

“Bloomberg” yazır ki, Azərbaycan artıq Avropaya boru kəmərindən tam gücü ilə istifadə edir:

“Eyni zamanda, sövdələşmə Moskvaya digər ölkələrə qaz tədarük etməyə imkan verəcək bir mübadilə kimi qurularsa, Rusiyaya da fayda verə bilər”.

Rusiya Avropa ölkələrinə ildə təxminən 15 milyard kubmetr yanacaq səviyyəsində qaz tədarükünü davam etdirir. Tədarük əsasən Avstriya və Slovakiyaya gedir. Avropa Rusiyadan mayeləşdirilmiş təbii qazı da dəniz yolu ilə idxal edir. Bununla belə, Aİ 2027-ci ilə qədər Rusiya qazından tamamilə imtina etmək planlarını açıqlayıb.

Rusiyanın “Qazprom” şirkəti və Ukraynanın “Naftoqaz” şirkəti 2019-cu ildə qazın Avropaya tranziti üçün beş illik müqavilə imzalayıb. “Şimal axını”ndakı partlayışdan və Yamal-Avropa qaz kəməri ilə nəqlin dayandırılmasından sonra Ukrayna ərazisindən keçən tranzit xətti Rusiyadan Mərkəzi Avropaya qaz nəqli üçün yeganə marşrut kimi qalıb. “Naftoqaz” “Qazprom”la müqaviləni yeniləməkdən imtina edib, ona görə də Ukrayna ərazisi 2025-ci il yanvarın 1-dən Rusiya qazının nəqli üçün əlçatmaz olacaq.
 
 
 
Ardını oxu...
“Unibank”la bağlanan müqavilələrin ləğv edilməsi üçün məhkəməyə müraciətlər artıb.

Tribunainfo.az xəbər verir ki, belə bir tələblə məhkəməyə növbəti müraciət qeydə alınıb. Belə ki, məhkəməyə belə bir iddianı Eyvazov Balakişi Tumas oğlu qaldırıb. “Unibank”la yanaşı məhkəməyə “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” də cəlb edilib. İddiaçı cavabdehlərlə bağlanan müqavilələrin ləğvini tələb edir.

Bakı Apellyasiya Məhkəməsində olan işə 10 iyul tarixində baxılacaq. İş hakim Azad İmanovun icraatındadır.

Tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.
 
Ardını oxu...
Rusiyadan Türkiyəyə bank köçürmələri ilə bağlı problem hələ də həllini tapmayıb və bu istiqamətdə heç bir irəliləyiş müşahidə olunmayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə “Ziraat” dövlət bankının Ankaradakı nümayəndəsi RİA Novosti-yə bildirib.
“Hazırda vəziyyətə təsir edən heç bir əsaslı dəyişiklik yoxdur”, – bankın nümayənfəsi bildirib. Onun sözlərinə görə, problemin nə vaxt həll olunacağı məlum deyil. “Ziraat”, cəmi aktivləri 110 milyard dollardan çox olan Türkiyənin ən böyük dövlət banklarından biridir və kredit təşkilatı 18 ölkədə fəaliyyət göstərir və əsasən korporativ müştərilərə xidmət göstərir. Türkiyə bankları 2024-cü ilin yanvarında Rusiyadan ödənişləri bloklamağa başlayıb. “Bloklama” demək olar ki, ümumi xarakter alıb və ticarətdən tutmuş turizmə qədər bütün sektorlara təsir edir. Eyni zamanda, milli valyuta ilə ödənişlər də risk altındadır.Türkiyə bankları Rusiyadan nə lirə, nə də rubl qəbul edir. Buna səbəb kimi ABŞ prezidenti Co Baydenin fərmanı göstərilir. Bu fərmana əsasən ABŞ Maliyyə Nazirliyi Rusiyadan sanksiya tətbiq edilmiş şəxslərlə işləyən və ya Rusiya hərbi-sənaye kompleksinə müəyyən material və avadanlıqların tədarükünü asanlaşdıran xarici banklara qarşı tədbirlər tətbiq edə bilər. Fevral ayından Türkiyə bankları müəyyən güzəştlər tətbiq edib: onlar turizm, qida, tibb, tekstil və təhsili əhatə edən “yaşıl siyahı”dan mal və xidmətlər üçün ödənişlərə icazə veriblər. Lakin hesablamalarla bağlı problemlər hələ də qalmaqdadır. Bunu aprel ayında Rusiyanın Ankaradakı səfiri Aleksey Yerxov etiraf edib və qeyd edib ki, danışıqların davam etməsinə baxmayaraq, vəziyyət həll olunmaqdan uzaqdır. O, baş verənlərə görə “Rusiya-Türkiyə ticarət-iqtisadi əməkdaşlığının qurulmasını məhv edən amerikalıları və Avropa İttifaqdan olanları” günahlandırıb. Birinci rübün sonunda Türkiyənin Rusiya Federasiyasına ixracı 33,7% azalıb və 2023-cü ildə kəskin artımdan sonra praktiki olaraq müharibədən əvvəlki səviyyəyə – ayda 500-600 milyon dollara qayıdıb. Rusiya prezidenti Vladimir Putin Türkiyəyə fevralın ortalarında baş tutmalı olan səfərini ləğv edib. Mayın əvvəlində prezidentin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib ki, səfər “gündəmdə qalır”, lakin konkret tarixlər hələ razılaşdırılmayıb. Lakin Putinin Ankaraya səfərinin vəziyyətə təsir etmə ehtimalı azdır. Xüsusilə, Rusiyanın ödənişlərlə bağlı problemlərlə üzləşdiyi Çinə də son səfəri heç bir müsbət dəyişikliyə səbəb olmayıb. “Böyük maliyyə institutlarının davranışının motivlərini başa düşmək olar – heç kim heç bir itki yaşamaq istəmir” deyən Putin Pekini “dövlət səviyyəsində” həll yolu axtarmağa çağırıb.
 
Ardını oxu...
Ötən il Azərbaycanda 5 milyon 879 min 200 kiloqram mal-qara əti satılıb.

TEREF Yeniavaz.com-a istinadla məlumat verir ki, satılan mal ətinin maya dəyəri 25 milyon 122 min 700 manat olub.

Açıqlanan rəsmi məlumatlara istinadən aparılan hesablama göstərir ki, 1 kiloqram mal ətinin maya dəyəri 4 manat 27 qəpik olub.

Məlumat üçün bildirək ki, mal ətinin maya dəyərinin ən yüksək olduğu rayon İsmayıllı rayonu olub. İsmayıllıda 1 kiloqram mal ətinin maya dəyəri 9 manat 58 qəpik təşkil edib.

Mal ətinin maya dəyərinin ən aşağı olduğu rayon isə Şəmkir rayonu olub. Bu rayonda 1 kiloqram mal ətinin maya dəyəri 2 manat 7 qəpik təşkil edib.

Onu da bildirək ki, ötən il işğaldan azad olunan rayonlar arasından yalnız Qubadlıda mal əti satışı olub və bu rayonda 1 kiloqram mal ətinin maya dəyəri 3 manat 24 qəpik təşkil edib.
 

Dünyapress TV

Xəbər lenti