Ardını oxu...
Azərbaycanda içməli suyun qiymətində artım müşahidə olunur.

Bakupost.az –ın məlumatına görə, paytaxtda evlərə və ofislərə çatdırılan suların qiyməti bahalaşıb. Belə ki, təxminən 1 il əvvəl 3.50 manata satılan 19 litrlik sular hazırda 7.30 manata satılır.
Araşdırmamıza görə, müxtəlif şirkətlərin 19 litrlik suları aşağıdakı qiymətlərə təklif olunur:
İpəksu – 4.20-5.50 manat (Qablaşdırılmasından asılı olaraq);
Slavyanka – 4.80-6 manat;
Badamlı – 7.30 manat (minimum 2 ədəd sifariş qəbul olunur);
Sirab – 7.20 manat (minimum 3 ədəd sifariş qəbul olunur, pompa isə 7 manatdır);
Aquavita – 3.50 manat (minimum 5 ədəd sifariş qəbul olunur, pompa 10 manatdır);
Əlaqə saxladığımız "Slavyanka" su şirkəti bahalaşmanın səbəbi sualına "İqtisadi böhrandır", deyə cavab verdi.

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüsenov Bakupost.az –a açıqlama verib. O bildirib ki, azad bazar iqtisadiyyatı şəraitində qiymətə heç bir dövlət orqanı müdaxilə edə bilməz:
“Qiymət sərbəstdir. Azərbaycan hökuməti biznes qurumları üçün son dərəcə toxunulmaz şərait yaradıb. Biznes qurumları bundan sui-istifadə edir, istehlakçıları soyurlar. Bu, yolverilməzdir. Heç bir ölkədə biznes etikasında belə bir şey mövcud deyil. Kim necə istəyirsə, istehlakçılarla elə davranır. Bütün hallarda istehlakçılar pul verəndə üzərində VÖEN olan kassa çeki almalıdırlar. Əgər kassa çeki verilmirsə, bu zaman vergidən yayınma halları var. Bu barədə dövlət orqanlarına, İqtisadiyyat Nazirliyinin 195 Çağrı Mərkəzinə zəng etmələrini məsləhət görürəm”.
Ekspert bildirib ki, Azərbaycan əmtəə bazarında 20-dən çox su növü var:
"Heç kim bilmir ki, bu hansı krantdan doldurulub, necədir? Ona görə də istehlakçılar su alan zaman etiketinə baxsınlar. Etiketində qaynar telefon xəttinin olmasına, suyun doldurulma mənbəyinə fikir versinlər. Qaynar telefon xəttinə zəng edib sorğu-sual etsinlər. Əgər, cavab vermirlərsə, ümumiyyətlə nömrə yoxdursa, belə sulardan imtina etsinlər”.
 
 
 
Ardını oxu...
Azərbaycanın bank sistemi bilindiyi qədər yüksək faizli kreditlər üzərində qurulub. Yəni ölkədə bankların fəaliyyəti bundan ibarətdir: yüksək faiz, komissiya haqqı, kəsəsi, müştərilərə yeni nəsə təklif etmədən kustar üsulla pul qazanmaq...
Bu da çoxsaylı şikayətlər, məhkəmə çəkişmələri və başqa problemlərlə müşayiət olunur. Əgər məhkəmə siyahılarına baxsanız, ən çox banklardan şikayət olduğunu görə bilərsiniz. Onların sırasında liderlərdən biri "Yelo bank"dır. Əvvəl adı
"Nikoil bank" olan, rebrendinq edərək "Yelo bank" adlanan bu struktur sanki vətəndaşlarla müharibədədir. Anaxeber.info bu mövzuda araşdırma aparıb və təqdim edəcəyimiz faktlardan da görmək olar ki, "Yelo bank" müştəri məmnuniyyəti yox, narazılığı tərəfdarıdır.
Əvvəla, ən çox məhkəməyə verilən banklardan biridir "Yelo bank". Müştərilər müxtəlif iddialarla mülki iş qaldırıblar. Adekvat olaraq bankın da məhkəməyə verdiyi vətəndaşlar az deyil. Bunu internet resurslarında hər gün yayılan xəbərlərdən görmək mümkündür. Misal üçün Yelo Bank” Gəncədə bir qrup vətəndaşı məhkəməyə versə də, şikayəti qeyri mümkün hesab edilib. Bank 6 Gəncə şəhər sakini ilə bağlı məhkəmədə iddia qaldırıb. Məhkəməyə verilənlər Əliyeva Vəfa, Cabbarlı Oqtay, Əliyev Fariz, Əliyev Vaqif, Mustafayev Namiq, Əliyev Elşəndir.
İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisədir. Bank kredit müqaviləsi problemi səbəbindən məhkəməyə müraciət edib.
Başqa nümunə - "Yelo Bank” vətəndaşa göstərmədiyi xidmətə görə haqq tələb edir.
Bu problemlə Rəşad Balayev üzləşib. O bildirib ki, “Yelo Bank” nə ona göndərilən pulu qəbul edir, nə də geri qaytarır: “Koreyadan mənim hesabıma750 usd pul göndəriblər. “Yelo Bank” pulu qəbul etmir, geri də qaytarmır ki, xidmət haqqı tutulacaq. Bu nə dərəcədə doğrudur? Pulu qəbul etməməyin səbəbi odur ki, tələb edirlər ki, onlara bu pulun niyə göndərildiyi ilə bağlı əsas göstərməliyik. Geri də qaytaranda xidmət haqqı tutulacağını deyirlər. Göstərilməyən xidmətə görə haqq tutmaq nə dərəcədə düzgündür?”
Düzdür, 2024-cü ilin aprel ayında Azərbaycanda ən çox şikayət edilən bank 5,70 indeksi ilə “Bank VTB Azərbaycan” seçilib.
Lakin qırmızı zonaya düşən sonuncu bank isə 2,48 indeksi ilə “Yelo Bank” olub. Yəni narazılar sırasında liderlərlə yanaşı dayanır.
Yelo Bank” ASC-nin maliyyə göstəricilərində də ciddi azalma baş verib. Ötən ilin dekabr ayının 31-dən cari ilin aprelin 1-nə qədər bankın aktivləri 27.81 faiz və ya 435 milyon 640.98 min manat azalıb. Dekabrın 31-də aktivlərdə 1 milyard 566 milyon 452.88 min manatlıq vəsait qeydə alınmışdısa, aprelin 1-nə qədər bu həcm 1 milyard 130 milyon 811.90 min manat olub.
Yelo Bank” 2024-cü ilin ilk rübündə əmanət portfelinin 35%-ni itirib.
Bu ilin ilk rübündə bankın depozit portfeli 454,8 milyon manat azalaraq 837,2 mln. manata enib. İlin əvvəlində bu rəqəm 1 mlrd. 292 mln. manat olub. Kəskin azalmaya səbəb şirkətlərin bankdan böyük həcmdə vəsaiti çıxarması olub. Belə ki, hüquqi şəxslərin bankdakı əmanətləri ilin ilk üç ayında 720,6 milyon manatdan 213,8 milyon manata enib.
Qeyd edək ki, 378 milyon manat nizamnamə kapitalı olan “Yelo Bank” ASC (VÖEN -9900014901) 1994-cü ildən fəaliyyət göstərir. Əvvəlcə “Ülpər” kommersiya bankı kimi fəaliyyətə başlayıb. Daha sonra 2002-ci ildə rebrending edərək “Nikoil Bank” adlandırılıb. 2019-cu ildən isə “Yelo Bank” adlanır. “Yelo Bank” Rusiyada yaşayan Azərbaycan əsilli milyarder, “Lukoil” şirkətinin sahibi Vahid Ələkbərova məxsusdur.
 
Ardını oxu...
2024-cü ilin birinci rübündə Gürcüstanda orta aylıq nominal əmək haqqı 1943,4 lari(təxm. 1144,22 AZN) olub.

Moderator.az xəbər verir ki, bu haqda “Newsgeorgia” nəşri məlumat yayıb.

Bildirilir ki, qeyd edilən məbləğə gəlir vergisi daxildir, yəni nağd ələ gələn gəlir 20% az olur.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə maaşlarda 226,8 lari və ya 13,2% artım. Lakin ötən ilin dördüncü rübü ilə müqayisədə bu, 101 lari azdır.

Bütün sektorlarda kişi və qadınların qazancı arasında böyük fərq qalmaqdadır. Kişilər üçün orta nominal əmək haqqı 2343,2 lari, qadınlar üçün 1540,0 lari təşkil edir.

Ən yüksək orta əmək haqqı -4 min laridən çox -maliyyə və sığorta fəaliyyəti, eləcə də informasiya və rabitə sahələrindədir.

Regionlar üzrə: ən yüksək orta əmək haqqı Tbilisidə 2305 laridir(təxm. 1357,4 AZN); ən aşağı Raça Leçxumi/Kvemo Svaneti regionundadır - cəmi 996,8 lari.

Azərbaycan Dövlət Statistika Komitəsinin iyunun 12-də yaydığı son məlumata görə, 2024-cü ilin yanvar-aprel aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,2 faiz artaraq 1007,5 manat olub. Paytaxt Bakıda isə yanvarın 1-nə orta maaş 1183 manat həddində rəsmiləşib.

İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksəkdir.

Qeyd edək ki, Azərbaycanda muzdla çalışan işçilərin sayı 1 milyon 749 min 700 nəfərdir. Onlardan 897 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 852,7 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərir
Belə çıxır ki, Gürcüstanda orta aylıq nominal əmək haqqı Azərbaycandakından 137 AZN yüksəkdir.

Son məlumatlara görə, Ermənistanda da orta aylıq nominal əmək haqqı Azərbaycanla müqayisədə 150 dollar çox olub. Belə ki, ötən il Ermənistanda orta aylıq əmək haqqının məbləği 700 dollar (269 994 dram və ya 1 190 AZN) təşkil edib.
 
Ardını oxu...
Şəmkirdə mal əti ucuzlaşıb.

Xezerxeber.az-ın məlumatına görə, rayonda ətin kiloqramı 11-12 manatdır.

Zəyəm qəsəbəsində fəaliyyət göstərən ət dükanları isə ətin kiloqramını 11, 10, hətta 9 manata satırlar.

Əvvəllər isə bu qiymət 13-14 manat olub.

Ət satışı ilə məşğul olanlar ucuzlaşmanı fərqli arqumentlərlə izah edirlər. Bəzi qəssablar ucuzlaşmanı rəqabətlə, digərləri xaricdən ətlik heyvanların çox sayda gətirilməsi ilə əlaqələndirirlər.

Ətraflı süjetdə:

 
Ardını oxu...
Ən ucuz maşınları tapmaq üçün bir neçə fərqli mənbədən və yanaşmadan istifadə edə bilərsiniz.
TEREF Qlobal.net-ə istinadla bildirir ki, burada bəzi məsləhətlər və tövsiyələr təqdim olunur:

Onlayn Avtomobil Platformaları:

Tap.az və Turbo.az kimi yerli onlayn platformalar Azərbaycanda ikinci əl avtomobilləri axtarmaq üçün yaxşı yerlərdir.
Auto.az və Mashin.az kimi digər saytlar da seçim üçün nəzərdən keçirilə bilər.
Avtosalonlar və Avtobazarlar:

Yerli avtosalonlarda və avtobazarlarda müxtəlif qiymət aralığında maşınlar tapmaq mümkündür. Bakı şəhərində yerləşən avtobazarlarda geniş seçim imkanları mövcuddur.
İkinci Əl Avtomobillər:

İkinci əl avtomobillər yeni maşınlardan xeyli ucuz olur. Lakin bu zaman maşının texniki vəziyyətini diqqətlə yoxlamaq vacibdir. Mütəxəssis ilə birgə baxış keçirmək məsləhətdir.
Kredit və Lizinq Təklifləri:

Bəzi avtomobil satıcıları maşınları kredit və ya lizinq yolu ilə satırlar ki, bu da maşının dəyərini uzun müddətə ödəmə imkanı verir.
Yerli Bankların Təklifləri:

Azərbaycanda fəaliyyət göstərən bankların avtomobil kreditləri üçün təkliflərini yoxlamaq da faydalı ola bilər. Bəzi banklar münasib faiz dərəcələri ilə kredit təklif edə bilər.
Ən Ucuz Maşın Modelleri (Ümumiyyətlə Populyar Olanlar)
Dacia Logan/Sandero:

Sadə və ucuz modellərdir. Əsasən, etibarlılığı və ucuzluğu ilə tanınır.
Renault Kwid:

Ucuz və kiçik bir avtomobildir. Xüsusən də şəhər içi sürüşlər üçün nəzərdə tutulub.
Suzuki Alto:

Kiçik və sərfəli bir avtomobildir. Az yanacaq sərf edir və şəhər içi sürüşlər üçün idealdır.
Kia Picanto:

Kiçik ölçülü və münasib qiymətə sahib olan bir modeldir. Az yanacaq sərfiyyatı ilə də tanınır.
Hyundai i10:

Kompakt və münasib qiymətə sahib bir avtomobildir. Xüsusilə şəhər içi sürüşlər üçün uyğundur.
Bu modellərdən birini seçərkən maşının vəziyyətini və texniki xüsusiyyətlərini diqqətlə yoxlamaq lazımdır. Həmçinin maşının saxlanma xərclərini də nəzərə almaq vacibdir.
 
Ardını oxu...
Azərbaycanda mövsümi meyvələrin əvvəlki illərlə müqayisədə bahalaşdığı bildirilir. Ayrı-ayrı Bakı sakinlərinin AzadlıqRadiosuna demələrinə görə, paytaxt bazarlarında gilasın qiyməti 4-10, albalı 4-5, ərik isə 4-7 manat arasında dəyişir. Onlardan bəzilərinin şikayətlənməsinə görə, meyvələrin çoxu Rusiyaya ixrac olunur, Azərbaycanda isə qıtlıq yaranıb və nəticədə qiymətlər qalxıb.

Bazarlarda satıcılar da bu il meyvələrin ötən ilə nisbətdə baha olduğunu təsdiqləyirlər. Onların sözlərinə görə, qiymətlər ortalama iki dəfə artıb. “Keçən il gilas və albalı 2-3 manata, ərik 3-4, şaftalı da 2-3 manata satılırdısa, bu il bu meyvələr təxminən iki dəfə bahalaşıb”, – “Yaşıl bazar”da satıcılardan biri deyir.

Satıcılar meyvələrin bahalaşmasını, əsasən, hava şəraiti ilə əlaqələndirirlər. “Əvvəl güclü yağışlar və külək olub, sonra dəhşətli istilər düşüb. Ona görə də meyvələrin çoxu ya yetişmədən xarab olub, ya da istidən yanıb”, – həmin satıcı vurğulayıb.

Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, bu ilin ilk beş ayı ərzində Azərbaycandan 251 milyon 281 min dollar dəyərində 230 min 907 ton meyvə-tərəvəz ixrac olunub. Bu ötən ilin müvafiq dövrünə nisbətən çəki ifadəsində 7 min 986 ton və ya 3.45 faiz azdır.

Son ayların statistik məlumatları olmasa da, 2024-cü ilin yanvar-fevralında Rusiya Federasiyasına meyvə-tərəvəz ixracının bir ildə 40 faiz artdığı bildirilirdi.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Turana bildirib ki, bu il yağış və külək çox olduğu üçün kifayət qədər meyvə yetişməyib: “Bu, qiymətlərə təsir edir. Amma bir məsələ də var ki, bayramqabağı həmişə qiymətlər artır. Hesab edirəm ki, bayramdan sonra qiymətlər müəyyən qədər enəcək”. (Milli qurtuluş və Qurban bayramı ilə bağlı 17-19 iyun tətildir)

Deputatın sözlərinə görə, yay mövsümündə meyvə-tərəvəzin qiyməti həmişə düşür: “Meyvələr boldur, bu da qiymətlərin aşağı düşməsinə şərait yaradır. Amma indi deməzdim ki, qiymətlər çox aşağıdır, qiymətlərin kifayət qədər yüksək olduğu hiss edilir”.

İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirib ki, meyvələrin bahalaşmasında bir neçə amilin rolu var: “Birinci hava şəraiti ilə bağlı olan amildir. Bir çox rayonlarda hava şəraiti ilə əlaqəli meyvənin həcmi azalıb, çünki dolu vurub, çürümə olub, yığım prosesində problem yaşanıb”.

Onun sözlərinə görə, Azərbaycanda daxili istehsalın həcmi o qədər çox deyil, həm ixracı artırıb, həm də yerli bazarı təmin etmək çətindir: “Bu mənada Rusiya bazarı bir indikator rolunu oynayır. Ora meyvə-tərəvəzin ixracatı artan kimi daxili bazarda həmən qiymət yüksəlir”.

N.Cəfərlinin fikrincə, bağçılıqla bağlı problem ondan ibarətdir ki, bu sahənin bəhrəsini görmək üçün azı beş-yeddi il zaman lazımdır: “Bizdə isə aqrar sektorla məşğul olanların uzunvadəli iş görmək üçün potensialları çox zəifdir. Meyvə bağları salmaq, onlara qulluq etmək ən azı beş il yalnız xərc tələb edir, qazanc gətirmir. Buna isə fermerlərin pulları çatmır. Kredit götürsən belə, indiki faizləri nəzərə alsaq, belə kreditin mənası da qalmır”.

Amma Dövlət Statistika Komitəsi (DSK) meyvə istehsalında artım olduğunu açıqlayıb. Rəsmi məlumata görə, bu il iyunun 1-nə kimi 33.6 min ton meyvə və giləmeyvə (14.2 faiz çox) yığılıb.

Bəzi müstəqil iqtisadçılar da hesab edirlər ki, meyvə-tərəvəzin bahalaşmasında istehsal və ixracdan asılı olmayaraq ölkədəki ümumi inflyasiyanın da təsiri var.
 
Ardını oxu...
Kanada Ukraynanın zədələnmiş enerji infrastrukturunun bərpasına 15 milyon dollardan çox vəsait ayıracaq.

Bu barədə Kanadanın Baş naziri Castin Trüdonun İsveçrədə keçirilən Sülh Sammitində iştirakından sonra yaydığı bəyanatda deyilir.

Trüdonun sözlərinə görə, Kanada zədələnmiş enerji avadanlığının və infrastrukturunun dəyişdirilməsi işində Ukraynaya dəstək verəcək.

Bundan əlavə, təxminən 12 milyon dollar Ukrayna ərazisinin minalardan təmizlənməsinə və BVF-nin Ukraynada iqtisadi islahatların təşviqi üzrə işinin maliyyələşdirilməsinə xərclənəcək.
 
Ardını oxu...
Sabah Qurban bayramıdır. Bu, islamda iki müqəddəs bayramdan biridir. Bütün müsəlman ölkələrində hər il hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündə başlayır. Adətə görə, üç gün davam edir.
 
 
Ardını oxu...
 
 
 
Bu bayramda qoyun, qoç, inək, öküz, hətta dəvə kəsilə bilər. Qurbanı, adətən, niyyət edib, kəsirlər. Kəsilən qurbanlıq hissələrə bölünərək qohum, qonşu və ehtiyacı olan şəxslərə paylanılır.
 
Qurban bayramına az qalmış mal bazarında xırdabuynuzlu heyvanların, əsasən də, qoyunlarla qoçların qiymətində artım müşahidə olunur. Demək olar ki, xüsusi günlərdə qiymət artımı artıq adət halını alıb.
 
Oxu.az-ın əməkdaşları mövcud vəziyyəti öyrənmək üçün hər kəsin Məhəmmədlidə mal bazarı kimi tanıdığı ünvana baş çəkiblər.
 
Bazara daxil oluruq, sabah bayram olmasına baxmayaraq seyrəklik müşahidə olunur. Alıcılar yox səviyyəsindədir. Satan daha çoxdur. Məyusluq içərisində bizi qarşılayırlar. Çünki bizi alıcı zənn ediblərmiş...
 
Bazara ölkənin müxtəlif bölgələrindən iri və xırdabuynuzlu heyvanlar gətirilir. Mal bazarında xeyli sayda qurbanlıq qoyunlar var. Lakin onları alan yoxdur. Bir qədər sonra hərəsi bir tərəfdən sözə başlayır. Satıcılar alıcı azlığından gileylənirlər.
 
Satıcı Əhmədağa Hüseynov qiymətlər barədə danışıb:
 
"Hər kəs Qurban bayramını qeyd etməlidir. Bizdə çalışırıq ki, kimsə qurbansız qalmasın. Hamı ala bilsin. Ortalama qiymət doqquz manatdır.
 
40 baş heyvan gətirmişəm. 11-12 baş heyvanı gətirən kimi satmışam. Alıcılıq yaxşıdır. Heyvanlar Cəlilabaddan gətirilir. İmkanımız daxilində elə qiymət qoyuruq ki, ala bilsinlər. Bolluqdur və qiymət artımı yoxdur".
 
Digər bir satıcı alıcıların olmadığından gileylənib:
 
"Alıcı azdır. Heyvan çoxdur, alan yoxdur. Keçi 120-150 manatadır. Dana 1 300-2 000 manat arası dəyişir. Quzu 300-400-500 manatadır. Toğlu 300-800 manat arası dəyişir. Dəvə 2 000-6 000 manatdır".
 
Satıcı Canəli Niftəliyev bayramqabağı qiymətlərin endiyini qeyd edib:
 
"Alıcılıq qabiliyyəti çox zəifdir. Heç kim yoxdur. Ancaq satıcılardır. Qiymətlər eynidir. Qoyun ətinin kilosu doqquz manatdan başlayır. Çəkisinə görə dəyişir. Böyük heyvan 8 manat 50 qəpikdir, balaca heyvan doqquz manatdır. Qurbanlıqda erkək heyvan daha çox satılır".
 
Söhbəti bitirdikdən sonra satıcılarla vidalaşırıq. Ümid edirik ki, sabaha qədər qurbanları satarlar və hər iki tərəf məmnun qalar.
 

Ardını oxu...
 

Orano şirkəti İmuraren mədənində uranın işlənməsi hüququnu itirmək riski ilə üzləşir, çünki müqavilənin müddətini uzatmaq üçün Niger hakimiyyəti ilə razılığa gəlməyib.

Belə ki, Niger Fransa nüvə şirkətinin aktivinin işlənməsi planını rədd etdikdən sonra iyunun 19-dan etibarən Orano SA dünyanın ən böyük yataqlarından birində uran hasilatı hüququnu itirə bilər.

Qeyd edək ki, İmuraren dünyanın ən böyük uran yataqlarından biridir, ehtiyatları 200 min ton qiymətləndirilir. Orano İmurarendə əksər səhmlərə sahibdir, Nigeriyanın Sopamin SA isə qalan 33,35%-ə nəzarət edir.//Oxu.az

 
 
 
Ardını oxu...
Bu ilin ilk 4 ayı ərzində Azərbaycana 4 ölkədən pomidor idxal edib.

Yeniavaz.com xəbər verir ki, yanvar-aprel aylarında ən çox pomidor Türkmənistandan gətirilib.

4 ay ərzində Türkmənistandan 548 ton pomidor idxal edilib. Türkmənistandan gətirilən pomidorun 1 kiloqramının orta gömrük dəyəri 56 sent (94 qəpik) olub.

Bundan başqa İrandan 206,52 ton, Türkiyədən 46,14 ton, Belarusdan isə 10,02 ton pomidor idxal edilib. İran və Türkiyədən gətirilən pomidorun 1 kiloqramının orta gömrük dəyəri də 55 sent olub. Ancaq Belarusdan gətirilən pomidorun 1 kiloqramının orta gömrük dəyəri 3,2 dollar (5,4 manat) təşkil edib.

Məlumat üçün bildirək ki, Azərbaycan pomidora olan daxili təlabatı yerli istehsal hesabına təmin edir və xarici ölklərə də böyük miqdarda pomidor ixrac edir. Belə ki, bu ilin ilk 4 ayında Azərbaycandan 52 min 175,3 ton pomidor ixrac olunub. Xaricə satılan pomidorun 1 kiloqramının orta gömrük dəyəri 1,4 dollar (2,3 manat) olub.

Onu da qeyd edək ki, Dövlət Statistika Komitəsi bu il xaricdən idxal olunan pomidorun pərakəndə satışını qeydə almayıb. 4 ölkədən idxal olunan pomidoru ölkəyə kimlərin gətirdiyi və hansı məqsədlə istifadə olunduğu barədə məlumat verilmir.

Yerli istehsal olan pomidorların 1 kiloqramının orta pərakəndə satış qiyməti isə bu ilin ilk 4 ayı ərzində 2,1 – 2,5 manat arasında dəyişib.
 

Dünyapress TV

Xəbər lenti