Ardını oxu...
Tarixi ərazilərimizdən izlərini silməyi dövlət siyasətinə çevirmiş Ermənistanın anti-Azərbaycan addımları hər zaman olduğu kimi davam edir.

Xezerxeber.az xəbər verir ki, söhbət Qərbi Azərbaycanın, tədqiqatçıların şəhərin nüvəsi adlandırdığı İrəvan şəhərinin Təpəbaşı məhəlləsindən gedir.

Millət vəkili Əhliman Əmiraslanov Milli Məsclisin Mədəniyyət komitəsinin təşkilatçılığı ilə “Qərbi Azərbaycan: soyqırımına məruz qalan tarixi-mədəni irsimiz. Qərbi Azərbaycanın tarixi və mədəni irsinin dirçəlişi” mövzusunda keçirilən geniş tərkibli ictimai dinləmə zamanı bildirib ki, bu məhəllə indi məhv olmaq təhlükəsi ilə üz üzədir.

Dinləmə çərçivəsində Qərbi Azərbaycan ərazisinə qayıdış məsələləri ilə yanaşı, həmin ərazilərdə tarixi mədəni irsimizi əhatə edən digər mövzular da diqqətə çatdırılıb.

Millət vəkili qeyd edib ki, 44 günlük Vətən müharibəsində qələbəmiz Azərbaycan qarşısında yeni perspektivlər açıb. Bu zəfər Qərbi Azərbaycana qayıdışın təməlini qoyub. Bizim öz torpaqlarımıza qayıtmağa haqqımız var və öz irsimizə sahib çıxmalıyıq.

Qeyd olunub ki, Qərbi Azərbaycan İcması Ermənistanda Azərbaycan mədəni irsinin qiymətləndirilməsi, bərpası, saxlanılması və mühafizəsi, Ermənistandan qovulmuş azərbaycanlıların öz mədəni irsindən istifadə etməyə dair mədəni hüquqlarının təmin edilməsi ilə əlaqədar beynəlxalq təşkilatlara, o cümlədən UNESCO və BMT-yə müvafiq müraciətlər də ünvanlayıb.

Daha ətraflı süjetdə:

 
Ardını oxu...
Ermənistan hakimiyyəti üçtərəfli noyabr Bəyanatının 9-cu maddəsinin həyata keçməsinə mane olmağa çalışır.

Qeyd edək ki, Ermənistanın Baş nazirinin müavini Mehr Qriqonyan Ermənistan ərazisindən keçməklə Azərbaycanın qərb əraziləri ilə Naxçıvanı birləşdirən kommunikasiya yollarının Rusiya Federasiyanın Dövlət Sərhəd Xidməti tərəfindən mühafizə olunacağı barədə məlmatları şərh edib. Qriqonyan erməni mətbuatına açıqlamasında iyunun 2-də son Moskva görüşündə üçtərəfli müzakirə zamanı regional kommunikasiyaların Rusiyanın sərhəd qoşunları tərəfindən nəzarət olunacağı ilə bağlı razılıq əldə olunmadığını deyib:

“Ermənistanın mövqeyi belə idi və belə də qalır ki, 9 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın 9-cu bəndində nəzərdə tutulan yollar tərəflərin suverenliyi və yurisdiksiyası altında, qarşılıqlılıq prinsipi əsasında fəaliyyət göstərəcək”.

Xatırladaq ki, bir müddət əvvəl Ermənistanın Azərbaycanla sərhəd ərazilərdə sərhəd və gömrük məntəqələrinin Rusiyanın müvafiq qurumlarının nəzarət altında olub-olmayacağı ilə bağlı suala cavablandıran M.Qriqonyan vurğulayıb ki, ölkənin sərhədlərində bütün nəzarət mexanizmlərinin tətbiqi yalnız İrəvanın qərarında müəyyən olunacaq:

“Aydın mövqe var ki, gömrük və sərhəd nəzarəti qanunvericiliyimizə və səlahiyyətli orqanlarımıza uyğun həyata keçiriləcək”.

Görünür ki, Ermənistan hakimiyyəti üçtərəfli noyabr Bəyanatının 9-cu maddəsinə qarşı çıxaraq ərazisindən keçən nəqliyyat kommunikasiyaların Rusiyanın nəzarəti altında olmasını istəmir. Bəzi ekspertlər Qriqonyanın bu bəyanatını Qərbin təzyiqi ilə əlaqələndirib.

TEREF.AZ-ın bildirdiyinə görə, məsələ ilə bağlı politoloq Rəşad Bayramov Cebhe.info-ya açıqlamasında qeyd edib ki, ABŞ və Avropa İttifaqı Paşinyan hakimiyyəti qarşısında konkret öhdəliklər qoyub. Onun sözlərinə görə, Paşinyan hər vəchlə Ermənistanı Rusiyanın cilovundan xilas etməyə çalışır:

“Moskvada son üçtərəfli görüşdə müzakirə olunan məsələlər hər iki ölkənin ictimaiyyətinə məlumdur. Lakin bu görüşdə hansı məsələlər üzrə razılıq əldə olunub-olunmaması hələ dəqiq bəlli deyil. Bir məqamı da nəzərə almaq lazımdır ki, may ayında Qərbin vasitəçiliyi ilə keçirilən Brüssel və Kişineu görüşlərində Azərbaycan və Ermənistanın rəhbərləri arasında bu məsələ müzakirə olunub.

Həmin görüşlərdə Ermənistan ərazisindən keçən nəqliyyat kommunikasiyaların Beynəlxalq Gömrük Təşkilatının nəzarətinə verilməsi təklif edilmişdi. Ancaq Moskvada üç ölkənin Baş nazir müavinlərinin görüşündən sonra həmin kommunikasiya xətlərinin birbaşa Rusiya Federasiyasının Dövlət Sərhəd Qoşunları tərəfindən nəzarət ediləcəyi bildirilib. Bu, həmçinin üçtərəfli noyabr Bəyanatının 9-cu maddəsində də qeyd edilib.

Lakin Qriqonyanın son bəyanatından görünür ki, Ermənistan öz ərazisində yeni kommunikasiya xətlərinin Rusiyanən hərbçilərinin nəzarəti altında olmasını istəmir. Doğrusunu desək, bunu özləsinin təhlükəsizliyinə zidd hesab edir. İrəvan həqiqətən bu məsələdə Rusiya ilə razılığa gəlmək marağında deyil. Əlbəttə, bu, Qərbin diqtəsi ilə bağlıdır”.

Ekspert xatırladıb ki, Nikol Paşinyanın hakimiyyətə gəlməsində Qərbin güc mərkəzlərinin, xüsusilə ABŞ-ın böyük rolu olub:

“Qərq Paşinyan qarşısında konkret öhdəliklər qoyub. Öhdəliklər bundan ibarətdir ki, Paşinyan hakimiyyəti Ermənistanda Rusiyanın siyasi, iqtisadi və hərbi təsir imkanlarını məhdudlaşdırmalıdır. Həm ABŞ, həm də Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına nail olmaqla Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılmasına çalışacaq.

Yəni hər iki dövlətin sülh müqaviləsinə imza atıdığı təqdirdə ilk növbədə Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin, ondan sonra isə Ermənistanın Gümrü şəhərində rus hərbi bazasının regionu tərk etməsi üçün münasib şərait yaradacaq. Paşinyan Qərbin öhdəliklərini yerinə yetirməyə məcburdur. Xüsusilə, Rusiyanın Ukrayna bataqlığında olduğu dönəmdə Moskva Ermənistanda aktiv şəkildə öz təzyiq imkanlarından istifadə edə bilmir. Paşinyan maksimum şəkildə öz ölkəsini Rusiyanın cilovundan qurtarmaq üçün səy göstərir.

Onsuz da Ermənistanın sərhəd əraziləri, dəmir yolları və digər iqtisadi obyektləri Rusiyanın tam nəzarətindədir. Ermənistanda əlavə rus qoşunlarının cəmləşməsi Rusiyanın bu ölkə üzərində təsir mexanizmlərini artıracaq. Bu da Paşinyanın marağında deyil. Məhz buna görə Ermənistan hakimiyyəti regional kommunikasiyaların Rusiyanın nəzarətinə keçməməsi üçün əlindən gələni edəcək”.
 
 
 
Ardını oxu...
Əgər İran qarşısına məqsəd qoysa, Qərb Tehranın nüvə silahına sahib olmasına mane ola bilməz.

APA-nın İRNA agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İran Ali Lideri Əli Xamenei ölkənin atom sənayesinin nümayəndələri ilə görüşdə bildirib.

Əli Xamenei deyib ki, 20 il ərzində düşmənlər (Qərb dövlətləri) İranın atom sənayesinin inkişafına maneələr yaradıblar və bunu nüvə silahı bəhanəsi altında ediblər: “Onlar bilirlər ki, biz nüvə silahına can atmırıq. Əgər bu belə olmasaydı, onlar bizi dayandıra bilməzdilər”.
 
Ardını oxu...
Daha bir problem minalardır: partlayıcı qurğular suda qalır və bütün canlılar üçün böyük təhlükə yaradır...

İşğal, atəşlə davamlı terror, indi də genişmiqyaslı daşqın... Xerson əhalisinin rusların Kaxovka Su Elektrik Stansiyasını (SES) partlatmasından sonrakı həyatı, xilasetmə əməliyyatı, insanların və heyvanların təxliyəsi, insanların hazırda ən çox nəyə ehtiyacı olduğunu UNİAN araşdırıb. AYNA faciə ilə bağlı reportajı istinadla təqdim edir:

Xerson vilayəti rus işğalçılarından əziyyət çəkməkdə davam edir. “Dünyanın ikinci ordusu” ötən ilin noyabrında “xoşməram jest” edərək Ukrayna regional mərkəzindən geri çəkildikdən sonra işğalçılar “münasibətlərin” yeni mərhələsinə başlayıblar – minaatanlardan və artilleriyadan atəşə tutmaq öz yerində... Və bu, Xersonun yerli sakinləri üçün son sınaq deyildi. Xersonlular Dnepr çayının sağ sahilində rusların Kaxovka SES-də törətdiyi terror aktının nəticələrini ilk hiss edənlərdən oldu. Məlumata görə, Xersonun bəzi ərazilərində suyun səviyyəsi 5 metrdən çox olub.

Ardını oxu...

Ukrayna Qızıl Xaç Cəmiyyətinin Xersondakı Dnepr rayon təşkilatının rəhbəri Nataliya Şatilova-Poqasiy şəhərin su basmış ərazilərinin Ostriv, Riçport və Korabelnı, habelə Antonivka, Sadove şəhər icmasının yaşayış məntəqələri olduğunu deyib.

Bununla belə, könüllülər deyir ki, bu vəziyyət bir daha Xerson əhalisinin mütəşəkkil və həmrəy olduğunu təsdiqlədi: “Könüllülər, qayğıkeş Xerson sakinləri haradansa qayıqlar tapırlar, həyətləri, evləri yoxlayırlar, insanları axtarırlar. Bəzi yerlərdə qocalar və hərəkət qabiliyyəti məhdud insanlar, həmçinin bağlı ev heyvanları qalıb. İnsanlar maşınları ilə, qayıqları ilə, yəni ki, kimin nəyi varsa, köməksiz insanları xilas edirlər”.

Qadının sözlərinə görə, hadisə baş verən gün səhər su məntəqələrə tez gəlməyib, insanlar arasında xüsusi çaxnaşma olmayıb: “Mağazalarda növbə yox idi, şəhər camaatı artıq heç nə almırdı. Hər şey normal işləyirdi, su basmış ərazilərdən gələnlərin yerləşdirilməsi üçün yerlər hazırlanırdı. Təxliyyə həm Xersonun daha təhlükəsiz bölgələrində, həm də digər şəhərlərdə, xüsusən Nikolayev və Odessada həyata keçirilib”.

Ardını oxu...

Nataliya xanım qeyd edir ki, “evakuasiya edilmiş insanlar yataq yerləri və hər cür şəraiti olan xəstəxanalarda və ya təhsil müəssisələrində hazırlanmış sığınacaqlarda yerləşdirilib”.

Lakin iyunun 6-da axşama yaxın vəziyyət dəyişməyə başlayıb: "Su gəlib-gedirdi. Evləri çox aktiv şəkildə su basmağa başladı. Ona görə də əvvəlcə təxliyyə olunmaq istəməyənlər axşam saatlarında evlərini tərk etməyə başladılar. Xilasetmə əməliyyatı davam edir, bizim könüllülər insanları evlərindən çıxarır, xilas edir və ev heyvanlarını aparırlar”.

Nataliya xanımın sözlərinə görə, zərərçəkmiş Xerson əhalisinin “fast food”a, quru paltara, alt paltarları, yastıqlar, adyallar, döşəklər, gigiyena vasitələri, dəsmallar, silindrli qaz sobaları, birdəfəlik qablar və dərmanlara ehtiyacı var.

"Daşqın həm təmizləyici qurğuları, həm də qəbiristanlıqları yuyub aparır. Düşünürəm ki, Dnepr çayı və qrunt suları çirklənəcək. Bu ekoloji vəziyyəti pisləşdirir. Sabah nə olacağını bilmirik”, - könüllü deyir.

İnsanların təxliyəsi ilə məşğul olan digər yerli könüllü Yuliya Smirna bildirib ki, şəhərin su basmış ərazilərində kommunikasiya yoxdur. Bununla belə, Xersonun əksər hissəsində işıq, qaz və su var.

O qeyd edir ki, çayın yaxınlığında yerləşən ərazilər çox tez su altında qalıb: “Çərşənbə günü məntəqələrin çoxunu su basdı, su hələ də gəlməkdədir. Amma nədənsə xəbərlərdə bu barədə artıq heç bir məlumat yoxdur”.

Ardını oxu...

Yuliya xanımın sözlərinə görə, Xerson əhalisi ilk dəfə belə böyüklükdə sellə üzləşməsinə baxmayaraq, imkanı olan hər kəs kömək etməyə başlayıb. Onlar tez və mütəşəkkil şəkildə hərəkət etdilər. Şəhərdə küçələrdə asayişə nəzarət edən hüquq-mühafizə orqanlarının əməkdaşları və əsgərlər var.

"İlk növbədə, evlərdə qalan insanları xilas etməliyik. Çünki təəssüf ki, hadisə baş verən gün hamı evini tərk etmədi. İndi biz insanları xilas edirik, sonra onların nəyə ehtiyacı olduğunu anlayacağıq", - deyə bildirib: "İindi bəlkə də evində qalan kimsə var və o, acından ölür. Xersondan başqa şəhərlərə evakuasiya edən çoxlu avtobuslar var. Mənzillə təmin etməyə hazır olan çoxlu sayda insan var. Bununla bağlı hələ heç bir problem yoxdur. Amma hələ evakuasiya bitməyib.Biz bu fəlakətin miqyasını hələ də anlamırıq...”.

Ardını oxu...

Juliya və digər könüllülər Riçport bölgəsində olub, insanları xilas ediblər. Qadın qeyd edib ki, Rusiya işğalçılarının daim atəşə tutmasından əziyyət çəkən Ostriv mikrorayonunda vəziyyət çox gərgindir: “Yardım gözləyən çoxlu şəhər əhalisi var. Könüllülər çərşənbə axşamı ora çatmağa çalışdılar, lakin güclü su axını səbəbindən hərbçilər könüllüləri əraziyə buraxmadılar”.

"Xersonda qayıqlarla bağlı böyük problem var. Rusiya ordusu sol sahilə keçəndə xersonluların su nəqliyyatı vasitələrini əlindən aldı və ya məhv etdi. Qayıqlar hərbçilər, xilasedicilər, könüllülər üçün lazımdır. Təəssüf ki, maşınla hər yerə çata bilmirsən”, - Yuliya xanım deyib.

Daha bir problem isə minalardır. Partlayıcı qurğular suda qalır və bütün canlılar üçün böyük təhlükə yaradır...
Ardını oxu...
Müəllif: Turan Abdulla
Ayna.az
 
Ardını oxu...
NATO-nun Kosovodakı Sülhməramlı Qüvvələrinin (KFOR) sözçüsü polkovnik Andrea Qallieni bildirib ki, mayın 29-da ölkənin şimalındakı Zveçanda baş verən zorakı etirazların arxasında bəzi cinayətkar qruplar dayanır.

KFOR sözçüsü bu barədə paytaxt Priştinada keçirdiyi mətbuat konfransında danışıb.

Şimaldakı hərəkətlərə görə hər iki tərəfin də məsuliyyət daşıması lazım olduğunu vurğulayan Qallieni, bir tərəfin təhlükəsizlik səviyyəsini nəzərə almadan qərar verdiyi, qarşı tərəfin isə etirazlarda görünən zorakılıq hərəkətlərinə reaksiya vermədiyi üçün cavab verməli olduğunu deyib.

Etirazlar zamanı çoxlu sayda KFOR əsgərinin daş, əl istehsalı partlayıcı və silahla yaralandığını qeyd edən Qallieni “İnsanların dinc şəkildə şadlanmağa və etiraz etməyə çalışdıqları bəlli idi, ancaq bəzi cinayətkar qrupların onların arxasında gizləndiyi də aydın idi. Onlar yalnız KFOR qoşunlarına hücum etməyə çalışırlar”, deyib.

Kosovo hadisələrindən sonra Qallieni NATO Birgə Qüvvələr Komandanlığının tələbi ilə yerləşdirilən təxminən 500 əsgərdən ibarət türk komando batalyonu haqqında məlumat verib:

"Türkiyə batalyonu iyunun 5-dən Kosovoda yerləşdirilib. Onlar hazırda KFOR-un digər bölmələri ilə inteqrasiya və təlim keçirlər. Onlar gərginliyin daha da artmasının qarşısını almaq üçün fəaliyyətlərə dəstək vermək üçün yerləşdiriləcək. Təbii ki, şimalda yerləşdirilə bilərlər. KFOR-un əsas qüvvəsi təhlükəsizliyi təmin etmək üçün mövcudluğu təkmilləşdirir. Konsentrasiya səyləri hazırda şimaldadır, lakin ehtiyatda olan hərbçilər tələb olunduqda yerləşdirilə bilər”.

Qallieni həmçinin bildirib ki, təhlükəsizlik baxımından şimalda vəziyyət hələlik sakitləşib.

Mayın 26-da Kosovonun şimalında serblərin cəmləşdiyi Zveçan, Zubin Potok və Leposaviç bələdiyyələrində aprelin 23-də keçirilən yerli seçkilərdə qalib gələn alban merlərə Kosovo serbləri etiraz ediblər. Bölgədə etirazların davam etdiyi bir vaxtda Kosovo polisi və NATO-nun Kosovodakı Sülhməramlı Qüvvələri (KFOR) bələdiyyə binalarını məftil hasarlarla mühasirəyə alıb və bölgədəki şəxsi heyətin sayını artırıb.

Alban merləri qorumaq üçün bölgəyə göndərilən Kosovo polisi ilə Kosovo serbləri arasında qarşıdurma olub. 2008-ci ildə birtərəfli qaydada müstəqilliyini elan edən Kosovonu öz ərazisi kimi görən Serbiya da ordusunu Kosovo sərhədində yerləşdirməyə qərar verib. Kosovo serbləri tələbləri yerinə yetirilənə qədər bələdiyyə binası qarşısında etiraz aksiyalarını davam etdirəcəklərini bəyan ediblər.

Serbiya administrasiyası Kosovo serbləri tərəfindən boykot edilən və seçici fəallığının 3 faiz səviyyəsində olduğu seçkilərin etibarsız olduğunu iddia edir.
 
Ardını oxu...
Rusiyanın AES-də faciə hazırlaması ehtimalını artıran 4 detal: eskalasiya dərəcəsi artırılacaq

Rusiya dünyanı öz cinayətlərinə hazırlamaq üçün ilk dəfə deyil ki, sadə KQB metodundan istifadə edir. Kaxovka Su Elektrik Stansiyasının (SES) partladılması əvvəlcədən hazırlanmışdı. Stansiya hələ oktyabr ayında, Xerson bölgəsində işğalçıların "xoşməramlı jesti" ərəfəsində minalanmışdı. Hətta heç kimə sirr deyildi ki, partlayıcı maddələr səthdə deyil, dərinliklərdə yerləşirdi. Üstəlik, Rusiyanın təbliğat kanallarında Ukrayna Silahlı Qüvvələri hücuma keçsə, bu partlayıcıları işə salacaqları barədə məlumatlar yayılırdı... Yəni artıq dediklərini həyata keçirirlər. Cinayət əvvəlcədən elan edilmişdi.

Kaxovka SES-də baş verən faciə yalnız başlanğıcdır. Təəssüf ki, biz Zaporojye Atom Elektrik Stansiyası (AES) üçün də oxşar təhlükəni nəzərə almalıyıq. Bunun baş verə biləcəyinə dair bir neçə əlamət var.

Birincisi, yenə də hazırlıq gedir. Belə ki, may ayında işğalçılar AES personalının əksəriyyətini təxminən yarım aylığına stansiyadan göndərdilər. Və orada “gözə görünməz” nəsə etdilər. Mənbələrim deyir ki, həmin müddətdə neçə çadırlı “KaMAZ” markalı maşınlar AES ərazisinə daxil olub, hətta gecələr də nəsə daşıyıblar. İndi ruslar iyunun 8-dən 12-nə qədər stansiyadakı şəxsi heyətin sayını yenidən azaldır. Federal tətillər bəhanəsi ilə AES-də minimum sayda işçi qalır.

İkincisi, mayın 30-da Vladimir Putin yenidən “çirkli bomba”nı xatırladıb və onun yaradılmasını Ukrayna Silahlı Qüvvələrinin AES-i işğaldan azad etmək niyyətləri ilə əlaqələndirib.

Üçüncüsü, elə həmin mayın 30-da Rusiya hökumətinin Rusiyanın işğal etdiyi ərazilərdə (sənəddə Rusiya Federasiyasının “özünün” hesab etdiyi “regionlara” aid edilməsi ilə bağlı fərmanı ortaya çıxdı - Xerson, Zaporojye, Donetsk, Luqansk vilayətləri) hərbi əməliyyatlarla bağlı texnogen qəzaların araşdırıldığı elan edildi.

Məni nə narahat edir? Məsələ burasındadır ki, bu qərar 2028-ci il yanvarın 1-dək qüvvədə olacaq. Amma bu tarix təsadüfən seçilməyib. Bu, Vladimir Putinin 5 oktyabr 2022-ci il tarixli “Zaporojye AES-in Rusiya Federasiyasının mülkiyyətinə verilməsi haqqında" fərmanından irəıli gələn tarixdir. Xüsusilə, orada bildirilir ki, Zaporojye AES-in istismarı üçün Ukrayna lisenziyaları, eləcə də stansiya personalının lisenziyaları 2028-ci il yanvarın 1-dək qüvvədədir...

Dördüncüsü, keçən həftə Enerqodarda bir növ mühüm çaxnaşma baş verdi. Belə ki, Rusiya Federasiyasının Federal Tibbi-Bioloji Agentliyinin rəhbəri Veronika Skvortsova (sovet dövründə kütləvi qırğın silahlarının tətbiqi ilə məşğul olan keçmiş 3 saylı şöbə) ilə bağlı məlumat verildi. Rusiya mətbuatının məlumatına görə, onun rəhbərlik etdiyi nümayəndə heyəti radiasiya fonunu yoxlayıb, radiasiya qəzası qurbanlarını qəbul etmək üçün 10 çarpayılıq “ixtisaslaşdırılmış şöbə” açıb. Bundan sonra fövqəladə hallara hazırlığı təmin edən bu “dəstə” Enerqodarda gecə-gündüz növbətçiliyə başlayıb və ərazidə radiasiya xarakterli fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üçün daim hazır vəziyyətdədir.

Yəni ki, hazırlaşırlar. Bütün bu dolayı əlamətlər onu göstərir ki, işğalçılar məğlubiyyəti elə-belə həzm etməyəcəklər. Onlar eskalasiya dərəcəsini artırmağa hazırlaşırlar. Ona görə də Kaxovka bəndinin dağıdılması yalnız başlanğıcdır. Növbədə Zaporojye AES-dir.

Müəllif: Olqa Koşarnaya - Nüvə enerjisi və nüvə təhlükəsizliyi üzrə ekspert.

Mənbə: UNİAN

Tərcümə AYNA-ya məxsusdur.
 
Ardını oxu...
Aİ hökuməti məhkəmə sisteminin müstəqilliyinin və qərəzsizliyinin təmin olunması üçün əlavə addımlar atmağa çağırıb

Avropa İttifaqı (Aİ) Azərbaycanla bağlı bəyanat yayıb. Bəyanatda Azərbaycanın məhkəmə sisteminin müstəqilliyinin və qərəzsizliyinin təmin olunması üçün əlavə addımların atılmasına ehtiyac olduğu vurğlanıb. Bununla yanaşı, Aİ müstəqil şəxslərin davamlı təqib olunmasından narahatlığını ifadə edib.

Avropa İttifaqı Venesiya Komissiyasının 2022-ci il media və siyasi partiyalar haqqında yeni qanunlarla bağlı 2023-cü il rəyini xatırladıb.

Həmin qanunların Azərbaycanda siyasi plüralizmə və toplaşmaq azadlığından istifadəyə mənfi təsir göstərəcəyindən narahatlığını bildirib.

Bundan əlavə, bəyanatda Dağlıq Qarabağ məsələsinə də toxunulub:

“Dialoqda davamlılıq və konkret nəticələr proses üçün həlledici əhəmiyyət kəsb edir. Biz Azərbaycanı Dağlıq Qarabağdakı erməni əhalisinin hüquqlarını və təhlükəsizliyini qoruyan müsbət gündəm hazırlamağa çağırırıq. Mövcud vəziyyət narahatedicidir və mənfi humanitar təsir göstərir, çünki etnik erməni əhalisi əsas enerji və rabitə xidmətlərində dəfələrlə fasilələrlə üzləşib, atəşkəsin tez-tez pozulması xəbərləri isə onların rifahı ilə bağlı ciddi narahatlıq yaradır. Əgər bu, belədirsə, biz Bakını sabit enerji təchizatını təmin etməklə və elektrik şəbəkəsində texniki xidmətin aparılmasına icazə verməklə, etnik erməni əhalisinə qoyulan məhdudiyyətləri aradan qaldırmaq üçün konkret addımlar atmağa çağırırıq.

Həmçinin bütün tərəfləri düşmənçilik ritorikasından çəkinməyə və bunun əvəzinə etimad yaradan və sülh danışıqları üçün əlverişli mühit yaradan narrativi təbliğ etməyə çağırırıq. Xüsusilə, saxlanılanların azad edilməsi ilə bağlı əlavə etimad yaradıcı tədbirlər də həyata keçirilməlidir”.

Aİ minatəmizləmə fəaliyyətlərinə də dəstək göstərməyə hazır olduğunu bildirib.

Bəyanat Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ATƏT-in Daimi Şurasındakı çıxışına cavab olaraq yayımlanıb.

İyunun 6-da Ceyhun Bayramov ATƏT-in Daimi Şurasının xüsusi iclasındakı çıxışında təşkilatın fəaliyyətini tənqid etmişdi:

“İndiki məqamda təşkilat təhlükəsizliyimizə və sabitliyimizə qarşı çoxsaylı risklərə və çağırışlara effektiv cavab verməsini təmin etmək qabiliyyəti, siyasi iradə və institusional potensiala malik deyil. Təşkilat öz aktuallığını qorumaq və sürətlə inkişaf edən mühitə uyğunlaşmaq üçün çevik və adaptiv olmalıdır. Yalnız birgə həll yolları nəticə verə bilər. Köhnə rəvayətlərə və fərziyyələrə sadiq qalmaq faydasızdır və sadəcə, təşkilatı geriyə sürükləyəcək. Bu, təşkilatın daha yetkin və güclü olmasının yeganə yoludur. Kollektiv olaraq razılaşdırılmış sənədlərimiz və qərarlarımız çərçivəsində, təşkilatımız daxilində və xaricində reallıqları nəzərə alan yaradıcı həllər tələb olunur” – C.Bayramov çıxışında bildirib.
 
Ardını oxu...
Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) keçmiş rəisi, yeni xarici işlər naziri Hakan Fidan dünya mediasının gündəmindən düşmək bilmir.

Teleqraf.com xəbər verir ki, son olaraq Almaniyanın RND agentliyindən diqqətçəkən analiz gəlib.

Türkiyə siyasətində heç kimin Hakan Fidan qədər sirr bilmədiyini yazan agentlik Prezident Rəcəb Tayyib Ərdoğanla onun arasında sıx, güvənli əlaqənin olduğunu bildirib:

“MİT-ə 13 il rəhbərlik edən Fidan qədər sirləri olan şəxs yoxdur. Bu onu Türkiyənin ən güclü adamlarından biri edir. Türkiyədə hamı Fidanın adını bilir, amma cəmiyyət onun haqda çox az məlumatlıdır”.

Hakan Fidanın rəhbərliyi ilə MİT əməliyyatlarının genişləndirildiyini qeyd edən RND xaricdəki terrorçuların sürətlə ələ keçirildiyini vurğulayıb:

“Hökuməti tənqid edənlər MİT-dən qorxur. Fidanın rəhbərliyindəki xidmət xaricdə fəaliyyətini xeyli genişləndirib. Xüsusən də Şimali İraq, Suriya və Liviyada. Son illərdə MİT Ərdoğanın əzəli düşməni Fəthullah Gülənin tərəfdarlarını (terrorçuları) Türkiyəyə gətirib”.

Hakan Fidan üçün xarici siyasətin yeni sahə olmadığını bildirən alman agentliyi onun “kölgə xarici işlər naziri” kimi işlədiyini iddia edib:

“Fidan indi ilk dəfə nazirliyə rəhbərlik edir. Amma xarici siyasət onun üçün yeni sahə deyil. İllərlə arxa planda bir çox rollarda bütün əsas xarici siyasət qərarlarında iştirakçı olub. Ərdoğanın “kölgə xarici işlər naziri” kimi Türkiyənin İsrail və Misirlə yaxınlaşması üçün gizli danışıqlar hazırlayıb, Ukrayna münaqişəsində vasitəçilik etmək üçün Kiyev və Moskva ilə sıx əlaqə saxlayıb.

Fidanın beynəlxalq əlaqələri yaxşıdır. Vaşinqton və Moskvaya bir çox mühüm səfərlərdə Ərdoğan və keçmiş xarici işlər naziri Mövlud Çavuşoğlunu müşayiət edib”.
 
Ardını oxu...
Yaxın vaxtlarda Parisin köməyi və rəsmi icazəsi ilə Hindistanın “Trayan” özüyeriyən artilleriya sistemlərinin Ermənistana çatdırılmasına başlanılacaq.

Bu barədə “Caliber” “Telegram” kanalı Fransadakı erməni diasporu ilə geniş əlaqələri olan insayderə istinadən məlumat yayıb.

Söhbət “Nexter Systems” və yerli Hindistan tərəfdaş şirkətlərinin iştirakı ilə istehsalı Hindistanda lokallaşdırılan “Sezar” özüyeriyən artilleriya sistemlərinin hind analoqundan gedir. Sifariş edilən artilleriya qurğularının sayı ilə bağlı ətraflı məlumat yoxdur, lakin məlumdur ki, Fransanın erməni diasporu Parisin hərbi-siyasi rəhbərliyinin və şəxsən Prezident Emmanuel Makronun birbaşa siyasi razılığı ilə maliyyələşməni öz üzərinə götürüb.

Razılaşmanın icrasını gizlətmək üçün 155 mm/52 kalibrli silahların birbaşa uçuşlarla deyil, əvvəlcə İran ərazisinə çatdırılması, daha sonra isə quru yolu ilə Ermənistana çatdırılması planlaşdırılır.
Görünən odur ki, Fransa Ermənistanı silahlandırmağa davam etmək qərarına gəlib. Eyni zamanda Ermənistan-Azərbaycan danışıqlarında Moldovada beştərəfli qeyri-rəsmi formatda da olsa, hansısa “vasitəçi” rolunu oynamağa çalışır.

Deyəsən bundan sonra belə dialoqlar daha olmayacaq, çünki Kişineudakı uğursuzluqdan sonra Fransa İrəvanın hərbi gücünün artırılmasını üstün tutub və bu, Bakıda olduğu kimi anlaşılıb və qiymətləndirilib.

Fransa öz hərəkətləri ilə regionu yeni hərbi eskalasiyaya sövq edir, çünki 2020-ci ildə döyülən “bacısını” silahlandıran Fransa Azərbaycanın əl-qolunu sallayıb gözləməyəcəyini çox yaxşı bilir.
 
Ardını oxu...
Ukraynanın Dnepropetrovsk vilayətinin Maryanskoye kəndində Kaxovka Su Elektrik Stansiyasının bəndinin dağılması nəticəsində balıqlar kütləvi şəkildə qırılır.

Sosial şəbəkələrdə yayılan görüntülərdən minlərlə balığın dayaz sularda qaldığı, üzə bilməyərək məhv olduğu bəlli olur.

Ölmüş balıqları isə yemək olmaz. Çünki bu, botulizmə səbəb ola bilər.

Mənbə: Klymenko Time
 

Dünyapress TV

Xəbər lenti