Rəsmi İrəvan və Bakı 1975-ci ilin sovet xəritələrinə əsaslanaraq delimitasiya aparmağa ilkin razılıq veriblər.
"Report" Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu baş naziri Nikol Paşinyan deyib.
Ümumiyyətlə, Paşinyanın fikrincə, müzakirəni faydalı hesab etmək olar.
"Danışıqların birinci bəndi tərəflərin Praqada razılaşdığı Alma-Ata Bəyannaməsi əsasında ərazi bütövlüyünün qarşılıqlı tanınması ilə bağlı olub", - Ermənistanın baş naziri qeyd edib.
O, həmçinin qeyd edib ki, Ermənistan tərəfi anklav kəndləri Azərbaycana qaytarmağa hazırdır.
Almaniyanın Maks Plank İnstitutunun elmi jurnalı olan “Geophysics”də dərc edilən araşdırma Türkiyə üçün yaxınlaşan təhlükəyə diqqət çəkib.
Araşdırmaya görə, Yaxın Şərq və Şərqi Aralıq dənizi bölgəsi yaxın gələcəkdə görünməmiş ekstremal hava hadisələri ilə sarsılacaq.
Məqalədə bu bölgə iqlim dəyişikliyinin mərkəzi kimi təsvir edilir və ərazidə temperatur artımı sürətinin qlobal orta göstəricidən təxminən iki dəfə yüksək olduğu vurğulanır.
Alimlər Türkiyənin də daxil olduğu bölgə ölkələrinin qarşıdakı illərdə istilik, quraqlıq, qum fırtınaları və həddindən artıq yağıntı kimi çətinliklərlə üzləşəcəyinə işarə edirlər.
Proqnozlara görə, bu əsrin sonuna kimi regionda temperaturun 5 dərəcəyə qədər yüksələcəyi, xüsusilə yay aylarında görünməmiş yüksək temperaturun olacağı gözlənilir.
Qeyd olunur ki, yağıntıların azalması ilə bölgədə ciddi su və qida böhranı yaranacaq, bütün iqtisadi sektorlar bu böhrandan təsirlənəcək və bölgədə yaşayan 400 milyon insan dağıdıcı fəlakətlə üzləşəcək. Həmçinin, bəzi yerlərdə su səviyyəsinin artması ilə bir çox sahilyanı ərazilər və əkinçilik sahələri yox olmaq təhlükəsi ilə üzləşəcək.
Hesabatda iqlim böhranından Türkiyə ilə yanaşı Yunanıstan, Qətər, Suriya və Səudiyyə Ərəbistanı kimi ölkələrin də təsirlənəcəyi bildirilir. Siyasi böhranların və qarşıdurmaların yaşandığı bu bölgədə iqlim böhranı ilə mübarizə üçün ölkələrin bir araya gəlməsinin çətin olduğu da vurğulanır.
“Bu, heç vaxt ucadan deyilməyib, amma məncə, aydın görünür: biz Ukrayna ilə müharibədə Rusiyanın müttəfiqi deyilik”.
"Report" Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan “CNN primanews” telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, Qərbdə Ermənistanın Rusiyanın müttəfiqi olduğunun fərqinə varırlar, bunu daha çox sezirlər, Rusiyada isə görürlər ki, Ermənistan Ukraynadakı müharibədə onların müttəfiqi deyil.
"Və belə çıxır ki, biz bu vəziyyətdə heç kimin müttəfiqi deyilik. Görünür, bütün bu toqquşmalardan yayınmağın bir yolu var, amma həqiqət budur ki, vəziyyət nə qədər çətinləşsə, ondan yayınma ehtimalı da bir o qədər az olar", - Paşinyan vurğulayıb.
“Rusiya Ukraynaya qarşı müharibədə bircə səhvə yol verib”.
Teleqraf.com xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
Onun sözlərinə görə, Rusiya 2014-cü ildə Ukraynanı tam ələ keçirməyəndə “səhv” edib.
“Bəlkə də yeganə səhv odur ki, 2014-2015-ci illərdə Ukraynada nə ordu, nə də hazırlıq olanda bu məsələni həll etməmişik. Hamı bunu birtəhər sülh yolu ilə həll etmək istəyirdi. Bu müddətdə döyüşə hazır silahlı qüvvələr yaratdılar”.
Luqanskdakı separatçı qüvvələrin keçmiş liderlərindən biri, polkovnik İqor Strelkov-Qirkinin Belarus liderinə cavabı xatırlatma xarakterində olub:
“Bax belə. “Batka” 14-cü ildə açıq şəkildə Donetsk və Luqansk Xalq Respublikalarını (qondarma – red.) “quldurlar” və “separatçılar” adlandırırdı. İndi nə oldu?”
“Diplomatiyada standart işlənən protokol ifadələri var, buna aludə olmaq vaxt itkisidir”.
Bunu mayın 31-də parlamentdə jurnalistlərə müsahibəsində Ermənistanın diasporla iş üzrə baş komissarı Zareh Sinanyan Baş nazir Nikol Paşinyanın “Ərdoğanla görüşü səbirsizliklə gözləyirik” açıqlamasını şərh edərkən bildirib.
“Niyə bu görüş vacibdir? Çünki səhər yuxudan duranda bu reallığı anlayırıq: 85 milyon əhalisi olan Türkiyə adlı qonşumuz, onun yenidən seçilmiş prezidenti var. Biz dövlətik və qonşu yaşamağa məhkumuq. Ona görə də bizim rəhbərliyimiz Türkiyə rəhbərliyi ilə danışmalıdır. Tarix sübut edib ki, biz danışmayanda bunu başqaları edir”, - Sinanyan bildirib.
Amerika erməni milli komitəsi(ANCA) Prezident Co Baydenin Azərbaycan-Ermənistan münasibətlərinə və Qarabağa dair siyasətini kəskin tənqid edib.
ABŞ Prezidentindən ermənipərəst senator Robert Mendesə şikayət edən ANCA Ağ evi hazırda davam edən Azərbaycan-Ermənistan danışıqlarını dəstəkləməkdə günahlandırıb: “Co Bayden Administrasiyası “demokratik artsax”-ın Azərbaycana inteqrasiyasını nəzərdə tutan Ermənistan-Azərbaycan danışıqlarını təşviq edir... ANCA rəsmən bəyan edir ki, Bayden Administrasiyasının erməni məsələlərilə bağlı ağılsız xarici siyasətinin əleyhinədir”.
Beləliklə, ABŞ-dakı erməni diasporu Ermənistanın Qarabağı tam şəkildə Azərbaycanın tərkib hissəsi kimi tanımasını və bu prosesi Bayden Administrasiyasının dəstəkləməsini pisləyib. ANCA həmçinin, Ağ evi Ermənistana və Qarabağdakı separatçılara lazımi dəstək göstərmədiyinə, eləcə də Azərbaycana qarşı sanksiya tətbiq etmədiyinə görə qınayıb.
Ukraynada müharibənin başlamasından sonra 80 min rusiyalı Gürcüstana köçüb.
Teref.az APA-ya istinadən xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili Avropa Parlamentində çıxışı zamanı deyib.
Dövlət başçısı Gürcüstanın öz ərazilərinin 20%-ni işğal edən ölkənin vətəndaşlarını qəbul etməsinin ölkədəki tolerantlığı nümayiş etdirdiyini bildirib.
Bununla belə, Zurabişvili tolerantlığın eskalasiya və məyusluğa yol açmaması üçün aydın və sərt dövlət tənzimləmələri ilə müşayiət edilməli olduğunu qeyd edib.
Gürcüstan Prezidenti ölkə əhalisinin 20 faizini ermənilərin, azərbaycanlıların təşkil etdiyini əlavə edib.
Rusiya Baş nazirinin müavini Aleksey Overçuk ötən gün Dumadakı çıxışında postsovet regionunda rus dilinin daha geniş yayılması planları barədə danışıb.
“AzPolitika.info” xəbər verir ki, Overçuk çıxışında bir neçə MDB ölkəsində rus məktəblərinin tikilməkdə olduğunu və tikiləcəyini deyib: “Qırğızıstanda Rusiya Federasiyasının vəsaiti hesabına rusdilli məktəblərin tikintisi proqramı davam edir. 9 belə məktəbdən birincisi 2025-ci ildə təhvil veriləcək, 2027-ci ildə isə bu məktəblər 11 min şagird qəbul edə biləcək. Eləcə də rus məktəblərinin tikintisi ilə bağlı Azərbaycan, Ermənistan, Vyetnam, Suriya, Qazaxıstan və Afrikanın dost ölkələri ilə danışıqlar aparılır”.
Overçukun ardınca Dumanın Təhsil Komitəsinin sədr müavini Yana Lantratova MDB məkanında rus məktəblərinin tikintisinin vacibliyini bildirib: “Tacikistanda 5 rus məktəbinin tikintisini böyük qələbə hesab edirəm. Qırğızıstanda 9 məktəbin tikintisi də olduqca vacib xəbərdir. Hesab edirəm ki, bu müsbət təcrübəni digər dost ölkələrdə - Ermənistanda, Azərbaycanda, Türkmənistanda, eləcə də MDB-yə daxil olmayan Monqolustanda davam etdirmək lazımdır”. Xatırladaq ki, Azərbaycanda təhsilin rus dilində olduğu 340-dan çox məktəb fəaliyyət göstərir. Bununla yanaşı, bir çox ziyalılar, siyasətçilər, təhsil və elm adamları ölkəmizdə rus məktəblərinin sayının çoxalmasını doğru saymır və bunun milli strategiyamızın əleyhinə olduğunu bildirirlər.
Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin oğlu Seyf əl-İslam və Liviya Milli Ordusunun komandanı Xəlifə Haftar Liviyada keçiriləcək ümumi seçkilərdə prezidentliyə namizəd ola biləcək.
APA xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı "6+6" birgə komitəsindəki mənbələrə istinadən məlumat yayıb.
"Liviyanın Ali Dövlət Şurasının və Nümayəndələr Palatasının üzvlərinin daxil olduğu "6+6" Komitəsi qarşıdan gələn seçkilərdə Seyf əl-İslam Qəddafi və Xəlifə Həftərin namizədliyinin irəli sürülməsini istisna etmir", - mənbə bildirib.