Ardını oxu...
“Elə bil ki, mən indi düzdə qalmışam. Heç bir gəlir yerim yoxdur. Mənə indi yaxın qohumlar kömək edir. Onlar da kömək etməsə, mənimçün çətindir”

2012-ci ildən bəri Xüsusi Təyinatlı Qüvvələrdə döyüş tapşırıqları yerinə yetirən ehtiyatda olan gizir Eldar Əliyev 15 il hərbi xidmətdə qulluq edib. 2014-cü ilin avqustunda Ermənistanla Azərbaycan arasında baş verən növbəti qarşıdurmada döyüş tapşırığını icra edərkən yaralanan Eldar Əliyev 2017-ci ildə ordudan tərxis edildiyini deyir.

Ordudan tərxis edilən gizirə elə həmin il 2-ci qrup əlillik dərəcəsi təyin edilib. Beş ilin tamamında o, dərəcəni yeniləmək üçün Əlillərin Bərpa Mərkəzində hərbi komissiyadan keçəndə imtina cavabı ilə üzləşib.

Bundan sonra əmək pensiyası üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edən Eldara burdan da kifayət qədər hərbi xidmət stajı olmaması səbəbilə rədd cavabı verilib. //abzas.org//

Daha ətraflı aşağıdakı videoda:

Ardını oxu...
Azərbaycanda dövlət vəsaitlərinin xərclənməsi sahəsində şəffaflıq və hesabatlılıq uzun illərdir cəmiyyəti narahat edən ən başlıca problemlərdən biri olaraq qalır. Aşağıdan yuxarıya doğru məmur iyerarxiyasında oturuşmuş korrupsiya şəraitində şəffaflıq və hesabatlılığa nail olmaq, təəssüf ki, mümkün olmur. Məhz korrupsiya ölkənin əldə etdiyi yüksək həcmli neft-qaz gəlirlərinin insan inkişafına sərf olunmasına böyük ölçüdə imkan vermir.

Qeyd edək ki, mərkəzi icra strukturları qanunvericiliyin tələblərinə müəyyən qədər əməl edərək, xərcləmələri barədə məhdud da olsa, məlumat açıqlasalar da, yerli icra hakimiyyətləri ilə bağlı bunu görmək demək olar ki, mümkün deyil. Hətta ölkə əhəmiyyətli şəhərlərdə belə icra hakimiyyətinin illik büdcəsinə dair açıq mənbələrdən hər hansı məlumat tapmaq olmur. İcra hakimiyyətlərinin İnternet resurslarında bir qayda olaraq, yalnız ümumi məlumatlar, icra başçısının görüşləri, qəbulları və sair rəsmi tədbirlər barədə məlumatlar yerləşdirilir. Fəaliyyətin maliyyə tərəfləri barədə hər hansı hesabata rast gəlmək mümkün deyil. Halbuki hüquq-mühafizə orqanlarının icra hakimiyyətlərində apardığı həbslərdən sonra açıqlanan məlumatlardan aydın olur ki, onların büdcələri heç də kiçik rəqəmlərlə ifadə olunmur. Həbs olunan icra başçılarının qanunsuz qazanclarının illik həcmi on milyonlarla manatla ölçülür. Bu isə o deməkdir ki, rayon və şəhər icra hakimiyyətlərində kifayət qədər böyük pullar dövr edir…

Bu pulların mənbəyi həm dövlət büdcəsi, həm də şəhər və rayonların yerli gəlirləridir. Son illərdə Azərbaycanın dövlət büdcəsi hazırlanarkən rayon və şəhərlərin əksəriyyətinə birbaşa vəsait ayrılmır. Əsaslandırma isə bu olur ki, yerli gəlirlər xərcləri qarşılamağa imkan verir. Lakin reallıqda rayonların təhsil, səhiyyə müəssisələrinin maliyyələşdirilməsindən tutmuş, pensiya və sosial müavinətlərin ödənişi, yolların çəkilişi, dövlət qurumlarının binalarının tikintisinə qədər bütün xərclər mərkəzi büdcədən maliyyələşdirilir. Yerli icra hakimiyyətlərinin faktiki xərcləri aparatın saxlanması, bir sıra təmir-tikinti işləri və aztəminatlı təbəqələrə yardımların edilməsindən ibarətdir. Onlar həmçinin mərkəzi büdcədən maliyyələşdirilən müxtəlif obyektlərin tikintiləri üzrə sifarişçi qismində çıxış edirlər.

Bu yazımızda Lənkəran rayonunun timsalında yerli xərcləmələrdəki şəffaflıq, səmərəlilik, regionlarda aztəminatlı və həssas təbəqələrə yerli icra strukturlarının dəstəyi ilə bağlı vəziyyəti araşdırmağa çalışmışıq.

Lənkəran Azərbaycanın cənub bölgəsinin iqtisadi, sosial, mədəni paytaxtı hesab olunur. 2019-cu il əhali siyahıyaalınmasına görə, Lənkəran rayonunda 223,7 min nəfər əhali yaşayıb. Bunun 52,8 min nəfəri Lənkəran şəhərində yaşayanlardır.

Yerli icra hakimiyyətlərinin fəaliyyətini tənzimləyən əsasnaməyə görə, yerli icra hakimiyyətlərinin maliyyə mənbələri dövlət büdcəsindən ayırmalardan, büdcədənkənar vəsaitlərdən və qanunla qadağan edilməmiş digər mənbələrdən əldə olunan vəsaitlərdən ibarətdir.

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 719 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Şəhər və rayonlar üzrə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə nəzərdə tutulan daxilolmalardan büdcə ilinin sonuna artıq daxil olan vəsaitin müəyyən hissəsinin həmin şəhər və rayonların sərəncamında saxlanılması və istifadəsi Qaydası”na uyğun olaraq yerli gəlirlərin proqnozlaşdırılandan artıq hissəsinin 50 faizi yerli icra hakimiyyətlərinə qaytarılır və onların büdcədənkənar fondu hesab olunur. Prezidentin təsdiqlədiyi qaydaya əsasən bu fondun vəsaitinin 25 faizi yerli icra hakimiyyəti orqanları işçilərinin sosial müdafiəsinə, 25 faizi şəhid ailələrinin və aztəminatlı ailələrin sosial müdafiəsinə, 50 faizi isə mədəniyyətin, incəsənətin, turizmin və idmanın inkişafı sahəsində tədbirlərin təşkilinə, həmçinin şəhər və rayon üzrə yaşayış məntəqələri ərazilərinin abadlaşdırılmasına, yaşıllıqların mühafizəsinə və yolların çəkilməsinə sərf olunmalıdır.

Məlumdur ki, rayonlarda əlilliyi olan şəxslərə, aztəminatlı ailələrə, pensiyaçı və digər sosial təminata ehtiyacı olan şəxslərə ödənişlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vasitəsilə mərkəzi büdcədən həyata keçirilir. Lakin yuxarıda qeyd etdiyimiz qayda ilə yerli icra hakimiyyətlərinə aztəminatlı və şəhid ailələrinə xərclənməsi üçün müəyyən fond da təmin edilir. Bu isə o deməkdir ki, yerli İH-lər öz ərazilərində yaşayan bu cür ailələrə dəstək vermək imkanına malik olurlar.

2023-cü il üzrə Azərbaycanın dövlət büdcəsi layihəsində Lənkəranın yerli gəlirləri 31 milyon 300 000 min manat, yerli xərcləri isə 9 milyon 520 min manat həcmində proqnozlaşdırılıb. Büdcə sənədinə əsasən yerli gəlirlərdən mərkəzi büdcəyə çatacaq məbləğin aşağı həddi 19 milyon 220 min manat həcmində nəzərdə tutulub. Bu həddən yuxarı mərkəzi büdcəyə təmin ediləcək gəlirin 50 faizi Lənkəranın büdcədənkənar fondu kimi icra hakimiyyətinə qaytarılmalıdır.

Lənkəran büdcə gəlirlərinin həcminə görə ölkənin Bakı, Sumqayıt, Abşeron, Gəncə, Mingəçevir, Xaçmaz, İmişli, Şəkidən sonra 9-cu rayonudur. Maraqlıdır ki, iqtisadiyyatın əsas sahələrində məhsul buraxılışının həcminə görə isə Lənkəran 613 milyon manatla rayonlar arasında orta mövqedədir. Lakin əhalinin gəlirlərinin həcmi göstəricisi üzrə Bakı, Abşeron, Sumqayıt və Gəncədən sonra 908,6 milyon manatla 5-ci yerdə gəlir. Ümumiyyətlə, statistik göstəricilər Lənkəranın ölkə üzrə rayonlar arasında orta gəlirdən yuxarı gəlirə malik olduğunu deməyə əsas verir.

Rəsmi məlumata əsasən ötən il ötən il Lənkəran şəhərinin büdcə gəlirləri proqnozdan artıq icra edilməklə 34 milyon 157,2 min manat təşkil edib, büdcə gəlirlərində yerli gəlirlərin payı 57,2 faiz və ya 19 milyon 539,8 min manata çatıb. Yerli xərclərin məbləği isə 15 milyon 961,5 min manata bərabər olub.

2022-ci ildə Lənkəran şəhər icra hakimiyyətinin büdcədənkənar gəliri 1 milyon 481,8 min manat, büdcədənkənar xərcləri isə 1 milyon 457 min manat olub. İH-nin rayonda göstərdiyi xidmətlərdən, əmlak icarəsi və sair gəlirləri 2022-ci ildə 21 399 manat, 2023-cü ilin 6 ayında isə 18 095 manat təşkil edib.

Lənkəran İH-dən informasiya sorğusuna verilən cavabdan aydın olur ki, ötən il 991 şəxsə ev təmiri və digər ehtiyaclar üçün 370 min 450 manat maddi dəstək göstərilib. Bu, Prezidentin təsdiqlədiyi qaydalarda nəzərdə tutulan bölgüyə əməl olunduğunu göstərir. Lakin bu vəsaitin kimlərə, hansı məbləğdə və hansı ehtiyacın qarşılanması üçün verildiyini İH-dən açıqlamırlar. Ayrılan məbləği yardım olunan şəxslərin sayına böldükdə adambaşına 373,8 manat düşür. Aydın məsələdir ki, bu məbləğlə ev təmir etmək qeyri-mümkündür.

Halbuki Lənkəranda evə ehtiyacı olan aztəminatlı ailələrin, şəxslərin sayı kifayət qədərdir. Onlardan biri İcra Hakimiyyəti binasının təxminən 100 metrliyində yaşayan Rövşən İsayevdir.Əfqanıstan müharibəsi veteranı olan R.İsayev, 56 yaşı olsa da, evli deyil. Özü bunu imkansızlıq, xüsusilə də evsizliklə izah edir.

Onun qardaşları və onların ailələri ilə birlikdə yaşadığı mənzilin şəraitsizliyi göz önündədir. R.İsayev müyyən dövrdə həbsdə yatıb. Hazırda evlərinin yaxınlığındakı maşın dayanacağında gözətçi işləyir. Dediyinə görə, gündəlik qazancı 5-6 manatdan yuxarı deyil.

Lənkəran İH-dən tutmuş, ölkənin bütün müvafiq strukturlarına müraciət etsə də, mənzil şəraitinin yaxşılaşdırılmasına dəstək ala bilməyib.

Bildirir ki, yuxarılara yazdığı müraciətlərə görə bir neçə dəfə polis ona xəbərdarlıq edib: “Deyirlər, niyə yazırsan hər yerə? Neynəyim, əlacsız vəziyyətdəyəm. Ayda 80 manat sosial yardım alıram, dolana bilmirəm”.

R.İsayevlə birlikdə dayanacaqda işləyən Hacıyeva Xatirə Qulamhüseyn qızı da sosial vəziyyətinin ağırlığından şikayətlənir: “35 yaşım var.

Zülm içində yaşayıram. Kasıbçılıq ucbatından “Bizon”, “Kola” qabları yığıram,1 kiloqramını 1 manat 50 qəpiyə satıram.

Bayram nədir, istirahət nədir bilmərik. Həyat yoldaşım da qapılarda fəhləlik edir – kanal təmizləyir, sement qatışdırır. Hava yağışlı-qarlı olanda bunlar da olmur. Ayda qaldığımız bu uçuq-sökük evə 100 manat kirayə haqqı veririk. Hələ işıq, qaz, su pulunu demirəm”.


X.Hacıyeva da evlə təminatda dövlətdən dəstək gözləyir.
Yeri gəlmişkən, Lənkəran İH-nin İnternet saytında müxtəlif imtiyazlı təbəqələrdən olan və ev növbəsinə götürülən şəxslərin adlı siyahıları yerləşdirilib.

Onu da qeyd edək ki, Lənkəranda həssas və aztəminatlı təbəqələrdən olan sakinlərin sayı ölkə üzrə orta göstəriciyə yaxındır. Belə ki, 2022-ci ilin 1 yanvarında Lənkəran şəhərində 17 328 nəfər 65 yaşdan yuxarı əhali yaşayıb. 2021-ci ildə Lənkəran rayonunda pensiyaçıların sayı 26 219 nəfər, orta pensiya məbləği 275,25 manat təşkil edib. Pensiyaçıların 14 394 nəfəri yaşa görə, 8449 nəfəri əlilliyə görə, 3376 nəfəri ailə başçısını itirməyə görə pensiya alıb. Sosial müavinət alanların sayı 9538 nəfər, orta məbləği isə 118,34 manat olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, hazırda Pensiyaçıların sayı Lənkəran rayonu üzrə 23,1 min, əlilliyi olan şəxslərin sayı isə 12,3 mindir (6,11 mini əlilliyə görə pensiya, qalanları müavinət alır). Rayonda 2,3 min ailə ünvanlı sosial yarım alır. Ünvanlı sosial yardımın orta aylıq məbləği bir ailə üçün 466 manat təşkil edir.

Bu ilin 8 ayında Lənkəran rayonunda ƏƏSMN-in yerli şöbələri tərəfindən 71 nəfər (onlardan 63 nəfəri ahıl şəxslər, yəni yaşı 70 və yuxarı olanlardır) tənha ahıl və əlilliyi olan şəxsə evində sosial-məişət xidməti göstərilib. Sosial xidmətçilər tənha ahıl və əlil şəxslərin evlərinə gedərək onlara ev təsərrüfatında, əsas tələbat mallarının alınması və s. işlərdə köməklik göstərirlər.
Lənkəran İH-nin büdcədənkənar fondundan belə şəxslərə hansı yardımların edildiyi, təəssüf ki, açıqlanmır…

Lənkəran İH-nin maliyyə fəaliyyətinin Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən yoxlanması faktı qeydə alınmayıb. Ölkənin əsas maliyyə nəzarəti orqanı olan Hesablama Palatası isə bir dəfə – 2017-ci ildə Lənkəran İH-nin 2013-2016-cı illərdə 13 məktəbin, 24 mənzilli yaşayış evinin, 2 uşaq bağçasının tikintisinə, 1 məktəbin əsaslı təmirinə, Lənkəran şəhərində qəza vəziyyətində olan 15 ədəd 4 və 5 mərtəbəli yaşayış binasında bərpa-gücləndirmə işlərinin aparılmasına, Lənkəran-Vilvan-Osaküçə-Türkəncil avtomobil yolunun əsaslı təmirinə, Liman-Nərimanabad-Balıqçılar avtomobil yolunun, Aşağı Nüvədi-Kənarmeşə-Şürük avtomobil yolunun tikintisinə, Vilvan-Zövlə-Boladi-Liman avtomobil yolunun yenidən qurulmasına, Lənkəran şəhərinin daxili avtomobil yollarının əsaslı təmirinə, Lənkəran şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə və yağan leysan yağışları nəticəsində dəymiş ziyanın aradan qaldırılması və çoxmənzilli binalarda təmir-bərpa işləri üzrə istifadə etdiyi ümumilikdə 61 milyon 604,5 min manat vəsaitin auditini aparıb. Məlum olub ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin sifarişçisi olduğu tikinti obyektləri üzrə hazırlanan layihə tapşırıqlarında bir sıra hallarda Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri”nin tələblərinə əməl edilməyərək məktəblərin tikintisinin layihə tapşırıqları hazırlanıb. Həmin tapşırıqlar əsasında layihə təşkilatları tərəfindən tərtib edilmiş layihə-smeta sənədləri əsasında yerlərdə real şagird sayından fərqli məktəblər inşa edilib. İnşa edilən məktəblərdə 1 şagird yeri üçün tikinti işlərinə çəkilən xərclər fərqli olub.

“Tikililərin əvəzsiz balansa verilməsi haqqında” sərəncamla Lənkəran Şəhər Təhsil Şöbəsinin balansına verilmiş 7 məktəb üzrə əsas fondların dəyəri az göstərilib. Açıq tender üsulu ilə satınalma prosedurlarının keçirilməsi üçün kifayət qədər vaxt olduğu halda 2 obyekt üzrə “Təkliflər sorğusu” üsulu ilə tender keçirilib. Satınalma prosedurlarının istənilən mərhələsində malgöndərənlərin (podratçıların) ixtisas göstəricilərinin tender komissiyası tərəfindən müəyyənləşdirilməsi və qiymətləndirilməsi üçün “Dövlət satınalmaları haqqında” qanunun müvafiq maddələrinin tələblərinə əməl edilməyib. Bir sıra məktəb binalarının tikintisində inşaat texnologiyasına əməl edilməyərək səmərəsiz xərcə yol verilib, həmçinin, İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuş Dövlət Qəbul Komissiyasının Aktında (“Tikinti obyektinin istismarına İcazə”) bəzi obyektlərin dəyəri göstərilməyib.

Fövqəladə Hallar Nazirliyi TTNDA-nın Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi tərəfindən verilən ekspertiza rəyinə uyğun olaraq 2 kənd tam orta məktəbinin tikintisi obyektinin layihə-smeta sənədlərinin Təhsil Nazirliyi ilə razılaşdırılması təmin edilməyib.

Həmin məktəblərin tikintisi üzrə təqdim edilmiş “Eskiz layihə”də normadan artıq yemək qəbulu və akt zalları üçün sahənin layihələndirilməsi hesabına əlavə büdcə vəsaiti sərf edilib. “Lənkəran rayon, Liman-Nərimanabad-Balıqçılar avtomobil yolunun tikintisi” (15,6 km) obyekti üzrə işlərin 2014-cü ildə başa çatmasına baxmayaraq, müvafiq qaydada istismara qəbulu təmin olunmayıb”.

Bu nöqsanlara görə kimlərinsə cəzalandırılıb-cəzalandırılmadığı bilinmir. Bilinən odur ki, Lənkəranda tikinti-təmir İH-nin xərcləmələrinin əsas ünvanıdır. Bu xərcləmələr barədə dövlət satınalmalarına dair internet portalından məlumatlar əldə etmək mümkündür. Portalda yerləşdirilən müqavilələrdən aydın olur ki, bu ilin aprelində Lənkəran İH 2 ay əvvəl yaradılmış şirkətə – “All The Trifles” MMC-yə 266 min 742,54 AZN-lik sifariş verib. Sifariş müxtəlif tikinti mallarının tədarükünü əhatə edir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “All The Trifles” MMC 30 yanvar 2023-cü ildə qeydiyyata alınıb.

Bu ilin ötən dövrü ərzində Lənkəran İH Lənkəran şəhər və rayon məhəlli ərazilərdə aparılacaq bir sıra işlərin satın alınması ilə bağlı “Xezer-Construction” MMC ilə 729 min 425,78 AZN, Lənkəran şəhər və rayon ərazisindəki küçə, park və xiyabanlarda aparılacaq bir sıra işlərin satın alınması ilə bağlı “Mars Construction” MMC ilə 699 min 284,57 AZN,
Lənkəran şəhər ərazisi üzrə yaşayış sahələrinin fasad və giriş hissələrində aparılacaq bir sıra işlərin satın alınması ilə bağlı “Topxana Layihə İnşaat” MMC ilə 228 min 861,77 AZN, Lənkəran şəhəri və rayon ərazisində aparılacaq bir sıra yenidənqurma və təmir-bərpa işləri üzrə layihə-smeta sənədlərinin hazırlanması işlərinin satın alınması ilə bağlı “Global Engineering Management Company” MMC ilə 46 804,7 AZN dəyərində müqavilələr bağlayıb.

Lənkəran İH-nin digər xərcləmələri barədə hər hansı məlumat əldə etmək mümkün deyil. Yeri gəlmişkən, 2022-ci ilin oktyabrında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Lənkəran Rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri – baş memar Elgün Abdullayev və Lənkəran Şəhər Rayonlararası Psixiatriya xəstəxanasının şöbə müdiri Nəsrəddin Nuriyevi vətəndaşlardan rüşvət alarkən cinayət başında yaxalayıb. Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında deyilir ki, Elgün Abdullayevə Cinayət Məcəllənin 311.3.2 (rüşvət alma- təkrar törədildikdə) maddəsi, Nəsrəddin Nuriyevə isə 311.1 (rüşvət alma) və 313-cü maddələri (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub, birinci həbs edilib…

Pressklub.az
Ardını oxu...
İmişli rayonu, Cəfər kənd sakini Ərəstun Məmişov tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, ağır yataq xəstəsi olmasına baxmayarq, yeznəsinə 1-ci qrup əllillik dərəcəsi verilmir:

"Mən, Ərəstun Məmişov, yazaraq sizdən xahiş edirəm ki, problemimizi işıqlandırasınız.

1 il 3 aydır ki, heç kəsi olmayan yeznəmə mən və ailəm baxır. Videodada gördüyünüz kimi, yeznəm Əliyev Rasət Əsədulla oğlu ağır yataq xəstəsidir. İmişli rayon Mərkəzi Xəstəxanasının tibbi eksperti Anar həkimin bizə lazımi diaqnozu verməsinə baxmayaraq, TƏBİB bunu təsdiq etmir ki, müalicə ilə düzələn xəstəlikdir. Onda, belə xəstəni müalicə edən həkim versinlər ki, xəstənin vəziyyəti düzəlsin.

Yeznəm lal, kar idi, indi isə iflic xəstəsidir. SSRİ vaxtından bu insan II qrup əlil olub, indi ona I qrup verilmir. Xahiş edirəm belə xəstələrin haqqını versinlər".

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxladıq, məsələnin araşdırılacağı bildirildi.

 
Ardını oxu...
Məhkumlar məzuniyyətə buraxılıb.

“Unikal”ın məlumatına görə, Penitensiar xidmətin qapalı cəzaçəkmə müəssisələrində saxlanılan məhkumlar sərbəst şəkildə ailə üzvlərinin yaşadığı ünvanlara bir neçə günlük qısamüddətli səfərə buraxılıblar.

Səfərlər zamanı məhkumları həbsxana əməkdaşları müşayiət etməyib, məhkumlar yaxınları ilə görüşüb, təqribən 7-8 gün onlarla birlikdə vaxt keçirdikdən sonra özləri də sərbəst şəkildə saxlanıldıqları həbsxanalara geri qayıdıblar.

Məlumata əsasən, indiyədək səkkiz nəfər məhkum ailə üzvlərini ziyarət edib və geri qayıdıb.

Məlumatı Penitensiar xidmətdən də təsdiqləyiblər.
 
Ardını oxu...
“Əhalinin ipoteka kreditləşməsinə çıxış imkanının genişləndirilməsi məqsədi ilə sabit vergi ödəyicilərinin də (aşbaz, bərbər, dayə və digərləri) ipoteka kreditlərinə çıxşını təmin etmək üçün müvafiq tədbirlər hazırlanıb".

Bunu İpoteka Kredit və Zəmanət Fondunun (İKZF) baş direktoru İlham Kələşov deyib. Onun sözlərinə görə, bu yeniliklərin tətbiqi ilə bağlı təkliflər qanunvericilik şəklində aidiyyəti üzrə təqdim edilib:

"Müvafiq qaydada təsdiq prosesini keçdikdən sonra, yəqin ki, yaxın vaxtlarda bu yeniliklərin də istifadəsi mümkün olacaq”.

Qeyd edək ki, bu gün mənzilə ehtiyacı olan vətəndaşların əsas problemlərindən biri məhz ipoteka krediti zamanı ödəniş məbləğinin yüksək olmasıdır. Məhz bunu nəticəsidir ki, mənzil almaq istəyən bir çox vətəndaş ipoteka kreditindən faydalana bilmirlər.

Sabit gəlirli aşbaz, bərbər, dayə və digər vətəndaşların ipoteka kreditlərindən yararlanması üçün maddi imkanı çatacaqmı?

DİA.AZ-ın xəbərinə görə, iqtisadçı-ekspert Rəşad Həsənov Cebhe.info-ya açıqlamasında sabit vergi ödəyiciləri hesab edilən şəxslər kifayət qədər gəlir əldə etdiklərini deyib:

“Məsələn, bu gün xüsusilə də bərbərlər, dərzilərin gəlirləri var. Söhbət ipotekadan gedirsə, ipotekanın nə qədər həcmdə götürülməsi, aylıq borcun məbləğindən asılı olaraq ipoteka götürənin vəziyyətinin qiymətləndirilməsi daha yaxşı olardı. Məsələn, elə ipoteka götürülə bilər ki, onun aylıq ödəniş məbləği 150-200 manatdır. Bu aspektdən qiymətləndirsək, regionlarda daşınmaz əmlakın qiyməti aşağıdır. Bu imkan yaradır ki, həmin insanlar ipotekadan istifadə etməklə mənzil sahibi olsunlar. Az borclanırlar, çünki qiymət aşağıdır. Daha kiçik aylıqları icra etməklə bu öhdəliyi yerinə yetirə bilirlər.

Bu baxımdan mən düşünürəm ki, şərait yaradılması lazımdır. Eyni zamanda, onların müəyyən bir gəlirləri olsa da, onlar tam müdafiə olunan sosial qrupları da deyillər. Sadəcə həssas qruplardan qismən daha yaxşı dolanışığı olan insanlardır ki, bu imkanlar mənzil təminatını yaxşılaşdırmağa o qədər də imkan yaratmasa da, müəyyən gəlirləri var. Bu sahədə fəaliyyət göstərənlərin əksəriyyəti peşə sahibləridir. Peşə sahibləri öz fəaliyyət sahələrində davamlı çalışırlar. Onların bu imkandan istifadə etmək hüququ var və bu şəraitin yaradılması məqbuldur”.

Ekspertin sözlərinə görə həmin sabit vergi ödəyiciləri olan peşə sahiblərinin gəlirləri vergiyə münasibətdə müəyyənləşmir:

“Gəlirləri qismən qiymətləndirmək olar. Məsələn, vətəndaşın yığdığı vəsaiti, ilkin ödəniş qabiliyyətini, yaxud digər aktivləri, kommunal öhdəliklərinin yerinə yetirilməsi, məsuliyyətliyini və s. nəzərə almaq olar. Eyni zamanda, bugünkü ipoteka mexanizmində vacib deyil ki, vətəndaşın ödəmə qabiliyyəti mütləq maksimum səviyyədə qiymətləndirilsin. Çünki onsuz da predmetin özü girovdur. İlkin ödəniş məbləği yüksəkdir. Bankların əksəriyyəti 30 faizdən çox ödəniş tələb edirlər.

Bu şərtlər daxilində satılan mənzil üçün gəlirin haradan əldə edilməsi əsas deyil. Məsələn, hansısa qohumu verəcək. Bir məsələ də aydındır ki, Azərbaycanda mənzil məsələsi bəzən nəinki ailə, hətta tayfa qayğısına çevrilir. Sadəcə həmin insanların azgəlirli olmasını qəbul etmək lazımdır. Dövlət qulluğunda işləyən insanlara ipotekanın verilməsindənsə, o sosial qruplara ipotekanın yolunun açılması daha məqsədəuyğundur”.

Ekspert burada heç bir ciddi risk görmür:

“Onlar mümkün olduğu qədər o öhdəliklərini yerinə yetirməyə çalışacaq və bunun üçün səy göstərəcəklər”.
 
 

 


Ardını oxu...
“Muğan Bank” ASC-nin lisenziyası 19 oktyabr 2023-cü il tarixindən etibarən ləğv edilib, banka müvəqqəti inzibatçı təyin edilib və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub.

Mərkəzi Bankın İdarə Heyətinin yuxarıda qeyd olunan qərarı ilə “Muğan Bank” ASC-yə müvəqqəti inzibatçının təyin olunması ilə əlaqədar “Muğan Bank” ASC-nin idarә olunması üzrә bütün sәlahiyyәtlәr, o cümlәdәn bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçıya keçib.

Bəs “Muğan Bank”ın işçilərinin aqibəti necə olacaq?

Məsələ ilə bağlı danışan İctimai Şuranın üzvü, “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov Referans.Az-a bildirib ki, əgər bank tamamilə bağlanacaqsa, bu halda Əmək Məcəlləsinin 70-a bəndi işə düşür:

“Yəni müəssisənin ləğvi ilə bağlı işçilərin ixtisar olunması prosesi başlayır. Həmin maddəyə uyğun olaraq həmin müəssisədə işləyənlərin sığorta stajı nəzərə alınmaqla onlara kompensasiya ödənilir. Bu kompensasiyalar iki aya qədər ola bilər. Əgər o bankın ləğv edilib hansısa digər banka birləşdirilmə halı olarsa, işçilərin bir qismi də ora keçə bilər”.

Eyni zamanda bir müddət orada ləğv etmə prosesləri davam edəcək. bir qism işçi qalıb həmin ləğv etmə prosesində iştirak edə bilər – deyə Sahib Məmmədov qeyd edib.

Hüquqşünas Turan Abdullazadə isə bildirir ki, bununla bağlı "Muğan Bank"ın rəhbərliyi qərar verməlidir. Onun sözlərinə görə, "Muğan Bank"ın lisenziyası Mərkəzi Bank tərəfindən ləğv olunubsa, bank buna heç bir şey edə bilməz.
 
Ardını oxu...
Şəhid xanımı rəsmi qurumlardan şikayətçidir: “Deyirlər ki, vaxtınız çatmayıb, İkinci Qarabağ Müharibəsinə görə əvvəlki şəhidlərə veriləcək evlər müvəqqəti təxirə düşdü”

Gədəbəy rayonu, Daşbulaq kənd sakini, şəhid xanımı Məmmədova Fəridə Əli qızı tərəfindən "Hürriyyət" qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi deyir ki, illərdir ev növbəsində olmasına baxmayaraq, dövlət tərəfindən şəhidin ailəsinə ev verilməyib:

"Mən, Məmmədova Fəridə Əli qızı, yazaraq sizə bildirirəm ki, yoldaşım 1993-cü ildə şəhid olub. O vaxtdan öz evim yoxdur, müvəqqəti olaraq qohum evində yaşayıram. Nə vaxt müraciət etsək, “vaxtınız çatmayıb, İkinci Qarabağ Müharibəsinə görə əvvəlki şəhidlərə veriləcək evlər müvəqqəti təxirə düşdü” deyirlər. Belə qanun, belə saxtakarlıq olar? Şəhidin köhnəsi, yenisi var? Bütün şəhidlər Azərbaycana aid deyil ki?

2 qız övladım var, çətinliklə dolanıram. Xahiş edirəm bizə dəqiq məlumat versinlər, özləri dediyi kimi, “köhnə şəhidlər”ə ev verilir, ya verilmir?" Bu qədər ayrı-seçkilik olmaz axı”.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyi ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
 
Ardını oxu...
Hər ay büdcədən müavinətlərə yüzmilyonlar silinir

Prezident Heydər Əliyev 26.12.2001 tarixli 613 saylı “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” Fərmanı ilə Azərbaycan dövlətinin ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsində , 1990-cı il 20 Yanvar hadisələrində , Böyük Vətən müharibəsində iştirakla əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə bərabər tutulunlara, həqiqi hərbi xidmət dövründə Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasına cəlb edilmiş və həmin qəza nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara – 26 manat; Böyük Vətən müharibəsi iştirakçılarına - 25 manat; həlak olmuş döyüşçülərin dul arvadlarına – 18 manat; Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanlarına, üç dərəcəli Şöhrət ordeninin hər hansı bir dərəcəsi ilə təltif olunmuş şəxslərə - 12 manat; Böyük Vətən müharibəsindən sonra vəfat etmiş döyüşçülərin dul arvadlarına – 12 manat aylıq müavinət verilməsini qərara alıb. Nə yazıq, Konstitusiyanın 149-cu maddəsinin IV hissəsi dərc edilmiş fərmanların tətbiqinin və icrasınının bütün vətəndaşlar, icra hakimiyyəti orqanları, hüquqi şəxslər üçün məcburi olmasını doğrulasa da, 22 ildir qüvvədə olan fərman Qarabağ əlillərinə, şəhid ailələrinə tətbiq olunmur. Vurğulayaq ki, fərmandan “şəhid ailəsi üzvlərinin hər birinə -12 manat” sözləri 31 dekabr 2020 tarixli 1223 nömrəli Prezident fərmanı ilə çıxarılıb. Böyük Qarabağ Zəfərindən sonrakı ayda şəhid ailələrinə bu “böyük diqqət və qayğını” sosial yönlü hökumət nə ilə izah edə bilər? Yaxşı, tutaq ki, bu “diqqət və qayğını” anladıq, bəs “həlak olmuş döyüşçülərin dul arvadları” kateqoriyasına şəhidlərin həyat yoldaşları niyə aid edilmir? Yoxsa şəhid- həlak olmuş döyüşçü sayılmır? Elə bu saymazlıq “qayğısı” şəhidlərin dul qalmış həyat yoldaşlarını həlak olmuş döyüşçülərin dul arvadlarına verilən 18 manatdan məhrum edib.
Qarabağ, 20 Yanvar əlillərinə müəyyən edilən 26 manatlıq aylıq müavinətin verilməsindən imtinanı ƏƏSMN tabeliyində DSMF-in qurumları “Sosial müavinətlər haqqında” 06.02.2006 tarixli qanunla “ciblərinə uyğun” yanlışla izah edirlər. “Cibə uyğun” yanlışlıq odur ki, prezident fərmanının tətbiqi və icrasının 2006-cı ildən dayandırılması Qarabağ əlillərinin əmək pensiyası kateqoriyasına keçməsi (?-M.B.) ilə “əsaslandırılıb qanuniləşdirilir”. Təsəvvür edin hətta Milli Məclisin başbilənləri bu “əsaslandırmaya” inanırlar. “Əsaslandırma” o qədər absurddur ki, dövlət hakimiyyəti orqanlarının buna inanmasına heyrətlənməyə bilmirsən. Belə çıxır, müharibə əlilləri 2006-cı ilə kimi prezident fərmanı ilə kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alırmışlar, 2006-cı ildən əmək pensiyasına keçiblər . Absurdluğu Böyük Vətən müharibəsi əlilləri və iştirakçılarına münasibətdə sosial məmurların yanlış “təfsiri”nin tətbiq olunmaması ortaya qoyur. Yəni, 80-100 yaşlı ll Dünya savaşı veteranlarına da 100 illiyi bu il bayram edilən Heydər Əliyev 22 il öncə sosial müavinət ayırıbmış? Bəs Böyük Vətən müharibəsi veteranlarının, onların dul arvadların müavinəti 2006-cı ildən “əmək pensiyaçısı olduqlarına görə” niyə kəsilmir, verilməsindən imtina olunmur? Bunu necə izah edə bilər DSMF-in fərmanı “cibinə, qarnına uyğunlaşdıran” məmurları? Biz hələ onu demirik ki, şəxs əlildirsə, mütləq ƏLİLLİYƏ GÖRƏ ya sosial müavinət alır, ya da əmək pensiyası. “Sosial müavinətlər haqqında” qanunun 5-ci maddəsinə görə isə, bir neçə müavinət almaq hüququ olan şəxslərə öz seçimləri ilə biri-ən yüksəyi verilir. Əlillər o qədər ağılsız oldular ki, 150-220-270 manat arası əlilliyə görə sosial müavinəti yox, 6-26 manat arası 25-45 dəfə az “kommunal xidmətlərə görə” müavinətini seçirlər?
Onu da vurğulayaq ki, Prezidentin 26.12.2001 tarixli fərmanında l-ll dərəcəli əlillər, sosial pensiyaçılar, yəni sosial müavinət alanlar da unudulmayıb, onlara da 6 manat kommunal xidmətlərin haqqını ödəməyə aylıq müavinət ayrılıb. Amma bunu da, maliyyə, sosial müdafiə qurumları vermir, özləri mənimsəyir. Bunu vurğulamaqda amacımız prezident fərmanı ilə ayrılan müavinətin sosial müavinət yox, ləğv edilən kommunal və digər güzəştlərin əvəzinə kompensasiya olduğunu maliyyə, sosial məmurların , hökumətin diqqətinə çatdırmaqdır. Yeri gəlmişkən, prezident fərmanının icrasını təmin etmək məqsədi ilə NK-nın 09.01.2002 tarixli, 2 saylı qərarı ilə təsdiq edilən Qaydaların 7-ci bəndində Maliyyə Nazirliyinin ƏƏSMN vasitəsilə müavinət alanlar üçün tələb olunan vəsaiti ƏƏSMN-in , digər orqanlardan vəsait alanlar üçün həmin orqanların xəzinə hesabına köçürməsi doğrulanıb. Belə çıxır, Maliyyə Nazirliyi hər ay dövlət büdcəsindən yüz milyonlarla vəsaiti əlillərə vermək üçün ƏƏSMN-in xəzinə hesabına köçürür, amma əlillərə verilmir ki, əmək pensiyaçısıdırlar.(?) Belə ayda yüzmilyonluqlarla yeyintini Maliyə, ƏƏSM nazirlikləri tək yeyə bilməz. Bəs Hesablama Palatası, bəs Ombudsman, bəs Baş prokurorluq və sair və ilaxir nəzarətedici qurumlar nə yesin?
Prezidentin icra olunmayan daha bir aktının yaşı 23 ildir. 29.12.2000 tarixli, 597 saylı sərəncamla indi 100 yaşı olan Prezident “Əlil olmuş və digər kateqoriyalardan olan bir qrup aztəminatlı vətəndaşlara dövlət yardımının artırılması”nı qərara alıb və Azərbaycan Respublikasını erməni təcavüzündən müdafiə edərkən və 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərə 50 (3-cü qrup),60 (2-ci qrup) və 70 min manat (1-ci qrup) müavinət ayırıb. Lakin sərəncamla bu müavinətin 15 min – 25 min manatını ödəməyə təhkim edilən DSMF dövlət büdcəsindən ayrılan hissəsini də vermir, özü yeyir. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı isə bu yeyintini də “Sosial müavinətlər haqqında” qanunla kommunal xidmətlərə görə müavinətlərin əmək pensiyasına keçdikdə dayandırılması ilə izah edir. Yeyinti, mənimsəmə özbaşınalığına baxın, Prezident sərəncamında “kommunal”ın adı belə çəkilmir, amma Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Qarabağ əlillərinin dövlət yardımını yemələrini “kommunal”la bağlayır. Dövlət hakimiyyəti orqanları -icra, qanunverici və məhkəmə isə bu özbaşınalığa uyur.
Nə isə...100 illiyində də Heydər Əliyevin aztəminatlı şəxslərə fərman , sərəncamlarla ayırdığı müavinətlər verilmədi. Büdcədən isə hər ay yüz milyonlarala vəsait bu müavinətlərə silinir...
Məğrur Bədəlsoy
https://e-qanun.az/framework/179
Teref.az
 
Ardını oxu...
Azərbaycan Respublikasının azadlığı və ərazi bütövlüyü uğrunda xəsarət almış, Müharibə veteranı olan işçinin əmək və ya məzuniyyət hüquqları necə və nədən pozulur?
İşçinin bu barədə olan xahişini nəzərə alaraq ad, familiyasını və işlədiyi müəssisənin adını yazmıram.
Fikrimcə, işçinin məzuniyyət hüququnun pozulmasında özünün qanunları bilməməsi olsa da işlədiyi müəssisənin də, ona hüquqi yardım göstərən vəkilin (hüquqşünas və ya digər şəxs də ola bilər) də, məhkəmənin də müəyyən səhvləri vardır. Belə ki:
1. AR-nın Əmək Məcəlləsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü yaralanmış işçilərə, məzuniyyət - 46 təqvim günündən az olmayaraq verilir.
2. Bu hüququnu bilməyən və ya məlumatsız olan işçi sonradan müəssisəyə müraciət edir, onun bu hüquqi təmin olunur, lakin bu hüquq onun müraciət etdiyi gündən sonrakı illər üçün təmin olunur. İlkin baxışda hər şey qanunidir, işçinin bu halda müraciət etdiyi gündən və ya ildən əmək və ya məzuniyyət hüququ bərpa olunub. Lakin bu halda işçinin hüququnun pozulmasının başqa tərəfi dəvar. Belə ki:
3. İşçinin belə bir hüququnun olmasını bilməməsi (əlbəttə bilməsi daha yaxşıdı) ola bilər, lakin burada müəssisə bildiyi halda nədən müəyyən hüquqi addımlar atmamış və işçiyə 46 təqvim günü üçün məzuniyyət verməmişdir? Belə ki,
4. İşlədiyi müəssisədə onun Müharibə Veteranı olması məlum idi, eyni zamanda bu işçinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda yaralanması müəssisədə məlum idi. Həmin işçinin müəssisədə Hərbi biletində də bu qeydlər yazılıb, müəssisəyə məlum idi, yəni, onun Müharibə veteranı və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda yaralanma faktı.
4. Digər bir fakt, məgər həmin işçinin hüququ olan məzuniyyət hüququ - humanist yanaşmaqla, həlli mümkün deyilmi? necə də olsa bu həm işçi kimi, həm Müharibə veteraı, həm də Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda yaralanmış işçi kimi onun qanunla nəzərdə tutulan müstəsna hüququdur, bu məzuniyyət günlərinə görə də ona pulun verilməsi müəssisəyə də hər hansı bir böyük maddi ziyan dəymir.
5. Digər tərəfdən, biz həmişə müharibə veteranlarına və qazilərimizə hörmətimizdən danışmağı çox sevirik. Əgər bu hörmət varsa, nədən qazimiz Əmək Məcəlləsində göstərilən46 təqvim günündən az olmayaraq məzuniyyət pulu almamalıdır?
6. Hüquqi yardım barədə. Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı olaraq dəfələrlə bildirmişik ki, əmək hüquqlarımızın müdafiəsi üçün bu sahəni bilən və peşəkar vəkil və ya hüquqşünaslara müraciət edin. Kiçik araşdırma zamanı məlum oldu ki, Müharibə veteranının müdafiəsini həyata keçirən vəkil və ya hüquqşünasın isə əmək hüququnda sadə qanunlardan belə xəbəri yoxdur. Belə ki, Müharibə veteranının işni aparan şəxs:
6. Müəssisə, inzibati orqan olmadığı halda, İddia ərizəsi ilə - Rayon məhkəməsinə deyil, - İnzibati məhkəməyə müraciət edir. Təbii olaraq İddia ərizəsi geri qaytarılıb.
7. Əmək mübahisəsi barədə olan İddia ərizəsini, Mediasiyaya müraciıt etmədən, Rayon məhkəməsinə təqdim edir. Təbii olaraq burdan da İddia ərizəsi geri qaytarılır.
8. Üçüncü dəfə İddia ərizəsi ilə Rayon məhkəməsinə müraciət edilib. Bu məhkəmə də isə İddia müddətinin ötmə səbəbinə görə İddia ərizəsi təmin edilməyib
9. Pul tələbi ilə əlaqədar iddia müddətini bilməməsi: Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.
10.İddia müddətinin buraxılmasının üzrlü səbəblərdən ötməsini əsaslandıra bilməməsi belə ki, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Lakin, təqdim edilmiş İddia ərizəsindı, bu hal kifayət qədər əsaslandırılmamışdlr.
11. Son nəticədə isə Müharibə veteranı və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda yaralanmış işçi əvvəlki illər üçün Əmək Məcəlləsi ilə nəzərdə tutulan ödənişli məzuniyyət pulunu ala bilmir, vəkil və digər xidmətlər üçün pul ödəyir, mənəvi iztirablar keçirir.
Azər Quliyev.
Teref.az

Dünyapress TV

Xəbər lenti