Ardını oxu...
İşçilərin: İş rejimi və iş rejimi barədə olan məhkəmə müraciətləri barədə bu halları da bilmələri də çox vacibdir:
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən iş rejimi əsasən 2 qaydada tənzim edilir. Birinci rejimdə, yəni, normal iş vaxtı rejimində çox az halda əmək mübahisəsi yaranır. Normal iş rejimi: gündəlik 8, həftəlik 40 saat, aylıq isə təqribən orta olaraq 160 saat. (normal altıgünlük iş həftəsində də əmək mübahisələri nadir hallarda yaranır).
İkincisi: iş vaxtının cəmlənmiş uçotunda isə əmək mübahisələri daha çox yaranır.Bu bəzi hallarda əmək qanunvericiliyini bilməmə, düzgün şərh və ya tədbiq edilməmə, digər hallarda isə qərəzli surətdə aparılır.
1.Azərbaycan Respublikası Əmək Məcəlləsi- bu Məcəllənin tələblərini pozmadan iş vaxtı cəmlənmiş uçotunun tənzimlənməsini tərəflərin, yəni İşçi və İşəgötürənin üzərinə qoyur.
2. İş vaxtının cəmlənmiş uçotunun tətbiqi qaydası: Kollektiv müqavilə ilə, müəssisədə iş vaxtının rejimini müəyyən edən Qaydalarla və ya Əmək müqaviləsi ilə tənzim edilir.
3. Lakin, iş vaxtının cəmlənmiş uçotu qəbul edilərkən, tərəflər arasında olan bu razılaşma -Əmək Məcəlləsinin tələbləri pozulmamaqla həyata keçirilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 43.3-cü maddəsinə əsasən: əmək münasibətlərində - işçilərin əmək hüquqları heç bir halda məhdudlaşdırıla bilməz.
4. Eyni zamanda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 43.4-cü maddəsinə əsasən isə: Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə başqa hal nəzərdə tutulmayıbsa, əmək müqaviləsinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz.
5. Bir çox işçilər də belə hesab edir ki, iş rejimi barədə məhkəmə qərarı da qəbul edilə bilər.
Beləliklə:
6. Bir faktı yaddan çıxarmaq olmaz ki, Məhkəmələr heç bir halda iş rejimi və ya İşəgötürənə iş rejimi barədə yol göstərmir və ya hansl iş rejimində işləməsi barıdə qərar qəbul etmir.
7. Lakin, əgər Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulan qaydada iş rejimi işəgötürən tərəfindən pozulmuş olarsa məhkəmə, işçinin iddia ərizəsi əsasında bu pozulmanı təsdiq edib, işçiyə dıyən maddi, mənəvi və digər ziyanın ödənilməsi barədə qərar qəbul edə bilər.
8. Əgər mühüm Həmkarlar ittifaqı təşkilatı yoxdursa və ya Kollektiv müqavilə yoxdursa iş rejiminin təbii ki, ibu sənədlə nizamlana bilməsi qeyri mümkündür.
9. Bu hallarda həmin bu münasibətlər yalnız Əmək müqaviləsi və müəssisədə iş vaxtının rejimini müəyyən edən Qaydalar ilə tənzimlənə bilər.
10. Əgər işçinin Əmək müqaviləsində 8 saatlıq iş rejimidirsə, İşəgötürən işçini iş vaxtının cəmlənmiş iş vaxtı uçotunda işlədə bilmız. İşlədırsə, yalnız işçinin razılığı və Əmək müqaviləsində müvafiq dəyişiklik etməklə işlədə bilər.
11. Əgər işçinin Əmək müqaviləsində 8 saatlıq iş rejimidirsə, İşəgötürən işçini iş vaxtının cəmlənmiş iş vaxtı uçotunda işlədirsə, bu halda 8 saatdan artıq iş vaxtı normasından artıq iş vaxtı hesab olunur və ikiqat məbləğdə ödənilir.
12. İstənilən halda: Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Əmək müqaviləsində və ya Kollektiv müqavilədə göstərilən iş vaxtından artıq işə cəlb edilən işçinin əmək haqqı ikiqat məbləğdə ödənilir.
Azer Quliyev
TEREF
Ardını oxu...
“2023-cü ildə Mülki Məcəlləyə edilən dəyişikliyə əsasən, istehlak kreditləri üzrə cərimə illik 5%-i keçə bilməz. Cərimə yalnız 180 gün müddətinə hesablanır. Bu dəyişiklikdən əvvəl belə bir məhdudiyyət mövcud deyildi. Qeyd olunan dəyişiklik yalnız vətəndaşların götürdüyü istehlak kreditlərinə şamil olunur. Sahibkarlıq kreditlərinə isə bu məhdudiyyət aid deyil, əvvəlki qaydalar qüvvədə qalır”.

Bu fikirləri iqtisadçı ekspert Əkrəm Həsənov KONKRET.az-a açıqlamasında səsləndirib.

“Sahibkarlıq kreditlərində məhkəmələr cərimənin miqdarını həddən artıq çox hesab edərsə, onu azalda bilərlər. Xüsusilə, sahibkarlıq kreditləri ilə bağlı işlərdə məhkəmələr bu imkanlardan yararlanırlar. Təbii ki, cərimənin hamısı deyil, kreditin məbləği, hesablanmış faizlər, borcun vəziyyəti və digər amillər nəzərə alınaraq bir hissəsi silinə bilər. Yeni qayda yalnız 2023-cü ilin sonundan sonra bağlanmış müqavilələrə aiddir”.
 
Ardını oxu...
"2025-ci ilin yeni tədris ilində istifadəyə veriləcək "Təhsil kartı” təşəbbüsü həm sosial, həm iqtisadi, həm də institusional baxımdan diqqətçəkici və simvolik əhəmiyyət daşıyır. Bu təşəbbüs Təhsilin İnkişafı Fondu tərəfindən həyata keçirilir və ilkin mərhələdə 300-dən artıq yerli şirkətin sistemə qoşulması artıq reallaşıb. Təklif olunan bu kart vasitəsilə müəllimlər, məktəb rəhbərləri və digər təhsil işçiləri nəqliyyatdan, ticarət şəbəkələrindən, ictimai iaşə obyektlərindən, sağlamlıq və istirahət mərkəzlərindən müəyyən güzəştlərlə istifadə edə biləcəklər. Bu, son illərdə təhsil işçilərinin sosial rifahı ilə bağlı atılan azsaylı sistemli addımlardan biridir və həm dövlət, həm də cəmiyyət tərəfindən müəllim statusunun möhkəmləndirilməsi baxımından əlamətdar hadisə sayıla bilər".

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov yeni tədris ilində təqdim olunacaq "Təhsil kartlar”nın əhəmiyyətindən danışarkən deyib.

Kamran Əsədovun sözlərinə görə, müəllimlərin sosial statusunun, rifah səviyyəsinin yüksəldilməsi təhsilin keyfiyyətinə təsir edən mühüm faktorlardan biridir:

"Müasir dövrdə müəllimə münasibətin göstəricilərindən biri də onun gündəlik həyatdakı imtiyazları və cəmiyyətdə ona təqdim edilən sosial statusdur. Təəssüf ki, hazırkı reallıqda müəllimlər ən çox şikayət edən və maddi çətinliklərlə yaşayan peşə sahiblərindən birinə çevriliblər. 2024-cü ilin statistikasına əsasən, Azərbaycan müəllimlərinin orta aylıq maaşı 510 manat civarındadır ki, bu da ölkə üzrə yaşayış minimumu (2024-cü il üçün 270 manat) ilə müqayisədə yüksək görünə bilər, amma real inflyasiya və bazar qiymətləri fonunda müəllimin ailəsini təmin etməsi və sosial xidmətlərdən istifadəsi kifayət qədər çətindir. Təhsil kartının tətbiqi bu vəziyyətə müəyyən qədər korrektə gətirə bilər. Bu kartla müəllimlər ictimai nəqliyyatdan güzəştli istifadə hüququ qazanacaq. Bu isə nəinki onların gündəlik xərclərini azaldacaq, eyni zamanda ölkə üzrə ictimai nəqliyyat sistemində müəllimlərə münasibətdə bir hörmət göstəricisi olacaq. Kitab mağazalarında, dəftərxanalarda, təhsil texnologiyaları təklif edən mağazalarda endirimlərin tətbiqi müəllimlərin peşəkar inkişafı üçün vacib olan resurslara daha əlçatan çıxışını təmin edəcək. Restoran və mədəniyyət obyektlərində tətbiq olunacaq güzəştlər isə müəllimin sosial həyatını fəallaşdıracaq, onların cəmiyyətlə daha inteqrativ mövqedə olmasına kömək edəcək”.

Kamran Əsədov bu sistemin mənfi tərəflərinin də diqqətdən kənarda qalmamasını xatırladıb:

"İlk növbədə, kart sisteminin real dəyəri onun tətbiq sahəsinin genişliyi və güzəştlərin həcmi ilə müəyyən olunacaq. Əgər endirimlər simvolik (5-10%) səviyyədə olacaqsa və ya xidmət təminatçıları tərəfindən effektiv tətbiq edilməyəcəksə, bu təşəbbüs kağız üzərində qalan, sadəcə formal sosial jest kimi dəyərləndiriləcək. Güzəştlərin məcburi deyil, könüllü əsasda təqdim olunması bu riski daha da artırır. Eyni zamanda, bu kartın hansı mexanizmlə, hansı müddətə və hansı kateqoriyalara verilməsi ilə bağlı dəqiq hüquqi-normativ baza yaradılmasa, tətbiqdə bərabərsizlik və sistemsizlik müşahidə olunacaq. Misal üçün, dövlət ümumi təhsil müəssisələrində çalışan müəllim kart alacaq, amma eyni dərəcədə təhsil yükü olan özəl məktəb müəllimi bu sistemdən kənarda qalacaqsa, bu, sosial narazılıq doğura bilər”.

Ekspert hesab edir ki, təhsil kartı həmçinin müəllimin ictimai nüfuzunu artıran vasitə funksiyasını daşıyacaq:

"Məsələn, aptekdə və ya mağazada kassada "Mən müəlliməm” deyərək güzəşt almaq, müəllim peşəsinə olan ictimai hörməti praktik şəkildə cəmiyyətə göstərən simvolik akt olacaq. Bu, şagird və valideynlərin də müəllimə münasibətinə dolayı təsir göstərə bilər. Bunu sosial psixologiya da təsdiqləyir: imtiyazlı status alan peşə sahiblərinə cəmiyyət daha çox məsuliyyət və hörmətlə yanaşır. Bu baxımdan, təhsil kartı yalnız maddi deyil, eyni zamanda simvolik, mənəvi yükə malik olacaq. Nəticə etibarilə, təhsil kartı layihəsi müəllimlərin sosial təminatının gücləndirilməsi, cəmiyyətdə nüfuzunun artırılması və təhsilin cazibədar peşə kimi təqdim olunması üçün potensial imkanlar yaradır. Lakin bu imkanların reallaşması onun tətbiq mexanizminin səmərəliliyindən, hüquqi əsaslarının möhkəmliyindən və kartın real alıcılıq gücündən asılı olacaq”.

Kamran Əsədovun fikirincə, bu sistemin davamlı olması üçün Təhsil Nazirliyi ilə yanaşı, İqtisadiyyat və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, həmçinin özəl sektorun geniş əməkdaşlığı tələb olunur.
Ardını oxu...
Gəncədə bir yeniyetmənin həmyaşıdları tərəfindən qətlə yetirilməsi cəmiyyətdə böyük narahatlıq yaradıb. Bildirilir ki, bu hadisə təkcə bir ailənin faciəsi deyil, daha geniş problemin göstəricisidir. Xüsusilə gənclər arasında zorakılığın artması ciddi siqnal kimi dəyərləndirilir. Çoxları hesab edir ki, uşaqların təhlükəsiz mühitdə böyüməsi üçün təcili tədbirlər görülməlidir.

Gənclər arasında qəddarlıq və aqressiyanın artması nə ilə bağlıdır?

Globalinfo.az-a danışan sosioloq Lalə Mehralı deyib ki, Gəncədəki hadisə dəhşətli toplumda yaşadığımızı sübut edir:

“Bundan əvvəl ölkədə yeniyetmələrin, məktəblilərin mübahisələrini, hətta qətlə səbəb olduqlarını görmüşdük, amma belə dəhşətli hadisə ilk dəfədir. Bir uşağa qarşı bu cür qəzəb, aqressiya nə deməkdir? Uşaqlarda öldürmək, işgəncə vermək duyğusu necə yarandı? Məlum qətli törədən şəxslərin valideynlərinin övladlarını belə sadist ruhda böyütmələrindən xəbərdar olduqlarına inanmıram. Onlar uşaqlarını işlərinə, TikTok, İnstagram kimi sosial şəbəkələrə “satırlar”. Ana bir videoya olan marağını övladının tərbiyəsinə yönəltmir. Yaxud ata çay evlərinə, domino oynamağa ayırdığı vaxtı oğluna-qızına sərf etmir. Bəzilərinin də işləməkdən zamanı olmur”.

Sosioloq bildirib ki, indi uşaqları zəmanə və çevrə böyüdür:

“Onlara insan olmaq da aşılana bilər, canilik də… Çoxları cinayətin səbəblərini məktəblərdə axtaracaq. Amma şagirdlər təhsil ocağında 5-6 saat vaxt keçirsə də, qalan müddətdə valideynlərinin yanında olurlar. Digər tərəfdən, məktəblər valideynlərə xəbərdarlıq etsə də, onlar günahı müəllimdə görəcəklər. Heç kim övladından şübhələnmir. Gəncədəki hadisə ilə bağlı da mütləq araşdırma aparılmalıdır ki, Elgünün anası dinclik tapsın”.

Xatırladaq ki, mayın 12-də Gəncə şəhərində küçədə döyülən 18 yaşlı Elgün İbrahimov aldığı ağır kəllə-beyin travmasından xəstəxanada vəfat edib.
 
Ardını oxu...
Hazırda "Azərbaycan Uşaqları" İctimai Birliyi - Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzində 43 uşaq var.

Bu barədə TNS-ə mərkəzin sədri Kəmalə Ağazadə məlumat verib.

O bildirib ki, uşaqlar müxtəlif yaşlardadır: “Kiçik yaşlı uşaqlarımız azdır. Əsasən, 13-17 yaş arasında olan uşaqlardır ki, bunlar da qızlardır. Cənub bölgəsindən, Aran, Gəncəbasar, Şimal bölgəsindən olan uşaqlar var”.

Kəmalə Ağazadə bildirib ki, uşaqların sığıncağa düşməsinin əsas səbəbi ailədən gördükləri münasibətdir: “Uşaqların sığınacağa düşməsi ailələrdən qaynaqlanır. Ailədə gördükləri biganə münasibət, davranışlar, uşaqları başqalarına etibar etmək, daha çox öz istəkləri üzərində fokuslanmaq kimi amillər var ki, nəticədə uşaqlar evdən qaçır, kənarda özlərinə yer axtarırlar”.

Birlik sədri vurğulayıb ki, bu il mart ayından bu günə qədər sığınacağa yerləşdirilən 25 uşağın demək olar ki, hamısı yenidən təhsilə bərpa olunub. Onlar ümumi orta təhsil səviyyəsi üzrə (9 illik) imtahanlarını veriblər, daha çox peşə ixtisaslarına fokuslanıblar.

Kəmalə Ağazadə Mərkəzin üzləşdiyi problemlərdən də danışıb. Bildirib ki, uşaqlara yetərli şəkildə dəstək olmaq üçün cəhd göstərsələr də, təşkilatın ən ciddi çətinliyi kimi maliyyə problemi aktualdır: “Sosial Xidmətlər Agentliyindən altı aydan bir çox cüzi məbləğlər ayrılır ki, bu vəsaitlə altı ayda fəaliyyət göstərmək mümkün deyil. Davamlı bir proqram olmalıdır. Bəzi qurumlar bildirirlər ki, bizim sizin təşkilata ödəniş etmək kimi bir öhdəliyimiz yoxdur. Biz akkreditasiyadan keçən bir təşkilatıq. Əgər dövlət qurumu bizə belə söz deyirsə, biz nə etməliyik? Kimə müraciət etməliyik? Maliyyə çatmır və işin keyfiyyəti aşağı düşür. Könüllü fəaliyyət bir neçə ay çəkir. Peşəkar mütəxəssislər maliyyə mənbələri olan iş tapır və gedir. Keçən ildən 8 mütəxəssis itirmişik. Qalan fədakar insanların getməməsi üçün çalışırıq. 18 ildir ki, sığınacaq fəaliyyət göstərir. Bizim fəaliyyətimiz xeyriyyəçilər tərəfindən formalaşır. Biz bu gün qrant verən təşkilatlardan əsasən işçilərin əməkhaqqı üçün vəsait istəyirik”.

K. Ağazadə bildirib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə sığınacaq üçün gözəl bina tikilib. O qeyd edib ki, hazırda binanın kosmetik təmir işləri aparılır: “Yeni binada ümumillikdə 60 uşağın yerləşməsi, reabilitasiyası üçün şərait yaradılıb. Bütün avadanlıqlarla təchiz olunmuş binada çalışacaq mütəxəssis yoxdur. Əməkdaşların sayı çox azdır və onlar 20-25 uşağa ancaq xidmət edə biləcəklər. Reabilitasiya prosesi çərçivəsində yalnız psixoloq və hüquqşünaslar çalışmır. Uşaqlara qayğı üçün dayə, tərbiyəçi, aşpaz və xadimələr də var. Bunların isə haqqında heç kim, heç yerdə danışmır”.
 
Ardını oxu...
"Mövsümi olsa da, bazar qiymətləri, xüsusilə də meyvənin qiyməti alıcıların cibinə uyğun deyil. Həm tələb-təklif faktoru var, bununla yanaşı sahibkarın “tez zamanda çox qazanmaq” arzusu da var".
Bu fikirləri Redaktor.Az-a iqtisadçı Günay Hüseynova bazarlardakı qiymətlərdən danışarkən bildirdi.
"Burada nə məhsulu satan kəndli qazanc əldə edir, nə də alıcı razı qalır. Yetişən məhsulun dərhal xarici bazara ixracı, sahibkarın çox qazanmaq arzusu, alıcının nübar məhsul almaq istəyi, bunlar qiymətə təsir göstərən faktorlar arasındadır. Bir neçə il öncə istehlakçılar yeni yetişən məhsulu kilolarla alırdı, indi isə mağazalarda qramla satılır".

İqtisadçı bildirdi ki, məhsulun kiloqram hesabı olduqca baha olduğu üçün 250–300 qramlıq paketlərin qiyməti də cibə uyğun olmur.
"Bununla yanaşı satış siyasəti də var. Həm həmin paketlərin üzərindəki kiloqram qiyməti kiçik yazılır, həm də bütöv kiloqram qiyməti yazılsa, alıcı sayı azalır. Məsələn, mövsümündə alça, çiyələk əsasən paketdə satılır. Nə üçün şaftalı, alma, gavalı paketdə satılmır və ya digər meyvələrə nisbətən çox bahalı deyil? Amma bu təklif-tələblə əlaqəli deyil", - deyə Günay Hüseynova qeyd etdi.

Aytəkin TOFİQQIZI
 
Ardını oxu...
Saatlı rayon sakini Məmmədov Sənan Ağagül oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən narazılığını bildirir:

“Mən, Məmmədov Sənan Ağagül oğlu, iki ilə yaxındır 2-ci mərhələ 4-cü dərəcəli, bədxassəli burun-udlağı karsinoması xərçəng xəstəliyindən əziyyət çəkirəm. Bir ildir Milli Onkologiya Mərkəzində qeydiyyatdayam. Son 7-8 aydır günümün 80-90%-ni yataqda keçirirəm, yeməyim-içməyim belə yatağıma qəlir.

Bir ildən çoxdur ki, burnumdan nəfəs ala bilmirəm, eşitmə qabiliyyətim də birtərəfli itib. Dözülməz baş-boyun və bədən ağrılarından əziyyət çəkirəm, gecələr yata bilmirəm. Bu səbəbdən demək olar ki, əsəblərim təmiz pozulub. Həftədə 3-4 dəfə, əsasən də gecələr burnumdan şiddətli qan açılır. Bir neçə dəfə yuxudan boğularaq ayılmışam. Buna görə də ailəm də mənimlə bir yerdə əziyyət çəkir.

Özüm ailəliyəm, 2 azyaşlı, məktəbli övladım və xəstə, yaşlı anam var. Özümüz də aztəminatlı ailəyik, ailədə heç kəs işləmir. Bu günə kimi ünvanlı sosial yardım və heç bir digər yardım almamışıq. Çünki, xəstəliyimə qədər özüm işləyib ailəmə baxmışam.

Onu da bildirim ki, atam Məmmədov Ağagül Əvəz oğlu da 10 ay bundan əvvəl Bədxassəli xərçəng xəstəliyindən vəfat edib. İlk atam xəstə oldu, bütün imkanımız onun müalicələri və əməliyyatı üçün sərf olundu.

Sizə müraciətimin əsl səbəbi odur ki, xəstəliyimlə bağlı pensiya verilməsi üçün bu il fevral ayının 12-də Saatlı Rayon Mərkəzi Xəstəxanaya müraciət etdim. İki-üç gün sonra Şirvan Şəhər Mərkəzi Xəstəxanasında həkim komissiyasından keçdim. Mart ayın 14-də TƏBİB sənədlərimi təsdiq edib, əlilliyin qiymətləndirilməsi və təyini üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərdi. Mart ayının 24-də mənə 3-cü qrup əlilliklə əlaqədar 150 manat müavinət təyin etdilər. Halbu ki, mən 20 dəqiqə ayaq üstə dura bilmirəm. Çünki dayanmadan burnumdan su qəlir, tez-tez qan açıldığına qörə də başım fırlanır, qözüm qaralır. Bunlardan dolayı adam içinə çıxa bilmirəm, nəinki gedib hər hansı bir işdə işləmək. Kaş ki, sağlamlığım yerində olaydı...
Mən, sizin sayt vasitəsilə səlahiyyətli qurumlardan xahiş edirəm, yuxarıda yazdıqlarımı nəzərə alıb, xəstəliyimlə bağlı əlillik qrupumun 1-ci və yaxud 2-ci qrupa dəyişilməsinə və aztəminatlı ailə olaraq ünvanlı sosial yardım almağımızda kömək olsunlar".

Məsələ ilə bağlı Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən bildirdilər ki, Saatlı rayon sakini 1985-ci il təvəllüdlü Məmmədov Sənan Ağagül oğlunun əlilliyi 01.04.2025-ci il tarixdə elektron sistem üzərindən qiymətləndirilib və ona orqanizm funkdiyalarının 55% pozulmasına görə 2 il müddətinə əlillik təyinatı aparılıb".

Onu da qeyd edək ki, nazirliyin əməkdaşları 10 gündür müraciət edən şəxslə əlaqə saxlaya bilmirlər. Heç bir telefon zənginə cavab vermir.

Jalə FAMİLQIZI

P.S. Hörmətli şikayətçi, xahiş edirik nəzərə alın, işinizlə bağlı hansısa quruma müraciət edirik, siz də məsuliyyətli olub, ən azı telefon zənglərinə cavab verin. Həm narazılıq edirsiz, həm də zənglərə cavab vermirsiniz.
 
Ardını oxu...
Bu ilin aprel ayının əvvəlinə olan məlumata görə, Azərbaycanda 18 min 235 nəfərə şəhid ailəsi üçün nəzərdə tutulan təqaüd təyin olunub.
Yeniavaz.com xəbər verir ki, şəhid ailəsi üçün nəzərdə tutulan təqaüdün bir nəfərə düşən orta məbləği 384 manat 44 qəpik olub.
Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə 18 min 641 nəfərə şəhid ailəsi üçün nəzərdə tutulan təqaüd təyin olunub və bir nəfərə düşən orta məbləğ 385 manat 25 qəpik olub.
Açıqlanan məlumatlardan da göründüyü kimi, şəhid ailəsi olduğu üçün təqaüd alan şəxslərin sayı 406 nəfər, təqaüdün bir nəfərə düşən orta məbləği isə 81 qəpik azalıb.
Məlumat üçün qeyd edək ki, şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 600 manat müəyyən edilib.
Bu məbləğ hər bir şəhidə görə təyin edilir və ailə üzvlərinin sayına bərabər bölünməklə ödənilir.
Onu da qeyd edək ki, şəhid ailəsi üçün Prezident təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 100 manat artırılaraq 600 manata çatdırılsa da, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi veb saytında bu dəyişiklik öz əksini tapmayıb. Nazirliyin rəsmi saytındakı müvafiq bölmədə şəhid ailəsi üçün Prezident təqaüdünün aylıq məbləği hələ də 500 manat göstərilir.
Ardını oxu...
 
 
 
Ardını oxu...
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 2021-ci il 25 yanvar tarixli nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

Yeni imzalanan sənədlə 2025-ci ildə imtiyazlı şəxslərə pulsuz mənzil veriləcək və eləcə də bu proses 2030-cu ilədək davam etdiriləcək.

İqtisadçı, deputat Vüqar Bayramov bildirib ki, dəyişikliklə imtiyazlı şəxslər və ailələrin mənzil təminatı 2025-ci ilin sonunadək deyil, 2030-cu ilədək həyata keçiriləcək.

“Bu da həmin müddətdə bütün imtiyazlı şəxslərin dövlət hesabına mənzil təminatına imkan verəcək”, - o, əlav edib.

İqtisadçı vurğulayıb ki, sərəncama əsasən, 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi , o cümlədən hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi davam etdiriləcək:“Qanunvericiliyə əsasən, qeyd edilənlər ilə yanaşı, 16 avqust 2021-ci il tarixə kimi uçota alınmış gözdən əlilliyi olan şəxslər və uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunları üçün də pulsuz mənzillər nəzərdə tutulub. 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslər, eləcə də ölümündən sonra həmin ad verilmiş şəxslərin ailə üzvləri də imtiyazlı ailələr hesab olunurlar”.

V.Bayramov xatırladıb ki, hər il dövlət büdcəsindən imtiyazlı şəxslərin mənzil təminatı üçün vəsait ayrılır.

“İndiyədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə postmüharibə dövründə 6,8 min, ümumən ötən dövrdə 16 min mənzil və fərdi ev təqdim edilib. 2025-ci ildə isə daha 1000 mənzilin verilməsi nəzərdə tutulub”, - o, bildirib.
 
 
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, son günlərdə Bakının Nərimanov rayonunda yerləşən Sərhəddin Yolçuyev adına 207 nömrəli tam orta məktəbdə baş verən hadisə ölkənin təhsil sistemindəki problemləri bir daha gündəmə gətirib. Məktəbin direktoru Yaqut Müseyibliyə məxsus olduğu iddia edilən səs yazısında, "Son zəng" tədbiri üçün hər bir şagirddən 150 manat məbləğində pul tələb edildiyi eşidilir. Bu tələbin yerinə yetirilmədiyi təqdirdə, şagirdlərin tədbirdə iştirak etməyəcəkləri bildirilib. Valideynlər bu tələblə razılaşmayaraq etirazlarını bildiriblər və məsələ ictimaiyyət arasında geniş müzakirələrə səbəb olub.

Hadisə ilə bağlı araşdırma aparan Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, direktorun fəaliyyətində yol verdiyi nöqsanlara görə onu vəzifəsindən azad edib. Agentlik, təhsil müəssisələrində sağlam işgüzar mühitin təmin olunmasının və şəffaflığın artırılmasının əsas prioritetlərdən olduğunu vurğulayıb.

Yalnız bu hadisə deyil, zaman-zaman müxtəlif məktəb direktorları, məllimləri ilə bağlı narazıqlar olur. Bəs problemin həlli nədədir?

Ağ Partiya Mərkəzi Aparatının üzvü, ekspert Malvina Amirova mövzu ilə bağlı Musavat.com-a fikrini bildirib:

"Hər dəfə bir məktəbdə baş verən haqsızlıq, rüşvət, ayrı-seçkilik məsələsini dilə gətirəndə deyirlər ay aman, bu bir məktəbə aiddir. Xeyr, bu, bütün Azərbaycan məktəblərinin qanayan yarasıdır. Direktor kreslosunda oturanların bir çoxu özünü təhsil rəhbəri yox, özəl müəssisə sahibi kimi aparır. Valideynin cibinə baxır, müəllimin kimliyinə baxır, şagirdin potensialına yox, ailəsinin maddi durumuna baxır. Bu gün məktəblərdə pul verən uşaq öndə gedir, verə bilməyən isə “sən kimsən ki?” münasibəti ilə son sıraya atılır. Bu bir faktdır. İstər Bakıda olsun, istər rayonlarda, istərsə də qəsəbələrdə. Rüşvət universal bir silaha çevrilib, müəllimə diqqət istəyirsən, pul ver. Uşağın sinif rəhbərindən yaxşı münasibət istəyirsənsə, pul ver, tədbirdə iştirak etmək, dəyər verilmək, diqqət görmək istəyirsənsə, yenə də pul ver. Pulun yoxdursa, sus, otur, səni görən yoxdur. Bəs Elm və Təhsil Nazirliyi hara baxır? Bu qədər ictimai narazılıq, bu qədər fakt, bu qədər şikayət niyə nəticə vermir? Direktorlar niyə illərlə eyni məktəbdə padşah kimi qalırlar? Niyə heç bir şəffaflıq, heç bir nəzarət sistemi yoxdur? Çünki sistem özü rüşvətlə nəfəs alır. Valideynlərin bir qismi rüşvət sisteminə qarşı çıxmaq əvəzinə, onu özləri də dəstəkləyir və genişləndirirlər. Hər sinifdən 5-6 imkanlı valideyn övladını qabağa çəkmək üçün pul verir, 70-85% kasıb valideynin uşağı isə bu oyunun qurbanına çevrilir. Bu ədalətdirmi? Bu təhsildir? Bu gələcəyin qurulmasıdır?!”

Ekspert əlavə edib ki, məktəb direktorları üçün mütləq şəkildə protokol hazırlanmalıdır: “Bütün fəaliyyətləri şəffaf sistemə bağlanmalıdır. Valideynin cibi yox, uşağın haqqı əsas götürülməlidir. Direktor kreslosuna oturub rüşvət şəbəkəsi quranlar qanun qarşısında cavab verməlidir. Bildiyim qədər, məktəb direktorları müəyyən müddətdən bir rotasiya olunmalıdır. Amma görünür, bəzi şəxslər üçün bu qayda keçərli deyil.

Məsələn, Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən 139 nömrəli Elxan Həsənov adına məktəbin direktoru İntizar Əhməd qızı İsmayılova, artıq 16 ildir kresloya yapışıb, buraxmaq fikrində də deyil. Elə bil, bu vəzifə ömürlük ona verilib. Rotasiya prinsipi kağız üzərində yox, real həyatda tətbiq olunmalıdır. Təəssüf ki, bu prinsip selektiv şəkildə tətbiq olunur və nəticədə illərlə eyni vəzifədə qalan direktorlar mövcudluğunu qoruyur. Cəmiyyətə zərər verən direktorların əməllərinə susmaq, şərik olmaqdır. Təhsil haqdır, alver yox”.
 

Dünyapress TV

Xəbər lenti