Ardını oxu...
"...Zəng edib, dedilər ki, yeddi min manat civarında kredit borcum var, ancaq hal-hazırda üç yüz manat ödəsəm, bank məhkəmə iddiasını geri çəkəcək, borcumu aylıq qrafikə böləcəklər. Ancaq bunu şifahi olaraq telefon vasitəsilə dedilər. Zəng edən şəxs bankın Problemli Kreditlər Şöbəsindən idi. Heç bir yazılı sənəd təqdim etmədən eləcə dedi ki, "üç yüz manat ödəniş et, məhkəmə iddiasını geri çəkək".
Adının anonim qalmasını istəyən vətəndaş, Bizimyol.info xəbər portalına müraciət edərək, kredit borcu olduğu bankın müvafiq şöbəsinin ona zəng etdiyini və aralarında yuxarıda qeyd olunan dialoqun keçdiyini bildirir. Banka qeyd olunan məbləğdə borcu olan vətəndaş zəng vasitəsilə üç yüz manat tələb edən bu şəxsin kimliyini bilmir. Heç bir rəsmi sənəd təqdim edilmədən, eləcə "pulu ödə, məhkəməyə verməyək" anlamında hər hansı bir nömrədən zəng gəlib.

Belə hallarla üzləşən vətəndaşlar nə etməlidirlər?
Özünü Problemli Kreditlər Şöbəsinin əməkdaşı kimi tanıdıb, telefonda şifahi şəkildə vətəndaşdan pul tələb edən bu şəxslərə pul ödənilməlidirmi?
Banklara məxsus "problem həll edən" belə "şöbə"lərin vətəndaşdan bu şəkildə pul tələb etməyə ixtiyarı varmı?
Məsələ ilə əlaqədar iqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov, Bizimyol.info xəbər portalının suallarını cavablandırıb.

"Fərz etsək ki, vətəndaşa zəng edən şəxs həqiqəti deyir... Yenə də bu, o demək deyil ki, "300 manat ödəsən, biz borcu siləcəyik". Mən belə başa düşürəm ki, vətəndaşı bu yolla aldatmağa çalışırlar. Onlar demək istəyirlər ki, "biz indilik səni məhkəməyə vermirik, ancaq indi 300 azn ödə, sonra da qalanını hissə-hissə ödə". Təbii ki, bu təkliflə razılaşmaq qəti olmaz. Ona görə ki, əgər vətəndaş artıq gecikməyə düşübsə, ona faizdən əlavə cərimə də hesablayıblar. Adətən müqavilələrdə göstərilir ki, belə olduğu halda - müştəri pul ödədiyi zaman ilk növbədə, cərimənin məbləği çıxılır. Həmin vətəndaş gedib 300 manatı ödəsə, hamısını cəriməyə çıxacaqlar. O da hələ bilinmir ki, sözlərinin üzərində durub, məhkəmə iddiasını geri çəkəcəklər, ya yox. Sözdür, sadəcə ortaya atıblar.

Ümumiyyətlə, bank olsun, sığorta şirkətləri olsun, vətəndaşa bu cür təkliflər yazılı şəkildə verilməlidir. Tutaq ki, ödədim, qarşılığında nə olacaq? Anlaşılmz vəziyyət odur ki, ətəndaş məhkəmədən niyə çəkinir? Bu məsələ ən pis halda illərlə davam edəcək. Axırda deyəcəklər ki, gəlsin, pulunu ödəsin. Yəni məhkəmə vətəndaşa nə edəcək? Bank vətəndaşa elə minnət qoyur, elə üslubla danışır ki...

O şərtlə barışıq etmək olar ki, həmin cərimələri silsinlər. Yəni vətəndaş ödəniş edəcəksə, bu ödəniş cəriməyə yox, əsas məbləğə çıxılır. Əgər bank rəsmi qaydada bununla razılaşırsa, o şərtlə danışıq aparmaq olar.

Bir daha qeyd edirəm, bütün bunlar yazılı, yəni rəsmi şəkildə aparılmalıdır. Əgər razı deyillərsə, onda onlara güvənmək olmaz. Şübhəsiz ki, razılaşmadan sonra "biz elə söz deməmişik" deyərək boyunlarından ata bilərlər" - deyə, hüquqşünas bildirib.
 
Ardını oxu...


“Sosial müavinətlər haqqında” Qanuna son dövrlər edilən dəyişikliklərdən biri də müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçuların uşaqlarına müavinətin verilməsidir. Belə ki, həmin qanunun 4-cü maddəsinə əsasən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına aylıq müavinətin verilməsi həyata keçirilir. Hazırda aylıq müavinətin məbləği 120 manatdır.
Bu müavinət hərbi qulluqçularının həqiqi hərbi xidmətdə olduğu müddətdə ödənilir.

"Bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, bu müavinət hərbi qulluqçuların ailə üzvlərinin sosial dəstəklənməsi baxımından vacib olsa da, aparılan monitorinqlər göstərir ki, həmin ödənişlər barədə ictimai məlumatlandırma yüksək deyil:

"Müraciət etmə qaydalarına gəldikdə isə bu müavinəti almaq üçün yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, “DOST” mərkəzinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə" müraciət edilməlidir. Müavinət yalnız Azərbaycan vətəndaşlarına şamil edilmir. Eyni zamanda, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmamışdırsa, ölkəmizdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər və əcnəbilər də müraciət etmək hüququna malikdirlər".

Millət vəkili deyir ki, müraciət üçün tələb edilən sənədlərin sayı da çox deyil: "Müraciət edən şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti, uşağın şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnaməsi, həmin vətəndaşımızın müddətli həqiqi hərbi xidmətdə olmasına dair Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin arayışı ilə müraciət etməsi mümkündür. Müavinətin təyin olunması barədə müraciətə qeydə alındığı gündən ən geci 10 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir. Müavinətin təyin olunmasından imtina edilməsi barədə qərar qəbul edildikdə, 5 gün müddətində imtinanın səbəbləri göstərilməklə, müraciət edən şəxsə rəsmi məlumat verilir. Müraciət edən şəxsin bu qərardan məhkəməyə şikayət etmək hüququ var".

"Bir mühüm məqam da ondan ibarətdir ki, əgər hərbçimiz bu müavinət barədə gec məlumat əldə edibsə, o zaman ona müraciət edildiyi tarixdən əvvəlki üç il üçün də vəsait ödənilir. Yəni, bu müavinətin verilməsindən gec xəbər tutan və vəsaiti almaq hüququ olan vətəndaşlarımız əvvəlki 3 il üçün hesablanmış pulu da almaq hüququna malikdirlər", - deyə V. Bayramov əlavə edib.
Ardını oxu...
Deputat həyəcan təbili çaldı; ekspertlər hesab edir ki, qanunların icrasına nəzarəti gücləndirmək lazımdır, yoxsa...

Bakıda tikinti bumu yenidən canlanıb. Paytaxtın müxtəlif ərazilərində köhnə məhəllələr, “xruşşovka”lar sökülür və hündür binalar inşa olunur. Bu prosesdə iki problem özünü qabarıq şəkildə büruzə verir. Birincisi, ərazidə yaşıllıqlar məhv edilir və yeni yaşayış komplekslərinin ərazisində ağac əkməyə yer qalmır. İkincisi və ən ciddi problem tikinti şirkətləri ilə vətəndaşlar arasında yaranan kompensasiya məsələsidir.

Bununla bağlı deputat Qüdrət Həsənquliyev Milli Məclisdəki çıxışında kifayət qədər açıq danışıb.

Deputat mülkiyyət toxunulmazlığı məsələsindən bəhs edib. O qeyd edib ki, “məruzənin 38-ci səhifəsində qeyd olunur ki, son dövrlərdə Bakı şəhərində pilot layihələr üzərindən çox sayda köhnə çoxmənzilli yaşayış binaları və fərdi yaşayış evləri sökülərək yeni binalarla əvəzlənməkdədir. Söküntülər zamanı sakinlərə uyğun kompensasiya məbləğinin hesablanmaması, eyni zamanda mənzil sahiblərinə kirayə haqqının ödənilməməsi, yaxud ödənişin vaxtında həyata keçirilməməsi vətəndaşların haqlı narazılığına səbəb olub”.

Qüdrət Həsənquliyevin sözlərinə görə, Azərbaycanda müəyyən tikinti şirkətləri var ki, onlar tikintiyə icazə almadan həm söküntü işləri aparır, həm də tikintiyə başlayırlar: “Heç bir dövlət orqanı da onları dayandırmaq gücündə deyil. Bununla bağlı məhkəmə qərarı olmuş olsa belə məhkəmə qərarları açıq şəkildə icra olunmur. Konstitusiyanın 29-cu maddəsində qeyd olunur ki, mülkiyyət hüququ - yəni heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz - dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Amma bizdə bilirsiniz, arxayın tikinti şirkətləri var. Bilirlər ki, onları heç kim hüquqi məsuliyyətə cəlb edə bilməyəcək. Bunlar özləri qiymət müəyyənləşdirirlər və var-dövlət bu şirkətlərin rəhbərlərinin gözünü elə tutub ki, onlar artıq bir çox dəyərləri itiriblər. Allahdan da qorxmurlar, amma başa düşmürlər ki, bir gün insanlara qan ağlatdıranlar Allahın qəzəbinə düçar olacaqlar və Allah onlara qan qusduracaq... Ümumiyyətlə, Milli Məclisin bu məsələlərdə məsuliyyəti nə qədərdir və biz necə edə bilərik ki, bu vəziyyəti dəyişək və bu cür acımasız şəxslərdən insanları xilas edə bilək ki, onların evləri, əmlakları dağıdılmasın? Mən, sadəcə olaraq, bu məsələ ilə bağlı ombudsmanın fikirlərini öyrənmək istəyirəm”.

Tikinti şirkətləri faktiki olaraq bezdirici üsullarla - kommunikasiya xətlərini dağıtmaqla, mənzili qəzalı vəziyyətə salmaqla, vətəndaşların mənzillərinə hər kvadrata görə maksimum 2000 manat ödəniş etmək üçün bütün üsullara əl atırlar. Hansı ki, onlar özləri həmin ərazidə tikdikləri binada mənzilin hər kvadratını 3500-4000 manata təklif edirlər. Vətəndaş da haqlı olaraq kompensasiyanı buna adekvat tələb edir. Ancaq fakt odur ki, MMC-lər gecə ikən vətəndaşın qanuni evini uçurur və sonra “istəsən də, istəməsən də 2000 min veririk, get nə bilirsən elə” formasında davranırlar. Bu, böyük problemdir və hər gün sosial şəbəkələrdə vətəndaşların fəryadını eşidirik.

Vəziyyət hətta o həddə çatıb ki, vətəndaşlar çıxış yolunu Prezidentdən kömək istəməkdə görürlər. Məsələn, Nəsimi rayonu Akademik Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin kəsişməsində yerləşən ərazidə evləri onların razılığı olmadan, varvarcasına sökülən vətəndaşlar Prezident İlham Əliyevə müraciət ediblər.

Sakinlər həmin müraciətlərinin Musavat.com-da dərc olunmasını xahiş edib. Həmin yazı ilə Musavat.com saytında bu linkdən tanış ola bilərsiniz. - https://musavat.com/news/vetendaslar-evlerini-ucuran-maqnatdan-prezidente-sikayet-etdi_1050722.html

Bu problemi kökündən həll etmək üçün hansı addımlar atılmalıdır?

Daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, bu problemin həlli yolları qanunvericilikdə nəzərdə tutulub: “Müəyyən normativ sənədlərdə onlar hamısı var. Sadəcə olaraq, onlara əməl edilmir. Onların icrasına nəzarəti gücləndirmək lazımdır. İkinci tərəfdən, bəzən vətəndaşlar özləri də haqsız tələblər irəli sürürlər. Yəni tikinti şirkətlərini fakt qarşısında qoyurlar. Tikinti şirkətləri məcburi addım atmağa sövq olunurlar. Təbii ki, problemin çoxu tikinti şirkətinin özündədir. Onlara göstəriş verilir, nə edirsən-et, bu ərazini boşalt və tikintiyə başla. O da belə vəhşiliklər törədir. Bu problemlər də ona görə baş verir ki, şüurun inkişaf səviyyəsi aşağıdır. Xüsusilə də tikintidə işləyənlərdə bu problem daha çoxdur. O səbəbdən də qanunlara və müəyyən normativ sənədlərin icrasına nəzarət artırılmalıdır. Bunun başqa cür həlli yolunu mən görmürəm”.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev isə deyib ki, söküntülər iki cür aparılır: “Birincisi, özəl şirkətlər tərəfindən köhnə evlər sökülüb yerində yeni binalar tikilir. Adətən belə olduqda söküntünü həyata keçirən şirkət vətəndaşa yeni binadan mənzil verir. Bu, qanunun tələbidir. Vətəndaş mənzil təklifi ilə razılaşmayanda bazar dəyərinə uyğun pul verilir. Digər söküntü işləri isə dövlət tərəfindən aparılır. Qanunda da qeyd olunduğu kimi, hər hansı bir ərazi dövlət ehtiyacı üçün tələb olunursa, həmin ərazinin ölçüləri götürülür və bazar dəyərindən 20 faiz artıq kompensasiya verilir. Əgər verilən məbləğ və ölçülərlə bağlı vətəndaşın hansısa narazılığı varsa, hansısa memarlıq şirkətinə müraciət edərək bu məsələni məhkəmədə mübahisələndirə bilər. Qeyri-yaşayış obyektləri isə daha yüksək dəyərdə hesablanmalıdır. Əslində plana düşən zaman obyektin qiyməti mənzildən daha yüksək dəyərdə hesablanır. Əgər bir ərazinin sənədi qeyri-yaşayış təyinatlıdırsa, təbii ki, mənzildən daha bahadır və əraziyə görə dəyişir. Məsələn, ev söküntüsü zamanı yeni tikilən binadan vətəndaşa 1 mənzil təklif edilirsə, qeyri-yaşayış obyekti söküləndə iki, hətta üç mənzil də təklif oluna bilir. Digər tərəfdən, yeni tikilən binadan sənə məxsus olan qeyri-yaşayış təyinatlı obyektini yenidən tələb etmək də mümkündür. Əgər bu, dövlət əhəmiyyətli söküntüdürsə, bu zaman qiyməti dövlət özü təyin edir. Yenə də vətəndaşa verilən məbləğ onu qane etmirsə, qiymətləndirmə şirkətlərinə müraciət edib, nəticə əsasında məhkəmədən real bazar dəyərini tələb edə bilər”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”
 
Ardını oxu...
Ötən il uşaqları avaralıq və dilənçiliyə cəlb edən 345 valideyn barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokollar tərtib edilərək məhkəmələrə və yerli icra hakimiyyətləri yanında komissiyalara göndərilib.

Bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında Hesabatında qeyd olunub.
Bildirilib ki, valideyn nəzarətindən, ictimai təsir vasitələrindən, pedaqoji mühitdən kənarda qalan, müxtəlif qanun pozuntularına yol verdiklərinə görə polis orqanlarına, xüsusi qəbul, saxlama və təcridetmə mərkəzlərinə 5 446, o cümlədən avaralıq və dilənçiliklə məşğul olan 342 azyaşlı gətirilib. Onlardan 654-ü polisdə profilaktiki qeydiyyata götürülüb. Valideyn himayəsindən kənarda qalmış və sosial təhlükəli vəziyyətlə üzləşmiş 150 azyaşlı körpələr və uşaq evlərinə, sosial sığınacaqlara yerləşdirilib, zəruri yardım, himayə və köməklik göstərilməsi üçün səhiyyə, sosial-müdafiə və digər dövlət qurumlarına 168 məlumat və müraciət ünvanlanıb. Valideynlərdən 38 nəfəri profilaktik nəzarətə götürülüb.
 
Ardını oxu...
Bəzi bank şirkətlərinin mobil tətbiqlərində aylıq kredit ödənişləri doğru olmayan və şişirilmiş qrafiklərlə göstərilir. Həmin bankların müştəriləri mobil tətbiqdə onlara göstərilən bu qrafikin yanlış olduğunu, məsələn, 300 azn kredit borcu olmasına rəğmən, bir il boyunca hər ay 115 manat ödəməli olduğu barədə mobil tətbiqin onlara göstərdiyi yalançı qrafik haqda bankın qaynar xəttinə, hətta fiziki şəkildə filialına müraciət etsələr belə, həmin problemə baxılmır, sadəcə "zəng edəcəyik", yaxud da "tətbiqin problemi deyil, siz tez-tez pul nağdlaşdırdığınızdan, tətbiq borcunuzu bu formada hesablayıb" kimi tutarsız, məntiqdən kənar açıqlamalar verirlər. Bank tətbiqlərində yaşanılan bu cür mənfi halların, əslində, həmin tətbiqdəki texniki problemlərdən qaynaqlandığı, tətbiqlərə yenilənmə gətirilmədiyi, bankların tətbiqlərindən məsul İKT əməkdaşlarının bu problemə məqsədli şəkildə, bilərəkdən göz yumduğu barədə iddialar da var.
Həqiqətənmi, banklar mobil tətbiqlərində bilərəkdən belə problemlər yarada bilərlər?
Bu problemin əslində bir növ İKT sahəsi problemi olduğunu demək mümkündürmü? Əgər elədirsə, nəyə görə dəfələrlə müraciətlərə rəğmən, həmin problemi İKT əməkdaşları aradan qaldırmırlar?
Bank şirkətləri öz mobil tətbiqlərində belə süni problemlər yarada bilərlərmi?
Aktual problemlə əlaqədar İnformasiya-Kommunikasiya Texnologiyaları üzrə mütəxəssis Fərhad Mirəliyev Bizimyol.info xəbər portalının suallarını cavablandırıb. Bank tətbiqlərindəki bu növ problemlərlə bağlı şərh verən mütəxəssis bildirib ki, belə vəziyyətlərdə adətən, ola bilsin, komandaların işində müəyyən axsamalar olur ki, bu da nəticədə qüsurlu proqram təminatının hazırlanmasına gətirib çıxarır.

"Qeyd etdiyiniz problem proqram təminatının birbaşa alqoritmi ilə bağlı olan məsələdir. Texniki komanda hansı ki, texniki tapşırıq hazırlayır və sonradan keyfiyyət təminatı son nəticəni test edir. Komandaların işində görünür, müəyyən axsamalar olub. Bu da nəticədə qüsurlu proqram təminatının hazırlanmasına gətirib çıxarıb. Mən düşünmürəm ki, burada məqsədli şəkildə hansısa çatışmazlıqlar qoyulub, sadəcə proqram təminatının hazırlanması zamanı fəaliyyət planı düzgün tərtib olunmayıb. Deveolper və ya proqramçı dediyimiz yalnız verilən tapşırıqları icra edir və tapşırığın məntiqində xəta olan zaman proqram təminatına yansıyır.

Müştərilərilərə verilən uyğun olmayan cavablar və yaxud kobud davranış artıq başqa bir mövzudur ki, bu da bankın daxili təlimatları, müvafiq departamentləri tərəfindən tənzimlənməlidir. Yazışmalar, zənglər qeydə alınmalı və incələnməlidir. Çox vaxt müştəri xidmətlərində çalışan əməkdaşların problemin texniki aspektləri barədə detallı məlumatları olmur və ya öz anladığı kimi cavab verəndə də absurd vəziyyət yaranmış olur.

Müştəri belə hallarda göstərilən xidmət səviyyəsindən şikayətçi ola bilər və yaxud yazılı şəkildə proqram təminatında aşkarladığı xətanı banka bildirə bilər. Amma bu məsələlər həllini tapacaq, ya tapmayacaq, bu da sonrakı mərhələdə qalır. Ona görə də, ya istifadə etmək ya da imtina etmək artıq müştərinin şəxsi qərarıdır.

Ola bilər ki, problem məsul şöbəyə çatdırılmır. Ola bilər ki çatdırılır, laqeyd qarşılanır. Yenə də banklar müstəqil kommersiya qurumudur. Siz ancaq təklif verə bilərsiniz və ya xidmətlərdən imtina edə bilərsiniz. Müqavilənizi incələyin, əgər orda müvafiq bəndlər varsa və öhdəliklər pozulubsa, məhkəməyə müraciət edinş. Bundan başqa, Mərkəzi Banka da qarşılaşdığınız münasibət ilə bağlı şikayət bildirə bilərsiniz

Ən yaxşı vətəndaş mövqeyi boykotdur. Beləliklə, xidmətdən imtina edərək, digər bankın müştərisi ola bilərsiniz. Amma bizdə hələ o korporativ mədəniyyət formalaşmayıb. Təəssüf ki, aşağı yuxarı hamısı eyni olacaq" - deyə, İKT mütəxəssisi qeyd edib.
 
Ardını oxu...
Pandemiya səbəbi ilə 2020-2021-ci illərdə toylar qadağan edildi. Bu ərəfədə nikahların azalması başadüşləndir. Ancaq maraqlısı odur ki, 2023-cü il də son 20 il ərzində ən az nikah bağlanan il olub. Ötən il Azərbaycanda nikah sayı əvvəlki ildən 12% azalıb, boşanmaların sayı isə 36% artıb.

Mövzuya münasibət bildirən sosioloq Rəşad Əsgərov hesab edir ki, sosial müavinət almaq üçün əslində bir yerdə yaşayıb, sonradan rəsmi olaraq boşanma da bu statistikaya təsir edən amillərdəndir.

Sosioloqun sözlərinə görə, əslində, əhalinin sayında artım olması nikaha girənlərin sayında da artımla müşayiət olunmalı idi. Ancaq nikaha girənlərin azalması sosial problemlərlə bağlı olan məsələdir.

Rəşad Əsgərov düşünür ki, evlənənlər arasında tədqiqatlar aparmaq, boşanma dinamikasına təsir edən nüansları araşdırmaq, sosial iş institutunun praktiki fəaliyyətini genişləndirməklə bu sahədə nailiyyətlər əldə etmək olar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 
Ardını oxu...
1992-ci ildə Sədərəkdə şəhid olan Bahadur Abbasovun qızı İnci xanım işə düzəlmək üçün Prezidentin Naxçıvandakı xüsusi nümayəndəsinin (bundan sonra “canişin”) qəbuluna gedir. “Canişin” təbii ki, pulsuz ziyarətçi olduğunu anladığından onu qəbul etmir. Ali Məclisdən şəhid qızını yönləndirirlər Əliheydər adlı birinin üstünə. 2 saatdır axtarıraram, bu Əliheydərin Ali Məclisdə nə işlə məşğul olduğunu tapa bilmirəm.

Nə isə, sözüm onda yox, Əliheydər adlı adam İnci xanımı qəbul edir və Səhiyyə Nazirliyinə göndərir. Yanında da nazirliyin kadr məsələləri üzrə səlahiyyətlisi Günəş Qədimova ilə danışır və guya şəhid qızını ona tapşırır.

İnci xanım da etmir tənbəllik, gedir Günəş xanımın hüzuruna. Günəş xanım da qoymur heç şəhid qızı ağzını aça. Deyir ki, sənin atan çoxdan şəhid olub. Biz təzə şəhidlərin ailəsinə kömək edirik.

Qeyd edək ki, İnci xanım ailəlidir. İki uşağı var. Nə yoldaşı, nə də özü işləyir. Şəhid Bahadur Abbasovun 32 il əvvəl bizə miras qoyub getdiyi övladı indi Allah ümidinə yaşayır.

Naxçıvan canişinliyində “köhnəlmiş” şəhid hesab edilən Bahadur Abbasov kimdir?
Ardını oxu...
Bahadur Abbasov: 1960-cı il 31 iyulda Naxçıvan şəhərində anadan olub. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri qismində I Qarabağ müharibəsinin bir sıra döyüşlərinə qatılıb. Azərbaycan Xalq Cəbhəsinin üzvü idi. 1992-ci il 24 may tarixində erməni tərəfi ilə əldə edilmiş razılıq əsasında meyidləri dəyişməyə gedərkən şəhid olub. Naxçıvan şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.

***

İncinin incik xatirələri

Şəhid Bahadur Abbasovun qızı bu gün iş və ya sosial təminat almaq üçün Naxçıvan MR Əmək və Sosial Müdafiə Nazirliyinin qapısını döyüb. Bu nazirlikdən də ona “gedin evinizə, iş tapsaq, özümüz sizə zəng edərik” deyib yola salıblar.

İnci Abbasova atasını itirəndə 5 yaşında olub. O da kiçik bacısı Afaqla bərabər uşaq bağçasına gedirmiş. Mərhum Bahadur bəy dünyasını dəyişəndə Naxçıvan camaatı onun yadigarlarına pis baxmayıb. Hətta şəhidin qızlarının getdiyi uşaq bağçasına İncinin adını veriblər. Amma bu əzizləmə uzun sürməyib. Vasif Talıbov hakimiyyətə gələndən sonra İncinin adı uşaq bağçasından silinıb. O dövrü çətinliklə xatırlayan İnci xanımın yaddaşında bəzi silik xatirələr qalıb.

Bununla belə, dediyinə görə, Vasif Talıbovun zamanında onlara “canişin” əfəndinin vaxtından daha çox diqqət göstərilirmiş: “Vasif Talıbovun vaxtında Naxçıvan Dövlət Texniki kollecinin direktoru Asəf Rusenov məni qəbul etdi. Məni həmin kollecdə işə düzəltdi. Daha sonra Naxçıvan TV-də studiya rejissoru oldum. Göydə Allah var, Vasif Talıbovun dövründə bizə daha çox hörmət qoyulurdu. İndiki hakimiyyət isə bizi get-gələ salmaqdan başqa heç bir işimizə yaramır”, - İnci belə deyir.

Qeyd edək ki, İnci xanım Naxçıvan Dövlət Texniki kollecinin mühasibat uçotu və bank işi fakültəsini qırmızı diplomla bitirib.

1992-ci ildə İnci və Afaqın getdiyi uşaq bağçasının müdirəsi olmuş Rəna Hüseynova da işlədiyi müəssisəyə İncinin adının verilməsini təsdiqləyir.
Ardını oxu...
“Şəhidimiz Bahadur Abbasovun iki övladı, Afaq ve İnci mənim rəhbərlik etdiyim uşaq bağçasının fidanları olublar. İnci ailənin böyük övladıdır. Anaları ziyalı ve dəyərli Sürəyya xanımdır. Bahadur Abbasov şəhidlik zirvəsinə ucaldıqdan sonra mən müdirəsi olduğum bağcaya İnci adını verdim. Hər zaman diqqətim, qayğım onların üzərində olub. Bu gün İncinin qarşılaşdığı problem məni dərindən sarsıtdı. Ümid edirəm ki, tezliklə həllini tapacaq ve İnci balamız islə təmin olunacaq”, - İncinin hərbi şəhərcikdə getdiyi uşaq bağçasının sabiq müdirəsi Rəna Hüseynova redaksiyamıza ünvanladığı məktubunda yazır.
ovqat.com
Ardını oxu...
2024-cü il fevralın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5250,2 min nəfər olmuş, onlardan 4963,5 min nəfərini məşğul əhali təşkil edib.

Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, cari il yanvarın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı ilkin məlumatlara əsasən 1741,8 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 899,1 min nəfər, qeyri-dövlət sektorunda isə 842,7 min nəfər təşkil edib. İqtisadiyyatın neftqaz sektorunda 31,4 min nəfər, qeyri neft-qaz sektorunda isə 1710,4 min nəfər çalışıb.

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 22,9 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,4 faizi emal sənayesində, 6,5 faizi tikintidə, 3,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2,0 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,9 faizi mədənçıxarma sənayesində, 1,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub.

2023-cü ilin ilkin məlumatlarına əsasən ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilə nisbətən 11,2 faiz artaraq 933,8 manat təşkil edib. Əməkhaqqı neft-qaz sektorunda 3492,0 manat, qeyri neft-qaz sektorunda 885,2 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 904,0 manat, özəl müəssisələrdə isə 966,0 manat olub.

2023-cü ildə iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə orta aylıq nominal əməkhaqqı (manat)
Ardını oxu...
 
Ardını oxu...
Dövr, maraqlar, cəmiyyət dəyişsə də, dəyişməyən, zamanla qəlib formasına düşən cümlələr var. Bunlardan "iş tapa bilmirəm”, "yüksək maaşlı iş tapa bilmirəm” kəlmələrini daha tez-tez eşidirik.

Bəs görəsən, həqiqətənmi Azərbaycanda yüksək maaşlı iş tapmaq çətindir?

Oxu.Az-ın apardığı araşdırma göstərib ki, ölkədə eyni sahə üzrə müxtəlif maaşlı işlər təklif olunur.

Elan saytlarında ən yüksək maaş maliyyə sahəsində təklif olunur:

Maliyyə direktoru - 6 000 manat;

Baş mühasib - 4 500 manat;

Vergi direktoru - 4 500 - 6 000 manat.

Ən çox maraq olan satış sahəsində isə vəziyyət belədir:

Mağazanın bölgə müdiri - 2 500 - 3 000 manat;

Satış meneceri - 4 000 manat.

Əksəriyyətin gəlirlərin yüksək olduğunu düşündüyü təmir-tikinti sahəsində isə vəziyyət belədir:

Bu sahə üzrə santexnika ustalarına 800 manat, elektriklərə isə 500 - 1 500 manat arası əməkhaqqı təklif edilir.

Səhiyyə sahəsində isə vəziyyət tam fərqlidir. Eyni vəzifə üzrə müxtəlif qurumlar tərəfindən fərqli maaşlar təklif olunur. Belə ki, bir müəssisə həkimə 2 400 manat, digəri isə 600 manat maaş təklif edir. Digər ixtisaslardan:

Optika üzrə tibbi nümayəndəyə - 1 500 - 2 000 manat;

Əczaçıya - 700 - 800 manat;

Tibb bacısına - 500 manat əməkhaqqı təklif edilir.
 
 
 
Ardını oxu...
Güzəştli ipoteka kreditlərinin verilməsində şərtlər daha da yumşaldılmalıdır.

Bunu millət vəkili Naqif Həmzəyev deyib.

O hesab edir ki, xüsusilə universitetdə çalışan, elmi dərəcə ala bilməyən müəllimlərlə bağlı ipoteka şərtlərinə yenidən baxılmalıdır.

Onun sözlərinə görə, universitetlərdə çalışan və elmi dərəcə ala bilməyən müəllimlərə güzəştli ipoteka düşmür.

Millət vəkili bildirib ki, gənc ailələrə güzəştli ipoteka kreditləri üçün şərait yaradılıb, lakin 40 yaşına qədər olan ailələrin də güzəştli kredit şərtlərindən istifadə etməsi üçün bir sıra güzəştlər olmalıdır.

"İpoteka şərtlərinə dəyişiklik edilməsi vacibdir”, - deyə deputat vurğulayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

Dünyapress TV

Xəbər lenti