Ukrayna Prezidenti Volodimir Zelenski İrlandiyaya səfər edib.
Bu barədə RTE telekanalı məlumat yayıb.
Məlumata görə, onu hava limanında İrlandiyanın Baş naziri Saymon Harris qarşılayıb.
İkitərəfli görüş zamanı V.Zelenski və S.Harris Ukraynadakı müharibəni müzakirə edəcəklər.
“Saymon Harris ölkəsinin Ukraynanın Aİ-yə daxil olmaq cəhdinə dəstəyini bir daha təsdiqləyəcək. Müharibə başlayandan bəri Rusiya və Belarusa deportasiya edilmiş minlərlə ukraynalı uşağa yardım təklif edəcək. O, İrlandiyanın 20 minə yaxın uşağın vətənlərinə qaytarılmasını tələb edən beynəlxalq koalisiyaya üzvlüyünü təsdiq edəcək”, – məlumatda bildirilib. RBC-Ukrayna
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İrəvanla Bakı arasında sülh prosesinin müsbət nəticələnəcəyi təqdirdə Ermənistanla sərhədin açılmasının mümkünlüyünü istisna etməyib.
"DogruXeber.az" xəbər verir ki, jurnalistlər Türkiyə liderindən İrəvan və Bakı sülh müqaviləsi imzalanandan və bölgədə sülh mühiti yaranandan sonra Ankaranın Türkiyə ilə Ermənistan arasında sərhədi açmaq barədə düşünə biləcəyini soruşublar.
"Niyə də olmasın? Biz artıq Paşinyana bu məsələ ilə bağlı hər şeyi demişik. Biz sülh üçün bütün yelkənləri açmalıyıq. Ümid edirik ki, yaxın gələcəkdə Azərbaycan və Ermənistan arasında davamlı sülh əldə olunacaq. Biz bu sülhü bütün qəlbimizlə dəstəkləyirik. Açılış Zəngəzur dəhlizinin yaradılması bu sülh sazişini taclandıracaq bir addımdır”, - deyə Türkiyə lideri Vaşinqtondan Ankaraya qayıdan təyyarədə jurnalistlərə bildirib.
Onun sözlərinə görə, bu addımlar Azərbaycan, Ermənistan, Türkiyə və regionun digər ölkələrində rifah və sülhə müsbət töhfə verəcək.
“Biz bu cür müsbət aspektləri olan qərarların təxirə salınmadan qəbul edilməsini istəyirik”, - deyə Ərdoğan bildirib.
Onun sözlərinə görə, bölgədən müsbət siqnallar gəlir.
Litva hökuməti yeni prezidentin vəzifəyə başlaması ilə əlaqədar istefa verib.
Bu addım ölkə konstitusiyasında nəzərdə tutulub. Oxu.Az "İzvestiya"ya istinadən xəbər verir ki, cümə günü Baş nazir İnqrida Simonite hökuməti buraxıb, çünki Gitanas Nauseda ikinci müddətə prezident kimi and içib.
İndi Nazirlər Kabineti ən azı iyulun 16-dək müvəqqəti səlahiyyətləri çərçivəsində işləyəcək. Baş nazirin təsdiqi iyulun 16-da Seymin (parlamentin) iclasında baş tutacaq.
"Arzu edirik ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalansın və barış hökm sürsün".
Bu sözləri NATO sammiti çərçivəsində Vaşinqtonda mətbuat konfransı keçirən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Azərbaycanla Ermənistan arasında sülh sazişi bu ilin sonuna qədər imzalana bilərmi?" sualına cavabında bildirib.
"Biz bu sülhü mümkün qədər tez görmək istəyirik", - Türkiyə lideri söyləyib.
Onun sözlərinə görə, həm Azərbaycan, həm də Ermənistan hakimiyyəti bu istiqamətdə müsbət addımların atılmasının tərəfdarıdır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammiti çərçivəsində Vaşinqtonda ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşüb.
"Report" xəbər verir ki, görüşdə Türkiyə lideri bildirib ki, Ankara taxıl sazişinin bərpası üzrə işə başlayıb və Ukrayna münaqişəsinin həlli üçün vasitəçilik də daxil olmaqla istənilən təşəbbüslərə hazırdır.
Bundan əvvəl Ərdoğan iyulun 3-də Astanada Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşündən sonra bildirib ki, Türkiyə Qara dəniz taxıl sazişinin yeni formatda bərpa olunmasına ümid edir. O, bu istiqamətdə aparılan danışıqların nəticə verəcəyinə və Qara dəniz taxıl dəhlizinin yenidən işə başlayacağına ümid etdiyini bildirib.
2022-ci il iyulun 22-də İstanbulda imzalanan taxıl müqaviləsinin müddəti 2023-cü il iyulun 17-də başa çatıb.
“Son bir il yarım ərzində Azərbaycan və Ermənistan danışıqlar, o cümlədən dayanıqlı, layiqli və hər iki ölkə, region və ABŞ-la əlaqələr üçün böyük imkanlar yaradan sülh danışıqları istiqamətində vacib işlər görüblər”.
Gununsesi.info-nun Vaşinqton bürosu xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə üçtərəfli görüşdə deyib.
A.Blinken hər iki nazirə səylərinə görə təşəkkür edib:
“Bu gün Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə bir yerdə olmaqdan çox məmnunam. ABŞ Avropa İttifaqı və digər həmkarları ilə birlikdə bu prosesə dəstək verib. Bugünkü görüş əldə olunmuş irəliləyişləri nəzərdən keçirmək üçün bir fürsətdir. Bütün təmaslar, o cümlədən son həftələrdə aparılan müzakirələrə əsasən düşünürəm ki, tərəflər ABŞ-nin da güclü şəkildə dəstəklədiyi sülh razılaşmasını əldə etməyə yaxındır. Bu gün ABŞ-nin razılaşmanın əldə olunması üçün nələr edə biləcəyini müzakirə etmək üçün bir aradayıq”.
Yeni Azərbaycan Partiyası (YAP) qarşıdakı 3 gün ərzində 1 sentyabrda keçiriləcək parlament seçkilərində iştirak edəcək namizədlərinin siyahısını açıqlayacaq. Hakim partiyanın namizədləri ilə bağlı müzakirələr yekunlaşmaq üzrədir.
Qeyd olunur ki, hazırkı deputat korpusunda ciddi dəyişikliklər gözlənilir, paytaxtda və iri şəhərlədə YAP yeni simaların namizədliyini irəli sürəcək. Hakim partiyanın və ümumilikdə parlament tərkibinin təxminən 30-40 faiz yenilənəcəyi gözlənilir.
Mərkəzi Seçki Komissiyasının (MSK) dünən açıqladığı məlumata görə, cəmi 156 şəxs namizədliyini irəli sürmək üçün Dairə Seçki Komissiyalarına müraciət edib. Bu, seçkilərə 50 gün qaldığı müddətdə olduqca kiçik göstəricidir.
Məlumdur ki, millət vəkili seçilmək arzusunda olan bitərəflər, hətta özünü müxalifət adlandıran bəzi partiyaların nümayəndələrinin əksəriyyəti YAP-ın namizədlərinin açıqlanmasını gözləyir. Bu zaman hansı seçki dairələrində hakimiyyət üçün prinsipial, yaxud “qurbanlıq” namizədlər olduğunu təxmin etmək mümkün olacaq. Seçki yarışı, bitərəf namizədlərin təbirincə desək, hakim partiyanın “boş buraxdığı” dairələrdən seçilmək uğrunda gedəcək.
Bəzi iddialı şəxslərin “səhhətim yaxşı deyil, həkimin rəyindən sonra qərarımı verəcəm”, “namizəd olmaq istəyirəm, amma qəti qərar hələ verməmişəm”, “yaxın günlərdə bir qərarım olacaq” tipli açıqlamaları da YAP-ın siyahısının açıqlanmasına hesablanmış bəhanələrdir. Əsas gözlər iqtidar partiyasının namizədlər siyahısı ilə bağlıdır.
Qeyd edək ki, YAP ötən seçkilərdə Milli Məclisdə 68-75 deputatla təmsil olunub. Hakim partiya üçün prinsipial məsələ əsas qanunların qəbul olunması üçün tələb olunan 63 səsə malik olmaqdır. Bu, hakimiyyət üçün vacib baryerdir, onun təmin olunmasından sonra qalan seçki dairələrində partiya rəhbərliyinin məqbul bildiyi müstəqil namizədlərə şərait yaradılır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün ABŞ-a səfər edəcək.
Dia-az.İnfo xəbər verir ki, bu məlumatı “TRT Haber” yayıb.
Ərdoğanın səfəri iki gün davam edəcək. O, Vaşinqtonda iki gün davam NATO sammitinə qatılacaq. Sammit çərçivəsində Ərdoğanın digər dövlət başçıları ilə görüşləri olacaq.
“CNN Türk” yazır ki, Vaşinqtonda Ərdoğanın əsas müzakirə edəcəyi məsələ Qəzza sektoru, Ukrayna müharibəsi olacaq.
Vaşinqton sammitinə ABŞ Qafqaz ölkələrini də dəvət edib. Gürcüstan və Ermənistan artıq sammitə qatılacaqlarını bəyan ediblər, lakin Azərbaycan hələlik Ceyhun Bayramovun Vaşinqtona yollanıb-yollanmayacağına aydınlıq gətirməyib.
Sözügedən məsələni “Sherg.az”a şərh edən politoloq Elxan Şahinoğlu bildirib ki, NATO-nun Vaşinqton toplantısında əsas müzakirə mövzusu Rusiya-Ukrayna müharibəsi və Qəzzadakı vəziyyət olacaq:
“Rəcəb Tayyib Ərdoğanın iki mövzu ilə bağlı çıxışları olacaq. Rəcəb Tayyib Ərdoğan daha çox diqqəti Qəzza müharibəsinə yönəldəcək. Eyni zamanda, savaşın dayandırılması vacibliyinə toxunacaq və Fələstinin müstəqillik məsələsi də müzakirə obyekti olacaq. Rusiya və Ukrayna savaşı ilə bağlı da müxtəlif fikirlər səsləndiriləcək. Bu toplantıdan əvvəl də Rəcəb Tayyib Ərdoğan Ukrayna müharibəsi ilə əlaqədar müxtəlif təşəbbüslərlə çıxış edib və vasitəçilik təklifi irəli sürüb. Amma çox təəssüf müharibə elə vəziyyətə çatıb ki, tərəflər eyni masa arxasında oturmağa maraq göstərmir. Azərbaycanla Ermənistan arasında sülh sazişi isə müzakirə mövzusu olmayacaq. Çünki sülh sazişi ilə bağlı birbaşa danışıqlar gedir”.