Ardını oxu...
Ölkədə yeni doğulanların sayının kəskin azalması gələcək üçün yaxşı heç nə vəd vermir.

Ötən tədris ili üçün 152 minə yaxın şagirdin birinci sinfə gedəcəyi proqnozlaşdırılırdısa, bu il bu say 123300-ə bərabərdir. Qeyd edək ki, 2016-cı ildə 159464, 2017-ci ildə 144041, 2018-ci ildə isə 138982 uşaq dünyaya gəlib. Bu aidiyyəti qurumlar üçün də diqqətə alınacaq məsələdir. Yeni doğulan körpələrin sayının azalması isə uşaq pulunun verilməməsi ilə əlaqədardır. Bəzi ölkələrdə doğuşu stimullaşdırmaq üçün “uşaq pulu” ödənilir. Ölkəmizdə isə bu məsələ illərdir ki müzakirə olunsa da, hələlik müsbət nəticə yoxdur.

TEREF.AZ-ın məlumatına görə, Milli Məclisin deputatı Razi Nurullayev Cebhe.info-ya açıqlamasında bildirib ki, uşaq sayının azalmasında birinci səbəb sosial vəziyyətin ağırlığı ilə əlaqədardır:

"Azərbaycanda doğulan uşaqların sayının azalmasını yaxşı hal saymıram. Birinci səbəb kimi sosial vəziyyətin ağırlığını göstərə bilərəm. İnsanlar bir uşağı belə böyüdüb boya-başa çatdırmaq üçün əziyyət çəkirlər. Əgər bir ailənin yaxşı gəlir mənbəyi yoxdursa, uşağının yaxşı təhsil verə, sağlamlığını qoruya bilmirsə, o zaman ailədə ciddi problemlər yaranır. Bu günə qədər insanlarda müəyyən ümid var idi ki, “uşaq pulu” verilər və ya yeni doğulanlar üçün başqa bir formada yardım edilər.

Bunlar isə hələ yoxdur. Bu da ailələrdə ciddi narahatlıq doğurduğu üçün yeni cütlüklər bir uşaqla kifayətlənməli olurlar. Cəmiyyətimizdə vətəndaş nikahında yaşamaq və heç bir uşaq saxlamamaq meyilləri də var. Bu hal Bakı şəhərində hiss olunur. Bu isə Avropadan bizə transfer olunan yanaşmadır. Amma ümumilikdə çoxluq sosial vəziyyətə görə bir və ikidən artıq uşaq dünyaya gətirmək istəmir, boşanmaların sayı artır, evlənməyənlərin də sayı çoxalır".

Deputatın sözlərinə görə, mərhələ-mərhələ də olsa, “uşaq pulu”nu vermək olar:

“Uşaq pulu”nun verilməməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müxtəlif fikirlər ortaya atılır ki, çox böyük məbləğdir, bunu vermək olmaz. Amma mərhələli şəkildə çox şey etmək olar. Birincisi, dövlət tərəfindən xırda, heç bir tələbat təşkil etməyən onlarla sosial yardım verilir.

Bu sosial yardımların kəsilməsi və əvəzində “uşaq pulu”nun verilməsi daha yaxşı yanaşma olardı. Həmişə demişəm ki, bir yaşından üç yaşına qədər olan uşaqlara pulsuz ərzaq yardımı verilməlidir. Yəni valideyn heç olmasa, bu yaş aralığında narahatlıq keçirməməlidir. Bu gün özümüz və Avropadakı insanların sağlamlıq durumuna baxsaq görərik ki, onlar daha sağlamdır, ucaboydur, amma Azərbaycanda bunun əksidir. Bu da uşaqlarımıza qoyulan fundament səbəbindəndir. Mərhələ-mərhələ də “uşaq pulu”nu təşkil etmək olar. Ümid edirəm buna nə zamansa qayıdılacaq".
Ardını oxu...
Azərbaycanda əhali işsizlikdən böyük əziyyət çəkir. Məhz iş imkanlarına görə ölkədə yaşayanların az qala yarısı paytaxtda toplaşıb. Bölgələrdə heç iş yoxdur. Kəndlərdə işsizlər ordusu toplaşıb. Amma hökumət deyir ki, ölkədə işsiz çox azdır.
Bizimyol.info xəbər verir ki, Azərbaycanda iqtisadi fəal əhalinin 5,2 milyon nəfərdən çox olduğu bildirilir. Guya bu qədər insanın 94,5 faizi işləyir. İşsizlik faizinin yalnız 5,5 olduğu iddia edilir.

Buna necə inanmaq olar? Hökumət pandemiya dövründə də işsizliyin aşağı-yuxarı bu qədər olduğunu deyirdi. Amma 190 manat üçün müraciət edənlərin sayının dəfələrlə çox olduğu üzə çıxdı. Özü də bu insanların əksəriyyətinin çoxdan işsiz qaldığı dəqiqləşmişdi. Hətta deputat Əli Məsimli parlamentdə saxta statistikanın axırına çıxmağın, Azərbaycanda real işsizlərin sayını ortaya qoymağın vaxtının çatdığını dilə gətirmişdi.

Azərbaycanda əhalinin 46 faizi kəndlərdə yaşayır. Hər halda rəsmi statistika belə deyir. Yəni 4,6-4,7 milyon nəfərdən söhbət gedir. Necə iddia eləmək olar ki, Azərbaycanda cəmi 289 min nəfər işsizdir? Hamıya məlumdur ki, kəndlərdə böyük "işsizlər ordusu" yaranıb. Guya hər 15-16 nəfərdən 1-i işsizdir. Heç inandırıcı səslənmir. Kəndlərdə, ümumiyyətlə, bölgələrdə vəziyyətin bu istiqamətdə çox pis olduğunu bilirik. Hökumət ortaya fərqli statistika qoya bilər. Bilirik ki, bölgələrdə insanlar işsizlik üzündən çox sıxıntı çəkir. Böyük ehtimalla hökumət günəmuzd çalışanları da əhalinin məşğul kateqoriyasına aid edib. Bu nə dərəcədə doğrudur?! Günəmuzd çalışanların böyük əksəriyyətinin əmək müqaviləsi yoxdur. Hamımız vəziyyətin necə olduğunu bilirik. Həmin şəxslər bir qarın yeməyə işləyirlər. Nə sığorta var, nə işin davamlı olacağına zəmanət. Bir gün işləyirsən, bir neçə gün işsiz qalırsan. Bunun harası məşğulluq oldu?

Həqiqətən də, saxta işsizlik statistikasına son qoymaq lazımdır. Real durum etiraf edilməli, problemdən çıxış yolları axtarılmalıdır. Ölkədə bu qədər işsiz olmamalıdır.
bizimyol
 
Ardını oxu...
"Sığınacaqda olan, amma sənədləri olmayan uşaqlar bu il birinci sinifə gedə bilməyəcək”. Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə deyib.
Onun sözlərinə görə, bu il birinci sinifə gedəcək uşaqların sayı 22-dir:

"Məktəbəqədər təhsill müəssisələrinə getməli olan uçaqların sayı 12-dir. Ümumilikdə, sığınacaqda 57 uşaq var, onlardan 3-ü korpədir, 6 qız peşə məktəbinə gedəcək, ötən il məktəbə gedənlər bu il də təhsilini davam etdirəcəklər. Amma bizi narahat edən bir problem var. Sənədləri olmayan, yerdəyişmədə problemləri yaranan, doğum şəhadətnaməsi olub vəsiqəsi olmayan bu uşaqlar electron sistemdə qeydiyyatan keçə bilmir. Çünki onların sənədləri yoxdur. Elektron sistem isə ancaq vəsiqə, arayış, qəyyumluq haqqında sənəd istəyir. İndi bu sənədlər yoxdur deyə, uşaqlar oxumamalıdır?”

Kəmalə Ağazadə bildirib ki, sənədsiz uşaqlar məktəbdən kənarda qala bilməz:

"Onlar da oxumalıdır. Biz ötən il də Elm və Təhsil Nazirliyinə müraciət etmişdik. Gəlib araşdırdılar, amma yenə də iki usagı kənarda saxladılar. Birini güclə fərdi təhsilə cəlb edə bildik, çünki vəsiqəsini düzəldə bilmişdik. O birisinə isə "yox” cavabı aldıq. Bu il isə mən yenə də rəsmi nazirliyə müraciət etmişəm. Amma hələ də mənim müraciətimə cavab verilməyib. Vaxtım daralıb, bu uşaqlar məktəbə və baxçaya getməlidirlər”.

Bahar Rüstəmli
Ardını oxu...
Əhalinin qocalması, həm də yeni doğulanların sayının azalması ilə əlaqədar iqtisadçı-ekspert Natiq Cəfərli sosial media hesabında həyəcan təbili çalıb. Ötən illərin statistik göstəricilərini müqayisə edən ekspert deyib ki, 2015-ci illə müqayisədə 2022-ci ildə 43 min 364 uşaq az doğulub: “Ölkəmizdə ildən-ilə doğuş sayı azalır. 2015-ci 166 min 210, 2016-cı ildə 159 min 464, 2017-ci ildə 144 min 41, 2018-ci ildə 138 min 982, 2019-cu ildə 141 min, 2020-də 125 min, 2021-ci ildə 110 min 700, 2022-ci ildə 122 min 846 körpə dünyaya gəlib. Digər çox ciddi problem də var – bizdə əhali də sürətlə qocalır və əngəlli insanların sayı kəskin artır.

Azərbaycanda ahıl şəxslərin (70 yaş və daha artıq olan) sayı 2000-ci ildə 226,7 min nəfərdən 2022-ci il 1 yanvar tarixinə olan məlumata əsasən, 452,1 min nəfərə çatib – təqribən 2 dəfəyə yaxın artım var. Bundan başqa əlilliyi müəyyən edilmiş şəxslərin sayı artaraq, bu müddətdə 251 min nəfərdən 615 min nəfərə qədər yüksəlib – bu göstəricidə də 3 dəfəyə yaxın artım qeyd olunub.

Yəni demoqrafik vəziyyətimiz kritikləşir, doğuş azalır, yaşlı və əngəlli insanların sayı artır – bu isə o deməkdir ki, bir müddət sonra təqaüd yaşında olanlar artacaq, obrazlı desək, “nəsillər arası həmrəylik” zənciri qırılacaq - indi indi gənclər işləyir, DSMF-yə pul ödəyir, o pulla təqaüdçülərə ödənişlər olunur, sonra indiki gənclər növbəti nəslin ödənişlərini təqaüd kimi almalıdırlar. Zatən DSMF öz xərcini ödəyə bilmir, büdcədən ən çox dotasiya alan qurumlardan biridir, bir müddət sonra büdcənin təqaüd və əngəlli insanlara ödəniş üçün daha çox vəsait ayırmağa məcbur qalacağıq. Bu isə bir tək neft-qaz sektorunda asılı olan büdcənin yükünü çəkilməz edəcək, ödənişlərin azalması, həyat keyfiyyətinin və səviyyəsinin daha da azalması baş verəcək”.
Ekspert hesab edir ki, demoqrafik vəziyyətin düzəlməsi üçün “uşaq pulu” təsis edilməlidir. Bu isə büdcəyə yüklənəcəyi üçün ölkədə dayanıqlı iqtisadi model tətbiq olunmalıdır.

TEREF.AZ-ın məlumatına görə, sosioloq Lalə Mehralı isə “Sherg.az”a açıqlamasında deyib ki, maddi-sosial problemlər içində çapalamasınlar deyə, aztəminatlı ailələr dünyaya birdən artıq uşaq gətirmək istəmir: “Hər nə qədər Azərbaycanda demoqrafik problem yoxdur, artım tempi normaldır kimi fikirlər səslənsə də, ölkəmizin gələcək demoqrafik vəziyyəti ətrafında çox ciddi düşünmək lazımdır. Bəli, uzun müddət Azərbaycanda doğum səviyyəsi ilə bağlı problem yox idi və çoxları hesab edirdi ki, bunu stimullaşdırmağa ehtiyac yoxdur. Amma indi statistika narahatlıq yaratmağa başlayıb.

Biz hansısa vasitələrlə ailələri uşaq dünyaya gətirməyə çağırmalıyıq. Bu sahədə ciddi təşviqat işi həyata keçirmək, onlara maddi-sosial dəstək vermək olar ki, ailə sayını artırsınlar, demoqrafik vəziyyətimizə töhfə versinlər. İnsanlar arasında maarifçilik işləri aparılmalıdır ki, doğum faizi yüksəlsin. Bu öz yerində. Bir məsələni də vurğulamaq istəyirəm. Bir uşaqdan artıq övlad dünyaya gətirən ailəni nə gözləyir? Əsasən problemlər gözləyir. Sosial problemlərə, qidalanma, geyim, təhsillə bağlı gərək olanları əldə edə bilmədiklərinə, ləvazimatları almağa gücləri olmadıqlarına, uşaqlarını təmin edə bilmədiklərinə görə dünyaya uşaq gətirmək istəmir. Yoxsa heç bir valideyn istəməz ki, övladı bu dünyada tək, yalnız qalsın. Biz bu dünyanı tutub durmayacağıq. Valideyn olaraq nə vaxtsa dünyadan köçüb gedəcəyik. Bizdə təşviqat alətləri yoxdur. Hansı tədbirlər görülür ki, bu insanlar dünyaya uşaq gətirsinlər? Bu məsələlər ciddi yanaşma tələb edir və bunu təkcə ailələrin üzərinə qoymaq da düzgün deyil. İnsanlara, ailələrə dəstək verilməlidir. Dövlət nəhayət ki, uşaq pulu məsələsinə bir əncam çəkməlidir. Müzakirələrin, çağırışların nəticəsi olmalıdır. Biz böyük, fantastik məbləğlərdən danışımırıq, hər ailənin köməyinə yetəcək və dövlət büdcəsini zərərə salmayan məbləğdən danışırıq”.
 
Ardını oxu...
Bir ilə yaxındır yataq xəstəsi olan 65 yaşlı Almas İsgəndərova Kəlbəcər rayonundan məcburi köçkündür.

Xəstəliyinə görə, Almas İsgəndərova hərəkət qabiliyyətini tamam, nitq qabiliyyətini isə qismən itirib, yaxşı danışa bilmir.

Ona gəlini və digər ailə üzvləri qulluq edir.

Həyat yoldaşı 66 yaşlı Rahim Həsrətov deyir ki, onun özünün də hər iki gözü tutulub.

Ailə deyir ki, illərdir yaşayış yerləri olmadığına görə, Qaxın Qapıçay kəndindəki keçmiş kərpiz zavodunun gözətçi köşkündə məskunlaşıblar.

Dörd nəfər və iki yaşlı körpədən ibarət olan ailə bu bir otaqlı daxmada yaşayır.

Əvvəllər gözətçi köşkü olmuş bu tikilinin döşəməsi betondur, tavanında isə iri dəliklər görünür.

Həyətə qaz gəlmir və ailə bir gözlü tikilidə qışda odun peçi yandıraraq keçindiklərini deyir.

Ailə deyir ki, sağlamlıqları üçün müraciət etdikləri Qax xəstəxanasında şəfa tapa bilməyiblər.

Rahim Həsrətov həm də Qacqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, yerli icra hakimiyyəti orqanlarının və səhiyyə təşkilatlarının onlara etinasız münasibət göstərdiyini deyir.

Məcburi köçkün ailəsi deyir ki, şəraitsizlikdən yeməklərini tavanı dəlik-deşik olan daldalanacaqda hazırlayırlar. Elə həyətlərindəki ev heyvanları da günün istisindən bura sığınıb.

Qaxın Qapıçay kəndinin icra nümayəndəsi İlqar Məmmədov BBC-yə deyib ki, ailənin ittihamlarının hamısı haqlı deyil.

“İcra başçısı ötən ilin mayında gəlmişdi, onlar da ev istədilər. Hüquqşünaslar da vardı orda və onlara başa salındı ki, onlar Qax ərazisində qeydiyyatda deyillər. Ev məsələsini qeydiyyatda olduqları Şəki və başqa yerlər müraciət etmələri deyilib”, - İlqar Məmmədov

İcra nümayəndəsi deyib ki, Rahim Həsrətov Şəki qeydiyyatındadır, Almas İsgəndərova isə məcburi köçkün kimi başqa ünvanda, Gəncədə qeydiyyatdadır və onlardan yardım müraciəti daxil olmayıb. Onun sözlərinə görə, əgər ailə ərzaq yardımı üçün ona və ya bələdiyyəyə müraciət etsə vaxtaşırı icra hakimiyyətindən ayrılan belə yardımları ala bilər.

TƏBİB-dən BBC News Azərbaycancaya bildiriblər ki, Almas İsgəndərova və Rəhim Həsrətov heç biri Qax Rayon Mərkəzi Xəstəxanasına müraciət etməyib.

"Rahim Həsrətov Zaqatala RMX-ya müraciət edib, ona özəl tibb müəssisəinə göz əməliyyatı üçün müvafiq göndəriş təmin olunub. Daha sonra o müraciət etdiyi özəl tibb müəssisəsindən narazılığını ifadə edib", - TƏBİB bildirib.

TƏBİB-də deyilib ki, qurum, yalnız dövlət tibb müəssisələrinin fəaliyyətinə nəzarəti həyata keçirir.

Rahim Həsrətov deyib ki, onu gözü üçün Bakıdakı özəl tibb müəssisəsinə göndərsələr də, imkansızlıqdan Bakıya səfər edə bilməyib və xidmətdən imtina edib.

Qacqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi hələ ittihamlara cavab verməyib.
 //BBC-Azərbaycanca//

 
Ardını oxu...
Ölkədəki sosial vəziyyətin eybəcərliyini görmək üçün statistikaya ehtiyac yoxdur. Adicə müşahidə real durumu aydın sezməyə kömək olur. Amma statistika da az şey demir. Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlər ölkədə sosial mənzərənin danışılanlardan, hökumətin iddiasından xeyli pis olduğunu göstərir.
TEREF.AZ Bizimyol.info-ya istinadla xəbər verir ki, Dövlət Statistika Komitəsi ölkədə maaşla çalışanların 10,7 faizinin minimum əməkhaqqıdan aşağı məvacib aldığını açıqlayıb. Təxminən 170 min nəfərdən söhbət gedir. Yəni işləyən hər 10 nəfərdən 1-i ayda heç 345 manat qazanmır. Ölkədə sosial vəziyyətin faciəvi olduğunu göstərən başqa rəqəmə ehtiyac yoxdur. Sosial mediada iqtisadçılar bu məsələyə xüsusi diqqət ayırıblar. Onlar statistik göstəricinin hökumətin sosial siyasətinin eybəcərliyini ortaya qoyduğunu yazırlar. Həqiqətən də, belə hesabatın yayılması bu istiqamətdə heç bir müsbət addımın atılmamasının etirafıdır. Həmin 170 min nəfər o məvacibə möhtac qalıbsa, deməli, həm də acından ölmək təhlükəsiz ilə üzləşib.

Azərbaycanda 345 manatdan az qazanmaqla yalnız acından ölmək olar. Ölkədə minimum əməkhaqqının 345 manat olması 2023-cü ilin yanvarından müəyyənləşdirilib. Rəsmi açıqlama gələ bilər ki, keçən il nəzərdə tutulub, indi həmin çalışanlar daha çox məvacib alır. Nə qədər çox? Lap olsun 350-400 manat. Təsəvvür edin, ölkədə nə qədər insan qul əməyi ilə məşğuldur. Bunu başqa cür adlandırmaq mümkün deyil. 350 manat qazanan insan həyatda necə ləyaqətli şərtlərlə qala bilər?

Mağazalardakı qiymətlərə baxsınlar. İndi Azərbaycanda ərzaq qiymətləri Polşa, Fransa, Almaniya kimi Avropa ölkələrindən baha görünür. Oralarda insanlar 1000-1500 avrodan az qazanmır. Yazıq azərbaycanlı 350 manata necə yaşasın?! Median əməkhaqqı ilə bağlı neçə dəfə yazmışıq. Həmin statistika göstərir ki, ölkədə çalışan qismin yarısı ayda 420 manatdan az qazanır. Özü də həftədə 50-60 saat işləməklə. Nə qanunvericliyə sığır, nə də insanlığa. Rəqəmləri nə qədər o tərəf-bu tərəfə çevirsək, yenə də durumun ağlamalı olduğunu deməliyik.
 
Ardını oxu...
Sahib Məmmədov: “Bu qanunsuzluq əmək bazarında tələb-təklif tarazlığının pozulmasından qaynaqlanır”

Azərbaycanda əhalinin məşğulluğu sahəsində problemlər kifayət qədərdir: əmək müqaviləsi olmadan, istirahət hüququ tanınmadan, aşağı maaşla işlədilmək və sair. Bir çox şirkətlər insanların, xüsusilə də gənclərin işsizliyindən istifadə edərək, onları az maaşla işə dəvət edir, 8 saatdan artıq işlədir, çox iş gördürür, minimum əmək haqqı civarında maaş verirlər.

Təcrübə göstərir ki, onların elan etdiyi 1 iş yeri üçün 10-15 gənc müraciət edir və şirkət menecerlərinin seçim imkanı geniş olur. Üstəlik, onları asanlıqla işdən kənarlaşdırırlar. Məsələn, yanacaqdoldurma məntəqələrində az qala hər həftə yeni operatorlar görürsən. Yaxud supermarket şəbəkələrində hər 4-5 aydan bir işçilərin dəyişdiyini müşahidə etmək olur. Turizm və ictimai iaşə obyektlərində də eyni mənzərə hökm sürür. Belə obyektlərin çoxunda əsasən gənclər əmək müqaviləsi, hər hansı digər təminat olmadan işlədilirlər.

Qeyd edək ki, işsizlik Azərbaycanda bütün əhali qrupları arasında ən böyük problemlərdən biridir. Rəsmi rəqəmlərdən aydın olur ki, bu problem gənclər arasında daha kəskin xarakter alıb. Dövlət Statistika Komitəsinin hesablamalarına görə, 2021-ci ildə Azərbaycanda 1 milyon 261 min nəfər 15-29 yaşlı gənc olub. Onlar arasında işsizlik 10.1 faiz təşkil edib - 141,7 min nəfər. Bu, 2021-ci ildə ölkədə rəsmi şəkildə qeydə alınan 315,7 min nəfər işsizin 45 faizi deməkdir. Həmin il rəsmi əmək müqaviləsi ilə işləyən 1 milyon 709 min nəfər arasında gənclərin sayı 384,1 min nəfər təşkil edib. Bu o deməkdir ki, rəsmi statistikanın məşğul kimi qeydə aldığı 1 milyon 265,1 min gəncin cəmi 30 faizi rəsmi əmək müqaviləsi əsasında çalışıb. Rəsmi statistikaya əsasən, 20-24 yaşlı gənclər arasında işsizlik səviyyəsi daha yüksək - 14.2 faizdir. 2021-ci ildə ölkə üzrə əmək qabiliyyətli əhalinin 6 faizinin işsiz olduğu elan edilib. Bu o deməkdir ki, Azərbaycanda gənclər arasında işsizlik səviyyəsi ölkə üzrə orta rəqəmdən 1.7 dəfə yüksək olub.

Beynəlxalq təcrübədə gənclər siyasəti ilə bağlı durumu dəyərləndirərkən, ən vacib göstəricilərdən sayılan “NEET” indikatorundan yararlanırlar. Bu indikator 15-24 yaşlı gənclər arasında təhsil və əmək bazarında olmayanların payını göstərir.

“2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası” adlı sənəddə hökumət bu indikatorun Azərbaycandakı səviyyəsini açıqlayıb. Həmin sənəddən məlum olur ki, 2017-ci ildə Azərbaycanda “NEET” indikatoru 23 faizdir. Deməli, ölkədə 15-24 yaş arasında olan hər dörd gəncdən biri nə təhsil alır, nə də işləyir. Hökumət 2030-cu ilədək bu göstəricini 15 faizə endirməyi hədəfləyir.

Məlumdur ki, işsizlik səviyyəsi və əmək haqqının məbləği işçilərin təhsil səviyyəsindən birbaşa asılıdır: yüksək təhsilli insanlar daha rahat və daha yüksək maaşlı iş tapa bilirlər. Azərbaycanda bir çox hallarda işəgötürənlər ixtisaslı işçi tapa bilmədiklərindən gileylənirlər. Mütəxəssislərə görə, bunun səbəbi Azərbaycanda gənclərin ali təhsilə çıxış imkanlarının xeyli məhdud olmasıdır. Rəsmi rəqəmlərə görə, məşğul sayılan gənclərin cəmi 20.7 faizi (hər beşindən biri) ali təhsillidir. Gənclərin yalnız 65 faizinin adi məktəb təhsili var. Yalnız hər üç gəncdən ikisinin orta təhsilinin olması onların iştapma imkanlarını azaldan amillərdən biridir.

Ali təhsil almaqda olan tələbə sayına görə də Azərbaycan bölgə ölkələrindən geri qalır və MDB ölkələri arasında əhalinin hər 10 min nəfərinə düşən tələbə sayına görə sonuncudur.

Daha bir problem Azərbaycanda təhsilin keyfiyyəti ilə bağlıdır. Həm orta, həm də ali təhsil sahəsində keyfiyyətlə bağlı ciddi problemlər mövcuddur. Elm və Təhsil Nazirliyinin hesabatına görə, 2021-2022-ci təhsil ili üçün keçirilən imtahanlarda universitetə qəbul edilən tələbələrin orta balı 275 olub. Bu, maksimum nəticənin cəmi 39 faizi deməkdir.

Bu gün ali təhsil pilləsini başa vurub əmək bazarına daxil olan hər 10 gəncdən 3-4 nəfərinin bilik və bacarıqları yiyələndikləri ixtisas üzrə tələblərə cavab verə bilir. Digər bir problem ali təhsilin əmək bazarının tələblərinə uyğunsuzluğudur. Ali təhsil müəssisələrinin verdiyi ixtisaslar bir çox hallarda iqtisadiyyatda tələb tapmır, yaxud az tələb olunan olur.

Əmək haqqına gəlincə, ölkədə bu göstərici ilə bağlı rəsmi məlumatlar son illərdə onun artdığını göstərir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “Yeni Müsavat”a verilən məlumata görə, 2018-2023-cü illərdə 4 milyondan çox vətəndaşı əhatə edən 4 sosial islahat paketi icra olunmaqla, nəticədə sosial ödənişlərdə, o cümlədən əməkhaqlarında da ardıcıl artımlara nail olunub: “Aparılan islahatlar nəticəsində həmin dövrdə minimum əmək haqqı 2,7 dəfə artırılaraq 130 manatdan 345 manata çatdırılıb. Orta aylıq əmək haqqı 70 faiz artaraq 917 manata çatıb. Əmək haqqı fondunda 2,6 dəfə artım baş verib”.

Rəsmi statistikadan aydın olur ki, 2022-ci ildə Azərbaycanda minimum əmək haqqından aşağı maaş alan işçilərin sayında artım baş verib. Belə ki, ötən il Azərbaycanda minimum əmək haqqı 300 manat idi. Həmin dövrdə ölkədə muzdla - rəsmi əmək müqaviləsi əsasında çalışan işçilərin 10.7 faizinin əmək haqqı minimum məbləğdən aşağı olub. Bu, təxminən 170 min nəfər deməkdir. Nəzərə alsaq ki, minimum maaşdan aşağı əmək haqqı alanların sayı 2021-ci ildə muzdlu işçilərin sayının 2,5 faizinə bərabər olub, onda 2022-ci ildə bu sahədə mənfi tendensiyanın qeydə alındığını söyləyə bilərik. Mütəxəssislərə görə, bu azalma işəgötürənlərin sosial ödənişlərdən yayınmaq istəyindən irəli gəlir: onlar işçilərlə əmək müqaviləsini natamam iş günü üzrə bağlayırlar.

Dünyada ölkələr üzrə işləyənlərin aldığı məvacibin real səviyyəsini qiymətləndirmək üçün median əmək haqqı anlayışından istifadə olunur. Median əmək haqqı ölkə üzrə əməkhaqqı səviyyəsini göstərən cədvəlin ortasında qərarlaşan işçinin məvacibidir. Median əmək haqqı ölkədəki işçi qüvvəsinin yarısının hansı göstəricidən az qazandığını ortaya qoyur.

Azərbaycanda 2021-ci ilin əvvəlindən median əməkhaqqı hesablanır. ƏƏSMN-dən verilən məlumata əsasən, 2018-2023-cü illərdə gəlirlərin ədalətli bölgüsünün göstəricisi olan median əməkhaqqında 2,1 dəfə artım özünü göstərib: o cümlədən, ötən il median əmək haqqında 18 faiz artım olub. Bu ilin yanvar-iyul aylarında isə median əmək haqqı cari ilin əvvəlinə nisbətən 12,7 faiz artaraq 478 manata çatıb.

Rəsmi statistikaya əsasən, 2023-cü il iyulun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 5,5 min nəfər və ya 0,3 faiz artaraq 1 milyon 725,5 min nəfər olub. Onlardan 894,2 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 831,3 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. 2023-cü ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,5 faiz artaraq 921,9 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) statistikasına görə, median və orta aylıq maaş arasında fərq inkişaf etmiş və bir sıra Şərqi Avropa ölkələrində 10-25 faiz arasında dəyişir. Azərbaycanda isə iyulda əmək müqaviləsi ilə çalışan işçilərin 862 min nəfəri 478 manatdan aşağı maaş alıb. 478 manat iyulda qeydə alınan orta aylıq əmək haqqının 52 faizinə bərabərdir. Bu isə ölkədə median əmək haqqı ilə orta aylıq əmək haqqı arasında 48 faiz fərqin olması deməkdir. Lakin bir müsbət məqam budur ki, 2021-ci ildə bu fərq 70 faizə bərabər olub, 2023-cü ilin 7 ayı üzrə 48 faizə qədər azalıb.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədovun “Yeni Müsavat”a dediyinə görə, işəgötürənlərin aşağı maaşlı, çox saatlı iş təklifləri ölkənin əmək bazarındakı tələb/təklif nisbətindən irəli gəlir: “Əmək bazarında təklif çox, tələb azdır. Ölkədə işsizlik yüksək olaraq qalır. Əhalinin 70 faizə yaxını əmək qabiliyyətlidir. Hər il əmək bazarına daxil olanların sayı onu tərk edənlərdən çox olur. Bu da xüsusilə gənclər arasında işsizliyin yüksək olmasına gətirib çıxarır”.

Liqa rəhbəri bildirir ki, Azərbaycanda işçi qüvvəsi qeyri-bərabər paylanıb: “Xüsusilə ixtisaslı işçilərin böyük əksəriyyəti Bakı-Abşeronda toplaşıb. Regionlarda bir çox hallarda ixtisas tələb edən iş yerlərində kadr çatışmazlığı yaranır. İşçi bolluğu imkan verir ki, şirkətlər qanunsuz yollara əl atsınlar: aşağı maaşla işçini daha çox işlədirlər. Gənclər də ən həssas təbəqə olmaqla məcburən bu şərtlərlə işləməyə razılaşırlar. Dövlət müəyyən tədbirlər həyata keçirir belə halların qarşısını almaq üçün. Məsələn, Dövlət Məşğulluq Xidməti işsizlikdən sığorta fondu hesabına işəgötürənlərlə əmək haqqının birgə maliyyələşdirilməsini həyata keçirir. Lakin bu, çox az sayda adamı əhatə edir. Regionların inkişaf səviyyəsi artdıqca, işçi qüvvəsinin paylanmasındakı qeyri-bərabərlik də tədricən aradan qalxacaq. Məsələn, işğaldan azad olunan bölgələrdə çoxsaylı layihələrə işçi cəlb olunur, xeyli insan orada gedib işləyir. Lakin təəssüflər olsun ki, bizə çatan məlumata görə, orada da maaş aşağı, iş rejimi sərtdir. Gündəlik 11-12 saat işləyən şəxslərə 500-600 manat maaş verilir”.
musavat.com
 
Ardını oxu...
İşçi: Yalnız Əmək müqaviləsində göstərilən əmək funksiyasının - yerinə yetirilməməsinə görə məsuliyyət daşıyır.Əmək müqaviləsində göstərilməyən əmək funksiyalarına görə işçi məsuliyyət daşımır, işdən çıxarıla bilməz, bu halda ona qarşı hər hansı bir intizam tənbehi tədbiq oluna bilməz. Faktiki olaraq bu iş və ya xidmətləri yerinə yetirsə belə.
Praktikada:işçinin - əmək funksiyası ilə bağlı aşağıdakı yanlışlıqlara vəya qanunsuzluğa yol verilir.
1. Qeyd etmək lazımdır ki, işçinin Əmək funksiyası-əmək münasibətlərinin ən vacib və əsas elementlərindən biridir.
2. Əmək funksiyaları nədir? Əmək funksiyası -əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə - işçinin yerinə yetirməli olduğu işlərin və ya xidmətlərin məcmusudur.
3. Əmək funksiyasının- layiqli və peşəkarlıqla yerinə yetitiriməsi bir tərəfdən mükafat vəya əlavə ödənişlə nəticələnirsə, digər tərəfdən- işçi ilə bağlanmış əmək müqaviləsinin ləğvi və ya intizam tənbehi kimi məsuliyyətə cəlb olunma ilə də nəticələnə bilər.
4. Praktikada bir çox hallarda və haqlı olaraq ƏMƏK müqaviləsinin-AR Əmək Məcəlləsinin əlavəsində nəzərdə tutulan nümunəvi formasından istifadə edilir. Əmək müqaviləsinin bu formasının 3-cü bəndində işçinin əmək funksiyaları qeyd olunmuşdur.
5. AR Əmək Məcəlləsinin bu barədə tələbləri pozulmaqla əksər hallarda bu müqavilələrdə: işçinin əmək funksiyaları göstərilmir, boş saxlanılır, tam göstərilmir, qısa və ya ümumi formada göstərilir.
6. Bir çox hallarda isə əmək müqavilələrində: işçinin əmək funksiyaları göstərilmir və bunu sanki Vəzifə təlimatı ilə əvəz etməyə çalışılır. Halbuki, Əmək Məcəlləsinə əsasən, işçinin - Əmək funksiyaları - Vəzifə təlimatında deyil, Əmək müqaviləsində göstərilməlidir. Vəzifə təlimatı daha çox keçmiş SSRİ dövründə tədbiq olunurdu, bunun da əsas səbəbləri ondan ibarət idiki, həmin dövrdə yazılı əmək müqaviləsi bağlanmırdı və bu səbəbdən də həmin dövrdə işçinin əmək funksiyalarını əks etdirən Vəzifə təlimatından istifadə edilirdi. Hal - hazırki dövrdə isə Əmək müqaviləsi bağlanması səbəbinə görə Vəzifə təlimatına ehtiyac yoxdur, Əmək Məcəlləsində də belə bir məcburi sənəd nəzərdə tutulmamışdır.
7. Əmək Məcəlləsinın tələblırinı əsasən: İşəgötürən işçinin əmək funksiyasını- əmək müqaviləsində nəzərdə tutulan, bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və göstərməli olduğu xidmətin dairəsini dəqiq, birmənalı olaraq müəyyən etməlidir.
8. Əmək funksiyasının həcmi: müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş Vahid Tarif-İxtisas Sorğu Kitabçasına əsasən və ya işəgötürən tərəfindən müəyyən edilərək əmək müqavilələrində tam təfsilatı ilə göstərilməlidir.
9. Əmək funksiyalarının dəyişdirilməsinə isə yalnız tərəflərin qarşılıqlı razılığı ilə yol verilir. Birtərəfli qaydada əmək funksiyasına əlavə, dəyişdirilməsinə və ya onun dairəsinin azaldılmasına və ya artırılmasına yol verilmir.
10. Müəyyən səbəblərdən əgər işəgötürən: göstərilən işlərlə - işçini təmin edə bilməmə səbəbinə görə ona, peşə və ya ixtisas dərəcəsinə uyğun olan başqa iş verəcəksə, bu halda işçi həmin işləri yerinə yetirməkdən yalnız orta əmək haqqı saxlanılmadıqda imtina edə bilər.
11. İşçinin Əmək müqaviləsidə dəqiq və ya birmənalı olaraq göstərilməyibsə, onunla bağlanmış Əmək müqaviləsinə: "işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə" əsası ilə xitam verilə bilməz, əmək müqaviləsində göstərilməyən funksiyalara görə.
12. Əgər İşçinin Əmək müqaviləsidə əmək funksiyası dəqiq və ya birmənalı olaraq göstərilməyibsə bu halda işçiyə qarşı: töhmət vermək; sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; əmək müqaviləsini AR-sı Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək kimi intizam tənbehi tədbiq oluna bilməz.
13. İşçiyə qarşı qeyd olunan hallarda hər hansı bir intizam tənbehi tədbiq olunarsa və ya əmək funksiyasını yerinə yetirməmə əsası ilə Əmək müqaviləsi ləğv edilərsə, işçinin məhkəməyə müraciət etməklə öz haqqını bərpa etmək üçün hüquqi əsaslar yaranır.

Azər Quliyev
Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının
Eksperti - DİA.AZ
 
Ardını oxu...
Yaş həddi və ya əmək pensiyası yaşına çatma ilə əlaqədar hansı hallarda işçi ilə bağlanmış Əmək müqaviləsi ləğv edilə bilər, qanunla bu necə tənzimlənir?
Bu mövzu, əmək münasibətlərində maraqlı mövzulardan biridir. Qeyd olunan bu əmək münasibəti, AR-nın Əmək Məcəlləsi və digər qanunvericilik aktları ilə necə tənzimlənir?
1. İlk olaraq onu bildirirmək istəyirəm ki, yaş həddi ilə əlaqədar əmək münasibətlərinə son verilməsi vəya Əmək müqaviləsinin ləğvi yalnız,DÖVLƏT BÜDCƏSİNDƏN maliyyələşən müəssisələrə şamil olunur.
2. Yaş həddi İlə bağlı əmək münasibətlərinə son verilməsi vəya Əmək müqaviləsinin ləğvi digər müəssisələrə, o cümlədən də özünü maliyyələşdirən və ya təsərrüfat hesabı ilə işləyən idarə və dövlət müəssisələrinə şamil olunmur.
3. DÖVLƏT BÜDCƏSİNDƏN MALİYYƏLƏŞƏN müəssisələrdə çalışmanın yaş həddi 65-dir.
4. Dövlət büdcəsindən maliyyələşən müəssisədə 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Bu müddətinin 5 ildən çox uzadılmasına yol verilmir.
5. Elm, mədəniyyət, səhiyyə və təhsil sah-n inkişafında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş, xüsusi xidməti olmuş və dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin son çalışma müddəti müvafiq dövlət orqanı tər-n bu yaş həddindən artıq uzadıla bilər.
6. Müvafiq sahə üzrə dövlət büdcəsindən maliyyələşən idarə və müəssisələrdə çalışma müddəti uzadılmış işçilərin sayı-həmin sahə üzrə dövlət büdcəsindən maliyyələşən müəssisələrin işçilərinin ümumi sayının 15 faizindən artıq ola bilməz.
7. Dövlət büdcəsindən maliyyələşən idarə və müəssisələrdə çalışan işçilərin çalışma və ya davam müddətinin uzadılmasına onların razılığı əsasında yol verilir.
8. Tərəflər əmək müqavilələri bağlayarkən, ona əlavə və ya düzəlişlər edərkən bu halda, Əmək Məcəlləsi ilə nəzərdə tutulan qaydada yaş həddi ilə əlaqədar "qarşılıqlı razılaşma əsasında" ona xitam verilməsinin başqa hallarını nəzərdə tuta bilərlərmi?
9. Praktikada, bir çox hallarda yaş həddi ilə əlaqədar "qarşılıqlı razılaşma əsasında" Əmək müqaviləsinə xitam verilməsini Əmək Məcəlləsinin 75-ci maddəsində nəzərdə tutulan qaydada həyata keçirirlər.
10. AR Əmək Məcəlləsinin 75-ci maddəsinə əsasəntərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin, Əmək Məcəlləsində nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər. Lakin, nəzərə almaq lazımdır ki, Əmək Məcəlləsində yaş həddi ilə əlaqədar əmək müqaviləsinı xitam verilməsinin hansı hallarda tədbiq olunması artıq tənzimlənib.
11. Yaş həddinin digər sahələrdə tədbiqinə zərurət olsa və ya məcburi olsa idi, bu dövlət büdcəsindən maliyyələşən müəssisələrdə olduğu kimi Əmək Məcəlləsindədə imperativ (məcburi) norma kimi nəzərdə tutula bilərdi.
12. AR Əmək Məcəlləsinin 75-ci maddəsinə əsasən də, bu maddədə nəzərdə tutulur ki, Əmək müqaviləsinə ona xitam verilməsi barədə tərəflərin nəzərdə tutduqları hallar: işçinin və işəgötürənin hüquqlarının təminatı prinsiplərinə zidd olmamalıdır. Qeyd olunan hallarda isə işçilərin hüquqları məhdudlaşır.
13. Eyni zamanda, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 43-cü maddəsinə əsasən: tərəflər arasında Əmək müqaviləsi bağlanarkən, həmçinin əmək münasibətlərinə xitam verilənədək Əmək Məcəlləsi ilə işçilər üçün müəyyən edilmiş hüquq və təminatların səviyyəsi azaldıla bilməz. Əmək müqaviləsində, yaş həddi ilə əlaqədar Əmək Məcəlləsində belə razılaşmanın olması bu səbəbdən də düzgün deyil.
14. Eyni zamanda Əmək Məcəlləsinin 69- cu maddəsinə əsasən də: İşçi yaşa görə əmək pensiyasına çıxdıqda, ərizəsində göstərdiyi gün onunla bağlanmış əmək müqaviləsi ləğv edilə bilər. Bu halda işçinin "qarşılıqlı razılaşma əsasında" belə bir razılaşma bağlaması inandırıcı görünmür.
15. İşçi, yaş həddi ilə əlaqədar, ərizə yazaraq istədiyi vaxt onunla bağlanmış əmək müqaviləsini ləğv edə bilər, edilməsində heç bir problem yoxdur. Belə bir problemi olmayan işçi nədən və hansı səbəbdən belə razılaşma imzalasın.
16. AR Əmək Məcəlləsinin 16-cı maddəsinə əsasən də, yaş həddi ilə əlaqədar işçilər arasında ayrı seçkilik edilməsi diskriminasiya hesab edilir.
17. Əmık Məcəlləsinin 69.7-ci maddəsinə əsasən isə: işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Hesab edirəm ki, bu barədə işçi ilə olan və əmək müqaviləsinin ləğvi ilə nəticələnən razılaşma, AR-nın Əmək Məcəlləsinin 16, 43, 69, 75 və s. normalarının pozulmasıdlr.
Azər Quliyev.
Teref.az
 

Ardını oxu...
DİA.AZ: - "Düzəlmək istəməyən xalqın sevə-sevə tələffüz etdiyi sözlər: "Rejim belə gəldi", "Rejim elə getdi", "Vay, lənətə gəlmiş rejim!", "Günah sistemdədir" və s. Mənasına da varmırlar, çünki onlara belə sərf edir. Bu sözlər dini rituallar zamanı deyilən anlaşılmaz söz və ifadələri xatırladır. Əslində isə, sistem də, rejim də bu kəslərin təfəkkür strukturuna və tələbatlarına tam uyğundur..." DİA.AZ bildirir ki, bu fikirləri Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İdris Abbasov yenidən aktuallaşan alimlərin maaş artımı məsələsi ilə bağlı açıqlamasında bildirib.
Abbasov daha sonra qeyd edib: "İndiyədək görübsünüzmü, bir 50 professor, ya elmlər doktoru-filan yığışıb maaşın azlığı haqda müraciət hazırlasınlar və həmin müraciəti "günah sistemdədir" (yəni bunlar guya paki-pakizədirlər) deyib özlərinə haqq qazandırdıqları o sistemə yollasınlar? Qətiyyən. Belə şey olmayıb və olması da bu zümrə ilə mümkün görünmür. Bəs küncdə-bucaqda maaşın azlığından gileylənən o “kasıblar” niyə bunu heç vaxt rəsmi çərçivəyə salmaq təşəbbüsü etməyiblər və etmirlər? Təkcə bu sualın mahiyyətinə varılsa, çox mətləblərə aydınlıq gələr, məhz o zaman “sistem”, “rejim” deyə-deyə cəmiyyəti məhv edib, dövləti zəif salan alimçiliyin iç üzü bir daha faş olar.
Nə qədər paradoksal görünsə də, bu zərərli alim dəstəsinin (ZAD) üzvləri maaşlarının artılımasını istəmir! Məsələn, 800 və ya 900 manat maaş alan ZAD üzvü maaşının 2000 manat olmasını arzu etmir. O başa düşür ki, “sistem” dediyi sistem bütün varlığı ilə fırıldağa qurşanmış ZAD zümrəsinin maaşını real şəraitdə asanlıqla qaldırmaq dərəcəsində sadəlövh deyil.
ZAD üzvü gerçəyi dərk edir. O anlayır ki, maaş 100 faiz artarsa, “levı” gəlirlər ciddi nəzarətə götürülər, hətta cəza işə düşə bilər. Qanun, dürüstlük ZAD-ın ölümü deməkdir. Orta statistik ZAD üzvü üçün 1700 manat maaşa oturmaq həqarətdir. Ən yaxşısı, 800 manat maaş olsun, “levı” gəlir (rüşvət, soyğunçuluq, alıb-aladatma, qrant yemə, saxta nəşrlər, fırıldaq, disserttant ovu, saxta dissertasiya, tələbə “perevodu”, saxta ixtisaslar, saxta diplomlar, alimlik dərəcələri, saymaqla qurtaran deyil...) kəsilməsin. Bu yerdə pulo-professor Züppəliyev həmkarı Mahirovun qulağına pıçıldayır: “Allah eləməsin, maaşı artırsınlar və bizi bu “levı” xoşbəxtliyindən məhrum etsinlər! İntihar edərəm!”
Vay o gündən ki, bu akademikləşmiş pul professorlarından birini rüşvət üstündə yaxalayasan! And-aman edəcək ki, günahı yoxdur, sadəcə, genetikdir, o, 7-ci babasından rüşvətxor, əliəyri, dələduz, ziyankar və satqındır. Geni günahkar çıxaracaq...
PS. Yeri gəlmişkən, adından da göründüyü kimi, diktator “diktə etmək” sözündəndir. Əslində, diktatorun yekəsi başında ZAD-ların getdiyi xalq olaraq elə özümüz deyilikmi?!
Düz yola ayaq qoymaq istəmirik, düzəlmək həvəsimiz, təşəbbüsümüz yoxdur. Ona görə də, faydalı iş görmək əvəzinə, əliəyriliyi inkişaf etdirir, günahlarımıza günah keçisi axtarırıq..."
 

Dünyapress TV

Xəbər lenti