“ATEF Şirkətlər Qrupu” işçilərin maaşını vermir -milyonlarla borcu var
Bu barədə şirkətdəki mənbələr bildirib.

Məlumata görə, 2000 nəfərin çalışdığı şirkətdə 3 aydır məvaciblər ödənmir. Rəhbərlik bununla bağlı işçilərə ciddi bir izah vermir və müxtəlif bəhanələrlə vaxtı uzadır.

TEREF yazır ki,Teleqraf məsələ ilə bağlı “ATEF Şirkətlər Qrupu”nun İdarə Heyətinin sədri Emil Əlixanbəyovla əlaqə saxlayıb. O, suallara yazılı sorğu əsasında cavab verə biləcəyini söyləyib. Lakin şirkətə ünvanlanan yazılı sorğu da cavabsız qalıb.

Qeyd edək ki, 1961-ci ildə fəaliyyətə başlayan Bakı Mayesiz Transformatorlar Zavodunun (BTZ) bazasında qurulan “ATEF Şirkətlər Qrupu”nun 9 zavodu və 2000 nəfərdən artıq işçi heyəti mövcuddur. Müəssisə 500-dən çox layihə reallaşdırıb. Mərkəzi ofisi Bakıda yerləşən bu qurum enerji avadanlıqları istehsalı sahəsində fəaliyyət göstərir və müxtəlif ölkələrin enerji infrastrukturuna avadanlıq tədarükündə iştirak edir. Transformatorlar, reaktorlar, paylayıcı qurğular, yarımstansiya komponentləri və dəmir yolu kontakt şəbəkəsi üçün detallardan ibarət məhsullar hazırlayır.

Nazirlər Kabinetinin qərarını pozaraq audit hesabatı vermir

Maraqlıdır ki, bu qədər işçi sayına və zavodlara malik olmasına baxmayaraq, şirkət maliyyə hesabatı vermir. Bu barədə qurumun rəsmi veb səhfəsində audit hesabatına rast gəlinmir. Halbuki, “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərarına əsasən, işçilərinin sayı 50 nəfərdən, illik gəlirləri (və ya xərcləri) 3 milyon manatdan çox olan istənilən MMC icbari olaraq kənar audit yoxlamasından keçməlidir. Əks təqdirdə, İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə əsasən, “Auditor xidməti haqqında” Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər 300 manatdan 600 manatadək, hüquqi şəxslər isə 1.500 manatdan 2.500 manatadək məbləğdə cərimə edilir.

Milyonluq layihələr

“ATEF Şirkətlər Qrupu” maliyyə göstəricilərini açıqlamasa da, gördüyü işlərin miqyası gəlirlərinin aşağı olmadığını deməyə əsas verir. Qurum bir ay əvvəl BP şirkətinin sifarişi əsasında hazırladığı 260MVA 330/33-33 güc transformatorunu 330 kV-luq “Cəbrayıl” qovşaq yarımstansiyasında quraşdırıb. Bundan əvvəl isə Britaniya şirkətinin sifarişi ilə “Şahdəniz” qaz yatağı üçün 1250 kVA 11/0,42 kV transformator istehsal etmişdi. “ATEF” eləcə də “Ağdam-1” yarımstansiyasında iki ədəd TDTN 40000/110/35/10 kv-luq güc transformatoru quraşdırıb.

Şirkət Azərbaycanın hüdudlarından kənarda da işlər görür. “ATEF Şirkətlər Qrupu” MMC uzaq Zambiya diyarı (Azərbaycana avtomobil yolu ilə 10,134 kilometr məsafədə yerləşir) üçün xüsusi konstruksiya ilə güc transformatoru istehsal edib. Əldə etdiyimiz xəbər görə, şirkət Zambiyaya 250 MVA gücündə, 330/132-88/11 kV gərginliyində olan güc transformatoru satıb. Onun Azərbaycandan adıçəkilən ölkəyə daşınması 1 milyon dollara başa gəlib.

“ATEF Şirkətlər Qrupu” Latviya dəmir yollarının (LDZ) və enerji sistemlərinin (LATENERGO) yenidən qurulması layihəsində də iştirak edib. Bundan əlavə MMC tərəfindən Gürcüstan üçün İri Qabaritli Transformatorlar Zavodunda 4 ədəd 133 MVA 330/220/10 kV avtotransformator istehsal edilərək, “Qardabani-500” yarımstansiyasında quraşdırılıb. Müəssisənin transformatorları Rusiya, Ukrayna bazarlarında da xeyli məşhurdur.

Dövlətə olan borclar, məhkəmə çəkişmələri

Böyük sifarişlərə, layihələrə baxmayaraq şirkət illərdir dövlətə borcları ilə məşhurdur. 2021-ci ildə MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə vergi borcu 6 milyon, 2023-cü ildə 11 milyon manat olub. 2025-ci ilin mayın 1-nə olan məlumata görə, şirkətin hazırda dövlətə 186 min 504 manat borcu qalıb.

ATEF digər şirkətlər tərəfindən məhkəməyə də verilib. Ötən ilin sonunda “ATEF Şirkətlər Qrupu” MMC ilə “Yüksək Beton” Qapalı Səhmdar Cəmiyyəti (QSC) arasında alqı-satqı müqaviləsinə dair yaranan mübahisədən başlayaq. “Yüksəl Beton” QSC o zaman “ATEF Şirkətlər Qrupu” MMC-ni məhkəməyə vermişdi. 2023-cü ildə “Sumqayıt Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyəti “ATEF Şirkətlər Qrupu” MMC-ni məhkəməyə verib. İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr – alqı-satqı müqaviləsi üzrə mübahisələri olub. 2022-ci ildə isə “Arkoz Qazax Sement Zavodu” MMC “ATEF Şirkətlər Qrupu” MMC ilə bağlı məhkəməyə müraciət edib. 2024-cü ildə isə Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində gömrük qaydaları əleyhinə olan (Gömrük təminatının pozulması) inzibati xəta protokolu tərtib olunub. Elə həmin il “Qarabağ” Açıq Səhmdar Cəmiyyəti ilə “ATEF Şirkətlər Qrupu” MMC arasında alqı-satqı müqaviləsinə dair mübahisə yaranıb.

Qeyd edək ki, “ATEF Şirkətlər Qrupu”nun təsisçisi və Müşahidə Şurasının sədri tanınmış iş adamı Talıb Əlixanbəyovdur. Qurumun qanuni təmsilçisi isə onun oğlu Emil Əlixanbəyovdur. Şirkətin nizamnamə kapitalı 33892585.00 AZN-dir.
1746207334_2.jpg
 

Dünyapress TV

Xəbər lenti