Dünyanın ən böyük təşkilatı olan BMT-də islahatların aparılması son dövlərdə daha tez-tez gündəmə gəlir. Bu qurumda islahatları dəstəkləyən ölkələrdən biri də Azərbaycandır. Xüsusən də BMT Təhlükəsizlik Şurasının islahatı ciddi zərurət kimi çıxış edir.
Qeyd edək ki, cari ilin yanvarında Misir Ərəb Respublikasının prezidenti Əbdülfəttah Əs-Sisi ilə görüşündə yenidən bu mövzuya toxunan prezident İlham Əliyev vurğulayıb: “Hesab edirəm ki, Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir. Bir daimi yer mütləq İslam Əməkdaşlıq Təşkilatının üzvünə verilməlidir və İslam Əməkdaşlıq Təşkilatı özü məsləhətləşmələr əsasında bu namizədliyi irəli sürməlidir. Digər daimi yer Qoşulmama Hərəkatına verilməlidir və Qoşulmama Hərəkatına sədrlik edən ölkə bu yerə sahib olmalıdır. Hesab edirəm ki, bu, ədalətli olar”. BMT Təhlükəsizlik Şurasında islahatların zəruriliyi qurumun son iclasında baş verənlər fonunda bir daha öz təsdiqini tapdı. Burada ABŞ, Britaniya, Yaponiya və Avropa İttifaqının bir neçə ölkəsi BMT Təhlükəsizlik Şurasının islahatına çağırıblar. Qeyd edək ki, aprelin 24-də Nyu-Yorkda BMT Təhlükəszilik Şurasında keçirilən iclasa Rusiyanın xarici işlər naziri Sergey Lavrov sədrlik edib. Hazırda Təhlükəsizlik Şurasına rotasiya qaydasında Rusiya sədrlik edir. İclası giriş sözü ilə açan Lavrov deyib ki, dünya Soyuq müharibə illərində olduğu kimi təhlükəli xəttə çatır. Nazir qeyd edib ki, BMT-nin Təhlükəsizlik Şurasında Qərb ölkələri həddən artıq çox, başqa regionların ölkələri isə azdır. Lavrovun fikrincə bu, beynəlxalq münasibətlərin çoxtərəfli olmasına imkan vermir. Lavrov Rusiyanın Ukrayna üzərinə hücumuna görə ABŞ-ı və onun müttəfiqlərini ittiham edib. O iddia edib ki, Rusiya qoşunlarının məqsədi “adamların Kiyev rejimi tərəfindən qırılmasına son qoymaq və NATO-nun yaratdığı təhlükənin qarşısını almaqdır”.
Lavrov eyni zamanda onu BMT Təhlükəsizlik Şurasına səfərdə müşayiət edəcək jurnalistlərə vizaların verilməsinin ləngidilməsini pisləyib. Onun sözlərinə görə, ABŞ səfirliyi jurnalistlərə viza verəndə artıq nümayəndə heyətini aparan təyyarə havaya qalxmışdı. ABŞ-ın Təhlükəsizlik Şurasındakı nümayəndəsi Linda Tomas-Qrinfild deyib ki, bu ay bu quruma sədrlik edən Rusiya qəsbkar müharibə aparmaqla, taxıl razılaşmasını pozmaqla və nüvə silahlarına nəzarət üzrə müqavilədən çıxmaqla BMT-nin nizamnaməsini kobud şəkildə pozub: “Bizim iclasımızın riyakar sədri Rusiya qonşusu Ukraynaya müdaxilə edib və BMT Nizamnaməsinin və əziz bildiyimiz bütün dəyərlərin ürəyinə zərbə endirib. Bu qanunsuz, səbəbsiz və lüzumsuz müharibə bölüşdüyümüz ümumi dəyərlərə birbaşa ziddir. Təcavüzkar müharibə və ərazi qəsbkarlığı heç bir vəchlə məqbul sayıla bilməz. Bizim burda oturduğumuz bir vaxtda Rusiya qüvvələri Ukrayna mülkilərini öldürməkdə və şikəst etməkdə davam edir”. Xanım Tomas-Qrinfild Rusiyada həbs olunmuş ABŞ vətəndaşları, casusluqda ittiham olunan Pol Uilan və Evan Gerşkoviçin məsələsini xatırladıb və onların dərhal azad olunmasını tələb edib. ABŞ səfirinin sözlərinə görə, BMT hazırda “etimad böhranı” yaşayır. O deyib ki, təcavüz və ərazilərin qəsb olunması beynəlxalq hüquq baxımından yolverilməzdir. Tomas-Qrinfild çıxışında BMT sistemində islahatların keçirilməsinə çağırıb. Onun bu mövqeyi ilə Britaniya və Fransa səfirləri də razılaşıblar.
Məsələ ilə bağlı Britaniyanın BMT-dəki səfiri Barbara Vudford deyib: “Rusiyanın Ukraynaya müdaxiləsi ukraynalılara təsəvvürolunmaz iztirablar gətirib və Rusiyanın özü üçün də fəlakətə çevrilib. Rusiyada hazırkı nəsil gələcəyindən məhrum edilib və hökumət bunun səbəbini izah da etmir”. Fransa səfiri Nikolya de Rivyer deyib ki, Rusiya bundan əvvəl də beynəlxalq hüququn aliliyi prinsipini pozub. Onun sözlərinə görə, Rusiyanın 2008-ci ildə Gürcüstana müdaxiləsini, 2014-cü ildən bəri Donbas separatçılarına dəstəyini və İrana qarşı silah embarqosunu pozmasını yalnız bununla izah etmək olar. Rivyer bildirib ki, Fransa və Meksika təşəbbüslə çıxış ediblər. Bu təşəbbüsə uyğun olaraq Təhlükəsizlik Şurasının daimi üzvlərinə söhbətin kütləvi vəhşiliklərdən getdiyi vaxtlarda özlərinin veto hüququndan çəkinmələri tövsiyə edilir. Yaponiyanın BMT-dəki səfiri İsikane Kimihiro da Rusiyanı öz veto hüququndan Təhlükəsizlik Şurasının qərarlarını iflic etmək məqsədilə istifadədə ittiham edib. Kimihiro Rusiya qoşunlarının Ukraynadan çıxarılmasını tələb edib: “Rusiya ilk növbədə bütün qoşunlarını və texnikasını Ukraynanın beynəlxalq aləmdə tanınmış sərhədləri içərisindən dərhal və qeyd-şərtsiz çıxarmalıdır. Bu, həm kinayəli və hətta faciəli vəziyyətdir ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Rusiya Federasiyası burada BMT Nizamnaməsinin müdafiəsi üçün səmərəli çoxtərəflilik barədə debatlar açdığı bir vaxtda onun Ukraynaya qarşı birtərəfli təcavüzü davam edir”. Yaponiya nümayəndəsi də Təlükəsizlik Şurasında islahat aparılmasına çağırıb. Təhlükəsizlik Şurası yanında Avropa İttifaqı nümayəndə heyətinin rəhbəri Olaf Skuq deyib: “Rusiya özünü BMT Nizamnaməsinin və çoxtərəfliyin müdafiəçisi kimi təqdim etməyə çalışır. Heç nə həqiqətdən bu qədər uzaq ola bilməz. Bu, sadəcə olaraq arsızlıqdır”. Lakin BMT-dəki Çin diplomatik missiyasının rəhbəri Çjan Tszyun Təhlükəsizik Şurasında islahatların aparılması təşəbbüsünə qarşı çıxıb. O deyib ki, nizamnaməni islah etməkdənsə, hərənin özündən başlaması lazımdır: “Biz bəzi ölkələrin öz iradəsini beynəlxalq birliyə zorla qəbul etdirməsinin əleyhinəyik”. Çin səfiri konkret ölkə adı çəkməsə ölkələri birtərəfli sanksiyalar qoymaqdan çəkinməyə çağırıb. Xatırladaq ki, BMT-nin nizamnaməsi 1945-ci il 26 iyun tarixində imzalanıb və 1945-ci il 24 oktyabrda qüvvəyə minib. BMT-nin əsas orqanları BMT Baş Məclisi, Təhlükəsizlik Şurası, İqtisadi və İctimai Şura, Qəyyumluq Şurası, Beynəlxalq Məhkəmə və Katiblikdir. 80 il əvvəl qəbul edilən nizamnamə yeni dövlətlərin yaranması, dünyada yaranan yeni reallıqlar fonunda müasir tələblərə cavab vermir. Məhz bu səbəbdən də bir sıra hallarda BMT qlobal miqyasda baş verənlərə operativ yanaşma sərgiləmir. Ona görə də qurumda, xüsusən də onun Təhlükəsizlik Şurasında islahatlar zəruridir.
"Biz Ukraynadakı müharibənin nə vaxt başa çatacağını bilmirik".
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Brüsseldə Gürcüstan Baş naziri İrakli Qaribaşvili ilə birgə mətbuat konfransında deyib.
“Biz müharibənin nə vaxt başa çatacağını bilmirik, lakin biz bilirik ki, Rusiyanın təcavüzü zəhərli bir nümunədir və bu birdəfəlik dayandırılmalıdır. Ukrayna BMT xartiyasına uyğun olaraq özünümüdafiə hüququnu saxlayır və biz bütün NATO tərəfdaşlarının bu məqsədi dəstəkləməsini gözləyirik”.
Serbiya NATO ilə konflikt axtarmır və onda iştirak etmək iqtidarında da deyil.
Axar.az xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.
O öz xalqının daha da alçaldılmasını istəmədəyini bildirib:
“Alyansla konflikt istəmirik və ölkə buna qadir də deyil. Lakin biz bundan sonra da xalqımızın alçaldılmasına, hücuma yol verə bilmərik. Belə olan halda hər şey mürəkkəbləşir”
Qondarma erməni soyqırımının ildönümündə ABŞ-də yaşayan ermənilər Azərbaycanın Vaşinqtondakı səfirliyi qarşısında mitinq keçirirlər.
Bu barədə Azərbaycan səfiri Xəzər İbrahim özünün “Twitter” hesabında bildirib.
“Ermənilər səfirliyimizin önündə sülh istədikləri şüarları səsləndirməklə yanaşı, həm də Azərbaycan və Türkiyənin suveren ərazilərinə iddialar səsləndirirlər. “Sülh” sözü ermənicə “müharibə” kimi tərcümə olunur?”, - deyə diplomat sosial şəbəkədə qeyd edib.
NATO Ukraynanın “boz zona” statusunu birdəfəlik aradan qaldıracaq təhlükəsizlik zəmanətlərini verməyə hazır olmalıdır. Teref.az Axar.az-a istinadən xəbər verir ki, bu fikirlər Polşa, Çexiya və Slovakiya baş nazirlərinin “Foreign Affairs” jurnalındakı birgə məqalələrində yer alıb. “Ukrayna üçün müharibədən sonrakı təhlükəsizlik zəmanətlərini planlaşdırmaq hələ tez deyil, çünki Ukrayna gələcək təcavüzə qarşı özünü müdafiə edə bilməsə, heç bir investisiya və davamlı bərpa olmayacaq. NATO-nun Vilnüsdə keçiriləcək sammiti alyansın gələcəyi ilə bağlı çətin, lakin qaçılmaz suallara, o cümlədən onun Ukraynaya münasibəti və Rusiyaya qarşı gələcək strategiyasına cavab verməli olacaq”, - məqalədə qeyd olunub.
Avropa Şurası Parlament Assambleyasının bu gün keçirilən sessiyasında qurumun insan hüquqları üzrə komissarı Dünya Miyatoviç ötən illə bağlı hesabatını təqdim edib.
Gununsesi.info-nun Strasburqa ezam olunan əməkdaşının xəbərinə görə, Miyatoviç “2022-ci ildə Avropada insan hüquqlarının müdafiəsi ciddi uğursuzluğa düçar olub” deyə bildirib.
Komissar hesabatda əsas diqqət Rusiya Federasiyasının Ukraynaya hərbi hücumu zamanı törətdiyi vəhşiliklərə yönəlib: “Rusiya qüvvələrinin Ukraynada törətdiyi dəhşətli cinayətlər cəzasız qalmamalıdır. Ədalət mühakiməsi, o cümlədən Beynəlxalq Cinayət Məhkəməsi ilə səmərəli əməkdaşlıq və Ukrayna ədliyyə sisteminə uzunmüddətli dəstək vasitəsilə həyata keçirilməlidir.
Buraya Rusiya Federasiyasına və ya müvəqqəti olaraq işğal olunmuş ərazilərə köçürülmüş, bəzilərinə beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq Rusiya vətəndaşlığı verilmiş ukraynalı uşaqların insan hüquqlarının pozulması hallarının həlli daxildir”.
Komissar, həmçinin vurğulayıb ki, Avropada sığınacaq axtaranlara, qaçqınlara və miqrantlara qarşı rəftar bir çox üzv dövlətlərin bu sahədə öz beynəlxalq insan hüquqları öhdəliklərini yerinə yetirməməsinin ardıcıl və düşünülmüş şəkildə uğursuzluğunu göstərir. “İtkinliklər, qəza vəziyyətində olan qayıqları xilas etməkdən imtina, qeyri-insani şərait və rəftar insan həyatı üçün təhlükə yaradan təhlükəsizliyə qeyri-mütənasib şəkildə yönəlmiş miqrasiyaya yanaşmanın ümumi xüsusiyyətləridir. Üzv dövlətlər bu yolu davam etdirmək əvəzinə, diqqətini təhlükəsiz və qanuni marşrutların təmin edilməsinə, miqrasiya marşrutları boyunca humanitar yardıma və dənizdə axtarış-xilasetmə işlərinə yönəltməlidirlər”.
Miyatoviç, həmçinin 2022-ci il həm də LGBTİ insanlara qarşı geniş yayılmış dözümsüzlük, düşmənçilik və hətta zorakılıq mühiti ilə yadda qaldığını deyib: “Onların insan hüquqları ilə bağlı məsələlərin, məsələn, eynicinsli cütlüklərin qanuni olaraq tanınması və ya onların ailə həyatı hüququ kimi siyasi alətə çevrilməsi yalnız LGBTİ insanlara qarşı düşmənçiliyin və dezinformasiyanın artmasına və cəmiyyəti qütbləşdirməyə xidmət etmişdir”.
Bu vəziyyətin hamı üçün bərabər hüquqların təmin edilməsi öhdəliyində daha geniş reqressiya probleminin əlaməti olduğunu vurğulayır.
Müvəkkil həmçinin vurğulamışdır ki, vətəndaş cəmiyyətinin, hüquq müdafiəçilərinin və ümumilikdə fərdlərin fundamental azadlıqlardan istifadə etmək üçün məkan daralmaqda davam edir.
Hesabatın daha geniş variantını sabah təqdim edəcəyik.
Rusiyanın Ukraynaya qarşı müharibəsi ölkəyə və xalqına böyük iztirablar və dağıntılar gətirir.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antoniu Quterreş Təşkilatda Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sədrliyi ilə keçirilən iclasda deyib.
“Rusiyanın Ukraynaya hərbi müdaxiləsi bu ölkəyə və xalqına böyük əzab və dağıntılar gətirir və COVID-19 pandemiyasının səbəb olduğu qlobal iqtisadi sarsıntıya təkan verir”, - Baş katib vurğulayıb.
Lavrov isə cavabında Beynəlxalq Valyuta Fondu, ABŞ və onun müttəfiqlərini “qloballaşmanı dağıtmaq”da suçlayıb.
Rusiya xüsusi hərbi əməliyyat zamanı qarşıya qoyduğu vəzifələri aydın şəkildə izah etdi. Onun vəzifəsi insanları Kiyev rejimi tərəfindən məhv edilməkdən qorumaq, NATO-nun təhdidlərini aradan qaldırmaqdır.
Axar.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
“Hazırkı Ukrayna hakimiyyəti 2014-cü il çevrilişinin nəticələrini qəbul etməkdən imtina edən Donbas sakinlərinin maraqlarını təmsil edə bilməz”, - Lavrov bildirib.
Bu gün Ermənistanın paytaxtı İrəvanda yürüş iştirakçıları Respublika meydanında Azərbaycan və Türkiyə bayraqlarını yandırıblar.
Ordu.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, vandal hadisə qondarma soyqırımla bağlı keçirilən yürüşün əvvəlində baş verib.
Bundan əvvəl Ağır atletika üzrə növbəti Avropa çempionatının İrəvanda keçirilən və canlı yayımlanan açılış mərasimi zamanı beynəlxalq ictimaiyyətin gözü qarşısında Azərbaycan Bayrağı turnirin təşkilatçılarından olan şəxs tərəfindən nümayişkaranə şəkildə yandırılıb.