Ardını oxu...
Prezidentin köməkçisi Hikmət Hacıyev İtaliyanın aparıcı mətbu orqanlarından olan “La Repubblica” qəzetinə müsahibəsində Ermənistanla Azərbaycan arasında sülh prosesindən bəhs edib. O, bəzi Qərb ölkələrinin erməni revanşizmini qızışdırdığını bildirib. H.Hacıyev sülhə həmişəkindən daha yaxın olduğumuzu desə də, qarşıda duran maneələri də istisna etməyib. Prezidentin köməkçisinin sözlərinə görə, əsas maneə Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan Ermənistan konstitusiyasıdır: "Onun preambulası erməni dilində Qarabağın Azərbaycan ərazilərinin Ermənistana “birləşdirilməsi” mənasını verən “Miatsum” sözü yazılan müstəqillik bəyannaməsinə istinad edir. Biz təkcə Ermənistan hökuməti ilə deyil, həm də Azərbaycanda ərazi iddialarından əl çəkərək konstitusiyaya dəyişiklik edilməsi üçün referendum keçirilməsi tələbi ilə səsini ucaltmalı olan erməni xalqı ilə də sülh razılaşması əldə etmək istəyirik". Hikmət Hacıyev vurğulayıb ki, sülh müqaviləsi kağız parçası deyil: "Ermənistanda heç kimin bir daha Azərbaycana qarşı regionda sülhü təhdid edən revanşizmə əl atmayacağına zəmanət olmalıdır. Ona görə də erməni xalqının revanşizmdən, Qarabağ iddialarından əl çəkdiyi və mümkün sülh müqaviləsini gələcəkdəki Ermənistan hökumətlərinin revizionizmindən qoruyacaq referenduma ehtiyacı var". H.Hacıyev vurğulayıb ki, Ermənistanın hərbiləşdirilməsi də məsuliyyətli və mütənasib olmalıdır: "İrəvan Fransadan uzaqmənzilli raketlər və artilleriya sistemləri alır və bununla da yenidən Azərbaycan şəhərlərinə hücum edə bilər. Ermənistan üçün ən yaxşı həll yolu Azərbaycanın təhlükəsizliyini təhdid edən hərbi ittifaqlar yox, neytrallıq olardı". Prezidentin köməkçisi əlavə edib ki, müstəmləkə keçmişi olan bəzi Qərb dövlətlərinin Afrikadakı kimi, Qafqazda da öz siyasətlərinin və intriqalarının təbliği üçün Ermənistandan istifadə etməsi əks effekt verir: "Fransa və onun hökuməti region haqqında tam anlayışa malik deyil və Avropanın da əleyhinə olacaq geosiyasi səhvlərə yol verir. Ermənistanı hərbiləşdirmək və bununla da onun revanşizminə təkan vermək sülhə kömək etmir".
Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan BMT tribunasından Bakıya səslənib. Baş nazir sülh sazişinin razılaşdırılmış maddələrini noyabrda baş tutacaq COP29 iqlim konfransına qədər imzalamağı təklif edib. Paşinyan hesab edir ki, bu, sülh prosesinin irəli aparılması üçün stimullaşdırıcı mühit yaratmağa kömək edə bilər.

Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli "Sherg.az”a bildirib ki, ümumiyyətlə, son vaxtlar Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması istiqamətində səylər gücləndirilib. Analitikə görə, Ermənistanın Baş naziri Nikol Paşinyanın BMT Baş Assambleyasındakı son çıxışı, bir sıra beynəlxalq təşkilatların iclaslarında sülh sazişinin əksər maddələrinin razılaşdırılması ilə bağlı bəyanatları ortadadır:

"Bununla yanaşı, bir sıra maraqlı qüvvələr Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanmasını istəmirlər. Təbii ki, burada başqa məsələlər də var. Xüsusən, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının qalması sülhə maneədir. Ermənistan rəsmiləri Azərbaycan Konstitusiyasında onlara qarşı ərazi iddialarının olması ilə bağlı əsassız ittihamlar səsləndirirlər. Halbuki Azərbaycan Konstitusiyasında Ermənistana ərazi iddiaları ilə bağlı heç bir müddəa yoxdur. Konstitusiyamızda qeyd olunub ki, Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Burada kiməsə ərazi iddiasından söhbət getmir. Bütün bunlara rəğmən, sülh müqaviləsi gec-tez imzalanmalıdır. Əlbəttə, sazişin COP29-a kimi imzalanması yaxşı olardı. Hesab edirəm ki, il bitənədək sülh müzakirələrini yekunlaşdırıb sənədi imzalamaq mümkündür".
 
Ardını oxu...
Avropa İttifaqına üzv ölkələr BMT Təhlükəsizlik Şurasının Livandakı vəziyyətlə bağlı iclasının təcili çağırılmasını tələb edirlər.

Bunu Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cosep Borel təşkilata üzv 27 ölkənin xarici işlər nazirlərinin fövqəladə videokonfransından sonra deyib.

“Üzv ölkələr də BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırır və biz atəşkəsə nail olmaq üçün bütün diplomatik səyləri göstərəcəyik”, – deyə o bildirib.
 
Ardını oxu...
Ukrayna üzrə sülh danışıqlarına Qərb ölkələrindən, xüsusən də ABŞ-dən Kiyev üçün təhlükəsizlik zəmanətləri daxil edilməlidir.

Bu sözləri NATO-nun səlahiyyət müddəti başa çatan baş katibi Yens Stoltenberq "Reuters" agentliyinə müsahibəsində deyib.

Stoltenberq vurğulayıb ki, hər hansısa atəşkəs və ya beynəlxalq səviyyədə tanınmış sərhəd razılaşdırıldıqda, müharibənin həmin nöqtədə başa çatacağından tam əmin olmaq lazımdır.

NATO baş katibi əlavə edib ki, Rusiyanın nüvə doktrinasında alyansın siyasətini dəyişdirməyi tələb edən hər hansı bir dəyişiklik müşahidə etməyib.
 

Ardını oxu...


Azərbaycan, Bayden administrasiyasına Ermənistan üzərindən ABŞ-ın geopolitik planlarını reallaşdırmaq və erməni diasporunu məmnun edərək, əlavə seçki dəstəyi qazanmaq şansı tanımadı... Bu baxımdan, regional sülh prosesində təşəbbüsü Kremlə verməmək üçün Ağ Ev hazırda Ermənistan baş naziri Nikol Paşinyanı Rusiyaya səfərdən imtinaya məcbur etməyə çalışır...

Cənubi Qafqazda sülh prosesi qeyri-müəyyən xarakter daşıyır. Belə ki, bu prosesin hansı istiqamətlərə yönələcəyi son vaxtlar daha qəliz suallar doğurmağa başlayıb. Xüsusilə də, həm bu prosesin birbaşa iştirakçıları, həm də müdaxilə etmək istəyən regiondan kənar siyasi dairələrin açıqlamaları kəskin ziddiyyətlər təşkil edir. Və mövcud situasiyada atılan addımlar da Cənubi Qafqazı sülhdən daha çox yeni savaş təhlükəsinə yaxınlaşdırır.

Məsələ ondadır ki, Ermənistan yekun sülh sazişinin mətni tam razılaşdırılmasa da, onu imzalamağa hazır olduğunu bəyan edir. Halbuki, bunun mümkün olmadığını hər kəs, o cümlədən də Paşinyan hakimiyyəti də anlayır. Çünki yarımçıq sülh sazişinin imzalanması Cənubi Qafqazda savaşdan uzaq inkişaf perspektivləri vəd etmir.

Eyni zamanda, rəsmi Bakı da belə bir yararsız sənədi imzalamaq niyyətində olmadığını qətiyyən gizlətmir. Həm də rəsmi Bakı tam razılaşdırılmış yekun sülh sazişinin imzalanmasından öncə Azərbaycana qarşı ərazi iddiaları yer alan Ermənistan konstitusiyanın dəyişdirilməsində israrlı mövqe tutur. Və bu baxımdan, Cənubi Qafqazdakı sülh prosesi qarşısında hazırda ən azından iki önəmli əngəl mövcuddur.

ABŞ və Qərb isə nə qədər qəribə də olsa, bu iki önəmli, həm də Azərbaycanın milli maraqlarına zidd əngəli diqqətə almağa həvəs göstərmir. Əksinə, Qərb siyasi dairələri yararsız sülh sazişinin imzalanmasına nail olmaqla, Cənubi Qafqaza yeni təsir mexanizmləri qazanmağa can atırlar. Ona görə də, ABŞ və Qərb bir tərəfdən davamlı olaraq, regional sülh prosesini dəstəklədiyini bəyan etsə də, digər tərəfdən onun bloklanmasına yönəlik addımlar atmağa üstünlük verir. Hər halda, ABŞ və Qərbin Ermənistanı silahlandırması Cənubi Qafqazda sülh prosesinin uğur qazanması qarşısında ciddi problemlərdən biri sayılır.

Bütün bunları nəzərə aldıqda, ABŞ və Qərbin də Cənubi Qafqazda sülhün və sabitliyin hökm sürməsində maraqlı olduğuna inanmaq sadəlövhlük olardı. Qərb siyasi dairələri indiki situasiyada ən yaxşı halda, daha savaşa və uzunmüddətli müzakirələrə yol aça biləcək yarımçıq sülh sazişinə üstünlük verirlər. Çünki əsas hədəf regional sülhə nail olmaq deyil, Cənubi Qafqazda geopolitik proseslərin iştirakçısına çevrilmək üçün bəhanə mexanizmləri qazanmaqdır. Və bu baxımdan, rəsmi Bakının bu məsələdə prinsipial davranması indiki situasiyada Qərbin geopolitik planlarını bloklamaq üçün hələlik kifayət edir.

Onu da qeyd etmək lazımdır ki, hazırda ABŞ və Qərblə Rusiya arasında gedən Cənubi Qafqaz uğrunda mübarizə daha çox regional sülh prosesi üzərində indeksləşib. Çünki hər iki tərəf bu prosesdə orbitr rolunu ələ keçirməyə can atır. Hər halda, indi regional məkanda bu məsələ əsas geopolitik faktor rolunu oynayır. Və bu faktorla bağlı vasitəçilik statusu qazanmadan Cənubi Qafqazda geopolitik planlar qurmaq elə də böyük uğurlar vəd etmir.

Maraqlıdır ki, BMT Baş Assosiasiyasının növbəti toplantısı ərəfəsində ABŞ Cənubi Qafqazda sülh prosesinə vasitəçilik hüququ qazanmaq istiqamətində növbəti dəfə cəhdlər etdi. ABŞ-ın dövlət katibi Entoni Blinken həm Bakıya, həm də İrəvana zəng edərək, Ağ Evin Azərbaycan və Ermənistan arasındakı sülh prosesini dəstəklədiyini təkrarladı. Hətta dövlət katibi ABŞ-ın sülh danışıqlarının inkişaf səviyyəsindən məmnun olduğunu da vurğuladı. Və təbii ki, ABŞ-ın BMT Baş Assosiasiyasının toplantısı çərçivəsində Azərbaycan-Ermənistan yüksək səviyyəli görüşünə vasitəçilik həvəsini biruzə verdi.

Ancaq ABŞ-ın Cənubi Qafqazda buraxdığı kobud səhvlər Ağ Evin vasitəçilik həvəsi qarşısında olduqca ciddi əngəllərdən biridir. Halbuki, Azərbaycan və Ermənistan arasında yüksək səviyyəli görüşün keçirilməsi hazırda ABŞ-ın geopolitik hədəfləri deyil, həm də Bayden administrasiyasının seçki maraqları baxımından da böyük önəm daşıyır. Və Bayden administrasiyası buna nail olmaqla, ABŞ-dakı erməni diasporunun seçki dəstəyini almağa can atır.

Təbii ki, əslində, ABŞ-ın ən ciddi səhvlərindən biri də məhz bundan ibarətdir. Belə ki, Bayden administrasiyası Fransanın ardınca ABŞ-ı da qatı ermənipərəst mövqeyə sürükləyir. Son vaxtlar Ağ Evin Azərbaycan-ABŞ münasibətlərinin qəlizləşərək, korlanmasına yönəldən addımlar atması bunu təsdiqləyir. Üstəlik, rəsmi Bakı ABŞ-ın ermənipərəst mövqeyindən və Azərbaycan əleyhinə davranışlarından narazı olduğunu qətiyyən gizlətmir. Və bu baxımdan, rəsmi Bakının ABŞ-a vasitəçilik, Bayden administrasiyasına isə seçki dvidentləri qazandıracağına ümid bəsləmək reallıqdan uzaqdır.

Əlbəttə ki, rəsmi Bakı BMT Baş Assosiasiyasının toplantısı çərçivəsində yüksək səviyyəli görüşdən qətiyyən imtina etmədi. Ancaq çox dəqiq hesablanmış incə diplomatik qərarla rəsmi Bakı ABŞ-a Azərbaycanın xarici işlər nazirini göndərdi. Nəticədə, ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan və Ermənistan liderlərinin yüksək səviyyəli görüşü əvəzinə, yalnız xarici işlər nazirlərinin toplantısında iştirak etməklə kifayətlənməli oldu. Və bu, rəsmi Bakının Ağ Evə Azərbaycanın maraqlarının ABŞ-ın geopolitik hədəflərindən daha üstün olması barədə dolayısı mesajı kimi də qəbul oluna bilər.

İndi Ağ Evin narahat olması üçün kifayət qədər ciddi səbəblər də olmamış deyil. Belə ki, dövlət katibi Entoni Blinkenin regional sülh prosesində ABŞ-a vasitəçilik missiyası qazandırmaq cəhdi pozitiv nəticə verməyib. Üstəlik, Ağ Evin bu məsələdə Rusiyanı qabaqlayaraq, tamamilə oyundankənar vəziyyətə salmaq niyyəti də boşa çıxıb. Ona görə də, indi Ağ Ev Kremlin alternativ cəhdlərinin necə nəticələnəcəyini ciddi narahatlıq içərisində müşahidə etmək məcburiyyətində qalıb. Və Rusiyanın yaxın vaxtlarda belə bir şans qazana biləcəyi isə qətiyyən istisna deyil.

Məsələ ondadır ki, oktyabr ayında Rusiyada BRİCS-ə üzv ölkələrin növbəti toplantısı keçiriləcək. Rəsmi Bakı bu quruma üzvlük üçün müraciət etdiyindən Azərbaycan Prezidenti İlham Əliyev də bu toplantıya dəvət edilib. Ermənistan baş naziri Nikol Paşinyanın da bu toplantıya qatılmaq niyyəti nəzərə alındıqda, Rusiya yüksək səviyyəli görüşə vasitəçilik şansı qazana bilər. Və Rusiya xarici işlər naziri Sergey Lavrovun bunu mümkün hesab etməsi də Kremlin belə bir görüşün təşkili barədə düşündüyünü göstərir.

Belə anlaşılır ki, Kreml həm Azərbaycan, həm Ermənistan ilə anlaşa bilərsə, ABŞ-ı vasitəçilik hüququna yönəlik yolda bir addım qabaqlaya bilər. BRİCS-ə üzvlük üçün rəsmi müraciət edən Azərbaycanın Kremldən gələn yüksək səviyyəli görüş təklifini geri çevirəcəyini düşünmək sadəlövhlük olardı. Çünki bu görüş Azərbaycan üçün elə bir ciddi problem vəd etmir. Eyni zamanda, BRİCS-ə üzvlük məsələsində Rusiyanın Azərbaycana açıq dəstək verdiyini də nəzərə aldıqda, Kremlin vasitəçiliyi ilə görüş rəsmi Bakının maraqlarına uyğundur.

Təbii ki, Ermənistan baş naziri Nikol Paşinyan BRİCS-in toplantısına qatılarsa, Kremlin təklifini geri çevirməyə ehtiyac duymayacaq. Çünki bütün sahələr üzrə asılı olduğu Rusiya ilə münasibətləri daha da korlamaq hazırda Ermənistanın maraqlarına qətiyyən cavab vermir. Böyük ehtimalla Ağ Evdə də bu reallıqları və önəmli məqamları anlamamış deyillər.

Ona görə də, Ermənistan baş naziri Nikol Paşinyanın BRİCS toplantısına qatılmaq istəyini bloklamaq ABŞ-ın ixtiyarında olan yeganə çıxış yolu kimi görünür. Bu baxımdan, regional sülh prosesində təşəbbüsü Rusiyaya verməmək üçün ABŞ Ermənistan baş naziri Nikol Paşinyanı Rusiyaya səfərdən imtinaya məcbur da edə bilər. Və əgər, baş verərsə, bunun Ermənistanın milli maraqlarına böyük problem olacağı qətiyyən şübhə doğurmur.(Yeni Müsavat)

Ardını oxu...
“İşğal dövründə Azərbaycan xalqına məxsus maddi-mədəniyyət abidələri, eləcə də dini ibadət yerləri, bütövlükdə 9 şəhər və yüzlərlə kənd və qəsəbə tamamilə məhv edilib”.

Gundeminfo.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının Bakı şəhərində keçirilən 29-cu İllik Konfransı və Ümumi Yığıncağının iştirakçılarına müraciətində bildirib.

“Bu cinayət əməllərinə görə Ermənistan işğalçı və təcavüzkar ölkə olaraq, dövlət səviyyəsində məsuliyyət daşıyır. Bütün bu cinayətləri törətmiş Ermənistan tərəfi Azərbaycan xalqından üzr istəmək əvəzinə, ölkəmizə qarşı əsassız ittihamlar irəli sürür. Bütün bunlara baxmayaraq, bu gün Azərbaycan bölgədə davamlı sülh və sabitliyə nail olmaq üçün səylərini davam etdirir”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.


Ardını oxu...
Ermənistanla Fələstin arasında diplomatik münasibətlərin qurulmasına dair sənəd imzalanıb.

Ermənistan KİV-ləri xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, müvafiq kommünike Nyu-Yorkda keçirilən görüşdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Fələstinin Baş naziri Məhəmməd Mustafa tərəfindən imzalanıb.

Ermənistan iyun ayında Fələstin dövlətini tanıdığını elan edib.
 
Ardını oxu...
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) 29-cu İllik Konfransının iştirakçılarına müraciət edib.

Müraciətin mətnini təqdim edir:

"Hörmətli tədbir iştirakçıları,

Sizi Beynəlxalq Prokurorlar Assosiasiyasının Bakı şəhərində keçirilən 29-cu İllik Konfransı və Ümumi Yığıncağında səmimi-qəlbdən salamlayıram.

Yüzə yaxın ölkənin, eləcə də BMT-nin ixtisaslaşmış qurumlarının da daxil olduğu beynəlxalq təşkilatların təmsilçilərini, habelə prokurorlar, hakimlər, hüquqşünaslar, ekspertlər və digər nüfuzlu şəxsləri bir araya gətirən belə bir mötəbər tədbirə ev sahibliyi etmək bizim üçün əlamətdar hadisə, eyni zamanda, ölkəmizə olan ehtiramın təzahürüdür.

Azərbaycanın qlobal əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsi artıq ənənə halını almışdır. Məlum olduğu kimi, ötən ilin sonunda Azərbaycan Respublikası dünya dövlətlərinin yekdil qərarı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etmək şərəfinə layiq görülmüşdür.

Bəşəriyyəti narahat edən iqlim dəyişmələrinə qarşı mübarizədə ölkəmiz digər dövlətlər, həmçinin aidiyyəti beynəlxalq təşkilatlarla birgə dünyanın ekoloji sisteminin yaxşılaşmasına töhfələr verməyə çalışacaqdır. Təsadüfi deyildir ki, COP29 çərçivəsində beynəlxalq tərəfdaşlarla birlikdə “İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının səfərbər edilməsi” mövzusunda tədbirin keçirilməsi planlaşdırılır.

Azərbaycan uzun müddət qonşu Ermənistan Respublikası tərəfindən işğal və hərbi təcavüzə məruz qalmışdır. Bu işğal dövründə xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılmış, çoxsaylı hərbi cinayətlər və insanlıq əleyhinə cinayətlər törədilmişdir. Nəhayət 2020-ci ildə Vətən müharibəsi və 2023-cü ildə antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi.

İşğal dövründə 4 minə yaxın azərbaycanlı itkin düşmüşdür. Onlar Ermənistan tərəfindən işgəncələrə məruz qalaraq qətlə yetirilmiş və kütləvi məzarlıqlarda basdırılmışdır. Ermənistan hazırda itkin düşmüş bu şəxslərin sonrakı aqibəti, habelə onların basdırıldığı kütləvi məzarlıqların yeri barədə məlumatları bizə təqdim etməkdən imtina edir.

Həmçinin işğal dövründə Azərbaycan xalqına məxsus maddi-mədəniyyət abidələri, eləcə də dini ibadət yerləri, bütövlükdə 9 şəhər və yüzlərlə kənd və qəsəbə tamamilə məhv edilmişdir. Bu cinayət əməllərinə görə Ermənistan işğalçı və təcavüzkar ölkə olaraq, dövlət səviyyəsində məsuliyyət daşıyır. Bütün bu cinayətləri törətmiş Ermənistan tərəfi Azərbaycan xalqından üzr istəmək əvəzinə, ölkəmizə qarşı əsassız ittihamlar irəli sürür. Bütün bunlara baxmayaraq, bu gün Azərbaycan bölgədə davamlı sülh və sabitliyə nail olmaq üçün səylərini davam etdirir.

Hörmətli qonaqlar,

Biz Beynəlxalq Prokurorlar Assosiasiyası ilə uzunmüddətli əlaqələrimizi yüksək qiymətləndirir və bu tərəfdaşlığın möhkəmləndirilməsi istiqamətində səylərin gücləndirilməsini vacib hesab edirik.

Azərbaycanda prokurorluq orqanlarında mütərəqqi islahatlar həyata keçirilmiş, ölkədə qanunun aliliyi, fundamental hüquq və azadlıqlar tam təmin olunmuşdur. Ölkəmizin hüquq-mühafizə orqanları beynəlxalq səviyyədə transmilli cinayətkarlıq, terrorizm, separatizm, qaçaqmalçılıq, çirkli pulların yuyulması, narkotiklərin qanunsuz dövriyyəsi, kibercinayətkarlıq, qanunsuz miqrasiya və s. qarşı mübarizəyə öz mühüm töhfəsini verir və bu istiqamətdə beynəlxalq əməkdaşlığı dəstəkləyir.

Transsərhəd cinayətkarlığının yeni forma və təzahürlərinin, o cümlədən kibercinayətkarlığın yeni növlərinin meydana gəlməsi, sosial media platformaları, süni intellektin yaratdığı imkanlardan cinayətkarlıq, terrorizm məqsədilə istifadə edilməsi prokurorluq orqanlarının qarşısında yeni və mürəkkəb çağırışlar qoyur. Eyni zamanda, dünyada etnik-dini zəmində artmaqda olan nifrət və irqçilik meyilləri hamımızı narahat edir.

Əminəm ki, “Qanunun aliliyinin təmin edilməsində prokurorun rolu” mövzusuna həsr olunmuş dördgünlük konfrans ortaq məqsədlərə töhfə verəcək və daha böyük əməkdaşlığa yol açacaqdır.

Mən sizləri bir daha Azərbaycanda salamlayır, ən xoş arzularımı yetirir, konfransın işinə isə uğurlar diləyirəm".
 
 
 
Ardını oxu...
"Azərbaycanla dostluq və qardaşlıq münasibətlərimiz, birgə əməkdaşlığımız son vaxtlar daha da möhkəmlənib və bu məni çox xoşbəxt edir".

Bunu "Report"un ABŞ bürosuna açıqlamasında BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Nyu-Yorkda səfərdə olan Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar deyib.

Ölkə başçısı türk xalqlarının birliyinin zəruriliyinə diqqət çəkib və Azərbaycanın ölkə başçısı Prezident İlham Əliyev arasında çox səmimi, məhsuldar münasibətlər olduğunu bildirib: "Prezident İlham Əliyev məni iki dəfə Bakıya dəvət edib. Azərbaycanla möhkəm dostluq və qardaşlıq münasibətlərimiz, birgə əməkdaşlığımız son vaxtlar daha da möhkəmlənib və bu məni çox xoşbəxt edir. Mən bu münasibətlərə çox böyük dəyər verirəm".

"Güclü türk dünyasına ehtiyacın olduğunu", - deyən Ersin Tatar Prezident İlham Əliyevin də onunla görüşlərində hər zaman buna vurğu etdiyinə diqqət çəkib:

"İlham Əliyevin "Türk dünyası, türk birliyi güclü olsa, biz də güclü ola bilərik" fikri ilə tamamilə razıyam. Hər iki lider - Türkiyə Prezidenti Ərdoğan və Azərbaycan Prezidenti Əliyevin birgə səyləri nəticəsində türk dünyası sözün əsl mənasında güclənib. Mən hər iki prezidentlə söhbətlərimdə deyirəm ki, biz bir millət, üç dövlətik. Biz bir-birimizi xalqımızın daha gözəl və parlaq gələcəyi üçün dəstəkləyirik. Şimali Kipr Türk Cümhuriyyəti olduqca kritik bir bölgədədir, resursların sonu, hərbi və təhlükəsizlik məsələlərinin bir qədər qarışıq olduğu problemlərlə sərhədlənib. Bizim türk dünyasının dəstəyinə ehtiyacımız var".

Prezident BMT Baş Assambleyasının yüksəksəviyyəli həftəsindəki görüşlərində Kipr məsələsinin həlli üçün apardığı danışıqlardan söz açıb: "Təəssüf ki, bir çoxu reallıqları görmək istəmir. Onlar düşünürlər ki, Kipr Respublikası bütöv adadan ibarətdir. Kipr məsələsi Türkiyə və Kipr xalqlarının ortaq mübarizəsidir. Ona görə də, Türkiyənin lideri bu məsələdə hər zaman narahatlığını və həssaslığını dilə gətirir. Onlar Şimali Kipr Türk Cümhuriyyətinin mövcudluğunu anlamalıdırlar. Biz azlıq təşkil edən hansısa bir xalqın nümayəndəsi deyilik. Biz Şimali Kipr Türk Cümhuriyyətinin qurucuları və vətəndaşlarıyıq. Bizi ölkə və respublika kimi tanımaları üçün sonadək mübarizəmizi davam etdirəcəyik. Hər iki toplumun birlikdə yaşamasını təklif edən federal həll yolu çözüm deyil. Bu məsələdə hər hansı bir həll yolundan söhbət gedirsə, o ikidövlətli həll yolu olmalıdır. Bütün görüşlərimizdə bunu vurğuladıq və bundan sonra da mübarizəmizi davam etdirəcəyik".
 
Ardını oxu...
"Azərbaycan 2020-ci ildən bəri 140-dan çox ölkəyə 330 milyon ABŞ dolları məbləğində humanitar, iqtisadi və texniki yardım göstərib".

"Report" xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının Ümumi Müzakirəsində "Heç kimi geridə qoymayaq: indiki və gələcək nəsillər üçün sülhün, davamlı inkişafın və insan ləyaqətinin inkişafı naminə birgə hərəkət etmək" mövzusunda çıxış edərkən deyib.

XİN rəhbəri qeyd edib ki, Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi altında çoxtərəfli münasibətlərin təhrif olunduğu dövrdə beynəlxalq həmrəyliyin gücləndirilməsi və qlobal çağırışlara kollektiv cavabın aktivləşdirilməsi üçün qətiyyətli addımlar atılıb.

"Heç kimi geridə qoymayaq" nəcib çağırışını rəhbər tutaraq Azərbaycan, ehtiyacı olan inkişaf etməkdə olan ölkələrə dəstəyini davam etdirir. Biz 2020-ci ildən 140-dan çox ölkəyə 330 milyon ABŞ dolları məbləğində humanitar, iqtisadi və texniki yardım göstərmişik", - ölkənin baş diplomatı vurğulayıb.
 

Ardını oxu...
  

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Niderland Krallığının xarici işlər naziri Kasper Veldkamp ilə görüşüb.

Bu barədə Musavat.com-a Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.

Görüşdə Azərbaycan-Niderland münasibətlərinin müxtəlif aspektləri, habelə postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar müzakirə olunub.

İki ölkə arasında qarşılıqlı səfərlərin, müxtəlif beynəlxalq tədbirlər çərçivəsində təmasların, ikitərəfli münasibətlərin spektrini nəzərdən keçirmək və gələcək əməkdaşlığın yeni istiqamətlərini araşdırmaq üçün vacibliyi qeyd olunub.

Nazir Ceyhun Bayramov həmçinin qarşı tərəfi postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, mina təhdidinə qarşı mübarizə tədbirləri, habelə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə ətraflı məlumatlandırıb.

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində görülən işlərə təhdid törədən əsas amillər, o cümlədən Ermənistanın Konstitusiyası və digər qanunverici sənədlərində ölkəmizə qarşı ərazi iddialarının mövcudluğu, habelə bu ölkənin sürətli silahlanması diqqətə çatdırılıb.

COP29 sədrlik fəaliyyətindən bəhs edən nazir Ceyhun Bayramov, mümkün əməkdaşlıq imkanlarının dəyərləndirilməsinə hazır olduğumuzu diqqətə çatdırıb. Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 
 
 

Dünyapress TV

Xəbər lenti