Ardını oxu...
Sabah saah 15:00-da Konstitusiya Məhkəməsi Plenumunun iclası keçiriləcək.

“AzPolitika” xəbər verir ki, iclasda Mərkəzi Seçki Komissiyasının (MSK) Milli Məclisə növbədənkənar seçkilərin nəticələrinin təsdiq olunması ilə bağlı müraciətinə baxılacaq. Həftənin ilk günlərində isə VII çağırış Milli Məclisin ilk toplantısı keçiriləcək.

Məlumatlı mənbədən “AzPolitika”-ya daxil olan məlumata görə, iclasda Sahibə Qafarovanın yenidən Milli Məclisin spikeri seçiləcəyi ehtimalı yüksəkdir. Lakin bu 100 faizli məsələ deyil. Spikerin dəyişəcəyi variantı da istisna deyil. Unutmayaq ki, YAP-ın keçmiş icraçı katibi Əli Əhmədov Baş nazirin müavini kimi mötəbər postdan götürülüb və parlamentə göndərilib. Düzdür, bəzi məlumatlara görə Əli Əhmədov birinci vitse-spiker də seçilə bilər. Amma qeyd etdiyimiz kimi, onun spiker olacağını da istisna etməməliyik.

Qeyd edək ki, VI çağırş parlamentdə birinci vitse-spiker postunu Əli Hüseynli tutub. O, həm də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri olub. Mənbə bildirir ki, Ə.Hüseynli komitə sədri postu ilə kifayətlənəcək.

Digərlərinə gəlincə, müxalifət partiyalarının parlament rəhbərliyində kürsüsü qorunub saxlanılır. Yenə ən çox mandata sahib olan partiyanın nümayəndəsi vitse-spiker olacaq. 3 millət vəkili olan Vətəndaş Həmrəyliyi Partiyasından deputat seçilmiş Fəzail İbrahimlinin yenidən sədr müavinliyinə əsas namizəd olacağı gözlənilir.

Bitərəflərin nümayəndəsinə gəlincə, VI çağırş Milli Məclisdə bu postu tutmuş Adil Əliyev Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunduğuna görə onu yeni şəxs əvəzləyəcək. Mənbələr yeni deputat seçilmiş "İçərişəhər" Dövlət-Tarix Memarlıq Qoruğu İdarəsinin İdarə Heyyətinin keçmiş sədri Şahin Seyidzadənin vitse-spikerliyə namizəd olacağını qeyd edirlər.

Məlumatda o da bildirilir ki, Milli Məclisin komitə sədrləri və sədr müavinlərinin sırasında da bəzi dəyişikliklər gözlənilir. Bəzi müxalifət nümayəndələri əvvəlki çağırış parlamentdə olduğu kimi komitə sədrinin müavinləri olacaq.


Məlumatlı mənbə qeyd edir ki, VI çağırış Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri olmuş Səməd Seyidovun da postu ilə vidalaşacağı gözlənilir. Onu parlamentə yeni üzv seçilmiş diplomatlardan biri əvəz edə bilər.


Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynovanın da yeni çağırış parlamentdə vəzifə tutmayacağı ehtimal olunur. Mənbə onun postunu YAP-ın siyahısı ilə deputat seçilmiş başqa xanım millət vəkilinin tutacağını qeyd edib.
 
Ardını oxu...
Bu gün Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclası keçiriləcək.

"Report"un xəbərinə görə, toplantıda Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin nəticələrinə baxılacaq.

Qeyd edək ki, Milli Məclisə növbədənkənar seçkilər sentyabrın 1-də 125 seçki dairəsi və 6 min 478 seçki məntəqəsi üzrə keçirilib. Seçkilərdə 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparıb.

Sentyabrın 16-da seçkilərin ümumi yekunlarına dair Mərkəzi Seçki Komissiyasının yekun protokolu tərtib olunub və Komissiya üzvləri tərəfindən imzalanaraq təsdiqlənib. Seçki Məcəlləsinin tələbinə uyğun olaraq, Milli Məclisə seçkilərin ümumi yekunlarına dair MSK-nın Protokolunun müvafiq sənədlərlə birlikdə seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması qərara alınıb.

Konstitusiya Məhkəməsi müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində (yoxlama prosesi tələb etdikdə, həmin müddət artırıla bilər) Milli Məclisə seçkilərin yekunlarının və nəticələrini yoxlayaraq təsdiq etməlidir.

 
Ardını oxu...
ABŞ Konqresinin Komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycan-ABŞ münasibətlərini gərginləşdirməkdir.

İqtisadiyyat.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə 19 sentyabr 2024-cü il tarixində ABŞ Konqresinin Tom Lantos İnsan Hüquqları Komissiyasında keçirilən dinləmələrlə bağlı yerli medianın sualına cavabında deyib.

O, "ABŞ Konqresinin Tom Lantos İnsan Hüquqları Komissiyasında “Dağlıq Qarabağın süqutundan sonra Azərbaycanda insan hüquqları” adlı dinləmə keçirilib və çıxış edənlər tərəfindən Azərbaycana qarşı çoxsaylı ittihamlar səsləndirilib. ABŞ Konqresində Azərbaycan əleyhinə keçirilən bu tədbiri necə şərh edərdiniz?" sualına belə cavab verib:

"Bu, ABŞ Konqresindəki bəzi qrupların Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə açıq şəkildə hörmətsizlik nümayiş etdirərək, Azərbaycandakı vəziyyəti insan hüquqları pərdəsi altında necə təhrif etdiklərinin növbəti təzahürüdür.

Təəssüf ki, ABŞ-nin milli təhlükəsizlik maraqlarından daha çox öz daxili mülahizələri və şəxsi mənfəətlərini rəhbər tutan ABŞ Konqresinin üzvləri tərəfindən təşkil edilən bu cür birtərəfli və qərəzli tədbirlər uzun müddətdir ki, ABŞ Konqresi üçün adi hal alıb. Üstəlik, sözügedən dinləməni təşkil edən konqresmenlərin özlərini dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsini dərindən dəstəkləyən şəxslər kimi təqdim etməsinin fonunda keçmiş separatçı rejimin nümayəndələrinin də bu dinləmələrdə iştirakı təsəvvür edilən bilən bütün çərçivələri aşır.

Azərbaycanla bağlı bütün faktları açıq şəkildə təhrif edən və saxtalaşdıran bu cür tədbirin məqsədi Azərbaycan-ABŞ münasibətlərini gərginləşdirməkdir".

XİN rəsmisi qeyd edib ki, Azərbaycanın ötən il həyata keçirdiyi antiterror tədbirləri beynəlxalq hüquqa, o cümlədən beynəlxalq humanitar hüquqa tam uyğun olub və Azərbaycan heç vaxt mülki əhalini hədəf almayıb. Azərbaycanın suveren ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın işğalı və hərbi təcavüzü dövründə azərbaycanlılara qarşı törədilmiş genişmiqyaslı etnik təmizləmə və qətliamlar, eləcə də Azərbaycanın dini və mədəni abidələrinin yer üzündən silinməsi isə əksinə, heç vaxt ABŞ Konqresi tərəfindən qınanmayıb. Ermənistandan fərqli olaraq, Azərbaycan dəfələrlə erməniləri və azərbaycanlıları birgə yaşamağa və əməkdaşlığa çağırıb və ermənilərin Azərbaycan vətəndaşları kimi bütün hüquq və imtiyazlarla təmin oluna, müdafiə və təhlükəsizlikdən yararlana biləcəklərinə dair təminat verib:

"Eyni zamanda, regionumuzdakı vəziyyətin dini çərçivədə qarşıdurma kimi qələmə verilməsi narahatlıq doğurur, bu kimi addımlar sülh quruculuğuna və barışığa zərər vurur.

Bununla yanaşı, erməni diasporu tərəfindən maliyyələşdirilən bəzi şəxs və təşkilatların dinləmələr zamanı Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı səsləndirdiyi iddiaların heç bir əsası yoxdur və bu kimi bəyanatları qətiyyətlə pisləyirik. Həmin şəxs və təşkilatların himayədarlıq etdikləri Ermənistanda fundamental insan hüquq və azadlıqlarının pozulması, o cümlədən siyasi təqiblər nəticəsində həbs olunan şəxslərin həbsxanada həlak olması, siyasətçilərə və onların ailə üzvlərinə qarşı təzyiq hallarına fokuslanması daha məqsədəuyğun olardı.

Dinləmələrdə istinad edilən qondarma “Artsax” Ermənistan tərəfindən Azərbaycanın Qarabağ bölgəsində həyata keçirilmiş hərbi işğal və Azərbaycanın keçmiş işğal olunmuş ərazilərindən 750 minə yaxın azərbaycanlı mülki əhaliyə qarşı aparılmış etnik təmizləmə nəticəsində yaradılmış qeyri-qanuni qurumdan başqa bir şey deyildi. Eyni zamanda, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olan Qarabağ bölgəsinin coğrafi adının “Artsax” kimi təhrif edilməsi coğrafi adların beynəlxalq standartlaşdırılması üzrə prinsip və prosedurların açıq şəkildə pozulması, habelə ABŞ-nin 80-242 (1947) saylı qanununa uyğun olaraq ABŞ-nin Coğrafi Adlar üzrə Şurası (BGN) tərəfindən təsdiq edilmiş ABŞ Hökuməti orqanları tərəfindən milli və xarici coğrafi adların istifadə standartlarının təhrif edilməsidir.

Biz ABŞ Konqresinin rəhbərliyini Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinə xələl gətirən bu cür tədbirlərin qarşısını almağa çağırır və xarici siyasətin həyata keçirilməsinə nəzarət edən qurum kimi Dövlət Departamentindən ABŞ Konqresində erməni lobbi qrupları tərəfindən sui-istifadə edilən bu tip tədbirlərə qarşı müvafiq tədbirlərin görülməsini gözləyirik".
 

Ardını oxu...
“Türkiyə özünün xarici siyasəti ilə bağlı tez-tez tənqidlərə məruz qalır. Deyirlər ki, Türkiyə Qərbdən uzaqlaşır. Amma bu, tamamilə qarayaxmadır”.

“Qafqazinfo” “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada bir oteldə təşkil edilən mərasimdə deyib.

O bildirib ki, xarici siyasətinə görə Türkiyəni tənqid etmək qlobal prosesləri düzgün başa düşməmək deməkdir: “Biz Şanxay Əməkdaşlıq Təşkilatı, BRİCS kimi bütün təşkilatlarla əlaqələri inkişaf etdirməyə çalışırıq. Türkiyə bütün ölkələrlə əlaqələrin inkişafında maraqlıdır. Bizim üçün bundan daha təbii bir şey yoxdur”.

Ərdoğan əlavə edib ki, Türkiyə Türk Dövlətləri Təşkilatı vasitəsilə qardaş ölkələrlə də əlaqələri inkişaf etdirib. O bildirib ki, Türkiyə bunun üçün bütün imkanlardan istifadə edir: “Üzümüzü Qərbə çevirmişik. Amma bu, o demək deyil ki, Şərqlə əlaqələrimizi inkişaf etdirməyəcəyik”.

Türkiyə lideri deyib ki, ölkəsinin yeni konstitusiyaya ehtiyacı var. Onun sözlərinə görə, hazırkı konstitusiya Türkiyə demokratiyasına uyğun deyil: “Yeni konstitusiya ilə bağlı nə istədiyimizi, qırmızı xətlərimizin nə olduğunu heç bir şübhə yeri qoymadan dəfələrlə izah etmişik. Demokratik siyasətdə fikir bildirilməsinin qarşısı təbii ki, alına bilməz. Hətta onlarla razılaşmasaq və ya onları yanlış hesab etsək də, zorakılığı təşviq etmədikcə, terrorizmi tərifləmədikcə və ya təhqir etmədikcə bu fərqli fikirlərə tolerantlıq göstərməliyik.

Dövlət başçısı Türkiyənin konstitusiya dəyişikliyində qərarlı olduğunu bildirib.
Ardını oxu...
Sentyabrın 18-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Azərbaycanda səfərdə olan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Coşua Hak arasında görüş olub.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatına görə, görüşdə Azərbaycan və ABŞ arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, habelə postmünaqişə dövründə regional vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin perspektivləri müzakirə olunub.

“Azərbaycanın cari ildə ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıqlar çərçivəsində Azərbaycan-ABŞ əməkdaşlığı yüksək qiymətləndirilib”, məlumatda qeyd edilir.

Xarici İşlər Nazirliyi bildirir ki, ikitərəfli münasibətlərdə müsbət dinamikanın yaradılması, əməkdaşlıq perspektivlərinin müəyyənləşdirilməsi istiqamətində səylərə baxmayaraq, “bəzi ABŞ rəsmilərinin qərəzli fikirlərinin ikitərəfli münasibətlərə mənfi təsir etdiyi diqqətə çatdırılıb”.

“Bu xüsusda, 16 sentyabrda Ermənistanın ABŞ-dakı səfirliyində ABŞ Beynəlxalq İnkişaf Agentliyinin administrator müavini İzobel Koulmanın Azərbaycana qarşı açıqlamalarına istinad edilərək, bu kimi çıxışların Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətsizlik olduğu, ölkəmizin suveren ərazilərində Ermənistan silahlı qüvvələrinin qanunsuz mövcudluğuna son qoymuş antiterror tədbirləri ilə bağlı faktları təhrif etmək məqsədi daşıdığı vurğulanıb”, məlumatda qeyd edilir.

Görüş zamanı postmünaqişə dövründə bölgədəki vəziyyət, Azərbaycanla Ermənistan arasında normallaşma və sülh sazişi üzrə aparılan proses barədə ABŞ tərəfinə məlumat verilib.

“Azərbaycanın Ermənistanla sülh prosesinin əsas elementlərinin təşəbbüskarı kimi bölgədə sülh və sabitliyin bərqərar edilməsində maraqlı tərəf olduğu xatırlanıb. Bölgədəyi mina təhdidləri qeyd edilib, bu istiqamətdə mümkün əməkdaşlıq nəzərdən keçirilib.

Sülh sazişi üzrə danışıqlarda əhəmiyyətli irəliləyişə baxmayaraq, yekun sülh sazişinin imzalanmasına ən ciddi maneənin başda Ermənistan Konstitusiyası olmaqla, bu ölkənin bir sıra hüquqi və siyasi sənədlərində Azərbaycana qarşı ərazi iddialarının davam etməsi olduğu vurğulanıb. Bundan əlavə, Ermənistanın hərbiləşdirilməsi siyasətinin bölgədə sülh və sabitliyə xidmət etmədiyi bildirilib”, Xarici İşlər Nazirliyi qeyd edir.

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Coşua Hakın Azərbaycan səfəri ABŞ Dövlət katibi Antoni Blinkenin sentyabrın 12-də Ermənistanın Baş naziri Nikol Paşinyan və sentyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışıqlarından sonraya təsadüf edir.

Sentyabrın 16-da ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib ki, ABŞ hər zaman Ermənistan və Azərbaycanın xarici işlər nazirlərini bir araya gətirmək üçün imkanlar axtarır.

“Biz davamlı sülh razılaşmasına nail olmaq üçün hər iki ölkənin səylərini dəstəkləməyə davam edirik. Onlar bu yolda mühüm irəliləyiş əldə ediblər və biz onlara mümkün olan hər cür yardımı göstərməyə, o cümlədən faydalı olacağı halda görüş təşkil etməyə hazırıq”, o qeyd edib.
 
Ardını oxu...
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası İsrail ordusunun Fələstin ərazilərindən 12 ay ərzində çıxarılması tələbinin qoyulduğu qətnaməni 124 səslə qəbul edib.

Sənədin lehinə 12 ölkə çıxıb, 43-ü isə bitərəf qalıb.

Qətnamədə həmçinin ölkələr İsrailin yaşayış məntəqələrindən idxal olunan məhsullara qadağa qoyulmasına çağırılıb.

Bu, Fələstin tərəfinin BMT-də bir sıra hüquqlara yiyələndikdən sonra təqdim etdiyi ilk ali sənəddir.
 
 
 
Ardını oxu...
ABŞ dövlət katibi Antoni Blinken Yaxın Şərqdəki əsas regional tərəfdaşlara yenidən işlənmiş atəşkəs təklifini təqdim etmək üçün davam edən səylər fonunda Misirə səfər edib.

Blinkenin proqramına Misir prezidenti Əbdülfəttah əs-Sissi və xarici işlər naziri Bədr Abdelatti ilə görüşlər daxildir.

“Biz regiondakı tərəfdaşlarımızla, xüsusən də Misir və Qətərlə bu təklifin nələri ehtiva edəcəyi ilə bağlı əlaqə saxlamağa davam edirik və əmin olmaq istəyirik ki, bu təklif yekun razılaşmanın əldə edilməsinə yardım edəcək”, Dövlət Departamentinin sözçüsü Metyu Miller bazar ertəsi jurnalistlərə deyib.

Rəsmilər vaxt cədvəlinin tezliklə təqdim ediləcəyini bildirsələr də, ABŞ yenidən işlənmiş təklif üçün vaxt cədvəli təqdim etməyib. Təklif İsrail və HƏMAS arasında atəşkəsin təmin edilməsi və 7 oktyabr 2023-cü il tarixində müharibənin başlanğıcında HƏMAS militantları tərəfindən ələ keçirilən girovların azad edilməsi məqsədi ilə çıxılmaz vəziyyətin arxasında duran əsas məsələlərin həllini nəzərdə tutur.

Atəşkəs əldə edilməsi Livanda Hizbullah silahlı qruplaşmasının üzvlərinin peycerlərdən istifadə etməklə bir sıra ölümcül partlayışlarla çətinləşə bilər.

Partlayışlar İsrailin Livanla sərhəddə İsrail əsgərləri ilə Hizbullah militantları arasında baş verən toqquşmalara görə İsrailin şimalındakı sakinlərin boşaldıqları evlərə qayıtmasını mümkün etmək məqsədi ilə HƏMAS-a qarşı müharibəsini genişləndirdiyini açıqlamasından sonra baş verib. İsrailin baş naziri Benyamin Netanyahunun ofisi bildirib ki, təhlükəsizlik kabineti bu addımı bazar ertəsi gecə təsdiqləyib.

HƏMAS 2023-cü ilin oktyabrında İsrailin cənubuna 1200 nəfərin ölümünə və 250 girovun əsir düşməsinə səbəb olan hücumu ilə münaqişəyə səbəb olub. İsrailin Qəzzada əks-hücumu nəticəsində 41 200-dən çox fələstinli öldürülüb, İsrail onlar arasında bir neçə min militant döyüşçünün olduğunu bildirir.

HƏMAS ABŞ, Böyük Britaniya, Aİ və digər Qərb dövlətləri tərəfindən terror qruplaşması elan edilib.

Çərşənbə axşamı Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası Qəzza ilə bağlı təcili iclasını yenidən açıb.

Fələstin nümayəndə heyəti İsraili 12 ay ərzində fələstinlilərin torpaqlarının işğalına son qoymağa və “İsrailin Fələstin ərazilərində qeyri-qanuni mövcudluğunu saxlamaqla məşğul olanlara” sanksiya tətbiq etməyə məcbur edən qətnamənin müzakirəsini və səsverməsini tələb edib.

Heyət həmçinin dövlətləri İsrailin Fələstin ərazilərində istifadə edə biləcəyi silah tədarükünü dayandırmaq üçün “addımlar atmağa” çağırıb.

Fələstin nümayəndə heyəti iyul ayında BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin rəyindən irəli gələrək sürət qazanmağa çalışır. Rəydə Fələstin ərazilərinin ilhaqının və işğalının qanunsuz olduğu və İsrailin fələstinlilərə qarşı ayrı-seçkilik qanunlarının və siyasəti aparteid cinayəti”olduğu bildirilib.

İsrail məhkəmənin rəyini rədd edib və səfirinə ölkələri təklif olunan qətnaməni dəstəkləməməyə çağırmağı tapşırıb.

Birləşmiş Ştatlar həmçinin ölkələri tədbirin əleyhinə səs verməyə çağırıb.
 
Ardını oxu...
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusların nümayəndələri ilə Kəlbəcər rayonuna səfər edən Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sosial şəbəkədə bölgənin məruz qaldığı faciələrdən bəhs edərək diplomatların ziyarət edəcəyi istiqamətləri bildirib.

Bu barədə Prezidentin köməkçisi sosial şəbəkədə yazıb.

"Biz diplomatik korpusla birlikdə Ermənistanın hərbi işğalının ön cəbhəsində olan Naftalandan Kəlbəcərə səfər edirik. Antiterror tədbirlərindən sonra dağlarla əhatə olunmuş Kəlbəcərə giriş Ağdərə bölgəsi vasitəsilə əhəmiyyətli dərəcədə yaxşılaşıb. Yolda Ermənistan tərəfindən uzun müddət hidroterrorizm və su məhrumiyyəti üçün istifadə olunan Sərsəng su anbarını, eləcə də yeni açılmış yaşayış binalarını, sənaye və mədəni-dini obyektləri və Prezident İlham Əliyevin son vaxtlar açdığı digər obyektləri ziyarət edəcəyik", - H.Hacıyev bildirib.

Onun sözlərinə görə, işğal zamanı və hətta Kəlbəcərdən çıxarkən mülki əmlak və mədəni abidələr dağıdılıb və talan edilib:

"Sanki bu kifayət deyilmiş kimi, Ermənistan və onun Qərb institutlarındakı tərəfdarları, eləcə də pullu lobbiçilər utanmadan və ən kiçik günah hissi duymadan Azərbaycana qarşı əsassız və absurd ittihamlar irəli sürməyə davam edirlər. Biz riyakar bir dünyada yaşayırıq! Amma həqiqət və ədalət əyilə bilər, lakin sınmaz".
https://x.com/HikmetHajiyev/status/1836260736923759099?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1836260736923759099%7Ctwgr%5Ed7347519227606449dd13b01161aaa811b4e55c6%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2Foxu.az%2Fsiyaset%2Fhikmet-haciyev-biz-riyakar-bir-dunyada-yasayiriq
Ardını oxu...
ABŞ dövlət katibi Entoni Blinkenin İlham Əliyevə zəngi Vaşinqtonun Bakı ilə İrəvan arasında sülh sazişinin qısa müddətdə, lap elə bu aylarda imzalanması marağından irəli gəlir. Blinken tərəflər arasında növbəti görüş təşkil etməyi planlaşdırır. Blinken Nyu-Yorkda işə başlayan Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının sessiyasının növbəti günlərində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil etmək istəyir. Blinken oxşar görüşü ötən il də BMT sessiyası çərçivəsində təşkil etmişdi.
Vaşinqton Rusiya Prezidenti Vladimir Putinin avqust ayında Azərbaycana səfərindən sonra Moskvanın Zəngəzur dəhlizinə artan marağından narahat olub. Vaşinqton da bu dəhlizi dəstəkləyir, sadəcə nəqliyyat yolunun Rusiyanın nəzarətində olmasını istəmir. Rusiya hərbçilərinin Zəngəzur dəhlizinə nəzarət etməsi Azərbaycanla Ermənistanın da maraqlarına cavab vermir. Bütün hallarda Vaşinqton qısa müddətdə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasını istəyirsə, İrəvanı Konstitusiyada zəruri dəyişiklik etməyə inandırmalıdır. Bu baş nazir Nikol Paşinyan üçün çətin addım olmamalıdır.
Elxan Şahinoğlu
 
Ardını oxu...
Sentyabrın 16-da Qırğızıstan Respublikasının paytaxtı Bişkek şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin energetika nazirlərinin 4-cü iclası açılıb.

Azərbaycan Energetika Nazirliyinin məlumatına görə, iclasda TDT-yə üzv və müşahidəçi ölkələr arasında energetika sahəsində qarşılıqlı fəaliyyət və “TDT-nin Enerji Əməkdaşlığı üzrə Programı (2023-2027)” ilə bağlı müzakirələr aparılır.

Azərbaycan energetika naziri Pərviz Şahbazov bildirib ki, təşkilata üzv və müşahidəçi ölkələrlə Azərbaycanın ticarət dövriyyəsi ötən il 9 milyard dolları ötüb, bu ölkələr Azərbaycan iqtisadiyyatına 18,2 milyard dollar, Azərbaycan isə bu dövlətlərə 20,3 milyard dollar investisiya qoyub.

Nazir enerji sahəsində əməkdaşlığı türk dövlətləri arasında "əlaqələrin strateji sütunu" kimi dəyərləndirib.

“Azərbaycan - Türkiyə enerji birliyinin BTC ilə yanaşı, Bakı-Tbilisi-Ərzurum, TANAP, Cənub Qaz Dəhlizi kimi möhtəşəm töhfələri bu gün Türkiyə ilə bərabər çoxsaylı ölkələrin enerji təhlükəsizliyini təmin edir. Ötən il və bu ilin 8 ayında bu kəmərlərlə Türkiyə və dünya bazarları 41 milyon ton neft və 37 milyard kubmetr qazla təchiz olunub. Bu il 25 milyard gözlənilən qaz ixracımızın 9,8 milyard kubmetrinin Türkiyəyə, 12,5 milyard kubmetrinin isə Avropaya tədarükü nəzərdə tutulur”, o qeyd edib.

Nazir deyib ki, Bakı-Tbilisi-Ceyhanla indiyə kimi 2 milyon ton Qazaxıstan neftinin nəqli və bu həcmlərin mərhələli artırılmasına dair razılaşma Azərbaycanın Mərkəzi Asiya ilə Türkiyə və Avropa arasında birləşdirici roluna bir sübutdur.

Onun fikrincə, Türk dövlətləri ilə enerji əməkdaşlığı nəinki yüksələn xətt üzrə inkişaf edir, eyni zamanda regional əhəmiyyətli yeni layihə və təşəbbüslərin reallaşmasına impulslar verir.

“Bu kontekstdə “Xəzər-Qara dəniz-Avropa”, “Azərbaycan-Qazaxıstan-Özbəkistan” və Naxçıvan üzərindən “Azərbaycan-Türkiyə-Avropa” yaşıl enerji dəhlizləri layihələri türk dövlətlərini Avrasiyada təmiz enerji təchizatında və enerji keçidində mühüm rol oynayan ölkələrə çevirəcəkdir. Ölkələrimizin zəngin enerji potensialını və elektrik enerji sistemlərini əlaqələndirməkdən əlavə Azərbaycan və Türkiyə üzərindən Avropaya ixracı təmin etməklə bu dəhlizlər vahid “yaşıl enerji platforması” olmağa iddialıdır”, nazir əlavə edib.

Onun fikrincə, “Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Hökumətlərarası Saziş”in yaxın vaxtlarda imzalanması planlaşdırılır, Qırğızıstanla bərpa olunan enerji sahəsində əməkdaşlıq da gündəmdədir.

Qeyd edək ki, Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan Türk Dövlətləri Təşkilatına üzv, Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası isə müşahidəçi dövlətlərdir.
 

Dünyapress TV

Xəbər lenti