Prezident İlham Əliyevin BPA-nın 29-cu İllik Konfransının iştirakçılarına müraciəti - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) 29-cu İllik Konfransının iştirakçılarına müraciət edib.

Müraciətin mətnini təqdim edir:

"Hörmətli tədbir iştirakçıları,

Sizi Beynəlxalq Prokurorlar Assosiasiyasının Bakı şəhərində keçirilən 29-cu İllik Konfransı və Ümumi Yığıncağında səmimi-qəlbdən salamlayıram.

Yüzə yaxın ölkənin, eləcə də BMT-nin ixtisaslaşmış qurumlarının da daxil olduğu beynəlxalq təşkilatların təmsilçilərini, habelə prokurorlar, hakimlər, hüquqşünaslar, ekspertlər və digər nüfuzlu şəxsləri bir araya gətirən belə bir mötəbər tədbirə ev sahibliyi etmək bizim üçün əlamətdar hadisə, eyni zamanda, ölkəmizə olan ehtiramın təzahürüdür.

Azərbaycanın qlobal əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsi artıq ənənə halını almışdır. Məlum olduğu kimi, ötən ilin sonunda Azərbaycan Respublikası dünya dövlətlərinin yekdil qərarı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etmək şərəfinə layiq görülmüşdür.

Bəşəriyyəti narahat edən iqlim dəyişmələrinə qarşı mübarizədə ölkəmiz digər dövlətlər, həmçinin aidiyyəti beynəlxalq təşkilatlarla birgə dünyanın ekoloji sisteminin yaxşılaşmasına töhfələr verməyə çalışacaqdır. Təsadüfi deyildir ki, COP29 çərçivəsində beynəlxalq tərəfdaşlarla birlikdə “İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının səfərbər edilməsi” mövzusunda tədbirin keçirilməsi planlaşdırılır.

Azərbaycan uzun müddət qonşu Ermənistan Respublikası tərəfindən işğal və hərbi təcavüzə məruz qalmışdır. Bu işğal dövründə xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılmış, çoxsaylı hərbi cinayətlər və insanlıq əleyhinə cinayətlər törədilmişdir. Nəhayət 2020-ci ildə Vətən müharibəsi və 2023-cü ildə antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi.

İşğal dövründə 4 minə yaxın azərbaycanlı itkin düşmüşdür. Onlar Ermənistan tərəfindən işgəncələrə məruz qalaraq qətlə yetirilmiş və kütləvi məzarlıqlarda basdırılmışdır. Ermənistan hazırda itkin düşmüş bu şəxslərin sonrakı aqibəti, habelə onların basdırıldığı kütləvi məzarlıqların yeri barədə məlumatları bizə təqdim etməkdən imtina edir.

Həmçinin işğal dövründə Azərbaycan xalqına məxsus maddi-mədəniyyət abidələri, eləcə də dini ibadət yerləri, bütövlükdə 9 şəhər və yüzlərlə kənd və qəsəbə tamamilə məhv edilmişdir. Bu cinayət əməllərinə görə Ermənistan işğalçı və təcavüzkar ölkə olaraq, dövlət səviyyəsində məsuliyyət daşıyır. Bütün bu cinayətləri törətmiş Ermənistan tərəfi Azərbaycan xalqından üzr istəmək əvəzinə, ölkəmizə qarşı əsassız ittihamlar irəli sürür. Bütün bunlara baxmayaraq, bu gün Azərbaycan bölgədə davamlı sülh və sabitliyə nail olmaq üçün səylərini davam etdirir.

Hörmətli qonaqlar,

Biz Beynəlxalq Prokurorlar Assosiasiyası ilə uzunmüddətli əlaqələrimizi yüksək qiymətləndirir və bu tərəfdaşlığın möhkəmləndirilməsi istiqamətində səylərin gücləndirilməsini vacib hesab edirik.

Azərbaycanda prokurorluq orqanlarında mütərəqqi islahatlar həyata keçirilmiş, ölkədə qanunun aliliyi, fundamental hüquq və azadlıqlar tam təmin olunmuşdur. Ölkəmizin hüquq-mühafizə orqanları beynəlxalq səviyyədə transmilli cinayətkarlıq, terrorizm, separatizm, qaçaqmalçılıq, çirkli pulların yuyulması, narkotiklərin qanunsuz dövriyyəsi, kibercinayətkarlıq, qanunsuz miqrasiya və s. qarşı mübarizəyə öz mühüm töhfəsini verir və bu istiqamətdə beynəlxalq əməkdaşlığı dəstəkləyir.

Transsərhəd cinayətkarlığının yeni forma və təzahürlərinin, o cümlədən kibercinayətkarlığın yeni növlərinin meydana gəlməsi, sosial media platformaları, süni intellektin yaratdığı imkanlardan cinayətkarlıq, terrorizm məqsədilə istifadə edilməsi prokurorluq orqanlarının qarşısında yeni və mürəkkəb çağırışlar qoyur. Eyni zamanda, dünyada etnik-dini zəmində artmaqda olan nifrət və irqçilik meyilləri hamımızı narahat edir.

Əminəm ki, “Qanunun aliliyinin təmin edilməsində prokurorun rolu” mövzusuna həsr olunmuş dördgünlük konfrans ortaq məqsədlərə töhfə verəcək və daha böyük əməkdaşlığa yol açacaqdır.

Mən sizləri bir daha Azərbaycanda salamlayır, ən xoş arzularımı yetirir, konfransın işinə isə uğurlar diləyirəm".
 
 
 

Bölmənin digər xəbərləri

04 May 2025 Netanyahunun Azərbaycana səfərinin təxirə salınmasının MÜMKÜN SƏBƏBİ – Ankara icazə vermədi? (DETALLAR)
04 May 2025 Abbas Əraqçi Pakistan və Hindistana gedir
03 May 2025 Erməni revanşist Putinə müraciət etdi - Bakıya qarşı heyrətamiz xahiş
03 May 2025 BMT genişmiqyaslı islahatların nəzərdə tutulduğunu təsdiqləyib
02 May 2025 Bakıda “atəşkəs kimi” anlaşma
02 May 2025 Xəzər sahilində sensasion görüş iddiası - 10 mayda nə olacaq?
02 May 2025 Trampın dövründə ABŞ-də mətbuat azadlığı məhdudlaşdırılır
02 May 2025  Geosiyasi transformasiyanın MƏRKƏZİ: - Bakı Təl-Əviv və Ankaranı masa arxasına DƏVƏT EDİR?
01 May 2025 Siyasi dialoq: qazanan kimdir? - TƏHLİL
01 May 2025 ABŞ və Ukrayna faydalı qazıntılara dair sazişi imzaladılar
01 May 2025 Netanyahunun Bakı səfərində qəribə detal – 400 illik proqnoz üzə çıxdı…
30 Aprel 2025 Avropa liderləri Zelenskinin təklifinə "yox" dedilər
30 Aprel 2025 İran və Azərbaycan bütün kommunikasiyaların kəsişə biləcəyi yol ayrıcındadır - IRNA
30 Aprel 2025 İsraildən ŞOK: “Netanyahu 4 gün Bakıda qalacaq” – Səfərin ilginc DETALLARI
29 Aprel 2025 ABŞ-da siyasi fırtına: Demokratlar Trampa qarşı impiçment prosesinə start verdi
29 Aprel 2025 TBMM sədri Numan Kurtulmuş: "Yeni konstitusiyanı gecikdirmədən qəbul etmək lazımdır"
29 Aprel 2025 Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
29 Aprel 2025 Çin-Azərbaycan əlaqələrində Moskva detalı – Rusiya arxa plana keçdi
28 Aprel 2025 İlham Əliyevin Məsud Pezeşkianla geniş tərkibdə görüşü başlayıb
28 Aprel 2025 Prezidentlərin məhdud tərkibdə görüşü oldu

Dünyapress TV

Xəbər lenti