![]() |
![]() ![]() ![]() |
|
Xəbər verdiyimiz kimi, Britaniya hüquq-mühafizə orqanları zorakı cinayətlərin qarşısını almaq üçün məlumat bazası hazırlayırlar. Bu barədə yazan yerli medianın məlumatına görə, həmin bazanın köməyi ilə onlar “potensial” qurbanları və qatilləri axtaracaqlar. Sistemdə intihara cəhdlər, məişət zorakılığı aktları, ümumiyyətlə, müxtəlif insanların, o cümlədən ağır cinayət törətməmiş şəxslərin meyilləri barədə məlumatlar yer alacaq. Hüquq müdafiəçiləri deyirlər ki, onlar mahiyyətcə “soyuq distopiya” olan məlumat bazası yaradıblar. Ədliyyə Nazirliyi layihənin inkişafını inkar etməsə də, onun təfərrüatlarını açıqlamamağa üstünlük verir.
Britaniyanın söz azadlığı və insan hüquqlarının pozulması hallarını araşdıran “Statewatch” təşkilatının nümayəndələri mətbuata bildiriblər ki, layihə fəal şəkildə inkişaf etdirilir. Təşkilatın məlumatına görə, yüz minlərlə britaniyalı haqqında məlumatlar polisə ötürülüb. 2023-cü ilə qədər məlumat bazası hazır olub və insanın kriminal keçmişinə əsaslanaraq, onun zorakı cinayət törətməsinin təxmini ehtimalını göstərir. Sistem daim təkmilləşir.
Maraqlıdır ki, potensial cinayət qurbanları haqqında daha ətraflı məlumat toplamaq mümkündür. Məlumat bazası özünə zərər vermə hallarını, psixi xəstəlikləri, əlillik və antropometrik bilgilər haqqında məlumatları qeyd edir. Çox güman ki, eyni məlumat potensial cinayətkarlar haqqında da toplanır. Bu sistem əvvəlcə “Qətllərin proqnozlaşdırılması layihəsi” adlanıb. Daha sonra ad daha neytral “Risklərin qiymətləndirilməsini təkmilləşdirmək üçün məlumat paylaşımı” ilə dəyişdirilib. Ola bilsin ki, informasiyanın təhlilində süni intellekt iştirak edir.
Rəsmilər layihənin mövcud olduğunu inkar etmirlər, lakin onlar təkid edirlər ki, bazaya yalnız hər hansı cəzaya görə ən azı bir dəfə məhkəmə hökmü olan şəxslər daxil edilib. Rəsmilər yaxın vaxtlarda görülən işlərlə bağlı hesabat dərc edəcəyinə söz veriblər. Səlahiyyətlilər məlumat bazasının vəziyyəti daha yaxşı təhlil etməyə imkan verəcəyinə əmindirlər, lakin bu təhlilin hansı qabaqlayıcı tədbirlərə səbəb olacağı bəlli deyil.
Azərbaycanda da belə bir məlumat bazası, süni intellektə əsaslanan sistem yaradıla bilərmi? Effektli olarmı?
Natiq Ələsgərov
“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, son illər süni intellekt (Sİ) yalnız texnologiyanın deyil, həm də hüquq və etik müzakirələrin mərkəzində dayanır: “Britaniyada hüquq-mühafizə orqanlarının ”potensial qətlləri və qurbanları" öncədən müəyyənləşdirmək üçün məlumat bazası hazırlaması bu tendensiyanın bariz nümunəsidir. Bu sistem, süni intellekt alqoritmləri vasitəsilə insanların keçmiş davranışlarına və sosial vəziyyətlərinə əsaslanaraq onların gələcəkdə zorakı cinayətə qarışma ehtimalını qiymətləndirir. Məlumata görə, layihə “Qətllərin proqnozlaşdırılması” adı ilə başlayıb, lakin daha neytral səslənsin deyə “Risklərin qiymətləndirilməsi üçün məlumat paylaşımı” formasına salınıb".
Natiq Ələsgərov deyib ki, layihə çərçivəsində psixi sağlamlıq pozuntuları, məişət zorakılığı, intihara meyllilik, antropometrik göstəricilər və digər şəxsi məlumatlar toplanır: “Süni intellekt bu məlumatlar əsasında şəxsə aid risk dərəcəsi formalaşdırır. Burada məqsəd cinayət baş verməmiş, qarşısını almaqdır. Bəziləri üçün bu, təhlükənin qabaqlanmasıdır, digərləri üçün isə - şəxsi azadlıqlara təhdid kimi görünə bilər”.
Natiq Ələsgərovun sözlərinə görə bu sistemlə bağlı əsas tənqidlərdən biri şəxsin cinayət törətməmişdən əvvəl “cinayətkar” kimi qeydə alınmasıdır: “Bu yanaşmanı destopik hesab edənlər də az deyil. Bu gün Britaniyada ”Statewatch" kimi təşkilatlar iddia edirlər ki, yüz minlərlə britaniyalı haqda şəxsi məlumatlar artıq polis orqanlarının əlindədir. Halbuki bu şəxslərin əksəriyyəti heç bir cinayət törətməyib. Hesab edirlər ki, burada “təqsirsizlik prezumpsiyası” prinsipi təhlükəyə düşür. Belə sistemlər istər-istəməz müəyyən sosial qruplara qarşı ayrı-seçkiliyə gətirib çıxara bilər. Azərbaycanda belə bir sistemin qurulmasının mümkünlüyünə gəlincə, ölkəmizdə belə bir məlumat bazasının yaradılması texniki baxımdan mümkündür. Ölkədə rəqəmsallaşma sürətlə gedir, süni intellekt sahəsində də ilkin addımlar atılır. Lakin bu cür sistemin tətbiqi üçün bir neçə ciddi məsələyə aydınlıq gətirilməlidir. Şəxsi məlumatların qorunması haqqında qanunvericilik belə məlumatların yığılması və istifadəsi üçün aydın çərçivə yaratmalıdır. Alqoritmlərin qərar vermə mexanizmləri şəffaf olmalı, insan hüquqları ilə ziddiyyət təşkil etməməlidir. Cəmiyyəti də buna hazırlamaq, belə sistemin tətbiqi barədə ictimai müzakirə açmaq, vətəndaşlar məlumatlandırmaq, maarifləndirmək də vacibdir".
Natiq Ələsgərov deyib ki, sistemə nəzarət edən, sui-istifadə hallarını araşdıran və ictimai hesabat təqdim edən bir qurum da yaradılsa, heç bir problem yaranmaz: “Əgər bu cür sistemlər şəffaf, etik və hüquqi çərçivədə qurularsa, cinayətlərin qarşısının alınmasında faydalı ola bilər. Məsələn, məişət zorakılığı hallarını erkən müəyyənləşdirib müdaxilə etmək, intihara meylli şəxsləri zamanında yardımla təmin etmək mümkün ola bilər. Amma sistemin ”proqnozlaşdırıcı" xarakteri onu da göstərir ki, səhv ehtimallar və “etik xətalar” da qaçılmazdır. Süni intellektin hüquq-mühafizə orqanlarında istifadəsi, xüsusilə preventiv məqsədlə tətbiqi gələcəyin deyil, artıq bu günün reallığıdır. Lakin texnologiyanın imkanlarından istifadə edərkən insan hüquqları və azadlıqları unudulmamalıdır. Əks halda, texnologiya bizi qorumaq əvəzinə idarə etməyə başlayacaq".
E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”
NASA su və həyat axtarışı məqsədilə Mars planetinə helikopter göndərəcək.
Milli.Az xəbər verir ki, hazırlanan "Mars Chopper" adlı helikopterin ölçüsü yolsuzluq avtomobilinə bənzəyəcək.
Yeni helikopterin çəkisi 40 kiloqramdır və altı rotorla təchiz olunub. O, beş kiloqrama qədər avadanlıq daşıyaraq, üç kilometrə qədər məsafəni bir Mars günü ərzində qət edə biləcək.
Helikopterin əsas vəzifəsi marsoxodların çata bilmədiyi uzaq bölgələri araşdırmaqdır.
Diaqnozun qoyulmasında bu imkan həkimi əvəzləyə bilərmi - onkoloqdan açıqlama
“Süni intellektin (Sİ) tibdəki töhfələri sürətlə artır. Xərçəng və digər ciddi xəstəliklərin erkən diaqnozu artıq 99%-ə qədər dəqiqliklə mümkündür. Məsələn, ECGMLP adlı yeni bir süni intellekt modeli tibbi görüntü və analiz nəticələrini təhlil edərək xərçəngi 98.57% dəqiqliklə aşkarlayır”. Musavat.com xəbər verir ki, bunu informasiya texnologiyaları üzrə mütəxəssis Elvin Abbasov deyib. O bildirib ki, bu, həkimlərin təxminən 70-80% dəqiqliklə qoyduğu diaqnozlarla müqayisədə əhəmiyyətli üstünlükdür.
“Bundan əlavə, ağıllı saatlar, ağıllı üzüklər və digər geyinilə bilən texnologiyalar vasitəsilə nəbz, qan şəkəri və digər sağlamlıq göstəriciləri real vaxtda izlənilir. Süni intellekt infarkt, diabet və digər xəstəliklərin risklərini öncədən müəyyən edərək, insanlara erkən tədbir görmək imkanı yaradır. Bu texnologiyalar artıq hər kəs üçün əlçatandır və tibbin gələcəyini formalaşdırır”.
Diaqnoz məsələsində süni intellektə hara kimi inanmaq olar?
Nəsimi Qasımov
Tanınmış onkoloq Nəsimi Qasımov mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Artıq süni intellektdən diaqnoztikada müalicə taktikasının tutulmasında həkimlər istifadə edir. Ancaq həkimin öz fikri olmadıqda, dəqiqləşdirə bilmədikdə, konsilium qərar verə bilmədikdə süni intellektə müraciət edilir. Əgər həkim o informasiyanı qəbul edə bilsə, razılaşsa istifadə edir. Burada əsas rol həkimdədir, süni intellektdə deyil. Süni intellektdən necə istifadə olunur? Tutaq ki, süd vəzi xərçənginin mamoqrafiyasının cavabını veririk, amma aldığımız cavabdan qərar verə bilmirik. Bu zaman süni intellekt bazasına müraciət edirik. Süni intellekt bazasını yaradan laboratoriyalar var. Bizdə mamoqrafiyanın hələ ki süni intellekt bazası yoxdur, biz Türkiyəyə göndəririk, oradan da bir başqa yerə göndərirlər. Orada yüz minlərlə xəstənin bu cür şəkli var. O şəkilə görə süni intellektin beynində var ki, bu şəkil süd vəzi xərçəngidir, yoxsa deyil. Beynində olanlarla müqayisə edir. Mən tələbələrimə də göstərmişəm, bizə işıqfor kimi işarələr göndərir, yaşıl göndərirsə, bu xoşxassəli şiş deməkdir. Qırmızı -sarı göstərirsə, deməli burada bədxassəli şişin olmasına şübhə var. Sırf qırmızı göstərirsə, deməli bu bədxassəli şişdir. Süni intellekt bildirir ki, 93 faiz dəqiqliklə biopsiya alın. Yəni analiz götürün, özünüz qərar verin. Yəni deməyim odur ki, o həkimi əvəz etmir. Sadəcə həkimə köməkçidir. Çünki insan beyni nə qədər olsa da, süni intellekt onun 5-10 faizindən çoxunu verə bilmir. Qərarı insan verir, süni intellekt yox. Amma çətinliyə düşəndə süni intellektə müraciət etmək lazımdır”.
Həkim dünya milyarderi Bill Geytsin “Süni intellekt 10 il ərzində həkimləri və müəllimləri əvəz edəcək. İnsanlar çox şey üçün lazım olmayacaq” fikrinə də münasibət bildirib: “Bizim ölkədə 30 ildir deyirlər ki, orta məktəb müəlliminə ehtiyac yoxdur. Heç kim məktəbə getmir. Həmin o şagirdlərdən 10-u indi mənim tələbəmdir. Bunların heç əzbərlədikləri belə yadında deyil. Bura gəlmiş Amerika professoru ingilis dili dərsi keçəndə bu ağılda olan professorumuz zalda dedi ki, mən professoram tapşırığımı ver, gedim evdə oxuyum. O da cavabında dedi ki, dünya məktəb üzərində qurulub, məktəbsiz də, müəllimsiz də heç nəyi öyrənmək mümkün deyil. Baxın, onun kimiləridir, indi xəstələrdən 20 min alır, belə danışırlar”.
Onu da qeyd edək ki, son illərdə tibb sahəsində süni intellektin istifadəsi xərçənglə mübarizədə inqilabi addımlar atılmasına imkan yaradıb. Amma diaqnostika, müalicə planlaması və risk qiymətləndirməsində Sİ-nin rolu artdıqca, bu texnologiyaya haradək güvənilməsi sual altında qalır. Ekspertlərə görə, Sİ alqoritmləri mamoqrafiya, KT, MRT kimi tibbi görüntülərdə şiş toxumalarını həkimlərdən daha tez və daha həssas formada aşkarlaya bilir. Bu erkən müalicə imkanlarını artırır. Sİ minlərlə genetik məlumatı analiz edərək, xəstənin xüsusiyyətlərinə uyğun hansı terapiyanın daha effektiv olacağını təxmin edir. Xəstənin yaşı, genetikası, əvvəlki müalicə tarixçəsi və digər məlumatlara əsaslanaraq, Sİ daha personal müalicə planlarını nümayiş etdirir. Sİ xəstəliyin gedişatını proqnoz edir, fərdi riskləri qiymətləndirir və həkimə daha əhatəli və obyektiv məlumat bazası təqdim edir. Mütəxəssislər qeyd edir ki, süni intellektin təqdim etdiyi imkanlar yüksək olsa da, bununla yanaşı ehtiyatla yanaşılması vacibdir. Sİ alqoritmləri məlumatların keyfiyyətindən və öyrədildiyi mənbələrdən asılıdır. Bu, bəzən yanlış diaqnozlara yol aça bilir. Xəstə məlumatlarının məxfiliyi, avtomatik verilmiş qərarların məsuliyyəti və qeyri-obyektivlik (bias) riskləri müzakirə mövzularıdır.
Sİ yardımçı texnologiyadır, mütəxəssis həkimlərin biliyi, təcrübəsi və instinkti hələ də əvəzolunmazdır. Süni intellekt xərçənglə mübarizədə yeni imkanlar yaratsa da, onu birmənalı şəkildə etibar edilən yeganə vasitə hesab etmək düzgün deyil. Əlverişli yanaşma - həkim və süni intellektin sinerji şəklində işləməsidir. Bu yanaşma xəstənin daha səmərəli, təhlükəsiz və şəxsə xas müalicə almasına imkan yaradar.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”