Ardını oxu...
Azərbaycan tarixşünaslığında antiazərbaycançılıq, yaxud "Azərbaycan tarixi"nin birinci cildi Azərbaycan xalqı haqqında nə deyir?
Nizami CƏFƏROV


Azərbaycan xalqının hansı dövrdə təşəkkül tapmasından asılı olmayaraq tarix səhnəsinə türk mənşəli bir etnos kimi çıxdığı hamıya məlumdur. Bu isə o deməkdir ki, Azərbaycan xalqının tarixi araşdırılarkən metodoloji xətt kimi türklüyün coğrafi, etnoqrafik, linqvistik, siyasi və s. bölünməsi (diferensiasiyası) prosesi əsas götürülməlidir. Halbuki Azərbaycan MEA-nın nəşr etdiyi "Azərbaycan tarixi"nin birinci cildində müəlliflər "türk" sözünü işlətməkdən qəti şəkildə imtina etmişlər. Sovet dövrünün antitürk "ustanovka"sı ilə yazılsa da, hər halda müstəqilliyimizin ilk illərində üzərində işlənilmək imkanı olmuş (və 1998-ci ildə işıq üzü görmüş) bu cildin məsul redaktoru, xalqımızın etnogenezinə aid bütün oçerklərin müəllifi akademik İqrar Əliyev olduğuna görədir ki, sözügedən "ustanovka" nəinki yumşaldılmamış, hətta subyektiv ehtimallarla bir az da sərtləşdirilmişdir.

Əlbəttə, antitürkçülük yalnız pantürkizmə, yaxud aşırı türkçülük xülyalarına deyil, bütöv bir xalqın (və dövlətin) ideologiyası səviyyəsinə yüksəlmiş azərbaycançılığa qarşı dayanır. Çünki türkləşmə və ya türklük bu ideologiyanın üzvi tərkib hissəsidir. Və tarixçi-ideoloqların bir çoxu, heç də təsadüfi deyil bu fikirdədirlər ki, Azərbaycanda müsəlmanlaşma prosesi ilə müqayisədə türkləşmənin tarixi, eləcə də buna müvafiq olaraq yad təsirlərə müqaviməti elə də böyük deyil.

Keçən əsrin 30-cu illərindən başlayaraq Azərbaycanda həm türklüyə, həm islama, həm də müasirliyə (ümumbəşəriliyə) sözün həqiqi mənasında müharibə elan olunması təkcə bugünlə məhdudlaşmayıb tarixə də nüfuz etdi. Və əvvəlki məqalələrimizdə göstərdiyimiz kimi, türklüyün və islamın tarixi mövqeləri çox böyük sürətlə heç bir əsas olmadan süni şəkildə irançılıq elementləri vasitəsilə işğal edildi... 70-ci, xüsusilə 80-ci illərdə ölkədə baş qaldıran milli oyanış itirilmiş mövqeləri geri qaytarmaq üçün hər nə qədər əhəmiyyətli təşəbbüslərlə əlamətdar olsa da, "Azərbaycan tarixi"nin birinci cildi göstərdi (və göstərir) ki, "tarixi olduğu kimi qəbul etmək, dərk etmək və olduğu kimi qiymətləndirmək" (Heydər Əliyev) uğrunda mücadilə hələ uzun müddət davam edəcəkdir.

Azərbaycan tarixşünaslığında özünə geniş yer tutmuş antitürkçülük, fikrimizcə, beş-on tarixçinin subyektiv maraqlarından (təbii ki, bu da var) daha çox müəyyən dövrün ideoloji baxışlarından irəli gəlir. Heç bir şübhə yoxdur ki, Azərbaycanın Şimalında İqrar Əliyev, Cənubunda isə Əhməd Kəsrəvi "məktəb"ini həmin baxışlar formalaşdırmışdı. Və əslində, bunlar eyni "məktəb" idi... Cənubla Şimalı üz-üzə, hər ikisini də türklüyə qarşı qoymaqda bir-birindən çox da fərqlənmir, bir-birini təqdir edirdilər. Ola bilsin ki, sovet tarixşünaslığı daha "intellektual" təsiri bağışlayırdı, ancaq İran tarixşünaslığının da özünəməxsus "üstünlükləri" vardı ki, onlardan birincisi siyasi-ideoloji "fitva"lar verməkdə göstərdiyi "məharət" idi.

Akademik İqrar Əliyev iranlı həmkarları barədə yazır: "Qədim Azərbaycan tarixi problemlərinə bu və ya digər dərəcədə toxunmuş nüfuzlu İran tarixçiləri arasında Seyid Əhməd Kəsrəvinin, Həsən Pirniyanın, Məhəmməd Muinin, İbrahim Purdavudun, Cəmaləddin Faqihin, Məhəmmədcavad Məşkurun, Şəfəq Rzazadənin, Rza İnayətullanın və b. adlarını çəkmək olar.

...İran müəlliflərinin əsərlərinin böyük bir hissəsinin ən mühüm nöqsanı onların paniranist xarakter daşımasıdır. Bu əsərlərin müəlliflərindən çoxu üçün "Azərbaycan tarixi" məfhumu yoxdur, bütün müddəalar bir dominant - "İran tarixi" nöqteyi-nəzərindən verilir. Adları çəkilən müəlliflərin çoxu üçün azərbaycanlılar sonradan türk dilinə keçmiş farslardır (məhz farslardır)"... İran tarixçilərinin "fitva" pedantizmindən fərqli olaraq, sovet tarixçilərinin akademik İqrar Əliyevin təcrübəsində təzahür edən "analitizm"i də, prinsip etibarilə, azərbaycanlıları İran mənşəli hesab edir, ancaq daha "ağıllı" üsullarla.

"Azərbaycan tarixi"nin birinci cildi ən qədim zamanlardan III əsrə qədərki milyon yarım ildən artıq bir dövrü əhatə etməklə, ilk növbədə, arxeoloji araşdırmaların verdiyi son dərəcə zəngin məlumatlarla, həqiqətən, məmnunluq doğurur. Ancaq məsul redaktorun bu obyektiv məlumata sırıdığı etnoloji "şərhlər" ona görə təəssüfedicidir ki, həmin "şərhlər"də ideoloji "nəzarət" açıq-aşkar görünür. "Azərbaycan paleolit dövrü sakininin mənəvi aləmi haqqında" oçerki ilə qədim daş dövründən başlayaraq elə bir ictimai-mənəvi mühit "yaradır" ki, nə yığıcılar, nə maldarlar, nə də əkinçilər arasında türk perspektivi görünmür... "Azərbaycan tarixi"nin birinci cildini sadəcə vərəqləmək (və ədəbiyyat siyahısını gözdən keçirmək) kifayətdir əmin olasan ki, bu bir iranşünaslıq işidir.

Əlbəttə, müəlliflərin borcu idi ki, Azərbaycan tarixinə son illər geniş vüsət almış "Şumer-türk əlaqələri" kontekstində baxsınlar. Kifayət qədər ciddi araşdırmalarda Ön Asiyadakı türk izləri eramızdan əvvəlki minilliklərə gedib çıxdığı halda "Azərbaycan tarixi" müəlliflərinin buna göz yumması elmilikdən çox-çox uzaq hərəkətdir... Eləcə də e.ə. II minilliyin sonu, I minilliyin əvvəllərindən başlayaraq Şimaldan Azərbaycana axın edən xalqlar arasında müxtəlif adlar daşıyan türkəsilli xalqların da olması barəsində geniş yayılmış fikir bizim müəllifləri maraqlandırmamışdır... İş o yerə çatmışdır ki, eramızın ilk əsrlərindəki hun yürüşləri barədə bəhs etmək də məqbul sayılmamışdır... Və nəticə etibarilə, Azərbaycan qədim dövrün sonu, orta əsrlərin əvvəllərinə hər hansı "türk ehtimalından xilas olunmuş" vəziyyətdə təhvil verilir.

Əslində, belə bir "ustanovka" vermək tarixşünaslıqdan elə də böyük enerji tələb etmir. Hər şeydən əvvəl ona görə ki, istənilən xalqın tarixində yazıyaqədərki dövr heç nəyi həll eləmir... Nə daş, nə də tunc dövrünün insanı etnik təyinatı ilə fərqlənmir. Və etnosun tarixi, əslində, ilk dövlət qurumlarının formalaşması ilə bağlı müzakirə mövzusuna çevrilir. "Azərbaycan tarixi" bizə dörd "milli" dövlət təqdim edir: Manna, Midiya, Atropatena və Albaniya. Bu dövlətlərin heç birində türk "gözə dəymir"... Ümumiyyətlə, "Azərbaycan tarixi"nin məntiqinə görə, qədim Azərbaycanda Qafqaz və İran etnoslarından başqa, heç bir etnos mövcud olmamışdır... Belə güman oluna bilər ki, akademik İqrar Əliyev Azərbaycanın Şimalını - Albaniyanı Qafqaz etnoslarına güzəştə gedir. Elə deyil. Məqsəd irançılığın hegemoniyasını göstərməkdir. Akademik yaxşı bilir ki, İran - türk (Turan) qarşıdurmasındansa İran - Qafqaz qarşıqoyulması müqayisə edilməyəcək qədər irançılığın xeyrinədir. Ancaq dilçi - dil tarixçisi olmadığına görə öz sələfləri kimi o da ciddi səhvlərə yol verir. Nəzərə almır ki, əgər Albaniyada qafqazdilli etnos geniş yayılsa (və hər hansı Qafqaz dili ədəbi dil səviyyəsinə çatsaydı) onun yazılı abidələri qalardı. Və nə Azərbaycanın şimal rayonlarında, nə də Dağıstanda hər kəndin az qala öz "dil"i olmazdı. Dilin (və xalqın) assimilyasiyası barəsində İqrar Əliyev elə danışır ki, elə bil bir etnosun başqasına çevrilməsindən asan heç nə yox imiş... İrançılığa gəldikdə isə bu məsələnin üstündə olduqca ardıcıl dayanaraq bizə təlqin (sübut yox, məhz təlqin!) eləməyə cəhd göstərir ki, Azərbaycan xalqı İran xalqlarından biridir, sadəcə, dili türkcədir. Və guya bizim əsl dilimiz olan "azəri dili"nin qalıqları bu günə qədər yaşamaqla türkcənin "işğalçılıq tarixi"ni təsdiq edir. Halbuki bu adda nə bir dil, nə də bir tayfa var... Orta əsrlərdə farscanın (lap olsun ümumi İran dilinin) diferensiasiya təzahürlərinin (dialektlərinin) türk mənşəli Azərbaycan xalqının qədim ədəbi dili kimi təqdimi dil tarixi elminə kəmsavad təcavüzündən başqa bir şey deyil.

Mannada, Midiyada (Madada) İran ünsürünü möhkəmləndirə- möhkəmləndirə gətirdikdən sonra Atropatenada son nöqtəni qoyaraq yazır: "Qeyd etmək lazımdır ki, intensiv surətdə baş vermiş assimilyasiya prosesləri nəticəsində Haxamanişilər hakimiyyətinə qədərki zamanda Manna tayfaları tədricən madalılarla qaynayıb-qarışmağa başlamışdılar. "Manna" xoroniminin və "mannalılar" etnoniminin itməsi Manna əhalisinin etnik simasını itirməsindən xəbər verir...

...Madalıların işğalı Cənubi Azərbaycan torpaqlarının uzun müddət ərzində Mada dövlətinin, sonra isə Mada satrapaplığının tərkibində olması hələ Haxamanişi hakimiyyətinə qədərki dövrdə burada Mada etnik elementlərinin geniş surətdə məskunlaşması sayəsində bu ərazidə tədricən yeni etnik birliyin əsasları təşəkkül tapmağa başladı. Bu etnik birliyi Mada - Atropatena xalqı adlandırmaq olar".

Müəllifinin elmi düşüncə məntiqi kimi qrammatikası da qüsurlu olan bu mətn, əslində, "üçməchullu tənliy"i xatırladır: nə Mannanın, nə Madanın (Midiyanın), nə də Atropatenanın etnik tərkibi məlum deyil, müəllif isə bu məchulluğun "varislik" təşkil etməsi, birinin "etnik simasını itirib" o birinə keçməsi qənaətindədir... Həmin "məntiqin, yaxud "Ezop dili"nin arxasında gizlənən "mətləb" isə aşağı-yuxarı ondan ibarətdir ki, mannalılar, midiyalılar və atropatenalılar etnik baxımdan qohum olub, bir-birindən çox da fərqlənməyən İran dialektlərində (farsca deyil!) danışırdılar.

Akademik bir neçə abzaslıq sofistikadan ("fikir oyunu"ndan) sonra açıq yazır ki, "antik dövrün Mada-Atropatena dilinin yazılı abidələri indiyədək aşkar olunmasa da, biz tam əsasla iddia edə bilərik ki, Atropatenanın orta Mada dili, şübhəsiz, geniş yayılmış, zəngin yazı ənənəsinə malik olmuş İran dillərindən biri idi"... Lakin bu cür açıqlığın ağlabatan olmadığını yaxşı bilən müəllif yenidən dərhal sofistikaya müraciət etməli olur: "Nəinki Azərbaycanın retrospektiv surətdə əsrlərin dərinliyinə yönəldilə biləcək erkən orta əsrlər dövrünün nisbətən yaxşı məlum olan etnik-dil mənzərəsi, habelə bir çox digər məlumatlar da bunu tam müəyyənliklə təsdiq edir". Və həmin sofistikanı normal düşüncəyə çevirsək (bax: Azərbaycan tarixi, ikinci cild, səh. 32-33) belə olacaq ki, "bütün deyilənlər VII əsrə yaxın Azərbaycan əhalisinin tərkibində əvvəllər olduğu kimi türkdilli, irandilli və qafqazdilli komponentlərin olduğunu təsdiq edir; lakin VI yüzilliyin sonlarından başlayaraq bu tərkibdəki türk komponenti bir qədər də üstünləşir, türkdilli əhalisinin yayılma arealı daha da genişlənir. Tədricən bu dil bütün azərbaycanlıların ünsiyyət dilinə çevrilir.

"Azərbaycan tarixi"nin birinci cildinə görə, "Azərbaycan" anlayışının özünün, habelə onunla bağlı olan etno-mədəni, ictimai və siyasi səciyyəli hadisələrin və halların başlanğıcı Vətənimizin tarixinin məhz Atropatena dövründə qoyulmuşdur. Qədim Azərbaycan dövlətçiliyinin, qədim Azərbaycan, daha dəqiqi Atropatena - Mada xalqının mənşəyi məhz buradandır" (səh. 269). İkinci cildinə görə isə, "çoxsaylı tarixi, eləcə də linqvistik faktlar (V-VII əsrlərə aid yerli Qafqaz mənbələrində türkizmlər, Azərbaycanın türkdilli toponimiyası və s.) sübut edir ki, VII əsrin sonlarında qafqazdilli, irandilli olmalarından asılı olmayaraq bütün azərbaycanlılar arasında funksional birincilik artıq türk dillərinə (daha dəqiq olardı ki, "türkcəyə" deyilsin - N.C.) məxsus idi. Məhz bu dövrdən, mövcud tayfa, eləcə də dialekt və ləhcə fərqləri zəminində ümumxalq Azərbaycan-türk dili formalaşmağa başladı; məhz bu dövrdə az sonra yeni tarixi birliyin - Azərbaycan xalqının təşəkkülünə gətirib çıxaran etnik ictimai-iqtisadi və mədəni dəyişikliklər üçün ilkin şərtlər hazırlandı" (səh 33).

Birinci cilddəki mövqenin müəllifi yalnız akademik İqrar Əliyev, ikinci cilddəki mövqenin müəllifləri isə tarixçilərın bir qrupudur ki, onların mülahizələrini akademik Nailə Vəlixanlı ümumiləşdirmişdir.

İndi sual olunur: "Erkən orta əsrlər dövrünün nisbətən yaxşı məlum olan (təkcə İqrar Əliyevə yox, ümumən Azərbaycan tarixşünaslığına!) etnik-dil mənzərəsi"ndən retrospektiv - üzü keçmişə doğru baxış nə göstərir?.. Cavab aydındır: həm Qafqaz, həm İran, həm də türk etnoslarını... Birinci cildin məsul redaktoru öz mövqeyini yeridəndə, görünür, elə güman etmişdi ki, bunun ikinci cildi olmayacaq... Halbuki üzünü keçmişə elə çevirməlisən ki, dönüb gələcəyə üz tutmaq imkanın da olsun...

Görkəmli Azərbaycan ziyalısı, dövlət xadimi və tarix elmləri doktoru Həsən Həsənov "Makedoniyalı İskəndər və Atropat". Ölkənin Azərbaycan adı altında yüksəlişi haqqında" kitabı (Moskva, 2017; Bakı, 2017) ilə sübut etdi ki, xalqın, millətin tarixinin strateji məsələləri ilə məşğul olmaq məsuliyyətini öz üzərinə alan şəxslərdə elmi-intellektual səviyyə, metodoloji hazırlıqla yanaşı, milli məsuliyyət də olmalıdır. Çünki heç bir xalqın, millətin öz Tarixindən böyük dəyəri yoxdur!.. Və gətirilən faktların, dəlillərin əsaslılığına görə əminliklə demək olar ki, Həsən Həsənovun türk Atropatenası İqrar Əliyevin İran Atropatenasından daha inandırıcı, daha fundamental, daha tarixi(!)dir.

İqrar Əliyev antitürk mülahizələrində ya az-çox məlum bir neçə iranpərəstlik faktını dönə-dönə təkrar edir, ya da gümanlar, fərziyyələr, xəyallar qurur. Mərhum akademikin çıxardığı nəticələrin, verdiyi hökmlərin sintaksisi ümumən aşağıdakı kimidir: Həmin ərazi (söhbət orta tunc dövrü Şimali Azərbaycanından gedir - N.C.) əhalisinin etnik, dil şəraiti haqqında konkret bir fikir söyləmək çox çətindir. Bu problemə dair müəyyən fərziyyələr yürütmək olar. Bununla belə bu regionda Şimal-şərqi Qafqaz dillərinə qədər hər hansı bir başqa dil ünsürlərinin yayılmasını söyləmək üçün əsas yoxdur... Yaxud: Güman etmək olar ki, turukkilər və nikimxilər hurri tayfalarından idilər. Mənbədə danışılan dağ tayfalarından olan uruatrilərin də hurrilərlə yaxın olması güman edilir... Yaxud da: Əlbəttə, ola bilər ki, irandilli tayfa qrupları Cənubi Rusiya çöllərindən İrana (Azərbaycana da yox, məhz İrana!.. Çünki hansı xalqın tarixini araşdırdığı belə arada yaddan çıxır - N.C.) Kaspi dənizinin həm şərq, həm də qərb sahilləri boyunca, sahilboyu torpaqlarda məskunlaşaraq təxminən eyni zamanda - e.ə. II minilliyin II yarısının hüdudlarında irəliləmişlər... Məhz bu cür kiçik gümanlar axırda belə bir yekə gümana çevrilir ki, Azərbaycan xalqı İran mənşəlidir.

İqrar Əliyevin irandilli etnosları Xəzərin hər iki tərəfi ilə Şimaldan Cənuba doğru Azərbaycana gətirməsi əməlli-başlı dastandır. Və bu ideya-estetik məharətə hətta "Şahnamə" müəllifi də qibtə edə bilər... Mərhum akademik yazır: "E.ə. II minilliyin lap sonunda, xüsusilə I minilliyin başlanğıcında Araz çayından cənubda olan vilayətlərdə mədəniyyətin yeni elementlərinin meydana gəldiyini arxeoloji dəlillər tamamilə təsdiqləyir.

...Süvariliyin, yeni ideoloji təsəvvürlərin, dəfn adətləri və abidələrinin, heyvanlara sitayişin, incəsənətdə heyvan obrazlarının təsvirlənməsinin və diyarın yerli mədəniyyətlərində kökləri olmayan başqa cəhətlərin yayılması şübhəsiz olaraq yeni məskənə öz məişətini və mədəniyyətini gətirmiş gəlmələrin qarşımızda olduqlarından xəbər verir".

Sözügedən bu "yeni elementlər" iranlılar qədər turanlılar (türklər) üçün də səciyyəvi ola bilər. Və həmin mövzu iranşünaslıqda olduğu qədər türkologiyada da böyük maraq doğurursa, Azərbaycan tarixçisi nə üçün yalnız iranpərəst mövqe ilə kifayətlənməlidir? Heç olmasa obyektivlik naminə əks mövqe barədə də məlumat vermək ağıla gəlmirdimi?..

"Azərbaycan tarixi"nin birinci cildində, artıq qeyd etdiyimiz kimi, etnolinqvistik assimilyasiya anlayışı ilə, demək olar ki, spekulyasiya edilir. Hansı dili başqa dillə, hansı xalqı başqa xalqla əvəz etmək gərəkirsə, bu heç bir sübut gətirmədən elan olunur. Məsələn, əminliklə iqrar edilir ki, "e.ə. I minilliyin II rübündə... təşəkkül tapmaqda olan irandilli xalqlar, əsasən, assimilyasiyaya uğramış avtoxron əhalinin nəsillərindən ibarət idi.

...Bizi maraqlandıran bölgənin əhalisinin iranlaşması hələ Mannanın madalılar tərəfindən işğalına qədərki dövrdə başlanmışdı.

Mannanın madalılar tərəfindən işğalından sonra Cənubi Azərbaycanın yerli əhalisinin iranlaşması prosesi kəskin surətdə gücləndi".

Mannanın etnik tərkibi barədə heç bir əsaslı məlumat yoxdursa, onun iranlılaşması barədə danışmaq zahirən məntiqli görünsə də daxilən absurddur. Bəlkə, yerli etnos assimilyasiyaya uğramamış, sadəcə gəlmələrin çoxluğu, yaşayış üçün daha əlverişli əraziləri zəbt etməsi nəticəsində yerlilər harayasa (məsələn, dağlara, səhralara...) sıxışdırılmış, yeni vətən tutmağa məcbur olmuşlar? Manna dövlətinin qurucuları kuti, lullubi və hurri tayfaları, xüsusilə onların dilləri haqqında çox az məlumatlar qalmışsa onların assimilyasiyası prosesini necə təsəvvür edə bilərik? Sadəcə "iranlaşdılar" deməklə məsələ həll edilirmi? Ən əsası isə mənşəyi məlum olmayan bir etnosun nə zamansa iranlılaşmasının Azərbaycan xalqının tarixinə nə dəxli var?..

Əlbəttə, qədim Azərbaycan əraziləri ilə həmhüdud coğrafiyalarda baş vermiş siyasi çəkişmələrə müəyyən yer verilməsi zəruridir, ancaq həmin hadisələrə maraq bir çox hallarda müstəqil mövzuya çevrilir, Azərbaycan tarixi üçün elə bir əhəmiyyət kəsb etmir.

"Azərbaycan tarixi"nin birinci cildində xalqların assimilyasiyası anlayışından olduğu kimi onların miqrasiyası anlayışından da sui-istifadə olunur. Əvvəl belə bir özü-özünü təkzib edən mülahizə söylənir: "Miqrasiyalar ən qədim dövrlərdə də baş verirdi. Lakin miqrasiyaların rolunu və əhəmiyyətini mütləqləşdirmək lazım deyildir. Bununla belə, miqrasiyaların bəşər tarixində çox mühüm rol oynamasını qeyd etməmək olmaz" (səh. 129). Bundan sonra isə deyir: "Qədim dövrlərdə xalqların, hətta qohum xalq qruplarının köçü baş verirdi. Məsələn, e.ə. III - II minilliklərin qovuşuğunda hett tayfaları Kiçik Asiyaya gəlmişdilər. Güman etmək olar ki, təxminən həmin dövrdə hellin tayfalarının Yunanıstan ərazisində yerləşməsi baş vermişdir. Təxminən e.ə. II minilliyin sonu, yaxud I minilliyin başlanğıcında Cənubi Rusiya çollərindən çıxmış irandilli tayfalar İran yaylası vilayətlərində yerləşməyə başlamışdılar...".

Beləliklə, "Azərbaycanın tarixi"ndə İran tayfalarının miqrasiyası elə bir cövlan edir ki, burada türkün at oynatmasına yer qalmır. Skifləri (sakları) da, təbii ki, iranlı sayan müəllif yazır: "Skiflər xüsusən hərbi iş sahəsində Azərbaycanın yerli əhalisinin mədəniyyətinə müəyyən təsir göstərmişdilər. Aborigenlər onlardan at belində ox atmaq taktikasını öyrənirdilər"... Əgər səhv etmirəmsə, at belində döyüşün bu cür texnologiyalarını tarixə məhz türklər təqdim etmiş, min illərlə yaşatmışlar.

Həm "Azərbaycan tarixi"nin birinci cildində, həm də akademikin qələmə aldığı kitab və ya məqalələrdə çox aydın seçilən bir "anket üslubu" var ki, bu, zahirən elmi sistem, məntiqi ardıcıllıq, hətta konsepsiya təsiri bağışlayır. Ancaq məqsədli "ustanovka"nın, mahiyyət etibarilə, saxta təzahüründən başqa bir şey deyil.

İqrar Əliyevin tarixi-ideoloji üslubunda diqqəti çəkən bir spekulyativ məqam da odur ki, tarixini yazdığı (əslində, saxtalaşdırdığı!) xalqa hələ bir minnət də qoyur: "Biz Vətənimizin tarixində müəyyən dövrdə irandilli tayfaların üstün, aparıcı rolu, Cənubi Azərbaycanın bir çox yerli tayfalarının iranlaşması, Atropatena dilinin İran xarakteri (yəni Azərbaycanın ümumən İran kökəni - N.C.) haqqında danışarkən daha erkən zamanlarda Cənubi Azərbaycan zonasında və onunla qonşu olan ərazilərdə yaşamış kuti, lullubi, hurri Manna qruplarını, başqa tayfaları və xalqları (kimləri? - N.C.) Azərbaycan xalqının əcdadları sırasından heç də çıxarmırıq"... Və bu sözlərin gəlişigözəl olub tarixdə (nəticə etibarilə, bu gün də!) irançılığa xidmət etdiyini isə müəllif qətiyyən gizlətmir. Və növbəti minnətini Azərbaycan xalqının boynuna qoymağa çalışır: "Biz məhz buna görə tam əsasla Azərbaycan xalqının əcdadları sırasında diyarın yalnız ən qədim sakinlərinin deyil, habelə gəlmə irandilli madalıların adını da çəkirik... Hazırda türk dillərindən birində (nə əcəb "türk" sözü dilə gəldi? - N.C.) danışan azərbaycanlılar madalılar vasitəsilə Hind-İran, daha geniş miqyasda isə Hind-Avropa aləminə bağlanır, iranlılarla, hindlilərlə, germanlarla və başqa xalqlarla qohumluğa yetirlər...".

İnanmırıq ki, "Azərbaycan xalqının", "Azərbaycan tarixi"nin birinci cildindəki tarixi ilə tanış olan şəxs bu sözlərin səmimiyyətinə şübhə etməsin. Və təsadüfi deyil ki, bu boğazdan yuxarı sözlərin arxasınca müəllifin əsl mövqeyi özünü çox gözlətmir: "Azərbaycanlılar məhz madalılar vasitəsilə İran mədəniyyətinin də varislərinə çevrilir, irandilli xalqlarla birgə bu zəngin aləmə, eposa, Avestaya, zərdüştlük təliminə və bir çox digər mədəni-tarixi dəyərlərə sahiblik hüququ qazanırlar".

Azərbaycan xalqı, eləcə də onun üzvi tərkib hissəsi olduğu Türk dünyası hər cəhətdən fəxr edilə biləcək kifayət qədər zəngin bir mədəniyyətin varisidir... Bu, bir... İkincisi isə, Azərbaycan xalqı dünya mədəniyyətinin hər bir hadisəsinə ümumbəşəri dəyər olaraq hörmətlə, ehtiramla yanaşır... Və belə bir halda akademik İqrar Əliyevin təfsilatı ilə təqdim etdiyimiz "məsləhət"inin mənası, əhəmiyyəti varmı?

"Azərbaycan tarixi"nin birinci cildində türkcənin üzərinə elə bir amansız hücum özünü göstərir ki, müəllif öz fəaliyyət (və səlahiyyət!) dairəsindən kənara çıxaraq nəinki qədim dövrlərdə, heç orta əsrlərdə də onu (türk mənşəli Azərbaycan dilini) Azərbaycan xalqının tarixinə yaxın buraxmaq istəmir... Təsəvvür edək ki, birinci cild kimi ikinci, üçüncü... cildlərin də məsul redaktoru İqrar Əliyev olaydı, onda Azərbaycan türkcəsinin tarixini ən tezi XIX əsrdən başlamaq məcburiyyətində qalacaqdıq...

Kiməsə belə gələ bilər ki, təxminən iyirmi beş il bundan əvvəl nəşr edilmiş bir kitabın qüsurları barədə bu qədər təfərrüatı ilə bəhs açmaq elə bir əhəmiyyət kəsb etmir, bu gün həyatda olmayan mərhum akademikin mövqeyi ilə razılaşıb-razılaşmamağın da xeyri yoxdur... Ancaq elə deyil... Bu gün-sabah işıq üzü görəcək "Azərbaycan tarix"ləri elə yazılmalıdır ki, məhz Azərbaycan xalqının tarixi olsun... Azərbaycançılıq ideologiyasının əsas prinsiplərinə - türkçülük, müsəlmanlıq və müasirliyə cavab verməyən "tarix", əlbəttə, Azərbaycan tarixi deyil. Hələ onun "milli dəyər" olması bir yana...

Azərbaycan ziyalısının öz tarixinə laqeyd olduğunu demək, əlbəttə, haqsızlıq olardı. Ancaq neçə onillər xalqın "tərcümeyi-hal"ını saxtalaşdırmaq - şüurlu olaraq türklükdən (və nəticə etibarilə azərbaycançılıqdan) çıxarmaq cəhdləri ayaq tutub yeriyibsə, deməli, milli ictimai şüura, eləcə də akademik inzibatçılığa təsir imkanı lazımi səviyyədə olmayıb... Ona görə də təklif edərdim ki, Azərbaycan tarixinin qədim dövrü, xüsusilə etnogenezlə bağlı məsələlər tarixçilərlə yanaşı, dilçilər, ədəbiyyatşünaslar, sənətşünaslar... tərəfindən geniş müzakirə olunsun, mövcud konsepsiyalar, mülahizələr, gümanlar öz xalqının tarixi ilə maraqlananlara çatdırılsın ki, ən azından akademik "Tarix"lərdə heç olmasa etnogenez kimi ciddi məsələlər sonra narazılıq (və narahatlıq) doğurmasın... Böyük şairin məşhur sözlərini bir daha təkrarlamağa məcbur olmayaq ki, "Tarix bizim olubdur, Tarix yazan özgələr. Tarixə düşməyibdir Bizim tarixi hünər, Bizim tarixi zəfər"...
edebiyyatqazeti.az
 
Ardını oxu...
Azərbaycan əhalisinin 90 faizindən çoxu ailə-məişət təfəkküründədir. Bunu siyasi sferada və cinayətlərin kateqoriyalarına baxanda açıq görmək olur. Ölkə əhalisinin 5 faizi aktiv siyasətlə məşğul olur, 5 faizi siyasətin ətrafında fırlanır, yerdə qalanları isə siyasətə qarışmır. Cinayətlərin 90 faizi də ailə-məişət xarakterlidir. Qınamıram. Bu cəmiyyət vətəndaş müharibəsi görməyib. Vətəndaş müharibəsi görməyən cəmiyyətlərdən bundan artığını da gözləmək olmaz.
Sözü hara gətirirəm? FHN-dəki video qalmaqalına. Yenə cəmiyyətimiz məsələyə ailə-məişət donu geyindirib. Sağa, sola döşəyir. "Qadınlar biabır oldu, ailələri dağılacaq", "kişi yanıxdı, qisasçılıq edir", filan.
İddia olunur ki, videonu çəkən FHN Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavinidir.
Bu ölkədə xeyli sayda yanğınlar baş verib. Bu günə qədər o idarədən bir nəfərin işdən çıxarıldığını, haqqında cinayət işi açıldığını görmüşük? Görən, bilən olubsa, bizi də aydınlatsın. Azadlıq metrosunun yanında bina yandı. Neçə bazar, ticarət mərkəzi kül oldu. Söndürülən və ya qabaqlayıcı tədbirlər gördük? Yox!
Görə də bilmərik! Əgər bir idarənin rəis müavini təkcə öz çəkdiklərini deyirəm, çəkilməyənlər görün nə qədərdir, vaxtını belə şeylərə xərcləyirsə, yanğından mühafizəyə vaxt qalar?
Bu təkcə FHN-lə bağlı deyil. Əgər bir idarə, bir qurum, bir məmur, bir jurnalist işini düzgün görmürsə, demək ki, fikri başqa yerdədir və işindən daha önəmli saydığı işlərlə məşğuldur.
Məmurların masalarının üstündə, əl altında və ən çox istifadə edilən cihaz kalkulyatordur. Bütün qurumların maliyyə idarələri olduğu halda rəhbər kalkulyatorda nə iş görür?
Bu ölkədə kimin və ya kimlərinsə vurulmasında həmişə belə şeylərdən istifadə edirlər. Əsas məsələ iş yerində və ən əsası mühüm bir postda olanın belə addımlar atmasıdır. Əxlaq şəxsi keyfiyyətdir. Ancaq o cür postda oturan və oturdulacaq adamın əxlaqına baxmaq vacibdir. Hesab edək ki, o tip videolar başqa ölkələrin xüsusi xidmət orqanlarının əlinə keçir. Nələr etmək olmaz...
Teref.az
 
Ardını oxu...
Avqustun 12-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın İsmayıllı rayonunun Basqal qəsəbəsinə və Ağsu rayonuna səfəri ölkəmizin inkişafı naminə atılan növbəti addımdır. Basqal qəsəbəsində olarkən ölkə başçısı Azərbaycan Televiziyasına geniş müsahibə vermişdir. Müxtəlif sahələriəhatə edən müsahibədə Prezident İlham Əliyev sosial-iqtisadi inkişaf məsələləri ilə yanaşı, regionda baş verən proseslər, xüsusilə Ermənistanın son hərbi təxribatları haqqında fikirlərini bildirdi. Belə ki, cənab Prezidentin dediyi kimi “Qisas” əməliyyatı Ermənistanın cəzalandırılması oldu və şəhidimizin qisası alındı. Əgər erməni tərəfi yenə təxribatlara əl atarlarsa daha sərt şəkildə cəzalandırılacaqlar. Azərbaycan üzərinə düşən öhdəlikləri yerinə yetirir. Ermənistan da 10 noyabr razılaşmalarına əməl etməlidir. 10 noyabr Bəyanatının 4-cü bəndinə əsasən, erməni silahlı qüvvələri Qarabağ ərazisindən tam çıxarılmayıb. Bundan əlavə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında dəmir yolu və avtomobil yolu təmin olunmalıdır. Amma Ermənistan bu razılaşmaya da əməl etmir. “Qisas” əməliyyatından sonra Ermənistan qanunsuz hərbi birləşmələrini Qarabağ ərazisindən çıxarmaya başlayıb. Görünən odur ki, erməni tərəfi cəzalandırıldıqdan sonra müəyyən qədər ağıllanır. Dövlətimizin başçısının dediyi kimi, əgər Ermənistan prosesi uzatmaqla bir-iki il ərzində vəziyyətin öz xeyrinə dəyişəcəyini gözləyirsə, yanılır. Çünki həm geosiyasi proseslər, həm də artan gücümüz vəziyyətin bundan sonra da Azərbaycanın xeyrinə olacağını sübut edir.
Dövlətimizin başçısı müsahibəsində bir daha vurğuladı ki, Qarabağ ermənilərinə heç bir status verilməyəcək. Dövlətimiz bütün vətəndaşlarımız kimi, onların da hüquq və təhlükəsizliyinə təminat verir. Bundan əlavə, Laçın dəhlizi ilə bağlı məsələlərə toxunan cənab Prezident yeni alternativ yolun istifadəyə verilməsindən sonra vətəndaşlarımızın Laçın şəhərinə, Zabux və Sus kəndlərinə qayıdacaqlarını bildirib. Yəni orada məskunlaşmış ermənilər ərazini tərk edəcək, bundan sonra həmvətənlərimizin doğma yurdlarına qayıdışı məsələləri həll olunacaq. Artıq həmin ərazilərdə qanunsuz məskunlaşdırılan ermənilərin köçürülməsi prosesi başlayıb.
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz davamlı olaraq inkişaf edir, güclənir, regionda güc mərkəzinə çevrilir. Qazanılan uğurlar, torpaqlarımızın işğaldan azad olunması isə regionda yeni vəziyyət yaradıb. Bu amil Azərbaycanın beynəlxalq aləmdə mövqeyini əhəmiyyətli dərəcədə gücləndirir.
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə mövqeləri güclənib və bundan sonrakı mərhələdə bu mövqe daha da möhkəmlənəcək. Əminik ki, qarşıdakı dövrdə də Prezident İlham Əliyevin liderliyi ilə ərazi bütövlüyünü bərpa etmiş Azərbaycan bütün sahələrdə daha möhtəşəm, əzəmətli nailiyyətlər qazanacaq.
Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası
 
 
 
Ardını oxu...
Regionların inkişafı Prezident cənab İlham Əliyevin daxili siyasətinin ən vacib sahələrindən biri olduğundan onun Azərbaycanın müxtəlif rayonlarına səfərləri mühüm əhəmiyyət kəsb edir. Prezident ölkə rəhbəri kimi görülən işlərlə yerində tanış olmaqla və dərhal tapşırıqlar verməklə insanlarda davamlı inkişaf üçün əminlik yaradır. Vətəndaşlar qısa zaman ərzində genişmiqyaslı işlərin şahidi olur. Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın avqustun 12-də İsmayıllı rayonunun Basqal qəsəbəsinə səfəri də bu qəbildən olan əhəmiyyətli səfər idi.
Ölkə rəhbəri səfər zamanı Azərbaycan dövlət televiziyasına müsahibəsində olduqca vacib məsələlərə toxundu. Bu məsələlər həm bölgələrdə görülən çoxşaxəli işləri, həm də postmüharibə dövründə cərəyan edən hadisələri əhatə edirdi. Qeyd edilib ki, ötən dövr ərzində dövlət proqramlarının icrası nəticəsində çoxsaylı işlər görülüb, bölgələr tam şəkildə əhatə olunub. Bu istiqamət üzrə görülən işlər davamlı xarakter daşıyır. Dövlət tərəfindən hər bir bölgənin özünə xas şəkildə inkişafına töhvələr verilmiş və bu işlər bu gün də davam etməkdədir. İnfrastruktur layihələrinin həcmi və icrasından əldə olunan nəticələr kifayət qədər uğurludur.
Ölkə başçısı kənd təsərrüfatının ölkə iqtisadiyyatında rolunu nəzərə alaraq bu sahənin inkişafı ilə bağlı işlərin görülməsi üçün ciddi tapşırıqların verildiyini bir daha diqqətə çatdırdı. Özümüzü problemlərdən tam sığortalamaq üçün praktiki işlərin aparılması ərzaq təhlükəsizliyini təmin etmək üçün də mühüm rol oynayacaq.
Bildirilib ki, ölkədə infrastruktur layihələri uğurla icra edilir. İstər qazlaşdırma, istər elektrik enerjisi, su təchizatı, yolların tikintisi ilə bağlı çox böyük layihələr icra edilmişdir. İsmayıllı rayonunda qazlaşdırma 80 faizdən çoxdur, Ağsu rayonunda isə bu rəqəm 100 faizə yaxındır. Bu iki rayonda son illərdə 10-dan çox elektrik yarımstansiyası inşa olunub və elektriklə təchizat tam təmin edilib. Hazırda İsmayıllı - Muğanlı yolunun yeni hissəsində işlər davam edir, həmçinin kənd yollarında asfaltlaşma aparılır. Ağsuda və İsmayıllıda 160 çarpayılıq xəstəxana tikilib, 100-ə yaxın məktəb inşa edilib, ya da əsaslı şəkildə təmir olunub. Bu rayonlarda yeni iş yerlərinin yaradılması ilə bağlı böyük layihələr icra edilib.
Ölkəmizin qədim kəndlərindən biri olan Basqal qəsəbəsində 179 otaqlı müasir otelin açılışı bölgənin turizm potensialını böyük dərəcədə genişləndirəcəkdir. Basqaldakı oteldə 300-ə yaxın iş yeri açılır ki, orada işləyənlər də yerli sakinlərdır. Cənab Prezident Basqal qəsəbəsinin tarixi simasının qorunması və burada yaşayan insanlar üçün daha yaxşı şərait yaradılması ilə bağlı müvafiq tapşırıqlar vermişdir.
Müzəffər Ali Baş Komandanın müsahibə zamanı toxunduğu önəmli məsələlərdən biri də Qarabağda yaşayan ermənilərə qarşı Azərbaycan dövlətinin münasibəti idi. Prezident bildirdi ki, onlar bizim vətəndaşlarımız olduqlarını nə qədər tez dərk etsələr, o qədər də hamı üçün yaxşı olar. Ermənistan hakimiyyətinin Qarabağda yaşayan ermənilərə öz təsir imkanlarını itirirməsi, Azərbaycan hakimiyyətinin isə öz təsir imkanlarını artırması nəticəsində onlar açıq-aydın gördülər ki, Ermənistan hakimiyyəti onların problemlərini həll etmək iqtidarında deyil. Cənab Prezident “Qisas” əməliyyatı ilə bağlı danışarkən bu əməliyyatın Ermənistan üçün dərs olduğunu vurğulayaraq onların çirkin əməllərindən əl çəkməyə çağırdı. Azərbaycan güclü tərəfdir və sərt şəkildə revanşist qüvvələrin cavabını vermək iqtidarındadır. Ermənistan hökümətinin də, Qarabağda yaşayan ermənilərin də çıxış yolu Azərbaycan dövləti ilə hesablaşmaqdır.


Tufan Məmmədov – iqtisadçı ekspert
 
Ardını oxu...
Üçüncü, dördüncü, beşinci, iyirminci dəfə zərbə endirilməlidir

Rusiyanın ilhaq etdiyi Krımdakı “Saki” hərbi aviabazasında silsilə partlayışlardan sonra Rusiya Müdafiə Nazirliyi bunun döyüş sursatının partlaması nəticəsində baş verdiyini bildirib. Və Ukrayna Müdafiə Nazirliyi yanğının səbəbini müəyyən edə bilmədiklərini qeyd etdi. Bununla yanaşı, yanğın təhlükəsizliyi və naməlum yerlərdə siqaret çəkmə qaydalarını bir daha xatırlatdı.

Lakin Zaporojye, Nikolayev və Xerson vilayətlərini bombalamaq üçün düşmən təyyarələrinin havaya qalxdığı aviabazada baş verən partlayışlar ruslar arasında ciddi panikaya səbəb olub. Krımda evakuasiya ilə bağlı rəsmi açıqlama olmasa da, hesab olunur ki, bu, onların ilhaq edilmiş yarımadadan aktiv şəkildə getməsinə səbəb olacaq. Eyni zamanda, aviabazaya ən yaxın olan şəhərlər artıq giriş üçün bağlanıb.

Bu, rusların əhvalını dəyişəcəkmi? Birincisi, Rusiyada kiminsə əhvalı heç nəyi həll etmir. Çünki orada bir nəfər qərar verir. İkincisi, belə hadisələr sistemli və davamlı olanda, gələnlər sistematikləşəndə ​​əhval dəyişəcək. Belə hadisələr davamlı olmasa, bir müddət sonra bəzi Nijni Taqildən olan turistlər yenidən çimərliklərimizdə olacaqlar.

Belə hadisələrin davamlılığı niyə lazımdır? Krıma gələn əhali və rusiyalı turistlər davamlı kütləvi hücumlar altında olduqlarını hiss edəcəklər. Krımda olmağın təhlükəli olduğu hissi yaranacaq. Yarımadada sahib olduqları daşınmaz əmlakın qiyməti düşəcək, kəskin ucuzlaşma baş verəcək. Rusiyadan Krıma dincəlmək və ya mülk almaq üçün gələnlərin axını da azalacaq.

Təkcə aerodromlara deyil, Krım ərazisindəki digər hərbi obyektlərə daha çox zərbə endirilsə, o zaman bir çox ruslarda qorxu hissi yaranacaq.

Üstəlik, məhz belə bir vəziyyətdə, Krım yarımadasına hücumların davamlı və sistemli olacağı bir vaxtda ruslar Krımda əldə etdikləri uğurların müvəqqətiliyini və geri qaytarılmalı olduqlarının refleksini inkişaf etdirəcəklər.

Nəzərinizə çatdırım ki, bu, onların şüuruna ilk zərbə deyil. İlk həqiqi psixoloji zərbə biz onların "Moskva" kreyserini batırdığımızda gəldi. İkinci zərbə aerodromda baş verən partlayışdır. Ancaq effekti gücləndirmək üçün bunun sistematik şəkildə baş verməsi lazımdır. Üçüncü, dördüncü, beşinci, iyirminci dəfə zərbə endirilməlidir.

Və bu gecikməməlidir. Refleks yaradılmalıdır.

Müəllif: Vitali Kulik - Ukrayna Vətəndaş Cəmiyyətinin Tədqiqatları Mərkəzinin direktoru

Mənbə: UNİAN

Tərcümə AYNA-ya məxsusdur

Müəllif: Turan Abdulla0535756_1.jpg[/img]
 
Ardını oxu...
Ukrayna ordusunun Krımdakı Rusiyaya məxsus aerodroma raket zərbələri endirməsi Ukrayna-Rusiya müharibəsində yeni mərhələyə start verdi. Həmin raket zərbələri Krımı və Rusiya nəzarətindəki Ukrayna torpaqlarını və orda yaşayan əhalinin təhlükəsizlik və psixoloji vəziyyətini ortaya qoydu.
Krım əhalisi əziyyət çəkir və əsas səbəb müharibə deyil. Rusiya Krım zəbt edəndən sonra ora məskunlaşmaq üçün əhali köçürməyə başladı. Həmin əhaliyə müəyyən vədlər vermişdi. Ancaq əhalinin həyat şəraitinin pis olması, su qıtlığı, yol problemi, ümumiyyətlə, verilən sözlərə əməl edilməməsi belə desək ordakı əhalini "tikan üstündə" saxlayırdı. Məsələ ondadır ki, Krımdakı aerodroma endirilən raket zərbələri əhalinin var olan problemlərinin üzərinə birini də əlavə etdi - Təhlükəsizlik! Yəni, artıq Rusiya nəzarətindəki bölgədə yaşayanlar anlamağa başladı ki, onların təhlükəsizliyi qorunmur.
Krımın ilhaqından sonra (2014-cü ildən sonra) Putin Kerç boğazında körpü yaratmağa söz vermişdi və bu, böyük uğur adlandırıldı, amma reallıq başqadır. Rusiya düşünürdü ki, körpünü istifadəyə verməklə problemin həllinə nail olacaq. Görünən odur ki, körpü də Krımı Rusiyaya bağlaya bilmir.
Bu körpü, mühəndislik və əməkdaşlıq möcüzəsi kimi elan edilmişdi, lakin görünən odur ki, bütün bunlar Krım yarımadasında baş verən digər neqativ halları kölgələmək üçün idi.
Rusiya körpü ilə məsələni həll etmiş saysa da, əsasən infrastruktur sahəsində olan dəhşətli etinasızlıq (laqeydlik) əhalinin vəziyyətini ağırlaşdırıb.
Misal üçün Rusiya təcavüzünə qədər Krımda belə su qıtlığı yox idi. İndi isə su boruları ölümcül vəziyyətdədir. Bilirik ki, Krımı su ilə Xerson vilayəti təmin edirdi. Məsələ ondadır ki, Xersonda Rusiyanın vəziyyətinin yaxşı olmadığı məlum olur. Bunun üzərinə müharibə zamanı boruların zədələnməsi də Krımı ekoloji fəlakətlə üz-üzə qoymuş olur.
Böhran uzandıqca humanitar fəlakət təhlükəsi yaranır və bunların hamısının səbəbi Rusiyanın işğalçı siyasətidir. Rusiya hakimiyyəti infrastruktur ətrafındakı problemlərə görə Ukraynanın təxribat əməliyyatlarını günahlandırır, baxmayaraq ki, bu cür qəribə ittihamları sübut edəcək təsdiqlənmiş heç bir məlumat yoxdur. İşğalçı tərəfin bu cür absurt ittiahmları heç bir məntiqə sığmır.
Ukrayna ordusu bu cür ehtiyat tədbirlərini nəzərə almayan Rusiyadan fərqli olaraq, düşmənin silahlı və möhkəmləndirilmiş mövqelərinə sərrast zərbələr endirməyi ilə, qeyri-döyüş itkilərindən yayınmasıyla ad qazanıb. Müharibə zamanı Ukrayna tərəfi hücum edən tərəfin hərbi obyektlərinə onlarca dəfə zərbələr endirib, ancaq heç birində demək olar ki, qeyri-döyüş itkisi yaşanmayıb. Bu həm də Ukrayna tərəfinin əlində olan silahların müasir və dəqiqliyinin göstərcəsidir.
Krımdakı Rusiya aerodromuna Ukrayna tərəfinin endirdiyi raket zərbələrindən sonra orda yaşayan əhali qaçmağa başlayıb. Rusiya tərəfi körpüdən keçidin qarşısını süni yollarla almağa çalışıb. Bu hadisədən sonra bəzi sakinlər təhlükəsizlik səbəbilə körpünün bağlanması və su və elektrik enerjisinin verilişində müvəqqəti fasilələr olması ilə bağlı mesajlar alıb.
Bütün bunlar Krımda baş verənlərə görə Ukrayna hakimiyyətini və hərbçilərini günahlandırmaq məqsədi güdən xüsusi propaqanda ilə əlaqələndirilə bilər, halbuki günahkar yalnız Rusiya və Putindir.
İşin gerçəyi ondadır ki, Rusiya Krımın təhlükəsizliyini qoruya bilməməsi ilə nəinki Krımda, ümumiyyətlə, nəzarətə götürdüyü bütün ərazilərdə özünə olan inam və etibarı itirib. Krımdakı aerodroma endirilən raket zərbələri təkcə Rusiyanı etibarsızlaşdırmadı. Həm də, bütün dünyaya baha qiymətə satdığı, tərifi yerə-göyə sığmayan S-300 və S-400 hava hücumundan müdafiə sistemlərinin imicini yerlə bir etmiş oldu.
Ukraynaya edilən təcavüz təkcə fiziki, iqtisadi yox, həm də psixoloji cəhətdən Rusiyanı çökürdür...
Səxavət Məmməd
Teref.az
 
Ardını oxu...
Rusiya tərəfinin raket zərbəsi nəticəsində 4 yaşlı qızı Lizanı itirən ukraynalı qadın İrina Dmitriyeva sosial şəbəkə hesabındakı paylaşımı ilə hər kəsi təsirləndirib.

O, faciədən sonra ilk dəfə yaddaşına ömürlük həkk olunan yerə getdiyini bildirib:

“Əməliyyatdan sonra yaddaşımı itirdim, başa düşmürdüm ki, haradayam və niyə bütün bədənim sarıqlıdır…

Bütün gecəni hadisələri yada salır, Lizanın harada, niyə mənimlə olmadığını düşünürdüm…

Mən inanırdım ki, qızım sağdır, ona görə ki, uşağım ölə bilməzdi, bu, doğru deyil…

Yaralarıma baxdım və başa düşdüm ki, bu axı yuxu deyil… Hər saniyə yaddaşımda bərpa olunurdu.

Həmin faciəvi günün hər anını xatırlayıram.

Yadımdadır ki, güclü uğultu eşitdim, düşündüm ki, dəqiq təyyarə deyil. Biz Liza ilə eyni anda başımızı qaldırdıq, düz üstümüzdən raket keçdi – o, çox böyük idi. Mənə elə gəldi ki, o, başımızdan bir neçə metr aralı idi. Onun zabitlər evinə necə düşdüyünü gördüm, ona görə üzümü çevirib uşağı otuzdurmaq qərarına gəldim. Bu, hətta saniyə deyildi, daha az.

Mən Lizanın olduğu arabanı möhkəm tutmuşdum, onun başı mənimkinin yanında idi.

Güclü partlayış və zəlzələ oldu.

Biz yıxılmadıq. Onda qətiyyən ağrı hiss etmirdim, ətrafda tam sakitlik idi…

Divarın ətrafını qara tüstü bürümüşdü, heç nə görünmürdü.

İkinci partlayışı, maşınların sirenini, heç nəyi eşitmirdim.

Sonra sevimli qızımı, onun parça-parça olmuş bədənini gördüm…

Bir neçə dəqiqə Lizanı arabadan çıxarmağa kömək edə biləcək insan axtarırdım. Ətrafda tam sakitlik idi. Mən oturdum və qışqırmağa başladım, sonra bərk ağrı hiss etdim və torpaqda qan gördüm, boğulmağa başladım.

Beynim inanmaq istəmirdi… Bu dəhşətli mənzərə gözümün önündən getmir, yenə və yenə…

Mən hər şeyi ən kiçik detalınadək xatırlayıram… ⠀

Rusiyalı terrorçular mənim körpəmi öldürdülər, müqəddəs olana əl qaldırdılar.

Ukrayna xalqının kütləvi öldürülməsini dayandırmaq üçün dünyaya daha neçə sübut lazımdır???

360-dan çox öldürülmüş və zorakılığa məruz qalmış balaca mələklər… ⠀

Dünya, mən başa düşmürəm, sən insan olmayan ruslara bizi öldürməyə niyə imkan verirsən?”

Qeyd edək ki, hadisə iyulun 14-ü Vinnitsa şəhərində baş verib.
pressklub
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Bu ilin iyul ayında Bakının daşınmaz əmlak bazarında qiymətlər iyun ayına nisbətən 2,74 faiz artıb, ötən ilin eyni dövrü ilə müqayisədə isə 0,52 faiz azalıb.
Bu barədə "Report"a “MBA" konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru Nüsrət İbrahimov bildirib.
Onun sözlərinə görə, mənzillərin kirayəsi bazarında iyul ayı ərzində 3,65 faiz, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 2,23 faiz ucuzlaşma olub: “Yay ayları olduğu üçün ötən ay da daşınmaz əmlak bazarında alıcılıq qabiliyyəti aşağı olub. Yaz ayları ilə müqayisədə alıcılıq qabiliyyəti təqribən 25-25 faiz azalıb. Bazarda əsas aktivlik payız aylarında olur. Qarşıdan gələn payız aylarında yəqin ki, bazarda aktivlik bərpa olunacaq”.
Əmlak eksperti Elnur Fərzəliyev də “Şərq”ə açıqlamasında alqı-satqı bazarında hələlik durğunluq olduğunu deyib. Onun sözlərinə görə, yay aylarında mənzil bazarında tənzimləmələr olur. Bu, insanların daha çox istirahətə getməsi ilə bağlıdır. Ötən il yay aylarında torpaq bazarı aktivləşmişdi. Bağ evlərinin alışı da artmışdı. Bu il isə hərtərəfli durğunluq yaşanır.
Ekspert ötən ay üçün kirayə mənzil bazarında tələbələrin çoxunun gedişi ilə əlaqəli müəyyən bir boşluq olduğunu bildirib: “Amma başqa bir tərəfdən də ali təhsil ocaqlarına qəbul olan tələbələrin sayı çoxdur. Yəni qəbul olanların sayı artıq bəllidir. Onların valideynləri artıq əmlak bazarında icarəyə verilən mənzillərlə maraqlanırlar. Ucuz mənzillərin sayı məhdud saydadır. Avqust ayının sonlarında ucuz mənzil tapmaq mümkün olmayacaq. Mərkəzə yaxın ərazilərdə ucuz fərdi həyət evləri var idi ki, orada da tələbələr daha çox qalırdı. Həmin evlərin böyük hissəsi də artıq sökülüb. Artıq həm tələbələr, həm də digər vətəndaşlar məcburiyyətdən şəhər kənarında, Xırdalan, Abşeron ərazilərində icarəyə mənzil axtarırlar".
 
Ardını oxu...
Qərbin birtərəfli sanksiyası insanlığa qarşı cinayətdir. Çünki sanksiyalar vasitəsilə onlar sadə insanları cəzalandırmaq istəyirlər. Hazırda Rusiya hakimiyyəti tam olaraq Qərbin planlarını pozur, amma onlar xalqı cəzalandırır. Türkiyə isə Ukrayna məsələsində heç də Kremli dəstəkləmir. Biz əvvəla, Rusiya ilə əməkdaşlıq edirik, ikincisi isə Qərbin sadə rus vətəndaşlarına qarşı yürütdüyü sərt tədbirlərə qarşı çıxırıq. Türkiyə öz milli maraqlarını reallaşdırır. Çünki Türkiyə öz iqtisadi problemlərini yalnız Avropa ölkələri ilə deyil, o cümlədən Rusiya ilə əməkdaşlıq etməklə həll edə bilər.

Bu sözləri Axar.az-a açıqlamasında tarix elmləri doktoru, İstanbul Universitetinin professoru, türkiyəli siyasi ekspert Mehmet Perinçək deyib.

“Qərb Türkiyəyə iqtisadi problemlərini həll etməyə imkan vermir. Əlbəttə, Türkiyə-Rusiya münasibətləri bu məsələdə böyük əhəmiyyət daşıyır. Çünki Qərbin sanksiyalarından sonra Türkiyə Rusiya üçün pəncərə ola, iqitisadi, turistik, logistik mərkəzə çevrilə bilər. Və bu Türkiyə üçün çox böyük imkandır.

Buna görə də söhbət Türkiyənin Kremlə dəstəyindən deyil, Türkiyənin öz milli maraqlarını qorumaqdan gedir”, - ekspert qeyd edib.

Onun sözlərinə görə, Türkiyə ilə Rusiyanın əməkdaşlıq etməsi təkcə iqtisadi baxımdan vacib deyil, bu, həm də ölkələrin milli təhlükəsizliyinin təminatı üçün vacibdir:

“Buna görə Ərdoğan və Putin arasındakı Soçi sammiti mühüm əhəmiyyət kəsb edirdi. Onlar bu görüşdə Suriya məsələsini müzakirə etdilər. Gördüyümüz kimi, iki lider Suriyada terrorçu elementlərin, separatçıların, fundamentalist silahlıların təmizlənməsi barədə razılığa gəldilər. Bu, çox vacibdir. Terrorçuların arasında heç bir fərq yoxdur. Bu terrorçuların arxasında isə ABŞ dayanır.

Ötən gün Türkiyə MN bildirdi ki, Ərdoğan Əsədlə telefon danışığına hazırdır. Bu, həmin Soçi görüşünün mühüm nəticələrindən biri oldu. Digər tərəfdən isə Türkiyə Moskvaya, Tehrana və Dəməşqə PKK-ya, terror təşkilatlarına qarşı birgə mübarizə aparmağı təklif edib. Bu görüşdə liderlərin hər ikisi Türkiyənin bu separatçılara qarşı mühüm əməliyyatlarından danışdılar. Lakin Türkiyənin bu əməliyyatı Dəməşqlə koordinasiyalı aparmalı idi. Bax, bu son deyilənlər onu göstərir ki, Ərdoğan Soçidə Putinə verdiyi sözünün üstündə dayanır. Nəinki Suriya məsələsində, eləcə də Liviya məsələsində də hər iki lider razılığa gəlib”.

Ekspertin iddiasına görə, Ankara və Moskva Suriya, Liviya və Şərqi Aralıqda öz maraqlarını uzlaşdıra bilirlər:

“ABŞ və Qərb öz dominant rolunu itirir, yeni dünyada iqtisadi mərkəz Avrasiyaya tərəf hərəkət edir. Ankaranın da, təbii ki, öz milli maraqlarını qorumaq hüququ var. Türkiyə Qərbə qarşı heç bir şey etmir, Qərb isə həm Suriya, həm Liviya, həm Şərqi Aralıq dənizi, həm Qarabağ, həm də iqtisadi məsələrdə Türkiyəyə əks mövqedədir. Burada problemTürkiyənin siyasətindən yox, Qərbin Türkiyəyə və digər Avrasiya ölkələrinə olan qeyri-səmimi münasibətidir”.
 
 
 
Ardını oxu...
Yunanıstan ABŞ-dan aldığı qırıcıları Türkiyədən aralı tutacaq

Souda, Andravida və Araxos - bunlar Yunanıstan Hərbi Hava Qüvvələrinin ABŞ-dan öz infrastrukturunun F-35 qırıcılarının yerləşdirilməsi üçün uyğunluğunu yoxlamağı xahiş etdiyi aviabazaların adlarıdır.

Bu, texniki məlumatdır, lakin F-35-ə sahib olan hər bir ölkənin bu təyyarələrin yerləşdiriləcəyi hərbi bazası olmalıdır. Türkiyə proqramdan çıxarılmasaydı, aldığı F-35-ləri ilk olaraq Malatyada yerləşdirəcəkdi və buna uyğun olaraq hərbi bazanın infrastrukturu yenidən qurulmuşdu.

Biz artıq Kritdəki Souda bazası haqqında bilirik, lakin alternativ olaraq təyin olunan digər iki yer maraqlıdır - hər ikisi Yunanıstanın qərbində, İon dənizi və arxasında İtaliya olan bazalardır.

Maraqlıdır ki, Fransadan aldığı “Rafale” döyüş təyyarələrini İzmirə paralel Tanagra bazasına yerləşdirən Yunanıstan F-35-lər üçün Egeydən uzaqda baza axtarır.

Bu qərarın müxtəlif səbəbləri ola bilər, xüsusən də Türkiyəyə məxsus S-400 hava hücumundan müdafiə sistemi ilə bağlı narahatlıqlar… Bunu zamanla görəcəyik.

Ancaq mütləq görməli olduğumuz başqa bir fakt var ki, bu da Vaşinqtonun 2023-cü ildə keçiriləcək seçkilərdə Baş nazir Mitsotakisin qalib gəlməsi üçün əlindən gələni etməsidir.

“Ağ Ev Mitsotakisin qələbəsi üçün və bu yolda F-35-lərdən təbliğat vasitəsi kimi istifadə edə bilməsi üçün ildırım sürəti ilə bir təsdiq prosesi həyata keçirdi”, - deyə yunan mediası yazır.

Bayden haqsız da deyil. Çünki ölkəsini ABŞ-a peşkəş edən bir Baş nazir tapıb və itirmək istəmir.

Təsəvvür edin ki, Mitsotakis xarici siyasətə dair bütün qərarları Vaşinqtonla razılaşdırır, Ağ Evdən iznsiz heç bir addım atmır. Az qala, ölkəsinin daxili siyasətini belə, Amerika müəyyənləşdirir.

Yunanıstandan Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə edən ABŞ-ın qarşısında Mitsotakis kimi müti bir Baş nazir varsa, bundan niyə maksimum yararlanmasın ki?! Və onun yenidən hökumət başçısı olması üçün əlindəki imkanlardan niyə istifadə etməsin?!

Göründüyü kimi, ABŞ-ın Yunanıstanı F-35 ilə təmin etmək qərarının görünməmiş bir sürətlə icra olunması əbəs deyil. Ağ Evin dirijor çubuğu ilə oturub-duran, “Türkiyənin üzərinə get” deyildiyində heç tərəddüd etmədən tapşırığı yerinə yetirən Mitsotakisin növbəti dəfə yunan hökumətinə rəhbərlik etməsi amerikalıların marağındadır.

Əslində, Yunanıstana başqa bir şəxsin rəhbərlik etməsi heç də o demək deyil ki, bu ölkə ABŞ-ın vektorundan çıxacaq. Lakin istənilən halda, Bayden administrasiyası münasibətləri və Yunanıstanın “qulluğunu” riskə atmaq istəmir. Odur ki, Mitsotakis hazır buyruq quluykən, yeni kölə axtarmağa nə ehtiyac?...

Müəllif: Özay Şendir

Mənbə: "milliyet.com.tr"

Tərcümə AYNA-ya məxsusdur

Müəllif: İsmayıl Məmmədli
 
 
 

Dünyapress TV

Xəbər lenti