Ardını oxu...
Qərb koalisiyası Ukraynaya müasir ağır tankları göndərmək qərarını qətiləşdirəndən sonra hərbi ekspertlər müharibənin gedişinə bunun necə təsir göstərəcəyi və Rusiya qoşunlarını Ukraynadan qovmağa kifayət edib-etməyəcəyi barədə fərziyyələrini səsləndirirlər.

BBC-nin müdafiə müxbiri Jonathan Beale-in hazırladığı bu material “Leopard” və “Abrams”ların Rusiya texnikasından üstünlükləri və yaz hücumunun perspektivləri barədədir.

Heç şübhəsiz, Qərb koalisiyasının Kiyevi ağır müasir tanklarla təmin etməklə bağlı, nəhayət ki, qəbul etdiyi qərar çox şeyi dəyişəcək.

Bəzi ekspertlər hesab edirlər ki, bu, cəbhədəki vəziyyətdə dönüş yarada bilər. Bəs müharibədə qalib gəlməyə necə, kifayət edərmi?

Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun (ISS) baş elmi işçisi, Britaniya ordusunun keçmiş briqada generalı Ben Barry BBC-yə müsahibəsində deyib ki, Qərb tankları operativ situasiyada böyük irəliləyiş yaradacaq, amma bu, çətin ki, həlledici rol oynasın.

Tarix göstərir ki, təkcə tanklarla müharibəni udmaq olmaz.

Britaniya ilk dəfə 1917-ci ilin noyabrında – xəndək müharibəsinin Cambrai döyüşündə yaratdığı dalandan çıxmaq üçün yüzlərlə tankdan istifadə ediblər. Əvvəlcə əhəmiyyətli uğurlar əldə ediblər, amma tezliklə tankların çoxu sıradan çıxıb və Almaniyanın əks-hücumları Britaniyanın bütün uğurlarını alt-üst edib.

Tanklardan müdafiədə də istifadə edilə bilər. 1940-cı ildə Britaniya və Fransa orduları nasistlərin Arrasa hücumunu məhz tanklar vasitəsilə dayandırıblar və bu, Britaniya qoşunlarını Dunkirkdən təxliyyə etmək fürsəti yaradıb.

Amma Ukrayna açıq şəkildə bildirir ki, silah ona yalnız Rusiyanın potensial hücumunun qarşısını almaq üçün yox, həm də hücuma keçərək öz ərazisini geri almaq üçün lazımdır.

Ukrayna hücum əməliyyatlarında tanklardan necə istifadə edə bilər?
Ardını oxu...
ABŞ istehsalı M1 Abrams və Almaniya istehsalı Leopard 2A5 tankları Polşada təlimdə
Tankları uzunluğu 1000 km-dən çox olan cəbhə xətti boyunca səpələməyə dəyməz. Rusiyanın müdafiə xəttini yarmaq üçün Ukrayna öz qüvvələrini bəlkə də 5-20 kilometrlik bir ərazidə cəmləməli olacaq.

Britaniya Ordusunun Kraliyyət Tank Alayının keçmiş polkovniki Hamish de Bretton-Gordon deyir ki, irəliləyə bilmək üçün tankların sayı həqiqətən çox olmalıdır.

Adətən, zirehli tank briqadası genişmiqyaslı hücum əməliyyatında ən azı 70 tankdan ibarət olur. Bu baxımdan Bretton-Gordon Qərb istehsalı olan yüzdən çox tankın böyük fərq yarada biləcəyini deyir.

Ukraynanın daha çox tankı olsaydı, keçənilki kimi eyni vaxtda müxtəlif yerlərdən hücuma keçməyə cəhd edə bilərdi.

Ümumqoşun manevri əlavə dəstək tələb edir, ona görə də Böyük Britaniya Ukraynaya təkcə 14 “Challenger-2” yox, həm də qoşunların daşınması və qorunması üçün 30 ədəd özüyeriyən və zirehli artilleriya texnikası göndərir.

Sürətləri 40 km/saatdan çox olan “Challenger”, “Leopard” və “Abrams” tankları Rusiya istehsalı olan əksər tanklardan daha sürətlidir.

Bundan başqa, Qərb tankları Rusiya modellərindən təxminən 20 ton ağırdır. Əlavə zireh daha yaxşı qoruma təmin edir, amma bu həm də o deməkdir ki, onların tələsik tikilmiş və ya tez-bazar təmir edilmiş körpüləri keçməsi çətin olacaq.

Qəfil gecə hücumları
“Challenger” tank batalyonuna rəhbərlik etmiş Hamish de Bretton-Gordon deyir ki, Qərb istehsalı olan tankların əsas üstünlüklərindən biri gecələr döyüşə bilmək qabiliyyətidir. Standart komplektə gecəgörmə və termal görüntü kameraları da daxildir.

Rusiyanın yalnız “T-90” kimi müasir tankları gecə döyüşlərinə uyğunlaşdırılıb.

Ukrayna üçün ən böyük problem logistika olacaq – yəni yanacaq, sursat və ehtiyat hissələrinin fasiləsiz təchizatının təmin edilməsi.

İndi bu ölkə nəinki sovet dövründən qalma köhnə arsenalınının təhçizatı, həm də Qərbin verdiyi mürəkkəb silahların ehtiyyat hissələri haqqında narahat olmalıdır.
Ardını oxu...
Almaniya istehsalı olan “Leopard 2”. Bu ölkə ağır tankların istehsalı üzrə Avropada lideridir
Məsələn, Britaniyanın “Challenger 2” tankları “Leopard” və “Abrams” kimi NATO standartına uyğun kalibrlərdən istifadə etmir.

“Challenger” artıq istehsal olunmur və Britaniya ordusu onları təmir etmək üçün köhnə modellərin hissələrindən istifadə etməli olur.

Ben Barry deyir ki, ukraynalı mühəndislər “Leopard” və “Challenger”-lərdəki dizel mühərriklərini təmir edə bilərlər, amma Amerikanın “Abrams” tankı daha mürəkkəb qaz turbini olan mühərriklə işləyir və Almaniyanın “Leopard”ından təxminən iki dəfə çox yanacaq sərf edir.

Qərb koalisiyası verdiyi vədlərə əməl edərsə, Ukrayna silahlı qüvvələri yüzdən çox tank əldə edəcək. Amma bu, Ukrayna ordusunun Baş komandanı Valeri Zalujninin istədiyindən çox azdır.

O, keçən ilin oktyabr ayında demişdi ki, Ukraynanın 2023-cü ilə planlaşdırılan hücumu üçün əlavə 300 tank, 700 piyada döyüş maşını və 500 haubitsa lazımdır.

Ola bilsin, Zalujnı bunların yarısıyla kifayətlənməli olacaq.

Silahlardan istifadəyə hazırlıq da vaxt aparacaq – buna həftələr və hətta aylar lazım gələ bilər. Üstəlik, bu texnikaların Ukraynaya nə vaxt çatdırılacağı da bəlli deyil.

ABŞ xəbərdarlıq edib ki, 31 ədəd “Abrams”ın tədarükü bir neçə ay və hətta bir ilə qədər çəkə bilər.

Ukrayna müasir döyüş təyyarələriylə bağlı çoxsaylı müraciətlərinə də cavab gözləyir. Yerdə hücuma keçən ordunun hava dəstəyinə ehtiyacı olacaq.

Qərb liderləri ümid edirdilər ki, Ukrayna artıq bu ilin yazında hücuma keçə biləcək. Onların qənaəti budur ki, Rusiya orduya yeni qüvvələr səfərbər etməklə, darmadağın olmuş qüvvələrini bərpa etməklə və azalmaqda olan silah-sursat ehtiyatlarını artırmaqla məşğulkən yeni “fürsət pəncərəsi” yaranır.

Ukrayna müharibənin əvvəlində onun qabiliyyətinə şübhə edənlərin hamısına yanıldıqlarını sübut edə bilmişdi. Amma Rusiya qoşunlarını öz torpaqlarından qovmaq istəyirsə, ona Qərbin əlavə dəstəyi lazım olacaq.
 
Ardını oxu...
Rusiyadan gələn foto dünyanı təşvişə salıb.

Musavat.com xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin nüvə çantası olan “Çeget”i nümayiş etdirməklə nüvə təhdidini həyata keçirib və Qərbi qorxudub.

Britaniyanın “Mirror” qəzeti “Qərbə soyuq təhdid” başlığı ilə oxucularına təqdim etdiyi xəbərdə Rusiya liderinin rəsmi səfəri zamanı portfelini özü ilə gətirdiyini və bunun nüvə hücumu həyata keçirməsinə imkan verdiyini yazıb.

Sözügedən görüntülərdə Putin abidə önünə əklil qoyarkən onun cangüdənlərinin əlində nüvə portfeli gəzdirdiyi görünür.
Ardını oxu...
Putinin yanında saxladığı çanta və daşıdığı sistem ən son texnologiya ilə hazırlanıb.

Qorbaçov və Yeltsin dövründə o, “Bond” tipli çantaya bənzəyirdi. Putin dönəmində daha “kompakt” çantaya çevrildi və adı “Çeget” olaraq dəyişdirildi.

Çeget Qafqazın Çərkəz bölgəsində yüksək dağın adıdır.

Rusiya dövlət kanalına danışan hərbi ekspertin sözlərinə görə, əvvəlcədən yaradılmış döyüş kodları fləş yaddaş vasitəsilə çanta üzərindən komanda mərkəzinə ötürülür.

Ardını oxu...
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin ötən ilin sonuna qədər hipersəsli “Satan-2” nüvə raketinin ikinci sınağına dair təcili göstəriş vermişdi.

Dünyanın o biri tərəfindəki hədəfləri vura bilən Rusiyanın ölümcül silahı olan RS-28 Sarmat raketi İngiltərənin paytaxtı Londona da çata biləcək mənzilə malikdir. Yəni Rusiya çəkindirici güc çərçivəsində sözügedən raketlə bütün Avropa paytaxtlarını vurmaq gücünə sahib dğvlətə çevrilir. ABŞ mətbuatının yazdığına görə, hətta Amerika da raketin məsafəsi daxilindədir.

Bundan sonra ABŞ uzun müddətdir üzərində işlədiyi yeni hipersəs raketini sınaqdan keçirmişdi. ABŞ Müdafiə Nazirliyi (Pentaqon) bunun ilk əməliyyat sınağı olduğunu vurğulayaraq, B-52 bombardmançı təyyarəsindən atılan raketin səsdən 5 dəfə daha sürətli hərəkət etdiyini açıqlamışdı.
 
Ardını oxu...
“Baxmut şəhərini heç kəs təhvil verməyəcək”.
Bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski “Ukrayna-Avropa İttifaqı” sammitinin nəticələri ilə bağlı çıxışında deyib.
O bildirib ki, Ukrayna bacardığı qədər torpaqları uğrunda mübarizəni davam etdirəcək.
Məlumat üçün deyək ki, Ukrayna-Rusiya arasında Baxmut uğrunda döyüşlər 6 aydan çoxdur davam edir.
Unian
Ardını oxu...
“Ukraynanın şərqində Rusiya Federasiyasının hakimiyyət orqanları işğalçı qoşunlardan ibarət iki qrup yaradıblar, indi ölkəmizdə düşmənin vəzifəsi müdafiə üçün əlverişli olan xətlərə çatmaqdır. Döyüşlərin pik nöqtəsi martda mümkündür”.
Bunu Ukrayna Prezident Aparatının keçmiş müşaviri Aleksiy Aretoviç rusiyalı jurnalist Yuliya Latınina deyib.

“Yeni yaradılan qruplardan biri Liman istiqamətində, digəri Baxmut istiqamətindədir. Bu qruplar Baxmutu götürüb, Limana getməyə cəhd edə bilərlər”, deyə Aretoviç qeyd edib.
O, əlavə edib ki, düşmən Ukrayna tərəfinin zəif yerlərini “hiss edir”, “cəbhədə dəliklər” axtarır. Onun sözlərinə görə, irəliləyən düşmən qüvvələri “dəhşətli hədəfdir” və onların yeni texnologiyaları azdır:
“Onlar fevral ayı ərzində öz səylərini artıracaqlar. Fikrimcə, əsas hədəf mart ayıdır. Mart, nəzəri olaraq, şiddətli döyüşlərin olduğu bir aydır və haradasa apreldə xəttlərdə möhkəmlənməyə başlayacaqlar. Onlar müdafiə üçün əlverişli olan xətlərə çatmaq istəyir. Çünki daha da irəli gedə bilmək ehtimalları azdır”.
Arestoviç bildirib ki, Rusiya qoşunlarının vəzifəsi ən sərfəli xətləri tutmaqdır: “Bunu etmək istəyirlər ki, biz əks-hücuma baş​​layanda etibarlı şəkildə müdafiə oluna bilsinlər”.
Fevralın 2-də səhər saatlarında Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb ki, düşmən Avdiivka, Baxmut, Liman və Novopavlovsk istiqamətlərində irəliləməkdə davam edir.
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi xəbərdarlıq edib ki, Rusiya Federasiyası ilə müharibədə həlledici vaxt yaz və yayın əvvəli olacaq, çünki bu vaxt üçün düşmənin yeni böyük hücumu planlaşdırılıb.
Fevralın əvvəlində məlum oldu ki, Rusiya hakimiyyəti müharibəni maksimum dərəcədə genişləndirməyə hazırlaşır. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov yaxın həftələrdə maksimum eskalasiyanın mümkün olduğunu bildirib.
Unian
 
Ardını oxu...
ABŞ və Aİ ölkələri Danimarka və Hollandiya vasitəsilə Ukraynaya F-16 qırıcılarının tədarükü istiqamətində müzakirələr aparır.


Bu barədə “The New York Times” ABŞ və Aİ rəsmilərinə istinadən məlumat verib. ABŞ rəsmilərinin bildirdiyinə görə, Hollandiyada 40-a yaxın F-16 döyüş təyyarəsi var və ölkə artıq öz hava qüvvələrini F-35 qırıcısı ilə təmin etməyə başlayıb.

“The New York Times”ə məlumat verən mənbələrin bildirdiyinə görə, NATO-ya üzv olan istənilən dövlətin ABŞ qırıcılarını Ukraynaya göndərməsı üçün Bayden administrasiyasınin “yaşıl işıq” yandırması lazımdır. Qəzet yazır ki, Amerika və Avropa rəsmiləri belə tədarüklərin (F-16 qırıcılarının) Danimarka və ya Hollandiyadan gəlmə ehtimalının daha yüksək olduğunu bildirirlər.
 
Ardını oxu...
Ukrayna müdafiəçiləri son sutkada Rusiyanın 920 hərbçisini zərərsizləşdirib.

Pressklub.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Ukrayna müdafiəçiləri müharibə başlayandan indiyədək Rusiya ordusunun 128 420 hərbçisini məhv edib.

Qeyd edilib ki, bu müddət ərzində Rusiyanın digər döyüş itkiləri 3 209 tank, 6 382 zirehli maşın, 1 951 operativ-taktiki PUA, 2207 artilleriya sistemi, 458 reaktiv yaylım atəşi sistemi, 221 hava hücumundan müdafiə sistemi, 293 təyyarə, 16 gəmi, 284 helikopter, 796 qanadlı raket, 5 061 avtomobil və tanker, 200 xüsusi texnikadan ibarətdir.

Ardını oxu...
Rusiyalı politoloq və publisist Andrey Piontkovski UNİAN-a müsahibəsində Rusiya Prezidenti Vladimir Putinin bunkerində baş verən mini çevrilişdən, Rusiya elitasının artıq Rusiya Federasiyası daxilində yeni müharibəyə necə hazırlaşmasından danışıb. DİA.AZ politoloqun müsahibəsini AYNA-ya istinad və ixtisarla təqdim edir:

- Qərb bütün “qırmızı xətləri” keçdi və qəfildən Ukraynaya demək olar ki, hər şeyi vermək qərarına gəldi. “Abrams” gözlədiyimiz ən yaxşı tanklardan biridir. F-16 qırıcılarının transferi artıq üfüqdə görünür. Verilişlərin birində demişdiniz ki, bu təyyarələr bizə verilsə, o zaman Rusiya Federasiyası bir-iki aya müharibəni uduzacaq. Sizcə Qərbin bu addımları nədən qaynaqlanır?

- Əvvəlcə, Qərb siyasi qərar vermişdi. İl ərzində Qərb siyasətində və cəmiyyətində gedən mübarizəni izlədik. Hər şeydən əvvəl, ən vacib olan Bayden administrasiyasının daxilində baş verənlər idi.

ABŞ-ın Rusiya-Ukrayna müharibəsində hədəflərinin nə olduğu sualına Bayden administrasiyanın iki cavabı var idi. Onlardan biri də Ukraynanın qələbəsidir. Aprelin 25-də dövlət katibi Blinken və müdafiə naziri Ostin hələ də Kiyevdə olarkən, Ostin bəyan etdi: “Ukraynanın qələbəsi, ərazi bütövlüyünün tam bərpası və Rusiyanın o dərəcədə zəifləməsi ki, bunu bir daha təkrarlaya bilməsin”. Yəni niyyət ortaya qoyulmuşdu. Amma bu suala başqa cür cavab verən başqa bir yüksək vəzifəli məmur, Baydenin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan var idi və indi də var ki, deyir: “Məqsəd Ukraynanın məğlubiyyətinin qarşısını almaqdır”. Bəyanatların yaxın olduğu görünür, amma əslində çox fərqlidirlər.

Hərbi yardım paketləri ilə bağlı bütün qərarlar böyük daxili müzakirə ilə müşayiət olundu. Ağ Evdə Zelenski ilə birgə konfransda Baydenə silah tədarükü ilə bağlı sual verən bir jurnalist maraqlı məqamlara toxundu. Dedi ki, “Amerikada əvvəlcə dedilər ki, heç bir halda “Javelin” Ukraynaya verilməməlidir, çünki bu, Putini təhrik edə bilər, amma sonra verildi. Haubitsalar köçürülməməlidir, amma HIMARS, “Patriot” tədarük olundu. Tanklarla, ATACMS-la bağlı qərar nə olacaq?”. Bayden bu suala cavab verdi, amma məsələdən çox xəcalət çəkdi. Aydın idi ki, o, artıq dövlətlərin yardım məsələsində əl-qolunu qandalladıqları bu “qırmızı xətlər”lə ağırlaşıb.

Vektor müəyyən edilmişdir. Amma bütün maneələri aradan qaldırmaq üçün Qərbə tam bir il lazım oldu. Qərb qərara aldı ki, Ukrayna qalib gəlməlidir. Təbii ki, cəmiyyətdə insanlar Ukraynaya rəğbət bəsləyir, televiziya Rusiyanın hərbi cinayətlərinin bütün bu dəhşətli səhnələrini göstərirdi.

Oktyabrın 10-dan, Ukrayna infrastrukturunun məhv edilməsi kampaniyası başlayandan bəri dəstək kəskin artıb. Oktyabrın 12-də “Böyük yeddiliyin” (G7) iclası oldu, o, “Böyük səkkizliyə” çevrildi. Çünki orada ən fəal iştirak edən Zelenski idi. Və eyni iclas dekabrın 12-də təkrarlandı. Hər iki iclasda bəyannamə qəbul edilib ki, orada Zelenskinin dörd bəndlik planı dəstək qazandı: Ukraynanın ərazi bütövlüyünün tam bərpası, müharibədən sonrakı təhlükəsizlik zəmanətləri, təzminat ödəməklə iqtisadiyyatın bərpası və hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi. Ukraynanın bu qələbəsi konsepsiyası siyasi müstəvidə təsbit edilib.

- Davos forumunda da Ukrayna ilə bağlı maraqlı yanaşmalar oldu...

- Bəli. Sonuncu Davos forumu həm də Ukrayna ilə həmrəylik festivalı idi. Dövlət başçılarının bir-birinin ardınca ayağa qalxaraq məqsədlərinin Ukraynanın qələbəsi olduğunu söyləmələri sadəcə heyrətamiz idi. Hətta Şols sülhə nail olmağın yeganə yolunun Rusiyanın məğlubiyyəti və Ukraynanın qələbəsi olduğunu bildirdi. Finlandiyanın Baş naziri Marin də möhtəşəm çıxış etdi: “Müharibənin nə vaxt bitəcəyini bilmirik, amma bilirik ki, Ukraynanın qələbəsi ilə başa çatacaq, çünki bizim başqa seçimimiz yoxdur”.

Söhbət təkcə Ukraynaya simpatiyadan getmir, nəhayət, Qərb nə baş verdiyini anladı. Bunu işğal başlamazdan əvvəl 2021-ci ilin noyabr-dekabr aylarında çoxdan və haqlı olaraq tənqid etdiyimiz Stoltenberq dedi. Sonra o, hər dəfə çıxışlarına NATO-nun etməyəcəyi şeylərin siyahısı ilə başladı. Bu, Putini həvəsləndirdi. İndi o, Qərbin vəziyyətlə bağlı yeni anlayışını çox aydın şəkildə ifadə etdi. Ukraynaya kömək üçün külli miqdarda pul xərclənməli olduğu ilə bağlı ittihamlara cavab olaraq Stoltenberq deyib: "Bəli, biz pulla ödəyirik, ukraynalılar isə qanla ödəyirlər. Əgər müqavimət göstərməsələr, biz də qanla ödəməli olacağıq".

Demək istəyirəm ki, dünyanın taleyinin Ukraynada həll olunduğunu anlamaq üçün Qərbə tam bir il müharibə lazım oldu. İndi Ukrayna ordusu Qərbi işğalçı rus qoşunundan müdafiə edir.

Hamı gözləyirdi ki, yanvarın 20-də siyasi iradə ifadə olunaraq konkret silah tədarükünə çevriləcək. Almanların tərəddüdləri hətta bizə xeyir verdi. Çünki əvvəl Almaniyanın silah tədarükü ilə bağlı tərəddüdləri hiddət dalğasına səbəb oldu və Ukraynanın həm Qərb ictimai rəyində, həm də Qərb siyasətində mövqeyini kəskin şəkildə gücləndirdi.

Mən ABŞ-da baş verən çox maraqlı bir hadisəni izlədim. Biz çoxdan ehtiyat edirik ki, Nümayəndələr Palatasına respublikaçıların əksəriyyətinin gəlməsi ilə Ukraynaya dəstək azala bilər. Bəli, orada Ukraynaya açıq-aşkar nifrət edən 30-40 Tramp tərəfdarı əclaf var. Tramp son yardımdan sonra Baydenin ABŞ-ı Üçüncü Dünya müharibəsinə apardığını, bunun dayandırılması lazım olduğunu söylədi. Amma 220 respublikaçı içərisində cəmi 30-40 Tramp tərəfdarı var. Respublikaçılar Partiyasının Reyqan qanadı qalib gəldi, partiya daxilindəki Tramp tərəfdarları məğlub oldu. Şolsun ​​qərarından sonra Almaniya böhranının iki günündə Baydeni kifayət qədər yardıma görə tənqid etməyə başlayan Respublikaçı liderlər oldu. Bayden “Abrams” vermək fikrində deyildi, amma dedilər ki, əgər Şols bunun arxasında gizlənirsə, dərhal biz də silah verək.

- Tramp Ukraynaya belə sürətlə silah verilməsini dayandırmağın lazım olduğunu deməklə nəyə nail oldu?

- Tramp artıq bitib. O, özünü tamamilə markalaşdırıb. Respublikaçılar ondan nifrətlə üz döndərirlər.

- Peskovun Kiyevin Priqojini məhv etmək istəməsi ilə bağlı xəbərdarlığı Putinin “aşpazının” FSB tərəfindən aradan götürülməsinin açıq elanı ola bilərmi?

- Priqojin artıq məhkum edilib. Yanvarın 10-dan 11-nə keçən gecə Putinin bunkerində mini hərbi çevriliş baş verib. Şoyqu və Gerasimov onun yanına gələrək onu Priqojinin əlaltısı Surovikini uzaqlaşdırmağa və Gerasimovu bütün hərbi əməliyyatların rəhbərliyinə qaytarmağa məcbur etdilər. Bu, Priqojin və Putinin ən böyük texniki məğlubiyyəti, onun hakimiyyətdə olduğu 23 ildə isə ilk məğlubiyyətidir.

Mən bu insanları qətiyyən ideallaşdırmıram, çünki oradakıların hamısı müharibə cinayətkarıdır. Sadəcə Kremldə nə baş verdiyini anlamalıyıq. “Blitskrieg” uğursuzluğundan sonra hər hansı bir faşist dövlətində hərbi məğlubiyyətdən sonra yaranan bir vəziyyət yarandı. Əsas sual budur ki, kim günahkardır? Fürer, yoxsa generallar? Təbii ki, Putin onların general olduqlarını göstərməli idi və o, ikisini - Baş Qərargah rəisi Gerasimova və müdafiə naziri Şoyquya hücum edən Kadırov və Priqojinin tutduqları vəzifədən uzaqlaşdırılmasını və ayaqyalın göndərilməsini tələb edənləri dinləməli idi. Priqojinin Gerasimova hansı epitetlərdən istifadə etdiyini xatırlayırıq. Lakin generallar Putinin sözünü bitirməsini gözləmədi, onlar mini çevriliş etdilər: Surovikini vəzifədən uzaqlaşdırmağa məcbur etdilər, Gerasimovu isə bərpa etdilər.

Priqojinin günləri sayılıdır. Yeri gəlmişkən, həmin Peskov ABŞ-ın “Vaqner” terror qrupunu cinayət təşkilatı elan etməsi qərarını da “Priqojinin məhvinə hazırlıq” adlandırıb. Beləliklə, aydındır ki, Priqojin öldürüləcək.

- Bəs Kadırov? İddialara görə, o, hələ də Dubayda istirahətdədir...

- Kadırovun məsələsi fərqlidir. Amma biz yalnız Priqojin və Kadırov haqqında danışırıq. Unuduruq ki, bu gün Rusiyada artıq 27 özəl hərbi şirkət – daha doğrusu, Kremlin dəstəklədiyi 27 terrorçu dəstə var. Onların niyə yaradıldığını düşünmüsünüzmü? Onlar Ukrayna ilə müharibə üçün deyillər. Bizim üçün əsas olan Baş Qərargah rəisi Gerasimovun rəhbərlik etdiyi vahid ordudur. Absurdluğun zirvəsi odur ki, Rusiya Federasiyasının müdafiə naziri Şoyqunun "Qalxan" adlanan öz şirkəti var. Bu adamlar Ukrayna ilə müharibə üçün deyil, Rusiyadakı daxili mübarizə üçün hərbi dəstələr yaradırlar. Ukrayna ilə müharibə onsuz da, uduzulub. Bütün ağıllı insanlar bunu başa düşür. İndi Rusiyada əmlakın yenidən bölüşdürülməsi üçün mafiya müharibəsinə hazırlaşırlar.

Rusiyanın məğlubiyyətindən sonra Putin və onun qrupu hakimiyyətdə qala bilməyəcək. Onların izah edəcək heç nələri olmayacaq, günahkar tapmayacaqlar. Rusiyada isə hakimiyyət və mülkiyyət eynidir. Bu, Ukraynanın inkişaf təcrübəsindən yaxşı məlumdur. Bütün bu postsovet respublikaları güc və pulun birləşməsindən ibarət idi. Putin qrupunun getməsi ilə trilyonlarla aktiv sərbəst buraxılır. Və bu özəl hərbi dəstələr mülkiyyətin yenidən bölüşdürülməsində mübarizə aparmaq üçün yaradılıb.

Şirkətlərin yarısı regionaldır, onları öz əyalətlərində milyarder olan qubernatorlar yaradırlar. Məqsədləri belə “priqojin”lərdən və ya hansısa başqa iddialı cinayətkarlardan əmlakı qorumaqdır.

Rus elitası artıq imperiya fantaziyaları ilə deyil, əmlakın yenidən bölüşdürülməsi üçün çox konkret gələcək mübarizəsində yaşayır. Çünki Ukrayna ərazi bütövlüyünü bərpa edəcək, rus qoşunları sərhədin o tayına çıxacaq. Rusiya Federasiyasında başa düşürlər ki, onların ərazisinə heç kim girməyəcək. Nə ukraynalılar, nə də Qərb ölkələri. Ukrayna NATO-ya qəbul olunacaq və bütün Avropa üçün təhlükəsizlik təminatları yaradılacaq. Rusiyada isə öz daxili mübarizələri ilə məşğul olacaqlar. Məsələn, Norilsk nikeli, Krasnoyarsk alüminiumu üçün mübarizə. Bu gün bütün bunlar Putinin bəzi adamlarına və ya yaxınlarına yenidən yazılır və rejim dağılanda bu nəhəng sərvətlər dadlı şikarına çevriləcək. Bu, Rusiyanın yaxın gələcəyidir və onlar artıq bunu yaşayırlar.

- Bu yaxınlarda Vladimir Zelenski müsahibəsində Putinlə heç bir danışıqlar aparmayacağını bildirmişdi. Bundan əvvəl o, bildirib ki, bəlkə də Putin artıq həyatda deyil. Bəs o zaman kimlə danışıqlar aparmaq mümkün olacaq?

- Zelenski Putinin sağ olub-olmaması ilə bağlı sözləri ilə bir növ onu “trollayır”. Ancaq mən dedim Putin artıq “yox”dur. O mənada ki, Şoyqu və Gerasimovun mini çevrilişi Putin üçün çox ciddi məğlubiyyətdir. Düşünürəm ki, Zelenski bunu nəzərdə tuturdu. Gerasimov əvvəl təhqir edildi, onun sıravi əsgər kimi cəbhəyə göndərilməsini tələb etdilər. Mahiyyətcə rəhbərlikdən uzaqlaşdırıldı və Suriyada hərbi cinayətlər törətmiş Surovikin onun yerinə təyin edildi. Və Putin indi Gerasimovu yenidən əvvəlki vəzifəsinə qaytarılmasına məcbur oldu. Düşünürəm ki, hərbçilər müharibənin son mərhələsində qərar verəcəklər. Ukrayna hərbçilərlə danışmalı olacaq.
Ardını oxu...
Rusiya və Ukraynanı bir araya gətirmək üçün səylərimiz davam edir.

APA xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın jurnalistlərə açıqlamasında bildirib.

O deyib ki, Türkiyə tərəflərin dərhal müzakirə yolu ilə məsələləri həll etməsi üçün cəhdlər edir.

İbrahim Kalının sözlərinə görə, Türkiyənin vasitəçiliyi ilə əsir və yaralıların mübadiləsi gündəmdədir.
 
Ardını oxu...
İranın Tacikistanda dron istehsalına başlaması Ermənistanı da şirnikləndirib
İran dron istehsalına on illər öncədən başlayıb. Ötən il İran Tacikistanda da dron zavodu açıb. İranın Əbabil-2 dronları xeyli müddətdir Düşənbədə istehsal olunur.
Bundan dərhal sonra Tacikistan ABŞ sanksiyalarının təsiri altına düşüb.
Maraqlıdır ki, İran Qırğızıstanın "Bayraktar" dronlarından istifadə edilməsindən dərhal sonra Düşənbədə dron zavodu açmağa qərar verib.
Düşənbədə zavodun açılışında iştirak edən İran rəsmisi bu dronların həm daxili məqsədlər və həm də "dost ölkələrə" satılmaq üçün nəzərdə tutulduğunu bildirib.
Ardını oxu...
Görünür ki, İran region ölkələrinə yalnız "islam inqilabı" ilə deyil, texnologiyaları ilə də təsir etmək istəyir.
İran eyni zamanda Venesuelada "Mühacir-6" dronlarının da istehsalına başlayıb.
Artıq heç kim üçün sirr deyil ki, İran özünün xeyli sayda Şahid və Mühacir dronlarını Rusiyaya satıb və bu dronlar Ukraynada xeyli insanların ölümünə, mülki infrastrukturun dağıdılmasına səbəb olub. Yəni, İran faktiki olaraq Ukraynanın işğalına Rusiya ilə ortaq olub.
İranın texnologiyalar və hərbi sahədə Rusiya ilə iş birliyi, Avrasiya regionunda təsirləri də son zamanlar xeyli güclənib.
Görünən odur ki, Rusiya zəifləyəndən sonra İran regionda güclənmək istəyir, region ölkələrinə təsir imkanlarını artırmaq istəyir.
Ermənistanla, Tacikistanla və Rusiya ilə texnoloji və hərbi sahədə əməkdaşlığı xeyli gücləndirib.
Maraqlıdır ki, sanksiyaların təsiri altında olan İran eyni zamanda peyk texnologiyaları sahəsində xeyli güclənə bilib.
Ötən ilin sonu İranın telekommunikasiya naziri İsa Zarepur iki peykin, Hahid-1 və Hahid-2 peyklərinin orbitə çıxarılmasına hazırlıq görüldüyünü bildirib.
ABŞ rəsmiləri bununla da İranın nüvə daşıyıcı olan ballistik raketlər sahəsində daha irəli gedə biləcəyi haqqında açıqlama verirlər.
İran ötən il kosmosa yük daşımaq üçün nəzərdə tutulan daşıyıcı raketinin orbitə qaldırması haqqında açıqlama verib.
Hansı ki bununla 80kg yükü orbitə qaldırmaq nəzərdə tutulub.
İran yuxarıda adı çəkilən Nahid peyklərini məhz bu daşıyıcı raketlə orbitə qaldırmağı nəzərdə tutub.
2020-ci ildə İran özünün Nur hərbi peykini də orbitə qaldırıb.
Ardını oxu...
Ötən il isə İran daha bir hərbi kəşfiyyat peykini, Nur-2 ni özünün daha bir daşıyıcı raketi olan Qasid peyk daşıyıcısı ilə orbitə qaldırıb.
İran ötən il Rusiyanın Soyuz raket daşıyıcısının köməyi uşilə "Xəyyam" müşahidə peykini də Baykonur-dan orbitə qaldırıb.
Çəkisi 350 kg olan bu peykin yetərincə imkanları var, ayırdetməsi 1 m-dir.
Xəyyam-ın növbəti versiyalarının hazırlanması və orbitə qaldırılması sahəsində Rusiya ilə iş birliyi qurulub.
İran bu il həmçinin orbitə qaldırmaq istədiyi lakin iki dəfə uğursuz olduğu Zəfər-2 hərbi-kəşfiyyat peykini yenidən orbitə qaldırmağı düşünür.
Yeri gəlmişkən, düşünmək olar ki, Ermənistanın son illərdə İranla əlaqələrinin güclənməsi həm də dron məsələsi və peyk texnologiyaları ilə bağlıdır.
Ardını oxu...
Müharibədən məğlub ayrılan, hərbi resursları tükənən, var qüvvəsi ilə revanş götürmək istəyən Ermənistan İranın dron zavodunun İrəvanda qurulmasında çox maraqlıdır.
Yeri gəlmişkən, Ermənistan ötən il İspaniyanın Satlantis şirkətinin köməyi ilə özünün ilk müşahidə peykini də hazırlayıb və SpaceX vasitəsilə orbitə qaldırıb.
Düşünürəm ki, İranın hərbi dronlar və peyk texnologiyaları, kəşfiyyat peykləri sahəsində güclənməsi, Ermənistanla bu sahədə əməkdaşlığın artması Azərbaycan üçün də təhdidlərin artması deməkdir.
Müşahidələr göstərir ki, Ermənistanın alimləri və mütəxəssisləri, həm də texnoloji sahədə kadr hazırlığına cavabdeh qurumlar dron istehsalı, peyk texnologiyaları və ondan hərbi məqsədlər üçün istifadə məsələlərinə son dövrlərdə çox ciddi diqqət yetirirlər.
Osman Gunduz
Teref.az
 
 
 

Dünyapress TV

Xəbər lenti