Dövlət qurumlarının gizlətdiyi maliyyə hesabatları və iki ildir "auditdə qalan" sənədlər
“Bakı Metropoliteni” QSC uzun müddətdir "iki illik hesabatımız audit yoxlamasındadır" deyir

Azərbaycanda bəzi dövlət qurumları və şirkətləri illik maliyyə hesabatlarını ardıcıl olaraq dərc etmirlər.

Qurumların və şirkətlərin rəsmi saytlarına baxdıqda məlum olur ki, “Bakı Metropoliteni” QSC və “Təmiz Şəhər” ASC 2021 və 2022-ci illər üzrə, “Aztelekom” MMC isə 2022-ci il üzrə maliyyə hesabatlarını dərc etməyiblər.

Nazirliklər, agentliklər, komitələr isə ümumiyyətlə maliyyə hesabatlarını yaymırlar. Bu isə şəffaflıqla bağlı şübhələr yaradır.

İqtisadçı Toğrul Vəliyev Abzas Media-ya deyir ki, dövlət qurumları əsasən məcburiyyət hiss edəndə hansısa məlumatları yayımlayırlar, onda da məhdud şəkildə:

“Məsələn, həmişə hesabatlarını paylaşan “Bakı Metropoliteni” QSC artıq hesabatlarını paylaşmır. Demək olar ki, dövlət qurumlarının 99 faizi paylaşmır. Əslində həm maliyyə, həm də fəaliyyət hesabatları dərc edilməlidir” – iqtisadçı əlavə edir.

İqtisadçı Fərid Mehralızadənin fikrincə isə vətəndaşlar da formalaşmasında birbaşa iştirak etdikləri maliyyə vəsaitlərinin necə istifadə edilməsində maraqlı olmalıdırlar. İqtisadçı deyir ki, dövlət qurumları şəffaf, hesabatlı olmağa borcludur:

“Hesabatların gec dərc edilməsi həm jurnalistlərə, həm də tədqiqatçılara problem yaradır. Bu qurumların fəaliyyətinin effektivliyini müəyyənləşdirməyi çətinləşdirir. Əgər bu hesabatlar zamanında açıqlansaydı, analizlər aparılardı və ictimaiyət də məlumatlı olardı ki, bu qurumların iqtisadi fəaliyyəti nə qədər uğurludur, nə qədər yox”.

Məsələ ilə bağlı Təmiz Şəhər” ASC və “Aztelekom” MMC-dən cavab almaq mümkün olmasa da, “Bakı Metropoliteni” QSC iki illik hesabatın dərc edilməməsini audit yoxlaması ilə əsaslandırır:

“Bakı Metropoliteni” QSC-nin 2021,2022-ci illərə dair maliyyə hesabatı audit yoxlamasına verilib” – deyə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirir.

Bəxtiyar Məmmədov deyir ki, auditin nə qədər çəkəcəyini audit təşkilatı özü müəyyən edir:

“Biz onlara göstəriş verə bilmirik axı sənəd nə vaxt hazır olsun. Qanunda qeyd oluna bilər ki, hər il hesabat dərc olunmalıdır, amma qanunda əsas nüanslardan biri də müstəqil audit rəyinin olmasıdır. Biz dövrü olaraq aidiyyatı qurumlara hesabat veririk. Ancaq bunun da qaydası belədir. Orada gizlin bir şey yoxdur, olanda hamı əyani şəkildə görəcək. Hər il olduğu kimi, bu dəfə də hesabat dərc olunanda ictimaiyət nümayəndələri qaranlıq qalan sualları verəcək, cavablandıracağıq” – deyə o, bildirir.

Bəxtiyar Məmmədov hesabatların auditə verilmə tarixini xatırlamadığını bildirir.

Hüquqşünas Əkrəm Həsənov isə deyir ki, audit yoxlamasının bu qədər çəkməsi ağılabatan deyil. Onun sözlərinə görə, audit şirkətləri ilə müqavilə imzalananda yoxlamanın müddətinin nə qədər çəkəcəyi də göstərilir:

“İlin birinci yarısında artıq ötən ilin maliyyə hesabatı dərc olunmalıdır. İndi “Bakı Metropoliteni” QSC nə demək istəyir? Dövlət Neft Şirkətindən də böyükdürlər ki, audit hesabatın üstündə bu qədər baş sındırır? Yox əlbəttə. Əgər bir şirkətin auditdən keçmiş hesabatı gecikirsə, demək auditr orada nələrisə göstərmək istəyir, bunlar onunla razılaşmır”.

Əkrəm Həsənov deyir ki, hüquqi baxımdan nazirliklərin, publik hüquqi şəxslərin hesabat dərc etmək vəzifəsi yoxdur:

“Ancaq bunlar da dövlət satınalmaları ilə bağlı məlumatları dərc etməlidirlər, əsasən etmirlər. Dövlət şirkətləri isə illik auditdən keçmiş hesabatlarını dərc etməlidirlər” – deyə o, bildirir.

Azərbaycan Respublikası “Dövlət Qurumlarında İnformasiya Şəffaflığının Ölçülməsi” Təşəbbüsü 1 yanvar 2023-cü ildən 31 mart 2023-cü ilə qədər apardığı 3 aylıq monitorinqin nəticələrində göstərib ki, dövlət orqanları məlumatların açıq olmasında maraqlı deyillər:

“Büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiyalar, tenderlər, müsabiqələr, dövlət proqramları, illik hesabatlar, dövlət satınalmaları haqqında məlumatlar, habelə, tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları, o cümlədən bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, işə qəbulla bağlı komissiyalar haqqında bilgilər əsasən defsit məlumatlar kateqoriyasına aiddir və cüzi formada açıqlanır” – deyə monitorinqdə qeyd olunub.

Hesabatın müəllifləri hüquqşünas Ələsgər Məmmədli və politoloq Nəsimi Məmmədlidir.

Transparency International – Beynəlxalq Şəffaflıq təşkilatı yanvarın 31-də Korrupsiyanı Qavrama İndeksini (Corruption Perception Index-CPI) açıqlayıb. Azərbaycan 23 balla indeksdə Tacikistanla, Türkmənistanla bir sırada yer alıb.

Azərbaycanda dövlət qurumlarının illik maliyyə hesabatlarının dərc edilməsilə bağlı hüquqi məcburiyyət yoxdur. “Publik hüquqi şəxslər haqqında” Qanun 8-ci maddəsində Publik Hüquqi Şəxslərə hesabatların hazırlanması ilə bağlı səlahiyyət versə də, məcburiyyət nəzərdə tutulmur.

Mülki Məcəllənin 99 və 100-cü maddələrinin tələbləri isə dövlət şirkətləri üzərində illik maliyyə hesabatlarını hamının tanış olması üçün dərc etməyi vəzifə olaraq qoyur.
 

Bölmənin digər xəbərləri

03 May 2025 Dünyada ərzaq bahalaşır
03 May 2025 Qəbirstanlıq biznesi-Azərbaycanda ölmək də bahalaşır
02 May 2025 Əsas neft yatağında quyular artır, hasilat azalır - Son 14 ilin rəqəmləri
02 May 2025 Bakıda küçəbəküçə mənzil qiymətləri - Tam siyahı
02 May 2025 Ətin qiyməti ucuzlaşacaq? - AKTUAL
01 May 2025 Samsung dünyada satılan smartfonların sayına görə “Apple”ı geridə qoyub
01 May 2025 Azərbaycanda kommunal xidmətlərə ən çox hansı rayonlar pul xərcləyir? - Tam siyahı
01 May 2025 ADMEDİA-nın qəribə tenderləri - TƏFƏRRÜAT
01 May 2025 Qalmqallı şirkət indi də ölkədən pul çıxarmaqda günahlandırılır - DETALLAR
30 Aprel 2025 Ərdoğan: İtaliya ilə ticarət hədəfimiz 40 milyard dollardır
30 Aprel 2025 Ölkədə kərə yağı sürətlə bahalaşır – Hindistandan nisbətən ucuzu gətirilib
29 Aprel 2025 Soyuq hava: Bu ili kənd təsərrüfatı ciddi ZİYANLA ÇIXACAQ - NƏ ETMƏLİ?
29 Aprel 2025 İnnovasiya və Təchizat Mərkəzi ilə “AZFAR MED” arasında daha bir sövdələşmə - 28 milyon 508 min manatlıq...
29 Aprel 2025 2 manatlıq şirkətə 264 minlik layihə verildi
28 Aprel 2025 Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin tender oyunu
28 Aprel 2025 Çin Azərbaycanın 5 ən böyük ticarət tərəfdaşından biridir
27 Aprel 2025 Qızıl mağazalarında alıcıya niyə qəbz verilmir? - Külli miqdarda CƏRİMƏ XƏBƏRDARLIĞI
26 Aprel 2025 Mövsümi meyvələrin fantastik qiymətləri - SİYAHI
26 Aprel 2025 Avtomobil tenderinə maraq göstərən olmadı - TENDER LƏĞV EDİLDİ
25 Aprel 2025 Azərbaycan və Britaniya arasında 3,8 milyardlıq ticarət müəmması - NƏ BAŞ VERİR?

Dünyapress TV

Xəbər lenti