![]() |
![]() ![]() ![]() |
|
İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana gözlənilən rəsmi səfəri son anda ləğv olunub. Bu, həm regional, həm də beynəlxalq media orqanlarında geniş müzakirələrə səbəb olub.
Musavat.com xəbər verir ki, İsrailin nüfuzlu “Walla” xəbər portalı bu səfərin təxirə salınmasının mümkün səbəbini açıqlayıb. Məlumatda bildirilir ki, Netanyahunun Azərbaycana səfəri zamanı istifadə etməli olduğu hava marşrutu Türkiyə hava məkanından keçməli idi. Lakin Ankara buna icazə verməyib. Nəticədə, səfərin logistik baxımdan çətinləşdiyi və alternativ marşrutların ya çox uzun, ya da qeyri-mümkün olduğu bildirilir.
Qeyd edilir ki, Baş nazirin ofisi mümkün alternativ marşrutları nəzərdən keçirsə də, Türkiyənin hava məkanından yan keçən yeganə uçuş xətti səyahətin müddətini demək olar ki, iki dəfə artırırdı. Bu isə təhlükəsizlik, texniki və diplomatik baxımdan ciddi narahatlıq yaradıb. Nəticədə Netanyahunun səfəri tamamilə təxirə salınıb.
Maraqlıdır ki, İsrail Baş Nazirliyinin mətbuat xidməti bu məlumatları təkzib edib. Rəsmi açıqlamada deyilib ki, yayılan xəbərlər reallığı əks etdirmir və səfərin məhz bu səbəbdən baş tutmadığını iddia etmək doğru deyil.
Siyasi analitiklər bu hadisəni İsrail-Türkiyə münasibətləri fonunda qiymətləndirirlər. Son aylarda İsraillə Türkiyə arasında Qəzza müharibəsi ilə bağlı gərginliklər yaşanır. Türkiyə İsrailin HƏMAS-a qarşı hərbi əməliyyatlarını qınayır və Ankaranın bu məsələdə sərt mövqe tutması ikitərəfli münasibətlərin soyumasına səbəb olub.
Bununla yanaşı, Azərbaycanla İsrail arasında yüksək səviyyəli münasibətlər davam edir. Tel-Əviv və Bakı arasında müdafiə, enerji, kənd təsərrüfatı və təhlükəsizlik sahələrində əməkdaşlıq intensiv şəkildə aparılır. Bu baxımdan, Netanyahunun səfəri xüsusi əhəmiyyət daşıyırdı.
Hazırda səfərin nə vaxt bərpa olunacağı məlum deyil.
Toğrul İSMAYIL,
Musavat.com