Müsəlmanın zənni: Muhəmməd peyğəmbər Məkkə müşriklərinin möcüzə göstərmək barədə tələbindən sonra şəhadət barmağını Aya tuşlamış, Ay ikiyə bölünmüşdür. Bu möcüzə də Qurani-Kərimdə qeyd olunub. Hətta Ayın müşahidələri onun ortasında böyük bir çat olduğunu söyləməyə əsas verir ki, bu da həmin möcüzəvi olayla əlaqədardır. İslam hədis və təfsir ədəbiyyatında "Ayın ikiyə bölünməsi" (inşikāq al-qamar və ya inşəqqa əl-qəmər) möcüzəsi geniş şəkildə qeyd olunur. Lakin bu hadisənin tarixi və fiziki reallığı barədə İslam alimləri arasında fərqli fikirlər mövcuddur. Bu hadisəyə Qurani-Kərimin 54-cü surəsi olan “Qəmər” surəsinin ilk ayəsində istinad edilir: “Qiyamət yaxınlaşdı və Ay ikiyə bölündü” (Qəmər, 54:1). Məsələni araşdırarkən bir qədər uzunçuluq olsa da, obyektivlik naminə həm məzhəblərin baxış bucağını, həm hədis külliyyatlarını, həm tarixi və astronomik məlumatları, həm müasir dövr tədqiqatçıların mövqeyini, həm də Qurani-Kərimin məsələyə işıq sala biləcək digər ayələrini incələməli və saf-çürük etməli oluruq. Qeyd etdiklərimizin ilk dördündə fərqli mövqelər vardır ki, bu da məntiqi nəticə hasil etməyi bir qədər mürəkkəbləşdirir. MƏZHƏBLƏRİN BAXIŞ BUCAĞI BARƏDƏ Məzhəblərin bu mövzuya mövqeyi həmin hadisəni real həyatda və ya həm gerçək, həm də metaforik şəkildə təqdim etməklə bağlıdır. Ən məşhur sünni hədis qaynaqları olan Səhih əl-Buxari (Kitab əş-şəhadət, 4864), Səhih Müslim (Kitab sıfat əl-munafiqin, 2802), Tirmizi, Nəsai, Əbu Davud və s. kimi kitablar bu hadisənin baş verdiyini təsdiqləyən hədisləri qeyd edir. Bu hədislərdə Məhəmməd peyğəmbərin barmağı ilə işarə etdikdən sonra Ayın ikiyə bölündüyü, bir hissəsinin bir dağın, digər hissəsinin isə o biri dağın üzərində göründüyü qeyd edilir. İbn Məsuddan rəvayət olunur: “Ay iki hissəyə bölündü. Biz bir hissəsini dağın bir tərəfində, o birisini isə digər tərəfində gördük.” Şiə mənbələrində bu hadisə nə qədər təfərrüatlı qeyd olunmasa da, əksər alimlər bunu qəbul edir, bəziləri isə təvil (yəni simvolik məna) kimi izah edirlər. Şeyx Tusi “Əl-Amali” əsərində, Şeyx Səduq “Ət-Təvhid” və “İləluş Şəraiy” adlı əsərlərində, Əllamə Məclisi “Biharul Ənvar”da, həmçinin, “Təfsir əl-Qummi”də və “Təfsir əl-Mizan”da sözügedən ayə izah olunarkən bu hadisəyə istinad olunur. Qısacası, məzhəbi nöqteyi-nəzərdən yanaşılsa, sünni məzhəbində bu hadisə real möcüzə olaraq qəbul edilir və sünni hədis qaynaqlarına istinad edilir. Şiə alimlərininsə böyük qismi bu hadisəni rəvayət səviyyəsində qəbul edir, lakin mötəbər hədislər və Quranla sübutlanmadığı üçün onu mütləq gerçək hadisə saymayanlar da var. ƏNƏNƏVİ QURAN TƏFSİRLƏRİ MÖVZU BARƏDƏ İbn Cərir ət-Təbəri "Qəmər" surəsinin təfsirində bu ayənin həqiqi mənada baş vermiş bir möcüzə olduğunu qeyd edir: “Rəvayət edilir ki, Peyğəmbər (s) bir gecə Məkkədə ikən müşriklərdən bəzisi möcüzə istədilər. O da Ayı ikiyə böldü və bu zaman Ayın bir yarısı Əbu Qubeys dağı üzərində, digər yarısı isə qarşı tərəfdə göründü.” (Təfsir əl-Təbəri, c. 27, s. 62–68. Mu’assasat ər-Risala nəşri). Təbəri bu hadisəni Məkkə müşriklərinin tələb etdiyi möcüzə kimi təqdim edir və müşriklərin inkarçı davranışlarını və bunu “göz ilğımı” adlandırdığı yazır. Əl-Ənsari Əl-Kurtubi “Təfsir əl-Kurtubi”də hadisəni sözün əsl mənasında baş vermiş möcüzə kimi qəbul edir və müşriklərin onu “sehr” adlandırdığını yazır, o, “inşikaaq” (bölünmək) feilinin keçmiş zamanda işlənməsini bu hadisənin artıq baş vermiş olduğunun göstəricisi kimi şərh edir (Əl-Cami li-Əhkam əl-Quran, c. 17, s. 129–135. Dar al-Kutub al-Ilmiyyah nəşri, Beyrut). Nəsirəddin əl-Bəydavi “Ənvar əl-Tənzil və Əsrar əl-Təvil” əsərində qeyd edir ki, bu möcüzə müşriklərin istəyi ilə göstərildi. O, bu hadisənin Qiyamətə bir işarə ola biləcəyini də əlavə edir. Nəsəfi də öz əsərində hadisəni qəbul edir və möcüzənin peyğəmbərliyin sübutu olduğunu vurğulayır, müşriklərin inkarını psixoloji və mənəvi inadkarlıq kimi izah edir. Cəlaləddin əs-Süyuti “Əl-Cəlaleyn Təfsiri”ndə, İbn Kəsir “Təfsir əl-Quran əl-Əzim”də, Əl-Maturidi də “Təvilat Əhl əs-Sünnə” əsərində hadisəni peyğəmbər möcüzəsi kimi qeyd edir, hadisənin səhih hədislərə əsasən baş verdiyini yazırlar. Fəxruddin Razi “Məfatih əl-Ğəyb” (Təfsir əl-Kəbir) əsərində yazır: “Bu hadisə ya Allahın qüdrəti ilə gerçəkdən baş verdi, ya da bu ifadə qiyamətin əlaməti olaraq metaforik mənada işlədilmiş ola bilər” (Məfatih əl-Ğəyb, c 30, s. 56–59). O, məsələyə şübhə ilə yanaşmasa da, fərqli təfsir ehtimallarına qapını açıq qoyur. TARİXİ VƏ ASTRONOMİK MƏLUMATLAR NƏ DEYİR? Hadisənin baş verdiyi məkan və tarixlə bağlı məlumatlara gəlincə, hədislərdə olayın Məkkə şəhərində Əbu Qubeys dağı ətrafında baş verdiyi qeyd olunur, müşriklər Hz.Muhəmməddən möcüzə istədikdə şəhadət barmağını Aya tuşladığı və Ayın iki yerə bölündüyünün görüldüyü bildirilir. Lakin hadisənin konkret hansı tarixdə baş verdiyi barədə mənbələr də, hədis külliyyatları da israrla susur, din xadimləri bir qayda olaraq hadisənin hicrətdən öncə, 610-620-ci illər arası, İslamın ilkin təbliğat dövründə baş verdiyini ehtimal edirlər. Yəni bəşəriyyətə göndərilən son peyğəmbərə bir möcüzə istinad edilir, lakin bu möcüzənin dəqiq harada və hansı tarixdə baş verdiyi məlum deyil. Tarixi qaynaqlar kimi ümumən qəbul edilən mənbələr hakim sülalələrin diktəsi ilə yazıldığı üçün onların qeyri-ənənəvi dini-məzhəbi baxış bucağını əks etdirdiyindən onlara bu hadisənin təhlili kontekstində etibar etmək birtərəfli və doğru olmayan nəticəyə gətirib çıxarır. Tarixi mənbə dediklərimizə istinad etsək, aşağı-yuxarı bütün mənbələrin biri digərinə istinad etməklə bu hadisənin olduğunu təsdiqləməsini tələsik formada nəticə kimi qəbul etməliyik, bu isə obyektivlikdən uzaq olmaqla yanaşı, həm də çoxlu sayda cavabsız suallar yaradır və problemin həll olunmadığını göz önünə sərir. Məsələnin akademik səviyyədə tədqiqi zamanı əsas şübhə nöqtələri hadisənin baş verdiyi dəqiq tarixin bilinməməsi və olayın astronomik cəhətdən nəinki Məkkə coğrafiyasına yaxın digər bölgələrdə, hətta dünyanın heç bir yerində görülməməsi və heç bir xalqın tarixi qaynaqlarında bu hadisənin qeyd olunmamasıdır. Həmin dövrə aid tarix elminə əsasən qədim Çin, Hind və Avropa (yunan, bizans və s.) mənbələrinin məlum olduğunu nəzərə alsaq, bu qaynaqların heç birində sözügedən olaya bənzər bir astronomik hadisə qeydə alınmayıb. Bəzi din xadimləri bu hadisənin Hz.Muhəmmədin möcüzəsi olduğunu xatırladaraq iddia edirlər ki, xristian və digər qeyri-müsəlman qaynaqları bilərəkdən bu mövzu barədə susmağa üstünlük vermişlər. Lakin bu iddia məntiqli görünmür, çünki belə bir hadisə gerçəkdən olmuş olsaydı, həmin dövrdə peyğəmbərin yaşadığı yerdən minlərlə kilometr uzaqda ərsəyə gətirilmiş mənbələrin müəllifləri bu hadisənin məhz Ərəbistanda yeni zühur etmiş peyğəmbər tərəfindən gerçəkləşdiyini bilə bilməzdilər və hadisənin qeyri-adiliyi səbəbindən onu mütləq surətdə öz əsərlərində qeyd edərdilər. Xatırladaq ki, az qala bütün qədim dövr mənbələrində tarixə məlum olan və Günəş və Ayla bağlı qeyri-adi görünə biləcək beynəlxalq miqyaslı astronomik hadisələr (gün və ay tutulmaları, nəhəng meteorit axınları və s.) qeydə alınmışdır. Bu səbəbdən mümkün deyil ki, Ay yalnız Məkkə şəhərindəki bir neçə müşrikin gözü önündə ikiyə bölünsün, lakin bunu başqa heç bir yerdə görməsinlər və qeyd etməsinlər. Müasir dövr bir sıra din tarixçilərinin və ilahiyyatçıların bu hadisəyə baxış bucağı daha rasional və elmi əsaslara malikdir. M.Abduh, R.Rıza, Fazlur Rahman və digərləri Ayın bölünməsi məsələsini real yox, metaforik hesab edirlər. Malayziyalı astronom Mohammad İlyas bu hadisənin astronomik anlamda bir ay tutulması və ya optik illüziya ola biləcəyini iddia edir. O, Ayın orbitindəki mövqelər, görünüş dəyişiklikləri və həmin dövrdə müşahidə edilə biləcək təbii fenomenləri təhlil edərək yazır ki, “Belə bir ayırma hadisəsinin Ayın real fiziki parçalanması olması mümkün deyil, çünki bu, göy cismi üçün qlobal fəlakət demək olardı” (“Astronomical Perspectives on the Splitting of the Moon”, Islamic Studies Journal, Vol. 35, No. 2 (1996), Islamabad). Ehsan Masud isə Avropa və Çin xronikalarında bu hadisəyə dair heç bir qeyd olmadığını vurğulayır (Science & Islam: A History (2009) İcon Books). Tanınmış müsəlman astrofizik Nidhal Guessoum bu hadisəni bir metafor və səmavi xəbərdarlıq simvolu kimi izah edir. “Ayın iki yerə bölünməsi hadisəsi Quranda keçmiş zamanla ifadə olunur. Lakin Ayın fiziki olaraq bölünməsi mümkün olsaydı, bunun astronomik qeydləri və geoloji təsirləri olmalı idi - belə izlərsə yoxdur” (Islam’s Quantum Question: Reconciling Muslim Tradition and Modern Science. Oxford: I.B. Tauris, 2011). MƏSƏLƏ İLƏ BAĞLI QURANİ DÜŞÜNCƏ Bu sırada ilk öncə onu qeyd edək ki, İslamın təməl kitabı və anayasası Qurani-Kərimin ilahi kitab olaraq qəbul edilməsi həm də bu kitabdakı zaman anlayışının normal fiziki qanunauyğunluqdan fərqli xüsusiyyətlərdə olması ilə izah olunur. Qurani-Kərimdə ayələrdəki feillərin zaman forması və şəkli də mütləq surətdə mövcud qrammatik kateqoriya olaraq bildiyimiz zaman formaları ilə eyni deyil, yəni bir ayə daxilində feil keçmiş zaman formasında qeyd olunubsa, bu, o demək deyil ki, həmin hadisə keçmiş zamanda artıq baş verib. Qiyamətdə olacaqları təsvir edən ayələrdə bəzi yerlərdə Muhəmməd peyğəmbərə müraciətlə keçmiş zamanda feil işlədilməsi kimi çoxsaylı örnəklər (“təkzib edənlərin aqibətini gördünmü”, “kafirləri hüzurumuzda yalvardığı halda görəydin” və s.) bunu sübut edir. Bu mənada Qəmər surəsi, 1-ci ayədə qeyd olunan “Ay bölündü” ifadəsinin mənası heç də mütləq şəkildə Ayın bölünməsinin artıq baş verdiyi anlamında izah oluna bilməz. Daha sonra, ənənəvi İslam təfsirçilərinin və mühəddislərin bu hadisənin səbəbi olaraq peyğəmbərin möcüzə göstərməsini qeyd etməsi Qurani-Kərimdə bir sıra ayələrlə təkzib olunur. Belə ki, Qurani-Kərim əvvəlki qövmlərə göndərilən peyğəmbərlərin müxtəlif cür möcüzələr göstərdiklərini, lakin həmin toplumların bir çox hallarda haqq sözü və ilahi yasaları inkar və təkzib etdiklərini, peyğəmbərləri yalançı saydıqlarını, hətta onlardan bəzilərini öldürdüklərini vurğulayır (Ali-İmran surəsi, 183-184-cü ayələr). Bu səbəbdən Qurani-Kərimdə bəşəriyyəti hidayət etmək üçün göndərilən son peyğəmbərə möcüzə verilmədiyi, onun yalnız xəbərdarlıq edən olduğu bildirilir. Bunu təsdiq edən ayələri bu yerdə təqdim edirik: Əl-Ənam, 35: “Onların üz döndərməsi sənə ağır gəlirsə, yerdə bir lağım və ya göyə çıxacaq bir nərdivan tapıb onlara bir möcüzə gətirə bilərsənsə, durma gətir!” Əl-Ənam, 37: “dedilər: “Məgər ona Rəbbindən bir möcüzə endirilməli deyildimi?” De: “Allah möcüzə endirməyə qadirdir. Lakin onların çoxu bilməz!” Yunus, 20: Müşriklər: “Barı Peyğəmbərə Rəbbi tərəfindən bir möcüzə nazil ediləydi!” - deyirlər. Onlara belə cavab ver: “Qeyb ancaq Allaha məxsusdur. Elə isə gözləyin. Doğrusu, mən də sizinlə birlikdə gözləyənlərdənəm!” Rəd, 7, 27: “Kafir olanlar: “Məgər ona Rəbbindən bir möcüzə endirilməli deyildimi?” -deyirlər. Sən ancaq qorxudansan. Hər tayfanın bir rəhbəri vardır!” Rəd, 38: “Allahın izni olmadıqca heç bir peyğəmbər heç bir möcüzə gətirə bilməz. Hər dövrün bir kitabı var.” Ən-Nəhl, 44: “Biz onları açıq-aşkar möcüzələr və kitablarla göndərdik. Sənə də Quranı nazil etdik ki, insanlara onlara göndəriləni izah edəsən və onlar da düşünüb dərk edələr!” Əl-İsra, 59: “Bizə möcüzələr göndərməyə mane olan şey ancaq əvvəlkilərin onları yalan hesab etmələridir.” Taha, 133: “dedilər: “Nə üçün o Rəbbindən bizə bir möcüzə gətirmir?” Məgər onlara əvvəlki kitablarda olanların bəyanı gəlmədimi?!” Ənbiya, 5: “Onlar belə dedilər: “Xeyr, qarmaqarışıq yuxulardır; xeyr, onu özü uydurmuşdur; xeyr, o, bir şairdir. Qoy əvvəlki peyğəmbərlərə göndərilən möcüzələr kimi bizə bir möcüzə gətirsin!”” Ənkəbut, 50: “Bəs nə üçün Rəbbindən ona möcüzə nazil olmadı?” -dedilər. De: “Möcüzələr ancaq Allahın əlindədir. Mən isə sadəcə olaraq açıq-aşkar qorxudan bir peyğəmbərəm!” Rum, 58: “Biz bu Quranda insanlar üçün hər cür misal çəkdik. (Ya Rəsulum!) Həqiqətən, sən onlara hər hansı bir möcüzə gətirsən belə, onlar mütləq: “Siz yalançısınız!” -deyəcəklər.” Mumin, 78: “Heç bir peyğəmbər Allahın izni olmadan bir möcüzə gətirə bilməz.” Qəmər, 2: “Əgər müşriklər bir möcüzə görsələr, üz döndərib: “bu davam edən bir sehrdir!” -deyərlər.” Beləliklə, Qurani-Kərim özü Muhəmməd peyğəmbərin heç bir möcüzə göstərmədiyini 14 ayədə dəqiqliklə göstərir və bildirir. Hədis külliyyatlarının Hz.Muhəmmədə Ayı şəhadət barmağı ilə bölmək kimi bir möcüzə istinad etmələri Qurani-Kərimlə qəti şəkildə təkzib olunur. DƏMİR MƏNTİQ VƏ ƏQLİ DƏLİLLƏR Əvvəla, Ayla bağlı astronomik hadisələrin birbaşa Yer kürəsinə təsiri ilə bağlı astronomların və astrofiziklərin yekdil mövqeyi vardır. Hətta Ayın səthində baş verən proseslərin və ya Ayın səhfələrinin (görüntü bucağının) dəyişməsinin belə Yer kürəsindəki okean və dənizlərin qabarma və çəkilmələrə məruz qalmasına səbəb olduğu məlumdur. Məntiq deyir ki, bu baxımdan üç-dörd Allahı tanımaz eqoist müşrikə görə Allah kainatda və Günəş sistemində yaratdığı harmoniyanı, qanunauyğunluqları pozacaq bir qeyri-adilik nümayiş etdirməz, peyğəmbər də onların tələbi və istəyi ilə möcüzə göstərməz. Möcüzə dediyimiz nəsnə dövrün mövcud elmi qanunauyğunluqları ilə izah oluna bilməyən qeyri-adi bir elmi yenilikdir. Məsələn, XX əsrin əvvəlində dünyanın hər bir yerində insanlar Yerin orbitindən kənara çıxmaq imkanını təsəvvürə belə gətirə bilmirdilər, hətta təyyarə ilə uçmağı belə xəyal etmirdilər, çünki həmin dövrün elmi nailiyyətləri bunu gerçək miqyasda təsdiqləmirdi. Ayın bölünməsi düşüncəsinin isə heç bir elmi yeniliyi, izahı yoxdur və peyğəmbərin bu cür bir möcüzə göstərməsinin də nə dünya elminə, nə insanlığa bir praktik əhəmiyyəti yoxdur. Son peyğəmbər kimi gələcəyə dair öncəgörmələr vermiş Hz.Muhəmmədin bu səbəbdən bu cür bir iş görməsi məntiqdən uzaqdır. Bir halda ki, bu hadisənin olduğunu iddia edən hədislərin özündə belə nəticə etibarilə müşriklərdən heç kimin Hz.Muhəmmədə iman gətirmədiyi qeyd olunub. Xatırladaq ki, Hz.İsa ölünü dirildərkən insanlar kütləvi şəkildə ona iman gətirmiş, Hz.Musa möcüzə göstərdikdən sonra fironun rahibləri Hz.Musanın Tanrısına iman gətirdik demişdi. Bir sıra internet saytlarında NASA-nın və Hindistanın “Chandrayaan-1” Ay missiyasının Ayın səthində uzun çat formasında quruluş tapdığı iddia edilir. Və bir sıra müsəlman dindarlar bu tapıntını Hz.Muhəmmədin Ayın bölünməsi möcüzəsi ilə əlaqələndirməyə çalışırlar. Lakin NASA rəsmi olaraq bu iddiaları elmi əsasdan məhrum sayır, Ayın səthini bütövlükdə əhatə edən heç bir nəhəng çatın olmadığını bildirir. NASA-nın mövqeyinə görə, Ayın səthində olduqca kiçik ölçülü çatlar vardır, bu cür çatlar “rille” adlanır və Ayın vulkanik/geoloji keçmişi ilə əlaqədardır. Beləliklə, rasional yanaşma və məlumatları tutuşdurma yolu ilə aparılan araşdırma sayəsində Hz.Muhəmmədin guya şəhadət barmağı ilə Ayı ikiyə böldüyü barədə hədis külliyyatlarında yer almış və əsrlər boyu müsəlmanlara təbliğ edilmiş hadisənin heç bir elmi-tarixi, astronomik və məntiqi əsasının olmadığı fikrinə gəlirik. Və Qurani-Kərimin Qəmər surəsi, 1-ci ayəsində qeyd olunan olay, yuxarıda qeyd etdiyimiz bir sıra İslam alimlərinin rəyinin təsdiqi olaraq, böyük bir ehtimalla gələcəyə (qiyamət günü öncəsinə) dair söylənmiş ifadədir. Ceyhun Bayramli TEREF