Ardını oxu...
Güzəştli ipoteka krediti və sosial mənzil almaq hüququ verilən şəxslərin siyahısına səhiyyə işçilərinin də əlavə edilməsi təklif edilir. Bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2023-2025-ci illər üçün Baş Kollektiv Sazişdə əksini tapıb.

Qeyd edək ki, güzəştli ipoteka krediti ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxslərə, ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilərə, ən azı 15 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxslərə, azı 5 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxslərə, eləcə də, gənc ailənin üzvü olmayan ən azı 15 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxslərə şamil edilir.

Səhiyyə işçilərinin də bu siyahıya əlavə edilməsi əmlak bazarına təsir edəcəkmi?

TEREF.AZ-ın yazdığına görə, “Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, dövlət güzəştli ipoteka kreditinə məbləğ limiti qoymaqla əslində prosesləri tənzimləyir:

“Limit hər ilin sonunda dövlət büdcəsinin müzakirəsi aparılan zaman müəyyənləşdirilir. İstisna hal kimi bəzən limitin il ərzində çox cüzi şəkildə artırılması, yaxud azaldılmasına rast gəlinir. Tənzimlənmənin məqsədi bazara kəskin pul axınının qarşısını almaq, eyni zamanda alternativ bazarlar üzrə rəqabəti müəyyən mənada qoruyub saxlamaqdır. Çünki Mənzil İnkişafı Dövlət Agentliyinin xətti ilə də güzəştli mənzillər verilir”.

R.Osmanlı qeyd edib ki, bu qərar güzəştli ipoteka kreditinə əlçatanlığın, eyni zamanda bu prosesdən yararlanan təbəqənin artırılması məqsədi daşıyır:

“Səhiyyə işçilərinin bu prosesə qoşulması güzəştli ipoteka kreditinə tələbi qismən artıracaq. Amma bu hal zamanla tənzimlənəcək. Əgər limit artırılmayacaqsa, mənzil qıtlığı və qiymət artımı kimi amillər olmayacaq”.

Əmlakçı Mülkədar Rüstəmovun sözlərinə görə, İpoteka Fondu mənzil qiymətlərinin artımını nəzərə almır:

“Son 3-4 ildir ki, ipoteka kreditləri ilə bağlı limit dəyişməyib. Mənzil qiymətlərində artım var, amma fond limiti artırmır. 1978-ci ildən sonra tikilən binalarda 3 otaqlıların limiti 90-100 min manat, yeni binalarda isə 140-150 min civarında təyin edilib. Amma son 1-2 ildir köhnə mənzil bazarında 20 faizə qədər qiymət artımı var. Məsələn 120-125 min manata satılan 3 otaqlılar artıq 150-155 min civarındadır. Amma ipoteka 100 min manat ayırır. Vətəndaş köhnə binaya görə 33 faiz ilkin ödəniş verməlidir. Yenitikililərdə isə 2013-cü ildən sonrakı binalara 20 faiz ilkin ödəniş tələb olunur. Əvvəl evlər 120-125 min olanda müştəri ilkin ödənişin 30 faizini verə bilirdi və asanlıqla ipoteka ilə mənzili əldə edirdi. Amma indi qiymətlər qalxıb”.

M.Rüstəmov qeyd etdi ki, limitin artırılması gözlənilir:

“İpoteka Fondu limiti 120 min manata qədər artırsa, mənzil bazarında böyük canlanma yarana, nəticədə daha çox mənzil satıla bilər. Kifayət qədər müştəri var ki, ipotekaya müraciət edib, lakin cavabsız qalıb. Limit aprel-may aylarında artırılacaq”.

Əmlak məsələləri eksperti Elnur Fərzəliyev dedi ki, bu mənzillər 25 illik verilir deyə, vətəndaş ev ala bilmir:

“İpoteka kreditləri yenitikili, 9 mərtəbəli və 5 mərtəbəli binalardan yaşı daha yeni olanlara verilir. Bakıda mərkəz və ona yaxın ərazilərdə 1 otaqlı yenitikili binadakı təmirli mənzilin satış qiyməti 100 min manatdan bahadır. Köhnə 9 mərtəbəli binalarda isə 2 otaqlı mənzillərin satış qiyməti 100-140 min manat arası dəyişir. Qiymətlər də artan xətt üzrə gedir. Əmlak bazarında elə qiymət artımları baş verib ki, ipoteka krediti ilə mənzil almaq istəyən şəxslərin sayı artsa da, bir hissəsi axtardıqları mənzili bazarda tapa bilmir. 25 illik kreditə girib mənzil almaq istəyən şəxslər 1 otaq yox, maksimum 2 və ya 3 otaqlı ev almaq istəyirlər ki, sonra problem yaşanmasın”.

E.Fərzəliyevin fikrincə, güzəşt yaradılsa da, bəzi işçilər bundan istifadə edə bilməyəcək:

“Səhiyyə işçilərindən dövlət xəstəxanasında işləyənlərin əməkhaqqı elə də yüksək deyil. Lakin özəl klinikalarda işləyən həkimlər daha çox əməkhaqqı alır. Tibb bacılarının əməkhaqqı isə 400 manat civarındadır. Onların da iş saatı həkimlərlə eynidir, amma əməkhaqqıları aşağı olduğuna görə onlara bu kreditlər verilmir, güzəştli ipotekadan yararlana bilmirlər. Əməkhaqqı yüksək olan həkimlərin isə onsuz da bu kateqoriyaya aidiyyəti yoxdur. Çünki onlar istənilən banka müraciət edib ipoteka krediti ala bilir”.

Əmlak eksperti bildirdi ki, vətəndaşların ipotekalardan yararlana bilməsi üçün münbit şərait yaratmaq lazımdır:

“Mütləq şəkildə dövlət dəstəyi olmalı, sosial layihələrin sayı artırılmalıdır. Maya dəyəri aşağı olan sosial evlər tikilməlidir ki, vətəndaşlar həmin mənzillərdən ala bilsinlər. Mənzil tikinti sahələrinin sayı artsa, ev almaq daha əlçatan olar. Çünki dövlət xətti ilə tikilən binalarda torpaq sahəsini dövlət ayırır və bir çox vergilərdən azad olduqlarına görə orada qiymətlər adi mənzillərdən 2 dəfəyə qədər daha ucuz təklif olunur. Amma sosial layihələrin sayı məhdud saydadır. Hər satış zamanı minlərlə müraciət olur, bir neçə yüz nəfər mənzil sahibi ola bilir”.
 
Ardını oxu...
Hindistan vergidən yayınma iddiası ilə BBC-yə qarşı istintaq başladıb.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı Hindistanın maliyyə cinayətləri ilə məşğul olan İcra Müdirliyi (ED) məlumat yayıb.

Bildirilib ki, Britaniyanın BBC telekanalının Hindistan ofisi əldə etdiyi gəlir və mənfəətləri şəffaf şəkildə bildirməməklə vergidən yayınıb.

İstintaq prosesi vergi müfəttişlərinin fevralın 14-də BBC-nin ofisində yoxlama apardıqdan sonra başlayıb.
Ardını oxu...
Azərbaycanda pambıqçılıqda subsidiya mexanizminin effekt vermədiyi bildirilir.

Hesablama Palatasının məlumatına görə, pambıqçılıq üzrə ödənilmiş ümumi subsidiya 2019-cu ilə nisbətən 2020-ci ildə 59.7 faiz artaraq 47.1 milyon manata, 2021-ci ildə isə 82 faiz çoxalaraq 53.7 milyon manata yüksəlib. Amma məhsuldarlıq 2021-ci ildə 28.5 sentner/hektar olmaqla əvvəlki iki ilin müvafiq göstəriciləri ilə müqayisədə, müvafiq olaraq, 3.4 və 14.9 faiz azalıb.

Hesabata görə, istehsalda da azalma var. Ölkə üzrə istehsal həcmi 2021-ci ildə 287 min ton olub. Əvvəlki iki ilin göstəricilərinə nisbətən, müvafiq olaraq, 2.8 və 14.8 faiz azalıb: "Bu da bu sahəyə yönələn resurslarla nəticəliliyin qeyri-adekvat inkişaf etdiyini göstərib”.

Aqrar Subsidiya Şurasının qərarına görə, 2022-ci ilin məhsulu üçün tədarük məntəqələrinə təhvil verilən pambığa görə yalnız məhsul subsidiyası verilir (Əvvəl əraziyə görə verilib). Məhsul subsidiyasının məbləği hər tona görə 170 manatdır.

Kənd Təsərrüfatı Nazirliyindən isə "Turan”a bildirilib ki, 2022-ci ildə pambıqçılıq mövsümündə sahələrdən 322 min 300 ton məhsul yığılaraq tədarük məntəqələrinə təhvil verilib:
"Orta məhsuldarlıq 30.92 sent/hektar təşkil edib. Başa çatmış mövsümdə ölkədə 100 min hektardan artıq sahədə pambıq əkilib. 2021-ci il mövsümü ilə müqayisədə əkin sahələrinin həcmi dəyişməsə də, tarlalardan 35 min 259 ton daha çox məhsul yığılıb. Ümumi məhsuldarlıq göstəricisi isə əvvəlki illə müqayisədə 2.42 sent/hektar artıb”.

Nazirlikdən əlavə edilib ki, 2022-ci ildə şirkətlər tərəfindən xam pambığın alış qiyməti yanvar, avqust aylarında hər dəfə 50 manat olmaqla iki dəfə artırılıb: "2022-ci ildə birinci sort pambığın 1 tonu fermerlərdən 700 manata alınırdısa, bu il təhvil verilən eyni sort pambığın 1 tonuna görə fermerlərə 800 manat ödənilir”.

Kənd təsərrüfatı məsələləri üzrə ekspert Vahid Məhərrəmov da AzadlıqRadiosuna bildirib ki, əvvəllər subsidiya sahəyə görə verilirdi və pambıq ərazilərini çox göstərməyə çalışırdılar: "Hazırda isə biz illər əvvəl təklif etdiyimiz mexanizmi – hazır məhsula görə subsidiyaların verilməsini tətbiq ediblər. Amma bununla belə, artıq məhsuldarlığı artırmaq mümkün deyil. Onun da bir neçə səbəbi var”.

Ekspert hesab edir ki, onlardan biri su çatışmazlığıdır: "Bundan əlavə, fermerlərimiz şikayətlənir ki, vaxtlı-vaxtında onlar texnika ilə təmin olunmur, əkin-səpin işləri optimal müddətdə həyata keçirilmir. Bitkiyə qulluq prosesində də vaxtlı-vaxtında işlər görülmür, bu da onunla bağlıdır ki, texnika çatışmazlığı var. Yığımda da problem var. Baxmayaraq ki, 500 kombayn gətiriblər, yığım optimal müddətdə aparılmır, uzadılır”.

İqtisadçı deyir ki, pambıq təhvili zamanı şikayətlərə görə kəndliləri aldadırlar: "Nəmlik yüksək olduğunu və pambığın tərkibində daha çox zibil qarışığı olduğunu göstərirlər. Hətta elə hala gəlir çatır ki, məhsulun 60 faizini nəm və zibil kimi göstərirlər”.

Məhərrəmovun sözlərinə görə, subsidiyadan bəhrələnən fermerlər deyil, oliqarx-məmurlardır: "Pambığın emalı və ixracı ilə məşğul olanlardır. Onlar daha yüksək qiymətə fermerlərdən pambıq almalıdırlar, çünki dünya bazarında pambığın qiyməti yüksəkdir. Həmin məmurlar məhsulu ucuz alır və baha satır. Dövlət də burada onlara yardımçıdır, subsidiya verir. Hakimiyyət pambıq istehsalında ona görə maraqlıdır ki, sonda həmin məhsulun alıcısı və ixracatçısı oliqarxlardır”.

Onun fikrincə, subsidiyaya, ümumiyyətlə, ehtiyac yoxdur: "Fermerdən təhvil verdiyi pambığı yaxşı və ona sərf edən qiymətə almalıdırlar. Hazırda isə oliqarx-məmurlar dövlətlə bir yerdə qiyməti müəyyən edir. Bu, bazar iqtisadiyyatına ziddir. Necə ola bilər ki, qiyməti alan müəyyən etsin?”.

Ekspert hesab edir ki, fermerlər özləri birləşib məhsulu emal edib sata bilərlər: "Dövlət də onlara ucuz kredit resursu ilə yardımçı ola bilər ki, onlar məhsulun emal müəssisəsini yaratsınlar. Onda kəndlilər daha çox məhsuldarlıqda maraqlı olacaq”.

Yazıda yer alan fikirlərlə bağlı pambıq tədarükü və emalı müəssisələrinin rəhbərlikləri ilə danışmaq mümkün olmayıb. //Azadlıq Radiosu//
Ardını oxu...
ABŞ Ticarət Nazirliyi Rusiya, Ermənistan, İspaniya, Çin, Malta, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Sinqapur, Suriya, Türkiyə və Özbəkistandan olan 28 təşkilata ixrac məhdudiyyəti tətbiq etmək qərarına gəlib.

"Report" xəbər verir ki, bu barədə Federal Reyestrdə - ABŞ hökumətinin rəsmi sənədlər toplusunda yerləşdirilən bildirişdə deyilir.

Bu şirkətlər Rusiya Silahlı Qüvvələrinə və hərbi-sənaye kompleksinə ABŞ sanksiyalarından yan keçməyə şərait yaradıb.
Ardını oxu...
Türkiyə Bolqarıstanla 13 illik enerji müqaviləsi çərçivəsində bu ölkəyə ilk təbii qaz partiyasını həyata keçirib.
“Report” xəbər verir ki, Türkiyənin “Marmara Ereğlisi” LNG terminalında Bolqarıstanın energetika naziri Rozen Xristov, BOTAŞ neft-qaz şirkətinin baş direktoru Burhan Özcan və “Bulgargaz” şirkətinin baş direktoru Denitsa Zlatevanın iştirakı ilə tədarükün başlanması münasibətilə mərasim keçirilib.

BOTAŞ-ın baş direktoru Burhan Özcan çıxışında qaz tədarükünün başlanılmasının həm Türkiyə, həm də Bolqarıstan üçün vacibliyini qeyd edib.

“Bolqarıstana ilkin olaraq tədarük olunacaq qazın həcmi təxminən 55 milyon kubmetr olacaq, ümumilikdə isə Türkiyə qonşu ölkəyə ildə təxminən 1,5 milyard kubmetr qaz nəql etməyi planlaşdırır”, - B.Özcan deyib. O, Bolqarıstanda tələbat artdıqca mavi yanacağın tədarük həcmini artırmağın da texniki cəhətdən mümkün olduğunu vurğulayıb.

B.Özcan bu gün Türkiyəyə daxil olan LNG-nin həcminin sutkada 161 milyon kubmetrə çatdığını diqqətə çatdırıb. “Bu, ildə 50 milyard kubmetr qaza bərabərdir. Bununla Bolqarıstan və digər Avropa ölkələrinə istifadə edilə biləcək potensialımızı nümayiş etdiririk”, - BOTAŞ rəhbəri bildirib.

Bolqarıstanın energetika naziri Rozen Xristov isə öz növbəsində ABŞ-ın “Chenier” şirkətinin LNG tankerinin Mərmərə limanında olduğunu bildirib.

“Terminalda BOTAŞ ilə əməkdaşlıq çərçivəsində LNG-nin yenidən qazlaşdırılması, saxlanması və Bolqarıstana çatdırılmasını həyata keçiriləcək. Bu əməkdaşlıq təkcə Bolqarıstanın enerji təhlükəsizliyi üçün deyil, həm də Cənub-Şərqi və Mərkəzi Avropa üçün böyük əhəmiyyət kəsb edir”, - bolqarıstanlı nazir sözlərinə əlavə edib.

Xatırladaq ki, bu il yanvarın 3-də Türkiyə ilə Bolqarıstan arasında saziş imzalanıb və bu sazişə əsasən, Bolqarıstan 13 il ərzində Türkiyədən ildə təxminən 1,5 milyard kubmetr qaz alacaq.
Ardını oxu...
Ukrayna prezidenti Vladimir Zelenski müdafiə xərclərinin 14,6 milyard dollar artırılmasını nəzərdə tutan qanun layihəsini imzalayıb.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının məlumatında deyilir.

Ukrayna Ali Radasının deputatı Yaroslav Jeleznyakın sözlərinə görə, bu, büdcədə rekord artımdır.

Qanun layihəsinin aprelin 13-də qüvvəyə minəcəyini qeyd edən deputat Ukraynanın tarixində heç vaxt büdcəyə belə əhəmiyyətli dəyişikliklər edilmədiyini bildirib.
Ardını oxu...
Rusiya pərakəndə satış və logistika şirkətləri tərəfindən postsovet ölkələrində anbarlara tələbat iki dəfə artıb və bu, belə obyektlərin çatışmazlığına səbəb olub.
Bu barədə “Kommersant” yazır.
Nəşrin məlumatıma görə, bu, Rusiyaya “paralel idxal”ın sonrakı artımını çətinləşdirə bilər, onun həcmi artıq 20 milyard dollar dəyərində 2,4 milyon tona çatıb.
NF Group-un hesablamalarına görə, Rusiya şirkətlərinin ən yaxın qonşularından anbar sahəsinə tələbatı keçən il artmağa başlayıb və bu ilin yazında təxminən 400 min kvadratmetrə çatıb. Gürcüstanda, Ermənistanda, Qazaxıstanda, Qırğızıstanda və Tacikistanda praktiki olaraq boş anbarlar qalmayıb, Belarusda 1,6 milyon kv.m-lik anbar sahəsindən 2,8%, Özbəkistanda isə 207 min kv.-lik sahədən 4,5%-i qalıb.
Eyni zamanda, əsas tələbi iri pərakəndə satıcılar, o cümlədən e-ticarətdən olanlar və logistika operatorları təşkil edir. “Ghelamco” logistik parkların kommersiya direktoru Aleksandr Perfilyev “Kommersant”a bildirib ki, anbarlar üçün müraciətlərin təxminən 80%-i Wildberries və Ozon marketpleyslərdən gəlir. Belə ki, Ozonun Belarus, Qazaxıstan və Qırğızıstanda anbarları və logistik infrastrukturu var.
 
Ardını oxu...
Norveç zənginlərə vergi artımı fonunda 2022-ci ildə milyarderlərin və multimilyonerlərin 13 illik rekord axını ilə üzləşir.

"DogruXeber.az" bildirir ki, bu barədə Norveçin “Dagens Naeringsliv” qəzetinin araşdırmasına istinadən “The Guardian” qəzeti yazıb. Orada deyilir ki, keçən il Norveçi 30-dan çox milyarder və multimilyoner tərk edib.

İndi Norveçdəki super varlılar fiziki şəxslər üçün 1,7 milyon NOK (162,000 dollar) və ya cütlüklər üçün 3,4 milyon NOK (324,000 dollar) dəyərində əmlaka görə 0,7% məclis vergisi ödəməlidirlər. Bundan əlavə, varlılar fiziki şəxslər üçün 20 milyon NOK (1,91 milyon ABŞ dolları) və evli cütlüklər üçün 40 milyon NOK (3,8 milyon ABŞ dolları) məbləğində aktivlərə görə 0,4% dövlət sərvət vergisi ödəməlidirlər. Əmlak vergisinin maksimal dərəcəsi keçən il 1,1% artıb.

Norveç Biznes Məktəbinin fəxri professoru Ole Gyems-Onstad hesab edir ki, keçən il vergiyə görə Norveçi tərk edənlərin ümumi sərvəti 600 milyard NOK-dan (57 milyard dollar) çoxdur.

Bir çox norveçli milyarder və multimilyoner İsveçrəyə köçüb. Məsələn, bunu Kjell Inge Rekke etdi (o, balıqçılıqdan və dənizdə qazma işlərindən varlandı). Forbes Real-Time onun sərvətini 10 aprel tarixinə 5,1 milyard dollar qiymətləndirib.
Ardını oxu...
Üç gün əvvəl kütləvi zəhərlənmə hadisəsi baş verən 20 nömrəli məktəbin qida təminatını “Tais İKF” MMC təmin edib.

Şirkət 1994-cü ildə yaradılıb. Qanuni nümayəndəsi Rafail Şirinov Məmməd oğludur.

Dövlət Satınalmalarının rəsmi portalından aydın olur ki, son 1 ildə Elm və Təhsil Nazirliyi dövlət təminatında olan təhsilalanların yeməklə təchizatı üçün bu şirkətə ümumilikdə 19 milyon manatdan çox dəyəri olan tender verib.

Şirkət təkcə Elm və Təhsil Nazirliyindən yox, digər dövlət qurumlarından da iri həcmli tenderlər alıb. “Bakı Metropoliteni” QSC bu şirkətlə ümumi dəyəri 1 milyon manat civarında olan tender müqaviləsi imzalayıb.

Şirkət Yevlax, Mingəçevir, Ağdaş rayon xəstəxanalarının da yemək təminatı işini görüb.

Abzas Media məsələ ilə bağlı şirkətlə əlaqə saxlasa da, onlar açıqlama vermək istəməyib: “Məktəbdəki hadisə ilə bağlı sualları cavablandırmırıq”.

Bu şirkətin hansı göstəricilərə görə seçilməsi ilə bağlı Elm və Təhsil Nazirliyinə göndərdiyimiz sorğu cavabsız qalıb.

Qida Təhlükəsizliyi Agentliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri İlkin Kərimov Abzas Media-ya bildirib ki, hadisə isə bağlı araşdırmalar davam edir:

“Məktəbdə yoxlamalar aparılıb, qidalardan nümunələr götürülüb. Hazırda onlarda hansı zərərvericilərin olub-olmaması ilə bağlı ağaşdırmalar aparılır, hələlik dəqiq nəticələr yoxdur. Araşdırma yekunlaşsın, açıqlama veriləcək”.

Aprelin 6-da 20 nömrəli məktəbdə kütləvi zəhərlənmə halı baş verib. İlkin ehtimallara görə, zəhərlənmə quş əti tərkibli qidadan olub. Xəstəxanaya çatdırılan şagirdlər axşam saatlarında evə buraxılıblar. Məsələ ilə bağlı Baş Prokurorluq araşdırma apardığını açıqlayıb.
Ardını oxu...
“Nazirin “qiymət artımı olmayacaq” deməyi ilə razı deyiləm. Burada çox ciddi qiymət artımı nəzərdə tutulur”.
Bakupost.az xəbər verir ki, bu fikirləri deputat Vahid Əhmədov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında “Elektroenergetika haqqında” qanun layihəsinin müzakirəsi zamanı energetika naziri Pərviz Şahbazovun çıxışına cavab olaraq deyib.
Deputat bildirib ki, bu, tək iqtisadi qanun yox, həm də sosial-siyasi qanundur:
“2025-ci ilə qədər Azərbaycanda parlament və Prezident seçkiləri nəzərdə tutulub. Belə bir qanun layihəsi ilə seçkiyə getmək nə qədər mənfi amillərə gətirib çıxaracaq. Qanun layihəsinin tətbiqinə 2027-2028-ci ildən başlamalıyıq. Öncə pilot layihələr həyata keçirib baxmaq lazımdır ki, rentabelliliyini göstərəcəkmi? Kim deyirsə, bu qanun tariflərə toxunmayacaq, mümkün deyil. Şirkət investisiya qoyursa, mənfəət əldə etməlidir”.
Vahid Əhmədov vurğulayıb ki, bu qanun layihəsi qəbul olunsa, ayrıca mətbuat konfransı keçirəcək:
“Millətə də məlumat verəcəyəm ki, bu qanun layihəsi ciddi problemlərə gətirib çıxaracaq. Yenə qeyd edirəm ki, qarşıdan parlament və Prezident seçkiləri gəlir. Bizə sürpriz hazırlamayın. Bizim buna ehtiyacımız yoxdur”.

Xatırladaq ki, daha əvvəl energetika naziri Pərviz Şahbazov “Elektroenergetika haqqında” yeni qanunun qəbulunun qiymətlərin artması anlamına gəlməyəcəyini bildirmişdi. Onun sözlərinə görə, yaxın perspektivdə qiymətlərin sərbəstləşdirilməsi, ümumiyyətlə, nəzərdə tutulmur və qiymətlər tənzimlənəcək: “Bazar modeli tam fəaliyyətə başladıqdan sonra isə ötürmə və paylama fəaliyyəti dövlət inhisarında qaldığı üçün o da tənzimlənəcək. Rəqabət mühiti və bazarda ucuz qiymət təklif edən istehsalçıların mövqeyi olması isə topdansatış qiymətlərinin, nəticədə pərakəndə satış qiymətlərinin artmasına imkan verməyəcək”

Dünyapress TV

Xəbər lenti