Azərbaycanda bahalaşma tempi azalıbmı?
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-may aylarında istehlak qiymətləri indeksi Azərbaycanda 2022-ci ilin yanvar-may aylarına nisbətən 13.1 faiz təşkil edib. Qeyd edilib ki, bu 2022-ci ilin maksimum zirvəsi olan 13.9 faiz səviyyəsindən 0.8 faiz bəndi aşağıdır. Yəni 2023-cü ilin may ayında ölkə ərazisində 0.4 faizlik aylıq deflyasiya qeydə alınıb. Ötən ilin may ayına nisbətən istehlak qiymətləri indeksi 11.5 faiz təşkil edib.
Deflyasiya nədir?
DİA.AZ-ın məlumatına görə, iqtisadçı Pünhan Musayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, deflyasiya iqtisadiyyatda məhsul və xidmətlərin qiymətlərinin ümumi azalmasıdır, başqa sözlə qiymət artımlarını təcəssüm etdirən inflyasiyanın güzgü effektidir. Beləliklə, deflyasiya həm də zaman keçdikcə milli valyutanın alıcılıq qabiliyyətinin yüksəlməsilə xarakterizə olunan prosesdir. Onun sözlərinə görə, əmtəə qiymətlərinin enişi və pulun alıcılıq qabiliyyətinin yüksəlməsi ilk baxışdan yaxşı bir şey kimi görünsə də, lakin bu, heç də həmişə belə olmur. Çünki iqtisadiyyat gözləntilər əsasında formalaşır və insanlar qiymətlərin aşağı düşdüyünü hiss etdikdə sonradan daha ucuz almaq ümidi ilə alışlarını ertələyir, pullarına qənaət etməyə çalışırlar.

“Birinin xərci digərinin gəliri olduğundan, bu da biznesi potensial gəlirdən məhrum etməklə istehsalda durğunluğa səbəb ola bilər. Müasir təsərrüfatçılıq da təkcə istehsalla məhdudlaşmadığına görə, deflyasiyanın maliyyə sisteminə də təsirləri nəzərə alınmalıdır. Xüsusən, əvvəlki dövrdə borclananlar deflyasiya zamanı daha artığını ödəmək məcburiyyətində qalır. Məsələn, bir il öncə “X” həcmdə aldığımız məhsulun dəyəri qədər borc götürdüyümüzü və bu müddətdə qiymətlərin 2 dəfə azaldığını fərz etsək, deməli, borcumuz üçün ödədiyimiz vəsait “2X” həcmində məhsul dəyərinə bərabər olacaqdır. İnvestor nöqteyi-nəzərindən isə, deflyasiya qiymət artımları perspektivinə sərmayə qoyan bazar iştirakçılarının zərərə məruz qalması ilə də nəticələnə bilər. Yəni, tunelin sonunda görünən işıq heç də həmişə tunelin çıxışına deyil, bəzən gələn qatara da işarə edə bilir. Bu baxımdan, onilliklər ərzində iqtisadçılar arasında ən əsas problemlərdən biri hesab olunan deflyasiya həm də ciddi araşdırma mövzusuna da çevrilib”- deyə Musayev izah edib.

İqtisadçı deyir ki, deflyasiyanın potensial (müsbət və mənfi) təsirlərini qiymətləndirmək üçün öncə onun səbəblərini təhlil etmək lazımdır. Klassik anlamda deflyasiya əsasən monetar və məcmu tələbin azalması, həmçinin istehsal və məhsuldarlığın artması kimi səbəblərdən baş verə bilər. Monetar deflyasiya dövriyyədəki pul və ya tədiyə vasitəsi olan digər maliyyə alətlərinin azalması nəticəsində yaranırsa, məcmu tələbin azalması çox böyük psixoloji təsirlə birbaşa iqtisadiyyatın daralmasına səbəb olur. İstehsal və məhsuldarlığın artması isə, deflyasiyanın “yaxşı” səbəblərindən hesab edilə bilər. Çünki bu daha çox texnologiyanın inkişafı və əməliyyat təkmilləşdirmələri hesabına baş verir. Bu zaman isə, biznes daha səmərəli fəaliyyət göstərir.

“Son bir neçə on illikdə texnoloji təkmilləşdirmələr kompüter, informasiya texnologiyaları sahəsində ciddi irəliləyəşlərə səbəb olmaqla, məhsulların orta qiymətinin əhəmiyyətli dərəcədə azalmasına səbəb oldu. Məsələn, ABŞ-da 50-ci illərdə 1 terabayt diskin qiyməti milyard dollarla ölçülürdüsə, indi bu qiymət bir neçə dollara bərabərdir. Elə üçüncü minillikdən bəri dünya üzrə inflyasiyanın aşağı olmasının da əsas səbəblərindən biri sənaye məhsuldarlığının artması və texnologiyanın inkişafı oldu. Texnoloji yüksəliş istehsal xərclərini endirməkdən əlavə, internet vasitəsilə informasiya və reklam qiymətlərini də əhəmiyyətli səviyyədə azaltdı. Digər mühim faktorlar isə Çin və post-sovet regionunun əmək-xammal resursları ilə beynəlxalq aləmə inteqrasiyası və dünya əhalisinin qocalmasından irəli gələn aşağı əməkhaqqı, yüksək yığım motivləri oldu”-deyə iqtisadçı əlavə edib.

Pünhan Musayev Yaponiya nümunəsini misal çəkərək qeyd edib ki, müasir dünyanın ən bariz deflyasiya nümunəsi isə sözsüz ki Yaponiyadır. Belə ki, ötən əsrin sonları birja və tikinti “köpüyü”nün partlaması qocalan əhali problemi ilə birləşərək yığıma meyilli artırır. Bu isə, Yaponiyanı “deflyasiya spiralı”na sürükləyir. Uzun illər ölkənin Mərkəzi bankı pul təklifini artırıb, hətta mənfi faiz dərəcəsi siyasəti tətbiq etsə də problem tələb qaynaqlı olduğundan, onun qarşısını almaq olduqca müşkülə çevrildi. Məhz ona görə təsadüfi deyildi ki, dünya ölkələri 10%-i keçməyən inflyasiya ilə mübarizə apardığı halda, Yaponiya son bir ildə inflyasiyanın 2%-in üzərində durması üçün hər cür səy göstərirdi.

Bölmənin digər xəbərləri

17 İyun 2025 Azərbaycanın buğda idxalında Qazaxıstanın payı rekord həddə çatıb
17 İyun 2025 Dizel və benzinin bahalaşması ilə bağlı VACİB XƏBƏR
17 İyun 2025 Qaz və elektrik abonentləri niyə və nəyə görə pul ödəyəcəklər? - AKTUAL
15 İyun 2025 Neft qiymətləri 200-300 dollara qalxa bilər - İraq XİN
14 İyun 2025 İran-İsrail müharibəsi fonunda neftin qiyməti 130 dollara qalxa bilər
14 İyun 2025 Xəstəxanalarda qiymətlər bahalaşdı
13 İyun 2025 “İstəyirsən qazı işlət, ya da işlətmə, aylıq məbləği ödəməlisən” - deputat
13 İyun 2025 İsrailin İrana hücumundan sonra neftin qiyməti kəskin artıb
13 İyun 2025 Həmin qəza "Boeing"in səhmlərini çökdürdü
12 İyun 2025 Qızıl avronu sıxışdırır: Mərkəz Banklar 1960-cı illərdə olduğu kimi yenidən qiymətli metal toplayır
12 İyun 2025 Klinika rəhbərinin ölkədən çıxışına "stop" qoyuldu - 600 mindən çox borcu var
11 İyun 2025 Dünya Bankı 2025-2027-ci illərdə Azərbaycanda ÜDM-in hər il 2,4 %-dən çox artacağını proqnozlaşdırır
11 İyun 2025 Qiymət artımının qarşılığında keyfiyyətin yüksəlməsi operatorların əsas vəzifəsidir - AMMA BİZDƏ...
11 İyun 2025 İşıq və qaz puluna dair sabit tarifin mahiyyəti nədir? - AKTUAL
10 İyun 2025 Birjada qızılın qiyməti artıb
09 İyun 2025 Azərbaycanın bu bölgəsində siqaretə sərf olunan pul təhsil xərclərindən 3 dəfə çoxdur
08 İyun 2025 Azərbaycanın turizm potensialı Koreya Respublikasında təqdim olunur
08 İyun 2025 Türkiyənin ən kasıb şəhərləri məlum oldu: Üçü də eyni bölgədə yerləşir
07 İyun 2025 Tramp yenə FED rəhbərinə “ilişdi”: FED-də “cənab çox ləng” fəlakətdir!
06 İyun 2025 Dövlət büdcəsinin gəlirləri açıqlandı

Dünyapress TV

Xəbər lenti