Ardını oxu...
ABŞ dövlət katibi Makro Rubio bildirib ki, Vaşinqton Ukrayna ilə razılıq əldə olunmayana qədər Rusiyaya qarşı sanksiyaları ləğv etməyəcək.

APA xəbər verir ki, bu barədə “Bloomberg“ məlumat yayıb.

“Rubio avropalı müttəfiqlərinə deyib ki, Tramp administrasiyası ən azı Ukraynadakı münaqişəyə son qoymaq üçün razılaşma əldə olunana qədər Rusiyaya qarşı sanksiyaları davam etdirəcək”, - nəşr qeyd edir.
 
 
 
Ardını oxu...
NATO qoşunlarının Ukraynaya mümkün yeridilməsi qəbuledilməzdir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Ər-Riyadda Rusiya-ABŞ danışıqlarının yekunlarına dair mətbuat konfransında bildirib.

"Eyni NATO ölkələrindən olan qoşunların, silahlı qüvvələrin, amma xarici bayraq altında, Avropa İttifaqının bayrağı altında və ya milli bayraqları altında görünməsi bu baxımdan heç nəyi dəyişmir. Bu, təbii ki, bizim üçün qəbuledilməzdir", - Rusiya XİN başçısı vurğulayıb.
 
Ardını oxu...
İran əhalisinin sayı bu ilin fevral ayınadək 85 milyon 961 min nəfər olub.

İSNA xəbər verir ki, bu barədə İranın Statistika Mərkəzinin son hesabatında bildirilib.

Məlumata görə, 2026-cı ildə İranda əhalinin sayının 601 min nəfər artacağı proqnozlaşdırılır.

Bildirilib ki, ölkədə şəhər əhalisinin sayı 66 milyon 207 min, kənd sakinlərinin sayı isə 19 milyon 754 min nəfər təşkil edib. Hesabata əsasən, kişilərin sayı 43 milyon 372 min, qadınların sayı isə 42 milyon 589 mindir.
 
Ardını oxu...
İranda bu dəfə kim “zəhər içəcək”?

Orta Şərqdə istənilən şəkildə maraqlarının təmin olunmasını istəyənlər Tehran-Vaşinqton münasibətlərinin təhlükəli perspektivindən müəyyən mənada narahatdırlar. Bunun əsas səbəbi iki ölkə arasında mümkün hərbi əməliyyatlardır.

Qəzza zolağında HƏMAS, Livanda “Hizbullah”, Suriyada Bəşər Əsəd, İŞİD, PKK terror qruplarının fəaliyyəti bölgədə humanitar fəlakət yaradıb. Bu vəziyyətin təsir dairəsi Avropa ölkələrinədək uzanıb. Regiondakı vəziyyət bu qitədə də təhlükəsizliyin təhdidini və terror aktları törədilməsi ehtimalını artırıb.

Suriyada hadisələr başlayandan sonra minlərlə qaçqın Avropanın sərhəd qapısında növbə tutub, İttifaqa üzv ölkələrə keçmək istəyib. Ən azı bu baxımdan, Aİ Yaxın Şərqdə sabitliyin tərəfdarı olaraq çıxış edir.

Fələstin (Qəzza), Livan və Suriyadan sonra növbənin İrana çatdığını da düşünənlər

oradakı qüvvələrin, silahlı qruplaşmaların arxasında Tehran hakimiyyətinin durduğunu iddia edirlər. Çünki Bəşər Əsəd Moskvaya qaçdıqdan sonra İran sadaladığımız qüvvələrlə əlaqəsinin olmadığını bildirdi. İslam Respublikası rəsmiləri regiondakı HƏMAS, “Hizbullah”, “Zenəbiyyun”, “Fatimiyyun“, “Həşd-Şabi” kimi proksi qüvvələrin onlara aid olmadığını bəyan edir.

Bütün hallarda, Tehran regionda pozucu fəaliyyət gpstərən, vəziyyəti gərginləşdirən tərəflərdən biridir. Ona görə də “proksiləri” sıradan çıxarıldıqdan sonra növbənin ona da çatacağını deyənlər haqsız deyillər.

Odur ki, Tehranın qarşısında ən real iki yol var: ya ABŞ ilə danışıqlara başlamaq, ya da qarşıdurmanı dərinləşdirmək.

ABŞ Prezidenti Donald Tramp Tehrana “maksimum təzyiq haqqında memorandum”un imzalandığını elan edəndən sonra İran Prezidenti Məsud Pezeşkianla danışıqlara hazır olduğunu bəyan edib. Belə ehtimal edilir ki, prezidentliyinin birinci dönəmində İrana qarşı maksimum təzyiq siyasəti uğurlu olmayıb. Buna görə də Tehranı danışıqlar masası arxasına oturmağa çağırır. ABŞ Prezidenti son açıqlamalarından birində deyib ki, Yaxın Şərqdə sülh istəyən bir çox ölkə, o cümlədən İran var. Bununla belə, o vurğulayıb ki, İranın nüvə silahı yaratmağa nə qədər yaxın olduğuna şahiddirlər.

Tramp memorandumu imzalamağın onun üçün çətin qərar olduğunu da gizlətməyib.

ABŞ lideri ölkəsinin İran neftinin başqa ölkələrə satılmasının qarşısını almaq hüququ olduğunu da söyləyib.

Ştatların başçısı bir tərəfdən iqtisadi sanksiyalardan, digər yandan isə danışıqlardan bəhs edir. Bəzən bu yanaşma təzadlı görünə bilər. Ancaq bu, ABŞ-nin İslam Respublikası rəhbərliyi ilə hər iki varianta, hətta üçüncüyə - hərbi əməliyyatlara da hazır olduğunu ehtimal etməyə imkan verir.

İran rəsmiləri isə danışığa getməyəcəklərini demirlər, sadəcə olaraq, bunun üçün şərtlərini irəli sürürlər. Rəsmi Tehran bildirib ki, danışıqlara başlamaq üçün Vaşinqton ilk növbədə İrana qarşı tətbiq etdiyi sanksiyaları aradan qadırmalıdır.

İranın ali rəhbəri ayətullah Seyid Əli Xamenei hərbçilər qarşısında çıxışında bildirib ki, ABŞ ilə danışıqlar iqtisadi və həyati vacib problemlər də daxil olmaqla, heç bir məsələni həll etməyəcək. Xamenei deyib ki, ABŞ ilə danışıqlar diqqət mərkəzindədir: “Onlar danışıqları yaxşı iş adlandırırlar. Sanki kimsə dialoqun əleyhinədir”.

Rəsmi Tehran Ağ evin danışıqlar barədə təklifinin səmimiliyinə inanmır. Onlar iddia edir ki, 1990-cı ildə ABŞ ilə iki illik danışıqlar heç bir nəticə verməyib. Xameneinin sözlərinə görə, ştatlar həmin vaxt verdiyi vədə əməl etməyib.

Bundan başqa, İslam Respublikası bildirir ki, 2015-ci ilin yayında nüvə proqramına dair İranla altılıq ölkələri (ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Çin və Rusiya) arasında Əhatəli Razılaşma Müqaviləsi imzalanmışdı. 2016-cı ilin mayında Donald Tramp ABŞ-ni o müqavilədən geri çəkdi. İrana qarşı sanksiyaları, o cümlədən onun neft-qaz sektoruna qadağaları sərtləşdirdi.

Bu sanksiyalar İslam Respublikasının iqtisadiyyatına çox böyük zərbə vurub. Regional və qlobal səviyyədə proksiləri maliyyələşdirmək, xarici və daxili sərmayə qoyuluşunun azalması hakimiyyəti çətin vəziyyətə salıb. Milli valyutanın 1 dollara nisbətdə məzənnəsi 90 min tüməni keçib. Hakimiyyət işsizlik, işçilərin əməkhaqlarının gecikməsi, bahalıq, elektrik enerjisinin çatışmazlığı, yanacaq qıtlığı və s. çoxsaylı sosial problemlərin məngənəsində sıxılır.

Bütün bu səbəblərdən, hakimiyyətdə ABŞ başda olmaqla Qərblə danışıqlara getmək məsələsinə dair fikir ayrılığı var. Mühafizəkarlar Xameneinin tərəfini saxlayaraq, dialoqa getməməyə üstünlük verir. Onlar danışıq tərəfdar olanları “milli maraqları satanlar” kimi təqdim edirlər.

Tehranda çıxan rəsmi “Cümhuriye-İslami” qəzeti isə yazıb: “Xalqın Xameneinin fikirlərindən fərqli danışmaq hüququ var”. Daim İran hökumətini və rəsmilərini kəskin tənqid edən ““Cümhuriye-İslami”inin baş redaktoru Məsih Mühaciri ABŞ ilə danışıqlar məsələsində Xameneinin əleyhdarlarının və tənqidçilərinin sıxışdırılmasına münasibət bildirərək yazıb ki, insanların ali rəhbərin mövqeyindən fərqli sərbəst danışmaq hüququ var: “İnsanların fikir bildirməsi, bu fikirlərin Xamenei ilə ziddiyyət təşkil etdiyi mənasına gəlmir. Rəhbərin dediklərinə fikir bildirilməməsi düşüncəsi yanlışdır”.

Onun sözlərinə görə, İran xalqının azadlıqları ölkə Konstitusiyasında təsbit olunub və bu kimi hüquqlardan istifadəni yasaqlanması qanuna ziddir.

Heç cəmiyyət də yaranmış vəziyyətə müşahidəçi olaraq baxmır. “Asr Iran” saytında cəmiyyətin Prezident Məsud Pezeşkiana bu başlıqla müraciəti yayılıb: “Artıq yoxsulluğun son mərhələsindəyik”.

Müraciət müəllifləri milli valyutanın dollar nisbətdə çox ucuzlaşdığını vurğulayaraq, bildiriblər: “Siz prezident olmazdan əvvəl bir dollar 59 min tümən idi. İndi isə bu rəqəm 92 min 550 tümən olub. Bir neçə saatdan sonra bu rəqəm hara yüksələcəyi məlum deyil”. Ancaq bir həqiqət də var ki, Pezeşkian prezident olmasa idi, tümən yenə də ucuzlaşacaqdı. Çünki bu, İslam Respublikasının iqtisadiyyatının bərbadlığının göstəricisidir.

Vəziyyətin ağır olduğunu təsdiqləyən başqa bir xəbərə diqqət edək. Bu günlərdə İranın Baharıstan şəhərində fəhlə yoxsulluğa və işsizliyə görə üç övladını, həyat yoldaşını və özünü öldürüb.

Vəziyyətin acınacaqlı olduğunu İslam Respublikasının keçmiş prezidenti Həsən Ruhani də vurğulayıb. O, hökumət üzvləri ilə ənənəvi görüşündə Donald Trampla konfrontasiyanın təhlükəli olduğu barədə xəbərdarlıq edib. Həsən Ruhani bildirib ki, vəziyyət çox kritik həddədir: “Bir səhv hər şeyi dağıda bilər”.

Başqa sözlə, rejimin istənilən fundamental səhvi çevrilişə, yaxud xaosa səbəb olar.

Odur ki, Tehran rəsmiləri bəlağətli çıxışlar edib, düşmən saydıqlarını hədələməkdənsə, dövlətin gələcəyi, dinc sakinlərin əmin-amanlığı üçün bir dəfə də “zəhər içməlidir”. Xatırladaq ki, 1988-ci ildə İraqla atəşkəs sazişinin imzalayanda Xomeyni demişdi: “Zəhər içirəm”. Ancaq o addım İranı xilas etmişdi. Ortada yenə buna oxşar zəhər var. Bu dəfə onu ya xalq, ya da Xamenei içəcək…
Sədrəddin Soltan
Pressklub
 
 


 
Ardını oxu...
Ukrayna nümayəndə heyəti Səudiyyə Ərəbistanına gəlib. Prezident Volodimir Zelenskinin səfərinə hazırlıq başlanıb.

UNİAN xəbər verir ki, Ukraynanın baş nazirinin müavini – iqtisadiyyat naziri Yuliya Sviridenko yerli biznes nümayəndələri ilə görüşlər keçirdiyini bildirib.

Prezident Zelenskinin ölkəyə səfərinə hazırlıq üçün yaxın günlərdə növbəti danışıqların aparılması planlaşdırılır.

Ukrayna Prezident Ofisindən bildirilib ki, Rusiya nümayəndələri ilə müharibəni dayandırmaq üçün Ər-Riyadda danışıqlar planlaşdırılmır. Lakin məhz bu günlərdə orada ABŞ və Rusiya arasında danışıqların keçirilməsi nəzərdə tutulur.
 
Ardını oxu...
Yaponiyada son illərdə iki dəfə gecə saatlarında içki qəbulu hökumət məmurlarının məxfi məlumatlarını itirməsinə səbəb olub.

Bu barədə CNN məlumat yayıb.

Məsələn, fevralın 6-da ölkənin Maliyyə Nazirliyinin Gömrük və Tarif Bürosunun əməkdaşı 5 saatlıq işdən sonra Tokionun cənubundakı Yokohama şəhərində həmkarı ilə doqquz stəkan pivə içib. O, müəssisədən çıxıb evə gedəndə 187 nəfərin işi ilə bağlı məxfi məlumatların olduğu çantanın itdiyini aşkar edib. Həmçinin onun özü və həmkarları haqqında məlumatları olan şəxsi noutbuku da itib.

Nazirlik hadisəyə görə üzr istəyib və lazım gələrsə, sərt tədbirlər görəcəyini vəd edib. Sənədlərin və noutbukun qanunsuz istifadə edilməsinə dair hələlik heç bir sübut yoxdur.

Məlumata görə, 2022-ci ildə daha bir dövlət işçisi restoranda sərxoş olduqdan sonra küçədə yuxuya gedərək Amaqasaki şəhərinin yarım milyona yaxın sakininin şəxsi məlumatlarını özündə əks etdirən USB fləş yaddaşını itirib. Cihazda vergi rekvizitləri, vətəndaşların bank hesablarının adları və nömrələri, habelə dövlət ödənişləri haqqında məlumatlar olub.

CNN qeyd edir ki, Yaponiya uzun müddətdir ofis işçilərinin həddindən artıq içki içməsi ilə tanınır. 2021-ci ildə ölkənin Səhiyyə Nazirliyi bunu "ciddi sosial problem" kimi tanıyıb.

Kanal əlavə edir ki, içki Yaponiyanın yorucu iş mədəniyyətini əks etdirir, bu isə işçiləri ağır şəraitdə və maaş artımı olmadan işləməyə məcbur edir. Hakimiyyət orqanlarının təzyiqləri azaltmaq cəhdləri, məsələn, dövlət qulluqçuları üçün dörd günlük iş həftəsi tətbiq etmək cəhdləri indiyədək heç bir nəticə verməyib.
 
Ardını oxu...
İsrailin ABŞ vasitəsilə göndərdiyi xəbərdarlıqdan sonra İran sərnişin təyyarələrinin Beyrut hava limanına enişinə icazə verilməyib.

Bu barədə "France-Presse" xəbər yayıb.

ABŞ Livan hökumətinə İsrailin İran təyyarələrini vurma ehtimalı barədə xəbərdarlıq göndərib. Nəticədə, Livan hakimiyyəti bu həftə ərzində iki dəfə İran təyyarəsinin Beyrut hava limanına enməsinə icazə verməyib.

İlk dəfə bu hadisə fevralın 13-də baş verib. İsrail ABŞ vasitəsilə xəbərdarlıq edib ki, əgər İran təyyarəsi Livana enərsə, Beyrut hava limanına zərbə endiriləcək. Fevralın 14-də də bu xəbərdarlıq nəticəsində növbəti İran təyyarəsinin enişinə maneə yaradılıb.

İsrail bir neçə dəfə bəyan edib ki, İran Beyrut hava limanını Hizbullaha silah və maliyyə vəsaitlərinin göndərilməsi üçün istifadə edir.
Ardını oxu...
Bir müddət öncə Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovannisyan ABŞ ilə Ermənistan arasında strateji tərəfdaşlıq xartiyasının imzalanmasına, eləcə də Amerika sərhəd təhlükəsizliyi ekspertlərinin və gömrük mütəxəssislərinin Ermənistana göndərilməsi məsələsinə İranın münasibəti barədə jurnalistin sualını cavablandırarkən demişdi: "Ermənistan bütün məsələlər üzrə İran tərəfi ilə məşvərət edib və razılığa gəlib. Ermənistan Respublikası xarici işlər nazirinin müavini Vahan Kostanyanın bu yaxınlarda İrana səfəri və Tehranın bu məsələlərlə bağlı hər hansı narahatlığını bildirməməsi Ermənistanla İran arasında möhkəm və problemsiz əlaqələrə ən yaxşı sübutdur. İranla əlaqələrimiz indiyə qədər görünməmiş ən yüksək səviyyəyə çatıb, bunu qarşılıqlı səfərlərdən və rəsmi bəyanatlardan aydın görmək olar".

Bu barədə "Azad İran" "Youtube" kanalında yayımlanan süjetdə bəhs edilir.

Xatırladaq ki, yanvar ayının 20-də Ermənistanın XİN rəhbərinin müavini Vahan Kostanyan İrana səfər edib. Səfər çərçivəsində o, İran prezidentinin siyasi məsələlər üzrə müşaviri Mehdi Sənayi, İran XİN rəhbəri Abbas Əraqçi və onun siyasi məsələlər üzrə müavini Məcid Təxtrəvançi, eləcə də İran ali rəhbərinin müşaviri, Xarici Əlaqələr üzrə Strateji Şuranın rəhbəri Kamal Xərrazi ilə danışıqlar aparıb. O da maraqlıdır ki, Kostanyan İrana səfər etməzdən öncə, 14-16 yanvar tarixləri arasında ABŞ-da səfərdə olub.

Bütövlükdə 2025-ci ilin arxada qalan ay yarımı ərzində İranla Ermənistan arasında qarşılıqlı səfərlərin və rəsmi təmasların hədsiz intensivliyi diqqəti çəkir.

Ətraflı süjetdə:

 
 
 
Ardını oxu...
“Demokratiya hər kəsin istədiyini danışa bilməsi anlamına da gəlmir”

Münhen Təhlükəsizlik Konfransında ABŞ-nin vitse-prezidenti Cey Di Vensin çıxışı Almaniyanın müdafiə naziri Boris Pistoriusu bərk qəzəbləndirib.

“AzPolitika” Qərb mediasına istinadla xəbər verir ki, Vens çıxışında demokratik institutların və söz azadlığının sarsıldığını bildirərək Avropa siyasətçilərini “seçkiləri ləğv etməkdə” günahlandırıb. O, Rumıniyada prezident seçkilərinin ləğvini sovet dövrü praktikası ilə müqayisə edib.

Vensin fikrincə, ən böyük təhlükə Çin və ya Rusiyadan yox, daxildən gəlir. O, kütləvi immiqrasiyanı Avropanın ən vacib problemi kimi qiymətləndirib. Vens Avropa liderlərini “sovet dövrü terminləri, məsələn, "dezinformasiya" kimi sözlərdən istifadə edərək fərqli fikirləri "boğmaqda" ittiham edib. Vitse-prezident həmçinin Böyük Britaniya hökumətini söz azadlığı qanunlarına görə sərt tənqidlər ünvanlayıb.

Almaniyanın müdafiə naziri Boris Pistorius isə cavabında deyib ki, Avropada təhlükəsizlik barədə çıxış etmək niyyətində idi, amma Vensin ittihamlarına cavab vermək məcburiyyətindədir: “Mən Transatlantik Alyansa dərin inam bəsləyirəm. Mən ABŞ-ın sadiq müttəfiqi və dostuyam. "Amerika arzusu" həmişə məni heyran edib və mənə təsir göstərib.Buna görə də, az öncə eşitdiklərimizi sadəcə görməzdən gələ bilmərəm. ABŞ-nin vitse-prezidentinin çıxışını şərh etmədən keçə bilmərəm. "Biz sizin bizə qarşı olmaq haqqınız uğrunda mübarizə aparırıq". Bu, Bundesverin şüarlarından biridir. Və o, demokratiyamızı təmsil edir. Bu demokratiya az əvvəl ABŞ-nin vitse-prezidenti tərəfindən şübhə altına alındı. Və təkcə Almaniya demokratiyası deyil, bütün Avropanın demokratiyası.

O, demokratiyanın ləğv edilməsindən danışdı. Və əgər mən onu düzgün başa düşdümsə, Avropanın mövcud vəziyyətini bəzi avtoritar rejimlərin vəziyyəti ilə müqayisə etdi. Xanımlar və cənablar, bu, qəbuledilməzdir. Bizim demokratiyamızda hər bir fikir, səs qazanır. Bu, hətta "Almaniya üçün Alternativ" kimi yarı-ekstremist partiyalara da aiddir – onlar da digər partiyalar kimi seçkilərdə iştirak edə bilirlər, çünki bu, demokratiyadır.

Əgər vitse-prezident dünən buraya gələndə televizorunu açmaq fürsətini tapsaydı, o, bu namizədlərdən birini TV efirində görə bilərdi. Biz, hətta, Rusiya təbliğatını yayan media orqanlarını belə efirə buraxırıq və federal hökumət nümayəndələri onların suallarına cavab verir. Amma bu praktikaya son qoymaq lazım ola bilər. Heç kim kənarda saxlanılmır.

Lakin demokratiya o demək deyil ki, səs-küylü azlıqlar həmişə haqlıdır və onlar həqiqətin nə olduğunu müəyyən edə bilərlər. Bu, hər kəsin istədiyini danışa bilməsi anlamına da gəlmir. Demokratiya özünü onu məhv etmək istəyən ekstremistlərdən qoruya bilməlidir.

Mən hər gün demokratiyanın daxili və xarici düşmənlərdən qorunduğu bir Avropada yaşadığım üçün xoşbəxtəm. Buna görə də, vitse-prezident Vensin irəli sürdüyü "bizim demokratiyalarımız azlıqları susdurur və boğur" fikrini açıq şəkildə təkzib etmək və ona qarşı çıxmaq istəyirəm.

Biz yalnız ölkələrimizi kimdən qoruduğumuzu deyil, həm də nə üçün qoruduğumuzu bilirik. Demokratiya, fikir azadlığı, qanunun aliliyi və hər birimizin ləyaqəti naminədir xanımlar və cənablar”.

Dünyapress TV

Xəbər lenti