Ardını oxu...
Tovuz Rayon İcra Hakimiyyəti “Göygöl Tikinti” Məhdud Məsuliyyətli Cəmiyyətlə (MMC) satınalma müqaviləsi imzalayacaq.
Reportyor.info xəbər verir ki, şirkət icra hakimiyyətinin yolların əsaslı təmiri ilə bağlı keçirdiyi tenderin qalibi seçilib.
Bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 135 105,93 AZN-dir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Göygöl Tikinti” MMC 11 avqust 2020-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Şəmkir rayonunun Düzqışlaq kəndində yerləşir. MMC-nin qanuni təmsilçisi Tağıyev Anar Əhməd oğludur.
Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi barəsində heç bir məlumat yoxdur.
“Göygöl Tikinti” MMC 3 ildir fəaliyyət göstərsə də, artıq tender kralı kimi tanınır.
Əsasən yerli icra hakimiyyətlərinin abadlıq və təmir işləri ilə bağlı keçirdikləri tenderlərin qalibi olan “Göygöl Tikinti” MMC ən çox sifarişi Tovuz Rayon İcra Hakimiyyətindən alıb.
Bu arada qeyd edək ki, cari ilin oktyabrın ayının sonlarında şirkət Tovuz Rayon İcra Hakimiyyətinin daha bir tenderinin qalibi olub. Maraqlıdır ki, bu tender də yolların əsaslı təmiri ilə bağlı keçirilib. Təklifin qiyməti 104.303,88 AZN-dir.
Ümumiyyətlə isə Tovuz Rayon İcra Hakimiyyəti 2023-cü ildə yolların təmiri ilə bağlı 4 tender keçirib. Bu tenderlərdən ikisinin qalibi “Göygöl Tikinti” MMC, yerdə qalan ikisinin qalibi isə “Construction Business Group” MMC və “Epsilon Construction” MMC olub.
“Göygöl Tikinti” MMC-nin qalib seçildiyi tenderlərdə təklifin qiymətini qeyd etdik. Digər iki şirkətin qalibi gəldiyi tenderlərdə isə təklifin qiyməti 382 978,91 AZN (“Construction Business Group” MMC) və 524 930,03 AZN (“Epsilon Construction” MMC) olub.
Beləliklə, aydın olur ki, Tovuzda yolların təmirinə təxminən 1 milyon manat bəs etməyib və qurum daha iki tender keçirib. Bu bir qədər inandırıcı görünmür. Digər tərəfdən, Tovuz sakinləri yolların bərbad olmasından şikayətlənir. Onların iddiasına görə, Tovuzda yol təmiri kosmetik arakter daşıyır ki, buna da milyonların xərcləndiyi inandırıcı deyil.
İcra hakimiyyətinin əsasən şübhəli şirkətlərə sifariş verməsi də Tovuzda yol təmirinin hansısa qaranlıq məqsədlərə xidmət etdiyinə şübhə yaradır.
Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovdur. O, artıq 5 ildir ki, bu vəzifədədir.

Mənbə: Reportyor.info
 
Ardını oxu...
“Yaxın Şərqdəki müharibə bölgəmizdə böyük qruplaşmaların yaranmasına səbəb olub”. “Yeni Müsavat” qeyd edir ki, noyabrın 22-də rusiyalı ermənipərəst politoloq, Yaxın Şərq məsələləri üzrə ekspert Stanislav Tarasov belə deyib.

O iddia edib ki, Azərbaycan artıq Rusiya ilə münasibətlərə fərqli baxır. Tarasov hesab edir ki, əgər əvvəllər Azərbaycan öz ərazisində Rusiyanın mövcudluğuna qarşı idisə, bu gün əksinə, Rusiyanın mövcudluğunun tərəfdarına çevrilir. Onun fikrincə, Azərbaycan ermənilərin Rusiyanın yeganə müttəfiqi olmasından narahat idi, amma Putin Əliyevlə işləməyə başladı: “Gümrü bazası Ermənistandan çıxsa, Kürdəmirdə və Gəncədə dayanacağıq, buna əminəm”.

Tarasovun təxribat xarakterli bu fikri geniş müzakirələrə səbəb olub. Lakin ermənipərəst analitik hansı səhvləri buraxdığını unudub. Çünki Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür və burada heç bir ölkənin hərbi bazası yerləşə bilməz.

Hər şeydən əvvəl onu yada salaq ki, Qəbələdəki “Daryal” tipli RLS-in icarə müddəti 2012-ci ilin dekabrında bitib. O zaman Azərbaycan və Rusiya arasında stansiyanın icarə müddətinin uzadılmasına dair xeyli müddət danışıqlar aparılsa da, tərəflər razılaşmaya gələ bilməmişdi. Nəticədə Moskva Qəbələ RLS-i bağlamaq və stansiyadan imtina etmək qərarına gəldi. Bununla da Azərbaycanda Rusiyanın sonuncu hərbi obyekti də bağlanmış oldu. Rusiya Müdafiə Nazirliyi bildirdi ki, Qəbələ RLS-in izlədiyi əraziləri bundan sonra Armavirdə yeni quraşdırılan “Voronej-DM” tipli RLS izləyəcək. Rusiya Qəbələ RLS-i tərk etdikdən sonra da dəfələrlə bu ölkənin Azərbaycanda guya hərbi baza yaradacağı haqda iddialar səsləndilib. Məsələn, iddia olunurdu ki, Rusiya tərk etdiyi Qəbələ RLS-in əvəzində Azərbaycanda yeni hərbi baza tikməyə hazırlaşır. Rusiya Müdafiə Nazirliyinin “Zvezda” telekanalı bildirirdi ki, Azərbaycanda Bakının nəzarətinə verilən Qəbələdəki “Daryal” RLS-in əvəzində “Voronej-DM” tipli yeni RLS-in tikintisi başlayacaq.

Rusiyanın hərbi kontingenti Qarabağda yerləşdirildikdən sonra da bu mövzuda spekulyasiyalar artdı. İddia olunurdu ki, Rusiya hətta Qarabağda hərbi baza formalaşdırmaq istəyə bilər. Amma indi sülhməramlı kontingent şələ-şüləsini yığışdırıb vaxtından tez bölgəni tərk etməkdədir, uzaqbaşı, Putinin təbirincə desək, 2025-dək onların Qarabağda fəaliyyəti formal xarakter daşıyacaq. Gümrü bazasına gəlincə, hələ 2011-ci ildə Rusiya hərbçilərinin Ermənistan ərazisində qalma müddəti 2044-cü ilə qədər uzadılır. Müvafiq sənəd o vaxtkı Rusiya prezidenti Dmitri Medvedyevin Ermənistana səfəri zamanı imzalanıb. Məlumat üçün deyək ki, bu baza Rusiya Müdafiə Nazirliyinin direktivi ilə 1 sentyabr 1994-cü il tarixində keçmiş SSRİ Silahlı Qüvvələrinin 7-ci ordusunun 127-ci motoatıcı diviziyasının bazasında yaradılıb. Hazırda şəxsi heyətinin 4000 nəfər olduğu bildirilən hərbi bazanın döyüş heyəti İrəvan və Gümrü qarnizonundan ibarətdir. İrəvan qarnizonuna İdarəetmə Qrupu, 123-cü motoatıcı alay, 3624-cü aviasiya bazası, hospital, mənzil-təchizat hissəsi, qarnizon məhkəməsi və rabitə mərkəzi daxildir. Gümrü qarnizonuna isə 128-ci motoatıcı alay, 124-cü motoatıcı alay, 988-ci zenit raket alayı (S-300 ZRK) və 992-ci artilleriya alayı tabedir. Bazanın nəzdində əlahiddə tank, kəşfiyyat, təmir, mühəndis-istehkam, radiasiya-kimyəvi və bakteroloji mühafizə taborları, tank əleyhinə divizion, radioelektron, tibb, komendant bölükləri, prokurorluq, televiziya mərkəzi və s. fəaliyyət göstərir. Gümrüdən hərbi bazasının çıxaracağı halında onun Abxaziyaya köçürülə biləcəyi də yayılan iddialar sırasındadır.

Bəs bu dezinformasiya indilikdə nəyə xidmət edir? Ermənistan hökuməti 2044-cü ilədək olan müqaviləni qüvvədən salmaq siyasi iradəsinə malikdirmi? Bakı buna gedərmi? Axı biz nə NATO, nə KTMT kimi müdafiə bloklarına üzv deyilik, heç bir dövlətin ərazimizdə hərbi bazasına şərait yaratmamışıq. O zaman Tarasov niyə çərənləyir? Ermənipərəst ekspert arzularını dilə gətirir, yoxsa Kremlin istəklərini ötürür?

ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu açıqlayıb ki, 102-ci hərbi baza ləğv oluna bilər. Buna səbəb Ermənistanla ABŞ arasında artan əməkdaşlıqdır: “Ermənistan Baş Qərargahının rəisi Edvard Asiranla ABŞ-ın Avropa Komandanlığının müavini general-leytenant Stiven Başam arasında noyabrın 3-də görüş keçirilib. Bu, Rusiyaya qarşı növbəti rüsvayçılıqdır. Amerika ilə Ermənistan arasında artan əməkdaşlıq Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasını saxlamaq imkanını təhlükə altına alır”. Həmçinin məlumatda vurğulanıb ki, İrəvan son vaxtlar Moskvadan uzaqlaşır və ikitərəfli münasibətlər pisləşir.

Ermənistan KTMT-ni də tərk etməkdə israrlı görünür. Noyabrın 23-də Minskdə keçirilən sammitdə iştirakdan Paşinyan imtina edib. Bundan qabaq isə erməni baş nazir Rusiyanın Ermənistanda hərbi mövcudluğunu ölkəsi üçün təhdid adlandırıb və İrəvanın KTMT-dən çıxana qədər təhlükəsizlik sahəsində yeni müttəfiqlər, yeni silah tədarükçüləri axtarışında olduğunu bəyan edib. Amma Rusiyanın Ermənistanda hərbi varlığına son qoymaq cəhdləri heç də yerini Azərbaycanla doldurmaq kimi qəbul edilə bilməz. Üstəgəl, Azərbaycan Türkiyə ilə hərbi müttəfiqdir, türk ordusu ərazimizdədir, Naxçıvanda Hərbi Kompleks açılıb, qardaş ölkənin parlamenti türk əsgərinin Azərbaycanda daha bir il qalması müddətini uzadan qərar verib.

Polkovnik Şair Ramaldanov “Yeni Müsavat”a açıqlamasında bu fikrə ciddi yanaşmağın tərəfdarı olmadığını vurğuladı. Polkovnik hesab edir ki, hansısa ekspertin mövqeyini Rusiyanın niyyəti kimi dəyərləndirmək olmaz: “Azərbaycan heç bir ölkənin hərbi bazasını ərazisində yerləşdirmir. Rusiya ilə münasibətlər yaxşıdırsa, o demək deyil ki, hərbi bazası şəhərlərimizə yerləşdirilməlidir. Azərbaycan ərazilərini işğaldan azad edib, təhlükəsizliyini təmin edib və başqa dövlətin hərbi bazasına ehtiyacı da yoxdur. Gümrüdəki hərbi baza Ermənistanın təhlükəsizliyinə cavabdehdir, bizim isə belə bir təminata ehtiyacımız yoxdur. Ona görə Tarasovun fikirlərini ciddi qəbul etmirəm və bu sözləri hansı şəraitdə dediyini də bilmirik. Özünə ekspert deyən hər şəxsin rəyini ciddi qəbul etməyə də dəyməz”.

“Tarasov öz sərsəm fikirlərini səsləndirib. Bu adam nə danışdığını anlamır. Sadəcə, Rusiya görür ki, Ermənistan ondan üz çevirir, Gürcüstan da öz yolunu getməkdədir, indi qalıb Azərbaycan... Yəni Rusiyanın bölgədə hərbi mövcudluq cəhətdən bir Azərbaycanı təcrübə meydanına çevirmək arzuları qalıb, o da mümkün deyil” - bunu isə hərbi ekspert Telman Qasımov “Yeni Müsavat”a danışarkən söylədi. Onun sözlərinə görə, Azərbaycanda rus hərbi bazası olmasının məntiqi də yoxdur, çünki Avropa ilə sərhəd deyilik. Hərbi ekspert hesab edir ki, Rusiya Gümrüdəki bazasını Qərbi Zəngəzura yerləşdirə bilər: “Rusların onsuz da Qafanda, Qarakilsədə, Mehridə bəzi hərbi infrastrukturları var, ona görə Gümrüdən çıxarıb ora yerləşə bilərlər. Rusiya ilə Azərbaycan arasında belə bir anlaşma da yoxdur ki, dövlətlərin hərbi bazaları yerləşdirilsin. Ən əsası isə heç bir hərbi bloka qoşulmamışıq və öhdəliyimiz də yoxdur”.
 
 
 
Ardını oxu...
Azərbaycan XİN-in Ermənistana iki ölkə arasında şərti dövlət sərhədində demarkasiya komissiyasının iclasının keçirilməsi ilə bağlı təklifinə İrəvandan müsbət cavab gəldi.

Xüsusilə Ermənistanın Azərbaycanın sülh təkliflərinə cavab verməsinin 2 aydan çox çəkməsi “sərhəddə görüş”ün əhəmiyyətini artırır.

İndiki məqamda tərəflər iki ölkə arasında şərti dövlət sərhədində görüşə razı görünsə də, əslində, maraqları və görüş sonrası növbəti raundla bağlı yanaşmaları fərqlidir. Belə ki, Azərbaycan sülh müqaviləsinin mümkün qədər tez tamamlanmasını istəyir. Daha dəqiq desək, ən geci 2024-cü ilin sonuna qədər sülh müqaviləsinin imzalanması Bakı üçün prioritetdir. Azərbaycan buna görə Ermənistanla ikitərəfli əsasda birbaşa danışıqlara hazır olduğunu deyir.

Azərbaycan tərəfinin “Qarşılıqlı məqbul məkanın seçilməsi və ya dövlət sərhədində görüş barədə qərar verilməsi də daxil olmaqla, sülh prosesinin davam etdirilməsinə görə iki ölkə məsuliyyət daşıyır” sözləri də diqqət çəkir. Bakı “Qarşılıqlı məqbul məkan” deyərkən əslində Gürcüstanı nəzərdə tutur. Tiflis iki ölkə üçün də uyğun məkan sayıla bilər.

Ermənistan tərəfi isə indiki məqamda həm 10 noyabr bəyanatından imtina edib yeni sazişin imzalanmasını, həm də bu istiqamətdə aparılan danışıqların Qərb formatında aparılmasını istəyir.

İrəvanın Bakıya təqdim etdiyi sülh sənədində üç əsas tələb yer alıb:

“- Heç bir qeyri-müəyyənlik olmadan bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınması,

– Alma-Atı Bəyannaməsi və ən son qanuni Sovet xəritələri əsasında növbəti demarkasiyanın həyata keçirilməsi,

– Dövlətlərin suverenliyinə və yurisdiksiyasına, bərabərlik və qarşılıqlı prinsiplərinə tam hörmət əsasında regionda infrastrukturun açılması”.

Ermənistanın təqdim etdiyi bu şərtlər ikili müzakirələr nəticəsində həll edilə bilər. Lakin bütün bu məsələlərin Vaşinqton ya da Brüssel formatında müzakirəsi Bakının maraqlarına uyğun deyil. Bu mənada iki ölkə arasında şərti dövlət sərhədində görüş baş tutarsa, danışıqların növbəti raundunun Gürcüstanda keçirilməsi qarşılığında Ermənistanın təklif etdiyi üç məsələ müzakirə edilə bilər. Yəni İrəvan ilk addımı atmalıdır ki, Bakı da buna cavab versin.

Bütün bunlara baxmayaraq, görüşün alınmamasında maraqlı olan qüvvələr də var. Xüsusilə bu qüvvələrin süni maneələri nəticəsində sülh yubanır.

Azərbaycan regionda gərginliyin artması, yeni silahlı toqquşmanın baş verməsində maraqlı deyil. Bunun olmaması üçün isə sülh prosesinin sürətlənməsinə və yekun sazişin imzalanmasına ehtiyac var.

Regionu qarışdırmaq istəyən beynəlxalq güclər sərhəddə genişmiqyaslı döyüşlərin başlamasını gözləyirlər. Lakin Bakı “savaş taktikasını” dəyişərək sərhədə sülhü gətirir.

Müəllif: Politoloq Turan Rzayev
 

Elşad Həsənov: “Azərbaycan Prezidenti öz çıxışında demişdi ki, bu yol açılacaq”

Cənubi Qafqazda kommunikasiyaların açılması kontekstində Ermənistan ərazisindən keçən istənilən avtomobil və dəmir yolu xətti Ermənistanın nəzarətində olmalıdır. Bunu Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaar bildirib.

O qeyd edib: “Birincisi, bir neçə ay əvvəl (təqribən may ayında) Moskvada Prezident Əliyev baş nazir Paşinyan və prezident Putinin iştirakı ilə keçirdiyi görüşdə çox aydın şəkildə bildirdi ki, yolun “dəhliz” adlandırılması ekstraterritoriallıq demək deyil. Bəli, onu "dəhliz" adlandırarkən, bildiyiniz kimi, biz Avropada mövcud olan və heç vaxt ekstraterritoriallığı ehtiva etməyən müxtəlif dəhlizləri nəzərdə tutaraq “nəqliyyat dəhlizləri” deyirik.

Beləliklə, açıq-aydın nöqteyi-nəzərimizdən Ermənistan ərazisindən keçən istənilən avtomobil yolunun, yaxud dəmir yolunun Ermənistanın nəzarətində olması tamamilə məntiqlidir. Yaxud Azərbaycan ərazisindən keçən və ya Almaniyanın ərazisindən keçən hər hansı avtomobil və ya dəmir yolu bu ölkənin nəzarətindədir. Buna görə də bu tamamilə yeganə məntiqi tənzimləmədir.

Məsələn, belə olan halda Azərbaycan öz vətəndaşları və yüklərinin Ermənistan ərazisindən keçərkən təhlükəsiz olacağına təminat əldə etmək istəyir. Bu tamamilə məntiqli və normaldır. Amma bunun necə ediləcəyi Ermənistan hakimiyyətinin məsuliyyətidir”.

Göründüyü kimi, Klaar Zəngəzur dəhlizinin əleyhdarı və Paşinyanın "dünya kəsişməsi" layihəsini tam dəstəkləyicisi kimi çıxış edir. O, həmçinin “3+3” layihəsi çərçivəsində Azərbaycan- Ermənistan sazişinə inanmadığını bəyan edib. Klaarın bu mövqeyini necə izah etmək olar?

Siyasi şərhçi Elşad Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Klaarın fikri aydındır: “Ancaq onu da bildirmək lazımdır ki, biz Zəngəzur dəhlizinin açılmasını 2020 - ci il noyabr ayının 10 - da bağlanan bəyannamədən sonra dəfələrlə müzakirəyə qoymuşuq. Hətta ora qədər olan avtomobil yolunu çəkib hazırlamışıq. Ancaq baxmayaraq Azərbaycan Prezidenti dəfələrlə bunu tələb etdi, Ermənistan qulaqardına vurdu. Axırda onlar bunu etmədiyi üçün biz İranla müqavilə bağladıq və İran ərazisindən keçilməsi qərarlaşdırıldı. O zaman ermənilər başa düşdülər ki, çox böyük səhv etdilər. Avropa və Amerika bu işə müdaxilə etməyə başladı. Yenidən, Ermənistan yeni bir proektlə çıxdı. Burada məqsəd nədir? Məqsəd Rusiyanı regiondan sıxışdırıb çıxarmaqdır. Əvvəllər həmin dəhlizə nəzarət Rusiya Federal Təhlükəsizlik xidmətinin üzərində idi. Ancaq Ermənistan bunu istəmir və onun tərəfdaşları Rusiyanı buradan çıxarmaq üçün tələb edirlər ki, həmin yolun təhlükəsizliyinə, yüklərin daşınmasına Ermənistan cavabdeh olsun. Mən düşünürəm ki, biz də bu məsələyə razı olacağıq. Çünki eyni ilə Ermənistan da bizim ərazidən keçəcək, Gülüstan vasitəsi ilə Qazax yolu, Tiflisə gedən magistral yol açılacaq. O yollara nəzarətə Ermənistan hakimiyyəti məsuliyyətlə cavab verərsə, təbii ki, heç bir problem olmaz. Hətta bunun üçün onların təhlükəsizlik orqanlarında xüsusi bir bölmə yarandı. Əsas da burada Amerika çox narahatdır. Onlar bu yolda İranın olmasını istəmir. Tələb edirlər ki, həmin dəhliz açılsın və təhlükəsizliyinə Ermənistan cavabdeh olsun və Azərbaycanla Şimal - Qərb dəhlizi işə düşsün. Bu da çox böyük bir arteriyadır. Artıq Ermənistan əl-ayağa düşüb ki, bu yol açılsın. Düşünürəm ki, bizim diplomatlarla, siyasilərlə danışıqlar aparıb bu yolu işə sala bilərik. Yadınızdadırsa, Azərbaycan Prezidenti öz çıxışında demişdi ki, bu yol açılacaq. Bəli, bu yol mütləq açılacaq”.

Məhəmmədəli QƏRİBLİ
Ardını oxu...
ABŞ və Aİ Ukrayna müharibəsini necə maliyyələşdirir?

Böyük siyasət çirkli, əxlaqsız və bədnam “ikili standartlarla” doludur. “Center for Research on Energy and Clean Air” (Enerji və Təmiz Hava Tədqiqatları Mərkəzinin - CREA) məlumatlarını oxuyaraq buna bir daha əmin olursunuz. Onların fikrincə, Ukraynaya genişmiqyaslı işğal başlayandan bəri Rusiya neft, təbii qaz və kömür ixracı sahəsindən təxminən 550 milyard avro qazanıb. Bu, Rusiya Federasiyasına qarşı tətbiq edilən sanksiyaların effektivliyini şübhə altına alan artıq şok məlumatdır.

Daha çox. Məlum olub ki, 24 fevral 2022-ci il tarixindən 13 noyabr 2023-cü il tarixinədək olan bütün dövr üçün Rusiyanın enerji ehtiyatlarının ən böyük alıcısı Avropa İttifaqı (Aİ) olub! Aİ ölkələri bu müddət ərzində aldıqları bütün qalıq yanacaqlara görə Rusiyaya 180 milyard avro ödəyiblər. Bunun 102 milyard avrodan çoxu xam neft, 74 milyardı təbii qaz, qalanı isə kömürün payına düşür.

Aİ daxilində Rusiyanın enerji resurslarının əsas alıcıları Almaniya (ümumilikdə 28 milyard avro), Hollandiya (18 milyard) və İtaliya (17 milyard) olub.

Budur, statistika. Bundan sonra dam sadəcə qışqırmaq istəyir: siz kimi aldatmağa çalışırsınız, Aİ-dən olan cənablar?! Sadəcə olaraq əxlaqsızlıqdır, buna başqa söz yoxdur! Onların Rusiyanın neft və qaz idxalına qarşı mübarizə aparmaq zərurəti ilə bağlı sözləri Aİ-nin onun alınmasına xərclədiyi məbləğlərlə bağlı xəbərlər fonunda üzə çıxır.

Gəlin davam edək. Belə çıxır ki, hətta Pentaqon Rusiyadan yanacaq-sürtkü materialları və digər “qara qızıl” məhsulları alır. Rusiya neft məhsulları Yunanıstana axır və sonra qarışdırılır, emal olunur və bütün dünyaya paylanır. Bu barədə “The Washington Post” məlumat yayıb. Analitiklərin fikrincə, Rusiya neftinə tətbiq edilən qadağa və sanksiyalara baxmayaraq, ruslar Yunanıstan neft emalı zavodu vasitəsilə hətta amerikalıları da neftlə təmin edə bilirlər.

Pentaqonun rəsmi tədarükçüsü olan Yunanıstanın “Motor Oil Hellas” neft emalı zavodu departamentə Rusiya mənşəli neft məhsulları satırdı. Ruslar sanksiyalardan yan keçmək və məhsulu Yunanıstana çatdırmaq üçün müxtəlif sxemlərdən istifadə etdi, materialları qarışdırdı, müxtəlif ölkələrdə emal etdi və nəhayət, onları yenidən etiketlədilər.

“Qərb ölkələri Rusiyanın Ukraynaya təcavüzünə cavab olaraq keçən il Rusiya neftinin alışına qadağa qoyduğunu elan etdikdən sonra, ABŞ ordusuna xidmət edən Yunanıstan neft emalı zavodu tez bir zamanda uyğunlaşdı. Bir neçə ay sonra şirkət qadağan olunmuş neftin qəbulunu dayandırdığını və əvəzində başqa mənbələr tapdığını investorlara çatdırdı”, - deyə nəşr yazır.

Rusiya bayrağı altında üzən tankerlərin rəsmi qadağasına və sanksiyalara əməl olunmasına baxmayaraq, ruslar saxta yolla nefti müəssisəyə çatdıra biliblər. Onlar neft məhsullarının Rusiya mənşəli olduğunu gizlətmək üçün yeni marşrut seçiblər. Yunanıstana emal üçün göndərilərkən onların mülkiyyəti daim dəyişirdi. Jurnalistlər Pentaqonun 2019-cu ildən bəri “Motor Oil Hellas”dan 1,1 milyard dollardan çox neft məhsulları sifariş etdiyini qeyd ediblər.

ABŞ Müdafiə Nazirliyi yanacağın yunanlara necə verilə biləcəyini bilmədiklərini açıqlayıb. Və vurğuladılar ki, idarə Rusiya bayrağı altında heç bir şey almayıb, Rusiya və ya Rusiya şirkətləri ilə iş görmür. Amma tamamilə göz qabağındadır ki, bu, özünü doğrultmaq cəhdindən başqa bir şey deyil. Əslində, Amerika kəşfiyyat orqanlarının məlumatlılığını nəzərə alsaq, Pentaqonda hər kəs hər şeyi bilirdi.

İndi isə Aİ və ABŞ-ın reallıqda necə davrandığına baxanda, onların Rusiya-Ukrayna müharibəsindən öz xeyirlərinə istifadə etdikləri qənaətinə gəlinməsi fikri daha da güclənir. Birləşmiş Ştatlar, xüsusən də müharibənin ilk günündən Ukraynanı o qədər müasir silahlarla təhciz etmək imkanına malik idi ki, Rusiyanın məğlubiyyəti çoxdan gerçəkləşəcəkdi. Eyni zamanda NATO-nun üzvü olan Aİ ölkələri də bunu edə bilərdi.

Amma onlar Amerika tərəfi kimi Ukrayna tərəfinə silahı “çay qaşığı” ilə verməyə üstünlük verdilər. Sonda Ukrayna uduzmadı, amma qalib də olmadı. Müharibə, ümumiyyətlə, bu və ya digər tərəfdən ciddi irəliləyişlər olmadan mövqeli bir müharibəyə çevrildi. Bu arada, Rusiya neftinin və qazının satışı hər gün və Rusiya Federasiyasına uzun müddət müharibə aparmağa imkan verən şokedici həcmdə davam edir.

Müəllif: Əkbər Həsənov
ayna.az
 
Ardını oxu...
Rusiya prezidentinin mətbuat katibi Dmirti Peskov son açıqlamalarından birində deyib ki, Rusiya xarici siyasətdə şərq istiqamətinə xüsusi əhəmiyyət verməyə başlayıb. Kremlin başqa alternativi qalmayıb. Ukrayna müharibəsinə görə Avropa ölkələri Rusiyadan üz döndəriblər. Ona görə də belə şəraitdə Kreml başqa alternativlər və bazarlar axtarmağa başlayıb.
Peskov şərq istiqaməti dedikdə ilk növbədə Rusiyanın Çinlə strateji əlaqələrini nəzərdə tutub. Rusiya prezidenti Vladimir Putin oktyabrın 17-də Pekində “bir kəmər, bir yol” forumuna qatılmışdı. Putin Ukraynaya qarşı müharibəyə başladıqdan sonra xarici ölkələrə səfər etmir. Putin Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın səfər dəvətindən son anda imtina etdi. Putin o ölkələrə səfər edir ki, Rusiyanın həmin ölkə ilə strateji əlaqələri üst səviyyədədir və özünün təhlükəsizliyi yüksək səviyyədə qorunacağı vəd edilir. Buna görə də Putin son iki ildə bir neçə ölkəyə, o cümlədən Belarusa, Qazaxıstana və Çinə səfər edib. Putin Pekindəki forumda iştirak etməklə yanaşı Çin lideri Tsi Cinpinlə üz-üzə qapalı şəraitdə bir neçə saat ərzində fikir mübadiləsi aparıb. Müxtəlif ölkələrin ekspertləri iki liderin qapalı şəraitdə nələri müzakirə edə biləcəyini müəyyənləşdirməyə çalışıblar.
Birinci mövzu təbii ki, Rusiya və Çinin ümumi rəqibi – ABŞ-la mübarizə barədə olub. Moskva və Pekin birgə səylərlə beynəlxalq aləmdə ABŞ-ın hegemonluğuna son qoymağa çalışırlar. Bu məqsədlə Pekin və Moskva BRİKS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) və Şanxay Əməkdaşlıq Təşkilatını gücləndirməyə və təşkilatlara üzvlərin sayını artırmağa qərar veriblər. Ancaq bu təşkilatlardakı üzvlərin heç də hamısı Moskva və Pekinin istəyi ilə Qərblə düşmən olmaq istəmirlər. Misal üçün Hindistan və Qazaxıstan ABŞ və Avropa İttifaqının müxtəlif ölkələri ilə ortaq layihələr reallaşdırmağa çalışırlar.
İkinci mövzu Rusiya və Çinin iqtisadi inteqrasiyasını gücləndirməkdir. Ancaq bu inteqrasiya Rusiyanın Çin bazarından asılılğına gətirib çıxarıb. Rusiya Avropaya saata bilmədiyi məhsulların tamamını Çinə yönəldib. Rusiya Çinə neft, qaz, taxta və əlvan metallar satır, əvəzində hazır məhsullar alır. Çinin isə Rusiyanın hazır məhsullarına ehtiyacı yoxdur. Çünki Rusiya iqtisadiyyatı enerji resurslarının istismarı üzərində formalaşıb. Çinin alıcılıq gücünün zəifləyəcəyi halda bunun Rusiya iqtisadiyyatına da məfi təsiri artacaq.
Üçüncü mövzu Çinlə Rusiya arasında hərbi əməkdaşlığın gücləndirilməsidir. İki ölkə il ərzində quruda və dənizdə müxtəlif birgə hərbi təlimlər keçirirlər. Pekin və Moskva bu təlimlərin üçüncü ölkələrə qarşı yönəlmədiyini söyləsələr də, Çinə qonşu olan ölkələr bu təlimlərin intensivliyindən narahatdırlar. Rusiya ilə Çin arasında birgə hərbi təlimlərin sayı artdıqca ABŞ, Hindistan, Avstraliya və Yaponiya kimi ölkələr də öz aralarında birgə hərbi təlimlərin sayını artırırlar.
“Atlas” Araşdırmalar Mərkəzi
Teref. Xocanın Blogu
Ardını oxu...
Bir neçə dəfə Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) rəhbərliyinə xakerlər və xüsusi proqram vasitəsilə satışa müdaxilə olduğu, satışın ədalətsiz keçirildiyini yazmışam.
Amma MİDA rəhbərliyi iddiaları rədd etmiş, satışın etibarlı, şəffaf və təhlükəsiz keçirildiyini cavab məktubunda yazıb.

Ötən il satışlara müdaxilə edən bir neçə xaker həbs edildi. Onların xüsusi proqramlarla yüzlərlə mənzili pul qarşılığında seçdiyi məlum oldu.

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...

Bu məktubları saxlamışam. Xakerlərin məhkəməsi olsun, sonra mən də məhkəməyə müraciət edəcəm. MİDA rəhbərliyi gəlib məhkəmədə təhlükəsiz, şəffaf və etibarlı satışı sübut edər.

***

MİDA-nın mənzillərinin seçimi ədalətsiz, jurnalistlərin binasındakı mənzillərin paylanılması ədalətsiz, AYB-nin yazıçılara mənzil paylaması ədalətsiz.
Hər üç məsələdə evsizlər kənarda qalıb 2-3 evi olanlar mənzil əldə edir.

Doğrudan bu ölkədə dərəbəylikdir?

Bir ölkədə bu qədərmi yiyəsizlikdir?

Müəllif: Elyar İslamoğlu - Filologiya üzrə fəlsəfə doktoru, Müstəqil ekspert
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
 
Ardını oxu...
“Azərbaycanla sülh müqaviləsi ona görə təxirə salınır ki, tərəflər bir-birinə etibar etmirlər”. Bunu cümə axşamı ölkə parlamentində çıxışı zamanı Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

“Əgər Azərbaycanla sülh prinsipləri razılaşdırılıbsa, onda problem nədədir? Biz niyə irəli getmirik, niyə sülh sazişi imzalamırıq? Ümumilikdə götürdükdə, səbəb tərəflər arasında etimadın olmamasındadır. Çünki həm biz, həm də Azərbaycan tərəfi hər dəfə öz bəyanatlarımızda və hərəkətlərimizdə razılaşmalardan imtina etmək, aqressiv fəaliyyətin planlaşdırılması niyyətlərini görürük. Bu isə sülh müqaviləsinin mətni üzərində işə mənfi təsir göstərir”, – Paşinyan bildirib.

O qeyd edib ki, yaxın gələcəkdə bir neçə əsas məsələyə aydınlıq gətirilməlidir. Bunlardan biri də sülh sazişinin yanlış təfsirlərinin aradan qaldırılması mexanizminin formalaşdırılmasıdır.

“Təəssüf ki, reallıq ondan ibarətdir ki, istənilən təklif müxtəlif formada şərh edilə bilər. Ona görə də, fərqli şərhlər olduğu halda bunun öhdəsindən necə gələcəyimiz barədə bizim çox aydın təsəvvürümüz olmalıdır. Digər məsələ sülh müqaviləsinin imzalanmasından sonra eskalasiyanın olmayacağına dair təhlükəsizlik təminatlarıdır”, – Paşinyan vurğulayıb.

Baş nazir bildirib ki, Ermənistan hökuməti bu problemlərin aradan qaldırılması üçün diplomatik və siyasi işləri gücləndirmək niyyətindədir.

Əgər hər şey Paşinyanın təsvir etdiyi kimidirsə, o zaman dövlətlərimiz arasında sülh sazişinin bağlanması perspektivi tamamilə illüziyaya çevrilir. Çətin ki, kimsə yaxın vaxtlarda ermənilərlə azərbaycanlılar arasında qarşılıqlı səmimi etimada nail olunmayacağı fikri ilə mübahisə etsin. Bəs Bakı və İrəvan belə vəziyyətdə nə etməlidir? Tərəflər, güclü və etibarlı sülh müqaviləsinin imzalanmasını mümkün məqsədə çevirmək üçün konkret olaraq nə etməlidirlər?

Azərbaycan İnsan Hüquqları Mərkəzinin direktoru, siyasi müşahidəçi Eldar Zeynalov yaranmış vəziyyəti Pressklub.az-a şərh edib.

“Məncə, Paşinyan yalan danışır. Əgər söhbət yalnız Ermənistanın Azərbaycanın sülhməramlı niyyətinə inamsızlığından getsəydi, o zaman İrəvan gərginliyi azaltmaq üçün addımlar atardı”, – o hesab edir.

Məsələn, Zeynalov deyir ki, İrəvan sovet dövrünün xəritələrinə əsaslanaraq, Azərbaycanın Ermənistan ərazisinin bir hissəsini işğal etdiyini iddia edir və bu məqam ermənilərin xarici siyasətində fəal şəkildə oynanılır. “Əgər belədirsə, o zaman sərhədin Sovet xəritələrinə uyğun delimitasiyası və demarkasiyası bu problemi asanlıqla həll edəcək – Rusiya tərəflərə ən müfəssəl xəritələri təqdim etməyi təklif edib. Və bu problemin sərhədin yalnız bir neçə yerində qeyd alındığını nəzərə alsaq, elə həmin hissələrdən başlamaq olar. Sərhədin digər hissəsini sonraya saxlamaq mümkündür. Məsələn, bizim Rusiya və Gürcüstanla bu cür sərhədi müəyyən etmə prosesimiz onilliklər çəkdi və heç vaxt silahlı toqquşmalara çevrilmədi.

Bəs bunu niyə etmirlər? Cavab sadədir: Ermənistana dünya ictimaiyyətinə müraciət edərək Azərbaycanın “təcavüzü” və “işğalı”ndan şikayət edəcək vəziyyətin olması daha çox sərf edir. Nə qədər ki, Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisinin heç olmasa bir kilometrinin işğalı ilə bağlı mübahisə etməyə əsas var, onların təbliğatı bunu aktiv şəkildə istifadə edəcək. Qərbin ikili standartları, onun islam və türkofobiyası bu cür hiylələrə yaxşı köməkdir. Bir faktı xatırladaq: Ermənistan Şuşa və Laçın rayonlarını işğal edərkən Azərbaycanın bu əraziləri geri qaytarmaq cəhdləri ABŞ Konqresi tərəfindən təcavüz kimi qiymətləndirilmişdi və 1992-ci ilin payızında Amerika sanksiyalarının tətbiqinə səbəb olmuşdu (ABŞ Azadlığa Dəstək Aktına 907 saylı əlavə). 2001-ci ildən bəri hər il onun qüvvəsi dayandırılır, lakin təcavüz qurbanına qarşı sanksiyaların tətbiqi presedenti hələ də qüvvədədir.

Əslində, 1992-ci ildə Azərbaycan qoşunlarının Gədəbəy rayonu ərazindəki Başkənd (Artsvaşen) anklavını tutması Ermənistan ərazisinin “işğalının” daha bariz arqumentidir. Orada sərhədlərin haradan keçdiyini ölçmək üçün əlində xətkeş dağların qalxmaq lazım deyil. Anklav var idi və indi yoxdur. Amma nəinki bu arqumentdən istifadə etmirlər, onu həm də utancaq şəkildə danışıqlar masasının uzaq siyirtməsində gizlədirlər. Bunun da səbəbi aydındır: bir Başkəndə Ermənistan tərəfindən işğal olunmuş bir neçə Azərbaycan anklavı düşür. Bu anklavlarda 8 kənd (Yuxarı Əskipara, Aşağı Əskipara, Bağanıs Ayrım, Bərxudarlı, Qızılhacılı, Sofulu, Xeyrimli və Kərki) var.

Təbii ki, Paşinyana anklavları unutmağa imkan verməyəcəklər – nə azərbaycanlılar, nə də öz müxalifəti. Amma eyni zamanda əsas ərazidən təcrid olunmuş bu kəndlərin xəritə, delimitasiya, demarkasiya, nəqliyyat marşrutları, anklavların demilitarizasiyası və s. problemi yenidən gündəmə gəlir.

Nədənsə, erməni tərəfi üçün də xəritə məsələsi də sadə deyil. Ermənilər SSRİ Baş Qərargahının 1974-1991-ci illərdə tərtib edilmiş xəritələrində israr edirlər. Səbəbi yenə də aydındır: Azərbaycan SSR rəhbərliyi 1960-cı illərin sonuna qədər respublikanın ərazilərini itirə-itirə getmişdi və əvvəlki dövrün xəritələrini götürsək, Ermənistan “Artsvaşensiz” və hətta Zəngəzursuz qalmaq riski ilə üzləşir. Amma görünən odur ki, Azərbaycan rəhbərliyi bu xəritələrə qarşı deyil. Axı, BMT Azərbaycan və Ermənistanı məhz o dövrün xəritələrinə görə müstəqil dövlət kimi tanıyıb”, – hüquq müdafiəçisi bildirib.

“Təhlükəsizlik zəmanəti: Ermənistan üçün müttəfiqi Rusiyanın qoşunlarından daha güclü təminat düşünmək çətindir. MDB-nin digər ölkələri öz ərazilərində Rusiya hərbi mövcudluğundan qurtulmağa çalışdığı bir zamanda, Ermənistan özünü bir neçə müqavilə ilə Rusiya ilə bağladı. İndi də Ermənistanın ağlı başında olan qonşularından heç biri rusların bəzilərinin Rusiyanın İrəvan quberniyası, bəzilərinin isə onun Şərqdəki forpostu hesab etdiyi əraziyə qəsd etməyə cəsarət etməz.

Beləliklə, prinsiplər razılaşdırılıb, komissiyalar yaradılıb, coğrafi xəritələr masaya qoyulub. Lakin məsələ ölü nöqtədən tərpənmədi. İndi Paşinyan Ermənistanın sülh müqaviləsini imzalanmasını gecikdirməsinin səbəbini “sülh sazişinin yanlış şərh edilməsinin aradan qaldırılması mexanizminin formalaşdırılması” ilə izah edir. Amma rəsmi İrəvan 35 il ərzində tamamilə başa düşülən dildə yazılmış beynəlxalq konvensiyaları, bəyannamələri, BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı qərarlarını xarici dövlətin ərazisinin işğalına icazə kimi yanlış şərh edilməsinə yol veribsə, bu doğrudan da problemdir. Lakin bu problem diplomatik yox, artıq tibbi xarakter daşıyır. İndi də bu xəstəliyin açıq-aydın kəskinləşməsi baş verir.

Mənim fikrimcə, İrəvanın danışıqları gecikdirməsi Ermənistanı hansısa möcüzəvi şəkildə Rusiyanın mövcudiyyətindən qurtaracaq, onu NATO silahları ilə təmin edəcək, Azərbaycanı qorxudacaq və Qarabağa piksel şəklində “Artsax” bayrağını qaytaracaq Avropa məsihinin gəlişini gözləmək kimi sadəlövh planın tərkib hissəsi kimi görünür.

Məsələn, KTMT-dən çıxmaq və Aİ ilə yaxınlaşmaq niyyətləri səsləndirilir. Təhlükəsizliyindən narahat olan Ermənistan bu yaxınlarda nümayişkaranə şəkildə Hindistandan güllə, Fransadan isə Ukraynanın rədd etdiyi zirehli texnika alıb. Hindistandan alınan güllələrin Ermənistanın təhlükəsizliyini nə qədər gücləndirəcəyi barədə danışmayacağam, lakin bu uşaq oyununun 19-cu əsrdən bəri erməni təhlükəsizliyinin arxalandığı Rusiyanı ciddi şəkildə qəzəbləndirməsi adi gözlə də görünür.

Ermənistan son vaxtlar Rusiya Xarici İşlər Nazirliyindən İrəvanın problemlərinin “öz əli ilə yaradıldığı”, avrointeqrasiya və ya bloklara qoşulmamağa can atmasının, Qərb silahlarının tədarükünün genişləndirilməsinin, Ukrayna ilə qəfil dostluğun “Ermənistanın əsarətinə səbəb ola biləcəyi” barədə çoxlu bəyanatlar eşidir. Kremlin fikrincə, Qərbin məsləhətləri Ermənistana Cənubi Qafqazda kommunikasiyaların açılması üzrə işləri başa çatdırmağa mane olur. Nəticədə, Ermənistan gələcəkdə “regional kommunikasiyaların konfiqurasiyası ilə əlaqəsinin kəsilməsi ilə bağlı böyük risk edir”. Və bu son deyil”.

“Ukrayna istiqamətində planları tamamilə iflasa uğrayan Qərb yırtıcı caynaqları ilə Ermənistana qamarlayıb və onu Rusiyadan qoparmağa çalışır”, – Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü M.Zaxarova bildirib. Onun bilavasitə rəhbəri S.Lavrov isə daha kəskin çıxış edib: “Avropa İttifaqı bizi hər cür cilovlamaq, Mərkəzi Asiya və Zaqafqaziyadan sıxışdırıb çıxarmaq niyyətlərini gizlətmir. Bu baş tutmayacaq. Biz tarixən buradayıq və heç yerə yox olmayacağıq. Bizim tərəfdaşlarımız, müttəfiqlərimiz bunu çox yaxşı bilirlər”. Cənubi Qafqaza gələndə, “tərəfdaşlar” və “müttəfiqlər” ilk növbədə ermənilərdir və onlara şəffaf şəkildə eyham vururlar ki, Rusiya heç yerə yoxa çıxmayacaq və lazım gələrsə “Ermənistan istiqamətində Qərbin planlarını puça çıxara bilər”.

Bu yaxınlarda Ermənistanda hansısa sui-qəsdçi təşkilatın ifşa edildiyi və orada dərhal Rusiya izinin tapıldığı nəzərə alınsa, bu, tamamilə inandırıcı ssenaridir. Rusiyanın bu yerlərdə çoxlu agentləri var və o, Qarabağ kartından məharətlə istifadə edir.

Paşinyanın şəxsən iştirak etdiyi və buna görə mühakimə olunduğu 2008-ci ilin mart iğtişaşlarını da xatırlamaq olar. O zaman Ermənistan Qarabağ klanının boyunduruğundan çıxmağa çalışırdı, əvəzində İrəvan küçələrində tanklar, zorakılıq və nümayişçilərə atəş açılmasını gördü. On ildən sonra Paşinyan qarabağlıları hakimiyyətdən uzaqlaşdırdı, onu incidənləri həbsə atdı, lakin çox keçmədən 44 günlük müharibəni uduzdu.

İndi Ermənistanda 5-15 il əvvəlkindən daha çox qarabağlı var. Bu ilin sentyabrında onların Qarabağdan köçürülməsini nizamlı şəkildə təşkil ediblər. Onların arasında Paşinyana qəzəbli olan keçmiş döyüşçülər də az deyil. Beləliklə, Rusiya prezidentinin şəxsi dostu adlandırdığı R.Koçaryanın başçılıq etdiyi qüvvələrin bu dəfə revanş əldə edəcəyi istisna edilmir. Ermənistan siyasətinin arsenalında başqa radikal qərarlar da var. Məsələn, 1999-cu ildə olduğu kimi parlamentin güllələnməsi. Bu hadisənin təşkilatçılığı da R.Koçaryanın ayağına yazılır.

Bütün bunlar ermənilərin Rusiyadan aralanmaq cəhdini çox problemli edir. Və ola bilsin ki, biz buna tezliklə əmin olaq”, – ekspert qeyd edib.

Azərbaycan hakimiyyəti bu şərtlər daxilində nə etməlidir?

Azərbaycan hakimiyyəti hesab edir ki, başda Xankəndi, Kərkicahan və Xocalı olmaqla, ilk növbədə məcburi köçkün azərbaycanlıların Qarabağa qayıtmasını davam etdirmək lazımdır.

“İrəvan tərəfindən aldadılan Qarabağ erməniləri ora qayıtmağa başlayanda, artıq orada yerli administrasiya, polis formalaşacaq, iqtisadi infrastruktur fəaliyyət göstərəcək (xoşbəxtlikdən qaçan ermənilər Kəlbəcər və Ağdamda olduğu kimi burada infrastrukturu sıradan çıxarmadılar). Qarışıq əmək kollektivləri yaranacaq, radio-televiziya işə başlayacaq və bu, son 35 ildə yerli ermənilərin beyninə yeridilən şovinizmin ən yaxşı dərmanıdır. Biz indidən qanunvericiliyimizin erməni dilinə tərcüməsi, məktəb dərsliklərinin yaradılması kimi məsələlər üzərində düşünməliyik”, – deyə E.Zeynalov yekunlaşdırıb.

Müəllif: Rauf Orucov - Mənbə: Pressklub.az
Teref. Xocanın Blogu
 
Ardını oxu...
Deyir, torpaqdan gəlib, torpağa gedəcəyik. Doğulursan, səndən soruşmurlar, istəyirsən, ya yox. Olursan vətəndaş. Vətən nağılı eşidirsən, vətən şeiri oxuyursan, vətən mahnısına qulaq asırsan. Heç özünü tanımamış deyirlər, vətəni qoru, keşiyində dur. Hər şey vətən üçün, hər şey vətən naminə. Sevirsənsə, vətənpərvər, sevmirsənsə, vətən xaini olursan.
Vətən adı altında yaxşı alver edirsən, əl çalırlar, “vətənpərvər” deyib, başa keçirirlər. Tənqid edirsən, ələ salırlar, olursan başı daşlı. Tərifləyəndə, yaxşı vətəndaş, “harda aş, orda baş” biri olursan. Həyat keçir, yaş üstünə yaş gəlir, artıq heç kimə lazım deyilsən, olursan ayaq-baş, bir çala, üstünə daş, torpaq, beton, başdaş…
Gözlə görülməyən, əllə tutulmayan bir məhfumla idarə olunursan. Onun üçün öləndə o dünyada mükafatlanırsan, çox öldürəndə, bu dünyada. Allah da elədir, dövlət də. Sanki hamısının konsepsiyasını eyni “mərkəz” işləyib. Hamısı idarə etmək üçündür. Başqa da heç nə…
Atalarımz deyib, gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı. Bu ata sözünə nədənsə çox duyğusal yanaşırlar. Ancaq görünən odur ki, nəinki indi, ta yüz illərdir bu bölgə, bu region belə olub. Qərib dediyin ölkədə elə rahat olursan, insan kimi yaşayırsan, gəzirsən, əylənirsən. Deyir, torpaq çəkir. Ölüm gələndə də çəkir ki, gəl canını tapşır.
Tək-tük atalar sözündəndir ki, coğrafiyamızın mahiyyətini ortaya qoyur. Ölməli işlər hamının olur… İnsan oğlunun ən sevdiyi şey həyatını çətinləşdirməkdir. Yaşayır, yaradır, tikir. Niyə yaşayır, nə üçün yaradır, özü də anlamır. Min bir əziyyətlə tikdiklərinin içərisində hansı yadların yaşayacağını düşünmür. Hələ söyüş yiyəsi də olur…
Bəzi adamlar həyatlarında ən azı bir dəfə, bəziləri ara-sıra, bəziləri isə günaşırı “bu ölkəyə, bu şəhərə, bu kəndə daş qoyanın”la başlayan gözəlləmələr deyir. Dünyanın ən böyük pafosları da vətənlə bağlıdır. O necə vətəndir ki, hamı onu qorumağa borcludur, ölüb-öldürməyə can atmalıdır, ancaq onun sərvətlərindən bərabər faydalana bilmir.
Bu yaxınlarda Ağdama gedib müharibədən əvvəl haradan o tərəfə baxırdımsa, yenə eyni yerdən o tərəflərə baxdım. Ora hələ də “o tərəflər”dir. Kimin tərəfləridir bilmirəm, amma onu dəqiq bilirəm ki, bizim tərəflər deyil. Bir yaxşı cəhəti var, o tərəfə əvvəl keçsəydin, birdəfəlik “yatırdın”, indi keçsən, sutkalıq.
Vətən, sən Allah, necə anlayışsan ki, səni qoruyanlar, keşiyini çəkənlər, düşməndən xilas edənlər sənə kənardan baxmağa məcburdur? Necə məfhumsan ki, bu yolda sağlamlığını itirən pensiya hayında, şəhid ailəsi isə jurnalistlər binasından ev almaq davasındadır. Niyə ancaq sənin uğrunda əlini zərrə qədər kirlətməyənləri varlandırıb yaşadırsan?
Kişi kimi düzünü de, sən necə dəyərsən ki, bağ-bağatına biri yiyələlənib, otuna başqası sahib çıxıb, suyuna digəri əl qoyub, heyvanını bir başqası mənimsəyib? Onlar da üstündə illik, mövsümlük torpaq alıb, başlarını girələyir? Görürəm, çox sərvətini gizlədirsən. Gizlətməyi belə bacarırsansa, turac, qırqovul ovuna gələnlərdən o zavallı quşları gizlə. Nə bilim, bəlkə də sənə belə xoşdur…
Müasirləşirsən, Vətən. İncimə, qəribə xüsusiyyətlərin əmələ gəlib. Azad olunanda qaçdıq sənə – Yusifcanlı kəndinə. Neçə yerdə qarşıma mina çıxardın. Qoymadın evimizin yerinə qədər irəliləyəm. Yayda gəldim, bu dəfə minadan əlavə ilanları üstümə saldın. Əcəb elədin. Bəs 70 hektarını Əfətlidən filankəs, başçı, rəis, kənddən də bəhmənkəs, daha kimlər əkəndə, onların yoluna niyə mina çıxarmadın?
Qəsəbəmizin bulağını “qurutmusan”, ancaq dövlətin “fırlatdığı” motor quyuna sallananda, nə tez su verdin? Deyirəm də, müasirləşmisən, Qərb kimi ikili standartların da üzə çıxır. Qımışırsan? Onsuz da səndən ağlım bir şey kəsmirdi. O gün vətən üçün burnunun ucu göynəyən birini qeydiyyata almağa gəliblərmiş. “Kəndinizə gedəcəksinizmi” sualına dərhal “Əlbəttə” (!) cavabını verib.
Ardınca deyiblər ki, bəs sizə cəmi 6 sot həyətyanı torpaq sahəsi veriləcək. Qayıdıb soruşanda ki “Bəs pay torpağı?” “O nəzərdə tutulmayıb, həmin ərazilər şirkətlərin istifadəsinə veriləcək” cavabını alıb. Vətən üçün burnunun ucu göynəyən o adam dözməyib, “Durun rədd olun qapımdan, sizin də, şirkətlərin də, becərəcəklərinizin də…”, – deyərək gələnləri qovub.
Ölkənin hər qarışına vətən deyirik. Yalana bax! Qarabağdakı hər qarışı mənimsəmək üçün dörd gözlə gözləyirik, ancaq Kürdəmirin, Zərdabın, Ucarın, Ağcəbədinin şoranlaşmış torpaqlarına gözümüzün ucu ilə də baxmırıq. Vətəni işğal edən, viran qoyan, bu vətənə yad olan, gəlmə olan erməniyə “getmə” deyirdik, gedənləri də su, ya şirniyyatla yola salırdıq. Sözümü kəsmə, iradını da özünə saxla, siyasət olduğunu mən də bilirəm…
Vətənin öz doğma sakinlərinə gözümüzü ağardırıq, maneələrlə qarşılayırıq. Mina? Bu ermənilər də çox qəribə tayfadır ha, minanı qazanc gələn yerlərə yox, “xeyirsiz” ərazilərə basdırıblar. Kasıbın vətənin minalayıblar, varlının vətəninə heç yaxın da düşməyiblər. Əxlaqsızlar! Vətəni müqəddəsləşdiririk. Ancaq həqiqət budur ki, Vətən onu sevənlər üçün yox, istifadə etməyi bacaranlar üçün müqəddəsdir. Vətənlə söhbətdən belə başa düşdüm ki, onu sevənləri “qoynuna” alır, ondan istifadə etməyi bacaranları isə ucaldır.
Səxavət Məmməd
Teref: Xocanın bloqu
 
Ardını oxu...
Dünya artıq bunlardan, bunların barbarlığından cana doyub
Bir cümlədə nə qədər məna ola bilər ki... Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Ukraynanın Qərbdən dəstəyini şərh edərkən kiçik bir cümlə ilə bunu bacardı. Görünür, hələ ki, tam sərxoş olmayıb, əgər o, fikirlərini aydın şəkildə ifadə edə bildisə: Ukrayna xalqının, Ukrayna rəhbərliyinin siyasi seçimi, Qərb koalisiyasının Ukraynaya dəstəyi və müttəfiqlərin maliyyə və hərbi yardımı ilə bağlı məntiqi olmasa da, bütün mülahizələrini bir fikirdə birləşdirə bildi.
Rusiya Federasiyasının eks-prezidenti dedi ki, “ipdən açılan it oğlu üçün yardım qaçılmaz sona yaxınlaşır”.
Beləliklə, onun “Telegram” paylaşımından sitat: “Onlar daha lazım olmadıqda Amerika özünün it oğullarına asanlıqla xəyanət edir. Deyəsən, Kiyev üçün bu dövr mütləq yaxınlaşır... ABŞ-da cana doyublar. Ukraynalılar çox pul yeyirlər, vəhşicəsinə oğurlayırlar və hərbi uğur qazanmırlar... İpindən açılmış it oğluna dəstək yaxınlaşır. Qaçılmaz son”.
"Özümüzün it oğlu" ifadəsi kifayət qədər məşhurdur, ümumiyyətlə, bu ifadə tamamilə hörmətsiz olan insanlar, daha çox münasibət saxlamaq məcburiyyətində qaldığınız siyasətçilər haqqında istifadə olunur. Ümumi bir versiyaya görə, “özümüzün it oğlu” ifadəsini Franklin Delano Ruzvelt 1939-cu ildə ölkədə diktatura qurulmuş Nikaraqua lideri Anastasio Somosaya deyib. Buna baxmayaraq, ABŞ Somosanı dəstəkləyir və yaxınlaşan müharibədə Nikaraquanı müttəfiq etməyə çalışırdı.
Lakin 1960-cı illərdə ABŞ-da bu ifadənin mənşəyinin daha bir neçə versiyası var idi və Ruzvelt və Somosa həmişə baş qəhrəman deyildilər. Belə ki, 1968-ci ildə jurnalist Alister Kukun xəbər verdiyi kimi, Prezident partiya yoldaşı, adı açıqlanmayan böyük bir şəhərin meri haqqında belə demişdi. Bir il sonra Sietl qəzetlərindən birində bir qeyd çıxdı, ona görə Ruzvelt Dominikan Respublikasının lideri Rafael Truxillonu “bizim it oğlumuz” adlandırmışdı.
Beləliklə:
- Medvedyev Ukraynanın özünü və onun rəhbərliyini, ehtimal ki, bu ölkənin Prezidentini “ipindən açılmış” hesab edir. Nə üçün? Rusiya ordusu tərəfindən qondarma "Xüsusi Hərbi Əməliyyat"ın yerinə yetirilməmiş məqsədlərinə və əslində - açıq hərbi təcavüz və bütün bundan irəli gələn şərtlər və nəticələrlə genişmiqyaslı müharibəyə görə. O müharibəyə görə ki, mülki əhali, o cümlədən uşaqlar, qadınlar, qocalar və bütün mülki infrastruktur və kommunikasiyalar məhv edildi. Qonşu dövlətə qarşı və “qardaş xalqın” təbirincə desək, demokratiya istəyinə, Rusiyadan fərqli öz yolunu seçməsinə, demokratik Qərb, rüşvətxorluğun, korrupsiyanın, xalqın ideoloji axmaqlığının, ümid və inamın kökünü kəsmək üçün kursun təyin olunduğu hüquqi dövlətdə ağ insanlar kimi yaşamaq istəyinə görə. O hüquqi dövlət yaratmaq haqqına görə ki, Medvedyev və onun bütün siyasi komandası görünür, bu torpaqların bir gün Rusiyanın olacağı ümidilə Ukrayna çöllərində qırılmaq üçün dəstə-dəstə atılan, qara torpağa gübrə verən rus kişi əhalisinin əlindən alıb.
- Təbii ki, Medvedyev Ukrayna Prezidenti Vladimir Zelenskini siyasətdə peşəkarlığı olmadığına görə Kremlin asan qələbə gözlədiyi, lakin Kremlin gözləntilərinin əksinə olaraq üz döndərdiyi “it oğlu” hesab edir. Vladimir Putin bunun təsdiqini Zelenskinin Parisdə Normandiya Formatında Rusiya-Ukrayna böhranının həlli üzrə sammitində seçilməsindən cəmi altı ay sonra aldı. Ancaq dünya möhtəşəm bir tamaşa gördü - Zelenski öz xalqı və “Sibir durnaları” üzərində qalib gələn görkəmli komandiri, Taman körfəzinin dibindən arxeoloji “amforaları” çıxaran “maço”nu ələ saldı və Putinin Ukraynada sülhün bərqərar olması ilə bağlı təkliflərini açıq şəkildə araya qoydu.
Rus istilasının ilk saatlarından özünün məğlubedilməzliyinə inanan Putin üçün gözlənilmədən yüngül janrın aktyoru ümumxalq müqavimətinə rəhbərlik etdi və “üç gündə qələbə” Putinin qalib hökuməti üçün ən böyük fəlakətə çevrildi. Rusiyanın dünyadakı geostrateji əhəmiyyəti, həm ölkənin, həm də şəxsən Putinin özünün imici və reputasiyası üçün. Ukraynaya qarşı müharibə Rusiyanın özü üçün yorucu oldu, yüz minlərlə vətəndaşını müharibə qazanına atdı, ona milyardlarla dollar hesabına başa gəldi, özünü tam təcrid vəziyyətində, Şimali Koreya və İran diktatorları və Kremlin masasından qalan yeməklərlə qidalanan az sayda Afrika qəbilə liderlərinin əhatəsində tapdı. Kreml heç vaxt Zelenskini özünün “it oğlu” edə bilməyib, buna görə də Kremlin ödəmələri hesabına ruhunu iblisə satan Medvedyev özü də ağzının suyunu dağıdır.
- Medvedyevin Qərbin Ukraynadan yorulacağına və işğalçıları öz torpaqlarından qovmaqda ona yardımı dayandıracağına dair ümidləri doğrulmayacaq. “Doymuşuq - çox pul yeyirlər, vəhşicəsinə oğurlayırlar və hərbi uğur qazanmırlar...” ifadəsi də tənqidə tab gətirmir. Sivil dünya ukraynalılardan deyil, 21-ci əsrdə Avropanın və Yaxın Şərqin mərkəzində HƏMAS terrorçularının əli ilə ağlasığmaz müharibəyə başlayan ruslardan “doydu”. Qərb ölkələrində özlərinə sadiq siyasətçilərin hakimiyyətə gəlməsini təmin etmək üçün öz “Vaqner”lərinin köməyi ilə Afrika ölkələrində dövlət çevrilişləri edərək, sivil dövlətlərin sadəcə olaraq sülh şəraitində yaşamasına mane olan və bütün seçkilərə, o cümlədən ABŞ-dakı seçkilərə müdaxilə edən ruslardan doyub. Dünyadakı xalq əmlakının əsas oğruları və soyğunçuları Rusiya rəhbərliyinin özüdür və Rusiya ordusunun özü hərbi uğur göstərmir, həbsxanalardan “top yemi” yığmağa və KXDR-in, İranın zalım rejimlərindən silah dilənməyə məcbur olur.
Və Qərbin Ukraynadan bezdiyinə ümidlər efemerdir, Medvedyev arzularını reallıq kimi qələmə verməyə çalışır - əksinə, avropalı və amerikalı siyasətçilərin fikrincə, Ukraynaya mümkün olan maksimum yardımın göstərilməsi istiqamətində həlledici dönüş var.
Barbarlar və onları Qərb ölkələrini fəth etmək yolunda saxlayan Ukraynaya Avropa ölkələri maliyyə və hərbi yardımı intensiv şəkildə artırmağa davam edir və Ukraynanın əsas müttəfiqi ABŞ və anti-Rusiya koalisiyasının baş komandanı Co Bayden, nəhayət, Rusiyanın cəlb etdiyi təsir qüvvələrinin bütün cəhdlərinə baxmayaraq, komandasındakı rusiyayönlü qüvvələrin müqavimətini qıra bildi və Putini HƏMAS ilə açıq şəkildə müqayisə etdi. Və Ağ Evin tələbi ilə Ukraynaya on milyardlarla dollar məbləğində yardım Konqress tərəfindən səs çoxluğu ilə təsdiqlənəcək, çünki bütün demokratlar və respublikaçıların üçdə ikisi qanun layihəsini, hətta Palatanın yeni sədri də dəstəkləyir. Kremlin Tramp tərəfdarı kimi böyük ümid bəslədiyi nümayəndələr palatasının sədri Mayk Conson hesab edir ki, Putini dayandırmaq lazımdır, çünki o, “Ukraynada dayanmayacaq”. Sadəcə, bir az gözləmək lazımdır, maliyyə məsələsi noyabrın sonuna kimi həll olunmalıdır.
Sonda qeyd edirik ki, Medvedyevin özünün məntiqinə əsasən, “it oğulları” ifadəsini çox güman ki, Rusiya rəhbərliyinin dəstəklədiyi HƏMAS terrorçularına aid etmək olar. Məhz Rusiya HƏMAS-ı yetişdirdi və İsrailə vəhşicəsinə işğalının lap əvvəlində onların liderlərini ən yüksək səviyyədə, ondan əvvəl isə bir neçə dəfə hətta Kremldə qəbul etdi. Lakin Zelenski təslim olmadı və Kremlə satılmadı, o, heç vaxt Rusiya rəhbərliyi üçün “özünün it oğlu” olmadı. Medvedyevi qəzəbləndirən də budur.
Müəllif: Mira Həsənova
ayna.az
 

Dünyapress TV

Xəbər lenti