Ardını oxu...
Azərbaycan parlamentinə seçkilərə artıq 1 həftə qaldı. Bu 1 həftə ərzində bir çox namizədlər seçicilərin ətəklərindən yapışaraq, onlardan səs istəyib, deputatlıq kreslosunu ələ keçirməyə çalışacaq.

Sözsüz ki, mandat əldə etmək bu şəxslər üçün çox ülvi bir hissdir. Ən azından, bəzi deputatlar 30 ildir artıq kreslosu ilə bir bütün olub. Hətta bəziləri o qədər kreslolarını sevirlər ki, estafeti övladlarına belə ötürürlər.

Avqustun 9-dan bəri bir çox namizədin sosial şəbəkə hesablarına baxmışıq. Çoxları əli qabar tutmuş, beli bükülmüş kəndlilərlə görüşündə özünü elə ağayana aparır ki, sanki alçaq dağları bu adam yaradıb. Hətta elələri də var ki, əlacı olsa, o adamların üzünə deyər ki, “burada mənəm, Bağdadda isə kor xəlifə”. Düzdür, onsuz da seçkilərdən sonra öz xəlifəlik həyatını bu adamların bəziləri Milli Məclisin deputat kreslosunda yaşayırlar.
Parlament çox qəribə bir yerdir. Orada susan-danışan, dinən-dinməyən, alovlu və pafoslu çıxışlar edənlərlə yanaşı, mandatını bərkidib altına mal-mülk yığanlar da çoxdur. Biz onların mal-dövlətindən yazmaqdan yorulsaq da, görünən odur ki, onlar var-dövlətlərinə var-dövlət qatmaqdan heç yorulmurlar.

Parlamentdə danışanların əksi olaraq, fəaliyyəti dövründə susan deputatlar da çoxluq təşkil edir. Onlardan biri də parlamentin VI çağırış deputatı olan Ülviyyə Ağayevadır.
Yenicag.az-ın seçki marafonu ilə bağlı başlatdığı silsilə məqalələr çərçivəsində bu gün də Ülviyyə xanımı “qonaq etmək” istədik.

Namizədliyini 107 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən bitərəf şəkildə verən xanım Ağayeva ilə bağlı apardığımız araşdırmalardan məlum olur ki, Tovuzun deputatı sayılan Ülviyyə Ağayevanın fəaliyyətindən Tovuz camaatı heç də razı qalmayıb. Belə ki, seçicilər onun parlamentdə hansısa problemi qaldırmasını, onların müraciətlərinə həssas yanaşmasını demək olar ki, görməyiblər. Ona görə seçicilərin əksəriyyəti Ü.Ağayevadan əlini üzüb.

Amma ondan narazı qalan təkcə sadə insanlar olmayıb. Hətta Vətən müharibəsinin qəhrəmanları da Ülviyyə xanımın Tovuza və tovuzlulara olan laqeydliyindən şikayət ediblər.

2021-ci ildə Tovuzun Aşağı Quşçu kəndindən olan qazi Tağıyev Aslan Varis oğlu da deputatdan şikayət edənlərdən olub. Yerli mətbuatda onun şikayəti ilə bağlı yazılan yazıdan bəlli olub ki, Qarabağ qazisi imkanı olmadığı üçün dərmanlarını almaq məqsədi ilə Tovuzun deputatı Ülviyyə Ağayevaya müraciət edib:

“Maddi vəziyyətim pisdir, dərmanlar alınmalıdır. Köməkçisi dedi ki, xəbər verəcəm, cavab çıxmadı. Sonra bir xeyriyyəçi dostumuz var, Yeganə xanım, sağ olsun, mənə yardım etdi. Sonra Ülviyyə Ağayeva açıqlama yayıb ki, ondan dərman yox, pul istəyib. Əgər istəmişəmsə, vəziyyətim pisdir ki, istəmişəm”.

Göründüyü kimi, qazini vadar ediblər ki, Tovuzdan Bakıya gəlsin, Prezidentə müraciət etsin. Halbuki, deputat öz dairəsinin ərazisində yaşayan qazinin müalicəsinə hərtərəfli dəstək olmalıydı. Amma seçicilərinə yaramayan Ü.Ağayevanın qaziyə yardımçı olmaması təəccübləndirmədi.

Çünki bir deputat olaraq bu illər ərzində Ü.Ağayevanın hansısa vətəndaşın, tovuzlunun probleminə ürək qızdırması praktikada yoxdur. Özü isə həmin illərdə sosial şəbəkə hesabında açıqlama yayıb, bildirmişdi ki, TƏBİB-in rəhbərliyi ilə əlaqə saxlayıb və Tovuz rayon İcra Hakimiyyətinə də müraciəti əsasında dərhal qazinin Qazax Rayonlararası Psixiatriya Xəstəxanasına yola salınması üçün maşın ayrılıb, müayinə olunub, ona müalicəsi üçün dərmanlar yazılıb.

Deputat demişdi ki, köməkçisi Arzu Musayeva qazinin evində yaşadığı əmisi oğluna dərmanların onlara səhər tezdən çatdırılacağını bildirib. Cavab olaraq isə dərmanlara ehtiyacın olmadığını, Tovuz rayonunda yaşayan xeyriyyəçi xanımların köməklik edəcəyi bildirilmişdi. Qısacası, deputat və köməkçisi bir xeyriyyəçinin A.Tağıyevə yardım etdiyini biləndə öz dəstəklərini əsirgəyiblər. Qısacası, qazisinə laqeyd davranan deputat digər seçicilərinə niyə yaxşı davransın ki?

Ülviyyə xanımla bağlı etirazlar bununla da bitməyib. 2020-ci il parlament seçkilərində onun seçki təbliğatı zamanı bəzi qanunların pozması ilə bağlı dövri mətbuatda gedən yazını qısaca təqdim edirik:

“Ü.Ağayeva inzibati resurslardan, administrastiv imkanlardan istifadə edərək seçki təbliğatını aparır. Xanım namizədin sosial mediada yayılan fotoları ilə bağlı məlumat verilib ki, seçicilərlə görüşlərə məktəb direktorları, onların müavinləri ilə gedir. Tovuzun təhsil ictimaiyyətini özünün təbliğat kampaniyasına cəlb edən Ü.Ağayeva bununla seçki qanunu pozub.

Məktəb direktorları, müavinlər və müəllimlər təbliğat kampaniyasında hansısa namizədin ruporu, dəstəkçisi rolunu oynaya bilməz. Lakin heç bir elektoratı, seçici dəstəyi ala bilməyən Ü. Ağayeva təzədən bu dairədən deputat olmaq üçün onların imkanlarından yararlanır. Çünki nə seçki komandası var, nə də seçicilər onunla görüşlərdə iştirak edirlər.

V çağırış üzrə deputat olmuş Ü. Ağayeva 5 il ərzində heç bir fəaliyyəti, seçicilərlə görüşü, onların problemlərinə ürək qızdırması, qanu

n layihələrinin irəli sürülməsində təşəbbüskarlığı ilə seçilməyib.

Bu dairədə BDU-nun dosenti Vüsalə Dadaşova, ATU-da şöbə müdiri Nurlana Əliyeva, işsiz Sadiq Əsgərov, BDU dosenti Turqay Hüseynov, kredit mütəxəssisi Elvin İsmayılov, “42-ci paralel” jurnalının baş redaktoru Mehriban Məmmədova, 2 saylı uşaq bağçasının müdiri Günay Seyidovadır. YAP-ın namizədi isə Tovuz Statistika İdarəsinin rəisi Niyazi Tağıyevdir. Bu siyahı hər şeyi ifadə edir və Ü.Ağayevanın deputatlıq yolunda “yaşıl işıq” yandırılır.

Ü.Ağayevanın bu günə qədər nəzərə çarpan bir fəaliyyəti, hətta bir müsahibəsi, bir açıqlaması belə yoxdur. İllərdir mətbuatdayıq, amma bu deputatın bir dəfə də olsun fəaliyyəti ilə bağlı xəbər oxumamışıq. Deputat olan şəxsi heç olmazsa, öz xalqı, seçiciləri və mətbuat tanımalıdır. Amma təəssüf…

Bəlkə də Ülviyyə xanım reklamı çox sevmədiyindən mətbuata çıxmır. Ancaq heç olmasa belə bir deputatın var olmasını bilmək lazımdır”.
Yazıdan da göründüyü kimi, 9 ildən çoxdur deputat olan xanım Ağayeva bu illər ərzində 1 dəfə də olsun seçildiyi dairəyə xeyir verməyib. Milli Məclisin ən passiv deputatlarından olan Ülviyyə xanım bu il də seçilmək eşqinə düşüb.

Mövzunu davam etdirəcəyik…

 
 
 
Ardını oxu...
Binəqədi rayonu, 9-cu mikrorayon ərazisindəki böyük “Zeytunluq” dalanı adlanan ərazi taleyin ümidinə buraxılıb. Minlərlə zeytun ağacı olan böyük ərazi baxımsızlıqdan məhv olmaq üzrədir. Yaşıllıqlar aylardır sulanmır, ağaclar budanmır və göz görə-görə məhv edilir.

Bu barədə Tribunainfo.az-a yaxımlıqda yaşayan sakinlər məlumat verib. Onlar bildirir ki, böyük bir ərazini əhatə edən zeytun ağacları ilə məşhur bağda ağacların çoxu susuzluqdan artıq yanıb. Bütün yay ayı ərzində bağ bir dəfə də sulanmayıb. Torpaq qup-quru, ağaclar günəşdən məhv olmaq üzrədir:

“Halbuki sulansa, baxılsa ağaclar daha da yaşıllaşar, məhv olmaz. Sulanmadığı üçün bar da vermir. Biri gəlib ağacı kəssə 3-4 durum birdən gəlib cərimə yazacaq. Bəs niyə özləri bu ağacları yandırıb məhv edirlər. Bu da cərimələnməli hal deyil ki?”.



Sakinlər bildirib ki, dəfələrlə aidiyyəti qurumlara müraciət ediblər. Ancaq vəziyyət dəyişmir:

“Neçə dəfə aidiyyati qurumlara müraciət etmişik. Bir bu cavabı verirlər ki, məsuliyyətsiz işçiləri cəzalandıracağıq. Aylardır cəzalandırılan yoxdu. Nə də gəlib bağa baxan, ağacları sulayan var. Gəlin, su verin bu ağaclara, yazıqdı, məhv olur bu yaşıllıq. Noyabrda COP29 keçiriləcək Bakıda. Binəqədi rayonu belə hazırlaşır COP29-a? Binəqədi Rayon İcra Hakimiyyəti tədbir görsün , rayonun ərazisidir də, onların adıdır. Axır bir qurum yoxdu ki, bu ağacları məhv olmaqdan qurtarsın?”.
Ardını oxu...

Milli Məclisə seçkilərin keçirilməsi fonunda bir çox şəxslər, hətta tanınmış siyasətçilər yenidən parlamentə düşmək uğrunda mübarizə aparmağa başlayıblar. Builki seçkilərdə şansını sınamaq istəyən deputatlardan biri də hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan İmamverdi İsmayılovdur.

 

Adətən, namizədliyini verən bəzi şəxslər və onların fəaliyyəti ilə bağlı qısa araşdırma aparanda bu adamların milyonluq mal-mülkləri ilə bağlı informasiyalar qarşımıza çıxır. Təəssüf ki, İ.İsmayılov da bu qəbildən olan deputatlardan biridir.

27 il işğal altında qalan Zəngilan və Qubadlını təmsil edən İ.İsmayılovun fəaliyyətinə fikir versək, adıçəkilən rayonlardan olan şəxslər üçün ciddi nələrsə etməyinin şahidi olarıq. Hətta Qubadlı-Zəngilan camaatının dərd-sərini söyləmək üçün onu on illərdir axtarıb tapa bilmədiyini də söyləsək, yanılmarıq.

Yenicag.az-ın qalmaqallı deputatlar rubrikasının növbəti “qonağı” olan İ. İsmayılov parlamentdə səssizliyini qoruyan şəxslərdən biridir. Bəzi deputat həmkarları kimi villa yarışında ən yüksək pilləyə çıxmaq istəyən cənab İsmayılovun adı, əsasən, biznes fəaliyyəti və qaranlıq işləri ilə bağlıdır. Qısa araşdırma nəticəsində İ.İsmayılovla bağlı dövri mətbuatda yayılan informasiyalardan bəlli olub ki, onun Sumqayıtda restoranları, şadlıq evləri, internet-klubları və dükanları mövcuddur. Hətta qeyd olunur ki, onun ölkədəki tikinti mallarının biznesində, Sumqayıt maşın bazarında payı da var. Məlumatlara görə, deputat ölkənin müxtəlif bölgələrində də özünə iş qurub. Onun Şamaxıda fermer təsərrüfatının, İmişlidə çınqıl karxanasının olduğu da yayılan xəbərlər sırasındadır.

Hətta bahalı avtomobil həvəskarı olan cənab İsmayılovun 10-AA-706 dövlət nömrə nişanı olan “Mercedes” S-Class və 10-EE-888 nömrə nişanlı “Lexus” markalı maşınlarının olmasına dair də məlumatlar dərc olunub. Qeyd olunan digər bir iddia isə İ.İsmayılovun 5 il bundan öncə Sumqayıtda özünə bahalı villa tikdirməsi ilə bağlı verilən informasiyalar idi. Deyilənlərə görə, o, bu villanın tikintisinə 700 min manatdan çox pul sərf edib.

Hələ deputatın maşın bazarında payından başqa, onun ailəsinə məxsus xüsusi avtomobil seriyaların olduğu da qeyd olunur. Məlumata görə, 999 və 888 seriya nömrələri yalnız İsmayılovlar ailəsinə məxsusdur və onu “özəlləşdirən” də deputatın oğlu – Sumqayıt Qeydiyyat İmtahan və Texniki Baxış Şöbəsinin rəis müavini, mayor İlkin İsmayılovdur. Həmin İlkin İsmayılov ki, adı qalmaqallı bir qətl işinə belə qarışmışdı. Qubada hoteldə qətlə yetirilən Könül Zalovanın idarə etdiyi avtomobilin də İsmayılovlara məxsus 999 seriyası daşıdığı məlum olmuşdu.

O vaxt Zalovaya məxsus ağ rəngli “İnfiniti FX 35” markalı, 10-OD-999 dövlət nömrə-nişanlı avtomobilin nömrəsinin İlkin İsmayılovla əlaqəli olduğu iddia edilmişdi. Hadisə zamanı İlkin İsmayılovun nömrə alveri ilə məşğul olması barədə söz-söhbətlərin də yayılmasına səbəb olmuşdu.

Bundan başqa, deputatın adı daha bir qalmaqallı işdə – MTN işində də keçib. O zaman həbsdə olan “Gündəlik Bakı” qəzetinin baş redaktorunun istintaqı zamanı onun arxasında dayanan şəxslərdən birinin Milli Məclisin üzvü İmamverdi İsmayılov olduğu üzə çıxmışdı. Onun qəzet vasitəsilə bəzi məmurlar haqqında informasiyalar yazdırdığı da bəlli olub.

Mətbuatda onun oğlu ilə bağlı başqa bir qalmaqallı xəbər isə İlkin İsmayılovun direktoru şagirdlərin önündə döyməsi xəbəri idi.

Amma göründüyü kimi, deputat bütün bu qara işlərin içindən sapsağlam çıxıb və hələ növbəti seçkilərdə də deputat olmaq iddiasındadır.

Məclislərin birində İsmayılov seçicilərə borcu olmadığını, haqqını lazım olan yerlərə verib, mandat aldığını bildirib. Onun seçicilərlə 29 illik münasibətsizliyi də bunu açıq şəkildə sübut edir.

Tarixə qısa ekskurs etsək, görərik ki, deputat həyatında bir dəfə Sumqayıtdakı məcburi köçkünlərin arasına gəlib un paylayıb. O undan da insanlar kütləvi şəkildə zəhərlənib.

Araşdırma zamanı məlum olub ki, həmin un məcburi köçkünlərə yardım üçün gəlib, lakin paylanmadığına görə anbarda qalıb və vaxtı keçmiş məhsul olub. Bəlli ki, Azərbaycan reallığında deputatdan seçicilərin razı qalıb-qalmadığı çox da önəmli deyil. Əsas olan həmin adamın var-dövlətinə var-dövlət qatmasıdır. İ.İsmayılov da belə deputatlardan biri kimi bizim xatirimizdə qalıb.

Mövzunu davam etdirəcəyik…   (Yenigundem.az)

Ardını oxu...
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan mədəniyyətinin hamisi, Azərbaycanın birinci vitse -prezidenti Mehriban xanım Əliyevanın ad günüdür...

TEREF xəbər verir ki, "Yenixeber.org"a verilən məlumata görə, bu gün Ağdamın Ergi qəsəbəsində Mehriban xanımın ad günü münasibətilə iməcilik təşkil olunub. Belə ki, qəsəbə sakinləri otuz ildən çox müddətdə keçilməz olan və 20 mindən çox sakinin gediş- gəliş yolu olan əsas yolun təmiri üçün bu gün Mehriban xanım Əliyevanın ad günü şərəfinə iməcilik təşkil ediblər. Yerli sakinlər bunun üçün öz vəsaitləri hesabına yolda cari təmir aparılması üçün iməcilik keçiriblər, yolun dərə- təpə hissəsinin hamarlanması üçün öz vəsaitləri hesabına ağır texnika cəlb ediblər. Lakin yerli sakinlərin Yenixeber.org -a verdiyi məlumatdan belə məlum olur ki, Ağdam rayon İH başçısının birinci müavini Allahverən Əliyev bu günlərdə onun Azərbaycan Seçki Məcəlləsinin bütün tələblərini pozaraq uzun illər Ramiz Mehdiyev tərəfindən Ağdamdan deputat edilmiş Bəxtiyar Əliyevin xeyrinə inzibati resurslardan istifadə edib sonuncunun seçki təbliğatında birbaşa iştirak etdiyindən MSK- ya şikayət vermiş digər namizəd- Asif Mərzilinin də bu iməciliyə dəvət edildiyini bilən kimi yolun təmiri işlərinin dayandırılmasına göstəriş vermişdir. Nəticədə Ergi qəsəbəsinin köçkün sakinlərinin Mehriban xanım Əliyevanın ad günü şərəfinə təşkil etdikləri iməcilik pozulmuşdur.
Ardını oxu...
Yerli sakinlər Allahverən Əliyevin bu hərəkətini təxribat adlandıraraq Prezident Administrasiyasına teleqram vuracaqlarını bildiriblər.

Bəs rayonun icra başçısının birinci müavininin bu cür hərəkətinə nə ad vermək olar?

Biz məlumatla bağlı deputatlığa namizəd Asif Mərzili ilə də əlaqə saxladıq. Bizimlə telefon söhbətində Asif müəllim faktı təsdiqlədi...
 

Ardını oxu...
Şəki rayonun Baş Göynük kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, “Nəbz” klinikansının arxasında kirayədə yaşayan Müstafayev Toğrul Kərim oğlu tərəfindən Prezident İlham Əliyevə müraciət ünvanlanıb. Bir nüsxəsi də Dia-az.İnfo-ya daxil olan müraciətdə narazı vətəndaş “Nərimanov” parkında gördüyü işlərin müqabilində 15000 manat pulunu ala bilməməsindən gileylənir.

Narazı vətəndaş yazır: "Bir daha Sizlərə minnətdarlığımızı bildirmək istəyirik ona görə ki, Siz 44 günlük Vətən Müharibəsinə Qarabağ Problemini birdəfəlik həll etdiniz. Biz də bir seçici kimi 7 fevralda hamılıqla Sizi yenidən dövlətimizə başçı seçdik. İndi sülh dövründə Siz həm azad edilmiş torpaqlarda, həm də Bakının bir çox işlərin görülməsinə start vermisiniz. Məslən, Sizin şəxsən bu ilin iyulun 2-də açılışında iştirak etdiyiniz “Nərimanov” parkında biz 7 nəfər daş ustası döşəmə tamett-metlax işləri görmüşük. Sağ olsun Nərimanov İH-nin başçısı Elgün müəllim günaşırı gəlib bizim gördüyümüz işlərlə yerində tanış olur, sadə bir vətəndaş kimi bizimlə söhbətlər edirdi. Gördüyümüz işlərə isə Nərimanov rayon RJU-nun müdiri Manaf Manafov nəzarət edirdi. Gördüyümüz işlərin haqqının bir hissəsi iş gördüyümüz zaman ödənilmişdir. Düzdür, Manaf müəllim 3 aydır ki, bu gün sabah deyərək pullarımızın verilməsinə vədlər versə də hələlik görünən budur ki, ortalıqda heçnə yoxdur. Artıq biz 7 nəfər bir birimizdən şübhələnməyə başlamışıq ki, bu boyda rəsmi adamlar vəd edibsə yəqin ki, yalan danışmazlar. Yəqin ki, pulu birimizdən kiməsə veriblər. İndi biz 7 nəfər bir birimizi pulun alınmasında ittiham edirik.

Ona görə də, cənab Prezident, Sizdən çox xahiş edirəm ki, bizim çoxumuzun iş dalınca Bakıya gələrək kirayədə yaşamağımızı nəzrə alaraq “Nərimanov” parkda gördüyümüz işlərin son hesablaşması olan 15000 manatın kimə verilməsi barədə araşdırma aparılmasına göstəriş verəsiniz".
 
Ardını oxu...
"Son bir ildir ki, Laçnda, eləcə də Zabuxda inşa edilən evlərin keyfiyyətsizliyi ilə bağlı ölkə mediasında, sosial şəbəkələrdə çoxlu məlumatlar yayılmaqdadır. Yayılan video görüntülərdən də görünür ki, tikilən evlərin bir qismi həqiqətən də çox keyfiyyəsizdir və öz-özünə uçub tökülür".

Bu barədə Dia-az.İnfo-ya göndərilən məqalədə deyilir. Məqalədə daha sonra bildirilir:

"Tikililərin keyfiyyətsiz olmasına səbəb isə tikinti işinə ayrılan vəsaitlərin mənimsənilməsidir. Buna görə isə məsuliyyət heç şübhəsiz əlaqədar qurum və şəxslərin üzərinə düşür. Laçında aparılan tikinti işlərinə görə məsuliyyət daşıyan şəxslərdən biri, bəlkə də birincisi “Bakı Abadlıq Xidməti” MMC-nin direktor müavini, “Laçın Abadlıq Xidməti”nin rəhbəri Nəsimi Əsədovdur.

Bir neçə ildir ki, “Bakı Abadlıq Xidməti” MMC-nin direktor müavini işləyən Nəsimi Əsədov, Laçında tikinti işləri başlayandan sonra şəxsi büdcəsini sürətlə genişləndirməyə, sahib olduğu daşınmaz əmlakların sayını artırmağa başlayıb. “Laçın Abadalıq Xidməti”nin rəhbəri kimi bütün tikinti prosesinə rəhbərlik edən bu şəxs, özünə “Lexus” markalı bahalı avtomobil alıb, Ceyranbatan qəsəbəsində qoşa villa inşa edib. Hər biri bir milyon manat dəyərində oıan villaların həyətində nəhəng hovuzlar, böyük meyvə bağları mövcuddur.

Laçınlıların doğma yurda köç etdiyi bir vaxtda Nəsimi Əsədov öz ailəsini Bakı həyatından ayırmır. Belə ki, onun övladları Bakıda rus sektorunda təhsil almaqda, xüsusi sürücü və baxıcıların qulluğundan faydalanmaqdadır..."

DAVAMI MÜTLƏQ OLACAQ...
 
Ardını oxu...
Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi 47 ünvanında yaşayan sakinlər tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Sakinlər yazırlar ki, yaşadıqları binanın illərdir kanalizasiya problemi olsa da, səlahiyyətli qurumlar müraciətlərinə baxmırlar:

“Biz, sakinlər, artıq bu çarəsizlikdən bezmişik. Binanın zirzəmisinə kanalizasiya suları yığılır, iy-qoxudan ətrafda durmaq olmur. Evlərə həşaratlar daraşıb. Nizami rayon İcra Hakimiyyəti və “JEK” bu vəziyyətə məhəl qoymur.

Kanalizasiya İdarəsinə müraciət edirik, gəlib suyu çəkib gedirlər, amma sistemi heç bir qurum təmir etmir.

Biz, bina sakinləri, çalışdığımız qədər həyətimizi abad saxlayırıq. Amma bu bezdirici, iyrənc problemdən illərdir canımızı qurtara bilmirik. İcra Hakimiyyətinə və “JEK”-ə gedib şikayətlərimizi bildirmişik, lakin tədbir görən yoxdur.

Binanın ətrafında açılan yeni obyektlərdən sonra, indi də zirzəminin içinə çirkab suları axır.

Qeyd edək ki, biz İcra Hakimiyyətinin 150 metrliyində, yəni mərkəzi yolun üstündəki binanın sakinləriyik.

Hörmətli redaksiya!

Bizim müraciətimizi işıqlandırın, bəlkə problemimiz həllini tapar”.

Məsələ ilə bağlı Nizami Rayon İcra Hakimiyyətinin ərazi üzrə nümayəndəsi Natiq Quliyevlə əlaqə saxladıq. O, məsələnin araşdırılıb, tədbir görüləcəyini bildirdi.

Jalə FAMİLQIZI

Redaksiyadan: Mövzunu diqqətdə saxlayacağıq.
 
Ardını oxu...
61saylı Qusar seçki dairəsindən YAP-ın deputatlığa namizədi Azər Badamov təbliğat kampaniyasında inzibati resurslardan səmərəli istifadə edir.

AzFakt.com-a verilən məlumata görə Azər Badamovun təbliğat -təşviqatında məktəb müəllimləri,tibb işçiləri, kitabxana əməkdaşları, musiqi məktəbinin müəllimləri, həmçinin Qusar rayon kəndlərinin icra nümayəndələri və seçki məntəqələrinin üzvlərinin belə görüşlərdə iştirak edilməsi təmin olunur .Qusar rayonunda böyük biznes obyektlərini işlədən qardaşının rəhbərliyi ilə həyata keçirildiyi bildirilir, və hər görüşə onlarla adam aparanı mükafatlanıdrıldığı qeyd olunur. Bilgilərə görə yerli sakinlər onunla görüşməkdən imtina edirlər. Amma pul müqabilində işsiz olanlar buna razılaşıblar. Əldə olunan məlumatlarda qeyd olunur ki, Qusar rayonu Avaran kənd icra nümayəndəsi Sabir Fərzəliyev və Avaran kənd bələdiyyə sədri Babayev Hacıbala belə yerli sakinlərlə görüşündə iştirak ediblər. Həmçinin Köhnə Xudatda Azər Badamovun seçicilərlə görüşü zamanı icra nümayəndəsi Eldar Hacıbalayev belə açıq aşkar görüşdə yanında dayanır. Bütün bu faktları Azər Badamov öz şəxsi facebook səhifəsində paylaşım edir.
Ardını oxu...
Göründüyü kimi IV, V və VI çağırış Milli Məclisin deputatı olan Azər Badamov qanunları özü qəbul edilməsində parlamentdə iştirak etsədə sadəcə düyməni basmaqla lehiyə səs verməklə kifayətlənib. Əgər o qanunun mahiyətindən xəbərdar olsa idi bilərdi ki, inzabit orqanların əməkdaşları seçki təbliğat- təşviqatın kampaniyası zamanı iştirak edilməsi qanunla qadağandır.
Ardını oxu...
Bəs görəsən Azər Badamov bunları bilmir icra nümayəndələrinə nə olub onlar niyə qanunu pozur?

Məlumatlarda bildirilir ki, Azər Badamov son günlər çıxılmaz vəziyyətə düşüb, rayonda və kəndlərdə onunla görüşməkdən imtina edirlər. Lakin əhalidən bu münasibəti görən Azər Badamov bütün resurlarını işə salaraq yerli eğsaqqalları kəndlərə görüşdən öncə göndərərək hər hansı bir xoşəgəlməz hal olmamasını özü üçün sığortalayır.
Ardını oxu...
Qeyd edək ki, bütün qeyd olunanlar Seçki Məcəlləsində olan müddəaları pozmaq sayılır. Məcəllənin 74.4.2- maddəsi ilə vəzifələrini və ya xidməti vəzifələrini yerinə yetirənlər seçkiqabağı təşviqatın aparılması, seçkiqabağı hər hansı təşviqat materiallarının yayılması qadağan edilmişdir. Bundan başqa Vəzifə və xidməti mövqedən üstünlük əldə etmək məqsədi ilə istifadə olunması halları müəyyənləşdirilmiş və bunun nəticəsində Şeçki Məcəlləsinin 69.4-cü bəndinə əsasən bərabərlik prinsiplərinin pozulması müəyyənləşdirilib.
Əlavə olaraq Seçki Məcəlləsinin 55.2.1-ci maddəsinə görə tabelikdə və ya digər xidməti asılılıqda olan dövlət və bələdiyyə qulluqçuları sayılan şəxsləri iş vaxtı namizəd irəli sürülməsinə və ya seçilməyə kömək göstərən fəaliyyətə cəlb etmək həmin məcəllənin 55.2-ci bəndinə əsasən vəzifə səlahiyyətlərindən sui istifadə hallarına gətirən mövqe kimi qiymətləndirilir.
Ardını oxu...
Deputatlığa namizəd məntəqə üzvlərindən təvşiqatı üçün istifadə edə bilməz həmçinin yerli icra nümayəndələrinin əməkdaşlarıda təbliğat-təşviqat kampaniyasında iştirak etməsi yolverilməzdir və seçki qanunun kobud şəkildə pozulması deməkdir.

Bu fotofaktlar qanunla araşdırılsa, Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 25.2.2-ci maddəsinin qaydalarının pozulması ilə əlaqədar Mərkəzi Seçki Komissiyası tərəfindən əsaslandırılmış qərar qəbul olunaraq 61 saylı Qusar seçki dairəsindən Azər Badamovun deputatlığa namizədliyi ləğv oluna bilər.
Ardını oxu...
 
 
 
Ardını oxu...
Qarabağ Regional Elektrik Şəbəkəsinin rəisini vəzifəyə Ramil Yusifov təyin etdirib?

Son illər "Azərişıq" ASC-də baş tutan bəzi kadr təyinatları ciddi narazılıqlar yaradır. Adları müxtəlif qalmaqallarda hallanan bəzi məmurların gündən-günə vəzifəsinin yüksəldilməsi birmənalı qarşılanmır.

AzFakt.com xəbər verir ki, “Azərişıq” ASC-də belə məmurlardan biri də Qarabağ Regional Elektrik Şəbəkəsinin rəisi Canəhməd Əhmədovdur. Adı korrupsiya cinayətində keçən və müxtəlif qalmaqallarda hallanan Canəhməd Əhmədovun vəzifəsi bilinməyən səbələrdən gündən-günə yüksəlməkdədir.

Görəsən, Canəhməd Əhmədovun hansı qabiliyyətləri “Azərişıq” ASC rəhbərliyinin xoşuna gəlib ki, onu ölkənin göz bəbəyi olan və düşməndən qanımız bahasına geri qayatardığımız cənnət-məkan Qarabağ ərazisinə yüksək vəzifə başına gətirilib? Əgər savadlı və peşəkar kadr axtarılırsa, o regionun özündə nüfuzlu ali məktəblərdə müvafiq təhsil alaraq uzun illər bu sahədə çalışmış, öz işinin peşəkarı olan, dövlətini və xalqını sevən, namuslu və çox savadlı kadrlar kifayət qədərdir.

Bildirək ki, Canəhməd Əhmədov haqqında çoxsaylı şikayətlər səbəbindən 2017-ci ildə yol verdiyi nöqsanlara görə “Azərişıq” ASC-nin Qaradağ rayon Elektrik Təchizatı və Satışı İdarəsinin rəisi vəzifəsindən çıxarılıb. Bir müddət işsiz qaldıqdan sonra özünə yeni himayədar taparaq daha yüksək vəzifəyə - Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsinin (ARETSİ) müdiri vəzifəsinə təyinat alıb.
Ardını oxu...
Daha sonra 05.05.2020-ci il tarixdə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən İmişli rayon İcra Hakimiyyətində korrupsiya və rüşvət əməllərinə yol verən, dövlət əmlakını mənimsəyən şəxslərə, eləcə də dövlət əmlakını talayan şəxslərə qarşı keçirdiyi əməliyyatda cinayət məsuliyyətinə cəlb edilənlər arasında Canəhməd Əhmədovund adı keçirdi. Belə ki, DTX-nin keçirdiyi korrupsiya əməliyyatında İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin barəsində həbs qətiimkan tədbiri seçilmiş, digər 8 vəzifəli şəxs barəsində isə polis nəzarəti altına verilmə qərarı qəbul edilmişdi.

Yayılan rəsmi məlumatlarda bildirilirdi ki, digər dövlət məmurlarından Maliyyə Nazirliyinin İmişli rayon şöbəsinin müdiri Rəhim Rəhimov, sabiq xəstəxana müdiri Cəsur Paşayev, "Azərişıq” ASC-nin Aran RETSİ-nin rəisi Canəhməd Əhmədov və başqalarının barəsində də rüşvət vermə və dövlət əmlakını mənimsəmə faktları ilə bağlı araşdırmalar davam etdirilməkdədir.
Ardını oxu...
Əməliyat-istintaq tədbirləri zamanı məlum olub ki, Canəhməd Əhmədov dövlət qayğısına ehtiyacı olan şəxslər üçün nəzərdə tutulan dövlət hesabına tikilmiş bir neçə evi İmişli rayonunda hər birini 10000 manata rüşvət müqabilində əldə edib. Ölkə qanunverciliyində rüşvət verilməsi cinayətdir.

Həmin hadisədən bir müddət keçdikdən sonra Canəhməd Əhmədovun öz ərizəsi ilə "Azərişıq” ASC-nin Aran RETSİ-nin rəisi vəzifəsindən çıxarıldığı barədə rəsmi məlumat yayıldı. Qısa zaman işsiz qalan Canəhməd Əhmədovun köməyinə yenə də himayədarı çatır. Bu dəfə isə Canəhməd Əhmədov Qarabağ Regional Elektrik Şəbəkəsinin rəisi vəzifəsinə təyinat alır.

Gördüynüz kimi, adı korrupsiya işində keçən və müxtəlif qalmaqallarda hallanan Canəhməd Əhmədov işsiz qalmamaqla bərabər həm də daha yüksək, daha prespektivli vəzifələrə təyinat almaqda davam edir.

AzFakt.com-un əldə etdiyi məlumata görə, Canəhməd Əhmədovun “Azərişıq” ASC-də himayədarı sədrin müavini Ramil Yusifovdur.

Qeyd edək ki, mətbuatda təkzib edilməyən məlumatlara görə, Canəhməd Əhmədovun xeyli sayda obyekti, mal-mülkü var. Bu obyektlərdən biri də Qusar rayonunda yerləşən "KARVAN” motel-restoran şəbəkəsidir.

Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.
 
Ardını oxu...
Sentyabrın 1-də ölkəmizdə keçiriləcək növbədənkənar parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası davam edir.

TEREF Mia.az-a istinadla bildirir ki, 88 saylı Şamaxı Seçki Dairəsindən deputatlığa namizəd Cəfərova Tamam Şaməmməd qızı Seçki Məcəlləsinin tələblərini pozaraq təbliğat-təşviqat kampaniyasının qanunazidd aparılması hallarına yol verib.

Halbuki seçkiqabağı təbliğat-təşviqat kampaniyası Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsinə və Seçki Məcəlləsinə əsasən aparılmalıdır.

T. Cəfərova isə Şamaxı Rayon Mərkəzi Xəstəxanasının inzibati binasının akt zalında xəstəxana kollektivi ilə görüş keçirib, təbliğat-təşviqat materiallarını kollektivə təqdim edib, məlum görüşün görüntülərini 24.08.2024-cü ildə sosial media hesablarında paylaşıb.
Ardını oxu...
Bəs qanun nə deyir?

Seçki Məcəlləsinin 74.4.2-ci maddəsinə əsasən vəzifələrini və ya xidməti vəzifələrini yerinə yetirərkən, həm də vəzifəsindən və ya xidməti üstünlüyündən istifadə etməklə dövlət orqanlarında, idarələrində, təşkilatlarında və ya bələdiyyə orqanlarında və təşkilatlarında vəzifədə olan şəxslərə, dövlət və bələdiyyə qulluqçularına, hərbi qulluqçulara seçkiqabağı təşviqatın aparılması, seçkiqabağı hər hansı təşviqat materiallarının yayılması qadağan edilir. Bundan başqa, vəzifə və xidməti mövqedən üstünlük əldə etmək məqsədi ilə istifadə olunması halları müəyyənləşdirilib və bunun nəticəsində Şeçki Məcəlləsinin 69.4-cü bəndinə əsasən bərabərlik prinsipləri pozulub.

Əlavə olaraq Seçki Məcəlləsinin 55.2.1-ci maddəsinə görə tabelikdə və ya digər xidməti asılılıqda olan dövlət və bələdiyyə qulluqçuları sayılan şəxsləri iş vaxtı namizəd irəli sürülməsinə və ya seçilməyə kömək göstərən fəaliyyətə cəlb etmək həmin məcəllənin 55.2-ci bəndinə əsasən vəzifə səlahiyyətlərindən sui istifadə hallarına gətirən mövqe kimi qiymətləndirilir.

Belə olan halda namizədi nələr gözləyir?

Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 25.2.2-ci maddəsinin qaydalarının pozulması ilə əlaqədar Mərkəzi Seçki Komissiyası tərəfindən əsaslandırılmış qərar qəbul edilməlidir.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti