Xaricdə bağlanmış nikah hansı halda Azərbaycanda tanınır və xitam olunur?
Azərbaycan Respublikasının vətəndaşları xarici dövlət ərazisində (Azərbaycan Respublikasının hüdudlarından kənarda) nikah bağlaya bilərlər. Qanun buna yol verir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 148-ci maddəsi məhz həmin məsələnin kollizion tənzimlənməsinə həsr edilib.

İlk növbədə qeyd edək ki, başqa dövlətin ərazisində yaşayan Azərbaycan Respublikasının vətəndaşları öz aralarında nikah bağlaya bilərlər. Bu halda, nikah onu qeydə alan xarici dövlətin qanunvericiliyinə əməl olunmaqla bağlanır. Məsələn, İsraildə yaşayan iki Azərbaycan Respublikası vətəndaşının bağladığı nikah dini nikah olacaqdır, ona görə ki, İsraildə yalnız dini nikah forması tanınır. Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşları arasında həmin xarici ölkənin qanunvericiliyinə əməl etməklə bağlanan nikah, bu Məcəllənin 12-ci maddəsində nəzərdə tutulan hallar (nikahın bağlanmasına mane olan hallar) olmadıqda, Azərbaycan Respublikasında etibarlı hesab edilir.

Ailə Məcəlləsinin 148-ci maddəsinə əsasən Azərbaycan Respublikasından kənarda əcnəbilər arasında onların ölkəsinin qanunvericiliyinə əməl etməklə bağlanan nikah Azərbaycan Respublikasında tanınır.

İkincisi, Azərbaycan Respublikasının vətəndaşı xarici dövlətin ərazisində əcnəbi və ya vətəndaşlığı olmayan şəxslə nikah bağlaya bilər. Bu nikahlar, əgər iki şərtə əməl olunmaqla bağlanmışdırsa, Azərbaycan Respublikasında tanınır və etibarlı sayılır. Birinci şərtə görə, nikah onu qeydə alan xarici dövlətin qanunvericiliyinə əməl olunmaqla bağlanmalıdır. İkinci şərt isə nikahın bağlanmasına mane olan hallar olmamalıdır (AM-in 148-ci maddəsinin 1-ci bəndi).

Üçüncüsü isə, Azərbaycan Respublikasından kənarda əcnəbilər arasında onların ölkəsinin qanunvericiliyinə əməl etməklə nikah bağlanır. Belə nikah xaricilər tərəfindən, göstərildiyi kimi həmin ölkənin qanunvericiliyinin tələblərinə uyğun olaraq bağlamışsa, Azərbaycan Respublikasında tanınır. Yəni, burada diqqətə çatdırılan əsas məsələ ondan ibarətdir ki, nikahın bağlandığı xarici dövlətin qanunvericiliyinə əməl edilsin.

Bəs hansı hallarda xarici dövlətin ərazisində bağlanmış nikah etibarsız hesab edilir?

Ümumiyyətlə, Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşları arasında, Azərbaycan Respublikasının vətəndaşları ilə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında bağlanmış nikahın Azərbaycan Respublikasında etibarlı sayılması üçün nikahın bağlanmasına mane olan hallar olmamalıdır. Əks halda həmin nikah etibarsız hesab ediləcək. Həmin hallar Ailə Məcəlləsinin 12-ci maddəsində öz əksini tapıb. Nəzərə çatdırmaq lazımdır ki, yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey qardaş və bacılar), övladlığa götürənlər və övladlığa götürülənlər, ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər, tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı təqdim etməkdən imtina edən şəxslər, ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya əqli gerilik nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər arasında nikahın bağlanmasına yol verilmir.

Nikahin etibarsız sayılması üçün digər bir qayda nikah hansı ölkənin qanunvericiliyi əsasında bağlanmışdırsa, o ölkənin də qanunvericiliyi nikahın etibarsız sayılması ilə bağlı olan münasibətlərə tətbiq edilir.

Azərbaycan hüdudlarından kənarda bağlanmış nikaha hansı formada xitam verilir?

Ailə Məcəlləsinin 150-ci maddəsinə əsasən, Azərbaycan Respublikasından kənarda Azərbaycan Respublikası vətəndaşları ilə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında, eləcə də Azərbaycan Respublikasının vətəndaşları arasında bağlanan nikahın Azərbaycan Respublikasında pozulması Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasından kənarda yaşayan Azərbaycan Respublikası vətəndaşı Azərbaycan Respublikasından kənarda yaşayan əri (arvadı) ilə bağladığı nikahı onun vətəndaşlığından asılı olmayaraq Azərbaycan Respublikasının məhkəmələrində poza bilər. Nikahın müvafiq icra hakimiyyəti orqanında pozulmasına Azərbaycan Respublikasının qanunvericiliyi ilə yol verilirsə, həmin nikah Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və ya konsulluq idarələrində pozula bilər.

Azərbaycan Respublikasının iştirak etdiyi Minsk konvensiyasının 28-ci maddəsi də «vətəndaşlıq qanunu kimi kollizion bağlama (prinsip) müəyyən edir. Bu maddədə göstərilir ki, nikahın pozulması barədə işlərə ərizə verildiyi anda ər-arvadın vətəndaşı olduğu ölkənin qanunvericiliyi tətbiq edilir. Minsk konvensiyası bu məsələdə həm də məhkəmənin mənsub olduğu ölkənin qanunu (lex fori) kollizion bağlama müəyyən edir. Belə ki, ər-arvaddan biri müxtəlif ölkələrin vətəndaşı olarlarsa, nikahın pozulması barədə işə baxan idarənin mənsub olduğu dövlətin qanunvericiliyi tətbiq edilir

MPM-in 459-cu maddəsinə əsasən :

Nikah ləğv edilən və ya etibarsız hesab edilən vaxt ər-arvaddan biri və ya hər ikisi Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşadığı hallarda Azərbaycan Respublikasının vətəndaşları ilə əcnəbilər arasındakı nikahın ləğv edilməsi və etibarsız hesab edilməsi barədə qətnamələr;
Nikah ləğv edildiyi və ya etibarsız hesab edildiyi vaxt ər-arvadın hər ikisi Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşadıqları hallarda Azərbaycan Respublikasının vətəndaşları arasında nikahın ləğv edilməsi və etibarsız hesab edilməsi barədə qətnamələr Azərbaycan Respublikası məhkəmələri tərəfindən tanınır.
Benefisiar.org
 

Bölmənin digər xəbərləri

03 May 2025 Boşanma zamanı əmlak bölgüsü necə tənzimlənir? – Hüquqşünas
02 May 2025 Bakıda söküntülər BAŞLADI: Kompensasiya sakinləri qane etmir VİDEO
02 May 2025 Məhərrəm Quliyevin qəbuluna getsə də...
01 May 2025 Sumqayıt Şəhər İcra Hakimiyyətinin tabeliyindəki müəssisənin dövlətə vergi borcu üzə çıxıb
01 May 2025 Azərbaycan əhalisi ayda siqaretə 7, təhsilə 6 manat xərcləyir - SİYAHI
30 Aprel 2025 Kahramanmaraşda "Azərbaycan məhəlləsi"ndəki evlərin inşası yekunlaşıb
29 Aprel 2025  “Hünər İnşaat”: Burda insan taleyi HEÇDİR!
29 Aprel 2025 "Binanın altındakı torpaq sahəsi sakinlərin mülkiyyətidir" - Vəkil
28 Aprel 2025 Rəsmi iş yeri olmayanlara ŞAD XƏBƏR – Bu qayda ilə ev ala bilərsiniz
26 Aprel 2025 Rusiyada miqrantlarla bağlı yeni qaydalar təklif OLUNUR
25 Aprel 2025 Pensiyaçılara ŞAD XƏBƏR - Yeni qayda tətbiq edilir
25 Aprel 2025 Bir gün Bakıda nəqliyyat pulsuz olacaq
24 Aprel 2025 Bu rayonlarda köçkünlərə verilən mənzillərin sahəsi minimum səviyyədən aşağıdır - BU DA FAKT!
24 Aprel 2025  MTK-lar ev sahiblərinə güc tətbiqini qanuniləşdirmək istəyir?
23 Aprel 2025 Sahədən 30 qəpiyə alınan kartof marketdə 2.20 manata necə satılır? – Fermer
21 Aprel 2025 Pensiya alanlara ŞAD XƏBƏR- Sabah...
20 Aprel 2025 Nəqliyyatın qiymətləri: hansı ölkədə pulsuzdur, harada çox pul ödəməlisiniz?
19 Aprel 2025 Rusiyada yaşayan azərbaycanlılara ŞAD XƏBƏR- MƏBLƏĞ ARTDI
18 Aprel 2025 Bakıda ev ala bilmək üçün “yemədən-içmədən” 189 ay işləmək lazımdır - AL SƏNƏ...
18 Aprel 2025 Əhalinin kredit borcu sürətlə ARTIR: - Günah kimdədir?

Dünyapress TV

Xəbər lenti