Ardını oxu...
İctimai nəqliyyatda gedişhaqqı qalxdı. Taksi xidməti də ayrıca "qiymətə mindi". Benzin də həmçinin. Axıra bircə internet qalmışdı, o da bahalaşdı. Amma, yox, hələ bu, son deyilmiş; Bakı Zooparkı da "qonşu"dan geri qalmayıb. Zooparka böyüklərin girişi 5 manat idi, oldu 7 manat. Yaxşı ki hələ uşaqların biletinə dəyməyiblər. Bir sözlə, zooparkda ceyrana baxmağın qiyməti qalxdı "ceyran beli"nə...
Bir şeyi başa düşmədim: Zooparkda heyvanlar benzinlə işləyir?! Orda niyə bahalaşma olsun ki?!
Heyvanlar və benzin demişkən, fauna möcüzələrinə tamaşa etmək üçün təkcə Heyvanat Parkına getməyə ehtiyac yoxdur. Bakı küçələrində hər gün hər cür zooloji varlıqlara rast gəlmək olur. Məsələn, pik saatlarında (və elə həmişə) rast gəldiyimiz bir mənzərə var: görürsən, bir Kayman timsahı yolun hərəkət hissəsində, yaxud səkidə maşını saxlayıb, ağzını ayırıb günəşlənir deyə, hərəkət iflic olub. Yaxud günün günorta çağı bir öküz öz arabasını yolun əks istiqamətində sürür. Hələ gün batmamış bir filin öz "KAMAZ-ı ilə milləti tapdalayıb, mərkəzi prospektə soxulduğunu da müşahidə edirik. 20 yanvar dairəsində öz yöndəmsiz vücudu ilə basabas salan, dinəni buynuzlayan Afrika kərgədanlarını, yaxud özü haqsız olduğu halda bədəninin yarısını pəncərədən çıxararaq, zil pərdədə üfunətli "qəzəllər" oxuyub "zəngulə vuran" Həmədan eşşəyini hələ demirəm.

Taksi sifariş edirsən, baxırsan, gələn nə çağırdığın maşındır, nə də sürücü o sürücüdür. Əlacın kəsilir, oturub gedirsən. Yolda tapdalamadığı xətt, pozmadığı qayda qalmır. Yol polisi saxlayanda, sükan arxasındakının əsl buqələmun olduğunun fərqinə varırsan; rəngdən rəngə düşür, cilddən cildə girir...

Bir də baxırsan, bir-birinin üstünə qalaqlanmış sərnişinləri kenquru kimi ətəyinə doldurmuş iki avtobus ötüşür. Nəymiş?! Sürücülər Serengeti səhrasından gəlmiş vəhşi madyanlardır. Bir söz deyəndə də at kimi adamın üzünə dururlar.

Mopedlərin üstündə meymunluq edənlər də ki bir ayrı bir aləmdir. Şəhərin baş prospektində hoqqa verir. Di gəl, bahalı maşınları sürtəndə, ya da arxadan vuranda, bazburutlu sürücülərin və polisin qarşısında ilan kimi qıvrılır.

Dönmə işıqlarını yandırmadan başqasının yoluna soxulan soxulcanlar, gecə uzaq məsafə işığını yandırıb, qarşı tərəfdən gələnləri evini yıxan bayquşlar, pəncəsini maşının şüşəsinə dirəyib, dirsəkləri ilə sükanı fırladan, qarşısındakıların üstünə nərildəyən ayılar, qəza törədəndə günahı zərərçəkənin boynuna yıxıb aradan çıxmağa çalışan tülkülər, sanki bu şəhərdə təkcə özləri yaşayırmış kimi gah o zolağa, gah bu zolağa səkib, öz ağır tonnajı ilə hamını ora-bura sıxan vəhşi camışlar... Daha nələr, nələr! Bir də yol qəzasında yaralılara kömək etmək əvəzinə sosial şəbəkədə canlını açıb qandan bəslənən vaşaqlar, cəsəddən "reytinq" qapan quzğunlar da var...

Bir sözlə, böyüklər heç o qiymətə bilet alıb, zooparka getməsinlər; bu küləklər şəhərinin küçələrində hər cür heyvanat nümunələri var. Hər gün qarşımıza çıxırlar, yan-yörəmizdə dolaşırlar o bədheybət əjdəhalar, o əzazil kaftarlar, o fürsətcil çaqqallar, o ağciyər dovşanlar, o zəhərli əqrəblər, o kinli dəvələr, o ziyankar gəmiricilər, kəsəyənlər, sünbülqıranlar...

Odur ki, heyvanxananı da, bahalaşan girişhaqqını da boş verin. "Böyük"sünüz axı, böyüklük edin...

Orxan, Bizimyol.info
 
Ardını oxu...
Bir neçə gündür internet provayderləri qiymət artımının anonsunu verir. İyulun 12-də özəl, bundan beş gün sonra isə dövlət provayderləri dəyişiklik barədə məlumat yayıblar. Bəhanə kimi internetin sürətinin artırılması göstərilir. Provayderlərin bildirdiyinə görə, avqustdan ölkədə genişzolaqlı internetin minimal sürəti 100 Mbit/s-dən başlayacaq.
Bizimyol.info xəbər verir ki, KATV1 yeni tarif cədvəlini açıqlayıb. Fiziki şəxslər üçün internet paketi 25 manata təklif olunur. Əvvəllər qiymətin 18 manat olduğunu xatırlayırıq. İnternetlə yanaşı, televiziya imkanlarından da istifadə edənlər 31 manat ödəyəcək. Üstəlik, telelfon xidməti də varsa, məbləğ 33-ə çatır. Mənzildə iki televizor xidmətə qoşulubsa, KATV1-ə 35 manat ödəmək lazımdır. İnternet sürətinin 100 Mbit/s-ə çatdırılması xüsusi qeyd olunub. Tarif avqustun 5-dən qüvvəyə minir.

KATV1-dən Bizimyol.info xəbər portalına bildirilib ki, qiymət artımı tarif dəyişikliyi ilə bağlıdır: “İnternetin sürəti artırıldığından, qiymət də yüksəlir. Başqa xidmətlərdə qiymət dəyişikliyi yoxdur. Məhz internet sürətində və tarifində dəyişikliyə görə ümumi xidmət haqqı artırılır”.

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının rəhbəri Elvin Abbasov hesab edir ki, qiymət artımı qərarı veriləndə istehlakçını da nəzərə almaq lazım idi: “İstehlakçı fakt qarşısında qalmamalıdır. Provayderlər vacib məlumatları yalnız öz saytlarında və qəzetlərdə yerləşdirməklə kifayətlənməməli, daha geniş formada yayımlamalıdırlar. Təəssüf ki, nə özəl, nə də dövlət provayderləri bunu ediblər”.

Elvin Abbasov deyir ki, qiymət artımını gözlənilən idi. Çünki ucqar bölgələrdə infrastrukturun qurulması üçün böyük pullar xərclənib. Mütəxəssis maarifləndirmə işinin zəif aparıldığını düşünür: “Provayderlərin abunəçilərə sadəcə sürətin və qiymətin dəyişməsi ilə bağlı məlumatı verməsi ilə kifayətlənmələrinin yetərli olmaması belə məqamda da aydın olur. Təəssüflər olsun ki, tələb ilə reallıq üst-üstə düşmədiyi halda narazılıqlar davam edir”.

Ucqar bölgələrdə infrastruktur qurulması, genişzolaqlı internet imkanlarının yaradılması yaxşı haldır. İnternetin sürətinin artırılması da müsbət tendensiyadır. Hər halda beynəlxalq reytinqlərdə də faydasını görəcəyik. Amma qiymət artımı heç yerinə düşmədi. Bütün dünyada internet qiymətlərinin aşağı salınması müzakirə mövzusudur. Bizdə isə benzin və dizelin qiyməti artan kimi başqa sahələrdə də bahalaşma müşahidə edilir. Ucqar kəndlərə internet gətiririk, lakin düşünmürük ki, insanlar xidmət haqqını necə ödəyəcək. Onsuz da bölgələrdə 18 manatdan ucuz internet əldə etmək mümkün deyil. Bəzi özəl provayderlər 40 Mbit/s sürəti 15 manata təklif edir. Belə çıxır ki, indi qiymət 20 manatı aşacaq. Bizə kiçik rəqəmlər kimi görünə bilər, amma bölgə camaatı üçün ağır yükdür.
 
 
 
Ardını oxu...
Turizmin inkişaf etdiyi ölkələrdə hotel qiymətləri kəskin bahalaşıb. Hətta bu səbəbdən həmin ölkələrdə yerli turistlər istirahət üçün başqa ölkələri seçmək məcburiyyətində qalıblar. Türk mediasının xəbərinə görə, Bodrum və Antalyada hotel qiymətləri bahalaşdığından, ölkə əhalisi və xarici turistlər dincəlmək üçün Yunanıstana üz tuturlar. Türkiyənin tanınmış sənətçiləri də qiymət artımına öz etirazını bildirib. Tanınmış müğənni Demet Akal Bodrumda qiymətlərin kəskin artması səbəbindən "Çeşme2"də verdikləri konsertə çox az izləyici gəldiyindən şikayətlənib. O, qiymətlər bahalaşdığından turistlərin Yunanıstana üz tutduğunu söyləyib.
Rusiya da da hotellərdə kəskin qiymət artımı müşahidə olunur. "Novıye İzvestiya" portalının məlumatına görə, ölkənin sevimli turizm şəhərlərindən olan Kalininqradda gecəlik qiymət 50 min rubla (586 dollar) qalxıb. Moskvanın əfsanəvi otellərindən biri olan Metropolda "tarixi lüks" otağın qiyməti 65 min rubla qalxıb. St. Sankt-Peterburqdakı Grand Hotel Europe-da prezident nömrəsinə tələb olunan məbləğ 282 min rubl təşkil edir.
Turizm üzrə ekspert Ceyhun Aşurov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycan üçün populyar olan Türkiyə istiqamətində turpaketlər də bahalaşıb. Onu sözlərinə görə, qiymətlərdə 50-60 faiz bahalaşma var. Ekspert bildirib ki, nəqliyyat xərcləri və qidanın qiyməti bahalaşsa da, Türkiyədə turizmdə qiymət artımının əsas səbəbinin bahalı destenasiya olması bildirilir.

"Hazırda Bodrum, Antalya və Alanyada yerlər tam dolmasa da, qiymət endirimi edilmədi. Türkiyə turizm sahəsində təcrübəli olsa da, bu qiymətlər turistləri alternativ turizm bölgələrini seçməsinə səbəb olacaq. Rusiyada isə qiymətlərin artması daxili bazarda təlabatın kəskin artması ilə bağlıdır", - deyə ekspert bildirib.

Ceyhun Aşurov onu da deyib ki, buna görə də daxili turizmə təlabatı yüksək olaraq qalır.
O, vurğulayıb ki, dünyada məhdudiyyətlər aradan qalxsa da, bu il də daxili turizmə təlabat yüksək olaraq qalır. C.Aşurovun sözlərinə görə,artıq Azərbaycandan getmə turizm bərpa olunur. Ötən il bu rəqəm iki milyon olmuşdusa, bu il getmə turizmin daha da artacağı gözlənilir. Bununla belə ekspert hesab edir ki, qiymətləri artan bazarların hər zaman alternativi var.

"Bu il Azərbaycandan da Türkiyiyəyə gedən turistlərin çoxu, Yunanıstan, Misir, Albaniya, Makedoniyaya turlar daha çox artıb. Türkiyəyə gedən turistlərin 30 faizi digər turizm ölkələrinə yönəlib. Amma qiymətlərin bahalaşması daxili turizmə təlabatı yüksək saxlayacaq", - deyə Ceyhun Aşurov bildirib.

C.Aşurovun sözlərinə görə, daxili turizmə təlabatın yüksək olması qiymətlərə də təsirsiz ötüşməyəcək. Bölgələrdə onsuz da bahalı olan turizm qiymətləri daha da artacaq.
Qeyd edək ki, bölgələrdə turizm qiymətləri orta təbəqə əhali üçün sözün əsl mənasında əlçatmazdır. "Qafqaz Tufandağ Resort"hoteldə bir nəfərin bir gecəlik istirahət nə az, nə çox 480 manatdır. "Qafqaz Riverside Hotel" də bu qiymət bir qədər aşağı 333 manat təşkil edir. "Quba Palace Hotel & Golf Resort"da isə bir gecəlik istirahət bir nəfər ümün 435 manata başa gəlir. "Quba Vadi Chalet Hotel"-də isə qiymət 370 manat təşkil edir. "Marxal Resort & Spa" hoteldə qiymət 312 manatdır. Şuşada "Xarıbülbül" hotedə bir gecə iki nəfərin gecələməsi səhər yeməyi daxil 350 manatdır.

Turizmin inkişaf etdiyi bölgələrdə azbüdcəli hotellərin azlığı qiymətlərin hər mövsüm yüksək qalmasına təsir göstərən əsas amillərdəndir.
 
 

 


Ardını oxu...
Avropa Komissiyası (AK) Ukrayna yardım üzrə Fond çərçivəsində Kiyevə 4,2 milyard avro məbləğində büdcə yardımının ayrılmasını təsdiqləyib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə AK rəhbəri Ursula fon der Leyen "X"də məlumat verib.

"Avropa Komissiyası Ukrayna üçün Fond çərçivəsində Kiyev üçün təxminən 4,2 milyard avroluq yeni paketi təsdiqləyib", - deyə o yazıb.

Von der Leyen qeyd edib ki, bu məbləğ nəzərə alınmaqla, Ukrayna büdcəsinə Aİ-dən ayrılan vəsaitin ümumi məbləği 12 milyard avroya çatacaq ki, bu da proqramın icrasına başlanılan yanvarın 1-dən bəri hər ay 2 milyard avroya bərabər olur. Bu fonddan vəsaitin üçdə biri qrant, üçdə ikisi kredit şəklində ayrılır.
 
Ardını oxu...
Azərbaycanlı turist Türkiyədə “Duty-Free” mağazalar şəbəkəsində böyük məbləğdə pul xərcləyib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bunu Türkiyənin “Duty-Shop Tax Free” mağazalarında satınalmalar və digər əməliyyatlar haqqında məlumat toplayan “Global Blue” şirkətinin baş direktoru Selim Şeyxun deyib.

“Bu ilin ilk 4 ayında edilən alışlar arasında ən təəccüblü olanı bir nəfərin 7,5 milyon dollarlıq alış-veriş etməsi olub (12,7 milyon manat-red.). O bu məbləğə saatlar və zinət əşyaları alıb”, - şirkət rəhbəri qeyd edib.
 
Ardını oxu...
Naxçıvanla bağlı son rəqəmlər açıqlamıb, vəziyyət heç də yaxşı deyil, əmək bazarı daralır, iş yerlərinin yaranması sürəti azalır, amma rəsmi qurumlar deyir ki, Naxçıvanda ÜDM artıb – bu paradoksun ideya müəllifləri rəqəmlərini sübut etsələr, yəqin ki, iqtisadiyyat üzrə Nobel mükafatı ala bilərlər, amma çətin ki, rəsmi qurumlardan izah görək. Keçək RƏSMİ, bir daha, rəsmi rəqəmlərə:
2023-cü il aprelin 1-nə Naxçıvanda 109 min nəfər muzdlu işçi vardı. Üç ay sonra – iyulun 1-də həmin işçilərin sayı 86 min nəfərə enmiş, başqa sözlə, 23 min nəfər azalmışdı. Azalma daha sonra da davam edib, oktyabrın 1-nə muxtar respublikada 60 min 335 nəfər muzdlu işçi olub. Deməli, son altı ayda Naxçıvandakı muzdlu işçi sayı 50 min nəfərə yaxın və ya 45 faiz azalıb. 2022-ci ilin eyni dövrü ilə müqayisədə muxtar respublikadakı muzdlu işçi sayında azalma 50 faizə yaxındır. Başqa deyimlə, son bir ildə burada rəsmi əmək müqaviləsi ilə çalışan hər iki işçidən biri işini itirib.
Bu ilin, 2024-cü ilk 6 ayı ilə bağlı da rəsmi rəqəmlər açıqlanıb: 1) Naxçıvan iqtisadiyyatına investisiya qoyuluşu 18 % azalıb, 2) Bu ilin ilk 3 ayında Naxçıvanda CƏMİ 372 (!!!) iş yeri açılıb – bir daha, bu rəsmi rəqəmlərdir.
Deməli keçən il iş yerlərinin yarısı bağlanıb, bu ilin ilk 3 ayında cəmi 372 iş yeri açılıb, investisiya qoyuluşu keçən ilin 6 ayına nisbətən 18% (ciddi azalmadır) azalıb, amma hökumətin rəsmi qurumları deyir ki, Naxçıvanın ÜDM-i 2% artıb – hörmətli rəqəmlərlə oynayan, “rəqs edən” müəllimlər, lütfən izah edin ki, necə olur investisiya ciddi azalıb, keçən il rəsmi iş yerlərinin 50%-i azalıb, bu il cəmi 372 iş yeri açılıb (başlananlar da var ha, onu demirlər), amma ÜDM 2% artıb?! Bunu elmi izah etsəniz, Nobeliniz hazırdı! Hadi görəlim sizləri...
P.S. Bu ilin ilk rübünsə Culfa, Sədərək, Ordubad, Şahbuz rayonlarında BİR iş yeri belə açılmayıb...
Natig Jafarli
TEREF
Ardını oxu...
 
Ardını oxu...
Bu ilin yanvar-may ayları ərzində Azərbaycandan xarici ölkələrə 904 milyon kVt/saat elektrik enerjisi ixrac edilib.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, Azərbaycan elektrik enerjisini 4 ölkəyə – Türkiyə, Gürcüstan, İran və Rusiyaya satıb.

Bu ölkələrə satılan 1 kVt/saat elektrik enerjisinin orta gömrük dəyəri aşağıdakı kimi olub:

– Türkiyə – 10,8 qəpik (420 milyon kVT/saat)
– İran – 4,8 qəpik (14,2 milyon kVT/saat)
– Gürcüstan – 8,6 qəpik (425 milyon kVT/saat)
– Rusiya – 6 qəpik (44,9 milyon kVt/saat)

Məlumat üçün onu da bildirək ki, Azərbaycan qonşu ölkələrə elektrik enerjisi ixrac etdiyi kimi, həmin ölkələrdən elektrik enerjisi də idxal edib. Belə ki, bu ilin yanvar-may ayları ərzində Azərbaycan xarici ölkələrdən 73 milyon kVt/saat elektrik enerjisi idxal edib. Azərbaycan elektrik enerjisini 3 ölkədən – Gürcüstan, İran və Rusiyadan alıb.

Bu ölkələrdən alınan 1 kVt/saat elektrik enerjisinin orta gömrük dəyəri aşağıdakı kimi olub:

– İran – 4,8 qəpik (13,6 milyon kVT/saat)
– Gürcüstan – 11 qəpik (20,6 milyon kVT/saat)
– Rusiya – 4,8 qəpik (38,9 milyon kVt/saat)
 
Ardını oxu...
DOST İş Mərkəzi fərdi sahibkar Səfərov Əşrəf Səxavət oğlu ilə satınalma müqaviləsi bağlayacaq.

Qaynarinfo xəbər verir ki, sahibkar Mərkəzin inzibati bina sahəsinin icarəsi ilə bağlı keçirdiyi tenderin qalibi seçilib.

Əşrəf Səfərova 2750 kv.metrlik ofisə görə 853 710 manat ödəniləcək. İcarə müqaviləsi 24 ay üçün nəzərdə tutulub. Bu halda aylıq icarə haqqı 35 571,25 manat edir.

Araşdırmalarımız zamanı məlum olub ki, Əşrəf Səfərov "Kia Motors AZ" MMC-nin faktiki rəhbəri Səxavət Səfərovun oğludur. MMC ilə bağlı reyestr məlumatlarında isə Əşrəf Səfərovun adı şirkətin qanuni təmsilçisi kimi qeyd edilib.

Mediada gedən məlumatlardan aydın olur ki, Əşrəf Səfərov vaxtilə "Parabank"ın Nəsimi filialına rəhbərlik edir. Onun və adının atası sözegdən bankla bağlı 40 milyonluq qeyri-leqal maliyyə əməliyyatında hallanıb.

Həmin vaxt yayılan məlumatlarda iddia olunur ki, "Kia Motors Az” MMC-nin dövlətdən gizlətdiyi 40 milyon manatı "Parabank”ın Nəsimi filialında qeyri-qanuni şəkildə saxlanması aşkar edildikdən sonra Vergilər Nazirliyi bankda yoxlamalara başlayıb.

Elə buna görə də "Parabank”ın rəhbərliyi ilə Səxavət Səfərovun dostluq münasibətləri düşmənçilik həddinə çatıb. Əşrəf Səfərov məhz həmin vaxt "Parabank”ın Nəsimi filialana rəhbərlik edib.

Bundan əvvəl isə "Kia Motors AZ”ın dövlətdən 40 milyona yaxın pul gizlətdiyi və pulları "Parabank”ın "Nəsimi” filialında qeyri-qanuni şəkildə saxladığı, həmçinin bununla bağlı bir çox cinayət hadisələrinin törədilməsi, eləcə də bir nəfərin müəmmalı şəkildə ölümü ilə bağlı məlumatlar yayılmışdı.
 
Ardını oxu...
Bu ilin dövlət büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı 1 milyard 972,6 milyon manat məbləğində xərclər nəzərdə tutulub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, bu ilin yanvar-iyun aylarında dövlət büdcəsindən dövlət borcu üçün 1 milyard 270,3 milyon manatın ödənilməsi təmin edilib. Bu vəsaitin 1 milyard 100,2 milyon manatı (əsas borc üzrə 850 milyon manat, faiz borcu üzrə 250,2 milyon manat) xarici dövlət borcları üçün ödənilib.
Qeyd edək ki, 2024-cü il 1 iyul tarixinə xarici dövlət borcu 5 milyard 367,5 milyon dollar (9 milyard 125 milyon manat) olub. Daxili dövlət borcu isə 1 iyul tarixinə 16 milyard 571,9 milyon manat təşkil edib.
Rəqəmlərdən də göründüyü kimi, 1 iyul tarixinə Azərbaycan dövlətinin ümumi borcu 25 milyard 696,6 milyon manat olub. 1 iyul tarixində Azərbaycan əhalisinin 10 milyon 197,1 min nəfər olduğunu nəzərə alsaq, bu, hər bir Azərbaycan vətəndaşının 2 520 manat borcu var deməkdir.
 
Ardını oxu...
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 1 milyard 30 milyon manat olub.

Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 7,8% çoxdur. Hesabat dövründə özəl sektorda ictimai iaşə dövriyyəsinin 51,1%-i hüquqi şəxslərin, 48,9%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə illik müqayisədə 8,8% artaraq 520,9 milyon manat olub.

Maraqlıdır, iaşə obyektlərinə təlabatın artmasına səbəb nədir? Əhalinin gəlirləri azalıbsa, iaşə obyeklərinə axın edən kimlərdir?

Məsələ ilə bağlı iqtisadçı-alim Vüqar Qocayev “Cebhe.info”-ya açıqlamasında deyib ki, iaşə obyektlərindən istifadə edənlərin yalnız az bir hissəsi adi şəxslərdir:

“Ölkəmizdə əhalinin böyük hissəsi adi, qalan az bir hissəsi vəzifəli şəxslərdir. O baxımdan hesablanma aparıldıqda görürük ki, əhalinin böyük hissəsi kafe və restoranlarlada çoxlu pul xərcləyir. Lakin reallıqda adi şəxslərin aylıq məvacibi ona ayda bir necə dəfə iaşə obyektlərindən istifadə etməyə imkan vermir”. O bildirib ki, iaşə obyektlərindən istifadə edən turistlərin sayında artım var: “Ölkəmizə yaxın bir neçə ildə turist axını artıb. Gələn turistlər də əsasən ticarət və iaşə obyektlərindən istifadə edir. Bu səbəbdən iaşə obyektlərində artım müşahidə olunur. Eyni zamanda, ölkəmizə gələn xaricilər, xüsusilə də ərəb turistlərə daha məsrəfli xidmətlər göstərilir. Bu səbəbdən restoranların gəlirlərində artım qeydə alınıb”.
 

Dünyapress TV

Xəbər lenti