Ardını oxu...
Hazırda London əmtəə birjasında qızılın 1 unsiyasının qiyməti 2 430-2 440 ABŞ dolları (4 131-4 148 manat) arasında dəyişir.

O cümlədən, birjada 999,9 əyar qızılın 1 qramının qiyməti 78 ABŞ dollarıdır (təxminən 133 manat), 750 əyar qızılın 1 qramının qiyməti 59 ABŞ dolları (təxminən 100 manat), 585 əyar qızılın 1 qramının qiyməti isə 46 ABŞ dolları (təxminən 78 manat) təşkil edir. Yerli bazarda satış qiymətləri isə 999,9 əyar qızıl üçün 140-150 manat, 750 əyar qızıl üçün 130-150 manat, 585 əyar qızıl üçün isə azı 100 manatdır.

Bəzən əhali banklara vəsait qoymaqdan çəkinir, pulunu banka əmanət etmək istəmir. Maraqlıdır, belə olan halda əlində müəyyən qədər vəsait olan şəxsə dollar almaq daha sərfəli olar, yoxsa qızıl?

İqtisadçı Fuad İbrahimov "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, manatın ucuzlaşması tarixçəsini yenidən yaşaya bilərik:

"Ümumiyyətlə, 2-3 min vəsaitlə perspektiv qurmaq çətindir. Ən başlıcası, o pulun elə özünü qorumaq lazımdır. Nəzərə almaq lazımdır ki, hazırda manatın məzənnəsi dayanıqlıdır, hər hansı təhlükə fonu yoxdur, amma iqtisadiyyatdır, hər şey ola bilər.

Növbəti ilin yarısına qədər hər hansı devalyasiya gözlənilmir. Amma neftdən asılılığımızı nəzərə alaraq, manatın ucuzlaşması tarixçəsini yenidən yaşaya bilərik".

Onun sözlərinə görə, qızıl ardıcıl olaraq bahalaşır, dinamik artım var, amma bu, təhlükənin olmayacağı demək deyil:

"Ancaq nəzərə almaq lazımdır ki, qiymətlərin qəfləti aşağı düşməsi halı var. Yəni qızılın da qiyməti qəflətən aşağı düşə bilər. O ki qaldı banklara, onlar ən dayanıqlı vəziyyətdədir. Banklara vəsaiti yerləşdirsəniz, yatırımın məbləğindən asılı olaraq, əmanətləri sığortalasınız, heç bir risk yoxdur. Dövlətimiz buna zamindir. Yəni əslində, ən etibarlısı bankdır".

Onun sözlərinə görə, dollar da, qızıl da olsa, müəyyən qədər risklər var:

"Evlərin necə sığortalanması göz qabağındadır. Hər hansı bir yanğın, oğurluq kimi nəsə olanda sığorta onu qarşılamır. Belə vəziyyətdə təklif vermək asan deyil. Ancaq banklar əmanətləri sığortalayır, dollar etibarlıdır, amma kifayət qədər gəlir gətirmir, qızıl da anidən ucuzlaşa bilər. Beləliklə, bu üç mənbədən də istifadə etmək olar, amma seçim vətəndaşındır".
 
Ardını oxu...
Avqustun 5-də maliyyə bazarları böyük itkilərlə üzləşdi. Qlobal indekslərin 15%-dək azaldığı bir şəraitdə (Yaponiyanın TOPIX indeksi 10,6%, "Nikkei" 13,4%, Tayvanın "Taiex" indeksi 8,4%, Koreyanın "Kospi" indeksi 8%, "MSCI Asia Pacific Asian" fond indeksi 4,9%) Azərbaycanın əsas strateji xammalının - neftin qiyməti minimum həddə endi.
Vəziyyətə ümumi şəkildə nəzər salsaq, görərik ki, cari iqtisadi tənəzzül bir sıra ölkənin koronavirus pandemiyasından sonra maliyyə bazarlarında üzləşdiyi ən çətin vəziyyətdir. Bu hətta 1987-ci ilin oktyabrında baş verən ümumdünya birja böhranından daha ağır qiymətləndirilir. Həmin dövrdə bütün ölkələr üzrə maliyyə itkisi təqribən 1,71 trilyon ABŞ dolları həcmində idisə, hazırda təkcə ABŞ-nin texnologiya nəhəngləri birja açılışının ilk dəqiqələrində öz bazar dəyərlərini düz 1 trilyon dollarını əldən verdi.

Məsələn, "Nvidia" öz bazar dəyərini 300 milyard dollardan çox, "Apple" 224 milyard, "Amazon" 109 milyard itirdi. "Meta", "Microsoft", "Alphabet", "Tesla" və digər bir sıra texnologiya şirkəti isə ümumilikdə 995 milyard dollar zərərlə üzləşdi. Birjanın sonrakı mərhələlərində şirkətlər öz səhmlərinin müəyyən hissəsini geri qazandı və böhranın çərşənbə axşamı başa çatdığı bildirildi

Mütəxəssislərin fikrincə, böhranın səbəblərindən biri ABŞ-də işsizlik səviyyəsinin 4,3%-ə çatması ilə bağlı artım proqnozudur. Bu məqam dünya iqtisadiyyatının balansına, şübhəsiz, təsir göstərib. Eyni zamanda, ABŞ iqtisadiyyatında resessiya təhlükəsi, milyarder Vorren Baffettin özünün "Apple"dakı səhminin yarısını satmaqla bağlı qərarı, habelə Yaponiya fond bazarında gerilmə də böhranın səbəbləri kimi vurğulanır.

Digər tərəfdən, süni intellekt texnologiyalarına külli miqdarda investisiya və şişirdilmiş gözləntilər də birjalar üçün böyük təhlükə yaradır. "Goldman Sachs" investisiya bankının təhliinə əsasən, qabaqcıl texnologiya şirkətlərinin Sİ-yə xərclədikləri vəsaitn özünü qətiyyən doğrultmur. "Elliott Management" hedc fondunun da təhlili diqqətə çatdırır ki, Sİ üzrə avadanlıq təchizatı bazarının əsas fiquru sayılan "Nvidia" şirkətinin səhmləri məhz həddən artıq şişirdilmiş süni intellektin güdazına gedib.

ABŞ-nin "Navigator Principal Investors" investisiya şirkətinin baş icraçı direktoru Kayl Şostakın sözlərinə görə, baş verənləri dramatikləşdirməyə ehtiyac yoxdur. O həmçinin böhranı Yaxın Şərqdəki münaqişələrlə əlaqəndirib.

"ABŞ iqtisadiyyatında resessiya riski 25%-dən çox deyil. Zənnimcə, avqustun növbəti həftələrində maliyyə bazarlarında vəziyyət hələ dəyişkən qalacaq. Yaxın Şərqdəki münaqişənin kritik mərhələsi başa çatdıqca əsas indekslər canlanacaq", - direktor bildirib.

Britaniyanın "Financial Times" qəzeti yazır ki, "mərkəzi banklar tənəzzülə gətirib çıxaracaq çaxnaşmanın qarşısını almaq üçün fond bazarı iştirakçıları arasında müsbət düşüncələr yaratmalıdır":

"Xüsusilə dünyanın mərkəzi banklarının rəhbərlərinin iştirakı ilə avqustun 22-24-də Vayominq ştatında keçiriləcək Cekson Hol İqtisadi Siyasət Simpoziumda həvəsləndirici bəyanatlar verilməlidir".

Qəzetin analitikləri vurğulayırlar ki, maliyyə bazarlarında qeyri-müəyyənlik tamamilə aradan qalxmaması şəraitində biznes fəallığı zərər görəcək və nəticədə kredit şərtləri təkcə ABŞ-də deyil, digər ölkələrdə də sərtləşəcək.

"ABŞ-də işsizlik artımı proqnozu, Federal Ehtiyat Sisteminin faiz dərəcəsini (5,25-5,5) aşağı salmaması və Yaxın Şərqdəki ağır geosiyasi şərait "təsadüfi" şəkildə birləşərək, bu böhranı əmələ gətirdi", - qəzet diqqətə çatdırır.

Beləliklə, hazırda əsas məsələ aparıcı bankların böhrana qarşı hansı mövqedən yanaşacağıdır. Nəzərə alsaq ki, maraqlar xeyli ziddiyyətlidir və onlara sistemli şəkildə cavab vermək çətindir. Ehtiyatsız atılacaq hər addım yeni qlobal iqtisadi böhrana gətirib çıxara bilər - şahmatdakı "suqsvanq" vəziyyəti kimi.

Məsələnin Azərbaycanla bağlı tərəfinə gəldikdə isə, bu əsasən neft sahəsinə aiddir. Ümumiyyətlə, neft üzrə ən böyük şirkətlər səhmlər itirdikcə neftin qiyməti düşür. Məsələn, ötən ay "Brent" markalı neftin 1 barreli 78 dollardan aşağı düşərək, təqribən 10% dəyər itirib. Azərbaycanda isə 2024-cü ilin I yarısında "Azəri-Çıraq-Günəşli" yatağından alınan neftin, "Şahdəniz"dən alınan qaz və kondensatın satışından ümumilikdə 3 milyard 972 milyon 165 min dollar gəlir götürülüb ki, bu, keçən ilin eyni dövrü ilə müqayisədə 25% azdır.

Məlumat üçün bildirək ki, SOCAR 2023-cü il ərzində dünyanın ən böyük texnologiya şirkətlərinə investisiyalarını artırıb. Dövlət Neft Fondunun IT səhmlərinə investisiyasının ümumi məbləği 1 milyard 627 milyon ABŞ dolları həcmindədir:

- "Apple" (496 milyon dollar - 11,3%);

- "Microsoft" (438 milyon dollar - 16,9%);

- "Alphabet/Google" (258 milyon dollar - 14,3%);

- "Amazon" (233 milyon dollar - 18%);

- "Nvidia" (202 milyon dollar - 13,4%).

SOCAR-ın portfelinin belə şaxələndirildiyini nəzərə alsaq, səhmlərin dəyərinin düşməsindən hər hansı ciddi risk yaratmır. Şirkət 1500-ə yaxın müxtəlif qlobal şirkətin səhm portfelinə malikdir; 17 növ xarici valyuta ilə 60-dan çox ölkənin iqtisadiyyatına investisiya qoyur. Ən əsası isə, investisiyaları spekulyativ hadisələri nəzərə almadan uzunmüddətli mənfəət planı çərçivəsində həyata keçirir.

Firudin Həmidli
AzVision.az
 
 
 
Ardını oxu...
"BP-nin Azəri-Çıraq-Günəşli (AÇG) yatağında neft hasilatını artırması ixracı artıracaq və yüksək enerji qiymətləri Azərbaycan dövlət büdcəsini dolduracaq".

Bu barədə "Fitch Group"a aid olan "Fitch Solutions” (FS) şirkətinin hesabatında bildirilib.

Qeyd edilib ki, Yaxın Şərqdəki gərginlik təbii qaza tələbin güclü qaldığı bir vaxtda xam neft qiymətlərinə artan təzyiq göstərib. Əsas karbohidrogen istehsalçısı və ixracatçısı kimi bu dinamika Azərbaycan iqtisadiyyatına müsbət təsir göstərəcək.

"Neft və Qaz komandamız “Brent” neftinin 2024-cü ildə orta hesabla 85 dollar/barel, 2025-ci ildə isə 82 dollar/barel olacağını proqnozlaşdırır", - FS-nin şərhində əlavə edilib.

Mövcud artım sosial layihələrə imkan yaradacaqmı?

İqtisadçı-ekspert Natiq Cəfərli “Cebheinfo.az”a bildirib ki, əslində bu proqnozun yerinə yetirilməsi zaman alacaq:

“Çünki hələlik bizdə hasilat düşür. Yeni texnologiyaların tətbiqi ilə hasilatın artması doğurdan da baş verəcəksə, təbii ki, bu Azərbaycanın neft gəlirlərinin müsbət mənada artmasına səbəb ola bilər. Ancaq indi xeyli azalma var.

Yəni neft gəlirləri kəskin azalıb, çünki hasilat düşüb. Əgər bu, yaxın illərdə baş verəcəksə, həmin əlavə neft gəlirləri təbii ki, Azərbaycanda bir çox sosial layihələrin həyata keçirilməsinə yardımçı ola bilər”.
 
Ardını oxu...
Körfəz ölkələri kənd təsərrüfatı məhsullarımız üçün çox əlverişli bazardır. Lakin ixracla bağlı maneələr bu istiqamətdə potensialımızdan tam yararlanmağa imkan vermir. Ekspertlər isə bu qənaətdədirlər ki, münbit bazarın tapılmasında sahibkarlar da fəal olmalıdırlar.

Azərbaycan Qətərə alma ixracını beş min dəfədən çox artırıb. Bu ilin yanvar-may aylarında ölkəmiz 22,25 milyon ABŞ dolları dəyərində 33 min 367 ton alma ixrac edib. Dövlət Statistika Komitəsinin hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 6,4 faiz, kəmiyyət olaraq - 3,4 faiz çoxdur. Hesabat dövründə Azərbaycan Rusiyaya 19,2 milyon ABŞ dolları dəyərində 28 min 526 ton, Özbəkistana 1,2 milyon ABŞ dolları dəyərində 1 360 ton, Qazaxıstana 589 min ABŞ dolları dəyərində 1 438 ton, Birləşmiş Ərəb Əmirliklərinə 736 min ABŞ dolları dəyərində 1 316 ton, Qətərə 181 min ABŞ dolları dəyərində 215 ton alma satıb. 2023-cü ildə Azərbaycandan 16 ölkəyə ixrac edilmiş 91 min 229 ton almanın 87,2 faizi Rusiyanın payına düşüb. Rəqəmlərdən də göründüyü kimi, ən çox məhsul ixracımız Rusiyayadır. Lakin Körfəz ölkələri də Azərbaycan meyvələri üçün yaxşı bazar ola bilər. Bəs biz bu potensialdan necə istifadə edirik? Bu sahədə çatışmayan nələr var? İxracı genişləndirmək üçün hansı addımlar atılmalıdır?

“İxrac müqavilələri imzalanır”

İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən bildirildi ki, bu ilin ilk yarısında Azərbaycan Körfəz ölkələrinə 944 min ABŞ dolları dəyərində alma ixrac edib: “2023-cü il üzrə bu göstərici bir milyon ABŞ dolları idi. Təkcə Qətərə 2024-cü ilin yanvar-iyun aylarında alma ixracının dəyəri 181 min ABŞ dollarına bərabər olub. Qeyd edək ki, Körfəz ölkələri arasında almanın ən çox ixrac olunduğu istiqamət BƏƏ bazarıdır. İlin ilk yarısında sözügedən ölkəyə 736 min ABŞ dolları dəyərində alma ixrac edilib. Körfəz ölkələrinə Azərbaycan meyvələrinin və digər məhsulların ixracı üçün əlverişli potensial var və bu potensialdan istifadə edilir. Qətərin paytaxtı Dohada fəaliyyət göstərən Azərbaycan Ticarət Evi bu prosesdə önəmli rol oynayır. Daha bir ticarət evimiz isə Dubayda fəaliyyət göstərir”.

Agentlikdən verilən məlumata görə, ixrac potensialının artırılması üçün sahibkarların sərgilərdə iştirakı təmin olunur: “Biz Körfəz bazarında olan ixrac potensialının effektiv reallaşdırılması istiqamətində bu ölkələrdə baş tutan sərgilərdə “Made in Azerbaijan” brendi altında vahid ölkə stendi ilə sahibkarlarımızın iştirakını təmin edirik. Belə ki, 2024-cü ilin fevralında Dubayda baş tutan “Gulfood 2024” sərgisində Azərbaycandan 20-dən çox şirkət iştirak edib. Əlavə olaraq, bu ilin 21-23 may tarixlərində Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində “The Saudi Food Show 2024” sərgisində də 20 şirkətin vahid ölkə stendi ilə iştirakı təmin olunub. Hər iki sərgidə kənd təsərrüfatı məhsulları ixracatçıları iştirak ediblər. Qeyd edilən sərgilər sayəsində ixrac müqavilələri imzalanır, təcrübə mübadiləsi aparılır, yerli məhsullarımızın ixracı həyata keçirilir”.

Əsas maneələr

Həmçinin bildirildi ki, istənilən sahədə olduğu kimi, bu sahədə də bəzi maneələr mövcuddur: “Əsas maneələr logistika xərcləri və marşrutlardır. Xüsusilə tez xarab olan məhsulların ixracı zamanı bu daha çox hiss olunur. Daşınma xərclərinin yüksək olması məhsulların rəqabət qabiliyyətli olmalarına maneə olur. Nəticədə sahibkarlar ixracı reallaşdıra bilmirlər. Bu maneələrin aradan qaldırılması istiqamətində hazırda "Made in Azerbaijan" brendinin təşviqi mexanizmlərinə əlavələr və düzəlişlər olunur. Bu kontekstdə əsas məsələlərdən biri də logistika subsidiyalarının verilməsidir. Nəzərdə tutulan subsidiya mexanizmi Azərbaycanda bütün ixracatçılara şamil olunacaq və bu dəstək tədbiri ixracımızın yeni bazarlara genişləndirilməsinə dəstək olacaq”.

Sahibkar özü münbit bazar tapmalıdır

İqtisadçı Akif Nəsirli də hesab edir ki, Körfəz ölkələri Azərbaycan kənd təsərrüfatı məhsullarının ixracı üçün münbit bazarlardandır: “Həmin ölkələrin əksəriyyətində əhalinin gəlirləri yüksəkdir. Həmçinin ölkəmizdə bitən məhsulların çoxu o coğrafiyada mövcud deyil. Azərbaycan bu potensialdan istifadə etməlidir. Lakin indiyə kimi o qədər də istifadə edə bilməmişik”.

A.Nəsirlinin sözlərinə görə, sahibkarların bu ölkələrə çıxmamasının əsas səbəblərindən biri təcrübəsiz olmalarıdır: “Sahibkarlar gözləyirlər ki, bununla bağlı dövlət addım atsın, ölkə başçısı həmin ölkəyə səfər etsin, sahibkarları da özü ilə aparsın, orada müqavilə bağlasınlar və sonra ixraca başlasınlar. Əslində sahibkar özü dünyanın münbit bazarlarını axtarıb tapmalıdir. Sahibkarlar bu istiqamətdə maarifləndirilməlidirlər”.

Standartlara uyğun məhsul istehsal etməliyik

Ekspert həmçinin qeyd etdi ki, dünya bazarına çıxmaq üçün standartlara uyğun məhsullar istehsal etmək lazımdır: “Məsələn, ölkəmizdə külli miqdarda qarpız yetişdirilir. Amma onların adicə nitratını yoxlasaq, standartlara uyğun gəlmir. Belə məhsulları xaricə çıxarmaq çətindir. Bu da sahibkarların uzaqgörən olmamasından irəli gəlir. Kənd Təsərrüfatı Nazirliyinin bölgələrdə idarələri mövcuddur. Onlar bu məhsulların istehsalında aqrotexniki qaydaların, innovativ becərmə üsullarının tətbiq edilməsi, dünya standartlarına uyğun orqanik məhsulların yetişdirilməsi məsələsini sahibkarların qarşısında qaldırmalıdır. Məsələn, Qətərə alma ixrac edirik. Amma baxmalıyıq ki, başqa hansı məhsulları ixrac edə bilərik”.

Zərif Salmanlı
kaspi.az
 
Ardını oxu...
Rusiyada yaşayan azərbaycanlı bloqqer Hüseyn Həsənov Federal Vergi Xidmətinə 9 milyon rubl (təxminən 176 min 400 manat) ödəyib.

Hazırda onun vergi orqanlarına borcunun ümumi məbləği 111 milyon 550 min rubl (təxminən 2 milyon 185 min 400 manat) təşkil edir.

İyulun 15-də məlum olub ki, Hüseyn Həsənov vergilərlə bağlı proseslərə cəlb oluna bilər. Moskva Vergi Müfəttişliyi ona qarşı müvafiq iddia qaldırıb. İddiada qeyd olunub ki, Həsənovun Federal Vergi Xidmətinə 144 milyon rubl məbləğində borcu yığılıb. Məlumata görə, bloqqer həmin vaxt başqa dövlətin ərazisində olub.
Ardını oxu...
Son vaxtlar paytaxtda və bölgələrdə ətin qiymətində artım baş verib. Bu isə alıcılıq qabiliyyətinin aşağı düşməsinə səbəb olur. Adətən yay aylarında ətin qiyməti ucuzlaşsa da, istehlakçılar bu il tam əksi ilə qarşılaşıb.

Aylar öncə kiloqramı 10-11 manat olan mal ətinin qiyməti bu gün 15 manata, kiloqramı 13-14 manata olan quzu ətinin qiyməti isə 17 manata təklif olunur.

İnsanlar qiymətlərin daha da bahalacağı yönündə müzakirələr edirlər.

TEREF xəbər verir ki, mövzu ilə bağlı News24.az-a danışan iqtisadçı Akif Nəsirli bildirib ki, ətin qiyməti il sonuna qədər artma dinamikası ilə davam edəcək.

“Yalnız ət deyil, Azərbaycanda digər kənd təsərrüfatı məhsullarının istehsalında azalma müşahidə edilir. İldən-ilə fermerler müəyyən səbəblər üzündən zərərə düşür və istehsalı azaldır. Ona görə də, qiymətlərsə bahalaşma qeydə alınır. Məsələn yağda yerli istehsal az olsa da xarici idxal bunu əvəz edə bilir. lakin Azərbaycanda qəssablar tərəfindən satılan ətlər xarici idxal tərəfindən əvəz oluna bilmir. Azərbaycan əhalisi əsasən yerli əti istehlak edir. Xarici ət yalnız çox sayda şəxsi heyəti olan dövlət qurumlarının istifadəsinə yönəlib. Bəzən idxal azalanda yerli bazardan məhsul yönləndiriləndə əlavə qıtlıq təzyiqləri yaranır. Ona görə də qiymətlərina artması, yerli istehsalın azalması ilə bağlıdır. Yerli istehsal azaldıqca, məhsul qıtlaşır, təklif azalır. Belə olduğu halda tələb təklifi üstələyir. Nəticədə qiymət artımı baş verir”, - deyə ekspert yekunlaşdırıb.
 
 
 
Ardını oxu...
Dövlət Gömrük Komitəsi “FF Construction” MMC (VÖEN- 1500616851) ilə satınalma müqaviləsi imzalayıb.

Yeniavaz.com xəbər verir ki, Gömrük Komitəsi satınalma müqaviləsini tender müsabiqəsi keçirmədən bir mənbədən satınalma metodu əsasında imzalayıb.

Müqavilənin şərtlərinə görə, “FF Construction” MMC Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının ümumi layihəsi üzrə yekunlaşmamış işləri, o cümlədən abadlaşdırma və texniki sahəsi üzrə nəzərdə tutulmuş yeni tikinti-quraşdırma işlərini yerinə yetirəcək və bunun üçün Komitədən 14 milyon 92 min 721 manat 60 qəpik alacaq.

Qeyd edək ki, bu müqavilə Gömrük Komitəsi ilə “FF Construction” MMC arasında imzalanan sayca 3-cü müqavilədir. Əvvəlki 2 müqavilə də tender müsabiqəsi keçirilmədən imzalanıb. “FF Construction” 2022-ci ildə yeni inzibati binanın fasadının üzlənməsinin ilkin işləri üçün Komitədən 7,6 milyon manat, 2023-cü ildə isə yeni inzibati binanın telekommunikasiya, rabitə, mühafizə və təhlükəsizlik sistemlərinin quraşdırılması üçün 4,6 milyon manat alıb.

Məlumat üçün bildirək ki, Dövlət Vergi Xidmətinin yenilənmiş “Kommersiya qurumlarının dövlət reyestri məlumatları”nda “FF Construction” MMC barəsində məlumatlar mövcud deyil.
Əvvəlki reyster məlumatlarında isə qeyd olunurdu ki, nizamnamə kapitalı cəmi 10 manat olan “FF Construction” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Fətəlixan Xoyski pr, ev 134, m 28-də yerləşir. Şirkətin qanuni təmsilçisi Soltanov Ayaz Üzeyr oğludur.

21 dekabr 2005-ci il tarixində dövlət qeydiyyatına alınan “FF Construction” MMC-nin “FF Şirkətlər Qrupu”na daxil olduğu bildirilir.

“FF Şirkətlər Qrupu”nun “Azərenerji” ASC-nin prezidenti Baba (Balababa) Rzayevin kürəkəni Fərid Fərhadzadə tərəfindən idarə olunduğu qeyd olunur. Bildirilir ki, “FF” ifadəsi də Fərid Fərhadzadənin ad və soyadının baş hərflərindən götürülüb. “FF Construston” MMC-nin hüquqi ünvanı da Fərid Fərhadzadənin Bakıda qeydiyyatda olduğu mənzildir.

Fərid Fərhadzadə eyni zamanda Baba Rzayevin qardaşı Rahib Rzayevin rəhbərlik etdiyi “Göknur Bakı Ltd” MMC-də baş icraçı direktor olub.

Fərid Fərhadzadənin atası isə Fövqəladə Hallar Nazirliyi yanında Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəisi general-mayor Rüfət Lətif oğlu Fərhadovdur.
Onu da qeyd edək ki, “FF Construction” MMC 2018-ci ilin iyun ayına kimi “Fərqli Fikir” MMC adı ilə fəaliyyət göstərib.

Şirkətin qanuni təmsilçisi Soltanov Ayaz Üzeyr oğlu daha əvvəl Baba Rzayevin ailə mülkiyyətində olduğu bildirilən “Zirə Aqrorark” MMC-nin də direktoru olub.
 
 
 
Ardını oxu...
Gənclər və İdman Nazirliyi Olimpiya hərəkatı və İdman Muzeyi kimi tikintisinə başlanmış obyektin Gənclər və İdman Nazirliyinin inzibati binasına çevrilməsi ilə əlaqədar tikinti işlərinin satın alınması ilə bağlı ela etdiyi tenderin qalibi olmuş “İnşaatçı 3” MMC ilə müqavilə imzalayıb.

TEREF bildirir ki, 32gun.Az-ın məlumatına görə, tərəflər arasında 1.999.730,06 AZN-lik müqaviləyə imza atılıb.

Bildirək ki, “İnşaatçı 3” MMC-nin qanuni təmsilçisi Qeys Siraclı Məmməd oğludur.

Yeri meiada gedən məlumata görə, Qeys Siraclı Məmməd oğlu mərhum nazir Azad Rəhimovun oğlu Arif Rəhimovun bizes ortağıdır. Mətbuatda gedən digər məlumata (“BakuNews”) görə, isə iş adamı Siraclı Qeys vəhhabilərin Azərbaycandakı ən böyük dəstəkçilərindən biridir.
 
Ardını oxu...
İsti mövsüm başa çatmaq üzrədir, amma piştaxtalarda olan meyvə-tərəvəz çeşidlərinin qiymətləri aşağı düşməyə tələsmir: tədarük çatışmazlığı və kənd təsərrüfatı məhsullarının baha olması şəhər sakinlərinin pul kisəsini boşaltmaqda davam edir. Ümumi fonda pomidorun qiymətləri xüsusilə təsirlidir - iyulun sonunda yay tərəvəzinin kiloqramı 1,5 manatdan 5 manata qədərdir.

AYNA-ya danışan alıcıların fikrincə, onların yüksək inflyasiya tərəfindən yeyilən kiçik gəlirləri, sözün əsl mənasında, bahalı tərəvəz və meyvələrə axır.

Vətəndaşlardan biri deyir: “Bu gün iki kiloqram pomidora dörd manat verdim. Əslində mövsümün qızğın vaxtında qəpik-quruş olmalı idi. Meyvə və tərəvəzsiz yaşamaq mümkün deyil, ona görə də pulumuz olmasa da, onu almalıyıq. Təmizlikçi kimi maaşım gündə 20 manatdır və bu qədər pulu məhsullara xərcləmək çox çətindir. Axı, təkcə pomidorla kifayətlənməyəcəksiniz, başqa xərclər də var”.

Yerli aptek işçisi də vəziyyətdən narazıdır: “Ölkədə minimum əmək haqqı 345 manat müəyyən edilsə də, 8 saatlıq iş gününə görə ayda cəmi 280 manat alıram. Başqa çıxış yolum yoxdur, çünki ərazidə demək olar ki, bütün apteklər belə cüzi qiymətə iş təklif edir və nəqliyyat üçün indiki qiymətlərlə başqa yerə getmək də mümkün deyil. Bazarlarda qiymətlər qorxuncdur. Maaşımla 2 manata pomidor ala bilərəm? Üç kiloya 6 manat ver, bütün ailəyə bəs edərmi?”.

Piştaxtalarda olan pomidor və digər ərzaq məhsullarının qiymətləri dövlət tərəfindən tənzimlənmir - onlar bazardan asılıdır. “Niyə bu halda topdan və pərakəndə satışda qiymət etiketləri eynidir?” – deyə başqa bir həmsöhbətimiz soruşur: “Pomidorların qiymətləri, demək olar ki, hər yerdə eynidir. Mənə elə gəlir ki, kiminsə gözəgörünməz əli mənim onsuz da cüzi qazancımı əlimdən alır, ucuz məhsullara fantastik dərəcədə yüksək qiymətlər qoyur”.

Bazar ticarətçiləri tərəvəz və meyvələri toplu olaraq alır və standart qiymətə satırlar. Onların sözlərinə görə, “Meyvəli” ticarət mərkəzinin topdansatış məntəqələrində və “8-ci kilometr” bazarında qiymət artımı müşahidə olunur.

Bəzi satıcılar bahalaşmanı Rusiyaya kütləvi şəkildə pomidor ixracı ilə izah edirlər. Dövlət Gömrük Komitəsinin statistik məlumatları da göstərir ki, bu il tərəvəz ixracı əvvəlki illərlə müqayisədə daha aktivdir. Gömrük məlumatlarına əsasən, 2024-cü ilin yanvar-iyun aylarında Azərbaycandan 136950 min dollar dəyərində 114247 ton pomidor ixrac edilib. Pomidor ixracı dəyər ifadəsində 13,4%, kəmiyyət ifadəsində isə 6% artıb. Müqayisə üçün qeyd edək ki, ötən il onlar 120730 min dollar dəyərində 108118 ton ixrac ediblər.

Bölgələrdə tərəvəz qəpik-quruş qiuymətinə olsa da, paytaxt bazarlarında baha qiymətə təklif olunur. Vəziyyəti AYNA-ya şərh edən kənd təsərrüfatı eksperti Vahid Məhərrəmovun dediyinə görə, bu, kənd təsərrüfatı məhsullarının kəndlərdən Bakı bazarlarına çatdırılması sisteminin xüsusiyyətləri ilə izah olunur.

“Kəndlilər şəhərlərə məhsul gətirməkdə çətinlik çəkirlər - bunu təchizat şirkətləri edir və paytaxtda yeganə topdansatış bazarı inhisardadır. İnhisarçılığın və rəqabətin olmamasının mahiyyəti məhsulların ucuz alınıb, şişirdilmiş qiymətə satılmasıdır. Optimal qiymətlər üçün icra hakimiyyətləri və Kənd Təsərrüfatı Nazirliyi iri şəhərlərdə və xüsusilə paytaxtda fermerlərin birbaşa kənd təsərrüfatı məhsullarının satıldığı bazarların qayğısına qalmalıdır. Bakının periferiyasında yerləşən geniş kənd təsərrüfatı sahələri bu məqsədə uyğun ola bilər”, - deyə mütəxəssis bildirir.

Müsahibimiz izah edir ki, kəndlilər üçün əlçatan olan yarmarkalar qiymətlərin və təklifin sabitləşməsi üçün çox vacibdir: “Kənd sakinlərinin bazara çıxışı olmalıdır. Ona görə də topdansatış müəssisələrin sayını artırıb təsərrüfatların ixtiyarına vermək lazımdır ki, orada məhsullarını normal qiymətə sata bilsinlər. Yalnız bu, normal qiymətə kömək edəcək və əsassız qiymət artımının qarşısını alacaq. Azərbaycanda ildə 860 min ton pomidor istehsal olunur ki, bu da adambaşına 86 kiloqram deməkdir. Dövlət Statistika Komitəsinin hesablamalarına görə, 20 kq pomidor ixrac edilir, qalan 660 min ton isə əhali üçün kifayət etməlidir - hətta idxala da ehtiyac yoxdur, qiymətlər isə indikilərin yarısı olmalıdır. Lakin buna daxili bazarda oliqarxların monopoliya şəbəkəsi mane olur”.

Məhərrəm ayı ərəfəsində pomidorun qiyməti kəskin bahalaşıb. Məhərrəm ayının əvvəlindən Səfər ayının ortasına qədər olan 40 gün ərzində Azərbaycanda ənənəvi olaraq toy şənlikləri keçirilmir və buna görə də bir çox ticarətçilər qiymətlərdə ucuzlaşma gözləyirdilər. Onlar gözləntilərini onunla izah edirlər ki, bu tərəvəzlərə tələbat əsasən restoranlar və şadlıq evləri tərəfindən diktə olunur. Amma bu, baş vermədi. Bazar birdən-birə yeni artım dalğası ilə üzləşdi - pomidor təklifi azaldı və qiymətlər qalxdı.
 
Ardını oxu...
“Ölkənin tikinti bazarında bahalaşma müşahidə olunur. Tikinti materiallarının qiyməti qalxıb. Buna səbəb dizel yanacağının bahalaşmasıdır. Çünki dizel yanacağı daşınmada mühüm rol oynayır. Onun bahalaşması bütün tikinti materiallarının qiymətinə öz təsirini göstərir. Tikinti və inşaat sektorunda qiymətlərin artması tədricən evlərin, mənzillərin və obyektlərin qiymətinə də təsir edəcək”.

Bunu Bakupost.az -a iqtisadçı ekspert Xalid Kərimli deyib.

O bildirib ki, tikinti materiallarının xüsusiyyətindən asılı olaraq onların daşıma xərclərində də qiymət artımı 25-30 faiz təşkil edir:

“Əvvəllər yük maşınları istənilən qədər yüklənə bilirdi. İndi isə elektron radarlar quraşdırılıb və bununla bağlı konkret tənzimləmə mövcuddur”.
 
 
 

Dünyapress TV

Xəbər lenti