Ardını oxu...
25 sentyabr 2024-cü il tarixində “Bakı Yod” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Dia-az.İnfo Şirkətin bildirişinə istinadən xəbər verir ki, iclasın gündəliyində aşağıdakı məsələlər durur:

1. Ümumi yığıncağın gündəliyinin təsdiq olunması;

2. “Bakı Yod” ASC-nin qalıq əmlakının bölünməsi planını əks etdirən hesabatın və son ləğv balansının təsdiq edilməsi;

3. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə nəzərdə tutulmuş digər məsələlər;

İclasın keçiriləcəyi ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov 10, “Bakı Kondisioneri” ASC-nin inzibati binası

Həmçinin 24 sentyabr 2024-cü il tarixində də “Azərelektroişıq” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağının keçiriləcək.

İclasın gündəliyində aşağıdakı məsələlər durur:

1. Ümumi yığıncağın gündəliyinin təsdiq olunması;

2. “Azərelektroişıq” ASC-nin qalıq əmlakının bölünməsi planını əks etdirən hesabatın və son ləğv balansının təsdiq edilməsi;

3. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə nəzərdə tutulmuş digər məsələlər;

Ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir.

İclasın keçiriləcəyi ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov 10, “Bakı Kondisioneri” ASC-nin inzibati binası.
Ardını oxu...
Dünyanın bir sıra ölkələrində lombardlarla bağlı xüsusi qanunvericilik aktları olduğu halda Azərbaycanda onların fəaliyyəti ayrıca tənzimlənmir. Qanunvericilikdəki boşluqlar isə müəyyən problemlərə yol açır.

“Əlini verirsən, qolunu alırlar”... Bu məsəli son vaxtlar lombardlarla bağlı problemlər yaşayan, kifayət qədər borcları yaranan insanlardan eşidirik. Kimisi 2,2 min manat kredit götürüb, 45 min manat ödədiyini deyir, kimisi girov kimi qoyduğu qızılların ona qaytarılmadığını, kimisi oğurlandığını bildirir. Demək olar ki, hər ay bu problemlərlə üzləşən vətəndaşlara rast gəlirik.
Bəs necə olur ki, bəzi lombardlar vətəndaşı rahatlıqla aldada bilir?

Ən qədim borc müqaviləsi

Vəkil Anar Ramazanov “Kaspi” qəzetinə açıqlamasında bildirdi ki, lombard Azərbaycan qanunvericiliyində girov müqabilində bağlanması nəzərdə tutulan müqavilə növlərindən biridir. Amma lombardı digər müqavilələrdən fərqləndirən cəhətlər var: “Tarixi baxımdan da lombard ən qədim borc müqavilələrindən biridir. Bir tərəf pula olan mülkiyyət hüququnu digər şəxsə verir. Lombard təşkilatlarının fəaliyyətinin tənzimlənməsi ilə bağlı əsas normativ hüquqi akt Mülki Məcəllənin 302-ci maddəsinin girov fəslində yerləşir. Lombardda bağlanan kredit müqaviləsini bizim Mülki Məcəllə girovun bir növü kimi müəyyənləşdirir”.

Lombard girov bileti ilə rəsmiləşdirilir

Mütəxəssis deyir ki, Mülki Məcəlləyə görə, lombard kreditinin bağlanması “girov bileti” ilə rəsmiləşdirilir: “Girov bileti”nin də forması Maliyyə Nazirliyinin 4 aprel 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş qaydalarla müəyyənləşir. Lombard kreditlərində girov qoyulan qiymətli əşyalar “girov bileti”ndə müfəssəl şəkildə təsvir olunub. Orada girov qoyulmuş qiymətli əşyaların adı, növü, çəkisi, əyarı və digər xüsusiyyətləri göstərilir. Hətta təcrübədə çox vaxt mübahisə olmasın deyə, girov qoyulan əşyaların şəkli də çəkilir ki, vətəndaş gələcəkdə girov qoyduğu əmlakı tanısın və mübahisə yaranmasın. Bundan əlavə, vətəndaşın hüququ var ki, girov qoyduğu qiymətli əşyaların videosunu da çəksin. Kredit alan vətəndaş lombard kreditini vaxtında ödəmədikdə də, lombardın hüququ var ki, girov qoyulan qiymətli əşyaları hərracda sataraq, öz borcunu götürsün. İpoteka müqavilələrindən fərqli olaraq, lombard girovunda təşkilatın hərracdan əldə etdiyi məbləğ vətəndaşın borcundan az olsa belə, onun lombard qarşısında öhdəliyinə xitam verilir. Digər girov müqavilələrində isə girov predmeti borcu ödəmədikdə, vətəndaşın digər əmlakına yönəldilə bilər”.


Lombard təşkilatında yanğın olsa...

Vəkil vurğulayır, dünyanın bir sıra ölkələrində lombardlarla bağlı xüsusi qanunvericilik aktları olduğu halda, bizdə onların fəaliyyəti geniş tənzimlənmir: “2002-ci ilə qədər lombard təşkilatları lisenziyalaşdırılmış fəaliyyətlə məşğul idilər. Daha sonra sahibkarlığın inkişafına dəstək məqsədilə, lisenziya ilə bağlı bir sıra tələblər ləğv edildikdə, bu, lombard təşkilatlarına da şamil edildi. Lombardlarla bağlı 2014-cü ildə qəbul edilən normativ hüquqi akt var. O da lombardların çirkli pulların leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət ilə bağlıdır. Ümumilikdə, Mülki Məcəllə də var, lakin lombard təşkilatının fəaliyyəti, minimum kapitalı, idarə edilməsi hansı şəkildə həyata keçirilməsi kimi məsələlər tənzimlənmir. Məsələn, lombard təşkilatlarında kassanın təhlükəsizliyinə dair normativ standartlar bugünkü qanunvericilikdə yoxdur. Lombard təşkilatında yanğın olsa, orada qiyməti 100 minlərlə ölçülən girov əşyalar məhv ola bilər. Bunların sığortalanması ilə bağlı tələb də yoxdur”.

Lombardda qoyulan girov mənimsənilə bilməz

Lombardların dələduzluqla məşğul olması məsələsinə gəldikdə isə, vəkil deyir ki, Mülki Məcəlləyə bununla bağlı düzəlişlərin edilməsi vacibdir: “Lombard təşkilatları bir sıra hallarda dələduzluq, saxtakarlıqla məşğul olurlar. Hətta vətəndaşın qoyduğu qızıl-zinət əşyasının bəzi hallarda surəti hazırlanır və vətəndaşa təqdim olunur. Bu və ya digər formalarda girovlar mənimsənilir. Onların məsuliyyətə cəlb olunmasına baxmayaraq, vətəndaşların əmlakını qaytarmaq qeyri-mümkün olur. Bəzən təcrübədə görürük ki, lombardlar vətəndaşa təzyiq edir. Deyir ki, müqavilədə göstərilən müddətdə pul ödənilməsə qızıl müsadirə ediləcək. Vətəndaşlar bilməlidir ki, qanunvericiliyə əsasən, lombardda qoyulan girov heç bir halda mənimsənilə bilməz. Bu, qanunvericiliklə qadağandır. Girov açıq hərracda satılmalıdır və bu proseduralar Mülki Məcəllə ilə tənzimlənir”.

Lombardlar niyə populyardır?

İqtisadçı ekspert Eyyub Kərimli deyir ki, bu gün lombardların əhali arasında populyarlığının əsas səbəbi əlçatan olmasıdır: “Yəni kiminsə təcili vəsaitə ehtiyacı olanda hər hansı qiymətli bir əşyanı lombarda girov kimi təqdim edib istədiyinə nail olur. Hətta bəzən lombardlar mobil telefon, kompüter, avtomobil girov götürüb dərhal vəsait ayırırlar. Müştərilərdən rəsmi gəlir yerləri tələb olunmur. Bankalardakı sənədləşmə işləri lombardların fəaliyyətinə geniş imkanlar yaradır və sui-istifadə halları çoxalır. İnsanlar lombardlardan fəaliyyətləri ilə bağlı sənəd tələb etməli, imza atdıqları sənədlərə diqqət yetirməli, müqavilə şərtlərini öyrənməlidirlər. Bəzən müşahidə edirik ki, lombardlar gizlin yerlərdə kiçik xidmət ofisi kimi fəaliyyət göstərirlər. Əlbəttə, bu, şübhə yaratmalıdır”.


Vətəndaşlar əgər lombarda müraciət edirlərsə...

İqtisadçı vurğulayır ki, ölkədə qanunsuz fəaliyyət göstərən, özlərini lombard təşkilatları kimi qələmə verən qurumlar var. Vətəndaşlar əgər lombarda müraciət edirlərsə, nəyə imza atdıqlarına baxmalı, onların qanuni fəaliyyət göstərmələrini araşdırmalıdırlar: “Bu xidmətlərdən istifadə edən vətəndaşlar kifayət qədər zərər görürlər. Həm faizlər çox olur, həm müştərilərinin girov qoyduqları əşyaları itirirlər. Tövsiyə edərdim ki, insanlar daha çox banklardan kreditlər əldə etsinlər. Bəzi banklar lombard xidmətlərini də göstərir ki, orada asanlıqla və qanuni yolla kreditlər əldə etmək olar. Bunlar daha təhlükəsizdir”.

Aygün Əziz
 
 

 


Ardını oxu...
Ticarət Nazirliyi 81 əyalətdə cəmdək ətinin qiymətinin ucuzlaşmasını istehlakçıya çatdırmayan qəssablarla bağlı yoxlamalara başlayıb.

Tribunainfo.az Milliyet-ə istinadən xəbər verir ki, müəyyən edilib ki, ötən aylarda cəmdək ətinin qiymətinin artması səbəbindən ətin qiymətini artıran qəssablar ətin ucuzlaşmasına baxmayaraq, qiymətləri yeniləməyiblər.

Məsələ ilə bağlı hərəkətə keçən Ticarət Nazirliyi, İstanbul başda olmaqla qiymətləri endirməyən biznesmen haqqında araşdırma başlatdı.
 
Ardını oxu...
Azərbaycanda insanların əksəriyyəti ərzağa daha çox pul xərclədiklərini iddia edirlər. Ərzağa pul xərcləməkdən sosial məşğuliyyətlərə, istirahətə pul qalmadığını deyənlər də çoxluq təşkil edir. Kimisi düşünür ki, ərzaq əsas ehtiyac olduğu üçün ona çox pul xərcləmək normaldır, kimisi də bunun səbəbini ərzaqların bahalığında görür.

Statistik göstəricilər

İqtisadçı-ekspert Eyyub Kərimli Bizim.Media-ya açıqlamasında Azərbaycanda insanların gəlirlərinin çoxunun ərzağa xərclədiyini təsdiqləyib.
“Cari ilin 6 ayında Azərbaycanda insanların gəlirlərinin 50,6 faizi ərzağa xərclənib. Gəlirlərinin digər hissəsinin 12-13 faizi geyimə, 5 faizi avtomobil xidmətlərinə, 2 faizi isə dərman vasitələrinə xərclənib. Bu baxımdan əlbəttə ki, bizdə istehlak zənbilinin dəyəri daha çoxdur. insanların qazancının yarısı ərzağa gedir və insanlar digər xərclərinə daha az vəsait xərcləməli olurlar.

İstirahət xərcləri, digər mənəvi-mədəni xərclər, təhsil xərcləri də var. Bu baxımdan sözsüz ki, bəzən insanlar digər istiqamətlərə yetərincə xərclər ayıra bilmirlər. Çünki ən ümdə istehlak xərcləri yeməklə bağlıdır”.

“Əməkhaqqı artırılmalıdır...”

Eyyub Kərimli bildirir ki, insanların gəlirləri çoxaldıqca xərcləri də çoxalır. Ona görə də, bu vəziyyət balanslaşdırılmalıdır:

“Amma hər halda minimum əməkhaqqının artırılması tərəfdarıyam. Beynəlxalq təcrübəyə baxanda insanların gəlirlərinin 20-30 faizi ərzağa xərclənir. Azərbaycanda isə insanların qazancının yarısı ərzaq vasitələrinə xərclənir. Bu da onu deməyə əsas verir ki, bizdə insanların gəlirləri daha da artmalıdır”.
 
Ardını oxu...
Kənd Təsərrüfatı Nazirliyi aqrar sahənin nəbzini tutmaq fikrində deyil

Bu il qış kənd təsərrüfatı üçün əlverişli keçsə də, yaz və yay ayları haqqında bu fikri söyləyə bilmirik. Bazarlarda mövsüm məhsuları - meyvə-tərəvəz qiymətləri kəllə-çarxa qalxıb, şəhər əhalisi əlindəki pulla heç bir ehtiyacını ödəyə bilmir. Bütün media məkanı bu suala cavab axtarır - yayın cırhacırında pomidor niyə istixana pomidorunun qiymətinə satılır? Mən sözgəlişi "pomidor" yazdım, əslində əksər bostan tərəvəz bitkilərinin qiyməti bazarda kifayət qədər bahadır. Gəlin, əvvəlcə bu bahalaşmanın səbəbləri barədə məlumat verək. Bütün ölkə əhalisi şahiddir ki, bu il nə normal yaz, nə də yay fəsli izlənilmədi. Hava şəraiti dəyişkən, yağışlı, hətta, əksər hallarda dolu, külək və sel kimi təbiət hadisələri ilə müşaiyət edilirdi. Bəllidir ki, kənd təsərrüfatı məhsullarının kütləvi yetişməsi üçün birinci şərt havanın temperaturunun yüksəl olmasıdır. Bakının asfaltlı küçələrində istini nə qədər sevməsək də, bu yüksək temperatur məhsul bolluğunun rəhnidir. Lakin bu cür hava şəraitində temperatur aşağı düşür və bu da məhsulun inkişafını və yetişməsini ləngidir. Nəticədə kütləvi yetişmə halı baş verə bilmir. Bunu qıtlıq səbəblərindən biri saymaq olar. Digər səbəb dolu və küləyin təsirləridir. Dolu və külək bitkinin üstündəki barı döyərək zədələyir, bəzi hallarda isə bitkinin gövdəsini sındırır. Nəticədə bitki barının bir hissəsi yetişməmiş sıradan çıxır ki, bu da məhsuldarlığın azalmasına gətirib çıxarır.
Bütün bunlarla yanaşı, ardıcıl yağan yağışlar məhsul yığımını və tədarükünü əngəlləyir. Kənd təsərrüfatı məhsulları şumlanmış tarlalarda yetişdiyindən yağış yağanda məhsul yığımı mümkün olmur. Ona görə də yağışlı havalardan dərhal sonra bazarda məhsulların qiyməti yüksəlir.
Bütün yuxarıda qeyd edilənləri nəzərə alaraq bu ilki kənd təsərrüfatı ilini fors-major il kimi xarakterizə etmək olar. Bəs belə fors-major şəraitdə ölkə əhalisini kənd təsərrüfatı məhsulları ilə təmin etmək üçün nələr etmək olardı, inkişaf etmiş ölkələrdə belə şəraitdə hansı addımlar atılır və Azərbaycan hökuməti bu təcrübələrdən necə yararlana bildi?
Dünyanın inkişaf etmiş ölkələrində belə şərait yarandıqda ilk növbədə ölkənin daxili potensialından maksimum istifadə etmək məqsədilə addımlar atılır. Bu hər bir ölkə üçün xarakterik addımlar olur, lakin məqsəd birdir - potensialdan maksimum istifadə. Azərbaycanda bunun üçün fermerlərin birbaşa böyük şəhərlərin bir neçə bazarına sərbəst giriş imkanı yaradılmalı idi ki, istehsalı az olan məhsul əldən ələ keçmədən, operativ şəkildə son istifadəçiyə çatdırıla bilsin. Bu məqsədlər üçün fermerlərin yol pulunu qarşılamaq üçün operativ subsidiyalar da verilə bilərdi. Məsələn, geniş bostan və tərəvəz sahələri olan fermerləri tapıb, onların məhsulunu təsdiqləyərək yerindəcə yol xərci subsidiyaları verilə bilərdi. Lakin çox təəssüflər olsun ki, biz bunun şahidi olmadıq.
Bununla yanaşı, ölkə daxilində ən çox ehtiyac duyulan, çatışmazlığı hiss edilən kənd təsərrüfatı məhsullarının idxal rüsumları ləvğ edilə bilərdi ki, ölkə daxilində azalan istehsalı idxal hesabına kompensasiya etmək mümkün olsun.
Daha bir operativ tədbir o ola bilərdi ki, hava şəraitinin əlverişsiz keçməsi ilə əlaqədar olaraq bitkiçilikdə sürətlənən xəstəliklərin aşkarlanması və aradan qaldırılması üçün fermerlərə aqrotexniki maarifləndirmə vasitəsi ilə dəstək verilsin. Lakin Kənd Təsərrüfatı Nazirliyinin 52 rayonda yerləşən idarələrindən heç biri fermerlərə belə bir dəstəyin verilməsinə cəhd belə göstərmədilər.
Ümumiyyətlə, bu il Azərbaycanda kənd təsərrüfatı ili fors-major ili kimi xarakterizə edilsə də, AR Kənd Təsərrüfatı Nazirliyi adi rejimdə çalışdı, heç bir qabaqlayıcı tədbir görmədı, bununla bağlı hökumətə heç bir təklif vermədi. Bu o deməkdir ki, AR Kənd Təsərrüfatı Nazirliyi (KTN) hələ bu mövsüm ilinin digərlərindən fərqini anlamayıb, baş verənlərın fərqində deyil. Ona görə fərqində deyillər ki, KTN-də aqrar sahənin müxtəlif sektorlarının mütəxəssisləri demək olar ki, yoxdür. Şəxsı söhbətlərimiz zamanı nazirliyin işini bilən azsaylı mütəxəssisləri gileylənir ki, hər hansı bir səmərəliləşdirici təkliflərdə bulunan mütəxəssislər nazirliyin kluarlarında lağa qoyulur, ələ salınır. Nazirlikdə yalnız korrupsiya mənbələrini göstərən, axtarıb tapan "mütəxəssislər" təqdir edilir və mükafatlandırılır. Bu cür məlumatlar olmasa da belə, KTN-in davranışlarından da müəyyən etmək olar ki, nazirlik ölkənin aqrar sahəsinin nəbzini tutmağı bacarmır və ya heç buna cəhd də göstərmir.
Ölkədə yaz və yay aylarında demək olar ki, hər həftə yağış və dolu yağır, güclü küləklər əsir, sel keçirdi, amma buna baxmayaraq KTN adi iş rejimində işləyirdi. Yenə Bakıda əksəriyyəti idxal məhsulları olan "Kənddən şəhərə" yarmarkaları keçirir və qiymətləri müşahidə etməklə kifayətlənir. Bu faktlar göstərir ki, KTN işləmir. Bunun səbəblərini isə hökumət başçısı araşdırmalı, səbəblərini tapmalı və problemləri aradan qaldırmalıdır. Bu il sərgilənən biganəliyə qarşı tədbir görülməyəcəksə, növbəti illərdə gözlənilən eyni şərait qarşısında biz aciz durumda qalacağıq. Biz sığortalı deyilik ki, gələn il də eyni problemlərlə üzləşməyəcəyik. Müasir iqlim dəyişiklikləri hər cür ətraf mühit problemləri yaratmağa qadirdir. Bu problemlərə qarşı mübarizə aparmaq üçün isə ölkənin Kənd Təsərrüfatı Nazirliyi çevik qərarlar qəbul etmək, operativ tədbirlər görmək imkanlarına malik mütəxəssislərlə zəngin olmalıdır. Həmin mütəxəssislər dünyanın aqrar sahədə əldə etdiyi bütün yenilikləri müfəssəl şəkildə öyrənib, ölkə daxilində tətbiq etmək imkanlarına malik olmalıdırlar. Məsələn, indi mütəxəssislər bu ilki hava şəraitinə uyğun sortların selleksiyalaşdırılması ilə məşğul olmalıdır ki, gələn il fermerlər məhz həmin sortlardan əkmək imkanına malik olsunlar. Bunun kimi çox müxtəlif istiqamətdə tədbirlər görülməlidir. Amma bizim Kənd Təsərrüfatı Nazirliyində bu istiqamətdə heç bir təşəbbüs yoxdur.

Akif Nəsirli
 
Ardını oxu...
Banklarla bağlı vaxtaşırı narazılıqlar səsləndirilir. Əksər hallarda da problemlər pul köçürmələri ilə bağlı olir. Bəzi maaş kartlarına milliön terminalları vasitəsilə pul köçürmələri edərkən komissiya tutulur. Bu da vətəndaşların narazılığına səbəb olur.

Bank sektoru üzrə ekspert Əkrəm Həsənov Demokrat.az-a açıqlamasında məsələyə münasibət bildirib:

“Əgər xidmət göstərən təşkilatın və ya bankın müqaviləsində bu nəzərə tutulubsa, komissiya tutula bilər. Maaş kartı və ya digər bank kartının olmasının fərqi yoxdur, maaş kartı da əslində adi bank hesabıdır. İstənilən pul köçürməsi bir xidmətdir, vətəndaşa xidmət göstərilir. Deməli, bu xidmətin də xərci var və bunu kimsə öz üzərinə götürməlidir. Bunu ya işəgötürən ödəyir, ya da işçi. Yəni, burada qanunsuz nəsə yoxdur”.
 
Ardını oxu...
Qatar Airways Cənubi Afrikanın özəl regional aviadaşıyıcısı Airlink-də 25% pay alır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Qatar Airways iki aviaşirkətin rəhbərləri arasında Dohada keçirilən görüşün yekunlarına dair açıqlamasında məlumat verib.

"İnvestisiya müqaviləsi Qatar Airways-in Afrikanın iqtisadi və biznes potensialının açılmasında əsas oyunçu kimi mövqeyini gücləndirəcək", - deyə məlumatda qeyd edilib.

Öz növbəsində, Airlink-in baş direktoru Rocer Foster bildirib ki, saziş Cənubi Afrika aviaşirkətinin xidmət göstərəcəyi reyslərin və istiqamətlərin sayının artırılmasını nəzərdə tutur.

"Qatar Airways-in sərmayəsi bizə kontinental uçuşlara xidmət göstərməyə başlamağa imkan verəcək", - deyə Foster yerli EWN radiostansiyasına söyləyib.

Hazırda Airlink yalnız Afrika bazarında fəaliyyət göstərir, onun təyyarələri qitənin 15 ölkəsinin 45 şəhərinə uçur.

Airlink investisiya fondları da daxil olmaqla beş sahibin nəzarətində olan özəl şirkətdir. Şirkətin səhmləri birjada sərbəst satılmır. Maliyyə tərəfi açıqlanmayan sövdələşmə hələ də hər iki ölkənin milli tənzimləyicilərinin təsdiqini tələb edir.

Airlink sərnişin həcminə görə Cənubi Afrikanın ikinci ən böyük aviaşirkətidir.
 
Ardını oxu...
Hazırda Qərb ölkələri Ukraynaya Kiyevin 2025-ci il üçün yardım şəklində istədiyi vəsaitin yalnız yarısını verəcəklərini vəd ediblər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ali Radanın deputatı Yaroslav Jeleznyak məlumat verib.

"Ukrayna hakimiyyətinin gələn il üçün tələbi 32 milyard dollardır, deyək ki, 15, 16, 17 milyard dolları təsdiqlənib, qalan hər şey Rusiyanın aktivlərindən əldə edilən dondurulmuş gəlirə qarşı kreditdir", - deyə o, "RBC-Ukrayna" agentliyinə müsahibəsində bildirib.
 
 
 
Ardını oxu...
Avqustun 19-da Moskva Birjası indeksi 2023-cü ilin iyulundan bəri ən aşağı səviyyəyə düşüb.
Qaynarinfo xəbər verir ki, Moskva Birjasının indeksi 2798,72 bənd (-1,04%), RTS indeksi 991,67 bənd (-1,04%) təşkil edib; Moskva birjasında əksər mavi çiplərin qiymətləri 2,9% daxilində mənfi dinamika göstərir.
Rusiyanın demək olar ki, bütün iri şirkətlərinin – Ozon, AFK Sistema, Sberbank, Severstal, Lukoil, NLMK, Tatneft, Alrosa, VTB, Rusal, Surgutneftegaz, MMK, Magnit, Qazprom Neft, Rosneft, MTS, Aeroflot, Qazprom, Novatek, Norilsk Nikeli-nin qiymətli kağızları ucuzlaşıb.
Analitiklərin fikrincə, avqustun 19-da Rusiya səhmlərinin kotirovkaları həm qlobal kapital bazarlarında vəziyyətin pisləşməsi, o cümlədən neftin dünya qiymətlərinin düşməsi, həm də bir sıra daxili neqativ amillərin – monetar məzənnənin daha da sərtləşdirilməsi qorxularının və Rusiya Bankının inflyasiya ilə mübarizə siyasəti, eləcə də Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsində əməliyyatı ilə əlaqədar artan geosiyasi risklərin təzyiqi altında enir.
Ardını oxu...
Azərbaycanda viski istehsalı üç dəfəyədək artıb. Belə ki, 2024-cü ilin yanvar-iyun aylarında ölkədə 311,4 min dkl viski istehsal edilib. Dövlət Statistika Komitəsinin hesabatında bildirilir ki, ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə istehsal 192,4 min dkl və ya 2,6 dəfə artıb.
Bəs viski istehsalının artmasının səbəbi nədir? Azərbaycanda viskiyə tələbat artıb?

Rus idxalçıları Azərbaycana üz tutur

Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Elçin Mədətov açıqlamasında bildirib ki, son dövrlərdə viski istehsalının artımı Rusiya və Belarusa tətbiq olunan sanksiyalarla bağlıdır: “Viskinin klassik istehsalçıları ABŞ və İngiltərə Rusiyaya sanksiyalar tətbiq edirlər. Rus idxalçıları bu tələbatlarını ödəmək üçün Azərbaycan və Orta Asiya ölkələrinə üz tuturlar. Statistikadakı artım sırf bununla bağlıdır”.

Azərbaycan viskisinə tələbat yoxdur?

Assosiasiya sədrinin sözlərinə görə, Azərbaycan viskisinə dünyada və ölkəmizdə tələbat istənilən səviyyədə deyil: “Ümumiyyətlə, öz istehsalımız olan viskinin şərabımız kimi dünyada məşhurluq qazanacağına inanmıram. Azərbaycan şərab istehsalçısı kimi postsovet ölkələrində kifayət qədər tanınır, amma dünya alkoqol istehsalçıları xəritəsində viski istehsalçısı kimi məşhurlaşmayıb. Viski deyəndə Şotlandiya, İngiltərə və ABŞ yada düşür. Rusiya öz tələbatını ABŞ və Avropadan təmin edə bilmədiyi üçün Azərbaycana üz tutur, bu da statistikada özünü göstərir”.

Əhali tədricən araqdan uzaqlaşır

Mütəxəssis vurğulayır ki, dünyada əhali tədricən araqdan uzaqlaşır, elit içkilərə maraq artır: “İxrac statistikasına nəzər saldıqda da görəcəyik ki, istehsalın üç dəfə artması sırf ixracla bağlıdır. Amma o demək deyil ki, ölkə daxilində viskiyə tələbat yoxdur. Tələbat var, amma bu, hələ ki, stabildir. Ümumiyyətlə, dünyada elit içkilərə maraq artır. Yəni əhali tədricən araqdan və digər içkilərdən uzaqlaşıb viski, tekila, rom kimi spirtli içkilərə maraq göstərir”.

Zadəgan içkisi desert kimi təqdim edilir

Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktor müavini, texnika üzrə fəlsəfə doktoru Teymur Musayev isə bildirir ki, viski zadəgan içkisi sayılır və əyləncə yerlərində gənclərin ən çox müraciət etdiyi içkidir: “Hazırda yay fəslidir və dəniz mövsümüdür. Viski buz və meyvə ilə təqdim edildiyi üçün xüsusilə bu dövrlər daha çox içilir. Çimərliklərdə desert kimi təqdim edilir. Şərab klassik içkidir, viski isə sırf əyləncə xarakterlidir. Ona görə də statistikada fərqin olmasını normal hesab edirəm”.

Viski istehsalı istənilən səviyyədə deyil

Şərabçılıq üzrə mütəxəssis vurğulayır ki, ölkədə təbii yollarla istehsal edilən viski yox dərəcəsindədir: “Azərbaycanda viski istehsalı istənilən səviyyədə deyil. Hazırda xaricdən gətirilən inqrediyentlər sayəsində istehsal edilir. Təbii yolla, sırf Azərbaycan məhsulları ilə istehsal edilən viski demək olar ki, yoxdur. Çünki viski qarğıdalı, çovdar və yaxud şəkərləndirilmiş arpadan hazırlanır. Hazırlıq prosesində 70 faiz qarğıdalıdan, 30 faizi isə digər dənli bitkilərdən istifadə olunur. Sırf öz istehsalımız azdır, çünki maya dəyəri baha başa gəlir. Hazırlanma prosesi çətindir və hazırda ölkə bazarı üçün bu spirtli içkini istehsal etmək asan deyil”.

Artıq ənənəvi içkilərlə yanaşı viskiyə də tələbat var...

İqtisadçı ekspert Fuad İbrahimov deyir ki, artıq ənənəvi içkilərlə yanaşı viskiyə də tələbat var, amma bunu hələ ciddi artım kimi qiymətləndirə bilmərik: “Viski istehsalının həcminin üç dəfəyədək artmasını bu sahədə ciddi sıçrayış kimi hesab edə bilmərik. Sadəcə olaraq, əvvəlki dövrlərdə daha az istehsal olunurdu, indi tələbat qismən artıb. Spirtli içkilərlə bağlı nəzərə almaq lazımdır ki, sovet dövründən Azərbaycanda bu sahədə istehsal olub, şampan, araq, şərab, pivə kimi ənənəvi içkilər bizim cəmiyyətdə qəbul olunub. Sovetlər ərazisində kifayət qədər tanınan brendlərimiz var idi. Bu gün də Rusiya bazarında bizim spirtli içkilər öz yerini tutub. Amma viski ənənəvi içkilərimizlə müqayisədə daha çox qərbyönümlü içki kimi qəbul olunur. Bu içki növü müstəqillik əldə etdikdən sonra postsovet məkanına daxil oldu”.

Viskinin populyarlaşması proqnozlaşdırılır

İqtisadçı bildirir ki, biz müasir dövrdə müşahidə edirik ki, məclislərdə viskidən istifadə edənlərin sayı artır, hətta bəzən ənənəvi içkiləri üstələyir: “Müsbət hal odur ki, artıq viski yerli istehsal formatında bazara daxil olub və xaricdən gələn digər məhsullarla sağlam rəqabət apara bilir. Hazırda viskinin digər içkilərdən daha çox istifadəsi proqnozlaşdırılır və bu, mərhələli şəkildə artacaq. Çünki yerli istehsal olduğu üçün qiymət əlçatanlığı da insanların istifadə imkanlarını reallaşdırır”. ("Kaspi" qəzeti)
 

Dünyapress TV

Xəbər lenti