Ardını oxu...
Bakıdakı hotellər COP29 ərəfəsində 80 faiz dolub.
Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov mediatur zamanı jurnalistlərə bildirib.
Onun sözlərinə görə, ümumilikdə 17 500 hotel otaqlarının 80 faizi artıq satılıb.
“Qonaqların yerləşdirilməsi üçün yaşayış komplekslərindən də istifadə ediləcək”, – Anar Ələkbərov bildirib.

O əlavə edib ki, bu günə kimi Bakıda 67 min nəfər COP29 üçün qeydiyyatdan keçib.
“Çox sayda qonaq gözləyirik. Bu, Azərbaycan tarixində ən böyük tədbirdir. Bütün COP29 məkanı istifadə olunacaq, boş yer qalmayıb”, – A.Ələkbərov bildirib.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bir neçə gün sonra Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. “COP” (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan “Tərəflərin Konfransı” mənasını verir.
Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.//Trend
 
Ardını oxu...
İngiltərə Mərkəzi Bankı (BOE) bu gün pul siyasəti faizini 0,25 faiz bəndi azaldaraq 5%-dən 4,75%-ə endirdi. Bu qərar ABŞ Federal Ehtiyat Sisteminin ("Fed") oxşar addım atmasından saatlar əvvəl qəbul edilib və "BOE"nin son illərdəki ən yüksək səviyyələrdən faizləri endirməyə davam etdiyini göstərir.

Faiz endirimi qərarı səkkiz üzvün dəstəyi ilə qəbul edilib, yalnız bir üzv faizin 5%-də saxlanmasını dəstəkləyib. "BOE", yüksək inflyasiya ilə mübarizədə tədrici yanaşmanın uyğun olduğunu bildirib. Avqust ayında 2,2% olan inflyasiya səviyyəsi sentyabrda 1,7%-ə enərək hədəfin altına düşsə də, ilin sonuna qədər 2,5%-ə yüksəlməsi gözlənilir.

Faiz endiriminin iqtisadiyyata təsirləri və gözləntilər

Yeni İngiltərə hökumətinin iqtisadiyyata təsir edəcək siyasətləri diqqət çəkir. Hökumətin xərcləri artırması və vergi planlarının gələn il iqtisadiyyata təxminən 0,75% artım gətirəcəyi gözlənilsə də, bu, eyni zamanda inflyasiyanı yarım faiz bəndi yüksəldə bilər. "BOE" iqtisadiyyatın müqavimət göstərməsinə baxmayaraq, qalıcı inflyasiya risklərinin mövcud olduğunu vurğulayıb.

"BOE"nin sədri Endryu Beyli faiz endirimi qərarının Londonda keçiriləcək mətbuat konfransında ətraflı izah ediləcəyini açıqlayıb. "BOE" iqtisadi məlumatların inkişafını əsas götürərək siyasət məhdudiyyətlərinin tədricən aradan qaldırılmasının məqsədəuyğun olduğuna qərar verib. Lakin inflyasiya riski, pul siyasətində sərt mövqeyin davam etdirilməsini zəruri edir.

"Fed"in qərarları və Trampın təsiri

"Fed"in bu gün faiz dərəcəsini 0,25 faiz bəndi azaltması gözlənilir. İngiltərə iqtisadiyyatı ABŞ qədər dayanıqlılıq nümayiş etdirməsə də, Brexit sonrası qeyri-müəyyənliklərin təsiri davam edir. ABŞ seçkilərinin iqtisadi siyasətə təsirləri nəzərə alındıqda, Donald Trampın xərcləmə və vergi planlarının federal borcu artıra biləcəyi bildirilir.

İngiltərə Mərkəzi Bankının faiz endirimi qərarı bazarda istiqraz gəlirlərinin yüksəlməsinə səbəb oldu. İngiltərənin iqtisadi strategiyaları və qlobal iqtisadi inkişaflar qarşıdakı dövrdə pul siyasətinin necə formalaşacağına dair ipucları verə bilər.
 
Ardını oxu...
Almaniya erkən seçkilərlə üz-üzə qalarkən, mövcud koalisiyanı böhrana sürükləyən səbəblər arasında iqtisadi amillər əsas rol oynayır.

Valyuta.Az-ın "Bloomberg"ə istinadla verdiyi məlumatına əsasən, 2010-cu ildən bəri böyük şirkətlərin ölkədən 650 milyard avroluq (700 milyard dollar) kapital çıxarması, ölkənin rəqabət qabiliyyətini və məşğulluğunu ciddi şəkildə təzyiq altında qoyan faktor kimi diqqət çəkir.

ABŞ-da Donald Trampın yenidən seçilməsinin müzakirələri getdiyi bir vaxtda Avropanın ən böyük iqtisadiyyatı olan Almaniyada siyasi böhran baş qaldırıb.

Son dövrlərdə “Volkswagen” kimi şirkətlərin istehsalı dayandırması xəbərləri ilə gündəmə gələn Almaniya iqtisadiyyatında rəqabət qabiliyyətinin və məşğulluğun zəifləməsi siyasi sahədə də sarsıntılara səbəb olub.

"Bundesbank"ın məlumatlarına görə, aralarında kimya nəhəngi “BASF SE”, avtomobil təchizatçısı “ZF Friedrichshafen AG” və məişət texnikası istehsalçısı “Miele & Cie. KG” kimi şirkətlərin də yer aldığı müəssisələr 2010-cu ildən bəri 650 milyard avrodan çox net kapital çıxışına səbəb olaraq vəsaitlərini ölkə xaricinə yönəldib. Bu kapital çıxışının təxminən 40%-i Olaf Şoltsun rəhbərlik etdiyi koalisiya dövründə baş verib.

Almaniyada siyasəti böhrana sürükləyən vəziyyətin əsas səbəbləri yüksək enerji qiymətləri, köhnəlmiş texnologiya və həddindən artıq bürokratiyadır. Bu şərait ölkə daxilində əsas şirkətləri uzaqlaşdırmaqla yanaşı, xarici kapitalı cəlb etmək səylərinə də mane olur.

Trampın proteksionist tədbirlər görmək təhdidləri uzun müddətdir ciddi islahatların qarşısını alan siyasi çıxılmaz vəziyyəti daha da dərinləşdirərək Şoltsun işini çətinləşdirir.

Almaniyadan şirkət axını

“Volkswagen”in daxili investisiyaları azaltması və “Intel”in Almaniyanın şərqində böyük dövlət subsidiyaları ilə dəstəklənən zavod layihəsinin çətinliklərlə üzləşməsi ilə əlaqədar olaraq, ölkədə kapital çıxışı əsas mövzuya çevrilib.

Almaniya İqtisadiyyat İnstitutunun iqtisadçısı Kristian Ruşe, “Keçmişin Alman iş modeli artıq işləmir. Şirkətlər getdikcə başqa yerlərə yönəlir,” deyə açıqlama verib.

Mütəxəssislərin fikrincə, Almaniya daxili və xarici investorları istiqamətlərini dəyişməyə inandıra bilməzsə, uzunmüddətli tənəzzüllə üzləşəcək və digər inkişaf etmiş sənaye ölkələrindən daha da geri qalma riski ilə üz-üzə qalacaq. Bu, seçiciləri narahat edən və daha çox siyasi qarışıqlığa səbəb olan mənfi bir dövr yarada bilər.
 
Ardını oxu...
ABŞ və Somali Afrika dövlətinin 1,14 milyard dollar borcunu siləcəyinə dair razılaşma imzalayıb.

Valyuta.az xəbər verir ki, keçən il bir neçə ölkə dünyanın ən çox borcu olan yoxsul ölkələrinə yardım təşəbbüsü çərçivəsində Somalinin cəmi 4,5 milyard dollarlıq borcunu silməyə razılaşıb.

Səlahiyyətlilər ABŞ ilə razılaşmanı tarixi adlandırıblar. Somalinin borclarının əsas hissəsi ölkəyə 1969-1991-ci illərdə rəhbərlik etmiş prezident Məhəmməd Siad Barrenin hakimiyyəti dövründə yaranıb.

Somalinin hazırkı prezidenti Həsən Şeyx Mahmud daha əvvəl demişdi ki, ölkə əlamətli borcun ağırlığı altında boğulmaqdadır və bu borcun faizləri ölkədəki vətəndaş müharibəsi zamanı dövlətin ağrılı və uzun sürən süqutu zamanı yığılıb.
 
Ardını oxu...
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) Bakı şəhərində kartdan-karta köçürülməsinə görə 120 vergi ödəyicisinə maliyyə sanksiyaları tətbiq edib.

DVX pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlərin POS-terminal deyil, kartdan-karta köçürülməklə həyata keçirilməsi hallarının qarşısının alınması məqsədilə nəzarət tədbirlərini davam etdirir. Son günlər ərzində Bakı şəhərində keçirilmiş nəzarət tədbirləri zamanı 120-dən çox belə obyektdə qanun pozuntularına yol verilməsi faktları aşkarlanıb. Qanun pozuntuları protokollaşdırılıb və müvafiq maliyyə sanksiyaları tətbiq olunub.

Dövlət Vergi Xidməti bir daha bildirir ki, nağdsız ödənişlərin qəbulu yalnız POS-terminal vasitəsilə həyata keçirilməli və bu zaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı nəzarət-kassa aparatının çeki də təqdim olunmalıdır. Mövcud qanunvericiliyə əsasən, istehlakçılara elektron ödəniş etmək imkanının yaradılması vergi ödəyicilərinin birbaşa vəzifələrinə aiddir. Sahibkarlar maliyyə sanksiyalarına məruz qalmamaq üçün nağdsız ödəmələr zamanı POS-terminallardan istifadəni təmin etməlidirlər.
 
Ardını oxu...
Ötən ilin noyabr ayından Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini aşağı salınması ilə bağlı bir neçə qərar verdi. Beləliklə, sərt monetar şəraitin yumşalmasına istiqamətləndiyini elan etdi. Lakin yay aylarında enerji daşıyıcılarının və ictimai nəqliyyatda qiymətlərin qalxmasından sonra bu tendensiya dayandı və payızda, mövsümi amillər imkan versə də tənzimləyici qurum uçot dərəcəsini endirmədi, olduğu kimi saxladı.

Hazırda uçot dərəcəsinin, başqa cür desək manatın baha saxlanmasının səbəbləri hansılardır? Bu səbəblər arasında daxili amillərin, iqtisadi dayanıqlığın olub-olmamasının rolu nə dərəcədədir?

ENA.az-ın bununla bağlı sualına Azərbaycan Mərkəzi Bankı sədrinin izahı maraqlı açıqlamalrla yadda qaldı.

Cənab Kazımovun qiymətləndirməsinə görə, hazırda Azərbaycanda uçot dərəcəsi neytral şəraitdədir. Ölkəmizdə inflyasiyaya təsir edən xarici və daxili amillər var. Bir məqam da var ki, xarici tərəfdaşların inflyasiyası Azərbaycandakı inflyasiyaya birbaşa təsir edir, ölkəmizin uçot dərəcəsi isə xarici tərəfdaşlarımıza heç bir təsir etmir. Çünki Azərbaycan Mərkəzi Bankının açıqladığı uçot dərəcəsi hələ yeni-yeni formalaşan daxili banklararası bazara təsir edir, AZIR kimi alətlər yenidir, depozit və kredit faizlərinə isə sırf emosional təsirə malikdir.
“Ölkəmizdə inflyasiyaya artırıcı təsir edən xarici ticarət tərəfdaşlardakı inflyasiyadır. Səmimi olaraq qeyd edim ki, bizim uçot dərəcəmizin dəyişməsinin xarici tərəfdaşlarımızın inflyasiyasına təsiri yoxdur, biz daha çox xarici sektorda baş verən prosesləri izləyirik”.

Daxili amillərə gəlincə, Azərbaycan Mərkəzi Bankı cari inflyasiyanı analiz edərək, inflyasiya kompozisiyasını həyata keçirib. Nəticələr göstərir ki, daxili amillərdə başlıca katalizator istehlak komponentinin artımıdır.

“Ən böyük daxili təsir istehlakın kəskin artımı, formalaşan tələb amili və büdcə xərclərinin kəskin artımıdır. Təbii ki, bu da tələb amili yaradır”.

İnflyasiya kompozisiyasına görə, bu ilin 9 ayı üzrə ölkəmizdə qeydə alınan 3,5%-lik inflyasiyaya artırıcı təsir edən amillər bunlardır:

Dövlət xərcləri – 0,68%

Ev təsərrüfatı istehlakı - 0,8%

Aqrar istehsalçıların qiyməti – 1.32%

Ticarət tərəfdaşlarının inflyasiyası – 6,2%

Tənzimlənən qiymətlər - 0,6%

İnflyasiyaya azaldıcı təsirlər bunlardır:

Nominal effektiv məzənnə - 4%

Digər amillər - 2%

Mərkəzi Bank uçot dərəcəsini artdıqda ev təsərrüfatları və sahibkarlar yığıma, azaltdıqda isə borclanmaya yönəlir.

Azərbaycan iqtisadiyyatı nə qədər dayanıqlıdır: Makroiqtisadi tənzimləmədə daxili təsirini necə qiymətləndirirsiniz?

AMB sədrinin inflyasiyaya artırıcı təsir kimi ev təsərrüfatları haqqında açıqlamasından sonra bankların kredit portfelinin strukturunda da bu seqmentin artımı və tutduğu pay önə çıxır.

ENA.az xəbər verir ki, bu il oktyabrın 1-nə olan məlumata görə, ümumi kredit portfeli bu il oktyabrın 1-nə 28 milyard 405 milyon manatdır. Bunun 480 milyon manatı vaxtı keçmiş kreditlərdir. Yəni ümumi portfelin 1,7% qeyri-işlək kreditlərdir.

Kreditlərin strukturuna nəzər salaq:

Ticarət və xidmət sektoru - 4 milyard 39 milyon manat

Mədənçıxarma və elektrik enerjisi, qaz, buxar və su təsərrüfatı sektoru - 851 milyon manat

Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sektoru – 529 milyon manat

İnşaat və tikinti sektoru – 1 milyard 205 milyon manat

Sənaye və istehsal sektoru – 2 milyard 180 milyon manat

Nəqliyyat və rabitə sektoru – 1 milyard 773,8 milyon manat

Ev təsərrüfatlarına verilən kreditlər – 16 milyard 366 milyon manat

Beləliklə, ev təsərrüfatlarına verilən kreditlər ümumi portfelin təxminən 58 faizini təşkil edir. Bu kreditlərin kiçik məbləğləri əhatə etdiyini nəzərə alsaq, üstəlik istehlak kreditlərinin cəmi kreditlərin 54 faizini təşkil etdiyini vurğulasaq, burada fərdi sahibkarların kiçik borclanmaya getdikləri açıq-aşkardır.

Portfelin 14.2 faizini isə ticarət və xidmət sektoru təşkil edir. Nəticədə 14,2+58= 70,2 faiz!

Bu rəqəmlərin üzərinə xidmət sektoruna daxil olan nəqliyyat və rabitə sektorunun 6,2 faiz tutumunu əlavə etsək, kifayət qədər ciddi bir rəqəm alınır.

Bəs, bu rəqəmlərdə dayanıqlı istehsal, emal sektorunun payı hanı?

Sənaye və istehsal sektoruna cəmi 2 milyard 180 milyon manat kredit verilib. Yəni, ümumi portfelin 7,6%-i bu sahənin payına düşür.

İqtisadi ekspert Rövşən Ağayevin sözlərinə görə, ev təsərrüfatlarına verilən kreditlərin həcmi kifayət qədər artıb, faktiki olaraq, devalvasiyadan əvvəlki həcmə çatıb.

“Fərq odur ki, dollarla olan kreditlərin payı yüksək deyil. Banklar əsasən ev təsərrüfatına verilən kreditlər hesabına kreditləşməni genişləndiriblər. Xüsusən də kənd təsərrüfatı kimi əhəmiyyətli sahənin payı çox aşağıdır. İqtisadi artımın 3-də ikisi ticarət və turizmin hesabına təmin olunur. Faktiki istehsal sektorunda iqtisadi artım yoxdur”, - deyə ekspert vurğulayıb.

AMB sədri isə hesab edir ki, iqtisadiyyatımız inkişaf edir, qeyri-neft sektorunda artım var. ÜDM-nin tərkibi də göstərir ki, bütün sahələrdə artım var. Amma dərin, dayanıqlı iqtisadiyyat dedikdə bu müqayisəli təhlil tələb edir. Cənab Kazımov hesab edir ki, bu sual geniş fikir mübadiləsi tələb edir.
 
 
 
Ardını oxu...
ABŞ seçkilərindən əvvəl ABŞ spot Bitcoin ETF-lərindən rekord axın oldu. Bu rəqəm tarixdə ikinci ən yüksək bir günlük xalis çıxış olub.
Seçkidən əvvəl Bitcoin-ə investisiya yatıran ABŞ birjalarında ticarət edilən fondlarda rekord axın baş verib.

Bloomberg-in tərtib etdiyi məlumatlara görə, BackRock və Fidelity Investments kimi şirkətlər tərəfindən idarə olunan 12 fonddan ibarət qrup bazar ertəsi günü 579,5 milyon dollar xalis çıxış yaşadı.

Çıxışlar rəqəmsal aktiv investorlarının ABŞ seçkilərindən dərhal sonra bir müddət dəyişkənliyə hazırlaşması ilə baş verir. Çərşənbə axşamı Londonda saat 6:36-da bitkoin 2,3 faiz artaraq 68 621 dollara çatıb. Rəqəmsal aktiv, ABŞ-ın ETF-lərinə daxilolmaların köməyi ilə mart ayında 73,798 dollara qədər bütün zamanların ən yüksək səviyyəsinə çatdı.

Dünən Ethereum spot ETF-də cəmi 63,24 milyon dollar xalis çıxış olub.
 
Ardını oxu...a
Quba rayon İcra Hakimiyyəti şəhərdə yaşıllaşdırma işlərini həyata keçirmək üçün elan etdiyi tenderin nəticələrini açıqlayıb.

TEREF Tribunainfo.az-a istinadla xəbər verir ki, Star Təmir Conctruction MMC ilə bu məqsədlə satınalma müqaviləsi imzalanıb.

Rəsmi qaynaqlarda qeyd edilir ki, İcra Hakimiyyəti bu işlərə görə 247.776,4 manat pul ayırıb. 1900 kvadrat metr ərazidə bu məqsədlə 7500 ədəd ağacın əkilməsi, ağac əkiləcək ərazinin zibillərinin əllə təmizlənməsi nəzərdə tutulur.

“Star Təmir Conctruction” yeni şirkət olsa da, bir çox tenderdə qalib olub. Məsələn, şirkət iki il öncə Laçın İcra Hakimiyyətinin sifarişini yerinə yetirib. 50 min manatlıq işin müqabilində Ağcabədidəki Laçın qəsəbəsinə asfalt yol çəkib.

Analoji proses Göygöl Rayon İcra Hakimiyyəti ilə də baş tutub. Bu zaman sözügedən MMC İcra Hakimiyyəti ilə “Göygöl şəhərində yolların əsaslı təmiri işləri”nə görə 829.075,32 manatlıq müqavilə bağlayıb.

Bildirək ki, STAR TƏMİR CONSTRUCTİON MMC-nin qanuni təmsilçisi Zaur Marif oğlu Əsgərovdur. Şirkətin nizamnamə kapitalı isə cəmi 20 manatdır.
 
Ardını oxu...
“Veranda Resort Hotel Villas” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) barəsində iqtisadi fəaliyyət qaydaları əleyhinə olan (Reklam haqqında qanunvericiliyin pozulması) inzibati xəta protokolu tərtib olunub.
Qaynarinfo-nun məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinə əsasən, açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə fiziki şəxslər 300 manatdan 500 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək, hüquqi şəxslər 5 000 manatdan 10 000 manatadək məbləğdə cərimə edilir.
İş Xəzər Rayon Məhkəməsinin hakimi Ramilə Xəzrinin icraatındadır.
Qeyd edək ki, qanuni təmsilçisi Xəlilli Seymur Nərman oğlu olan “Veranda Resort Hotel Villas” MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 41609.25 manat vergi borcu var. Şirkət Xəzər rayonu Mərdəkan qəsəbəsində “Veranda Hotel”i fəaliyyət göstərir. Şirkətin Bakı şəhərində müxtəlif ünvanlarda restoranlar şəbəkəsi mövcuddur.
 
Ardını oxu...
Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinin nəticələri barədə məlumat müəllimlərin şəxsi kabinetlərinə göndərilib.

Bəs sertifikasiya imtahanında uğur qazanan müəllimlərin əməkhaqqısına nə zaman əlavələr tətbiq olunacaq?

Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı Elm və Təhsil Nazirliyinə sorğu ünvanlayıb.

Nazirlikdən bildirilib ki, əlavələr 01.09.2024-cü il tarixindən tətbiq ediləcək:

"Əlavələr noyabr ayının əməkhaqqısı ilə birgə ödəniləcək", - deyə qeyd edilib.
 

Dünyapress TV

Xəbər lenti