“Qəbələ” növbəti transferini gerçəkləşdirib. 2023/24 mövsümünün transfer çalışmalarını davam etdirən “qırmızı-qaralar” Lukas Afrikonu heyətinə qatıb.
"Report" xəbər verir ki, 28 yaşlı mərkəz müdafiəçisi ilə 1+1 illik müqavilə imzalanıb.
Son iki mövsümdə Portuqaliya təmsilçisi “Eştoril”in şərəfini qoruyan braziliyalı futbolçu “San Bernardo” klubunun yetirməsidir. O, vətənində “Flamenqo”, “Santos”, “Londrina”nın formasını geyinib. 2018-ci ildə Portuqaliyaya transfer olunan Lukas “Maritimo” və “Eştoril”də çıxış edib. Müdafiəçi artıq Qəbələdə komanda ilə məşqlərə qoşulub. Xatırladaq ki, “Qəbələ” Afrikoya qədər Ahmed Ayzaya və Zurab Oçiqavanı da heyətinə qatıb.
3x3 basketbol üzrə Dünya Qadın Seriyasının İsraildə təşkil olunan Netanya mərhələsində, B qrupunda qərarlaşmış “Neftçi” klubu qrupda sonuncu oyununu keçirib.
Oxu.Az xəbər verir ki, təmsilçimiz Litva millisinə 20:14 hesabı ilə qalib gələrək, qrup lideri kimi yarımfinala vəsiqə qazanıb. “Neftçi”nin yarımfinal qarşılaşması iyulun 3-də Bakı vaxtı ilə saat 23:15 -də baş tutacaq
İspaniyanın “Marca” nəşri 2022-2023-cü illər mövsümünün ən yaxşı futbolçularının reytinqini açıqlayıb.
Reytinqdə ilk pillənin sahibi “Mançester Siti”nin norveçli hücumçusu Erlinq Holand olub. İlk üçlüyü “İnter Mayami”nin argentinalısı Lionel Messi və braziliyalı vinger, “Real Madrid”in futbolçusu Vinisius Junior daxil olub.
Top-10-u təqdim edirik:
1. Erlinq Holand (“Mançester Siti”)
2. Lionel Messi (“İnter Mayami”)
3. Vinisius Junior (“Real Madrid”)
4. Kilian Mbappe (PSJ) 5. Kevin de Bruyne (“Mançester Siti”)
6. Rodri (“Mançester Siti”)
7. Antuan Qrizman (“Atletiko”)
8. Viktor Osimen (“Napoli”)
9. İlkay Gündoğan (“Mançester Siti”, hazırda “Barselona”ya transfer olunub).
Beynəlxalq Şahmat Federasiyası (FIDE) iyul ayı üçün reytinq cədvəlini açıqlayıb.
Trend xəbər verir ki, Teymur Rəcəbov (2 747 xal) 1 pillə irəliləyərək 12-ci sıraya yüksəlib. Şəhriyar Məmmədyarov (2 742 xal) isə 15-ci pillədən 14-cü yerə yüksəlib.
Qədir Hüseynov (2 661) 3 pilləlik sıçrayışla əvvəlki mövqeyinə - 83-cü sıraya qalxıb.
Siyahıya yenə də norveçli Maqnus Karlsen (2 853) başçılıq edir. İkinci və üçüncü pillələrdə isə ABŞ təmsilçiləri Hikaru Nakamura (2 787) və Fabiano Karuana (2 782) qərarlaşıb.
Qadın şahmatçılardan Günay Məmmədzadə (2 448) 26-cı, Ülviyyə Fətəliyeva (2 401) 53-cü, Xanım Balacayeva (2 368) 79-cu, Gülnar Məmmədova (2 357) 86-cı, Gövhər Beydullayeva (2 355) 92-ci sırada yer alıb.
“Çətin döyüş oldu, rəqibim çox güclü idi. Əlimdən gələni etdim, finala yüksəldiyim üçün çox xoşbəxtəm”.
Bunu “Report”a açıqlamasında III Avropa Oyunlarının yarımfinalında Nelvi Ram Tiafaka (Almaniya) qalib gələn Azərbaycan boksçusu Məhəmməd Abdullayev (+92 kq) deyib.
Finala yüksəlməklə Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanan dünya çempionatının mükafatçısı bildirib ki, artıq növbəti hədəfi Fransada uğur əldə etməkdir: “Artıq Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandım. Olimpiadaya ciddi hazırlaşıb, qızıl medal qazanmağı düşünürəm. Ümumiyyətlə, həvəskar boksda güclü nəticələr göstərdikdən, həmçinin Olimpiadada medal qazandıqdan sonra peşəkar boksa keçməyi hədəfləyirəm. Finaldakı rəqibim barədə məlumatlıyam. Onunla İtaliyada təlim-məşq toplanışında sınaq döyüşlərdə gücümü yoxlamışam. Avropa Oyunlarında qızıl medala iddialıyam. Ümid edirəm ki, finalda qalib gələrək birinci olacaq, Azərbaycan xalqını sevindirəcəyəm”.
Qeyd edək ki, M.Abdullayev iyulun 2-də finalda böyük britaniyalı Delişes Ori ilə üz-üzə gələcək.
İspaniyanın Santyaqo de Kompostela şəhərində güləş üzrə U-20 Avropa çempionatında (AÇ) bürünc medal qazanan qadın idmançılarımızın adı açıqlanıb.
Azərbaycan Güləş Federasiyasının yaydığı məlumata görə, 55 kq çəki üzrə yarışan güləşçimiz Ruzanna Məmmədova norveçli Felisitas Domayevaya 9:4 hesabıyla qalib gələrək Avropa çempionatında bürünc medal qazanıb.
Həmçinin, 50 kq çəki üzrə yarışan digər qadın güləşçimiz Əsmər Cankurtaran isveçrəli Svenya Junqoya 9:6 hesabıyla qalib gələrək Avropa çempionatında bürünc medal qazanıb.
UEFA Avropa Superkuboku uğrunda oyunun formatında dəyişiklik edib.
Qaydaların 12-ci maddəsinə əsasən, əsas vaxtda qalib müəyyən edilməzsə, oyun penaltilər seriyası ilə davam etdiriləcək. 15 dəqiqəlik iki əlavə hissədən ibarət format ləğv ediləcək.
Qeyd edək ki, “Mançester Siti” və “Sevilya” 2023-cü ildə Avropa Superkuboku uğrunda oyunda üz-üzə gələcək. Matç avqustun 16-da Afinada keçiriləcək.
UEFA İcraiyyə Komitəsinin İsveçrənin Nyon şəhərində keçirilən növbəti iclasında 2026-cı il dünya çempionatının seçmə turnirinin formatının dəyişdirilməsi barədə qərar qəbul edilib.
Bu barədə qurumun Mətbuat Xidməti məlumat yayıb.
DÇ-2026-nın final hissəsində iştirakçıların ümumi sayı artaraq 48 komandaya çatdığından, Avropa milliləri daha çox vəsiqə əldə edəcək.
Əvvəlcə UEFA-dan final mərhələsinə 13 seçmə komanda qatılırdısa, indi bu rəqəm 16-ya yüksəlib. Ona görə də komandaların seçim turnirinin formatı dəyişdirilib. UEFA bütün Avropa komandaları 4-5 millidən ibarət 12 qrupa böləcək yeni düstur qəbul edib. 12 qrup qalibi birbaşa Dünya çempionatına, ikinci yeri tutan 12 komanda isə 2024/2025 mövsümünün Millətlər Liqasından ən yaxşı reytinqə malik dörd komanda ilə birlikdə pley-offa çıxacaq. Bu 16 komanda Avropadan dünya çempionatında son dörd yer uğrunda mübarizə aparacaq.
Türkiyənin “Fənərbağça” klubunun yeni baş məşqçisi rəsmən müəyyənləşib. Bakupost.az xəbər verir ki, İstanbul təmsilçisi İsmail Kartalla anlaşıb. Klubun yaydığı rəsmi məlumata görə, tərəflər arasında 1 illik sözləşmə imzalanıb.