Ardını oxu...
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Azərbaycan Hava Yolları” QSC-yə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau hava limanı yaxınlığında qəzaya uğraması ilə bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatının 1944-cü il Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasının 13 saylı Əlavəsinin tələblərinə uyğun aparılan araşdırmanın ilkin hesabatı ilə bağlı məlumat açıqlayıb.

Nazirlikdən verilən məlumata görə, Azərbaycan və Qazaxıstanın tərəfdar olduğu 1944-cü il Çikaqo Konvensiyasının 13 saylı Əlavəsinə əsasən, hadisənin baş verdiyi dövlət kimi Qazaxıstan araşdırmaya başlayıb. Bu araşdırmanın məqsədi uçuşların və aviasiya təhlükəsizliyinin təmin edilməsi olub, təqsirli şəxslərin müəyyən edilməsi ilə bağlı deyildir. Araşdırmanın nəticələri beynəlxalq aviasiya normalarına uyğun olaraq qəzanın obyektiv səbəblərini müəyyənləşdirmək və gələcəkdə oxşar hadisələrin qarşısını almaq üçün BMAT və maraqlı tərəflərə tövsiyələr verməkdir. Azərbaycan Respublikası hava gəmisinin istismarçısı, habelə mülkiyyətçisi olan ölkə statusu ilə araşdırmada iştirak edib.

Azərbaycan nümayəndələri araşdırmanın bütün mərhələlərində, o cümlədən hadisə yerinə baxışın həyata keçirilməsi və faktların qeydiyyatı məqsədilə foto və video görüntülərin təmin edilməsi, hava gəmisinin qara qutularında (CVFDR avadanlıqlarında) olan məlumatların Braziliyanın Aviasiya Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzində (CENIPA) oxunması prosesində iştirak etmişlər, əlavə məlumat və sübutların toplanmasını da həyata keçirmişlər. Məlumat üçün bildiririk ki, CVR (Cockpit Voice Recorder-kabina diktofonu) radio ötürmələrini və kabinadakı səsləri, məsələn, pilotların səslərini və kənar səsləri yazır, FDR (Flight Data Recorder-uçuş məlumatları qeydiyyatçısı) isə vaxt, hündürlük, uçuş sürəti, kurs və təyyarənin mövqeyi kimi uçuş əməliyyatları ilə bağlı vacib parametrləri izləməlidir. Embraer 190-100 IGW təyyarəsində hər iki funksiyanı birləşdirən iki CVFDR cihazı mövcud olub.

BMAT tələblərinə əsasən, qəzanı araşdıran dövlət 30 gün ərzində ilkin faktiki məlumatları əks etdirən hesabatı BMAT və maraqlı tərəflərə təqdim etməlidir. Qazaxıstanda yaradılmış araşdırma komissiyası bu hesabatın hazırlanmasına Azərbaycan nümayəndələrini də cəlb edib.

İlkin hesabat aşağıdakı faktları təsdiq edir:

1. 25 dekabr 2024-ci il tarixində Azərbaycan Respublikasının Bakı şəhərindən Rusiya Federasiyasının Qroznı şəhərinə J2-8243 reysi üzrə müntəzəm uçuş həyata keçirən “Azərbaycan Hava Yolları” QSC-yə məxsus və dövlət reyestrində 4K-AZ65 nömrəsi ilə qeydiyyata alınmış Embraer 190-100 IGW tipli sərnişin hava gəmisi uçuşa başladıqda və Qroznıya qədər olan uçuş hissəsində tam uçuşa yararlı vəziyyətdə olub. Hava gəmisinin, o cümlədən onun idarəetmə sisteminin uçuşa yararlılıqla əlaqədar bu məlumatlar FDR vasitəsilə öz təsdiqini tapıb.

2. Hava gəmisinin mühərriklərinin hər ikisi qəza anına qədər hər hansı texniki problem olmadan çalışıb. Bu məlumat FDR vasitəsilə təsdiq olunub.

3. Hava gəmisi Rusiya Federasiyasının hava məkanında, o cümlədən Qroznı hava limanı üzərində uçuş əməliyyatları həyata keçirərkən GPS siqnallarının itməsi halı ilə üzləşib.

4. Hava gəmisi hava şəraitinin əlverişli olmaması səbəbindən Qroznı üzərində ikinci enişi yerinə yetirə bilmədikdən sonra kapitan Bakıya qayıtmaq barəsində qərar verib. Bu qərarın qəbul edilməsindən sonra Qroznı üzərində CVR-da 24 saniyə aralıqla iki dəfə kənar səsin gəlmə faktı qeydiyyata alınıb.

5. CVR və FDR məlumatlarının tutuşdurulması nəticəsində müəyyən edilib ki, birinci kənar səsdən 4 saniyə sonra 3-cü hidravlik sistem, 6 saniyə sonra 1-ci hidravlik sistem, 21 saniyə sonra 2-ci hidravlik sistem funksionallığını itirməklə sıradan çıxıb.

6. Hava gəmisinin füzelyajında çoxsaylı dəlib keçən və kor zədələrin olması faktı aşkar olunub və foto, habelə video qeydiyyata alınıb. Həmin zədələrin hava gəmisinin füzelyajının arxa hissəsində, xüsusilə şaquli və üfiqi stabilizatorlarında çox sayda, habelə sol qanadda və sol mühərrikdə aşkar olunub.

7. Hava gəmisinin füzelyajında aşkar olunan zədələrin kənar obyektlərin təsiri nəticəsində formalaşması barəsində məlumat təqdim edilib. İlkin hesabatda hava gəmisinin quşlarla toqquşmasına işarə edən hər hansı fakt barəsində məlumat təqdim edilməyib.

8. Hava gəmisi qalıqlarının kor zədələrində olan hava gəmisinə məxsus olmayan kənar obyektlər aşkarlanaraq götürülüb və həmin kənar obyektlərin foto şəkilləri ilkin hesabat mətnində ictimaiyyətə təqdim edilib. Gələcəkdə aşkar olunmuş kənar obyektlərin dəqiq mənsubiyyətinin müəyyənləşdirilməsi məqsədilə əlavə ekspertizaların keçirilməsi planlaşdırılıb.

9. 05:13:32-də hava gəmisinin əsas idarəetmə sistemləri itirilir, 05:21:42-də əlaqələndirici dispteçer “Ковер” əməliyyatı barədə Qroznıya məlumat verir.

10. Oksigen balonunun partlaması ilə bağlı faktı ehtiva edən hər hansı bir məlumat qeyd olunmayıb.

Burada sadalanan faktların təsdiqi ilə bağlı olan foto, habelə audio və rəqəmsal qeydiyyat vasitələrindən çıxarışlar ilkin hesabatın mətnində verilib.

BMAT-ın Çikaqo Konvensiyasına əsasən ilkin hesabat hazırlandıqdan sonra qəzanın səbəbləri ilə bağlı qəza tarixindən 1 il ərzində yekun hesabat hazırlanmalıdır. Həmin yekun hesabatın hazırlanması ilə bağlı Qazaxıstan Respublikası və araşdırmada iştirak edən digər dövlətlər tərəfindən artıq işlər başlanılıb.
 
Ardını oxu...
Bakının Xəzər rayonu, Buzovna qəsəbəsində fəaliyyət göstərən dönər və toyuq əti emalı müəssisəsində nöqsanlar aşkarlanıb.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, “FQ Foodex” MMC-yə məxsus çiy dönər və toyuq əti emalı müəssisəsində Agentliyin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı sanitar-texniki tələblərin pozulduğu, ət məhsullarının saxlanma şəraitinə əməl olunmadığı müəyyənləşib.

Bununla yanaşı, mənşəyi məlum olmayan 6159 kq dondurulmuş toyuq əti və istifadə müddəti bitmiş 72 kq toyuq filesi, 360 kq toyuğun bud hissələrinin aşkarlandığı qeyd olunub.

“Yoxlama zamanı “AL-ASR” əmtəə nişanlı çiy mal əti və toyuq əti dönərindən, çiy toyuq hissələrindən götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində çiy mal əti dönərində at və toyuq DNT-si, çiy toyuq əti dönərində isə salmonella müəyyən edilib..

Faktla bağlı istehlaka yararsız məhsullar dövriyyədən çıxarılıb, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb və sahibkar barəsində inzibati protokol tərtib edilib”, - məlumatda bildirilib.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Azərbaycan bəzi nazirlərin, deputatların, iri ranqlı məmurların on illərlə vəzifədə qalmasına imkan yaradılan və bu baxımdan sayı elə də çox olmayan ölkələrdən biridir. İnsaf xatirinə deyə bilərik ki, xüsusilə də 2017-2018-ci illərdən başlayaraq, ölkədə kadr bazasının yenilənməsi, köhnə kadrların daha gənc kadrlarla əvəzlənməsi prosesi müşahidə olunmağa başladı. Bunun hansı müsbət və ya mənfi nəticələri barədə çox danışmaq olar. Lakin zatən hər şey göz qabağındadır…

“Köhnə qvardiya”nın Ramiz Mehdiyev, Oqtay Əsədov, Vasif Talıbov və digər “kötükləri” yola salınandan sonra belə, xeyli sayda “uzunömürlü” məmurlar və deputatlar hələ də vəzifədə qalmaqdadır. Əlbəttə, onların bir çoxu öz vəzifəsinin öhdəsindən yenə də lazımınca gələ bilir və bəziləri uzun illər eyni vəzifəni daşıyırlar.

Pezident Adminstrasiyasında və Nazirlər Kabinetində uzun illər yüksək vəzifələr daşıyan məmurlar var. Zeynal Nağdəliyev, Fuad Ələsgərov, Bəylər Əyyubov, Ramil Usubov, Kəmaləddin Heydərov, Əli Əsədov, Samir Şərifov, Şahin Mustafayev və digərləri.

Ancaq məsələn, Əli Əhmədov, Mübariz Qurbanlı, Səyyad Aran kimi parlamentdən Nazirlər Kabinetinə, oradan isə yenidən parlamentə göndərilənlər də var. Bu “rotasiyaların” nə ilə bağlı olduğunu demək çətindir…

Parlamentdə isə “Köhnə qvardiya”nın sıraları sıxlığına görə heç də icra strukturlarından geri qalmır. Orada 5 dəfə ardıcıl deputat olan 84 yaşlı Ziyad Səmədzadədən, 7 dəfə deputat olan 80 yaşlı Eldar İbrahimovdan, 6 dəfə deputat olan Səttar Möhbalıyevdən tutmuş yenə də dəfələrlə deputat vəsiqəsi alan Siyavuş Novruzova qədər xeyli sayda “Köhnə qvardiya” üzvləri var.

Belələri diplomatik korpusda da az deyil. Buna misal olaraq, cəmi bir neçə ay əvvələ qədər uzun illər Azərbaycanın Rusiyada səfiri olmuş, hazırda isə parlamentdə təmsil olunan Polad Bülbüloğlunu, yaxud Azərbaycanın Belarusdakı səfiri Məhərrəm Əliyevi göstərmək olar.

Bir də var Baş nazirin 80 yaşlı birinci müavini Yaqub Eyyubov. Ona və onun kimi bəzi fiqurlara başqa kontekstdən də yanaşmaq olar. Mətbuatda Ramiz Mehdiyevdən sonra az qala Rusiyanın “ikinci adamı” kimi təqdim olunan Y.Eyyubov bu bağlılığından dolayı, digərlərindən fərqli olaraq, bir növ siyasi yük daşıyan biri kimi təsir bağışlayır.

Onun Rusiyanın məlum dairələri ilə sıx əlaqələri, özünün və oğlunun milyardlıq biznesləri, bank hesabları barədə məlumatlar dərc olunsa da, Eyyubov sanki “odda yanmaz, suda batmaz” statusunda qalmaqdadır. Yeganə sual budur ki, onu əvəz edə biləcək yeni kadrlar yoxdurmu, yoxsa onu və onun kimi bəzilərini vəzifədə saxlayan hansısa başqa cəhətlər və səbəblər var?...

C.Məmmədov

“AzPolitika.info”
 
Ardını oxu...
Bakı şəhərinin şimal girişində yerləşən və “Şamaxinka” kimi tanınan ərazidəki tunel qəzalı vəziyyətdədir.

AzPost xəbər verir ki, tunelin sütunlarından biri illərdir yuxarıdan axan suyun təsiri nəticəsində aşınmaya məruz qalıb.

Nəticədə bir hissəsi uçub və hazırda təhlükəli vəziyyət sürücülərə də çətinliklər yaradır.

Həmin görüntüləri təqdim edirik:
Ardını oxu...
Sabiq xarici işlər naziri Elmar Məmmədyarov Gununsesi.info-nun onun Rusiyanın XİN rəhbəri Sergey Lavrovla şərikli biznesinin olması barədə xəbərinə reaksiya verib.

Xatırladaq ki, diplomatik qaynaqlara istinadən yaydığımız xəbərdə Azərbaycanın keçmiş xarici işlər naziri Elmar Məmmədyarovun Rusiya XİN rəhbəri Sergey Lavrovla təkcə yaxın dostluq münasibətləri deyil, həm də həm də biznes şəriki olduqları ilə bağlı iddialar əks olunub.

Əldə etdiyimiz məlumatlara əsasən Lavrov Rusiyada nəhəng biznes şəbəkəsinə sahibdir və illik dövriyyəsi 600 milyon dollardan yuxarı olan konsulluq xidmətləri göstərən şirkətləri idarə edir.

Bildirilib ki, Elmar Məmmədyarov nazir olduğu müddətdə əsas yatırımlarını Lavrovun şirkətlərinə yönəldib və buradan böyük gəlir əldə edib.

Sözügedən məsələ ilə bağlı əvvəlcə Elmar Məmmədyarovdan münasibət öyrənə bilməsək də, sonradan o, özü mətbuata açıqlamasında deyilənləri təkzib edib.

O, vurğulayıb ki, informasiyanı yayan adamlar araşdırmalarını sona qədər aparsalar, yaxşı olar:

“Mənə bağlılığı olan hər hansı şirkəti aşkar etsələr, həmin şirkəti tapan adama bağışlayacağam. Deməli əllərində fakt var. Lap yaxşı qoy o faktın axırına qədər getsinlər, tapsınlar və qazansınlar. Söz verirəm ki, adıma çıxan şirkəti tapan adama Ramazan hədiyyəsi edəcəm. Mənə bu sözlər heç dəymir. Buna görə də nəsə bir addım atmağa, onları məhkəməyə verməyə dəyməz. Onlar bəlkə də, istəyirlər ki, hansısa bir hərəkət olsun. Yenə də danışsınlar. Niyə mən onlara imkan verim ki, yenə də danışsınlar. Ona görə mənim üçün fərq etməz”, – Məmmədyarov vurğulayıb.
 
Ardını oxu...
Bakının inzibati rayonlarının birləşdirilməsi məsələsi yenidən gündəmə gəlib. Son günlər bu mövzu ictimaiyyət arasında geniş müzakirə olunur. Məsələ ilə bağlı müxtəlif fikirlər səsləndirilsə də, əsas məqsəd şəhərin daha səmərəli idarə olunmasını təmin etmək və tarixi mərkəzi vahid bir struktur altında birləşdirməkdir.

Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə bu ideyanı irəli sürən şəxslərdən biridir. O, ötən il bildirmişdi ki, Bakının tarixi mərkəzinin sərhədləri mütləq müəyyən edilməli və bu ərazi ayrıca inzibati vahid kimi formalaşdırılmalıdır. Hal-hazırda paytaxtın tarixi mərkəzi dörd inzibati rayonun – Səbail, Yasamal, Nəsimi və Nərimanov rayonlarının arasında bölünüb. Bu isə şəhərin mərkəzi hissəsində idarəetməni çətinləşdirir və vahid şəhərsalma prinsiplərinin tətbiqini məhdudlaşdırır.

Bakının yeni baş planı bir neçə ay əvvəl təqdim olunub. Maraqlıdır, bu plana əsasən Bakının əsas rayonlarının birləşdirilməsi nəzərdə tutulubmu?

Məsələ ilə bağlı memar Dilqəm Məhərrəmov News24.az-a verdiyi açıqlamada bildirib ki, təsdiqlənən yeni Baş Planda “mərkəzi planlaşdırma rayonları” adlı bir anlayış var. Onun sözlərinə görə, bu yanaşma məntiqlidir və şəhərin idarə olunmasını daha effektiv edəcək:

“Əslində bu məntiqlidir, olması gərəkən bir şeydir. Şəhərin inkişafına da müsbət təsir edəcək. Baş planda mərkəzi planlaşdırma rayonundan başqa xüsusi marşrut zonası da var. Hansı ki, bu gün ona zidd olaraq həmin ərazilərdə nömrələnmə işləri aparılır. Əslində bunlar baş plana ziddir. Bakı mərkəzi planlaşdırma zonası olaraq xüsusi rayon olsa, daha yaxşı olar.”

Memarın fikrincə, şəhərsalma prinsiplərinin effektiv şəkildə tətbiqi üçün Bakının mərkəzi hissəsinin inzibati rayonlar arasında parçalanması düzgün yanaşma deyil. Hazırda Səbail, Yasamal, Nəsimi və Nərimanov rayonları arasında bölünmüş mərkəzi hissənin vahid struktur altında birləşdirilməsi şəhərin idarə edilməsində çevikliyi artıracaq:

"Bundan əlavə, bu addım Bakının tarixi binalarının qorunmasına, şəhər planlaşdırmasının daha sistemli aparılmasına və turizm potensialının daha səmərəli istifadəsinə töhfə verə bilər. Bakının yeni Baş Planı şəhərin inkişaf konsepsiyasını müəyyənləşdirən əsas sənəddir. Burada şəhərin funksional zonalara bölünməsi, yol infrastrukturu, ictimai nəqliyyat sisteminin təkmilləşdirilməsi və mərkəzi hissənin vahid idarəetmə prinsipləri əsasında tənzimlənməsi nəzərdə tutulur. Məhz bu çərçivədə mərkəzi planlaşdırma rayonları və xüsusi marşrut zonaları anlayışları təklif olunur. Lakin bəzi hallarda bu prinsiplərə zidd addımlar atılır və şəhərin inkişaf planına uyğun olmayan nömrələnmə işləri aparılır".

Dilqəm Məhərrəmov hesab edir ki, Bakı şəhərinin mərkəzi hissəsi ayrıca bir inzibati vahid kimi formalaşdırılarsa, bu cür uyğunsuzluqlar aradan qaldırıla bilər. Belə bir inzibati dəyişiklik, həmçinin şəhərsalma layihələrinin daha effektiv həyata keçirilməsinə və şəhərin turizm potensialının daha yaxşı dəyərləndirilməsinə imkan yaradacaq.
 
 
 
Ardını oxu...
Elm və Təhsil Nazirliyi və onun rəhbərliyi illərdir məktəblərdə korrupsiyanın qarşısını almaq üçün müxtəlif tədbirlər gördüyünü iddia edir. Lakin reallıq göstərir ki, rüşvətxorluq, məktəblərdə qeyri-rəsmi pul yığımlarının təşkil edilməsi və direktorların "reket" üslublu idarəetməsi hələ də geniş yayılmış problemlərdir.

Bəs niyə nazir və nazirlik bu problemlərlə bacarmır?

Bu barədə təhsil eksperti Kamran Əsədov Sonxeber.az -a açıqlama verib:

"Burada üç əsas səbəb var: sistemin köklü problemləri, nəzarətin zəifliyi və siyasi iradənin olmaması.

Azərbaycan təhsil sistemində direktorların əksəriyyəti hələ də köhnə sovet modelində fəaliyyət göstərir. Məktəb rəhbərləri məktəbləri öz şəxsi biznesləri kimi idarə edir. Təhsil Nazirliyi hər il məktəblərdə şəffaflığın təmin olunacağı ilə bağlı bəyanatlar versə də, məktəblərdə qanunsuz pul yığımları, müəllimlərdən qeyri-rəsmi "haqq" tələb edilməsi və valideynlərin müxtəlif adlar altında ödənişlərə məcbur edilməsi adi hala çevrilib.

Məktəb direktorları təyinat yolu ilə gəldiyi üçün onların çoxu siyasi və şəxsi əlaqələr vasitəsilə vəzifəyə gətirilir. Bəzi direktorlar Təhsil Nazirliyinə deyil, birbaşa daha yüksək siyasi dairələrə bağlıdır. Bu isə onların toxunulmazlığını təmin edir və nazirlik bu hallarla mübarizə aparmaq gücündə olmur. Əgər bir sistemdə rəhbər şəxslər siyasi dəstəklə işləyirsə, onlar hesabatlı olmaq məcburiyyətində deyil və rahat şəkildə rüşvət mexanizmini davam etdirə bilirlər.

Məktəb direktorlarının qeyri-rəsmi yollarla gəlir əldə etmələrinin əsas yollarından biri valideynlərdən və müəllimlərdən pul yığılmasıdır. Hər il məktəblərdə təmir pulu, kağız pulu, kamera pulu, fond pulu, "bayram hədiyyələri" və digər adlarla yığılan vəsaitlər artıq sistemləşmiş haldadır. Müəllimlərdən isə işə qəbul, sinif rəhbərliyi, dərs saatlarının artırılması və digər üstünlüklər üçün pul tələb edilməsi barədə çoxsaylı şikayətlər var.

Təhsil Nazirliyinin direktorlarla bacarmamasının əsas səbəblərindən biri məsuliyyət sisteminin işləməməsidir. Nazirlik məktəblərdə rüşvət və qanunsuzluqlar barədə çoxsaylı şikayətlər alsa da, bu şikayətlərin böyük əksəriyyəti nəticəsiz qalır. Niyə? Çünki həqiqi nəzarət mexanizmi yoxdur. Direktorlarla bağlı şikayət daxil olanda, ya formalaşdırılmış "komissiyalar" bu məsələləri araşdırır və nəticəsiz qalır, ya da direktor müəyyən qədər cərimələnib fəaliyyətini davam etdirir.

Məktəblərdə korrupsiya ilə bağlı şikayətlər ictimaiyyətə açıq təqdim edilmir, həqiqi nəzarət mexanizmi yoxdur və nazirlik yalnız bəzi simvolik tədbirlər görməklə kifayətlənir. Məsələn, zaman-zaman bəzi direktorlar işdən çıxarılır, amma onların yerinə gətirilən şəxslər eyni mexanizmlə işləməyə davam edir. Sistem dəyişmədikcə, adamların dəyişməsi heç nəyi həll etmir.

Daha bir problem nazirliyin direktorların fəaliyyətinə yetərli nəzarət mexanizminə malik olmamasıdır. Əgər direktorlar real şəkildə hesabat verməli olsaydı, məktəblərdə bu qədər qeyri-rəsmi pul yığımı, müəllimlərin incidilməsi, korrupsiya olmazdı. Nazirlik sadəcə göstəriciləri yaxşı göstərmək üçün bəzi formal tədbirlər görür, amma bu tədbirlər rüşvətxor və qeyri-etik idarəetmə tərzi ilə seçilən direktorların tamamilə sistemdən çıxarılmasına gətirib çıxarmır.

Təhsil Nazirliyinin korrupsiyaya qarşı effektiv mübarizə aparmamasının digər bir səbəbi isə ictimai nəzarətin zəifliyidir. Əgər valideynlər, müəllimlər və cəmiyyət məktəblərdə baş verən qanunsuzluqlara qarşı real şəkildə birgə mübarizə aparsa, vəziyyət dəyişə bilər. Amma cəmiyyətin böyük hissəsi bu məsələlərdə passiv qalır və hər kəs "sistem belə işləyir" deyərək rüşvətlə barışır.

Nazir və nazirlik bu məsələlərlə real mübarizə aparmaq istəyirsə, ilk növbədə təhsil sistemində şəffaflığı artırmalıdır. Direktorların təyinat prosesi tam şəffaf olmalı, məktəblərdə pul yığımı qəti şəkildə qadağan edilməli və bu qanunu pozanlar ciddi şəkildə cəzalandırılmalıdır. Bundan əlavə, hər bir məktəbdə anonim şikayət mexanizmi yaradılmalı və bu şikayətlər nazirlik tərəfindən operativ araşdırılmalıdır. Əgər bu sistem dəyişməsə, rüşvətxor direktorlar məktəbləri şəxsi biznesləri kimi idarə etməyə davam edəcək və Təhsil Nazirliyi bu hallarla bacarmayacaq"
 
 
 
Ardını oxu...
Mərakeş Kralı VI Məhəmmədin vətəndaşlardan bu il Qurban bayramı üçün imkan daxilində heyvan kəsməməyi xahiş etməsi maraq doğurub. O bunu mal-qaranın sayının azalması ilə izah edib. Sözügedən addımın Azərbaycanda da atılması istiqamətində sosial şəbəkələrdə müəyyən fikirlər səsləndirilir. Bildirilir ki, son illər ölkədə qoyun və keçi sayında sürətlə azalma müşahidə olunur.

Qeyd edək ki, rəsmi məlumata əsasən, ölkəmizdə 2020-ci ildə 8,31 milyon baş qoyun və keçi olduğu halda, 2024-cü ilin oktyabrında onların sayı 7 milyon başa düşüb. Yəni son 5 ildə qoyun və keçi sayı 1 milyon başdan çox azalıb.

Azərbaycanda da oxşar qərarlar verilə bilərmi?

Globalinfo.az-a danışan deputat Fazil Mustafa deyib ki, ölkəmizdə heyvanların kütləvi kəsilməsi halları yoxdur:

“Türkiyədə, Səudiyyə Ərəbistanında, yaxud başqa ölkələrdə Qurban bayramında daha çox heyvan kəsilməsi müşahidə olunur. Ölkəmizdə isə böyük masştablı kəsimlərə rast gəlmirik. Problemlə bağlı statistik zərurət varsa, buna dini qurumların münasibət bildirməsi daha məqsədəuyğundur. Hər halda Mərakeş kralı belə bir çağırış edibsə, görünür, vəziyyət ciddidir və bu addıma ehtiyac var. Amma Azərbaycanda oxşar qərarların verilməsi müvafiq dini müəssisələrin tövsiyəsi ilə baş verə bilər. Lakin gərək bunun əsaslandırması olsun. Nəsə deməkdə bir az çətinlik çəkirəm. Bu, insanların inancı ilə bağlı olan məsələdir və hər hansı şəkildə müdaxilə etmək fikrindən uzağam. Doğrudan da narahatedici tərəflər olarsa, məsələyə baxmaq mümkündür. Hər şey insanların rifahı üçündür, eləcə də din. Bunu nəzərə alaraq hərəkət etmək olar”.

Kənd təsərrüfatı üzrə ekspert Allahverdi Mustafayev isə bildirib ki, prosesi süni şəkildə istiqamətləndirməklə effektiv nəticə əldə etmək olmur:

“Hər şeyin təbii yollarla həllinə nail olmaq lazımdır. “Qurban bayramında qoyun kəsməyək ki, sayları artsın” kimi fikirlər məqbul deyil. Onsuz da kəsilmək üçün seçilən heyvanlar damazlıq olmur, erkək heyvanlardır. Damazlıqlar artıma xidmət edir, kəsimə getmir. Digər tərəfdən təbii artımı təmin etməliyik. Bunun üçün stimul verən yolları araşdırmalıyıq. Başlıca yollardan biri yem bazalarının təşkilidir. Qurban bayramında heyvan kəsməmək isə sayı artıra bilər, amma heyvandarlığın inkişafına təminat verə bilməz”.
 
Ardını oxu...
Son iki ilə yaxındır ki, “Vahid Məhkəmə Portalı”nda Azərbaycanda hakim korpusunda çalışan şəxslərin fotoları və tərcümeyi-halları yığışdırılıb.

Dəfələrlə bu məsələ ayrı-ayrı hüquqşünaslar tərəfindən gündəmə gətirilsə də, sanki Məhkəmə-Hüquq Şurası bunun üzərindən bir qədər sükutla keçib.

Belə ki, səbəbi öyrənmək üçün edilən müraciətimizə məsələ ilə Məhkəmə-Hüquq Şurası tərəfindən cavab verilib.

Gununsesi.info– xəbər verir ki, sorğuya cavab olaraq deyilib:

“Vətəndaşların məhkəmələrə əlçatanlığı və şəffaflığın təmin edilməsi məqsədilə yaradılan Vahid Məhkəmə Portalı istifadəyə verilərkən məhkəmə fəaliyyəti ilə bağlı digər çoxsaylı məlumatlarla yanaşı, hakimlərin təhsili, əvvəlki iş yerləri barədə məlumatlar və fotoşəkilləri də həmin informasiya resursuna daxil edilmişdir. Lakin təəssüf ki, həmin açıq məlumatlardan məhkəmə icraatının tərəfləri və bəzi şəxslər sui-istifadə edərək, hakimlərin peşə fəaliyyətinə, ümumilikdə isə ədalət mühakiməsinin həyata keçirilməsinə birbaşa subyektiv təsir göstərməyə cəhd edirlər. Bir çox hallarda isə məhkəmənin konkret iş üzrə qərarından narazı qalan tərəfin yuxarı instansiya məhkəməsinə şikayət etmək əvəzinə, media subyektlərində və sosial şəbəkə hesablarında hakimin fotoşəklini və fərdi məlumatlarını paylaşaraq, təhqiramiz ifadələrdən istifadə etməklə məhkəmənin obyektivliyinə, hakimin şərəf və ləyaqətinə, qanunla müəyyən edilmiş müstəqillik və toxunulmazlıq hüquqlarını pozan hərəkətlərə və müdaxilələrə yol verilir. Diqqətə çatdırmaq istəyirik ki, ölkəmizdə ədalət mühakiməsinin həyata keçirilməsinə hər hansı formada müdaxilə etmə və mane olma cinayət qanunvericiliyinə əsasən məsuliyyətə səbəb olan haldır. Qabaqcıl beynəlxalq təcrübədə də bu yanaşma geniş tətbiq edilir. Belə ki, əksər xarici ölkələrin cinayət qanunvericiliyində qeyd olunan hallar məsuliyyətə səbəb olur. Məhz bu səbəbdən Məhkəmə-Hüquq Şurası məhkəmələrin və hakimlərin fəaliyyətinə müdaxilənin qarşısını almaq məqsədilə hakimlər barədə yuxarıda qeyd edilən məlumatların açıq informasiya resursunda yayımlanmasının dayandırılmasını məqsədəmüvafiq hesab etmişdir. Qeyd olunmalıdır ki, hakimlər barədə məlumatların açıq internet resurslarında yayımlanmasının dayandırılması media subyektlərinin və bütövlükdə cəmiyyətin məhkəmə fəaliyyəti ilə bağlı informasiya əldə etmək imkanlarına hər hansı məhdudlaşdırıcı təsir göstərməmişdir. Belə ki, qeyd edilən portalda ölkəmizdə fəaliyyət göstərən bütün məhkəmələr, onların ərazi yurisdiksiyası, yerləşdiyi ünvan, əlaqə nömrələri, həmin məhkəmədə fəaliyyət göstərən hakimlərin siyahısı və sair geniş məlumatlar əks olunur. Portalda qeydiyyatdan keçərək şəxsi kabinet yaradan vətəndaşların isə onlara aid olan bütün məhkəmə işləri ilə bağlı operativ məlumat almaq imkanları vardır.”

“Hakimlər haqqında bu cür məlumatları bilmək həm də vətəndaşın hüququdur.”

Gununsesi.info xəbər verir ki, bu barədə tanınmış vəkil Fuad Ağayev saytımıza açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu cür məlumatlar portalda yerləşdirilməlidir.

“Vahid Məhkəmə Portalında hakimlərin tərcümeyi-hal və fotolarının götürülməsi doğru addım deyil. Əvvala, hakim vəzifəsi publik vəzifəsidir, onların çıxartdığı qərarlar da dövlətin adından elan olunur. Ona görə də həmin şəxslər barəsindəki məlumatlar dolğun şəkildə yerləşdirilməlidir: vətəndaş bilməlidir ki, ədalət mühakiməsini kimlər aparır. Bunu bilmək hər şeydən əvvəl insanların hüququdur. Ola bilsin ki, hakimlərin ünvanları, əlaqə nömrələri göstərilməsin. Bunu normal qarşılamaq olar. Ancaq həmin hakimlərin tərcümeyi-hal və fotoları mütləq şəkildə göstərilməlidir. Həm də vətəndaşlar onların tərcümeyi-halı ilə tanış olaraq, özlüyündə qiymətləndirmə də apara bilər.”
 
Ardını oxu...
"Paytaxtdakı problemlərin başlıca səbəbi Bakının Baş planına uyğun olmayan xeyli sayda yeni binaların harada gəldi tikilməsidir".

Bu sözləri Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu "Cebheinfo.az"-a açıqlamasında deyib.

O bildirib ki, Bakı həddindən artıq yüklənilib:

"Paytaxtın kanalizasiya xəttinin böyük əksəriyyəti Sovet dövründə çəkilib, yeni binaların isə kanalizasiya xəttində ciddi nöqsanlar mövcuddur. Artıq kanalizasiya və tullantı sularını daşıyan borular köhnədir, onlar yeniləri ilə əvəz olunmalıdır. Nəticədə kanalizasiya xətləri yaxşı işləmədiyi üçün Bakıya yağan qar əriyib getməyə yer tapmır və küçələr buz bağlayır. Əvvəlki dönəmlərdə vəzifə tutmuş məmurların tamahı Bakını bu günə qoyub".

Həmsöhbətimizin fikrincə, qarın yaratdığı fəsadlar da paytaxtın həddindən artıq yüklənməsi ilə bağlıdır:

"Hesab edirəm ki, köhnə binaların hamısı sökülməlidir. Ümid edirik ki, Bakının yeni Baş planına uyğun olaraq infrastruktur dəyişiklikləri həyata keçiriləcək. Ümumiyyətlə, qar yağanda paytaxtda yaşanan bütün problemlərə birbaşa Bakır Şəhər İcra Hakimiyyəti məsuliyyət daşıyır. Əgər onlar tərəfindən zamanında doğru addımlar atılsa, qar yağanda belə problemlər yaşanmaz".

Partiya sədri qar yağan günlərdə Bakıda avtobusların 21:00-dək fəaliyyət göstərməsi barədə də danışıb:

"Əslində, avtobuslar qara görə saat 21:00-dək xidmət göstərirsə, iş yerlərində də bununla bağlı qərar verməli idi. Yəni işçilər 20:00-da evə buraxmalı idilər. Düşünürəm ki, vətəndaşlar həmin özəl iş yerləri barəsində şikayət edə bilərlər.

Onlar dəymiş ziyanı məhkəmə qaydasında şirkət rəhbərlərindən tələb etməlidirlər. Məsələn, qar yağan gün universitetlər distant təhsilə keçdilər. Bu, çox doğru qərar idi.Digər iş yerləri də bu addımı atmalı idilər. Lakin görünən odur ki, bəzi iş qurumların tamahı buna əngəl oldu".

Dünyapress TV

Xəbər lenti